Kitabı oku: «Ölmək asan deyil», sayfa 3
Belәliklә, böyük tәәccübünә baxmayaraq, nәhayәt İda bәraәt qazandı; onun vәkili, orta yaşlı, solğun bәnizli, mülayim sәsli, xoşsifәt qadın ilk gündәn hakimlәri inandırdı ki, İda hәr şeyi anlayır – qızın ürәyi sındırılıb – İda heç vaxt hәyәcan vә narahatlıq keçirmәmәlidir; hәmin qadın İdanı mərkəzi vilayәt hәbsxanasının cәngindәn qurtardı. Vәkilin zaminliyi ilә qıza şәhәrin sәfalı guşәlәrindәn birindә otaq verdilәr. Oradakı şәrait, ehtiyacı olan hәr şey, xidmәt, xidmәtçi vә qulluqçular, istәdiyi vaxt yemәyinin otağa gətirilmәsi, sakitlik vә rahatlıq… Bunların hamısına İda çox tәәccüb etdi. İstәdiyi vaxt öz valideynlәri ilә görüşә bilәrdi. Ancaq İda atasının vә analığının yanında özünü çox narahat hiss edirdi. Düzdür, onlar haçan gəlirdilәrsә gәlsinlәr, İda ilә çox mehriban danışır, qıza qayğı göstәrirdilәr. Onların söhbәti hadisә baş verәndәn sonrakı yeniliklәrdәn olurdu; böhranın sovuşduğundan, doğulacaq körpәdәn, sonra yenidәn işә başlayacaq mәhkәmәdәn söz salırdılar. Yeni salınmış mәhәllәdә tәzә mağaza açılacaq, Zobeli ora satıcılığa dәvәt edirlәr. Sonra… ondan sonra yәqin ki, rahatlıq olacaq, vәziyyәt yüngülləşәcәk. Ancaq, mәgәr atası danışanda İda onun çiyinlәrinә düşәn ağırlığı gözlәrindәn oxuya bilmirdi? Qız günaha batmışdı. O, adam öldürmüşdü. Sakit alış-verişlә çörәk pulu çıxaran, beş-üç adamın arasında hörmәti olan valideynlәrini, ictimai sәviyyәsi pis olmayan daha iki valideyni bәdbәxt etmişdi. Zobeli bu kökә salmağa ehtiyac var idimi? Onun vә ögey anasının davranışlarındakı çürüklüyü İda duysaydı hiss edәrdimi ki, ehtiyac var imiş?
İndi, onun sәhhәti bir qәdәr qaydasına düşdüyündәn, mәhәbbәtә olan birbaşa münasibәti sayәsindә yaranmış izahedilmәz vәziyyәti haqda düşünmәyә icazә verilirdi. Valideynlәrinin onun başına fırfıra kimi fırlanmaları vә özlәrini bu bәdbәxt hadisәdәn qabaqkı kimi aparmaları әn tәәccüblü fәrq idi. Onun vә balasının gәlәcәyi üçün nәzәrdә tutulan rahat ev diqqәtli vә hәrtәrәfli qayğı ilә әhatә olunsa da, bu, İdaya qorxulu vә dәhşәtli görünürdü. İda kimi mәrhәmәtli vә könlütox qızda yaranmış bu qәribә vә izahedilmәz münasibәtә sәbәb hәr şeyin onun tutduğu günah vә ayıb işin müqabilindә belә tәmtәraqlı edilmәsi idi.
Bir dә ki, onun üçün burada vә ya başqa bir yerdә rahatlıqmı olacaqdı? Oh, dәhşәtli hadisәnin davamı olan daha dәhşәtli mәşәqqәt! Onun Edvardının qısqırığı! Ölümü! Özü dә, İda onu dәlicәsinә sevәndә! Sevәrkәn! İndiki kimi! Edvard nә qәdәr inadcıl, qәddar, әzazil olsa da, İdanı birdәfәlik tәrk etmişdi. Ancaq indi, indi – Edvard birdәfәlik gedəndәn sonra – ölüb gedəndәn sonra, onun sözlәri İdanın qulaqlarında yenidәn sәslәnmәyә başladı; әvvәlcә Edvard qıza «bağlanmışdı», sonra İda onu «dәli etdi», ancaq sonra, öz valideynlәrinә vә İdanın valideynlәrinә görə Edvard qәrara aldı ki, onunla evlәnmәyәcәk. Bütün bunların müqabilindә İdanın qәlbindә yenә dә ona qarşı mәrhәmәt vardı. Edvard qәddarlıq etdi. Ancaq… məgər o ölmәyib? Özü dә, İdanın әliylә ölmәyib? Oh!.. İda öldürdü! Ah! Ah! Ah! Hadisәnin hәqiqәtәn baş verdiyini yәqin etmәk üçün İda kimdәnsә eşitdiyi qışqırığı tez-tez yada salırdı: «Oğlan al qanına boyanıb». Ah! Ah! Ah! Ancaq, alatoranda Edvardın qarşısını kәsәndә qızın qәlbindә bir anlığa qәzәb vә nifrәt hissi oyanmışdı. Oh!.. Edvard isә qışqırdı: «Oh, ilahi! Mәni vurdular!» (Onun Edvardının fәryadı!)
Belәliklә, yaxşı döşәnmiş otaqda, istәdiyi vaxt әmrinә müntәzir qulluqçu dayansa da, isti, sakit göz yaşları vә heç kimin görmәk vә eşitmәk arzusunda olmadığı dәrin, iniltili hönkürtülәr, fikirlәr, düşüncәlәr, tutqun, çılpaq xәyallar – ehtiyac hissi, cәngavәrlik atәşi gün boyu davam edirdi. Axı o qorxunc axşam İda öz hәyatına da asanlıqla son qoya bilәrdi. İndi isә mәhkәmәyә söz vermişdi ki, tәlәsik heç bir addım atmayacaq, hәyatına qәsd etmәyәcәk. Ancaq, bәs gәlәcәk? Gәlәcәk. O dәhşәtli axşamdan sonra İda nә görməyib. Edvardın ata-anası istintaqa cәlb olunublar. İlahi, onlar İdaya necә baxırdılar? Edvardın atasının әzab duyulan әzәlәli, tökmә alman sifәti. Çuxura düşmüş gözlәrinin altı tuluqlamış, bәstәboy, qara geyimli missis Hauptvencer. Elә hey sәssizcә ağlayan ana. Hәr ikisi and içirdi ki, Edvardın hәrәkәtlәri barәdә heç nә bilmirmişlәr, onun bu qıza olan marağından xәbәrlәri yox imiş. Edvard dikbaş, müstәqil, rahatlıq bilmәyәn oğlanmış. Onunla bacara bilmirmişlәr. Ancaq Edvard heç dә pis uşaq deyilmiş, dikbaş, yekәxana olsa da, işlәmәyi sevirmiş – onların yeganә balaları.
Ucsuz-bucaqsız yer üzünün bir guşәsindә indi yarpaqları tökülmüş piramida şәkilli bәzәk ağaclarının arasında qışın soyuğundan suyu donmuş bir fәvvarә var. Onun bürüncü dalğalarında yuyunan postamentinin üzәrindә dümdüz, xәyallar alәmindә, gənclik vә mәhәbbәtin ağuşunda bulunan, uzun qızılı saçlı alman gözәli dayanıb. Qızın ayaqları yanında, dizlәri üstә cәngavәr Lorel tipli, mülki paltarlı, әzәlәli, xurmayı saçlı alman sevgilisi – başı tez-tez qollarını belinә doladığı gözәlә tәrәf qalxan inadcıl, sirayәtedici baxışlı oğlan. Oğlanın xurmayı saçları üzәrindә qızın sağ әli, qızın ac, әsir düşmüş gözlәri. Ah, Edvard! Ah, mәhәbbәt! Bahar! İda daha buralara gәlmәmәlidir…
Güclü külәklәri vә qasırğaları ilә seçilәn dekabr axşamları bir-birini әvәz edir, qız tәzәdәn hәmin yerә baxmaq ehtiyacı duyurdu. Bәzәn yanvarın aylı gecәsindә belә İda bura gəlir, Kral Park gölünü xatırlayırdı. Orda-burda yırğalanan balaca qayıqlar. Onlardan birindә İda vә Edvard. İda uzanmış vә xәyala dalmış halda – bax indi, bax indi, indi o ağacın dibindәki qız kimi. Oğlan… oğlan qızın dizlәri yanında. Yәqin ki, oğlan qızı incidir. Edvard da bir vaxtlar belәcә laqeyd, qәddar hәrәkәtlәri ilә İdanı incidirdi. Ancaq o, vaxtilә İdanı sevirdi. Sevirdi, sevirdi… Bәdbәxt İda belә düşünәrәk ruhi sakitlik tapırdı.
Hәr şeyin başında isә öz qayğıları vә әzabları ilә uşaq dururdu. Sonra tәcili mәhkәmә çağırıldı vә İda bәraәt qazandı. Әdalәtli hökm! İda ictimaiyyәt tәrәfindәn alqışlandı, baş vermiş hadisәlәr sevgi macәrası vә mәhәbbәt dramı adlandırıldı. Yaxşı döşәnmiş otaqlarla vә qulluğunda duran dәstә ilә İda vidalaşdı, hәyәcanlı olsa da, problem qanuni yolla hәll edildi. İdanın atası kasıb deyildi, şәhәrin tәzә mәhәllәsindәki evinin vә tәzә dükanının sayәsindә bütün hәyatını yenidәn qurmaq barәdә düşünürdü. Uşaq oğlan idi. Bu, çox yaxşıydı; böyüyәndә özü özünә gün ağlayacaqdı. Onun İdaya ehtiyacı olmayacaqdı. Tәzә rəng mağazası başqa izdihamlı küçәyә, başqa kinoteatra yaxın idi. Başqa yerlәrdә olduğu kimi, tinlәrdә dayanmış oğlan vә qızlar görünürdü, onlar qol-qola gedirdilәr. – …İda әvvәlki kimi biş-düş edir, tikiş tikir, sil-süpürlә başını qatırdı. Missis Zobel ilә әvvәlki rәftarı yenә dә davam edirdi. İda onun hәyatına düyün salmamışdımı? Nәyә görə belә idi? Deyәsәn, әbәdi olaraq belәcә davam edәcәk. Qaşqabaqlı olmasına baxmayaraq, Zobel nәvәsinә qayğı ilә yanaşırdı. İlahi, necә dә mәnasız hәyat idi!
Ancaq Kral Parkındakı göl vә köhnә mәhәllә uzaqlarda idilәr. İdanın xәyalları tez-tez uçub oralara qonurdu. Keçәn yay İda necә dә xoşbәxt idi! Bu yay isə… Başqa yaylar da gәlәcәk – bәlkә bir qәdәr sonra – balaca Erik böyüyәndә – başqa bir oğlan da tapılacaq – heç nә ilә maraqlanmayıb, evlәnmәk tәklif edәn başqa birisi. Ancaq, yox-yox, elә yox! Heç vaxt! İda belә istәmirdi. Belә fikri qәbul edә bilmirdi, etmәyәcәkdi.
Nәhayәt, bir şәnbә axşamı o, Erikә bәzi şeylәr alacağının bәhanәsi ilә evdәn icazә alıb, şәhәrin mәrkəzinә, әslindә isә Kral Parkına üz tutdu. Orada yenә dә balaca qayıqlar, tanış cığırlar var idi – kolların vә ağacların dibindәki xәlvәt guşәlәrә aparan cığırlar. İda bunları necә dә yaxşı tanıyırdı! Burada, bax burada İda tәlatüm içindә, hәm dә utandığından yerә girә-girә buraxılmasını israr elәmişdi, demişdi ki, o, evә tәk dә gedә bilәr. İda hәlә dә hәmin halları keçirirdi.
Dünya belә şeylәri anlamır. O qәdәr başqa-başqa işlәrlә mәşğuldur ki dünya…
Toran çökdü, İda geri qayıtmalıydı. Onun oğlu! O, anasını itirәcәk. Xәfif külәk әsәrәk qәrb tәrәfdәn ilıq hava gətirdi. Sonra ulduzlar göründülәr. Bütün aləm şam yemәyinә oturdu. Park boşaldı. Burada su elə sakit, elә şәffaf idi ki! (Eh, dünya, dünya, o heç vaxt anlamayacaq, anlayacaq yәni?) Edvard harada olacaq? O, haradasa İdanı qarşılayacaqmı? Salamlaşacaqmı onunla? Əgər tәsadüfәn İda onunla görüşsә, hәr şeyi ona danışsa, görəsәn Edvard qızı bağışlardımı? (Dünya – mәşğul, sәrt, laqeyd, quru dünya nә qәdәr dә az bilir!)
İda dinmәz-söylәmәz kölgəlikdәn keçәrәk ötәn yay lәkələndiyi hәmin qayığın sahili döyәclәyәn burnuna sarı getdi. Yavaş-yavaş addımlayaraq suya girdi – su әvvәlcә dizinә, sonra qurşağına, sonra sinәsinә çatdı – mehriban-mehriban, sığal verә-verә – sonra dodaqlarına, daha yuxarı qalxdı; qız sakitcә, lakin inamla addım atıb, sәssiz-sәmirsiz suya qәrq oldu.
Dünya belә şeylәri başa düşmür. Hәyatın təkəri çox iti fırlanır. Çox gözәl, dәhşәtli hadisәlәr böyük qarışıqlıqda diqqәti cәlb etmәdәn, gözә dәymәdәn gәlib keçir.
Ancaq, qızın meyiti tapıldı. Onun hekayәti böyük, işıqlı başlıqlar altında qәzetlәrdә dәrc edildi («Edvard Hauptvencerin qatili İda Zobel özünü öldürmüşdür!») Vә sonra… vә sonra… unuduldu.
A. KONAN DOYL
TOR KÖRPÜSÜNÜN SİRRİ
«Koks vә korporeyşn» bankının zirzәmisindә hansı küncdәsә üstündә mәnim adım yazılmış köhnә çanta olmalıdır. Orada belә yazılıb: «Con H. Uotson. Hәkim, hind ordusunun keçmiş hәrbi xidmәtçisi». Çanta müәmmalı hadisәlәr haqda qeydlәrlә doludur; bunlar Şerlok Holmsun haçansa apardığı tәhqiqatlar barәsindә yazılardır. Çox maraqlı olan bәzi işlәr tam uğursuz qurtardı, heç o barәdә yazmağa dәymәz: üstü açılmamış cinayәt işi yalnız tәhqiqat sahәsinin әmәkdaşları üçün maraqlı ola bilәr, oxucuya isә heç bir xeyir vermәz. Bu cür xitam verilmәmiş işlәrdәn mister Ceyms Filimorun әhvalatını göstərmәk olar: çәtiri üçün evә qayıdan mister Filimor birdәfәlik yoxa çıxmışdı.
«Alisiya» katerinin tarixçәsi dә maraqlıdır. Bir axşam kater dumanlı zolağa daxil olmuş vә hәmişәlik itmişdi – nә kater, nә dә onun ekipajı haqda heç kim heç nә eşitmәmişdi.
Aysedor Persanonun әhvalatı da qәribәdir: mәşhur jurnalist vә duelçi Persano öz sözünün badına getmişdi – o, ağzından qaçırıbmış ki, hәmişә әlindә gəzdirdiyi kibrit qutusunun içindә elmә indiyәcәn mәlum olmayan bir maddә var…
Belә «qәribә işlәrdәn» әlavә, ailә mәsәlәlәrindәn elә hadisәlәr var ki, onlar çox gizli, intim münasibәtlәrә toxunur; elә әhvalatları qәlәmә almaq varlı-karlı ailәlәrdә dava-qalmaqala sәbәb olardı. Buna heç bir ehtiyac görmədiyindәn, yәqin ki, mәnim әziz dostum elә qeydlәrini cırıb tullayacaqdı.
Az-çox maraqlı olan bir qism hadisә barәdә әvvәllәr dә yazardım, ancaq oxucuları tәngә gətirmәmәk, yormamaq üçün bu fikrimdәn vaz keçmişdim.
Özüm dә bәzi hadisәlәrin açılmasında iştirak etdiyimdәn, onlar barәdә şahid kimi danışa bilәrәm. Aşağıdakı әhvalat belәlәrindәndir.
…Külәkli oktyabr günü idi. Geyinib, evimizin arxasındakı tәnha ağacdan külәyin qopartdığı son yarpaqların havada oynaşa-oynaşa uçmasına tamaşa edirdim. Sәhәr yemәyi üçün aşağı enәndә düşünürdüm ki, dostumu dilxor görəcәyәm; pis hava onun әhvalına tәsir edirdi. Әksinә, dostum çox yaxşı әhvalla sәhәr yemәyini başa vururdu.
– Әlinә işmi düşüb, Holms? – xәbәr aldım.
– Gördüyündәn düzgün nәticә çıxarmağın tәqdirә layiqdir, Uotson, – o cavab verdi. – Sirrimi başa düşdün. Hә, әlimә bir iş düşüb. Bir aylıq xırda-xuruş hadisәlәrdәn sonra fәlәyin çәrxi tәzәdәn dönüb.
– Bu işdә mәn dә iştirak edә bilәrәmmi?
– Hәlәlik yox. Tәzә aşpazımızın bişirdiyi iki yumurtanı ötür getsin, sonra birlikdә götür-qoy edәrik. Yumurtanı necә bişirmәk mәsәlәsi «Ailә qәzeti»ndә geniş izah edilib; dünәn özüm oxumuşam. Yumurta qaynatmaq kimi adi mәsәlәyә dә böyük don geyindirib qәzetә yazırlar. Mәtbuatda çıxan maraqlı romanlardan sonra belә boş şeylәri oxumağa dәyәrmi?
On beş dәqiqәdәn sonra süfrәni yığışdırdılar vә biz tәk qaldıq. Holms cibindәn bir mәktub çıxartdı.
– Qızıl kralı Neyl Gibson barәdә eşitmisәnmi?
– Amerika senatorunu deyirsәn?
– Hә, onu. Haçansa qәrb ştatlarından birinin senatoru olub, ancaq bütün dünyada qızıl sәnayeçisi kimi tanınıb.
– Bilirәm. Bir müddәt İngiltәrәdә dә yaşayıb, adı çox mәşhurdur.
– Ay sağ ol. Beş il qabaq Hempşirdә yaxşı torpaq sahәsi dә alıb, bax, o. Yәqin ki, onun arvadının müәmmalı ölümü barәdә eşitmisәn.
– Әlbәttә. Yadıma düşdü ki, onun adı niyә mәnә tanışdır. Düzü, hadisәnin tәfәrrüatını bilmirәm.
Holms stolun üstündәki kağızı göstərdi:
– Ekstrakt alınması barәdә kimyәvi tәcrübәlәrim hәlә qurtarmayıb, bu iş dә bu yandan; ilk nәzәrdәn qeyri-adi görünür, ancaq mәncә, düyünü açmaq çәtin olmaz. Sübutlar göz qabağındadır – ekspertlәrin dә, polisin dә fikri qәtidir. İndi iş Vinçesterdәki sәyyar mәhkәmәnin әlindәdir, deyәsәn, әdalәtsiz aparılır. Bәzi faktlar tapa bilәrәm, ancaq ittihamı dәyişmәyә gücüm çatmaz. Əgər әlimizә yeni faktlar keçmәsә, heç bilmirәm ki, mәnim qonağım nәyә ümid bәslәyә bilәr.
– Sәnin qonağın?
– Ah, sәnә danışmağı unutmuşam, Uotson. Deyәsәn, sәnin hadisәlәri axırdan danışmağa başlamaq adәtin mәnә dә keçib. Yaxşısı budur, әvvәlcә bunu oxu.
Mәktubu mәnә verdi. Tәmiz vә aydın xәtlә yazılmışdı:
«Kleric» mehmanxanası, 3 oktyabr.
Hörmәtli mister Şerlok Holms.
Dünyada әn gözәl bir qadının ölümә getmәsinin şahidi olmaq mәnim üçün çox çәtindir. Әlimdәn gәlәn hәr şeyi edәrәm, tәki o, xilas olsun. Heç bir sübutum yoxdur, ancaq qәti әminәm ki, miss Rәnber günahkar deyil. Faktlar Sizә mәlumdur – onlar kimә mәlum deyil ki? Bütün İngiltərə yalnız bu barәdә danışır. Әdalәtsizliyә baxın ki, bir nәfәr dә onu müdafiә etmir. Bu qadın heç qarışqaya da qıymaz.
Bir sözlә, sabah saat on birdә Sizin yanınıza gəlәcәyәm. Görək bu dolaşıq mәsәlәdәn bir şey aydınlaşdıra bilәcәksinizmi? Hәr halda, әlimdә nә varsa, hamısını Sizә verә bilәrәm, tәkcә onu xilas edin, Yalvarıram Sizә, bütün güc vә bacarığınızı sәrf edin.
Böyük hörmәtlə: C. Neyl Gibson,
– Hә, bax, – deyә Şerlok Holms sәhәr yemәyindən sonra çәkdiyi çubuğun külünü boşaldıb, tәlәsmәdən tütünlә doldurmağa başladı, – indi mәhz bu centlmeni gözlәyirәm. Vaxt az olduğu üçün, bir-iki kәlmәylә sәni mәsәlәdәn agah edim. Bu adam kalan pulu olan kapitalistdir. Mәncә, hәdsiz dәrәcәdә qeyzli vә kinlidir, Ölәn qadın onun arvadıydı – mәrhumә haqqında heç nə bilmirәm, tәkcә bu mәlumdur ki, onun gəncliyi çoxdan keçmişdi. Mәsәlә bir dә orada qәlizlәşir ki, onlar iki uşağının tәhsil vә tәrbiyәsini çox gənc vә gözəl bir qıza hәvalә ediblәr. Bax, qәdim ingilis torpağındakı müәmmalı hadisәnin iştirakçıları bu üç nәfәrdir.
– İndi dә faciә barәdә. Meyit evdәn tәqribәn yarım mil aralı olan parkda tapılıb. Öldürülmüş qadın şam yemәyi üçün geyinib, çiyninә şal örtübmüş. Yaxın mәsafәdәn tapançadan atılan güllə onun başını deşәrәk keçib. Meyitin yanında heç bir silah vә iz yoxdur. Fikir ver, Uotson, heç bir silah. Güman ki, cinayәt axşamtәrәfi törәdilib, meyiti isә bağban saat on bir radәlәrindә görüb. Hәkim vә polis ölünü müayinə etmiş, sonra meyit evә gətirilmişdir… Mәn qısa danışdım, ya hәr şey sәnә aydındır?
– Tamamilә aydındır. Bәs tәrbiyәçi qızdan niyә şübhәlәnirlәr?
– Çünki bir-iki sübut var: bir gülləsi atılmış tapança tәrbiyәçinin paltar şkafından tapılıb. Atılmış güllənin kalibri hәmin tapançaya uyğun gәlir.
Holms nәzәrlәrini bir nöqtәyә zillәyib tәkrar etdi:
– Pal-tar… şkafının… di-bin-dәn… – Sonra dostum fikrә qәrq oldu, başa düşdüm ki, ona mane olmaq yaramaz.
Birdәn o, yenә hәrәkәtә gəldi:
– Hә, Uotson, tapançanın tapılmağı karlı sübutdur, hә? Ekspert vә polis belә düşünür. Bir dә, ölmüş qadının ovcundan axşam hәmin yerdә görüşmәyә çağıran mәktub tapılıb; mәktubu da tәrbiyәçi qız yazıb. Bәs necә? Qәtlin motivlәri dә aydındır, senator Gibson varlı-karlı adamdır, əgər arvadı ölsә, senatorun çoxdan xoşuna gələn gənc xanımdan savay onun yerini kim tutardı? Mәhәbbәt, pul, hakimiyyәt yolunda isә Gibsonun gəncliyi keçmiş arvadı dururdu. İşlәr pisdir, Uotson, çox pisdir.
– Hә, dostum, elәdir.
– Tәrbiyәçi qız etiraz üçün söz dә tapa bilmir. Әksinә, deyir ki, tәqribәn qәtl vaxtı o, mәhz Tor körpüsünün yanında olub. Faciә isә körpü üstündә baş verib. Bu faktı tәkzib etmәk olmaz, çünki oradan keçәn bir neçә kәndli tәrbiyәçini körpü yanında görüb.
– Hә, mәsәlә aydındır.
– Ancaq, Uotson, gәl, nәticә çıxarmağa tәlәsmәyәk. Baxaq görək, nә var, nә yox. Haqqında danışılan körpü daşdan tikilib, hәr iki yanı mәhәccәrlidir. Körpü dәrin gölün әn dar yerindә qurulub. Qadın körpünün başlanğıcında uzanıb qalmışdı. Faktlar belәdir… Ancaq… bu nәdir? Sәhv etmirәmsә, bizim qonaq dediyi vaxtdan çox qabaq gәlib.
Holmsın xidmәtçisi Uilli qapıda göründü, ancaq onun dediyi ad ikimizә dә namәlumdu:
– Mister Merlou Beyts.
Qәribә hәrәkәtli çәlimsiz bir vücud qarşımızda dayandı. Peşәkar hәkim olduğumdan, mәnә elә gəldi ki, bu adamın әsәb sistemi tamam korlanıb.
– Siz, deyәsәn, azmısınız, mister Beyts, – Holms dedi. – Rica edirәm, әylәşin. Sizә sәrf etmәyә vaxtım çox azdır; saat on birdә başqası ilә görüşmәliyәm.
– Mәn bu barәdә bilirәm. – Tәzә gələn kәsik-kәsik dillәndi, elә bil danışmaq üçün nәfәsi çatmırdı. – Bura mәnim sahibkarım Gibson gәlәsidir. Mәn onun dәftәrxana işlәrinә baxıram. Holms, agah olun: o alçaqdır, alçağın lap yekәsidir.
– Yaman dediniz, mister Beyts.
– Vaxtım az olduğu üçün belә danışmalı oldum. İstәmirәm ki, burada onun gözünә görünüm. O, indilәrdә gәlib çıxar. Bir әngәl ortaya çıxmışdı, vaxt tapıb tez gәlә bilmәdim: onun katibi mister Ferqyuson mәnә bu sәhәr dedi ki, Gibson sizinlә görüşәcәk.
– Demәli, siz onun dәftәrxana işlәrinә baxırsınız?
– Mәn işdәn çıxmağım barәdә әrizә vermişәm. Bir-iki hәftәyә zәhlәtökәn işimdәn yaxamı qurtaracağam. Gibson yaman tündmәcaz adamdır. Bәzi xeyirxah әmәllәri pәrdә kimi onun eyiblәrini örtür. Zavallı arvadı onun özünün qurbanı oldu. Gibson onunla kobud davranırdı, bәli, bәli, kobud. Qadının necә hәlak olduğunu bilmirәm, ancaq әminәm ki, әri onun hәyatını әsl mәşәqqәtә çevirmişdi. Qadın әslәn cәnublu idi, yәqin ki, bilirsiniz, braziliyalı idi.
– Yox, bunu bilmirdim.
– Cәnubda anadan olmuşdu, tәbiәti dә cәnublu tәbiәti idi. Günәş vә ehtiras övladları. O, Gibsonu sevirdi, bütün varlığı ilә sevirdi. Ancaq әvvәlki gözәlliyi solub keçәndә daha әrini heç nә ona bağlaya bilmir. O qadından hamımızın xoşu gəlirdi, onu başa düşürdük; әrindәn isә qәddarlığına görә zәhlәmiz gedir. Ancaq Gibson bicin biridir, özünә inam yarada bilir. Mәnim demәk istәdiyim bunlar idi. Xarici görkәminә baxıb, onun haqqında özünüzdә rәy yaratmayın, görün batinindә nәlәr gizlәnir. Hә, mәn gedim. Yox, yox, mәni ləngitmәyin, o, indicә gəlib çıxacaq.
Qәribә qonağımız qorxu içindә saatına baxıb az qala qaçaraq otaqdan çıxdı.
– Belә, belә, – bir anlıq sükutdan sonra Holmsun sәsi eşidildi. – Deyәsәn, mister Gibsonun yaxşı «sadiq» xidmәtçilәri var. Yaxşı ki, Beyts bizi xәbәrdar etdi; indi sahibkarın özünü gözlәyәk.
Düz şәrtlәnmiş vaxt pillәlәrdә ağır addım sәslәri eşidildi vә mәşhur milyonçu içәri girdi. Ona baxan kimi anladım ki, nә üçün dәftәrxana mәmurunun sahibkarı görən gözü yoxmuş; biznesdәki çәkişmәlәr onun sifәtinә müdhiş zәhm ifadәsi çәkmişdi. Əgər heykәltəraş olsaydım vә möhkәm әsәbli, vicdansız biznesmen çöhrәsi yaratmaq istәsәydim, natura üçün mütlәq mister Neyl Gibsonun sifәtini seçәrdim. Hündür, arıq, elә bil daşdan tökülmüş bәdәni yırtıcılıq ifadә edirdi; lap Avraam Linkolna1 bәnzәyirdi, ancaq öz gücünü-qüvvәsini alçaq mәqsәdlәrә sәrf edirdi – bu adam haqqında yalnız bunları demәk olardı.
Gibson qalın qaşları altında işıldayan boz, soyuq gözlәri ilә hәr ikimizi başdan-ayağa süzdü. Holms mәni tәqdim edәndә o, laqeydcәsinә baş әyib, evindәymiş kimi, stulunu irәli sürüyәrәk Holmsla üzbәüz oturdu; onun arıq dizlәri az qala dostumun ayaqlarına toxunurdu.
– İcazә verin, bәri başdan deyim ki, Holms, – o, sözә başladı, – bu işdә pul mәnim üçün heç bir rol oynamır. İşin xatiri üçün siz pulları cıra da bilәrsiniz. Qız günahsızdır vә әfv edilmәlidir, onu isә siz sübut etmәlisiniz. Nә qәdәr pul lazımdırsa, deyin.
– Mәnim alacağım haqq dәqiq müәyyәnlәşib, – Holms soyuq tәrzdә cavab verdi. – Onu dәyişmirәm, hәrdәnbir isә yerli-dibli pul almıram.
– Yaxşı, madam ki, dollar sizin üçün rol oynamır, onda nüfuzunuz haqqında düşünün. Bu işi udsanız, İngiltәrә vә Amerikanın bütün qәzetlәri sizin adınızın әtrafında hay-küy qaldırar, hәr iki qitәdә sizin barәnizdә danışmağa başlarlar.
– Tәşәkkür edirәm, mister Gibson. Mәsәlә burasındadır ki, belә şeylәrә qәti ehtiyacım yoxdur. Olsun ki, tәәccüblәnәcәksiniz, ancaq mәn hay-küysüz işlәmәyi xoşlayıram, mәni yalnız problemlәr maraqlandırır. Deyәsәn, vaxtı itiririk, işә keçәk.
– Mәncә, mәtbuatın verdiyi xәbәrlәrdәn әsas detallar sizә mәlumdur. Heç bilmirәm, sizә kömәk edәsi bir şey әlavә edә bilәcәyәmmi? Ancaq bәzi cәhәtlәri dәqiqlәşdirmәk istәyirsinizsә, buyura bilәrsiniz.
– Yaxşı, mәni tәkcә bir cәhәt maraqlandırır.
– Mәhz hansı?
– Sizinlә miss Dәnber arasında münasibәt әslindә necәdir?
Qızıl kralı әsәbi halda stulunda qurcalandı. Az sonra sakitliyi vә tәmkini geri qayıtdı.
– Mәncә, belә suallar vermәyә sizin hüququnuz, ya da sәlahiyyәtiniz var, Holms.
– Tutaq ki.
– Onda, sizi әmin edirәm ki, bizim münasibәtimiz sahibkarla gənc ledi arasındakı ümumi münasibәtlәrdәn qəti fәrqlәnmirdi; mәn onu yalnız uşaqlarımla birgə görürdüm.
Holms ayağa qalxdı:
– Mәnim işim çoxdur, mister Gibson, – dedi. – Boş söhbәtlәr etmәyә nә vaxtım var, nә dә hәvәsim. Xudahafiz.
Qonağımız da qalxdı; o, yuxarıdan aşağı Holmsa baxdı, gözlәrindә nifrәt qığılcımı parladı, solğun yanaqlarına xәfif qızartı çökdü:
– Lәnәt şeytana, bununla nә demәk istәyirsiniz, Holms? Mәnim xahişimi rәdd edirsiniz?
– Bәli, mister Gibson, rәdd edirәm. Deyәsәn, mәn hәr şeyi aydın dedim.
– Tamamilә aydın. Ancaq, bu nә demәkdir? Qiymətinizi artırmaqmı istәyirsiniz? Ya bu işdәn yapışmağa qorxursunuz? Bәlkә ayrı şey var? Mәnim izahat tәlәb etmәyә haqqım var, ya yox?
– İzah edәrәm. Hәr şeydәn әvvәl onu deyim ki, onsuz da bu iş çox düyünə düşüb, әlavә yalan xәbәrlәrә ehtiyac yoxdur.
– Yәni mәn yalan deyirәm?
– Mәn mәdәni tәrzdә demәk istәdim, indi ki, özünüz sual verirsiniz, etiraz etmirәm – bәli, yalan deyirsiniz.
Sifәtinin әzәlәlәri oynaşan qonağımız düyümlənmiş yumruğunu qaldıranda mәn ayağa sıçradım. Holms xәfifcә gülümsünәrәk әlini çubuğu üçün uzatdı:
– Hay-küy salmayın, mister Gibson, başa düşürәm, sәhәr yemәyindәn sonra adam adi şeylәrdәn ötrü özündən çıxır. Mәncә, bir az gəzib, tәmiz havada fikirlәşmək sizin üçün xeyirli olar.
Qızıl kralı öz qәzәbini zorla boğurdu. Mәn tәәccüblәnmәyә bilmәdim: tamamilә sakit olan bir adamın gözlәrindә bir anlığa nifrәt alovu yandı, sonra isə onun sifәtini yenә dә laqeydlik örtdü.
– Bu sizin öz işinizdir. İstәmәdiyiniz halda sizi tәhqiqat aparmağa mәcbur edә bilmәrәm. Ancaq, yadınızda saxlayın, mister Holms, mәn çox adamları diz üstә çökdürmüşәm, siz indi sәhv etdiniz. Bu sizә baha oturacaq. Mәnim yolum üstә dayananların heç biri salamat qurtarmayıb.
– Çoxları belә sözlәri mәnә dәfәlәrlә deyib, ancaq gördüyünüz kimi mәn sağ-salamatam, sizә dә salamatlıq arzulayıram. Xudahafiz, mister Gibson. Siz hәlә çox şeyi öyrәnmәlisiniz.
Qonağımız deyinә-deyinә bayıra çıxdı. Holms nәzәrlәrini tavana zillәyәrәk sakitcә çubuğunu tüstütülәdirdi.
– Nә fikirlәşirsәn, Uotson?
– Bu adamın qarşısındakı hәr cür maneәni dәf etmәyә qadir olduğunu vә öz arvadının belә maneә ola bilәcәyini düşünәndә, hәm dә Beytsin dediklәrini yada salanda, mәnә elә gəldi ki…
– Düzdür. Mәn dә elә düşünürәm.
– Onunla tәrbiyәçi qız arasında nә var ki? Sәn bu barәdә niyә soruşdun?
– Heç nә, Uotson, heç nә. Mәn bu adamın mәktubundakı sәmimi mәzmuna, sonra isә özünün daxili vә xarici alәminә baxarkәn anladım ki, bunu tәrbiyәçi qıza daha dәrin hisslәr bağlayır; әsl hәqiqәti aşkara çıxarmaq üçün bizә bu üç adamın münasibәtlәrini aydınlaşdırmaq lazımdır. Gördün, ona necә birbaşa hücuma keçdim, heç halına da tәfavüt etmәdi. Sonra onu qorxutmağa başladım, özümü elә göstərdim ki, guya hәr şeyi bilirәm, әslindә isә әlimdә bir-iki gümanım var, vəssalam.
– Demәli, o qayıdacaq?
– Mütlәq. O qayıtmalıdır. O, işi belә qoya bilmәz. Aha, qapının zəngi çalınır. Bәli, bu onun addım sәslәridir… Belә, mister Gibson, mәn indicә doktor Uotsona deyirdim ki, siz bir qәdәr ləngiyirsiniz.
Bu dәfә qızıl kralı lap sakitdi. Baxışlarında hәlә dә quru tәkәbbür vardı, ancaq diqqәtlә baxılsaydı başa düşülәrdi ki, istәdiyinә çatmaq üçün istәnilәn güzəştә getmәyә hazırdır.
– Mister Holms, deyәsәn, sizin suallar mәni diksindirdi, bir az özümdәn çıxdım. Necәliyindәn asılı olmayaraq, faktları aşkara çıxarmağa sizin hüququnuz var; sizә haqq qazandırıram. Ancaq sizi inandırıram ki, mənimlә miss Dәnber arasındakı münasibәtin bu mәsәlәyә heç bir dәxli yoxdur.
– Bu mәnim işimdir. Dәxli var, ya yoxdur, qoy mәn hәll edim, yaxşı?
– Hә, başa düşürәm. Siz diaqnoz qoyan hәkim kimi bütün simptomları bilmәlisiniz.
– Bax belә. Bu bәnzәyiş düz gəlir. Əgər xәstә öz simptomlarını gizlәdirsә, demәli, hәkimi aldatmış olur.
– Elәdir, ancaq boynunuza alın ki, mister Holms, o qızla әlaqәni birbaşa soruşanda mәnim yerimә kim olsaydı qorxardı. Mәncә, insanların ürәyinin hansı küncündәsә çox gizli, pünhan guşә var, ora çağırılmamış qonaqlar buraxılmır. Siz isә birbaşa ora cumdunuz. Ancaq mәqsәd sizә haqq qazandırır; qızı xilas etmәk lazımdır… Belә… İndi mәn hәr şeyә cavab vermәyә hazıram, soruşa bilәrsiniz, Sizi әsasәn nә maraqlandırır?
– Әsl hәqiqәt.
Qızıl kralı fikrini cәmlәşdirirmiş kimi sükuta daldı. Dәrin qırışlarla dolu sifәti daha da tutuldu.
– Әsl hәqiqәti bir-iki kәlmәylә deyә bilәrәm, mister Holms, – nәhayәt o dillәndi. – Elә şeylәr var ki, onun haqqında düşünmәk dә ağırdır, danışmaq da. Odur ki, mәn mәsәlәni lazım olduğundan da çox xırdalamaq istәyirәm… Arvadıma Braziliyada qızıl axtararkәn rast gəldim. Mariya Pinta, Manaus limanında böyük hökumәt çinovnikinin qızı idi. Çox gözәldi. O vaxtlar mәn gənc vә dәlisovdum, ancaq indi dә o günlərimә tәnqidi yanaşanda anlayıram ki, Mariya hәddindәn artıq gözәl bir qızdı. Cәnublular kimi çılğın, ehtiraslı, qılıqlı idi. Tanıdığım bütün amerikalılardan kәskin fәrqlәnirdi. Bir sözlә, mәn ona vuruldum vә biz evlәndik. Ancaq bir müddәt sonra başa düşdüm ki, aramızda ümumi olan heç nә yoxdur, heç nә. Mәnim mәhәbbәtim söndü. Əgər onunku da sönsәydi, dәrd yarıydı, hәr ikimizә asan olardı. Ancaq siz ki, qadınları tanıyırsınız: onları nә qәdәr kәnara itәlәyirsәn, itәlә, bir şey çıxmır. Onunla kobud, ya da bәzilәrinin dediyi kimi, qәddar rәftar edirdim. Bilirdim ki, onun mәhәbbәtini nifrәtә çevirsәm, hәr ikimiz üçün yaxşı olar,
– Ancaq heç nә kömәk etmәdi; o, iyirmi il qabaqkı kimi yenә dә mәni sevirdi. Nә edirdimsә dәxli yoxdu, o, yenә dә mәnә sadiqdi… Sonra miss Dәnber gəldi. Uşaqlarımızın tәrbiyәsi ilә mәşğul olmağa başladı. Yәqin ki, qәzetlәrdә onun portretlәrini görmüsünüz, bilirsiniz ki, o, gözәllәr gözәlidir. Boynuma alıram ki, elә qızla bir binada yaşayıb, hәr gün onunla görüşәndәn sonra atәşin hisslәrimi saxlaya bilmәdim. Bunda mәni günahlandırmırsınız ki?
– Hisslәrinizә görə sizi günahlandırmıram, ancaq miss Dәnberә münasibәtdә hakimiyyәtinizdәn sui-istifadә etsәydiniz, günahınız böyük olardı. Axı, bu qız tamamilә sizin әliniz altındaydı, sizә pәnah gətirmişdi.
– Yaxşı, qoy belә olsun, – tәnә ona tәsir etmişdi; baxışlarında hiddәt vardı. – Mәn olduğumdan yaxşı nәzәrә çarpmaq istәmirәm. Hәyatım boyu mәnә lazım olan hәr şeyә sahib olmuşam. Ancaq heç vaxt indiki kimi qadına vurulmamışam. Bu barәdә mәn ona dedim.
– Necә dediniz? – Holms hirslәnәndә baxışları qorxulu olurdu.
– Miss Dәnberә dedim ki, əgər istәsә, onunla evlәnәrdim. Ancaq çәtin problem idi. Mәn dedim ki, çәkәcәyim xәrcә baxmayaraq, hәr şeyi edәrәm, tәki o, xoşbәxt olsun, hәyatından razı qalsın.
– Sizin tәrәfinizdәn böyük lütfkarlıqdır, – Holms söz atdı.
– Qulaq asın, mister Holms, mәn bura ifadә vermәyә gəlmişәm, mәslәhәt dinlәmәyә yox. Sizin tәnqidinizә ehtiyacım yoxdur.
– Yalnız o qızın xatirinә bu işә girişirәm, – Holms soyuq tәrzdә dillәndi. – Mәncә, indi onun boynuna qoyulan qatillik sizin danışdığınız bu mәsәlәdәn yüngüldür; siz evinizә sığınmış kömәksiz bir qızı rüsvay elәmәk istәmisiniz. Siz varlılardan bәzilәrinin qulağına qışqırmaq lazımdır ki, dünyada elә şeylәr var ki, onları pulla almaq olmaz.
Qızıl kralının ittihamı sakit qarşılaması tәәccübümә sәbәb oldu.
– Bәli, indi başa düşürәm. Şükür allaha ki, istәyim baş tutmadı. Qız heç cür razı olmazdı; o, çıxıb getmək istәyirdi.
– Bәs niyә getmәdi?
– Әvvәla, onun valideynlәri ehtiyac içindә yaşayırlar, qız isә az-çox onlara kömәk әli uzadırdı. Mәn and içәndәn sonra ki… bәli, bәli, and içәndәn sonra ki, bir daha ona yaxın düşmәyәcәyәm, qalmağa razılıq verdi. O, mәsәlәnin başqa cәhәtini dә düşünürdü; bilirdi ki, mәnә başqalarından çox tәsir göstərә bilәr. Bu tәsirdәn xeyirxahlıq mәqsәdilә istifadә etmәk istәyirdi.
– Nә cür?
– Hm, işimin bir-iki cәhәtinә bәlәdçiliyi vardı. Bunlar böyük işlәrdir, elә nәhәng işlәrdir ki, adi adamlara qeyri-adi görünә bilәr. Mәn yarada vә dağıda bilәrәm, adәtәn dağıdıram. Bu, tәkcә adamlara aid deyil, yollara, şәhәrlәrә, hәtta xalqlara da aiddir. Biznes dәhşәtli oyundur. Burada kim zәifdirsә hәlak olur, mәhv olur. Necә qurtaracağından asılı olmayaraq, mәn mübarizә aparıram. Heç vaxt mәğlub olmamışam, mәğlubları isә vecimә dә almamışam. O qız isә bütün bunlara başqa gözlә baxırdı vә mәncә, o haqlıdır. O әmindir ki, birisinin hәddәn artıq varlı olması, on minlәrlә başqalarının isә yaşamağa ruzi tapmaması әdalәtdәn deyil. Bax, o qız mәsәlәlәrә bu nöqtәdәn yanaşırdı vә mәncә, hәyatda dollardan da vacib şeylәr görürdü. O anladı ki, mәn ona qulaq asıram, inandı ki, mәnim hәrәkәtlәrimә nüfuz etmәklә cәmiyyәtә xeyri dәyir. Hәr şey öz qaydasıyla gedirdi, birdәn bu hadisә ortalığa düşdü.
– Hadisәnin özü barәdә bir şey әlavә etmәk istәmirsiniz ki? – Holms soruşdu.
Qızıl kralı başını әllәri arasına alıb dәrin fikrә getdi.
– Hә, qızın vәziyyәti ümidsizdir. Ancaq qadınların nә isә öz alәmlәri var vә bәzәn kişilәr o alәmlәrdәn xәbәrsiz olurlar… Xәbәri qәflәtәn eşidib qorxdum, düşündüm ki, yәqin onu hansı yollasa özündәn çıxarıblar (halbuki özü çox sәbrli vә tәmkinli idi). Ağlıma bircә izah gəlirdi – istәyirsiniz inanın, istәmirsiniz yox. Arvadımın mәşәqqәtli qısqanclıq alovunda yanması yәqindir. Daxili qısqanclıq daha qorxulu olur, o da «fiziki qısqanclıq» kimi kor olur. İnanmıram ki, bu ikinci hal arvadımda olaydı, ancaq o, başa düşürdü ki, özünün heç vaxt nail olmadığı dәrәcәdә bu gənc ingilis qızı mәnim şüuruma vә hәrәkәtlәrimә tәsir edib. Bu tәsirin әsas mәqsәdi xeyirxahlıq olsa da, arvadımın qәzәbi sönmürdü. O, nifrətindәn dәli olmaq dәrәcәsinә gəlmişdi. Bәlkә o, miss Dәnberi öldürmәk, ya da tapança ilә qorxutmaq istәyib ki, qız bizim evi tәrk etsin. Onlar dalaşa, tapança isә açılıb onu tutan qadının özünü öldürә bilәrdi.
Ücretsiz ön izlemeyi tamamladınız.