Türk hekayələri

Abonelik
Yazar:
0
Yorumlar
Parçayı oku
Okundu olarak işaretle
Satın Aldıktan Sonra Kitap Nasıl Okunur
  • Sadece Litres Olarak Okuma “Oku!”
Türk hekayələri
Yazı tipi:Aa'dan küçükDaha fazla Aa

Məmduh Şövkət Əsəndal

KƏLƏŞ

Günorta idi. Yay günəşi hər tərəfi yandırıb-yaxırdı. Ucsuz-bucaqsız çöldə nə bir kənd, nə də bir ağac görünürdü. İki arıq, qoca at sınıq-salxaq arabanı çəkib aparırdı. Arabanı iyirmi beş yaşında dəlisov Kələş sürürdü. Altmış yaşlı bir kişi arabanın içində yatırdı. O, kaftarlı Hacı Hüseyndi. Qızdırma xəstəliyinə tutulmuşdu. Quru otun arasına girib titrəyir, hərdən də inildəyirdi:

– Vay, anam, ölürəm, anam, ölürəm…

Kələş dönüb Hacıya baxdı, gülümsədi. Sonra da atların yüyənini yellətdi, qamçını havada oynadaraq, günün istisindən yanan düzənliyə göz gəzdirdi. Hacı yenə inildəməyə başladı:

– Kələş, ölürəm, Kələş!

Kələş səsini çıxartmadı.

– Kələş gədə, eşitmirsən?

Kələş qanrılıb:

– Həəə, nə var? – dedi.

– Ölürəm, gədə!

Kələş yenə düzənliyə baxıb saymazyana dedi:

– Qorxma, sənin canın asanlıqla çıxmaz, sən çox işlər görmüsən.

Hacı bir az susandan sonra soruşdu:

– Gədə, mən nə iş görmüşəm?

– Özün gördüyün işləri məndən soruşursan?

Hacı səsini kəsdi. Mətləbi uzatmaq istəmədi. Amma Kələşin ağzı açılmışdı:

– Sənin gördüyün işlər məgər birdir, ikidir? Sənin o qədər zibillərini bilirəm ki…

– Gədə, keçəl köpək oğlu, mənim hansı işimi bilirsən?

– Çox fırıldaqlarını bilirəm. Bir mən yox, hamı bilir. Öməri dama soxduran sən olmadınmı? Sürüsünü ələ keçirmək üçün…

– Gədə, əclaf, mən onun sürüsünü Sultan hərrac bazarından almadımmı?

– Həəə, amma sürünü hərraca qoyduran kim oldu? Ömər hərbi tribunaldan qurtarmışdı. İngilislərə pul basıb, sən onu təzədən tutdurmadınmı?

– O dəyyus məni öldürmək istəyirdi. Bəs onu niyə demirsən, keçəl qurumsaq?

– Ömər öldü, sənin canın qurtardı. Qalsaydı, atanı dalına şələyəcəkdi. Necə olsa, yenə bir gün səni gəbərdəcəklər. Rəcəbin arvadını yalan nikahla aldığın yadından çıxıb? Sən yaman əclafsan, yaman!

– Gədə, keçəl əclaf, Rəcəb əsgərlikdən qayıdanda mən onun arvadını özünə qaytardım, axı. Arvad öz ərinin yanına getmədimi?

– Qardaşların qıpıqlı Bəkirin xırmanını yandırdılar. Sonra kişini də arxadan vurub öldürdünüz. Bunu hamı bilir. Bəkirin dul arvadının qarğışı tutsa, sənin iki gözün də kor olacaq.

Hacı səsini çıxartmadı. Kələş təzədən başladı:

– Sən Əlinin arvadını da yoldan çıxartdın. Kişi kosa mollanın oğlu Quyucaqlının yanına işləməyə gedəndə sən özünü verirdin onun arvadının yanına. Özüm dəfələrlə görmüşəm.

Hacı bağırdı:

– Gədə, vələdəzzina, sənə demirəmmi kəs səsini? Ayağa dursam…

Kələş dönüb qorxu ilə Hacıya baxdı. Amma yenə dilini kəsmədi.

– Hələ dur, səni çölün düzündə atıb gedərəm, onda görərsən.

Kötək yeməyə alışmağın da yaxşı cəhətləri var. Kələş lap uşaqlıqdan diliuzunluq edər, hamıya ağzına gələni deyərdi. Ona görə də gücü yetən onu döyərdi. Döyülməyə öyrəşmişdi. Hacı da onu az döydürməmişdi. Bəlkə də Kələş bunu yadına salıb dedi:

– Məmmədəlini niyə qovdun? Sənin arvadının ona gözü düşmüşdü, ona görə, həəə? O gün sənə yalan demişdim? Məni nə üçün döydürdün? İt sürüsü qədər oğul-uşağın var, amma heç biri səninlə olmur. Bilirsənmi niyə? Çünki səndə din-iman yoxdur. Ağına-bozuna baxmırsan. Demirsən ki, bu gəlindir, bu qızdır…

Hacı yaralı şir kimi yerindən sıçradı. «Gəbərdəcəm səni, dəyyus» deyib Kələşin çənəsinə bir yumruq ilişdirdi. Kələş ehtiyatlı oturmuşdu. Lakin zərbədən qoruna bilmədi. Atlarla arabanın arasına yuvarlandı. Tez sürünüb oradan çıxdı. Arabadan dörd-beş addım aralandı:

– Acığın niyə tutur? Bəyəm yalan deyirəm?

– Yenə çərənləyir, atasından bixəbər köpək oğlu…

Hacı arabadan düşmək istəyəndə Kələş bir az da qabağa qaçdı. Dayandı.

Kələş arabadan yıxılanda atlar dayanmışdı. Hacının araba sürmək halı yox idi. Yenə uzandı. Kələş də çöməldi. Əlinə çöp alıb qumu eşələməyə başladı. İyirmi dəqiqəyəcən beləcə dayandılar. Hacı gördü ki, Kələş yerindən tərpənmir. Qorxdu ki, birdən Kələş arabanı qoyub gedər.

– Ay Kələş! – deyə səslədi.

– Həəə! Nə var?

– Gəl, gədə, sür arabanı gedək!

– Döyərsən axı…

– Döymərəm, ədə, ağzını yum… Gedək!

Ömər Seyfəddin

DİKDABAN AYAQQABILAR

Xədicə xanım çox gənc yaşından dul qalmış bir qadın idi. On üç yaşında ikən altmış altı yaşlı bir kişiyə ərə getdiyi üçün indi nikahın adını belə eşitmək istəmirdi. Az qala on il olardı ki, kişi surəti onun zehnində revmatizm, bəlğəm, pambıq, banka, yod yığınlarından ibarət iyrənc, cansıxıcı məlun bir xəyalat şəklində canlanırdı. «Gənc kişilər başqa cür olurlar» deyən olanda:

– Yox, yox… Məgər onlar bir gün qocalmayacaqlarmı? Onların dərdini sonra kim çəkəcək? – çığırıb həşir salardı. Xədicə xanımın fikri-zikri təmizkar və namuslu olmaq idi. O, hər səhər özünün Göztəpədəki mülkünü xidmətçisi Elen və qızlığı Gültərlə bərabər təmizləyər, aşpazı Məhmədi hər gün üzünü qırxmağa, başdan-ayağa ağ geyinməyə məcbur edərdi. Hələ Məhmədin qeyrətinə söz ola bilməzdi. Danışanda başını qaldırıb adamın üzünə belə baxmazdı. Mülkündən bayıra çıxmadığı üçün Xədicə xanımın işi-gücü adamlarına nəzarət etmək idi. Tez-tez otaqları gəzər, çardağa çıxar, mətbəxə girərdi. Hey deyərdi:

– Mənim kimi olun! Mən kiminlə görüşürəm? Ehtiyatlı olun. Siz də qonşuların xidmətçiləri və nökərləri ilə danışmayın. Onlar adamı yolundan azdıra bilərlər.

Xədicə xanımın bu nəsihətinə Məhməd can-başla əməl edirdi. Məhmədin dal həyətdəki mənzilinə həmşərisi-zad qonaq gəlməzdi. Hətta yad pişik də ora girmirdi. Xədicə xanım gündə, bəlkə on dəfə mətbəxə düşər və hər dəfə Məhmədi qazanın başında yalqız görərdi. Xədicə xanım yalnız təmizkarlıq və namusa aludə deyildi, o bir də dikdaban ayaqqabı hərisi idi. O, gözəl, ətli-canlı və qıvraq bir qadın idi. Lakin boyu çox qısa olduğu üçün evin içində dabanı az qala bir qarış olan ayaqqabı geyərdi. Bu ayaqqabılarda o, adətən, akrobata bənzəyirdi. Dikdaban ayaqqabılarla pilləkənləri birnəfəsə taqqataqla enər, ayağı burxulmadan gah aşağı, gah da yuxarı qaçardı. Xədicə xanım axırda başgicəllənməsinə tutuldu. Amma çağırdığı həkim ona dərman-filan vermədi.

– Bütün narahatlığınızın səbəbi bu ayaqqabılardır, xanım, – dedi, – onları çıxardın. Yumşaq və rahat yun sürüncəklər geyin. Ağrılarınız keçib gedəcək.

Xədicə xanım həkimin məsləhət gördüyü yun sürüncəkləri aldırdı. Doğrudan da rahatlandı. İki günün içində başağrısı keçib getdi. Dizlərində, baldırlarında sızıltı qalmadı. Lakin bütün vücudu rahatlıq tapsa da, qəlbi dərin bir sarsıntıya düçar oldu. Doqquz ildən bəri yaxşı hesab etdiyi adamların əxlaqı iki günün içində gözlənilmədən pozuldu. Xədicə xanım Eleni onun diş fırçası ilə dişlərini yuyanda, Gültəri anbarda mürəbbə bankasını açanda görmüşdü. Məhmədi ət günü olmadığı halda bir tava ət bozartması yeyəndə yaxalamışdı.

– Bunlara nə olub, yarəb? Nə oldu, niyə belə edirlər? – deyə şikayətlənirdi.

Bir həftə içində adamlarının yüzdən artıq oğurluğunu tutdu. Hiyləsini gördü. Hələ Məhmədi qonşudakı generalın adamları ilə bir məcməyi plov aşırarkən görəndə dəhşətə gəldi. Hər şeyi açar-qıfıla saldı:

– Görək indi nə oğurlayacaqlar, – dedi.

Doğrudan da, oğurlamağa şey qalmamışdı.

Ertəsi gün Xədicə xanım yuxudan bir az gec durdu. Aşağıya düşdü. Gültərlə Elen gözə görünmürdü. Gəzdi. Mətbəxə doğru getdi. Nəzərləri yarıaçıq qapıya ilişəndə az qaldı dəli olsun. Məhməd mətbəxdəki balaca skamyada yayxanıb bir dizinin üstündə Eleni, bir dizinin üstündə də Gültəri oturtmuşdu. Qollarını qalın kəmər kimi hər ikisinin belinə sarımışdı. Bu lövhənin rəzalətini görməmək üçün Xədicə xanım gözlərini yumdu. Lakin qulaqlarının qapağı olmadığı üçün danışılanları eşitməyə bilmədi.

Məhməd soruşdu:

– Ağız Gültər, daha niyə şəkərdən-zaddan gətirmirsən?

Gültər:

– Neynəyim olmur, hər yer qıfıllıdır, – dedi.

Məhməd qəribə bir marçıltı içində dilləndi:

– Ağız Elen, gecə yanıma niyə gəlmirsən? Sənə halva bişirib saxlayıram.

Elen pıçıldadı:

– Yavaş! Axırı bizi tutacaqlar! Sonra xanım bizi qovar.

Bu minvalla şirin söhbət edirdilər. Xədicə xanım gözlərini açmır, ürəyi döyünə-döyünə maraqla onlara qulaq asırdı. Arada Gültər dedi:

– Zəhrimara qalsın o sürüncəklər. İşimizi korladı. İndi xanımın gəldiyini hiss etmirik. Nə iş görsək, tutuluruq. Qabaqlarda yaxşı idi. Dikdaban ayaqqabıların taqqıltısı bizi duyuq salırdı. Xanım yuxarı mərtəbədə qımıldananda da bilirdik.

Söhbət uzandıqca, Xədicə xanım o vaxta qədər bilmədiyi və görmədiyi əhvalatların geniş hekayətini eşidirdi. Dayana bilmədi. Gözlərini açdı:

– Alçaqlar, oğrular, namussuzlar! Hamınız rədd olun mənim evimdən! – bağırdı.

Xədicə xanım özünün doqquz illik sadiq xidmətçilərini evindən qovdu.

Evə nə qədər qulluqçu, nökər qəbul edirdisə, hamısı arsız, oğru, namussuz çıxırdı. Tam iki il düz-əməlli adama rast gəlmədi. Malı, mülkü olduğu halda, heç nəyə ehtiyacı yox ikən, bu xidmətçilərin üzündən arıqlayır, saralıb-solurdu. Xədicə xanım gördü ki, halı daha da pisləşəcək, yenə də dikdaban ayaqqabılarını geyinməyə məcbur oldu. Xidmətçilərin arsızlıqlarını, bəd hərəkətlərini, namussuzluqlarını daha görmədi. Bənizinə qan gəldi. Bir müddətdən sonra yenə başı hərlənməyə başladı. Amma özünü həkimə göstərmədi. Bildi ki, həkim ona yenə səsi eşidilməyən dabansız sürüncək geyməyi məsləhət görəcək.

– İndi, heç olmasa, ürəyim rahatdır, – deyirdi.

Haliqarnas Balıqçısı

YAŞASIN DƏNİZ

Böyük Sali adasının Bodrum yarımadasına baxan tərəfində geniş bir körfəz var. Onun ayparaya bənzəyən sahili qat-qat bəyaz, yaşıl, tünd-yaşıl, mavi və bənövşəyi rəngli göy qurşağı kimi idi. Xəfif-xəfif əsən külək körfəzin göy qurşağı üzərində yasəməni xətlər cızır, dənizin içərilərində isə tünd mavi ləpələr gəzdirirdi. Dəniz körfəzdə köksünü ötürür, gah pıçıldayıb susur, gah da həzin bir nəğmə oxuyurdu. Ətraf istidən od tutub yanırdı.

 

Üç nəfər balıqçı toru dənizə atıb, gecələmək üçün körfəzə gəldilər. Günəş batan zaman sahil qumları üzərində iki daşı yanaşı qoyub ocaq qaladılar. Balıq şorbası bişirməyə başladılar. Günəş batanda balıqçıların ən yaşlısı vadilərdən yüksələn mavi kölgələri göstərərək dedi:

– Buna günün «vida vaxtı» deyərlər. Eh… Biz də artıq yaşa dolmuşuq. Həyatla vidalaşmaq vaxtımız çatıb…

Qocanın səsi qırılan kimi oldu. «Eh… Dünyada biz nə gün görmüşük ki!» dedi. Yenə yorğun-yorğun sözünə davam etdi.

– Uşaqlığımı kənddə keçirmişəm. Bir otaqlı evimiz vardı. Onun yeganə pəncərəsi dənizə baxırdı. Saatlarla orda durub dənizi seyrə dalardım. Gəmi kapitanı olan atam mənə deyərdi: «Oğlum dənizə elə baxma. Çünki o, dənizdir. Dəniz hər şeyi qırar. Taxtanı da, dəmiri də, sənin sümüklərini də, ümidlərini də qırar, oğul! Onu isə heç kim məğlub edə bilməz».

Günlər keçir, mən böyüyürdüm. Qoluma qüvvət gəlirdi. Dəniz ehtirası ürəyimə dolduqca, atamın sözləri yel kimi qulağımdan çıxırdı. Nəhayət, mən gəmidə işə girdim. Gəminin arxa tərəfinə keçmişdim. Onun suda buraxdığı izlərə baxırdım. Həyatımın izlərini xatırladım. Uzanıb gedən o izlər görəsən harada qurtaracaq? Göz işlədikcə görünən ənginliklər nə idi? Bütün bunları düşündüyüm zaman boynuma ağır bir yumruq endirildi. Gəmi çavuşu:1

– Sən burda nə gəzirsən? Yoldaşların işləyir, – dedi.

Bundan sonra bütün həyatımı dənizə bağladım. Dənizin suları, dalğaları, üfüqləri və göy qurşağı kimi rəngləri mənim həmdəmim oldu. Günəşin, ayın izi ilə cənuba, şimala getdim. Dənizlərdən dənizlərə keçdim. Gün oldu ki, iliklərimə qədər dondum… Gün oldu ki, bədənimin bütün suyu tərə dönüb axdı. Dəniz məni gah yuxarı tulladı, gah aşağı çökdürdü. Get dedikcə getdim. Hər gün yeni yerlər gördüm. Gəmilər dəyişdim. Səfərlərdə oldum. Limanlara girib-çıxdım. Fürsət düşdükcə gedib uşaqlıq röyalarımın xatirə yuvası olan tək otaqlı kənd evimizin pəncərəsində oturdum. Oradan dəniz başqa şəkildə görünürdü. Anam hələ sağ idi. Amma mən boy atmış, o kiçilmiş, mən canlanmış o isə incəlmişdi. Anam bir dəri, bir sümük qalmış, beli əyilmişdi. Birdən anam dedi:

– Oğul, sən dənizçilikdən başqa bir iş görə bilməzsənmi?

Mən dinmədim. Bayıra çıxıb qapının qabağında oturdum. Fikrim dağınıq idi. Nəzərlərimi dənizdən ayıra bilmirdim. Ürəyim çırpınırdı. Durub yenə içəri girdim. Anam həmişə ocağın yanında dayanırdı. Mən də orda durdum. Anam həmişə atama verdiyi sualı indi mənə verdi:

– Yəqin ki, hələ bir neçə həftə evdə qalacaqsan?

Mən də atam kimi:

– Yox, sabah gedəcəyəm, – dedim.

Anam yol torbamı hazırladı. Kör-köhnə corablarımı torbaya qoyanda sanki ürəyini yırtıb ana məhəbbətini də ora qoyurdu. Atam kimi mən də ertəsi gün səfərə çıxdım. Anamın hönkürtüsü hələ də qulaqlarımdadır. Getdiyim yerlərdə özümü tənha hiss edirdim. Könlüm sanki buz kimi donmuşdu.

Bir ildən sonra anam uzaq səfərə, heç kimin qayıtmadığı bir yerə getdi. O, artıq getdiyi yerdə mənim hansı dənizdə olduğumu fikirləşib əzab çəkməyəcək, geri qayıtmağımı gözləməyəcəkdi.

Anamdan sonra getməyə evim yox idi. Bundan belə tamamilə mənə yad olan böyük şəhərlərdə sahilə çıxar, tanımadığım uça və böyük binaların arasında dolaşardım. Günlərin birində bir qadına rast gəldim. Mənə baxıb gülümsədi. Mən də gülümsədim. Onun kim olduğunu bilmirdim. Bunun nə əhəmiyyəti vardı. Mənə ki, gülümsəyirdi… Pul üçün gülümsəyirmiş. Qoy olsun. Puldan ötrü deyilsə, bəs nə üçün o mənə gülümsəməli idi? O gülümsəyərək:

– Konyak için, qızınarsınız, – dedi.

Doğrusu, qəlbimi konyak deyil, onun təbəssümü qızdırırdı. Mənə elə gəlirdi ki, onun dodaqlarında bütün insanlar gülümsəyirdi. O təbəssümlər könlümün buzlarını əridirdi. Onunla mənim dilim deyil, ürəyim danışırdı. Könlüm dil açmışdı. Bəli, mən ilk dəfə o gecə isindim. Bütün gecəm ayla, ulduzla, günəşlə istilik və rahatlıq içində getdi. O gecə dərin yuxuya getdim. Dəniz suları sanki gurhagurla beynimdən axıb tökülürdü. O gecə mən planlar tərtib etdim, sonra cırıb atdım, öz-özümə güldüm, qəhqəhə çəkdim, mahnı oxudum. Həmən qadınla evlənməyi fikrimdən keçirdim. Qadın pəncərəyə yanaşıb dənizə baxdı, köksünü ötürdü.

– Yenə gəl, – dedi.

– Bir də gəlməyəcəyəm, – dedim.

– Bilirəm, sən dənizçisən…

Oradan limana getdim. Bir kapitanla danışdım. Yanında işə girdim. Gəmidəkilərin biri gördüyü kök sarışın gözəldən, biri qara bibərdən, o biri heybətli dəniz quldurundan danışdı.

Dənizlərdən dənizlərə, limanlardan limanlara getdik. Mən buralarda vətən həsrəti çəkirdim, darıxırdım. Evlənmək istədim. Mənə «səfeh» deyib güldülər. İçki içdik, mahnı oxuduq. Dənizə lənətlər etdik. «Dəniz, dəniz, qanlı dəniz!» dedik, Dənizi sevdiyin qədər sevməyə də bilərsən.

Nə isə, evləndik. Əlimizdə ayrı nə sənətimiz var? Dənizçiyik. İndi qayıq kirələyib, balıq tuturuq…

Artıq günəş batırdı. Kiçik Sali adaları tünd polad rəngli bir dənizin üzündə məşəllər kimi yanırdılar.

Qoca balıqçı dedi:

– İndi iyirmi ildir ki, mən balıqçılıq edirəm. Bu balıq möhtəkiri Qazdağlı Süleymana olan borcumu ödəyib qurtara bilmirəm. Balıqçılığa başlayandan bəri bəlkə on min dəfə dənizə çıxmışam, beş yüz min mil avar çəkmişəm. Ən azı üç min fırtınaya sinə gərmiş, dənizin müxtəlif şıltaqlıqlarına müqavimət göstərmişəm. Bu müddət ərzində heç olmasa beş-altı min okka2 balıq tutmuşam. Bütün bunların xeyrini Qazdağlı Süleyman görüb. Artıq qollarım gücdən düşüb, gözlərim bir şey seçmir. Ömrümüz sona çatır.

– Əlvida, hey gidi dəniz, hey!

O biri balıqçılar da «hı, hı» eləyib onun dediklərini təsdiqlədilər.

İndi də orta yaşlı balıqçı danışmağa başladı:

– O gördüyünüz Torba sahillərinə baxanda rəhmətlik Qara Yusufu xatırladım. Bir gün onunla qayığa minib Güllükdən Torbaya gəldik. Qayığı sahilə bağladıq. Bodruma gedirdik. Yoxuşbaşına doğru əncir ağacları yoxdurmu? Ora çatanda yazıq Qara Yusufun gözləri yaşla doldu. Dərdi açıldı:

– Dörd yaşında oğlumla burdan keçirdim, – dedi, – əncir ağacları qurumuş kimi idi. Uşaq yerdən bir əncir tapdı. Ağzına qoydu. O saat gözləri böyüdü. Boğulurdu. Barmaqlarımı ağzına saldım. Ənciri çıxarda bilmədim. Uşağı qucağıma alıb yüyürdüm. Amma hara çata bilərdim?! Körpə boğulub öldü. Ona kömək edə bilmədim.

Balıqçılardan ən cavanı soruşdu:

– Sonra, Yusuf əmi, bəs necə oldu?

– Güllükdə öz qayığında sərnişin aparır, yük daşıyırdı. Bir gün onu qızı ilə toya çağırdılar. Toy dəniz kənarındakı Qazıqlı kəndində imiş. Ata, gecə kimi qara, qız isə, əksinə, günəş kimi qızılı-sarı idi. Uşaq anasına çəkmişdi. Qızın küləkdən uçan saçları hələ də gözümün qabağındadır. Qız dənizi atasından pis bilmirdi. «Ya allah» deyib kürəklərdən yapışanda otuz-qırx mil üzə bilirdi. Qız:

– Ata, bu gün hava çox pisdir, getməyək, – deyir.

Yusuf:

– Yox, qızım, heç nə olmaz, – deyib inad edir.

Ata və qız qayığa minib dənizə çıxırlar. Lakin o gedən gedirlər. Bir daha onları görən olmur. Sirr olub dənizdə yoxa çıxırlar. Nə qayıq tapıldı, nə də Qara Yusufla qızının meyitləri.

Qoca balıqçı:

– Dəniz böyükdür, onun hələ çox sirləri var, – dedi.

Artıq gecə idi. Əngin bir Egey gecəsi… Ancaq göyün üzü yığın-yığın ulduzlar üçün dar kimi görünürdü.

Balıqçılar ocağa çırpı atırdılar. Hər atılan çırpıdan havaya alov sıçrayırdı. Balıqçıların üzü alaqaranlıq içində əsrarəngiz skelet kəlləsi kimi görünürdü. Onların qapqara köz yuvaları çırpı atdıqca ocaqdan sıçrayan alovun qığılcımı ilə işıqlanıb bərq vururdu.

Balıqçılar yeməklərini yedilər. Ocağın kənarında uzanıb yatdılar. Ocaq sönüb külə döndü. Balıqçılar yarıqaranlıq ləkə kimi görünürdülər. Dəniz ləpələndikcə yarı fısıltı, yarı köks ötürməyə bənzər xəfif səslər çıxarırdı.

Gecə vaxtı dənizdən buğ qalxmağa başladı. Bu buğ dənizdən çıxan insan kölgələri kimi idi. Yoxsa əngin gecə öz sirlərini açıb göstərirdi? Kölgələrdən biri Qara Yusufa, o biri qızına bənzəyirdi. Onlar cavan balıqçıya yanaşdılar. Qız gülümsəyərək dedi:

– Mənim üçün fikir çəkməyin. Mən boğulan zaman qətiyyən əzab çəkmədim. Məndən qabaq ölən qardaşıma yardım edə bilmədiyini görən atam, qayıq çevrilib boğulacağımızı anlayar-anlamaz, uzun dənizçi bıçağını çıxarıb, ildırım kimi ürəyimə sapladı. Öldüyümü heç hiss etmədim.

Qız bunu deyib güldü, cavan balıqçının alnından öpdü.

Qara Yusuf da xoşhal görünürdü:

– Cənnətə getməkdənsə, dənizdə qaldıq, – dedi.

Bundan sonra ikisi də qeyb oldular. Balıqçılar oyanan kimi cavan balıqçı onlara:

– Qara Yusufla qızını yuxuda gördüm, – dedi.

Onlar da «allah xeyirə calasın» dedilər.

Balıqçılar şəfəqdən qabaq qayığa minib dənizə çıxdılar. Qaranlıqdan qurtarmaqda olan dənizlər, dağlar, böcəklər, çiçəklər, ağaclar kainatla səs-səsə verdilər. Üç balıqçının titrəyən dodaqlarından eyin vaxtda bir nəğmə yüksəldi. Onların da səsi oyanan işığa qarışdı.

Qoca balıqçı üzünü o birilərə tutub dedi:

– Hər halda dəniz hər şeydən yaxşıdır.

O, dərindən bir də nəfəs alaraq «Salam, dəniz!» deyə coşdu.

O biri balıqçılar da var səsləri ilə:

– Yaşasın dəniz! – dedilər.

Uçurumlardan qopan əks-səda qayalara yayıldı:

– Yaşasın dəniz!

Yaqub Qədri Qaraosmanoğlu

ON DÖRD YAŞLI KİŞİ

Arabaçı bizdən iyirmi – otuz metr qabaqda bizimlə eyni səmtə gedən bir adamı hayladı. Yolçu dayandı. Üzdən ona səkkiz və ya on yaşdan artıq vermək olmazdı. Çox arıq idi. Özündən iki dəfə ağır çuval götürmüşdü. Ayaqqabılarını əlində tutmuşdu. Biz ona yaxınlaşanda arabaçı soruşdu:

– Oğlum, şəhərə gedən yol hansıdır?

Uşaq əlini qarşıdakı yamaca tərəf uzadıb dedi:

– Bax odur, o ağarıb batan yol… Mən də ora gedirəm.

O, çox göyçək uşaq idi. Olduqca təmiz geyinmişdi. Onun işlətdiyi «ağarıb batan yol» ifadəsi xoşuma gəldi.

– Şəhərə gedirsənsə, gəl arabaya min, bir yerdə gedək, – dedim.

Sözümə inanmadı. Çuvalını yerə qoyub üzümə baxdı. Təklifimi təkrar etdim:

– Gəl, çuvalını arabanın içinə qoy, özün də burda otur.

Qarşımda yer göstərdim. Əlindəki ayaqqabılarını səliqə ilə cütləyib çuvalın üstünə qoydu. Dalı arabaçıya, üzü mənə tərəf oturdu. Onun hərəkəti və danışığı get-gedə daha çox xoşuma gəlirdi. Ədəbli, tərbiyəli görünürdü. Ağıllı və parlaq gözləri vardı. Məni diqqətlə süzürdü. Onun baxışlarından mən utanan kimi oldum. Onda lap yaşlı adam baxışı vardı. Əslində bu cür baxış və kişi hərəkəti Anadolu uşaqları üçün nadir xüsusiyyət deyildir. Onlar da bəzi canlılar kimi sanki anadan olan dəqiqədən yeriməyə, işləməyə və həyatı dərk etməyə başlayırlar. Onların uşaqlığı heç olmur. Səkkiz-on yaşına çatar-çatmaz məişət qayğısı şiddətlə əsən qızmar səhra küləyi kimi onların vaxtsız qovrulan, qabıq bağlayan zəif vücudlarını sarsıtmağa başlayır. Yəqin bu körpə də həmin Anadolu uşaqlarından biri idi. Soruşdum:

– Sənin neçə yaşın var, oğlum?

– On dörd yaşım var, – deyib qəribə bir qürurla irəliyə baxdı.

– Hansı kənddənsən?

– Qara İşıq kəndindən.

– Bəs şəhərə niyə belə gec gedirsən?

Başı ilə arxa tərəfindəki çuvalı göstərdi:

– Bir az quru meyvə aparıram. Sabah bazar var. Oranın bazarı çox tez açılır. Yola səhər çıxsam, çata bilmərəm, – dedi.

Bir müddət danışmadıq. O yenə diqqətlə mənə baxırdı. Soruşdum:

– Sizin kənddən şəhərə neçə saatlıq yoldur?

– Ağır-ağır yerisən, düz altı saatlıq.

– Altı saat!.. Çox uzaq deyilmi? Yorulmursanmı?

Sualımı sanki başa düşmədi. Üzünün ifadəsindən anlamaq olurdu ki, «yorulmaq» sözü ona qəribə gəlir.

– Mən bu yolu hər həftə gedirəm, – dedi. – Şəhərdə İsmayıl ağanın karvansarasında qalıram. Yəqin İsmayıl ağanı tanıyırsan. O mənim dayımdır. Günortaya qədər işimi görüb qurtarıram. Satacağımı satır, alacağımı alıram. Vaxtım qalanda hamama da gedirəm. Aşpaz Rəcəb ağanın dükanında bir kabab da yeyirəm. Amma pul çatsa…

– Qazandığın pulu neynəyirsən?

– Ayın-oyun alıram. Hərdən duz, hərdən şəkər lazım olur. Anama kəlağayı, bacıma corab alıram. Düşəndə özümə də bir şey alıram…

Çuvalın üstündəki ayaqqabılarını göstərdi:

– Bunlara keçən həftə bir üçlük vermişəm. Necədir? Baha almamışam ki? – deyib, gözlərimin içinə baxdı.

 

– Afərin, ucuz alıbsan, – dedim və maraqla soruşdum: – Atan varmı?

Məhzunluq3 duyulmayan bir hərəkətlə başını bulayıb:

– Xeyr, atam səfərbərlik zamanı4 əsgərliyə gedib, – dedi.

– Demək, atanın əvəzinə evə indi sən baxırsan, eləmi?

Başının hərəkəti ilə iki dəfə «bəli» dedi və qarşımda daha rahat bir vəziyyət aldı. Ona bir siqaret uzatdım. Alıb başına doladığı sarığın arasına qoydu.

– Mən çəkən deyiləm. Dayıma aparacağam, – dedi.

Getdikcə özünü daha sərbəst aparır və daha sərbəst danışırdı:

– Atam çox çəkərdi, amma mən çəkmirəm. Bir də papiros çəkməyə vaxt haradadır? İş başımdan aşır. Anamın ayaqları tutulandan bəri qoyunlara da, əkinə də mən baxıram. Oduna tək mən gedirəm. Böyük bacım ancaq su daşıyır və yemək işinə baxır. Həm də o bizə qonaqdır. Başqa kəndə gedəcək. Bildir, nişanlanıb.

Çox ciddi şəkil alan söhbətimizi bir az dəyişdirmək üçün gülərək dedim:

– Sən də nişanlansana. Pis olmaz. Arvadın da sizə kömək edər.

Qəmli-qəmli üzümə baxdı:

– Nişailanmışdım, amma olmadı. Daha baş tutmayacaq… Qızın başına qəza gəldi. Düşmən5 kənddən çıxan zaman…

Özümdən asılı olmayaraq səsimi qaldırdım:

– Neçə? Doğrudanmı? Nə qəza?

Utanaraq başını aşağı saldı. Səsində ağırlıq hiss olunurdu:

– Namusuna toxundular… Mənim gözümün qabağında. Kəndin başqa qızları ilə bərabər onu zorla dərəyə sürüklədilər. Biz çığır-bağır saldıq. «Aman, etməyin, eləməyin» dedik. Qulaq asmadılar. Mən arxalarınca getmək istədim. Anam qoymadı. Ağlaya-ağlaya «səni öldürərlər» dedi. Anamdan keçə bilmədim. Mən onun yeganə oğluyam.

Mən oğlanın üzünə baxa bilmirdim. Həyatın ən müdhiş hadisələrini görmüş, bu kəndli balasının qarşısında mən dünyadan bixəbər və heç nə anlamayan bir uşaq vəziyyətində idim. Otuz dörd yaşlı uşaq… Bir küncə qısılıb sanki qorxulu nağıl dinləyirdim. Tüklərim biz-biz olmuşdu.

1Bosman
21 okka – 1 kq 150 qramdır
3Qəmginlik
4Birinci dünya müharibəsi zamanı deməkdir
5Qərb işğalçılarının silahlandırıb, Türkiyə milli-azadlıq hərəkatını boğmaq üçün göndərdikləri yunan işğalçıları