Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Ölmək asan deyil», sayfa 2

Kollektif
Yazı tipi:

Başqaları da hәsәd, lәzzәt vә şübhә ilә bir-birinә mәlumat verirdi:

– Bilirsiz nә var?

Onlar Kral Parkındakı gölün sahilindә, ağacların altında yenә dә görüşdülәr.

– Ah, әzizim, mәnә necә qıydın, necә qıydın? Ah, mәnim әzizim, mәnim әzizim…

Oğlanın sәsi eşidildi:

– Oh, inan, inan ki, heç nә olmayıb. Sәn mәni nә hesab edirsәn? Məgər mәn insan deyilәm, mәnim ürәyim yoxdur? Başqaları kimi mәnim dә bәzi planlarım var. Məgər sәndәn ötrü dәli-divanә deyilәm? Sәn dә mәndәn ötrü divanә deyilsәn? Hm, sonra… bundan sonra… bundan başqa… yaxşı, de… qulaq as…

Dәhşәtli sәhvә gətirib çıxarmış hәrәkәt böyük ustalıqla kölgələndi: Edvard izah elәdi ki, burada iki çağlayan ehtirasın birlәşmәsindәn savay heç nә yoxdur Әlbәttә heç bir pis iş yoxdur. Yoxdur!

Yenә dә İdanın ülvi mәhәbbәtә pәnah gətirmәsi, yenә dә mәhәbbәtin korluğu. Edvard möhkәm-möhkәm vәd edirdi. İndidәn narahat olmağa dәyәrdimi? Eh, Edvardın tanıdığı qızlar içindә İda yeganәsiydi ki, belә şeylәrdәn qorxur, narahat olurdu… Nәhayәt, yenә dә Edvardın atasının maşını işә salındı, kiçik Şark çayına sәyahәt başlandı. Sonra başqa-başqa işlәr. hәm zәif düşdüyündәn vә qorxulu fikirlәrlә çarpışdığından, hәm dә gözlәnilәn nәticәnin vahimәsindәn İda bәrk-bәrk oğlana sarılır, bu da oğlanı tәngә gәtirirdi. İndi o, tamamilә Edvardın idi, tamamilә. Ah, daha Edvard ona heç vaxt iztirab vermәz, heç vaxt onu atmaz.

Atәşini söndürәndәn sonra Edvardın özündәn bәdgüman şәxsiyyәti başqa qәlәbәlәrә can atdı, bu tәhlükәdәn tez uzaqlaşmaq, qorxusu olmayan başqa güllәr qoxumaq, başqaları ilә әlaqә yaratmaq fikrinә düşdü. Hәr halda, daha bir qızı… Daha bir tәcrübә apardı. Tәslim olmamışdan qabaq İdanın sifәtindәki sehrli ifadә Edvardın yadına düşdü. Edvard hәmin ifadәni anlamamışdı. Başa düşә bilmәmişdi. Heç bu haqda düşünmәk belә istәmәmişdi… Olan olmuşdu. Heç bir vicdan әzabı çәkmәdәn, qorxu hissi keçirmәdәn o, izdivacla nәticәlәnә bilәcәk bu qalmaqallı mәsәlәyә son qoymaq, hadisәlәr düyünə düşmәmiş aradan çıxmaq qәrarına gəldi. Yaxasını әlә verә bilmәzdi.

İyul, avqust aylarının şirin vә mülayim saatlarından sonra, nәhayәt, dәhşәtli sarsıntılar vә şikayәtlәr başlandı. İda bәdәnindә nәsә baş verdiyini duyurdu. O, qәribә hal keçirirdi, dilli-dilavәr olmuşdu. Son günlər isә canındakı uçunmalar ürәyinә qorxu salırdı. Bәlkә nәsә olmuşdu? Edvard düşünürdümü ki, bütün bunların axırı dәhşәtli ola bilәr? Oğlanın tapşırdığı hәr şeyi İda yerinә yetirmişdi. Oh, əgər dәrman tәsir göstәrmәsәydi, nә olacaqdı? Sonra İda nә edәcәkdi? Canını hara qoyacaqdı? Edvard omunla evlәnәcәkdimi? O evlәnmәlidir, mütlәq evlәnmәlidir. Başqa yolu yoxdur. İdanın zәhmli, әzazil atası! Qızın öz daxili çırpıntıları! O, daha bu evdә yaşaya bilmәz. Bilmәz! Məgər onlar, məgər onlar evlәnә bilmәzdilәr?! İndi ki, hәr şey sәhv imiş! Edvard, söz vermişdi ki, bir şey baş versә, onlar evlәnәrlәr, elә deyilmi?

Hauptvencer mәsәlәdәn hali olan kimi bәrk әsәbilәşdi. İzdivac! Yox bir! Heç vaxt! Bәs atası? Bәs özünün tamamilә sәrbәst, azad hәyatı? Onun gәlәcәyi! Bir dә, axı İda hardan bilib? O, belә şeylәri hardan bilir? Tutaq ki hamilәdir. Başqa qızlar heç bir çәtinlik çәkmәdәn yaxalarını artıq yükdәn qurtarırlar. İda göydәn düşmәyib ki? Məgər Edvard bildiyi bütün tibbi ehtiyatkarlığı qabaqcadan görməmişdi? İda hәr şeydәn qorxandır, dünyadan xәbәri yoxdur, heç nәdәn başı çıxmır. Qızlar belә çәtinlikdәn çox yüngülcə azad olurlar; Edvard o qәdәr belә şeylәrin şahidi olmuşdu ki! Yenә dә bir-iki vacib, karlı dәrman üçün baxmaq lazımdı.

Әvvәllәr heç vaxt müşahidә etmәdiyi uçunmalar başlanandan sonra İda başa düşdü ki, qorxulu cinsi әlaqәlәrә son qoymaq lazımdır; ona elә gəlirdi ki, Edvardı özünә yaxın buraxmamaqla onun cavabdehliyini bir daha yadına salmış olar. Ancaq… Edvard ayağını tamamilә kәsdi. Başqa qızlar qәhәt deyildi ki? Dünya qızla doluydu. Məgər lap bu günlərdә o, kef çәkmәyin azad vә şirin yollarına yaxşıca bәlәd olan, heç vaxt özü ilә lәnәtә gəlmiş yük gəzdirmәk fikrindә olmayan bir qızla tanış olmamışdı?

Ancaq Zobel kimi qәddar atası ilә, oğlunun paklığına әmin olan öz anası ilә üz-göz ola bilmәk ehtimalı işlәrin çox da yaxşı olmamasından xәbәr verirdi. Demәli, bacardıqca tez, mәharәtlә bu qorxulu vәziyyәtdәn çıxmağa çalışmaq lazımdı. Ancaq aradan çıxmazdan qabaq, küçә tinlәrindә vә gәmi-klubda yığışan dostlarından hamilәliyi mәhv etmәk üçün dәrman tapmaq da vacibdi. Öz-özlüyündә aydındı ki, onun üçün әyləncә vә şirin sәrgüzәşt olan bu әlaqә İda üçün pis nəticə vermişdi.

Küçә ilә keçәrkәn qız Edvardla cürbәcür işarәlәrlə danışırdı: gah başını yellәyir, gah dirsәyilә ona toxunurdu. Qalmaqaldan qorxan İda bu günlər evdәn bayıra çıxmır, çıxanda da valideynlәri görməsinlәr deyә, özünü Uorren avenyudan Hai küçәsinә salırdı. Sümüklәri sızıldayır, bәdәni zәiflәyirdi. Daxili sarsıntılardan simasına qorxu kölgəsi hopmuş İda atasının barmağını silkәlәyә-silkәlәyә, ümumiyyәtlә, gәlәcәk üçün gəldiyi hәdә-qorxunu daha tez-tez xatırlayırdı: «Od olmasa, tüstü çıxmaz…» Ah, nә etmәli? Necə etmәli? Belә başgicәllәndirәn burulğanda heç nә etmәmәk, yalnız gözlәmәk, gözlәmәk lazımdı. Gözlәmәk isә dәhşәtli, mәşәqqәtli sarsıntılar demәkdi. Bütün bunlarla bәrabәr dükanda, evdә mәşәqqәtli iş, sevgilisini görmək üçün can atması İdanı әldәn salırdı; qızın bütün cidd-cәhdlәrinә baxmayaraq, Edvardı görmək günü-gündәn çәtinlәşirdi.

– Sәn mәnim halımı başa düşmәlisәn, başa düşmәlisәn, başa düşmәlisәn, әzizim. Mәn belә… gəzә bilmərәm, sәn bunu görmürsәn? Demişdin ki, mәni alacaqsan, elә deyil? Gör nә qәdәr vaxt keçib? Oh, mәn daha dәli olmuşam. Sәn nә isә etmәlisәn. Etmәlisәn! Etmәlisәn! Əgər atam başa düşsә, mәn nә edәrәm? Nә? Mәnim başıma bilirsәn nә oyun gətirәr? Elә sәninkinә dә! Görmürsәn necә vәziyyәtdәyәm? Görmürsәn?

Ancaq mәhәbbәt xәstәsi zavallı İdanın yalvarışları müqabilindә Hauptvencerin sakit laqeydliyi vә qәddarlığı dayanmışdı. Qoy İda cәhәnnәm olsun! O evlәnmәyәcәk! Evlәnә bilmәyәcәk. O özünü tәsadüfi tәhlükәdәn qorumalıdır. Belәliklә qәrara alındı: qәtiyyәn qızla rastlaşmamaq, onunla kәlmә kәsmәmәk, hәr şeyә hәmişәlik son qoymaq…

Gənc, tәcrübәsiz, hәlә dә Edvarda inanan İda isә bunları ağlına sığışdıra bilmirdi. Belә ola bilmәzdi. Әvvәllәr İda heç bu haqda düşünmürdü dә. Lakin Edvardın laqeydliyi hәr şeyin qurtardığını bir daha tәsdiq etdi. Görüşә gәlmәmәk, sonra üzrxahlıq etmәk. Bir gün ağrı vә hәyәcan qızın varlığına hakim kәsilәndә o, Edvardı tapdısa da, oğlan tәrәddüd etmәdәn hәyasızcasına dedi:

– Hm, mәn sәninlә evlәnәcәyimә söz vermәmişәm, bilirsәn ki, vermәmişәm. Bir dә, mәnim heç o qәdәr tәqsirim dә yoxdur. Günah özündәdir. Özün bilmәlisәn ki, nә etmәk lazımdır, məgər ona görə mәn sәninlә evlәnmәliyәm?

Birinci dәfәydi ki, onun gözlәri belә amansız idilәr. Bu ana kimi mәhәbbәtә kor-koranә inanan qızın hәslәyib çәkilmәsi üçün zәrbә kifayәt oldu. Nә üçün? Bu, necә ola bilәr? Buradakı dәhşәt. Qәzanın başlanması. Tamam karıxmış İda dedi:

– Ancaq, Ed! Ed! Sәn nә danışırsan? Nә üçün, bu, düz deyil. Bilirsәn ki, düz deyil! Sәn mәnә söz vermişdin! And içmişdin! Bilirsәn ki, mәn heç vaxt belә etmәk istәmirdim, sәn mәni mәcbur elәdin, sәn! Nә üçün… Oh, indi mәn nə edәcәyәm? Mәnim atam! Heç bilmirәm o mәnim başıma nә oyun açacaq, elә sәninkinә dә! Ah, әzizim! Әzizim!

Bütün bunlar azmış kimi, keçirdiyi fiziki vә mәnәvi sarsıntıdan qızın gәrilmiş barmaqları bir-birini sıxır, bәdәni әsir, titrәyirdi.

Hәmişәkindәn artıq özündәn çıxmış Hauptvencer qızı birdәfәlik başından elәmәk üçün qışqırdı:

– Kәs sәsini! Özün dә bilirsәn ki, mәn heç vaxt sәninlә evlәnәcәyimi demәmişәm! Demәmişәm!

O, dabanı üstә çevrilәrәk, İda gәlmәmişdәn qabaq küncdә laqqırtı vurduğu dostlarının yanına qayıtdı. Öz bәdnam fikrini müdafiә edirmiş kimi әlavә elәdi:

– Uf, bu qadınlar! Lap hәdlәrini aşıblar.

Dili belә desә dә, ürәyini qızın dumanlı baxışlarından qopan dәhşәtli qorxu bürüyürdü. Ancaq başının adamlarından biri, küçә tinlәrinin başqa bir aspirantı, çoxlu qız ürәyi fәth elәmiş Conni Martin dillәnәndә Edvardın ürәyi yerinә gəldi:

– Onu dünәn gecә dә sәni burada axtaran gördüm, Ed. Ehtiyatlı ol. Yaxın zamanlarda bu yubkalardan biri sәnin başına oyun açmasa yaxşıdır.

O, gümüş siqaret qabından sakitcә bir siqaret götürәrәk, yerindәcә quruyub qalmış İdaya tәrәf baxmadan әlavә etdi:

– Doğrudan belәdir? Hә-ә, o-la bi-lәr…

Edvard hәddindәn artıq әzabdan sonra atılmış, indi mәzlumca dayanan, getmәyә taqәti olmayan İdaya yuxarıdan-aşağı nәzәr salaraq dillәndi:

– Ax, bu almanlar! Görəsәn, hansı cayıllasa oturub-durub, indi qarnının şişdiyini görəndә mәnim yaxama әl atmaq, mәni günahlandırmaq istәyir. Ay-hay!

Sonra, iki başqa qızın onları haradasa gözlәdiyini eşidәn kimi hündürdәn sәslәndi:

– Salam, Skeyt! Hәr şey hazırdır? Yaxşı, yaxşı. Onda, indidәn tәrpәnmәyimiz yaxşıdır… Hәlәlik, uşaqlar.

Edvard cәld addımlarla uzaqlaşdı.

Yaralanmış vә ağlını itirmiş İda isә artıq yarımçılpaq olan sentyabr ağaclarının altında tәk qaldı. Sonra qalmaqallı küçә, avtomobillәrin radioları, fit sәslәri, ardı-arası kәsilmәyәn laqqırtılar, piyadaların tappıltısı, rənglәrin vә sәslәrin fonunda parıldayan axşam lampaları. Soyuqmu idi? Yoxsa tәkcә İda soyuqdan әsirdi? Edvard onu almayacaq. O, heç vaxt evlәnәcәyini vәd etmәyib. İndi necә vәd edә bilәrdi? İdanın atası nә ölçü götürәcәk – qızın görünüşü dәyişәcәk axı!

Hәrәkәtsiz dayanan İdanın nәzәrlәrindә Kral Parkındakı bütün cığırlar vә skamyalar bütöv bir panoram kimi qırmızıya çaldı – parkdakı gölün ora-burasında yırğalanan balaca qayıqlar – yay vaxtı axşamlar ağacların әtirli yarpaqları altında nazlanan hәr qayıqda bir qız, bir oğlan; bir qız, bir oğlan; bir qız, bir oğlan… Ağır yükdәn zindana dönmüş, bir yerdә yırğalanan bәdәnlәr, ehtirasdan dumanlanmış iki baş, çırpınan iki ürәk, tәngnәfәslik… Saysız-hesabsız öpüşlәr vә vәdlәrdәn sonra İdanın arzularına yalan sәpilmişdi, Edvardın sözlәrinә etibar etdiyi mәhәbbәtinә yalan çilәnmişdi, öpüşlәrә, misilsiz sәadәtlә dolu saatlara, günlərә, aylara yalan çilәnmişdi – İdanın inamı vә ümidlәri yalana bәlәnmişdi. İndi ölüm daha yaxşıdır, ölüm, ölüm…

Sonra yavaş-yavaş, yerindә saya-saya öz otağına qayıdaraq, atasının vә ögey anasının evdә olmamasından istifadә edib düşüncәlәrә qәrq oldu. Titrәtmә ilә gələn qızdırması yaxınlaşan mәşәqqәtli ağrılardan xәbәr verirdi. Birdәn onun qәlbi ömründә ilk dәfә kәskin inciklik hissi ilә doldu. Qәddarlıq! Qәddarlıq! Yalan! Edvard qıza tәkcә yalan satmamışdı, hәm dә әzab, işgəncә vermişdi. O! Cәmi beş ay qabaq öz gözlәri vә mәnalı tәbәssümü ilә İdanı axtaran Edvard! Yalançı! Heyvan! Vәhşi heyvan! Yırtıcı heyvan! Bu sözlәri ürәyindә vә dilindә tәkrar edә-edә İda hәrdәn onlara inanmamağa çalışırdı – bir aydan sonra Edvard qayıdar, iki-üç ay sonra qayıdar, onun baxışlarında elә ifadә olar ki, qızın bütün bu fikirlәri bir anda yox olar. Oh, Ed! Ed!

Gecəlәri belәcә başa vurur, dan yeri belәcә ağarırdı. Sonra uzun sürәn, qurtarmaq bilmәyәn mәşәqqәtli gün başlayırdı. Bundan sonra başqa günlər! Dәrdini demәyә dә bir kimsә yox idi. Əgər İda hәr şeyi öz analığına danışa bilsәydi… Bütün başqa günləri vә gecəlәri dә İda tәnhalıqda keçirdi. Alov saçan, ümidsiz, baş gicәllәndirәn, dağınıq fikirlәr axınında üzmәsi onu min cür şeytan işlәrinә әl atmağa sövq edirdi. Bayıra çıxanda ürәyi az qala partlamaq dәrәcәsinә çatırdı. Tinlәrdә dayanıb laqqırtı vuran hәrzә cavanlar, İdanın tanıdığı qızlar, onların düşündüklәri… Onlar tezliklә hәr şeyi bilәcәkdilәr. İdanın mәhәbbәtsiz tәnhalığı. Gözünün qarşısında yüzlәrlә fantastik ölüm rәqsi oynaşırdı.

Edvarddan eşitdiyi bütün sözlәrin ağ yalan olduğuna qәti әminlikdәn sonra da İda, onu tәzәdәn yola gətirmәyin mümkün olduğuna inanmaq istәyirdi… Oh, İdanın әziz sevgilisi. Yox, nә isә baş vermәli, Edvard sәhvini anlamalıdır. Ancaq İda çox yaxşı başa düşürdü ki, әvvәlki halına qayıtmaq üçün Edvardın heç bir sәbәbi vә ehtiyacı yoxdur. İda gözdәn iraq künc- bucaqda, Edvardın atasının kömür mәdәninә gedәn küçәnin qurtaracağında, oğlangilin mәhәllәsindә öz mәktublarına cavab gözlәyә-gözlәyә qalmışdı – sakitcә, bir bucaqdaca, әzab çәkә-çәkә, bәzәn isә tәhqir oluna-oluna gözlәyirdi.

– Nә olub məgər? Dabanbasma ardımca nә sürünürsәn? Elә bilirsәn, sәnә qulaq asmaqdan savayı dәrdim yoxdur? Yaxşı, sәnә demәmişәm ki, evlәnә bilmәyәcәyәm, demәmişәm? İndi görürsәn ki, uşağa qalmısan, mәni cavabdeh elәmәk istәyirsәn? Bu әtrafda mәn yeganә oğlan deyilәm ki. Özü dә, bunu hamı bilir.

Edvard son sözlәrini deyәrkәn qızın üzündә heç vaxt sezmәdiyi hökm vә qәtiyyәt görüb sәsini kәsdi. Vәziyyәtin çıxılmazlığı vә dәhşәti İdanı elә çuğlamışdı ki, hәtta Edvard da bunu görə bildi. Qızın sifәti kağız kimi ağardı. Gözlәrindә qığılcım saçan atәş görünürdü:

– Bu yalandır, sәn özün dә bilirsәn! Bu, düz deyil! Oh, necә dәhşәt! Belә sözü demәyi necә rәva bildin? İndi hәr şey mәnә aydın oldu. Sәn ilansan, yırtıcı heyvansan! Demәli, bütün bu vaxtı mәni axmaq yerinә qoymuşdun, hә? Heç vaxt mәnimlә evlәnmәk istәmәmisәn, indi başqa yolla yaxanı kәnara çәkmәk üçün böhtan da atırsan – başqası ilә әlaqәdә günahlandırmaq istәyirsәn. Sәn heyvansan! Adam cildinә girmiş heyvan! Heç olmazsa, dediyin sözlәri, verdiyin vәdlәri xatırla. Əgər ömrüm boyu bir başqası haqqında fikirlәşmişәmsә… Sәn özün bunu yaxşıca bilә-bilә, mәnә elә sözlәr deyirsәn.

Qızın sifәti yenә dә ağappaq idi. Hәlә onun әllәri! İdanın gözlәri qeyri-adi parıltı saçırdı, bu parıltıda ümidsizlik vә mәğlubiyyәt ifadәsi vardı. Ancaq, yenә dә, qәzәbinә baxmayaraq, bütün bu ifadәnin mәrkəzindә mәhәbbәt dayanmışdı – güclü, hәqiqi, atәşli mәhәbbәt, onun özәyi. Hәddindәn artıq işgəncә verilmiş qızın göz yaşları yumru yanaqlarıyla aşağı yuvarlanırdı.

Әsl mәhәbbәtin İdanın qәlbindә kök saldığına inansa da, Edvard qızın sözlәrinә diqqәtlә qulaq asır, öz etirazını bildirmәk üçün sәbәb olacaq kәlmә axtarırdı.

– Demәli, belә, hә? Heyvanam, hә? Yaxşı, gör bu söz sənә necә baha oturacaq, axmağın biri.

Öz xilası üçün әn әhәmiyyәtsiz sözә dә böyük don geyindirәn Edvard dabanı üstә çevrilәrәk qonşu mәhәlləyә yollandı. Bircә dәfә dә geriyә baxmadı.

Qorxu vә hәyәcanı hәddini aşan İda isә çağırırdı:

– Ed! Ed! Geri qayıt! Niyә mәni belәcә qoyub gedirsәn? Mәn dözә bilmirәm. Deyirәm ki, dözә bilmirәm! Tez geri qayıt! Eşitmirsәn?

Edvardın qәfil, laqeyd gedişi İdanı tәlatümә gәtirdi, qız oğlanın ardınca qaçdı, damarlarında qanı donmuş halda, qәribә hallar keçirә-keçirә onun arxasınca süründü. Mәsәlәnin qәlizlәşdiyini tәәccüb vә tәşviş içindә hiss edәn Edvard cəld geri dönüb çımxırdı:

– Bura bax! Ya mәndәn әl çәk, ya da başına it oyunu açaram, eşidirsәn? Mәn elә dә gicbәsәr deyilәm ki, üstümә şәr atasan. Özün özünü bәlaya salmısan, indi zәhmәt çәk, özün dә çarәsini qıl. Mәn sәnә bir şey elәmәmiş bunu rәdd elә getsin, eşidirsәn?

O, lap yaxına gәlib qıza elә hәdәlәyici vә qәddarcasına nәzәr saldı ki, aylardan bәri onu tanıyan İdanın bәdәninә qorxudan üşütmә düşdü. O tutqun, qәzәbli sifәt! O qorxulu, qәddar, amansız gözlәr! Doğrudanmı bütün elәdiklәrinә әlavә olaraq Edvard onu döymәyә dә hazırdı? Demәli, İda onu heç vaxt yaxşı tanımayıb. Sükut içindә, hәrәkәtsiz dayanaraq beynindә bu әzabların vahimәsini dolandıra-dolandıra atasını yadına saldı. Yerindәn tәrpәnmәyә iqtidarı olmadı. Hauptvencer qәzәbinin nümayişi üçün әlavә elәdi:

– Bir dә mәnә yaxın gәlmә, eşidirsәn? Əgər gәlsәn, başına xoşlamadığın bir iş gətirәcәyәm! Gәl qurtaraq, yaxşılıqla qurtaraq, anladın?

O, yenidәn dabanı üstә dönüb, cәld addımlarla bu dәfә adamla dolu olan Hai vә Uorren avenyu mәhәllәsinә üz tutdu. Axırıncı yenilikdәn ürәyi çapalayan İda isә vәziyyәtdәn çıxış yolu üçün yalnız öz cәsarәtindәn yapışmalı olacağını düşünә-düşünә oradaca qaldı. Dәhşәt! Rüsvayçılıq! Abır-hәya! İndi İdanın düşdüyü hal faciәli idi.

Bu rüsvayçılığın qarşısını almaq üçün bir müddәt sonra İda yavaş-yavaş addım atmağa başladı. Belә vәziyyәtdә atılmaq, tәrk edilmәk! Beynindә hәrlәnәn, yırğalanan mühakimәlәrdәn canını heç cür qurtara bilmirdi. Titrәyә-titrәyә yenә dә evә gәlib, sakitcә öz otağına qapıldı. Acı hönkürtülәr içindә qovrula-qovrula, süst vә hәtta hәrәkәtsiz halda düşdüyü vәziyyәti götür-qoy etdi.

Onun atası! Analığı! Əgər onlar bilsәlәr! Oh, yox! Gözlәnilәn hadisәdәn qabaq nә isә baş vermәlidir. İda çıxıb getmәlidir – ya da, ya da, yaxşısı budur – bәlkә… özünü boğsun, hә? – ya da hәyatına başqa cür qәsd elәsin – ya da – …

Әvvәllәr uşaqtәk tez-tez oynamağa getdiyi çardaqda arabir yuyulan pal-paltarı asmaq üçün köhnә ip vardı. İndi – bәlkә dә yox, bәlkә dә yox – İda bir qadının özünü belәcә boğub öldürdüyünü oxumuşdu… Yәqin ki, çardağa baxmaq heç kimin ağlına gәlmәyәcәkdi – ta… ta… yaxşı…

Ancaq… o özünü asacaq? Asa bilәcәk? Çoxlu vәdlәr verәn hәyatını düşünüb qorxurdu. Məgər bu, qorxu idi? Özündәnmi qorxurdu? Ona verilәn hәyatdanmı? Özü dә yaşamaq eşqiylә çırpınanda? Edvard ona nәsә borclu olanda ölmәk? İdaya borclu olanda, İdaya, İdaya? Yox, o belә ölә bilmәz, belә ölmәmәlidir. Belә ölüb Edvardın başqa qәlәbәlәrini asan vә sevincli etmәmәlidir. Heç vaxt! Heç vaxt! İda әvvәlcә Edvardı öldürәr, sonra özünü. Ya da әvvәlcә onu rüsvay edәr, sonra özünü, sonra isә… sonra isә…

Ancaq yenә dә onun atası! Ögey anası! Rüsvayçılıq! Vә…

Atasının dükandakı siyirtmәsindә tapança vardı, yekә, möhkәm, qara tapança. İda atasından eşitmişdi ki, onun içindә sәkkiz güllәsi var. Tapança elә ağır, elә zәhmli, elә soyuqdu ki… İda onu görmüşdü, ona toxunmuşdu, hәtta bir dәfә onu qorxa-qorxa әlinә dә almışdı. Silah ölümlә, acıq vә әdavәtlә necә dә vәhdәt yaradırdı! İndi, tutaq ki, o, Edvardı vә özünü, ya da tәkcә özünü cәzalandırmaq istәyir. Ancaq yox, bu, çıxış yolu deyildi. Bәs nә idi bu? Nә idi?

Onun keçirdiyi halı atasının duymasına vә ciddi tәrzdә son zamanlar nә baş verdiyini soruşmasına qәdәr İdanın narahat, әzablı günləri davam etdi. Atası xәbәr aldı ki, İda Hauptvencerlә sözlәşmәyib ki? Axır vaxtlar Edvard kişinin gözünә dәymirmiş. İda xәstәlәnmәyib ki? Qızın iştahı yaman korlanıb, atası görür axı. O, demәk olar ki, heç nә yemir. Hәr iki suala «yox» cavabı alandan sonra Zobel heç nә demәdi, ancaq ürәyindә kәsdirdi ki, vaxtı olan kimi bu mәsәlә ilә maraqlansın. Yәqin ki, nә isә olmuşdu, gec-tez bilinәcәkdi.

İndi, madam ki, atası da maraqlanmağa başlamışdı, bir hәrәkәt, qәrar olmalıydı. Özünü öldürmәk, tapança, Hauptvenceri tapança ilә hәdәlәmәk haqqında fikirlәr tәzәdәn beyninә girdi. İda sadәcә olaraq onu qorxudacaq, vәssalam. O, tapançanı Edvarda tuşlayıb, oğlanın özünü necә aparacağını görmək istәyirdi. Әlbәttә, İda onu öldürmәyәcәkdi. Ancaq… tutaq ki, tutaq ki, bir nişangaha, әlbәttә, Edvarda yox, doğrudan da… (ancaq, oh, yox!) Atәş sәsi, lülәdәn çıxan tüstü, öldürücü güllә, düz Edvardın ürәyinә, sonra, әlbәttә, özününkünә! Yox, yox! Onda, bәs nә etmәli? Nә?

İki gün әrzindә o, dәfәlәrlә tapança olan siyirtmәyә yaxınlaşdı, ona baxdı, nәhayәt, silahı әlinә dә aldı; mәqsәdi onu bircә anlıq әlindә saxlamaqdı…

Silah elә ağır, elә soyuq, elә zәhmliydi ki! Onun tәkcә ağırlığı qızın qәlbini tәşvişә saldı, bәlkә iyirminci cәhddәn sonra İda onu qoynunda gizlәdә bildi; tapança düz vә sakit dayandı. Bütün yay boyu tez-tez Edvardın baş qoyduğu sinәsinә tapançanın soyuğu vә dәhşәti keçdi.

Bir axşamüstü, İda tapançanın yaratdığı narahatlığa tәzә-tәzә öyrәşәndә atası yenә dә maraqlandı:

– Sәnә nә olub axı? Heç bilirsәn ki, vaxtının çoxunu nәyә sәrf edirsәn? O cavanla aranızda bir hadisә-zad olmayıb ki? Son zamanlar daha bu yanlara hәrlәnmir. Siz ya evlәnmәli, ya da birdәfәlik әlaqәnizi üzmәlisiniz. Hәr halda, istәmirәm ki, aranızda axmaq bir әhvalat baş versin…

Bu sözlәr İdanın düşündüklәrinә sürәt verdi. İndi… indi… o hәrәkәt etmәlidir. Bu axşam, lap bu axşam İda Edvardı yenә dә görər vә deyәr ki, oğlanın atası ilә danışıb, hәr şeyin üstünü açmaq fikrindәdir, əgər Edvard onunla evlәnmәsә, İda onu da, özünü dә öldürәcәk. Lap tapançanı da ona göstәrәcәkdi ki, oğlan sözlәrin ciddiliyinә inansın. Əgər İdanın cәsarәti çatsaydı, onu hәdәlәmәk dә pis olmazdı, hәr halda, Edvardı qorxutmaq axırıncı vasitә idi. Əgər birdәn, əgər birdәn o vaxt Edvard onu dinlәsә – üzünü çevirib getmәsә – qorxsa, ya da İdaya kömәk әli uzatsa – kobud söz demәsә, ya da maşına oturub aradan çıxmasa…

Aşağıda, çay körfәzinin qurtaracağında Edvardın atasının kömür mәdәni var. Orada Edvardın öz evi dә var. İda әvvәlcә mәdәnә gedә bilәr. Edvard axşam saat altının yarısında oradan çıxır, ya da altı radәlәrindә evinin hәndәvәrindә olur. Saat yeddidә vә ya sәkkizin yarısında evdәn çıxıb, hansı qızınsa görüşünә gedir. Ancaq hansı qızın? Yaxşısı budur, İda qabaqca kömür mәdәninә getsin. Edvard oradan tәk qayıdır. Bu, әn әlverişli imkandır.

Adi axşamların birindә Hauptvencer kefi kök kömür şirkәtindәn qayıdırdı. Fikri, vaxtını çox gözәl keçirdiyi, tәzә tanış olduğu qızın yanında qalmışdı. Hәmin külәkli noyabr axşamı, uzaqda elektrik lampaları sayrışanda, uzaqdakı maşınların, hәyatın sәsi eşidilәndә, düşmüş xәzan yarpaqlarını külәk torpağın üstüylә sürüyәndә Edvardın hәmişə yanından keçdiyi kәrpic qalağının arxasından çiyinlәrindәn çox tanış olan bir qız kölgəsi çıxıb, onun qarşısında dayandı.

– Ed! Sәninlә bir dәqiqәlik işim var.

– Yenә dә sәn?! Nә demişdim sәnә? Sәninlә danışmağa nә vaxtım var, nә dә hәvәsim! Nә demişdim…

– İndi qulaq as. Ed, bircә dәqiqә qulaq as. Mәn çıxılmaz vәziyyәtdәyәm. Ümidimi hәr şeydәn üzmüşәm, Ed, eşidirsәn? Məgər görmürsәn?

Qızın sәsi yavaş çıxırdı, ancaq bu sәsdә hәm inad, hәm də yalvarış duyulurdu.

– Gəldim sәnә deyәm ki, mәnimlә evlәnmәlisәn! Evlәnmәlisәn, eşidirsәn?

Qızın әlinin biri daha әvvәlki kimi soyuq olmayan zәhmli şeyin qoyulduğu sinәsinin üstündәydi. Tapança ayaqda idi. Hiss edirdi ki, onu çıxarmaq vaxtıdır, göstәrmək vaxtıdır – ya paltarın altındaca hazır saxlamalıydı ki, mәqam yetişәndә çıxarıb göstәrә bilsin, belәliklә, Edvard qansın ki, əgər evlәnmәsә… Ancaq İdanın әli elә titrәyirdi ki, silahı zorla saxlayırdı. Tapança necә dә ağır, necә dә qorxunc idi. İda öz sәsini dә zorla eşitdi:

– Ya da düz sәnin atanın yanına gedәcәyәm, sonra öz atama deyәcәyәm. Atam başıma nәsә pis iş gətirәcәk, ancaq ondan da betәrini sәninkinә gətirәr! Sәnin atan da bilsә, dinc oturmayacaq… Ancaq… hәr halda… – İda əlavә etmәk istәyirdi ki: «Sәn mәnimlә evlәnmәlisәn ki, hәr şey yaxşılıqla qurtarsın, yoxsa, yoxsa, sәni dә, özümü dә öldürәcәyәm, vәssalam», – sonra tapançanı qoynundan çıxarıb Edvardın gözlәri qarşısında oynatmaq istәyirdi.

Ancaq heç nә ilә hesablaşmayan vә heç nәyi başa düşmәk istәmәyәn Hauptvencer qәzәblә, hәdә-qorxu gәlә-gәlә onun sözünü kәsdi

– Yaxşı, özünü göstərmә! Әsәblәrini saxla! Sәn özünü nә hesab edirsәn? Nә demişdim sәnә? İstәyirsәn, get mәnim atamın hüzuruna, Özününkünә dә. Onlardan qorxan var məgər? Elә bilirsәn, onlar sәnin kimisinә inanacaqlar? Mәn sәninlә heç vaxt intim әlaqәdә olmamışam, vәssalam! – Edvard İdanın ondan qorxub gedәcәyini düşünüb qızı bәrk itәlәdi.

İda necә qәzәblәndisә, ağrıdan, hәyatı boyu görmədiyi başgicәllәnmәsindәn gözlәrindәn od çıxdı, qarşısında tünd qırmızı halqalar fırlandı. Hәr şeyin mərkəzindә Hauptvencerin sifәti durdu – İdanın sevgilisinin – ancaq indiki kimi yox, yox… – qәribә işıqla halәlәnmiş sifәti, – …baharda Kral Parkındakı ağacların altında gördüyü kimi. İda birtәhәr müvazinәtini saxlayıb özünü düzәldәrәk Edvardın qarşısına keçdi:

– Sәn mәnimlә evlәnәcәksәn, Ed! Evlәnәcәksәn! Bunu görürsәn? Mәni almalısan!

Sonra hәr ikisinin tәәccübünә vә sakitlәşmәsinә sәbәb olan alovsaçan şey bәrk sәs çıxardı, az qaldı İdanın әlindәn sıçrayıb düşsün, qız lülәni özünә tәrәf çevirmәyә macal tapmamış ikinci atәş açıldı, ala-toranda ikinci qırmızı qığılcım alovu parladı. Hauptvencer elә bil bir anlıq tәrәddüddәn sonra dillәndi:

– Aman allah! Sәn nә....

Sonra әlini sinәsinә basıb әlavә etdi:

– Oh, ilahi! Mәni vurdular!

O, İdanın ayaqları altına sәrildi.

İndi İda özünü vurmalıydı, beynindә hәrlәnәn qırmızı qığılcımlar aramsız tәkrar edirdilәr:

– İndi, bu saat özümü, özümü dә öldürmәliyәm. Öldürmәliyәm! Öldürmәliyәm! Öldürmәliyәm! Bir yerә çәkilib lülәni özümә tuşlamalıyam.

Silahı qaldırmağa iqtidarı yoxdu, deyәsәn, kimsә gəlirdi, yaxınlaşırdı, qışqırıq, addım sәslәri eşidildi. İda da qaçmağa başladı, bir ağacın, divarın, darvaza qapısının yanına çatıb dayanmaq, özünü vurmaq istәyirdi. Ancaq sәs onu dabanbasma izlәyirdi:

– E-ehey! Qı-zı tu-tuuun! Qatiiil!

Başqa tәrәfdәn özgә sәs eşidildi:

– E-hey! Qa-ti-il! O qızı saxlayın!

İda arxasında cәld addım sәslәri eşitdi, onun özündәn asılı olmayaraq hәlә dә tapança tutan әlini kimsә bәrk burdu:

– Silahı ver!

Sonra İdanın heç vaxt görmədiyi, Eddiyә dә bәnzәmәyәn qamәtli gənc, qızla üzbәüz dayanıb onu silkәlәdi:

– Bura bax! Bu nәdir, hә? Qayıt geriyә! Aradan çıxa bilmәzsәn!

Eyni zamanda tanış olmayan başqa nәzәrlәr İdaya dikildilәr, güclü әllәr qızı dartışdırırdılar. İda qışqırırdı:

– Oh, buraxın mәni! Buraxın mәni! Mәn dә ölmәk istәyirәm, eşidirsiz? Ölmәk istәyirәm! Buraxın mәni!

Qız әsim-әsim әsir, hönkürürdü.

Bir anda onun başına o qәdər adam yığıldı ki – kişilәr, qadınlar, qızlar, nәhayәt, polis nәfәri dә gəldi, hәrә öz mühakimәsi ilә baş vermiş hadisә haqqında daha әtraflı mәlumat toplamağa çalışırdı; hamı yaralı oğlanın tәcili xәstәxanaya, qızın isә yaxınlıqdakı polis idarәsinә aparılmasına baxmağa can atırdı. Faciәni törәdәnin vә yaralının adları vә ünvanları mәlum deyildi. Hәyәt qapısının pillәsindә oturdulmuş, nәfәsi zorla gələn zavallı İdanın başına toplaşanlar anbaan artır, izdihamdan qızın qulağına bәzi sözlәr çatırdı:

– Harada? Nә? Necә?

– Әlbәttә, әlbәttә! Lap indicә, bax, orada, sağ tәrәfdә, hә, әlbәttә, tәcili yardım çağırılıb.

– Deyәsәn, oğlan payını alıb. Sinәsinә! İki güllә! Ölәr…

– O-ho!.. Oğlan tamam al qan içindәdir ki!

– Әlbәttә, qız vurub. Tapança ilә, özü dә yekә bir tapança ilә. Silahı polis götürdü. Qız aradan çıxmağa çalışırdı. Hә, hә, Cimmi Әllen onu tutub. Cimmi evinә gedirmiş, birdәn…

– Oho! Bu, yuxarıda, Uorren avenyuda rəng mağazası olan qoca Zobelin qızıdır ki! Mәn onu tanıyıram. Oğlan isә kömür mәdәninin sahibi Hauptvencerin oğludur. Mәn o mәdәndә işlәyirәm. Oğlan Qrey-stritin yuxarısında yaşayır.

Bu vaxt huşsuz halda Mersi xәstәxanasının cәrrahiyyә stoluna uzadılmış Edvardın vәziyyәti ümidsiz idi, onun әn çoxu iyirmi dörd saatlıq ömrü qalmışdı. Ata-anası xәbәri eşidib xәstәxanaya tәlәsirdi. Eyni vaxtda әzabkeş İda yaxınlıqdakı Henderson avenyu polis mәntәqәsindәki istintaq otağında polislәr vә әdliyyә işçilәri tәrәfindәn sorğu-suala tutulmuşdu:

– Deyirsәn ki, o cavan oğlanı bir il qabaq gormusәn? Bu düzdür? Tanışlığınızdan az әvvәl o, qonşuluqdakı evә köçmüşdü? Elәdir?

Kәdәr dәryasına qәrq olmuş, yarıhuşlu İda başını tәrpәdәrәk tәsdiq edirdi. Bayırda isә azarkeşlәr, maraqlananlar izdihamı bir uğultu salmışdı ki! Qәşәng bir qız! Cavan oğlan can verir! Arada nә isә cinsi mәsәlә var! O söz…

Zırpı polis nәfәri tәrәfindәn mәlumat alan Zobel vә arvadı rәnglәri qaçmış halda stansiyaya cumurdular. Aman allah! Aman allah! Hәr ikisi tәngnәfәs idi. Alnı vә әllәri tәr içindә olan Zobel az qala boğulur, ürәyini yeyәn vahimәli sirr haqqında düşünürdü: «Nә!? Onun İdası kimi isә güllәylә vurub? Gənc Hauptvenceri? Küçәdә, oğlanın iş yerinin yanında. Qәtl! Pәrvәrdigara! Demәli, aralarında nәsә olubmuş. Olubmuş! Olubmuş! Ancaq necә olub ki, Zobel heç nә bilmәyib? İdanın solğun bәnizi! Son günlər onun tutqun, tәnha halları! Qızın zahirindәn hәr şeyi oxumaq olardı. Demәk belә, şeytanlar! İblislәr! Demәk belә! Hәştad min dәfә lәnәtә gәlmişlәr. Onun İdaya dediyi sözlәrdәn, nәsihәtlәrdәn sonra. Onun vә arvadının qızın qayğısını çәkmәlәri. Hәlә qonşular! Zobelin xırda-xırda çax-çuxu! Polis! Açıq mәhkәmә! Hәbs olunmaq – edam tәhlükәsi! İlahi! Onun öz qızı da belә. Ah, o şux geyimli, qamәtli әclaf! Nә üçün, nә üçün Zobel ilk dәfә qızına onunla gəzmәyә icazә verdi? Axı, qızın әhvalı pis olanda Zobel hәr şeyi anlaya bilәrdi. O haradadır? Aman allah! İlahi! Bu dәhşәtdir!»

Solğun bәnizli, tutqun baxışlı İda orada oturmuşdu; Zobel onun ifadәsiz baxışlarını, qansız, tәbәssümsüz sifәtini gördü, sәsini eşitdi:

– Hә, onu mәn öldürdüm. Bәli! Bәli! O mәnimlə evlәnmәyәcәkdi. İstәsәydi evlәnәrdi, ancaq evlәnmәyəcәkdi… vә mәn… – sonra әllәrini qәmgin, ümidsiz halda yellәyib ağladı. – Oh, Ed! Ed!

Zobel qışqırdı:

– Ax, ilahi! İda! İda! Allah xatirinә, bu, belə ola bilmәz. Niyә mәnә demәmisәn? Niyә mәnә yaxınlaşmamısan? Atan deyilәm məgər!? Hәr şeyi başa düşәrdim. Әlbәttә! Әlbәttә! Mәn onun atasının yanına gedәrdim, onun atasının. Ancaq indi – bu – vә indi… – Zobel әllәrini ovxalamağa başladı.

Onun beynini mәşğul edәn әsas mәsәlә bu idi ki, indi bütün alәm bu biabırçılıqdan xәbәr tutacaq… Onun bütün cidd-cәhdlәrinә baxmayaraq, axırı belə oldu… O, bildiklәrini hündürdәn növbәtçi leytenanta, müstәntiqlәrә, polis işçilәrinә danışmağa başladı. Zavallı İda bir qәdәr özünә gələndәn sonra gözlәrinə inanmadı: «Doğrudanmı, bu onun atası idi? O, kömək etmәk istәyirdi?» İda onun yanına gәlmәliydi… nə üçün… qız fikirlәşәndә ki… fikirlәşәndә ki… atası onun bu halına dözmәyәcәk Ancaq… bir azca sonra… Ed yenidәn onun fikirlәrini alıb apardı. O dәhşәtli sәhnә! O dәhşәtli hadisә! Doğrudan da İda onu vurmaq fikrindә deyildi. Deyildi! Deyildi! Yox! O, doğrudanmı ölüb?! Onu doğrudanmı İda öldürüb? O atәş – yara – o sözlәr! Ancaq yenә dә… Ah, әzizim! Ah, әzizim! Sonra İda sәssizcә, ürәkdәn gələn hönkürtülәrә qәrq oldu: Zobel vә arvadı isә qızın yanında diz çöküb, ilk dәfә әsl sәmimiyyәtlәrini göstәrdilәr. Hәyatın mürәkkәbliyi! Dәhşәtlәri! Bu dünyada heç kimә sakitlik yoxdur – sakitlik yoxdur. Hәr şey dәlilik, әsl dәlilik vә peşmanlıqdır. Ancaq indi Zobel vә arvadı İdaya arxa olacaqlar – bәli, bәli.

Sonra mәtbuat işçilәri hücum çәkdilәr. Qәzetlәrdәn gəlmiş kişi vә qadın jurnalistlәr, illüstrasiya rәssamları, fotoqraflar. Qәzetlәrdә başlıqlar: «On yeddi yaşlı gözәl qız iyirmi bir yaşlı sevgilisinә atәş açır», «Etibarsız çıxmış oğlanın ürәyinә iki güllə», «Ana olmaq әrәfәsindәdir», «Oğlan ölümlә әlbәyaxadır», «Qız öz tәqsirini boynuna alır», «Tәfsilat hәlә mәlum deyil», «Hәr ikisinin valideynlәri ümidsiz vәziyyәtdә».

Səhәrisi axşamtәrәfi Hauptvencer qızı aldatdığını etiraf edәrәk ölәnә kimi qәzetlәr bu hadisәyә sütun-sütun materiallar hәsr etdilәr. İş qәtllә әlaqәdar olduğu üçün Baş Mәhkәmә dәrhal vәkilsiz işә başladı. Qızın yeniyetmәliyi vә mәsәlәnin hisslәrlә әlaqәsi olduğundan nazirlәrdәn, ictimai vәzifә daşıyan kişi vә qadınlardan, sıravi adamlardan qәzetlәrә mәktublar axışmağa başladı; onlar izah edirdilәr ki, səhv edәn qız ana olmağa hazırlaşır, özü dә, oğlanı başqa sәbәbdәn deyil, çox sevdiyindәn öldürmüşdür – ağıllı hәrәkәt etmәsә dә – ağır cәza verilmәsin – bağışlansın – vәkil tutmaq hüququ verilsin. Dünyada heç bir ölkәnin mәhkәmәsi onu günahlandırmaz. Qoy Amerika da әfv etsin. Hәqiqәtәn, onsuz da hәddindәn artıq әzab çәkmiş qıza hәr hansı mәhkәmә tәrәfindәn «әlavә cәza» vermәk «ağır olar». İctimai mövqeyi çox yaxşı mәlum olan İda Zobelә vәkildәn istifadә etmәklә elә şәrait yaratmaq lazımdır ki, bir evdә vә ya başqa rahat guşәdә hәyata vәsiqә alacaq günahsız mәxluqun qarşısında öz analıq borcunu yerinә yetirsin; yaxşı vәkil tәrәfindәn müdafiә olunarsa, qızı öz evinә buraxmaq olar – orada qız öz yükünü yerә qoyar vә bu, onun gәlәcәk taleyini hәll edәr.

₺61,72