Kitabı oku: «İsa Muğanna xatirələrdə», sayfa 3
dərs qurtaranda kotan məci tuturdum, axşamlar həyətyanı sahələrdə qarğıdalı alağı kətmənləyirdim, gecələr qarğıdalı suvarırdım. Yadımdadır ki, bir gecə kəndarası arxa su buraxıb, iki oğlunun ikisi də müharibədə ol-an mamamın (bibimin) qarğıdalı sahəsini suvarırdım. Gecə əldən-ayaqdan düşüb sahənin ayağında arxın içində uzandım ki, ağrılarım bir az kəssin. Bilməmişəm, gözümə yuxu gedib, su gəlib məni basıb, axıb-gedib yolu da batırıb. Birdən kiminsə qışqırtısına oyanıb sahədən çıxdım. Kolxozumuzun sədri Əsgəroğlu Həmidi atın belində gördüm. Qışqırdı ki, “kimdi bu yolu bu hala salan?”. Dedim: “Mənəm, ay Həmid dayı. Bilməmişəm, gözümə yuxu gedib, su gəlib məni basıb, axıb gedib yolu da xarab eləyib.” Paltarımın ətəklərindən, şalvarımdan su süzülürdü. Əsgəroğlu üst-başıma baxdı, qəmləndi, başını endirib, atını sürüb getdi. Ertəsi günü əllərim kotanın məcində, axşama qədər səndələyə-səndələyə ayaq üstə mürgülədim.
Bu həyat tərzinə, üstəlik, aclıq da qarışmışdı.
Bir yaz səhəri anam un çuvalını tərsinə çevirib oxlovla çırpdı, bir kündəlik də un çıxmadı. Anam ağlayıb məni dayımgilə göndərdi: “Get dayını çağır, görək bir çarə tapırmı.”
Dayım məndən cəmi üç yaş böyük idi, on yeddi yaşı vardı, enlikürək, sümüklü oğlan idi.
Həyətimizə gələn kimi atımızı yəhərlədi. Əkin sahəmizdə bir qoç saxlayırdıq. Dayım qoçu çəkib yəhərin qaşına aldı. Mənə dedi: “Üzəngidən yapış”. Mən üzəngidən tutdum. Qaratəpə bazarına qədər beş kilo-metrlik yolu atın yanınca yortdum. Qaratəpə indiki “Qardabani” adlanan şəhərdir. Müharibə vaxtı orada gürcü yox idi, şəhər bizim respublikanın ərazisində Qarayazı rayonu adlanırdı. Taxılı, qarğıdalısı, arpası nisbətən bol olan yer idi. Ətraf ərazilərdən – Gürcüstandan, Ermənistandan oraya bazarlığa gəlirdilər.
Dayımla Qaratəpəyə çatanda gördük bir kişi bazar yoxuşunun ayağında oturub, bir köhnə, yamaqlı 11
xurcunda iki pud taxıl – kərdigər satır. Dayım atdan düşmədən dedi: “Bu qoçu verim, taxılını ver.” Kişi dərhal razılaşdı. Qoçu atın belindən endirib belindəki kəmərinə bağladı, yamaqlı xurcunu atın tərkinə
qaldırdı. Mən yenə üzəngidən yapışdım. Dayım atı çapdı. Kəndimizin ayağına, meşəyə yetişəndə qan-tər içində idim. Dayım atdan düşdü, məni ayağımdan qaldırıb yəhərə mindirdi: “Sür İsgəndər ağanın dəyirmanına. Deynən, mən Muğanlıda Mustafa müəllimin oğluyam. Çörəyimiz yoxdu. Anam dedi, bu taxılı nobata qoymasın, una dəyişdirsin. Uşaqlar acdı.” Sürdüm atı, getdim. İsgəndər ağa Səməd Vurğunun əmisi idi. “Vayenkomat”dan gizlənib, çiynində beşaçılan, belində patrondaş, meşədə qaçaqlıq eləyirdi, həm də dəyirman saxlayırdı. Amma gündüzlər dəyirmana yaxın getmirdi. Xoşbəxtlikdən, bu dəfə İsgəndər ağanı dəyirmanda tapdım. Dayımın dediyi kimi dedim. İsgəndər ağa atamla yaxın idi. Mənim “uşaqlar acdı” dediyimi eşidəndə gözləri doldu. Xurcunu atın belindən endirib dəyirmana apardı. Taxılı bir çuvala boşaldıb, əvəzində xurcunun hər gözünə iki çanaq un tökdü, bir çanaq da xurcunun hər iki gözünə doldurub yumruqlan ilə bastalayıb, atın belinə qaldırdı. “Sür. İti sür, anan gözləyir”, – dedi. Həyətimizə çatanda atın tükündən tər damırdı. Qızbəs bibim xurcunu düşürməyi gözləmədən, iki ləyən un götürüb teştə tökdü.
Çardağın altında ocaq yanırdı. Sac asılmışdı. Bibim biləklərini çırmayıb xəmir yoğurdu, tez-tələsik kələfətir bişirdi, parçalayıb uşaqlara payladı. O kələfətirin istiliyini indi də ağzımda hiss edirəm.
Atam orduya gedəndən sonra Qırax Kəsəmən kəndinin Çəndirli nəslindən Səlim adında balacaboy, çopur bir ədəbiyyat müəllimini bizim artıq onillik olan məktəbimizə direktor göndərmişdilər. Səlim müəllim çox sərt adam idi. Kolxozun sahələrində işləməyə, qoyun-quzu otarmağa gedən uşaqları şapalaqla-yırdı. Hərdən yuxarı sinif şagirdlərini öz həyətyanı sahəsində qarğıdalı alağı kətmənləməyə aparırdı.
Qısası, Səlim müəllimdən hamı qorxurdu. Bir dəfə uşaqları yenə alaq kətmənləməyə aparmışdı. Mən də
getmişdim. Səlim müəllim ikimərtəbə evin balkonunda dayanıb uşaqlara göz qoyurdu. Birdən necə oldusa məni çağırdı: “İsa, bura gəl.” Qısıla-qısıla getdim. “Yuxarı gəl. Sən kətmən vurmayacaqsan. Sənə ayrı iş
tapşıracam”, – dedi. Mən yuxarı çıxanda içəri çağırdı, kitab tərəcəsindən bir sarı cildli kitab götürüb mənə
tərəf uzatdı. “Al, sən bunu oxuyacaqsan”, – dedi. Bu, Stivensonun “Dəfinələr adası” romanı idi. Kitab əlimdə, mat-məəttəl, direktorun üzünə baxa-baxa qaldım. Niyə məhz məni çağırmışdı? Niyə kitab verirdi? Azca qımışdı. “Sən ayrı nəsildənsən. Muğannalar kətmən vurmamalıdırlar, kitab oxumalıdırlar. Get evinizə, otur oxu”, – dedi.
Evə getdim, bir də səhərisi, uşaqlar yenə qarğıdalı alağı kətmənləyəndə getdim, kitabı verdim.
Səlim müəllim təəccüblə üzümə baxıb soruşdu ki, “niyə qaytarırsan?”. Dedim: “Oxumuşam”. Heyrətləndi, dedi: “Gecə yatmamısan?”. Dedim: “Yatmamışam”. Xeyli duruxdu. Çiyinlərini çəkə-çəkə o baş-bu başa yeriyib, kitab tərəcəsinin qabağında dayandı. Yenə bir kitab götürüb mənə uzatdı. “Al, bunu da oxu, görək necə Muğannasan sən”, – dedi. Bu dəfəki kitab Puşkinin “Kapitan qızı” romanı idi. Apardım, səhərisi yenə
kitabla qayıtdım. “Çox sağ olun. Maraqlı kitabdı”, – dedim. Səlim müəllim yenə bir xeyli üzümə baxa-baxa qaldı. Sonra tərəcədən Mehdi Hüseynin “Kin” povestini verdi. “İndi özümüzünkülərdən oxu”, – dedi. O
gündən başlayaraq, direktorun tərəcəsindəki bütün kitabları oxudum. Günlərin birində Əbülhəsənin
“Dünya qopur” romanını oxuyandan sonra bir dəftərdə özümün “İnqilab” adlı hekayəmi apardım. Səlim müəllim evində oturmağa mənə yer göstərməyi də unudub, hekayəni ayaq üstə oxudu. Özümə qaytarıb, qısaca: “Muğannasan. Yenə yaz”, – dedi.
Bu möcüzəli hadisə haqqında mən ömrüm boyu düşünmüşəm və bu qərara gəlmişəm ki, kəndimizdə məktəb direktorluğuna layiq müəllimlər olsa da, Qırax Kəsəmən kəndinin ədəbiyyat müəlliminin bizə direktor təyin edilməsi, Səlim müəllimin məni başqa uşaqlardan seçib, “sənə başqa iş
tapşıracam”, – deməsi də, ilk hekayəmi ayaq üstə oxuyub “Muğannasan” deməsi də təsadüfi deyildi. O vaxt mən nə mütaliə həvəsində idim, nə yazıçılıq həvəsində. Hətta, nəslimizin – Muğannaların kimlər olduğundan xəbərsiz idim. l946–cı ildə atam ordudan tərxis olunub bizi “Semyonovka” kəndinə aparanda da Səlim müəllimin möcüzəsi haqqında fikirləşirdim.
Bu heyrətli hadisəyə ikinci bir hadisəni də əlavə etməliyəm. Müharibədən bir neçə il əvvəl, üçüncü-dördüncü siniflərdə oxuyanda mən hər gün qənd yeməyə dadanmışdım. Dərsdən sonra atam kəndin 12
ortalığında adamlarla söhbət edəndə yanına gedib deyirdim: “Ay dədə, bir abbası ver, qənd alacam.”
Atam dinməz-söyləməz, abbasını ovcuma qoyandan sonra dükandan bir parça qənd alıb, ləzzətlə
xırtıldada-xırtıldada evə gedirdim. Hər gün qənd yeməyim onunla nəticələndi ki, azı dişlərimin hamısı ağrımağa başladı. Qırx altıncı ildə Semyonovka kəndində ağrılar o qədər şiddətləndi ki, atam yaxınlıqdakı fermadan iki at alıb məni təcili olaraq Dilicana, diş həkiminə aparmağa məcbur oldu. Həkim azı dişlərimin hamısının ortasını yonub-çökəldib, “nervi öldürən dərman” doldurdu, üstünü sementlə örtüb, atama ermənicə nə isə dedi, atam isə “daha ağrımayacaq”, – dedi. Diş ağrılarım elə həkimin evindən çıxanda kəsildi. Semyonovkaya qayıdanda bir gecə dəftərlərimi çıxarıb, yeddilik lampanı çarpayının altına qoyub, üzü üstə uzanıb yazmağa başladım. Çarpayının altına girməyim yatanlarımızı işıqdan qorumaq üçün idi.
Atamla anam bir-birinə baxıb, gülümsədilər, mənə heç nə deməyib çarpayılarına uzandılar. Mən bir neçə
gün belə vəziyyətdə yazıb, çarpayının altında işləməyə vərdiş etdim. Bir səhər, nəhayət, atam dilləndi: “Nə
yazırsan?”. Dedim: “Özüm də bilmirəm”. Doğru deyirdim; bir növ stixiyalı yazırdım. Atam bir az fikrə
getdi. Sonra “Nəslimizdən yaz. Bizim nəsil heç bir nəslə bənzəməz”, – dedi. Hiss etdim ki, bu sözləri boş-boşuna demirdi. Amma nədənsə heç nə danışmadı. Mən bunun səbəbini soruşanda isə qəribə, müəmmalı sözlər dedi: “Mən səhv elədim. Sənin hələ ali təhsilin yoxdu. Nəslimizin haqqında yazmaqdan ötrü hökmən ali təhsilin olmalıdı.”
Bu sözlər məni atamın hələ Almaniyada olduğu vaxtlara qaytardı. Qırx beşinci ildə maarif nazirliyi
“Kamal attestatı” təsis etmişdi. Bizim rayonda bütün məktəblərin onuncu siniflərinin şagirdlərini Dağ
Kəsəmən kəndindəki məktəbə yığmışdılar. Məktəbin binasında yataqxana, pulsuz yemək üçün kafe təşkil edilmişdi. Nazirliyin çap etdirdiyi bülleten üzrə imtahan verirdik. Bu kəndin ab-havasına görəmi buranı seçmişdilər, yoxsa bu məktəbin keyfiyyətcə bütün məktəblərdən seçildiyinə görəmi, bunu bilmirəm. Amma o məktəbdə keçən günlərimi yaxşı xatırlayıram. Səhər tezdən yataqxanadan çıxıb, kafedə çay içərək imtahan otağına gedirdik. Yadımdadır, həmin otaqda gördüyüm müəllimlərin heç biri salamımızı almırdı.
İmtahan otağında elə zəhmli sükut olurdu ki, istər-istəməz qorxu canımızı alırdı. Amma Muğanlıda aldığım imtahan vərəqəsində qiymətlərim bütün fənlərdən “əla” olduğuna görə özümü toxtaq saxlayırdım. Dağ
Kəsəmən məktəbi məni qızıl medala təqdim etməli idi. Bunu hərdən müəllimlər özləri dilə gətirirdilər:
“Sən qızıl medala namizədsən”. Bu sözlər məni daha da ürəkləndirirdi.
“İmtahanlar qurtardı” deyilən günün axşamı şagird yoldaşım Teymur Bünyadovun bacısı Zəkiyyə
müəlliməni məktəbin qabağında gördüm. Yanında bir kənd adamı dayanıb, qıçları arasında bir burmabuynuz qoç tutmuşdu. Dağ Kəsəmənin müəllimləri məktəbə yığışanda kişi qoçu yerə yıxdı, belindən xəncər çıxarıb qoçu kəsdi, soymağa başladı. Bir az sonra məktəbin qabağında ocaq alovlanırdı, kabab şişləri tüstülənirdi. Bir tanımadığım kəndli də gəldi, belindəki xurcunu endirdi, yerə süfrə saldı, xurcundan çoxlu çaxır şüşələri çıxartdı, “probka”larını partapart açdılar. Yeyib-içməyə başladılar.
Mən məktəbin qabağındakı ağacın altında dayanmışdım. Ürəyimə daman şübhə məni bu ağacın altında saxlamışdı. Tərpənə bilmirdim. Nəhayət, məktəbin direktoru dizləri üstə qalxıb tost dedi: “İçək sevimli şagirdimiz Teymur Bünyadovun qızıl medalının şərəfinə. Sağ olsun Zəkiyyə müəllimə ki, belə
qardaş yetirib.”
Məni heyrət bürüdü. Teymur xəstə idi, kitab-zad oxuyan deyildi. Muğanlı məktəbindən verilən arayışda qiymətlərinin hamısı “orta”, “yaxşı” idi. Bəs bu qızıl medal söhbəti nə idi? Mən nə edəcəyimi bilmədən, ağacın altında donub qalmışdım. Birdən yanımda bir müəllim gördüm. Bu, Tovuz orta məktəbindən çağırılmış fizika müəllimi Qara müəllim idi. Əlini mənim çiynimə qoyub dedi: “Fikir eləmə. Medalı Teymur Bünyadova verirlər. Sən medalsız da qəbul olunacaqsan ali məktəbə.”
Yaş məni boğdu. Ağacın altından çıxıb yataqxanaya getdim. Ertəsi günü Muğanlıda da gözümün yaşını yığa bilmirdim. Anam məsləhət gördü ki, raykom katibi Mehdixan Vəkilova şikayət eləyim. Həmin gün raykomda idim. İş gününün axırında Mehdixan Vəkilov məni qəbul elədi. Əvvəllər evimizdə olmuşdu.
Mənim vətən müharibəsi qəhrəmanı Mustafa Hüseynovun oğlu olduğumu bilirdi. Evimizə “M-l”
maşınında hətta hədiyyə düyü, qənd aparmış və mənim necə oxuduğumu soruşub cavabımdan razı 13
qalmışdı. Məni gülər üzlə qarşıladı. “'Əyləş”, – dedi.
Mən dərdimi danışdım.
Mehdixan Vəkilov elə gülümsəyə-gülümsəyə başını tərpədirdi: “Başa düşürəm, başa düşürəm”, –
deyirdi. Axırda da gülə-gülə: “Sən instituta medalsız da girə bilərsən. Teymuru tanıyıram. O da yaxşı oğlandı. Özü də xəstədi. Qoy alsın medalını”, – dedi.
Göz yaşımı birtəhər yığıb kabinetdən çıxdım. Demə, evdə məni daha sarsıntılı hadisə gözləyirmiş.
Qatardan düşüb kəndə gedəndə anamın əmisioğlu Niyazi dayımı evimizdə gördüm. Mənim medalsız qaldığımı eşidib gəlmişdi. “Günah Zəkiyyə müəllimədədi. Qonaqlığı o təşkil eləyib”, – dedi. Sonra mənim Bakıya qəbul imtahanlarına getməyimdən söz düşəndə Niyazi dayımın üzü tutuldu. “Darülfünuna getməyəcəksən. Ədəbiyyat boş şeydi. Bu saat bizim xalqa həkim lazımdı. Tibb institutuna getməlisən”,–
dedi. “Sapsağlam adamları vayenkomatda həkim komissiyasında neqodnı çıxartdırıb əsgərlikdən sax-lamışam. Müharibə yenə ola bilər. Həkim komissiyası da yenə lazım ola bilər. Get həkim ol!”, – dedi.
Niyazi dayım Tiflisdə rus dilində meşə institutunu bitirmişdi, meşə mühəndisi işləyirdi. Kənddə ən hörmətli adamlardan sayılırdı. Sözündən çıxa bilmədim. Bakıya gedəndə tibb institutuna qəbul imtahanlarının hamısından “yaxşı” qiymət alıb müalicə fakültəsinə qəbul olundum. Lakin açığını deyim ki, bu instituta lap birinci gündən nifrət elədim. Şəhərin müxtəlif tərəflərində yerləşən institut binaları arasında,
tramvaylarda,
avtobuslarda
sərnişin sıxlığından sıxıla-sıxıla getməkdən, piyada yüyürüb-yıxılmaqdan zəhləm getdiyi kimi, mühazirələrdə tələsə-tələsə yazdığım fənlərin məzmunundan, hətta adlarından (“Astialogiya”, “Mialogiya”, “Sindismalogiya”) zəhləm gedirdi. Çox könülsüz oxuyurdum. Sessiya imtahanları başlayanda yazı-pozularımdan ayrıldım, buna görə özümə də nifrət etdim.
Birinci kursun axırıncı imtahanının vaxtı çatdı. Tələbələri “Semaşko”nun ölüxanasına apardılar.
Masanın üstündə bir çılpaq rus meyiti uzadılmışdı, iy verirdi. Tələbələr “pinset”, “linset” adlanan cərrahlıq alətləri götürüb meyitin müxtəlif əzalarını yarırdılar. Balacaboy, daim qəzəbli doktor Hacıyev hamını acılaya-acılaya “Mialogiya” (əzələ) fənninin incəliklərindən danışırdı. Hacıyev müharibədə, bəzən cəbhənin təhlükəli yerlərində, çadırlarda cərrahlıq eləyə-eləyə çox kobudlaşmışdı. Əsəbləri pozulduğuna görə, bizə də zülm eləyirdi. Mənə növbə çatanda, “pinset”, “linset”i ovcuma basıb “kanalı yar, göstər”, –
dedi. Baxdım ki, “pinset”lə “linset” meyitin ətindən, qanından bulaşıqlıdır. İyrənib, çiyrinib, alətləri Hacıyevin ayaqlarının üstünə ataraq birdən qapıya yönəldim. Meyitxananın pillələrini sürətlə düşə-düşə
arxaya baxdım. Arxamca gələn yox idi. “Əlvida, doktor Hacıyev!” – dedim. Sonra “Əlvida, tibb institutu!”
– dedim və ordan birbaş yaşadığım evə – anamın əmisi, otuz yeddinci il qurbanı Mahmud Yolçuyevin mənzilinə getdim. Taleyim belə gətirdi ki, həmin gün əsgərlikdən bir qohumum yaralı qayıdıb kəndə
getməyə hazırlaşırdı. Öpüşüb görüşdük. Soruşdu ki, “harda oxuyursan?” Dedim: “Heç yerdə. Sənnən kəndə
gedəcəm.” Belə də elədim. Stansiyadan piyada getdik. Qohumlarımız xəbər tutub qabağımıza yüyürdülər.
Gələnlərin arasında Niyazi dayımı gördüm. Əsgər qohumumuzla görüşüb mənə baxanda üstümə yeridi, acıqlı-acıqlı dedi: “Sən niyə burdasan sessiya vaxtı?”
Mən xeyli susdum, amma cavab verməli oldum: “Çıxmışam institutdan”, – dedim. Dayımın şapalağı qulağımın dibində şappıldadı. Tab gətirməyib üzü üstə tozun içinə yıxıldım. Dayımın haqsızlığını hələ institutda ikən bilsəm də, belə insafsızlığını gözləmirdim. Buna görə də sarsılıb üzü üstə qaldım. Anam yanımda peyda oldu. Qolumdan tutub ayağa qaldırdı. Ağlaya-ağlaya dayıma: “Sən bilmirsənmi ki, bu nəslin oğlanları da, qızları da könül adamlarıdılar. Könülləri olmayan işə getməzlər!”– dedi. Dayım duruxdu. Sonra gedə-gedə: “Elə ona görə qırılırlar də,” – dedi.
O gecə Almaniyaya, atama məktub yazdım: “Niyazi dayım deyir hökmən medinstitutda oxumalısan. Mənim isə könlüm ədəbiyyatadır”.
Yarım aydan sonra atamdan məktub aldım: “Könlün harayadır, oraya da gedəcəksən”.
Bu hadisə qırx altıncı ilin yazında oldu. Atam tezliklə gəldi və dediyim kimi, bizi '“studobekker”
maşınına doldurub Semyonovkaya apardı.
“Studobekker” Naxçıvandan duz daşıyırdı. Yaylaqdakı fermalardan atla duz aparmağa gəlirdilər.
14
Amma heç vaxt əliboş gəlmirdilər. Toğlu, qoç gətirirdilər. Kabab, piti, bozartma yeyib cana-qana gəlirdik.
Avqustun axırında babamın “Göyqılınc” yaylağına getdik və sentyabrın axırına qədər orada qaldıq.
Məni dərd almışdı. Axı institutlarda, o cümlədən darülfünunda qəbul imtahanları çoxdan qurtarmış, dərslər başlanmışdı. Atam məni bu il də dərsdən qoyurdu? Bir dəfə cəsarətimi toplayıb soruşdum ki, “məni niyə
saxladın oxumaqdan?”. Sakitcə gülümsündü: “Qorxma. Hər şey qaydasında olacaq. Mənə lazım olan sənin sağlamlığındı”, – dedi. Kəndə qayıdana qədər çaş-baş qaldım. Atamın özünün işi yaxşı gedirdi. Mehdixan Vəkilov yeni iş təklif eləmişdi: rayon maarif şöbəsinin müdiri. Atam yenə etiraz eləmişdi: “Müəllimlik təcrübəmi itirmişəm. Müharibə illərində Qarayazı meşəsi elə qırılıb, elə seyrəlib ki, tamaşasına gedəndə
adamı yaş boğur. Meşə təsərrüfatı idarəsinə göndər, meşə bərpa olunmalıdı.” Mehdixan Vəkilov razılıq vermədi: “İnstitut qurtarmısan. Yaxşı tarixçisən. Sənətini atma”, – dedi. Amma bir neçə gün sonra gəlib Qarayazı meşəsini gəzdi, atama: “Sən haqlısan. Meşəmizi bərpa elə”, – dedi. Beləliklə, atam meşə təsərrüfatı idarəsinin direktoru təyin edildi. Bundan sonra günlərin birində məni çağınb, “Hazırlaş, Bakıya gedirik”, – dedi. Dedim: “Ay dədə, axı dərslər çoxdan başlanıb.” Yenə sakitcə gülümsündü. “Gedərik, görərsən”, – dedi. Yalnız Bakıda məlum oldu ki, darülfünunda filologiya fakültəsinin dekanı atamın komandiri olduğu diviziyanın siyasi rəhbəri Səmədzadənin qardaşıdır, atamla Çuxuryurdda tanış olub.
Məlum olub ki, Səmədzadələr Şamaxının yaxınlığındakı Muğanlı kəndindəndirlər, Muğanna nəslindəndirlər. Babaları bizim ulu babamızla birlikdə Muğan düzündəki şəhərimizdən sürülüb. O ulu babamın nəticələri olan bu Səmədzadə qardaşları atamla Çuxuryurdda tapışıb dostlaşıblar.
Dekan Həbibulla Səmədzadə məni kabinetinin qabağındakı balaca qəbul otağında qoyub, atamın qoluna girib içəri apardı. Nə isə danışdılar. Sonra məni kabinetinə çağırdı. Atam çıxdı. Dekan mənə dedi:
Ücretsiz ön izlemeyi tamamladınız.