Kitabı oku: «Damğa», sayfa 3
– Kimdən umursan, Cəlal? Axı, bu alçaqlığı kim eləyib – deyə soruşdum.
Yoldaşım cavab vermədi, başını kitabın üstünə əydi.
Gözlərimlə, səsimlə yalvararaq sualı təkrar etdim. Bu zaman Cəlal əsəbi bir hərəkətlə, acı bir istehza ilə:
– Kim eyləyəcək? Mən elədim… Məndən başqa kim edər? – dedi və üzümə baxmadan dönüb gimnastika salonuna tərəf getdi.
Yerimdəcə donub qalmışdım. Həqiqəti artıq bütün acılığı ilə başa düşmüşdüm. Təkcə yavər deyil, bütün məktəb yoldaşlarım da məndən şübhələnirdilər.
Tənəffüs qurtarmışdı. Tələbələr dəstə-dəstə koridorlarda qaçır, pilləkənlərlə yuxarı qalxırdılar.
Durduğum yerdən çıxmağa cəsarətim qalmamışdı. Dəhlizin qaranlıq bir yerində, yaş çətirlərin və plaşların arasında bir səfil kimi gizlənmişdim.
Qəlbimi birdən-birə ağır bir ümidsizlik bürümüşdü, hiss edirdim ki, nə eləsəm, nə qədər çalışsam bu şübhəni üstümdən ata bilməyəcəyəm. Dəhlizdə bir kəsin qalmadığını gördükdə plaşımı geydim, məktəbin dal qapısından küçəyə çıxdım.
Yağış navalçadan tökülür kimi şırıl-şırıl yağır, küçələrdən bulanlıq sel axırdı.
Əllərim ciblərimdə, başımı aşağı dikərək yeriyir, hiss edirdim ki, daha bir də bu məktəbə döndü yoxdur, ömrümün gözəl bir dövrü bu gün başa çatmışdır. Oğru kimi baş götürüb qaçdığım bu yerdə, nə qədər sevib, sevildiyimi düşündükdə özümü saxlaya bilməyib uşaq kimi ağlamağa başladım.
Evdə xəlfə Kamiyaba dedim ki, xəstəyəm, boğazım ağrıyır. Boğazım, doğrudan da, ağrıyırdı.
O gecə səhərə qədər qızdırma içində yandım, sayıqladım.
Ertəsi gün atamın məni çağırdığını xəbər verdilər. Ağır rəftar görəcəyimi bilirdim, ancaq qorxmurdum.
Otağa girdiyim zaman atam, yerdəki döşəkcədə diz üstə oturan Mahmud əfəndiyə nə isə danışırdı, özünü elə göstərdi ki, guya məni görmür. Ancaq qaşları azacıq çatılmışdı.
Danışdıqları şey mühüm deyildi, elə hiss etdim ki, atam üzümə baxmağa çəkinir, mənə deyəcəyini mümkün qədər gecikdirmək istəyirdi.
Qapının yanında durub gözləyərkən on il bundan əvvəl Kiçik Ömərin qardaşı üçün atama yalvardığım gecəni xatırladım. O vaxt da boğazım belə ağrıyırdı.
Atam sözünü qurtardıqdan sonra üzünü mənə tutdu:
– İffət, səndən şikayət eləyirlər… Dünən bir məsələ barədə məktəbdə səndən məlumat istəyiblər. Nalayiq bir tərzdə cavab veribsən. – Atam üz-gözünü turşutmuşdu, ancaq gözlədiyim qədər də hirsli deyildi. Üzümə baxmır, sözlərini bir qədər tərəddüdlə deyirdi.
Mən yavaş, titrək bir səslə:
– Bir şey bilmirdim, ata, – dedim.
– Aydındır ki, bilmədiyin bir şey haqqında «bilirəm» deyə bilməzdin. Ancaq bu bəhanə ilə ağır, çox ağır sözlər danışmağa nə ehtiyac vardı?
Otağa bir dəqiqəlik ağır sükut çökdü.
– Cavab versənə… meydan oxumağa nə ehtiyac vardı? Təqsirin təkcə bundan ibarət deyil… Məktəbdən də qaçmışdın.
– Yoldaşlarımın üzünə necə baxım, ata?.. Hamı məni xəbərçi sayır… Məni artıq məktəbə göndərməyin…
Əslində Mahmud əfəndi də mənə işarə edir, sanki «sus!» – deyə yalvarırdı.
Atam əli əsə-əsə mənə qapını göstərib acıqlı bir səslə:
– Çıx, – dedi.
Atamın üzünə baxmağa cəsarət etmədən yavaş-yavaş qapıya tərəf yeridim.
Bu dəmdə onun yenə əmrini eşitdim:
– Dayan… Bura bax…
Dala qayıtdım. Atam ayağa durmuşdu, kitab rəflərinə tərəf gedirdi. Bəzi kitabları götürdü, vərəqlədi, tozunu sildi, təkrar yerinə qoydu. Sonra üzünü mənə çevirib qırıq-qırıq danışmağa başladı:
– İffət, hər kəsdən bilmədiyi, hətta bildiyi şeyləri də soruşarlar… Elə məndən də soruşurlar, «bilmirəm» deyə cavab verirəm… Anladınmı?
Bu səs atamın səsi deyildi, kitab rəflərinin qarşısında ayaq üstdə duran bu qoca kişi, vüqarlı, cüssəli paşa atam deyildi.
O, sözünə davam etdi:
– Adamın barəsində hər şey deyərlər… Nə olar ki? Təki vicdanı təmiz olsun… Çox güman… güman deyil, lap yəqin elə mənim də barəmdə deyirlər. Allaha and olsun ki, mən… xəfiyyə deyiləm, İffət…
Atam bu dəqiqədə elə qoca, elə əzgin, elə biçarə görünürdü ki… Gözlüyümün şüşəsi islanmışdı, artıq bir şey görə bilmirdim. O, zəif, yorğun bir səslə:
– Daha çıx get! – dedi.
Atamı o gün tamamilə dəyişmiş, başqa bir adam kimi görmüşdüm. Elə bilirdim ki, artıq bir-birimizə yaxınlaşacağıq. Lakin ümidim boşa çıxdı. O bu əhvalatdan sonra mənimlə sərt rəftar etdi, ürəyindəkiləri daha çox gizlətdi.
***
Məktəbi tərk etmişdim. Yeknəsəq, ürəksıxan günlərimi tənbəlliklə başa vururdum, heç kim nə olacağımı, nə iş görəcəyimi bilmirdi. Padşah yavərliyindən daha xəlfə Kamiyab da söhbət açmırdı.
Bayram günlərinin birində bütün ailə bağda bizdə toplaşmışdı. Günortaya yaxın atamla Müzəffər saraydan qayıtdılar. Qardaşım güləbətin qaytanlı padşah yavəri paltarında gəzib-dolaşır, bayram təbriklərindən danışırdı.
Hamının nəzəri ona dikilmişdi. İyirmi yaşına girən qardaşım həqiqətən çox gözəl bir gənc olmuşdu.
Yeznəm Müzəffəri uzun-uzadı təriflədi, ailəmizin onunla iftixar etdiyini dedi. Təbiidir ki, hamı bunu haqlı sayırdı.
Ancaq yeznəm səhv bir iş gördü, o, üzünü mənə çevirərək:
– Bax, İffət, – dedi, – qardaşından ibrət al. Hələ yaşın ötməyib, çalışsan sən də onun kimi ola bilərsən…
Onun səsində mərhəmətlə qarışıq bir hörmətsizlik də var idi. «İbrət al», sanki «özünü düzəlt» demək istəyirdi.
Yeznəmdən hərdənbir belə sözlər eşitməyə alışmışdım. Ancaq nədənsə bu söz o zaman mənə pis təsir elədi. Qürurlu, təmkinli bir surətdə cürətli cavab verdim:
– Mən, millətə xeyri dəyməyən belə şərəfsiz işlər görməyəcəyəm.
Yeznəm qıpqırmızı qızardı. Acı sözlər demək istəyirdi, lakin özünü saxladı və sadəcə:
– Təəssüf edirəm, İffət, – dedi. – Xalis paşanın oğlundan belə bir uşaqlıq gözləməzdim.
Cavab vermədim. Salonda sıxıcı, ağır bir sükut hökm sürürdü. Bu dəfə də qardaşım ehtiyatsızlıq elədi:
– Bilmirəm onda bu zərərli fikirlər haradandır. Vallah mən onun gələcəyindən qorxuram.
Yenə özümü saxlaya bilmədim:
– Sən özündən qorx, qardaşım. Elə bilirsən ki, millət qiyamətədək yuxudan ayılmayacaq?!
Cahil bir küçə natiqi ədası ilə dediyim bu sözlər yeznəmi lap qəzəbləndirdi. O, əllərini havada oynadır, «bu uşaq ailəmizi dağıdacaq, bunda xain bir jöntürk3 ruhu vardır», – deyə özündən çıxırdı.
Qaramürsəlli bibim təsadüfən orada olmasaydı, yeznəm mənimlə bəlkə daha ağır rəftar edərdi. Bibim araya girdi, qolumdan tutub məni bayıra çıxartdı. Yazıq bibim ağlı kəsdiyi qədər mənə nəsihət verir, başına gəlməkdən qorxduğu fəlakətlər üçün indidən ağlayır, üzümdən, gözlərimdən öpürdü.
Bir qədər sakitləşdikdən sonra hərəkətimə özüm də təəccübləndim. Cürətli bir mübahisəyə girişən deyildim. Doğrudur, yeznəmi sevmirdim, ağılsız qardaşıma hələ balacalıqdan bəri həqarətlə baxırdım, lakin onlarla belə savaşacağımı heç ağlıma da gətirməzdim. Olmaya özüm də hiss etmədən Müzəffərə həsəd aparırdım? Yoxsa o, qırmızı cildli balaca inqilabçı kitablar cücərti verməyə başlayırdı?
Məktəbi tərk etdikdən sonra tamamilə o kitablara qapılmışdım. «Gənc adam, iyirmi yaşına çatdın. Artıq özünə bir məslək seçmək məcburiyyətindəsən. Gəl sənə məsləklərin ən ülvi və şərəflisini mən məsləhət görüm. Bir gün bəşəriyyəti zülm və ədalətsizlikdən xilas edən məfkurə ordusunun əsgəri ol». Bu sözlərlə başlayan bir sosialist kitabı vardı ki, demək olar, əzbərdən bilirdim.
Belə müxtəlif kiçik hadisələr bir-birini təqib edir, ailəm mənə bir inqilabçı kimi baxmağa başlayırdı. Bu məni təəssüfləndirmirdi, əksinə, acı bir zövq duyur, «məfkurə əsgərinin» çəkdiyi iztirablarla fəxr edirdim.
Günlər, aylar bu cür keçdi. Çox dəyişirdim. Təbiətimdəki nəşə sönmüşdü. Bundan yeddi-səkkiz il əvvəlki sağlam, şən, şuluqçu İffət, arıq, sarışın sifəti, qulağa taxılan eynəyinin dalından titrəmədən baxa bilməyən sarı zəif gözləri ilə hərəkətsiz, kədərli bir gənc olmuşdu.
***
Xəlfə Kamiyabı dəfn etdiyimiz gün idi. Paroxodla Əyupsultandan qayıdırdım. Dayəmin dəfnində mənimlə qoca lələdən başqa heç kəs iştirak etməmişdi. Yazığın vəfatına fədakar bir pişiyin ölümü qədər də əhəmiyyət verməmişdilər.
Hava çox sərin və küləkli olduğu halda, göyərtədə oturmuş, eynəyimi çıxartmışdım. Ətrafımı buludlu görürdüm. Beynimdə də hər şey belə dumanlı və anlaşılmaz idi. Bu qoca çərkəz dayənin vəfat etməsi ilə qəlbimdə bu qədər boşluq əmələ gəldiyini təsəvvür etmirdim.
Birdən deyəsən birini Cəlala oxşatdım. O da mənə baxırdı. Başımı aşağı saldım.
– İffət bəy, sizə bir sözüm vardır, – dedi.
Ayağa qalxdım, yenə üzünə baxmadan:
– Buyurun, – dedim.
– Keçən il sizinlə haqsız olaraq pis rəftar etdim. Həqiqət sonradan meydana çıxdı. Vəcdibəyi şeytanlayan, onun yerinə göz dikən bir müəllim imiş… Məktub yazıb sizdən üzr istəyəcəkdim, mümkün olmadı. Məni bağışlayın.
Həyəcandan dilim söz tutmurdu. Bir-birimizin əlini sıxdıq, yan-yana oturduq. Əvvəlcə rəsmiyyətdən əl çəkmir, güclə söhbət edirdik.
Cəlal dayəmin vəfat etdiyini öyrəndikdə ürəkdən təəssüfləndi, dərdimi başa düşdüyünü göstərən sözlərlə mənə təsəlli verməyə başladı. Onu dinləyərkən qəlbimdəki tutqun qüssə saf bir matəmə çevrilir, gözlərimdən sevgi və şəfqətlə dolu yaşlar süzülürdü.
Ölüncəyədək dost və qardaş olaraq qalacağımızı bir-birimizə vəd edib ayrıldıqda sanki ürəyimin bütün zəhəri axıb çıxmışdı. İndi daha özümü tək hiss etmirdim.
***
Məşrutə elan edildiyindən Qaramürsəldə xəbər tutdum. Damlacıqdakı malikanədə ağır qripdən yatırdım. Məşrutə xəbərini eşidəndən sonra bibim məni üç gün güc-bəla ilə yataqda saxlaya bildi. Dördüncü gün xəstə-xəstə paroxoda mindim.
Nəhayət, istədiyim olmuşdu. Bununla belə ümid etdiyim qədər sevinmirdim. Atam, bacım, qardaşım, qohum-əqrəbamız saraya mənsub idilər. Onların başına nələr gələcəkdi?
Paroxod yaxınlaşarkən sahildən bir nümayişçi dəstəsi keçirdi. İzdiham, musiqi, «Yaşasın azadlıq» deyə bağıran səslər, dalğalanan bayraqlar ağlımı başımdan aldı. Bunlar illərdən bəri mənim uşaqlıq, gənclik röyalarımı dolduran şeylər idi. Qəlbimdə ancaq möcüzə görəndə hiss edilə bilən həyəcanlar və sarsıntılarla dəstəyə qarışdım. Şəxsiyyətimi, varlıq hissimi itirmiş halda, coşqun bir selin içində bir damcı su kimi özümü dəstəyə qatdım. Yeridim, yeridim, ta bir tinə çatana qədər, məhv olmalarını allahdan istədiyimiz müstəbid içində Xalis paşanın adını eşidənə qədər yeridim…
O vaxt yanımdakılardan fərqli olduğumu anladım, dəstədən ayrılıb geriyə döndüm.
Artıq uzaqlaşan, nə dediyi eşidilməyən səslərin hələ də «Məhv olsun Xalis paşa!» bağırdığını zənn edirdim.
Atam gözümün qarşısından çəkilmirdi. Onu kitab dolabının qarşısında durub «Mən xəfiyyə deyiləm», – deyə and içdiyi dəqiqədəki üzgün halında görürdüm…
Ev dağınıq idi. Böyük bacım xəstə yatırdı. Xidmətçilər matəm içindəydilər, əhvalatı mənə də danışdılar: azadlıq elan olunduğu gün yeznəm, deyəsən, Misirə qaçıbmış… Atama da qaçmağı təklif ediblərmiş, lakin razı olmayıb. Mənim gəlməyimdən bir gün əvvəl küçədən bir dəstə nümayişçi keçirmiş… «Məhv olsun Xalis paşa!» – deyə bağırıblar. Bir neçə şüşə sındırıblar… İki saatdan sonra atamı tutub aparıblar. İndi harada olduğu məlum deyil…
Evdə hamı mənə acıqlı nəzərlə baxırdı. Hətta bacım:
– Artıq istədiyin oldu! – deyə məni acıladı.
***
Aradan iki gün keçdi. Evimiz karantinli evlərə oxşayırdı. Qohumlardan, dostlardan heç bir kəs qapımızı döyməyə cəsarət etmirdi. Üçüncü gün Mahmud əfəndi gəlib atamdan xəbər gətirdi: polis şöbəsində dustaq imiş, görünür, Midilliyə sürgün edəcəklər.
Bacım, qardaşım, xidmətçilər uşaq kimi ağlayırdılar.
– Siz onun özü ilə görüşdünüzmü, Mahmud əfəndi? – deyə soruşdum.
Müəllimim utanmış halda önünə baxaraq:
– Xeyr, hələ gedə bilməmişəm, – dedi.
– Elə isə bu gün birlikdə gedərik.
Bacım etiraz etdi. Müzəffər isə dedi:
– İndi ara çox qarışıqdır… Səbir elə, bir-iki gün keçsin, sonra birgə gedərik.
Heç birinin sözünə qulaq asmadım:
– Mahmud əfəndi də getməsə, mən tək gedəcəyəm, – deyə təkid etdim.
Atamı görmək asan olmadı. Yazıq Mahmud əfəndi artıq heç tərpədə bilmədiyi iflic ayağını sürüyə-sürüyə üç saat o yan-bu yana qaçdı. Bir çoxlarına yalvardı. Nəhayət atamın yanına girməyimizə icazə verdilər.
Qapıda uzun-uzadı üst-başımızı axtardılar. Cüssəli bir polis nəfəri bizi dar, qaranlıq koridorlardan keçirib apararkən başım gicəllənir, dizlərim əsirdi. Görəsən vüqarlı, möhtəşəm atamı nə halda görəcəkdim?
Atam kiçik bir otaqda, dəmir çarpayı üstündə yarı uzanmış halda siqar çəkirdi. Mahmud əfəndi ağlayaraq atılıb əllərindən tutdu.
Atam, əksinə, gülürdü.
– Bu dünya arası kəsilməyən inqilablar dünyasıdır – qəm yemə Mahmud əfəndi.
Atamı bu qədər şən və sakit görəcəyimi heç ağlıma belə gətirməmişdim. Evdəkiləri soruşdu:
– Nə edirlər? Qorxudan xəstələnən-zad yoxdur ki?
İşdir Müzəffərin nə üçün gəlmədiyini soruşsa cavab vermək üçün fikrimdə söz hazırlayırdım, lakin qardaşımın adını belə çəkmədi.
Yarım saatadək oturduq. Durub getmək istədikdə atam bir kağız parçasına nə isə yazıb:
– İffət, – dedi, – sənə kitab dolabının açarını verirəm, yazdığım bu kitabları tap. Bacın bir neçə dəst tuman-köynək hazırlasın. Bəlkə biz sabah axşam yola düşdük. Hüseyn ağa ilə göndərərsiniz yaxud…
O azacıq tərəddüddən sonra əlavə etdi:
– Sən özün gətirə bilərsənmi, oğlum?
Hiss etdim ki, atam İstanbuldan gedərkən məni bir də görmək istəyir, lakin bunu açıq demir ki, qürrələnmə kimi çıxmasın.
Mənim cavab verməyimi gözləmədən atam Mahmud əfəndidən soruşdu:
– İffətin sabah gəmiyə gəlməsinin bir qorxusu varmı?
Müəllimim:
– Nə qorxusu ola bilər, paşam… Sabah gəmiyə gedərik, eləmi, İffət bəy? – dedi.
Mən öz qəti qərarımı vermişdim. Dedim:
– Mən sizinlə Midilliyə gedəcəyəm, ata.
Atam heyrətlə üzümə baxdı.
Dəyişməz bir inamla sözümə davam etdim:
– Tək getməyiniz yaxşı olmaz… Yanınızda sizi… çox sevənlərdən biri olmalıdır.
Atam qəmli-qəmli üzümə baxdı, razı olduğu üçün üzr istəyən bir tərzdə:
– Çox gözəl, İffət, – dedi.
***
Midillidə iki il yarım qaldım. Üç otaqlı kiçik bir evdə, demək olar, yoxsul həyat keçirirdik. İstanbuldakı evimizlə Böyükçəkməcə ətrafındakı malikanəmizin başı bağlanmışdı. Çox varlı zənn edilən paşa atamın, sürgündə ikən aldığı bir neçə lirəlik maaşdan başqa heç bir gəliri yox idi. Ölümünə üç ay qalmış bir gecə əlyazması divanını və təsbehini satmağa məcbur olmuşduq. Bu hadisə atamı çox kədərləndirdiyi üçün mənim də ürəyimdə dərd olmuşdu.
İstanbulla heç əlaqəmiz qalmamışdı. Əslində məşrutə ailəmizi dağıtmışdı. Bacım əri ilə birlikdə Misirdə idi. Qardaşım Müzəffər gözüaçıqlıq eləyib Böyükadada zəngin bir ailədən qız alıb onlarla yaşayırdı. Qalanlar – bayramlarda, mövlud4 axşamları atamın ətəyini öpməyə gələn qohum-əqrəba, dostlar indi adımızı belə çəkmirdilər. Hamısı azadlıqsevən adamlar olmuşdu. Təkcə Mahmud əfəndidən müntəzəm olaraq hər həftə məktub alırdıq.
Bizə üz verən bədbəxtlik sanki atama təsir etməmişdi. Yenə də əvvəlki kimi əynində xalatı, başında araqçını pəncərənin qabağında oturub divanlarını oxuyurdu.
Beləcə, bir hadisə baş vermədən iki il yarım keçdi. Qışın axırlarına yaxın günlərdən birində atam sətəlcəmdən öldü.
Ömrünün sonuncu günü ona dərman verirdim. Üzü mum kimi saralmış, gözləri yumulmuşdu. Ağır-ağır, çətinliklə nəfəs alırdı. Gözlərini açmadan əlimi tutdu, sinəsinin üstünə qoyub saxladı, sonra yavaş-yavaş dodaqlarına yaxınlaşdırıb, barmaqlarımın ucunu öpməyə başladı. Son nəfəsinədək bu vəziyyətdə qaldıq.
Midillidə boş keçirtdiyim bu iki il yarıma bəzən təəssüf edən kimi oluram. O vaxt, ölərkən atamın barmaqlarımı öpməsi yadıma düşür. Özüm-özümdən utanıram. Elə bilirəm ki, yazığın xatirəsinə bir hörmətsizlik etmişəm.
İstanbula qayıdandan sonra atamın keçirdiyi son günləri Mahmud əfəndiyə danışdım.
Qoca müəllim uşaq kimi ağladı.
– İffət bəy, – dedi, – mən müsəlmanam, yalan danışa bilmərəm. Atanız barəsində çox haqsızlıq etdilər. Xalis paşa namuslu adam idi. Bir qarışqaya da zərər vurmaq istəməzdi. Padşahın təkidlərinə baxmayaraq jandarm nazirliyində üç həftədən çox qalmadı. Yeganə nöqsanı tərk-dünya xasiyyətli olmasıydı. Hadisələrin gedişinə mane olmağın qeyri-mümkünlüyünə inanır, işi özbaşına axına buraxırdı. Məktəbdən çıxdığınız gün yadınızdadırmı? Xalis paşanı o günədək mən belə başa düşə bilməmişdim. Sizi otaqdan çıxartdıqdan sonra başını əlləri içinə aldı, üzü kül kimi bozarmışdı. Gözləri yaşla doldu. «İffət məni məhv etdi… Doğma övladımın belə, gözündən düşdüm…» – deyə şikayətləndi.
Bəli, gələcəyim üçün çox mühüm olan bir-iki ili atama həsr etməyimə əsla peşman deyiləm.
***
İstanbula qayıtdığım vaxt yaşım iyirmi birə çatmışdı. Məni bir gündən o biri günə çıxardan dolanacaq vəsaitim yox idi. Qardaşım evimizlə malikanəmizin geri qaytarılması üçün məhkəmədə məsələ qaldırmışdı. Lakin bu işdə müvəffəqiyyət qazanmaq ümidi çox az idi. Bir şey çıxsa da məsələnin həlli illərlə uzanacaqdı. Nə qardaşımdan, nə də başqa qohumdan kömək gözləyə bilməzdim.
Təhsilim yarımçıq qalmışdı. Midillidə bir çox kitab oxumuşdum, ancaq bunlar heç bir şeyə yaramayan əyləncəli şeylərdi.
Bununla bərabər cəsarətim yox olmamış, ümidim kəsilməmişdi. Pulda, böyük mənsəbdə gözüm yox idi. İşləməyə böyük həvəs hiss edirdim. Nə iş olsa görəcəkdim, ta ki, təmiz bir iş olsun.
Mahmud əfəndi ilə Cəlalın mənə çox köməyi dəydi. İkisi də universitetin hüquq fakültəsinə girməyimi istəyirdi. Mənim üçün təhsilimə mane olmayan bir iş də tapacaqdılar. Beləliklə, həm universitet davam edəcək, həm də özüm üçün dolanacaq vəsaiti qazanmağa başlayacaqdım.
Universitetə girmək çox çətin olmadı. İlk gündən etibarən böyük bir səylə çalışmağa başladım.
Midillidən qayıtdığım vaxt adada, qardaşımın evində qalmalı olmuşdum. Qardaşım arvadı məni çox yaxşı qarşılamışdı. Anası məni uşaqlarından ayrı gözlə baxmırdı, xülasə, bu evdə hamı məni sevirdi. Lakin mən heç rahat ola bilmirdim. Burada sıxıntı çəkir, kiçik bir iş taparaq müstəqil həyat sürəcəyim günü səbirsizliklə gözləyirdim.
Mahmud əfəndi ilə Cəlal mənim üçün tacir katibliyi, müxbirlik, müəllimlik kimi bir iş tapmağa çalışır, durmadan oraya-buraya müraciət edirdilər. Nəhayət, buna müvəffəq oldular.
Bir gün Mahmud əfəndi sevinə-sevinə universitetə gəlib dedi:
– Sizin üçün gözəl bir iş tapmışıq, İffət bəy. Deputat Cəmil Kərim bəyin uşaqlarına həftədə iki dəfə dərs deməyə keçəcəksiniz. Yaxşı da pul verəcəklər…
Cəmil Kərim bəy müəllimimin ən köhnə qonşularından biri idi. Min üç yüz iyirmi dördüncü ilə qədər5 mülki vəzifələrdə çalışıb vilayətləri gəzmişdi. Məşrutə elan edildiyi zaman rəisi olduğu qəzadan deputat seçilmişdi.
Ücretsiz ön izlemeyi tamamladınız.