Kitabı oku: «Təmsillər», sayfa 3
Yazı tipi:
EŞŞƏK
Yupiter dünyaya rövnəq verərkən,
Hər çeşid məxluqu o xəlq edərkən,
Eşşək də dünyaya gəldi o zaman,
Yaradan ya işin ağırlığından,
Ya da ki, heç diqqət yetirməyərək
Bir dələ boyunda yaratdı Eşşək,
Hamıdan qüruru, kibri çox ikən,
Eşşəyə olmadı etina edən.
İstədi hamıya böyüklük satsın,
O boyla necə bu rütbəyə çatsın?
Odur ki, utanıb kiçik boyundan,
Qaçırdı, görməsin onu bir heyvan.
İnadla Tanrıdan yapışdı Eşşək,
Özünə boy, görkəm tələb edərək,
Dedi: – Dözmək olmaz, eylə mərhəmət.
Aslana, qaplana verdin əzəmət.
Hamıya hər yerdə şərəf, hörmət var,
Hər zaman dillərdə söylənir onlar.
Bizlərə etmədin neçin mərhəmət?!
Vermədin boy-buxun, şan-şərəf, hörmət.
Olsaydım barı, bir dana boyda mən,
Qapardım qüruru aslandan, fildən.
Bu dünya eşşəkdən söylərdi, ancaq!
İnadla Tanrıdan bərk yapışaraq
O qədər dil tökdü, ağlaya, gülə.
Nəhayət, duası keçdi qəbulə,
Eşşək də oldu bir görkəmli heyvan,
Həm də güclü bir səs verdi yaradan.
Bu vəhşi səsilə o canlı qaya,
Dağları, ormanı saldı qorxuya.
– Bu hansı heyvandır titrəyir dağlar,
Yəqin, kəskin dişi, çox buynuzu var.
Heybətli səsilə vermədə dəhşət!
Hər yerdə eşşəkdən oldu söz-söhbət.
Nə oldu: bir il də keçmədi bundan.
Bildilər, kimdir bu anqıran heyvan.
Öz axmaqlığıyla məsəl oldu bu,
Eşşək də daşıyır indi odun, su.
YOLÇULAR VƏ İTLƏR
Bir axşam iki yoldaş
Yol ötərkən… Alabaş
Heyətdən çıxıb hürdü,
Üç-dörd it də yüyürdü.
Bu yandan gəldi… Birdən
Əlliyəcən evlərdən
Köpək çıxdı, hürüşdü
Böyük bir səs-küy düşdü.
Qeyzə gəlib bir yoldaş
Götürmək istədi daş.
O biri dedi: – Dayan!
Heç bir şey çıxmaz bundan.
İtdə belə xasiyyət var –
Baş qoşduqca şırmanar,
İti susdurmaq olmaz.
Qabağa getsək bir az
Susacaq bu köpəklər.
Doğrudan da bir qədər
Yol getməmiş igidlər,
Səsini kəsdi itlər.
Bax belədir paxıllar
Kimi görsə tez hürər.
Lakin eldə məsəl var,
İt hürər, karvan keçər.
QURBAĞA VƏ ÖKÜZ
Çöldə bir Öküzü gördü Qurbağa,
Çalışdı onuntək şişman olmağa,
Paxıllıq ucundan bu axmaq heyvan,
Hıqqandı, gücəndi bir an durmadan.
Dostundan soruşdu: – Şişdimmi elə?
– Ona çatmağına çox qalıb hələ!
–Üflədim özümü, indi necə? Bax,
Onun tək şişmişəm?
– Hələ çox uzaq.
– Bax, indi necəyəm?
– Osan ki, varsan,
Azacıq olsa da şişmədin, inan!
Hıqqandı, gücəndi gücü gəldikcə,
Bu işi Qurbağa bax bitirdi necə:
Öküzlə bərabər olmaq istərkən
Dərisi partladı bərk gücənməkdən.
YALANÇI
Uzaq səyahətindən qayıdaraq, kefi saz,
Hansı mülkədarsa (elə bəlkə də knyaz),
Dostu ilə çıxmışdı çöldə başmaq seyrinə,
Öyünüb lovğa-lovğa,
Olduğu yerlər haqda
Yalanlar uydurur o, doğru söz yerinə.
“Yox, – deyirdi, – bir daha
Gördüyümü görmərəm,
Başqa idi o aləm!
Sizin bu diyar nədir? –
Gah isti, gah da soyuq, başa min oyun açır,
Günəş bəzən gizlənir, bəzən gur işıq saçır.
Ora əsl cənnətdir!
Ürəyi fərəhlənir, xatırladıqca adam!
Nə kürk lazımdı, nə şam:
Ömrün boyu bilmirsən
Axşam qaranlığı sən,
İl boyu elə təkcə may günləri görürsən!
Bir kəs nə ağac əkir, nə dən səpir, hələ bir
Görəsən oralarda nə bitir, nə yetişir!
Məsələn, Romada mən xiyar gördüm, ay aman
Nəydi, məni yaradan!
Eh, onu kim unudar!
İnanırsan? Dağ boyda, bəli, dağ boyda xiyar”.
“Nə əcaib şeymiş ki! – söylədi dostu bu an, –
Dünya möcüzələrlə doludur, hara baxsan:
Ancaq onu hər yerdə görə bilmir hər yetən;
Elə bil möcüzədən xəbər verə bilərəm,
Beləsini heç yerdə yəqin görməmisən sən,
İstəsən mərc gələrəm.
Yolumuzun ağzında, bax o çayın üstdəki
Körpünü görmürsənmi? Adi körpü deyil ki,
Sirdir, bəli, əsl sirr!
Heç bir yalançı onun üstündən keçə bilmir.
Yarısına çatan tək –
O suya düşsün gərək;
Yalan demirsə əgər,
O, arxayın-arxayın, karetayla da keçər”.
“Böyükdür o çay məgər?”
“Kiçik deyil o qədər.
Görürsən, əziz dostum, nələr vardır həyatda!
Şəksiz Roma xiyarı xeyli böyük olsa da…
Bayaq o dağ boydadı deyirdin deyəsən, hə?”
“Ev boydadı, doğrusu, dağ boyda deyilsə də”.
“Hə, inanmaq nədənsə çox çətindir bu sözə.
Bizim keçəcəyimiz körpü lap möcüzədir,
Yalançı ayaq bassa, çayın dibinə gedir;
Danmaq olmaz, bax, bu yaz,
Onda iki jurnalist, bir dərzi düşüb çaya.
(Bütün bizim şəhərdə bu bəllidir hamıya)
Ədalət ilə gərək:
Ev boyda xiyar daha heyrətamizdir, deyək”.
“Nəyidir heyrətamiz:
Bir şeyi necə varsa, eləcə də görək biz:
Ev deyəndə düşünmə bizim imarətləri,
Evi nədir o yerin:
Güc-bəlayla yerləşir içinə iki adam,
Nə oturmaq, nə durmaq olur orda, ay atam!”
“Qoy elə olsun, yenə,
Etiraf edim sənə –
İçində ki düz iki adamın yeri vardır,
Günah etmərik desək, heyrətamiz xiyardır.
Bununla belə, bizim körpüdən keçən hər kəs,
Əgər yalançıdırsa, beş addım ata bilməz,
Guppadan düşər suya!
Hə, sənin heyrətamiz Roma xiyarın var ha…”
Mənim Yalançım bu vaxt
Sözünü kəsdi: “Bura bax,
Körpü nəyinə gərək,
Bu çayın dayaz yeri haradır, ordan keçək”.
QU QUŞU, DURNABALIĞI VƏ XƏRÇƏNG
Dostlarda həmrəylik olmasa əgər,
İşləri irəli çox çətin gedər,
Bunun faydasından biryolluq əl çək.
Qu quşu, Durnabalığı, bir də ki Xərçəng,
Yüklü arabanı aparmaq üçün
Ona qoşuldular həvəslə bir gün,
Dəridən çıxdılar, ancaq nə fayda! –
İrəli getmədi heç bir addım da.
Deyilsə də yük o qədər ağır:
Qu quşu qanad çalaraq buluda qalxır,
Xərçəngsə geriyə gedirdi ancaq,
Durnabalığı da
Elə bu anda,
Yükə güc verirdi, suya cumaraq.
Hansı müqəssirdir, bilmirəm mən də.
Amma
Araba
İndiyədək durub qalır yerində.
CANAVAR VƏ ÇOBANLAR
Canavar kənddən eyləyirdi güzər,
Saldı birdən çobanlara o nəzər.
Gördü, bir kök qoyun seçib sürüdən,
Yerə yıxmış soyur beş-altı çoban.
Baxır itlər də dinməyir… Dedi: – Mən,
Böylə çirkin bir iş tutaydım, inan.
Burda qopmuşdu indi bir məhşər,
Bax, sıxır qəlbimi bu cür işlər.
KƏNDLİ VƏ MUZDUR
Bir kəndli muzdur ilə axşamüstü biçindən,
Qayıdırdı evinə qalın meşə içindən.
Qaranlıqda ayı ilə gəldi burun-buruna.
“Ah” da deyə bilmədi, ayı mindi boynuna,
Xışmalayıb kəndlini pəncəsilə əzirdi,
Möhkəm yapışmaq üçün münasib yer gəzirdi.
Yetişdi son həyatı, birdən bağırdı: – Aman!
Qurtar məni ölümdən, ey əzizim Stepan!
Yalvarırdı muzdura, çəkirdi minnətini,
Cavan muzdur topladı bütün var-qüvvətini.
Balta ilə ayının böldü qafa tasını,
Soxdu yoğun qarnına o dəmir yabasını.
Yuvarlanınca yerə ayı qopardı şivən,
Ölümdən qurtularaq kəndli qalxdı yerindən.
Muzduru söydü, o da şaşqın-şaşqın baxaraq,
Dedi: – Neçin söyürsən?
– Çünki, axmaqsan, axmaq!
Bu ayının dərisi sevindirərdi məni,
Deşik-deşik eylədin, neyləyim bu dərini?
ŞİR TƏRBİYƏSİ
Tanrı bir övlad verdi meşələr şahı şirə,
Heyvanlar tez boy atır, böyüyür birdən-birə.
Şah övladı olsa da, əgər bizim balalar,
Söz qanmaz körpəlikdə, gücsüz-qüvvətsiz olar.
Bu bəllidir hər kəsə: heyvan deyil insantək,
Yaşı tamam oldumu, şir bilməz beşik, bələk.
Aslan gördü övladı gəlib çatıb bir yaşa,
Bildi tərbiyə vaxtı artıq yetişib başa.
Nadan, avam qalmayıb ağıllı olsun deyə,
Alsın uşağım gərək şahanə bir tərbiyə.
Səltənət, hökmranlıq çatanda övladıma,
Nadan olsa söyərlər, ləkə gələr adıma.
Xalq ardımca danışar…
Bir xeyli fikirləşir.
Tərbiyəçi tapmaqçün düşünüb-daşınır şir.
Deyir: – Tülküyə versəm, Tülkü ağıllıdır bax,
Onun da bir eybi var, çox yalançıdır, ancaq.
Gəlir yalançılıqdan hər bəla, hər əziyyət,
Şahlara da yaraşan deyildir belə xislət.
Deyirlər ki, Köstəbək yaxşı görür hər işi,
Qanun-qayda sevəndir, ehtiyatlıdır kişi.
Təmizləyir, üyüdür dənini özü belə,
Düşüb onun şöhrəti ellərdə dildən-dilə.
Köstəbək kiçik işdə böyük olsa da, fəqət,
Gözü uzağı görmür, onda yox elə qüvvət.
Olur özünə uyğun öz işi, öz qaydası,
Soltanlara, şirlərə dəyməz heç bir faydası.
Əgər Bəbirə tapşırsam, Bəbir çox qüvvətlidir,
Həm taktika biləndir, həm də çox cürətlidir.
Ancaq bir iş vardır ki, o da bilmir siyasət,
Siyasətsiz olanlar edə bilməz rəyasət.
Şah gərək hər elmdən, hər fəndən hazır olsun,
Məhkəmə işi bilsin, döyüşkən, nazir olsun.
Yalnız yırtıcılıqda var Bəbirin qüdrəti,
Yaraşan deyil ona müəllimlik sənəti.
Şahların övladına dərs verə bilməz Bəbir.
Şir bütün heyvanları gözdən keçirdi bir-bir.
Heyvanlar əflatunu Filə də inanmadı,
Onu da tərbiyəyçün ləyaqətli sanmadı.
Xoşbəxtlikdənmi, yoxsa bədbəxtlik üzündəndi,
(Bu sonradan bilinər) göydən bir Qartal endi.
Quşların şahı Qartal yaxın dostdu Aslana,
Gəldi ki, çətin anda kömək eyləsin ona.
Dedi: – Gərək dost çatsın əziz dostun dadına,
Qoy mən tərbiyə verim mehriban övladına.
Aslanın üzərindən sanki götürüldü dağ.
Dedi: – Qartaldan yaxşı bir müəllim olacaq!
Şahdır, verər oğluma şahanə bir tərbiyə.
Oğlunu geyindirdi, verdi xeyli hədiyyə,
Qartalla yola saldı, oxumağa göndərdi.
Daha Şirin qəlbində qalmadı qəmi, dərdi.
Bir-iki il keçmişdi bu işin üzərindən,
Şad xəbərlər gəlirdi ölkənin hər yerindən.
Aslanın balasını hamı tərifləyirdi,
Quşlar onun haqqında gözəl sözlər deyirdi.
Zaman gəldi yetişdi, Şir çağırdı oğlunu.
Əvvəl basdı bağrına, doyunca öpdü onu.
Sonra hamını yığıb məclis düzəltdi Aslan,
Oğluna üz döndərib söylədi ki: – Oğulcan!
Bir ayağım gordadır, artıq mən qocalmışam,
Ələyim ələnibdir, daha işdən qalmışam,
Varisim təkcə sənsən, bu təxtü-tac sənindir,
Bu gündən hökmüranlıq, baci-xərac sənindir.
Bir sualım var ancaq, de görək, indiyəcən,
Hökmüranlıq işindən nələr öyrənmisən sən?
Yaxından tanışsanmı bizim elə, adətə?
Apara bilərsənmi xalqını səadətə?
Şir balası söylədi: – Məndə elə bilik var,
Yüz il gəzsə də bilməz, bax burda oturanlar.
Qartaldan Turağaya hər quşun xislətini,
Halını, uçuşunu, işini, sənətini.
Yumurtasını belə öyrənmişəm mən, hətta,
Bu barədə ən yaxşı vəsiqəm var, ay ata.
Quşlar bilir mən göydən ulduzları çalaram,
İnan ki, bu peşədə birincilik alaram.
Şahlığı versən mənə, görərsən hünərimi,
Alıcı tərlan kimi sehirli işlərimi.
Elə ki, övladından bu sözü eşitdi şah,
Qanı yaman qaraldı, dərindən çəkdi bir ah.
Bildi oğlunun vaxtı sərf olubdur hədərə,
Məclisdəkilər hamı dikdi başını yerə.
Şah kədərlənib dedi: – Quş xisləti bilməkdən,
Elinə, həmcinsinə sən bir fayda verməzsən.
Əzəldən təbiətin belə bir qanunu var,
Öz elinin işini bilməlidir hökmüdar…
₺42,20
Türler ve etiketler
Yaş sınırı:
16+Litres'teki yayın tarihi:
29 ekim 2022ISBN:
978-9952-8453-1-1Telif hakkı:
JekaPrint