Kitabı oku: «Psixo», sayfa 2
Sonra öz əhvalatını danışmağa başladı.
Şimalda – Feyrvell adlı kiçik şəhərcikdə təsərrüfat mağazası vardı. Sem orada işləyərək, atasına kömək edirdi. Elə düşünürdü ki, hər şey ona miras qalacaq. Lakin bir ildən sonra atası öləndə, Sem pis xəbərlər eşitməyə başladı.
Mağaza onun adına keçən kimi, atasının iyirmi minlik borcu da onun boynuna düşdü. Ev, mallar, hətta sığorta belə, borcun ödənilməsi üçün girov qoyuldu. Atası totalizatorda mütəmadi oynamağı və ora pul yatırmağı barədə Semə heç vaxt bir kəlmə də deməmişdi. Ancaq istənilən halda, Semin indi iki variantı var idi: ya özünü müflis elan etməli, ya da borcları ödəməyə çalışmalı idi.
Sem ikincini seçdi.
– Bu əla biznesdir, – o deyirdi. – Bununla, əlbəttə, varlı olmayacağam, amma mağazanı necə lazımdır işlədə bilsəm, ildə səkkiz-on min gəlirim olar. Əgər kənd təsərrüfatı texnikası ilə bağlı düzgün iş qura bilsəm, bəlkə, daha artıq qazanaram. Borcun dörd minini artıqlaması ilə qaytarmışam, belə getsə, bir neçə ilə bütün borcları bağlaya bilərəm.
– Ancaq başa düşə bilmirəm ki, bu qədər borcun ola-ola necə səyahətə çıxmısan?
Sem dişlərini ağartdı.
– Yarışda qalib gəlmişəm. Deməli, uduş istehsalçı şirkət tərəfindən ayrılır və kənd təsərrüfatı texnikasının satışından hamıdan çox gəlir əldə edən şəxs üçün nəzərdə tutulurdu. Səyahəti udmaq üçün çox da gözüm atmırdı, sadəcə borcları tez ödəmək istəyirdim. Dedilər ki, öz ərazim üzrə birinci yeri tutmuşam. Mükafatı nağd pulla almağa cəhd elədim, ancaq buna getmədilər: ya səyahət, ya da heç nə. Eybi yoxdur, bu ay elə də gərgin keçməz, köməkçimə güvənirəm. Məncə, başqasının hesabına istirahət etmək elə də pis deyil. Beləliklə, gəlib bura çıxdım. Səninlə tanış oldum. – O, gülümsünüb dərindən ah çəkdi. – Əgər bu, bal ayımız olsaydı…
– Sem, axı bizə nə mane olur? Demək istəyirəm ki… Lakin o, yenə ağır-ağır içini çəkib başını yellədi:
– Çox güman, borcları bağlayana qədər bunu iki-üç illik təxirə salmalı olacağıq.
– Mən gözləmək istəmirəm! Pullar məni maraqlandırmır. Agentlikdən çıxıb mağazanda işləyə bilərdim…
– Mənim kimi elə orada da yatıb-durmaq istəyirsən? – O, qımışmağa çalışsa da, üz ifadəsi dəyişmədi. – Zarafat eləmirəm. Arxa otaqda özümə balaca yer düzəltmişəm. Yediyim də lobya konservidir. İş o yerə gəlib çatıb ki, hətta şəhər bankirindən də xəsis olduğumu deyirlər.
– Bunların nə dəxli var? – Meri soruşdu. – Demək istəyirəm ki, özünə bu qədər məhdudiyyət qoymasan, onsuz da uzağı bir-iki ilə borclarını qaytaracaqsan. Bir də ki…
– Bir də ki, mən Feyrvelldə qalmalıyam. Yaxşı şəhərdir. Həm də kiçikdir. Hamı bir-birini tanıyır. İşlədiyim müddətdə hamının hörmətini qazanmışam. Eləcə dəstək olmaq üçün tez-tez məndən alver edirlər – hamı problemlərimin olduğunu bilir və onları həll etmək üçün var gücümü sərf etməyim hər kəsin xoşuna gəlir. Sonradan başımıza gələnlərə baxmayaraq, camaatın atama münasibəti həmişə yaxşı olub. Əsas odur ki, bu ad-sanı qoruya biləsən. Bu həm özümə, həm biznesimə lazımdır. Üstəlik, gələcəyimiz üçün də. Əvvəlkinə baxanda indi bu, daha vacibdir. Məgər elə deyil?
– Gələcəyimiz, – Meri ah çəkdi. – Axı sən iki-üç il deyirdin.
– Bağışla, ancaq ailə quranda gərək normal evimiz, yaxşı şəraitimiz olsun. Bunun üçün pul lazımdır. Heç olmasa, kredit götürmək imkanı olmalıdır. Hər dəfə tədarükçülərin pulunu gecikdirəndə buna qazancımın hamısını borcları ödəməyə sərf etdiyimə əmin olduqları üçün dözürlər. Bu, elə də asan və xoşagələn deyil. Ancaq nəyə nail olmaq istədiyimi yaxşı bilirəm və qarşıma qoyduğum məqsəddən daha azı məni qane eləmir. Azacıq gözləməli olacaqsan, əzizim.
Qız nə şifahi, nə də maddi inandırmanın ona təsir etməyəcəyini başa düşənə qədər səbirlə gözlədi və oğlana bu barədə sual vermədi.
Səyahət başa çatanda vəziyyət belə idi. Üstündən bir ildən çox vaxt keçdi. Bu müddət ərzində heç nə dəyişmədi. Keçən yay Meri onun yanına gedib, şəhəri seyr elədi; mağazada olanda hesab kitabında Semin əlavə beş min dollar da ödədiyini göstərən təzə qeydlərə rast gəldi.
– Cəmi on bir min qalıb, – Sem təkəbbürlə dedi. – İkicə ilə bunun da öhdəsindən gələcəyəm, bəlkə də, daha tez.
“İki il”. İki ildən sonra onun iyirmi doqquz yaşı olacaqdı. Artıq o, iyirmi yaşındakı kimi ərköyünlük eləyə, özündən çıxa və arxasınca qapını çırpıb gedə bilməyəcəkdi. Meri çox gözəl başa düşürdü ki, başqa yolu yoxdur: çətin ki, bundan sonra daha bir Sem Lumisə rast gəlsin. Ona görə də gülümsəyir, anlayışla başını tərpədir, sonra da Loveri Agentliyində kağızlarla əlləşmək üçün geri qayıdırdı.
Gündəlik işə çıxıb hər dəfə qoca Loverinin satışdan öz beş faizini götürməyini müşahidə edir, girov qoyulan etibarsız şeyləri yığıb hər şeydən ümidini üzmüş sahibkarlara hiyləgər qaniçən kimi cüzi pul təklifinə, sonra da tez və asan yolla yaxşı pullar qazanmasına şahid olurdu. İnsanlar hər gün nəsə alıb-satırdılar. Loveri isə özünə ortalıqda münasib mövqe seçərək, təkcə alıcı ilə satıcını bir araya gətirdiyi üçün hər iki tərəfdən öz beş faizini alırdı. Həyatda özünü təsdiqləmək üçün bundan başqa heç bir iş görmürdü. Olduqca varlı idi. Üstəlik, on bir min dollarlıq borcu ödəmək üçün dağa-daşa çıxmağa heç ehtiyacı da yox idi. Bəzən ikicə aya elə böyük gəliri olurdu ki…
Varlı olduğu üçün Meri bir çox alıcı və satıcılar kimi ona nifrət edirdi. Hamısından betər böyük iş adamı Tom Kessidi idi, neft sahələrinin icarəsindən yaxşı gəlir əldə edirdi. Əlini ağdan-qaraya vurmayıb həmişə əmlak müqavilələri imzalayır, azacıq qorxuya düşən bədbəxt adamların qoxusunu tez alır, onlara cüzi məbləğ təklif edir, əvəzində qat-qat baha satırdı. Bir sözlə, əlavə dollar üçün hər şeyə gedirdi.
O, qızına asanlıqla qırx min dollarlıq toy hədiyyəsi edə bilirdi.
Eləcə də Meri Kreynin stolunun üstünə rahatca yüzdollarlıq banknot qoyub – bu, təxminən, yarım il əvvəl olmuşdu – birlikdə Dallasa kiçik səyahətə yollanıb həftəsonunu orada keçirməyi təklif etmişdi.
Hər şey o qədər sürətlə, ehmalca və ötəri təbəssümlə baş verdi ki, heç məyus olmağa da imkan tapmadı. Ardınca cənab Loveri içəri daxil oldu və bununla da məsələ bitdi. Qız heç vaxt – nə camaat arasında, nə də təklikdə, Kessidinin təklifi haqqında nə düşündüyünü ona demişdi, Kessidi də sözlərini təkrarlamamışdı. Ancaq qızın yadından heç nə çıxmamışdı. Meri qocanın kök sifətində, ağzının suyu axan dodaqlarında yaranan təbəssümü unuda bilmirdi.
Bir də ki, dünyanın elə bu Tom Kessidilərə məxsus olduğunu heç vaxt yaddan çıxarmırdı. Onlar hər şeyə hakim idilər, hətta qiymətləri də istədikləri kimi müəyyən edirdilər. Qızına qırx minlik toy hədiyyəsi; üç günlük onun bədəninə sahib olmaq üçün Merinin qarşısına başdansovdu atılmış yüz dollar…
“Mən də qırx min dolları götürdüm…”
Lap köhnə lətifədəki kimi; ancaq bu baş verənlər heç də zarafat deyildi. Həqiqətən pulları götürmüşdü – ürəyində bu fürsəti, çoxdan, lap çoxdan gözləyirdi. Artıq hər şeyi istədiyi kimi yoluna qoyandan sonra qərəzli planın birinci hissəsi həyata keçmiş sayılırdı.
İndi cümə gününün axşamı idi. Banklar sabah bağlı olacaq, deməli, Loveri pulların hara yox olduğunu yalnız bazar ertəsi müəyyən edə biləcək. Həmin vaxt isə ofisdə izi-tozu da olmayacaq.
Daha bir yaxşı xəbər: Lila səhər tezdən Dallasa yola düşüb. Artıq işlədiyi mağaza üçün təzə plastinkalar almaqla məşğul olurdu. Çox güman, o da bazar ertəsinədək şəhərə qayıtmayacaq.
Meri birbaş evə gedib əşyalarını yığdı, əlbəttə, hər şeyi yox, ancaq ən yaxşı paltarlarını götürdü, onları çamadana qoyandan sonra kiçik gecə çantasını da hazırladı. Lila ilə birlikdə yığdıqları üç yüz altmış dolları boş krem şüşəsinin içində gizlətmişdilər, ancaq Meri onlara əl vurmadı. Evdə tək yaşamağa məcbur qalanda bu pullar Lilaya lazım olacaqdı. Meri əvvəlcə bacısına nəsə yazıb qoymaq istəsə də, sonra cürəti çatmadı. Qarşıda Lilanı bir neçə günlük ağır həyat gözləyirdi, lakin Meri artıq onun dadına çata bilməzdi. Bəlkə də, gələcəkdə bu barədə fikirləşməyə dəyər…
Saat yeddi radələrində Meri mənzili tərk etdi; bir saatdan sonra şəhər kənarında maşını saxlayıb şam etdi və “Yaxşı vəziyyətdə olan işlənmiş maşınlar” lövhəsi vurulan yerə sürərək, orada öz sedanını dəyişdi. Mübadilə zamanı xeyli pul itirdi, ancaq növbəti gün səhər dörd yüz mil şimaldakı şəhərcikdə eyni əməliyyatı edəndə ondan daha çox itirdi. Təxminən, günorta saatlarında növbəti mübadiləni edəndən sonra, cibində cəmi otuz dollarla sol qabaq buferi əzilmiş köhnə sınıq-salxağın sükanı arxasında oturmuşdu və bu heç də kefinə soğan doğramırdı. Əsas o idi ki, nə qədər tez-tez maşını dəyişib izləri itirsə də, dəyişdiyi maşın da hər nə zibil olsa da, təki əvvəl-axır onu Feyrvellə çatdıra bilsin. Oradan isə bir qədər də şimala üz tutub – ola bilsin, hətta Sprinqfildə gedəcəkdi – bu dəfə öz adı ilə imza ataraq, sürdüyü sonuncu maşını da sata bilərdi. Hakimiyyət orqanları buradan yüz mil uzaqda bir şəhərcikdə yaşayan hansısa missis Sem Lumisin harada olduğunu necə öyrənə bilərdilər ki?
Elədir, o, tez bir zamanda missis Sem Lumisə çevrilmək istəyirdi. Semin yanına gedib gözlənilməz varislik haqqında bayağı əhvalatı ona danışacaqdı. Qırx min dollar – çox böyük məbləğ olduğundan əlavə şeylər uydurmaq lazım gələcəkdi; ancaq bəlkə də, ona çatan hissənin cəmi on beş min olduğunu söyləyəcək. Bir də deyəcək ki, Lila da onun qədər alıb və dərhal işdən çıxaraq Avropaya gedib. Əgər belə demiş olsa, bacısını toya dəvət etməməyinin səbəbini açıqlamağa ehtiyac qalmayacaq.
Bəlkə də, Sem əvvəl pulları qəbul etmək istəməyəcək və şübhəsiz ki, yöndəmsiz sualların ardı-arası da kəsilməyəcək, lakin Meri hansısa yolla istəyinə nail olacaq. Dərhal ailə quracaqlar – elə ən vacib olan da bu idi. Bundan sonra onu missis Sem Lumis çağıracaqlar və Loveri Agentliyindən səkkiz min mil uzaqda mağaza sahibinin həyat yoldaşı kimi ömür sürəcəkdi.
Loveri Agentliyində Semin mövcudluğundan heç kəsin xəbəri yox idi. Əlbəttə, onlar Lilanın yanına gedəcəklər, o da dərhal bacısının harada olduğunu təxmin edəcək. Buna baxmayaraq, Meri ilə özü əlaqə saxlamamış onlara heç nə deməyəcək.
İş bu yerə gəlib çatanda, Meri bacısına hansı addımı atacağını, Semə və polislərə ağzından bir kəlmə qaçırmamalı olduğunu başa salmalı olacaqdı. Burada çətin bir şey yox idi: Lila məktəbi bitirmək imkanı qazandırdığı üçün bacısına çox borclu idi. Hətta ola bilsin ki, olan-qalan iyirmi beş minin bir hissəsini də bacısına verəcəkdi. Yəqin o, pulları götürməkdən imtina edər. Nəsə bir çıxış yolu tapmaq lazımdır; Meri qarşıda onu nə gözləyəcəyini planlaşdırmamışdı, vaxtı çatanda çıxış yolu tapar.
Hazırda onu düşündürən bircə şey var idi, o da Feyrvellə çatmaq. Xəritə miqyasını nəzərə alsaq, yolun mütləq məsafəsi dörd düym idi. Bir nöqtədən digərinə çəkilmiş dörd düymlük mənasız qırmızı xətt… Düz on səkkiz saat keçmişdi: on səkkiz saat ardı-arası kəsilməyən titrəyişlər, on səkkiz saat gözünü qıyıb maşın faralarına və günəş işığına zillənmək, yöndəmsiz oturuşdan bütün bədəninin sızıldamasına baxmayaraq, on səkkiz saat sükandan aralanmamaq, on səkkiz saat yoldakı tünlüklə, təkərlərlə və amansızcasına üstünə hücum çəkən dəhşətli yorğunluq dalğası ilə mübarizə aparmaq asan məsələ deyildi.
Leysan tökən zülmət gecədə lazımi döngəni buraxdıqdan sonra tanımadığı yolla naməlum istiqamətə gedirdi.
Meri üzü arxaya tuşlanmış güzgüyə nəzər salıb tutqun əksini gördü. Tünd qara saçları, üz cizgiləri – sanki hər şey qaydasında idi, bircə təbəssümü yoxa çıxmışdı, bir-birinə möhkəm sıxılmış iri dodaqları tarım çəkilmiş nazik xətti xatırladırdı. Görəsən bu soyuq, ifadəsiz simanı əvvəllər harada görmüşdü?
“Otağındakı güzgüdə – anasının ölümündən sonra həyatının alt-üst olduğunu hiss edərkən…”
Bütün bu vaxt ərzində o, özünü sakit, soyuqqanlı və hər şeyə hazırlıqlı hesab edirdi. Beynində nə qorxu, nə təəssüf, nə günah hissi var idi. Ancaq güzgülər heç vaxt yalan danışmır. Elə indi də həqiqəti üzünə söyləyirdi.
Dilsiz-ağızsız əksi səssizcə deyirdi: “Ayaq saxla. Semin yanına bu vəziyyətdə – gecənin bir yarısı, yorğun sifətdə, əzik paltarda, tələm-tələsik getmək olmaz. Şübhəsiz, bu xoş, gözlənilməz xəbəri dərhal ona çatdırmaq istədiyini deyə bilərsən, ancaq belə olan halda, ən azı həqiqətən bu xoşbəxtliyi yaşayan, tələsik bölüşməyə çalışan insan kimi görünmək lazımdır.”
İndi onun görəcəyi iş yalnız gecələməyə bir yer tapıb yaxşıca dincəlmək, səhər isə gümrah və hazırlıqlı vəziyyətdə Feyrvellə yetişmək idi.
Əgər elə bu dəqiqə sükanı döndərib yolu səhv saldığı yerə qayıtsa, təzədən şoseyə çıxacaq. Bəlkə, onda qalmağa motel tapa bildi.
Meri yumulmaqda olan gözlərini açmaq üçün başını yellədi. Sonra qəfil yolun kənarında yağış sularının qaranlıqda bir az da bulanıq göstərdiyi tərəfə boylandı.
O, kiçik binaya istiqamətlənmiş maşın yolunun kənarında vurulmuş lövhəni gördü.
“MOTEL – BOŞ YER VAR”. Lövhənin işığı yanmırdı – ola bilsin, birdən-birə hava qaralanda faraları işə salmağı yaddan çıxardığı kimi buranın sahibi də işığı qoşmağı unutmuşdu.
Meri maşını binanın qarşısına sürəndə hər tərəfin qaranlığa qərq olduğuna fikir verdi. Hətta binanın qurtaracağında, çox güman, ofis kimi nəzərdə tutulan kiçik şüşə köşkün də işığı yanmırdı. Yəqin, motel bağlıdır. Sürətini azaldıb içəri boylandı, sonra elektrik naqillərinin üstündən keçən təkərlərin buranın sahibinə işarə verdiyi barədə düşündü. Artıq motelin arxa tərəfində – təpənin yamacında qaralan evi də görə bilirdi; pəncərələrdən işıq düşürdü, yəqin ki, sahib orada idi. İndi aşağı enib onu qarşılayacaq.
Meri mühərriki söndürüb gözləməyə başladı. Dərhal yaranmış sakitlikdə gecə vaxtı onu əhatə edən qəzəbli yağış səsinin, külək vıyıltısının fərqinə vardı. Bu səslər yaddaşını silkələyirdi: anasının dəfn günü – onu həmişəlik düzbucaqlı qaranlığa tapşırdıqları vaxt da beləcə yağış yağırdı. İndi isə qaranlıq sanki hər tərəfdən tək-tənha qalmış Merinin üstünə gəlirdi. Belə yerdə adamın dadına nə pul, nə də ki, Sem çatardı. Hər şey sükanı bircə dəfə yanlış yerə fırlatdığına görə baş vermişdi. Daha buradan çıxış yolu yoxdur – sanki özü-özünə qəbir qazmışdı və təkcə içinə girib uzanmaq qalırdı.
Axı niyə belə şeylər fikirləşir? Əslində, onu soyuq məzar yox, isti yataq gözləyir.
Hələ də ümidsizlik hissinin haradan qaynaqlandığını anlamağa çalışırdı ki, birdən böyük qara kölgə zülmətdən qopub irəli çıxdı və kimsə maşının qapısını açdı.
3
– Sizə otaq lazımdır?
Meri yalnız qarşısında dayanmış bu tosqun, eynəkli adamı görəndə, yumşaq, tərəddüdlü səsini eşidəndə qərara gələ bildi: narahatlığa heç bir əsas yoxdur.
Başı ilə təsdiq edib maşından düşərkən baldırlarında küt ağrı hiss etdi, sahibin ardınca düşüb ofisin qapısınadək onu izlədi. Kişi qapını açıb içəri keçdi və işığı yandırdı.
– Bağışlayın, deyəsən, sizi gözlətdim. Bayaq evdə idim: anam özünü yaxşı hiss etmir.
Məkan adi təsir bağışlayırdı, ancaq ən əsası, bura isti, quru və işıqlı idi. Meri minnətdarlıqla büzüşdü və kök kişiyə baxıb gülümsədi. O, qeydiyyat kitabına doğru əyilmişdi.
– Bizdə təkadamlıq otağın qiyməti yeddi dollardır. Əvvəlcə baxmaq istəyirsiniz?
– Ehtiyac yoxdur. – Cəld pulqabısını açıb bir beşlik və iki birdollaqlıq əsginası qeydiyyat masasına qoydu. Sahibsə kitabı çevirib qələmi qıza uzatdı.
Bir anlıq tərəddüddən sonra adını “Ceyn Vilson” kimi yazdı, ünvan yerini isə “San-Antonio, Texas” sözlərilə doldurdu. Daha neyləmək olar, maşının üstünə Texas nömrəsi vurulmuşdu.
– Yükləri özüm aparacağam, – sahib qeydiyyat masasından aralanaraq dedi. Qız yenə addımbaaddım onun arxasınca düşdü. Pullar maşında, üstü rezinlə sarınmış həmin böyük zərfdə idi. Ən yaxşısı, pulları elə orada saxlamaq idi, bağlı maşında heç kim onlara əl vura bilməz.
Çamadanı ofisin böyründəki otağın qapısına qədər apardı. Əslində, ən yaxın otağı seçmişdi, ancaq bu Merini o qədər də maraqlandırmırdı, əsas odur ki, yağışdan canını qurtarmağa yer olsun.
– Axmaq havadır, – qızı özündən qabağa buraxaraq dedi. – Deyəsən, yolunuz uzun olub?
– Bütün günü.
Əlini düyməyə uzatdı və stolüstü lampa sanki çiçəklədi – onun sarı ləçəkləri bir anda işığa boyandı. Otaq sadə olsa da, mebellə təmin edilmişdi; qız hamam otağında duş kabinəsinin olduğuna diqqət yetirdi. Doğrudur, o, əsl vanna otağı arzu edirdi, ancaq hələlik bununla da keçinmək olardı.
– Qane edir?
Meri tez başını tərpətdi, elə həmin dəqiqə başqa şey də yadına düşdü.
– Burada yemək üçün mənə haranı məsləhət görərdiniz?
– Deməli belə, fikirləşmək lazımdır. Əvvəllər buradan üç mil aralıda yerli pivə ilə hamburger verirdilər, amma yəqin, təzə şose açılandan bəri oranı bağlayıblar. Yox, yaxşısı budur, Feyrvellə gedəsiniz.
– Çox uzaqdır?
– Haradasa on yeddi-on səkkiz mil olar. Magistrala qədər buradan düz gedib sonra sağa dönsəniz şosenin üstünə çıxacaqsınız. Sonra təxminən, on millik yol qalır. Qəribədir, nəyə görə birdəfəlik o yolla getməyib şimala tərəf sürmüsünüz?
– Yolu azmışam.
Tosqun başını yelləyib ah çəkdi.
– Belə də bilirdim. Təzə yol açılandan bəri burada ayaq saxlayan olmur.
Qız dalğın halda gülümsədi. Kişi hələ də dodaqlarını büzüb qapının arasında dayanmışdı. Meri başını qaldıranda baxışları toqquşdu, o, cəld gözlərini aşağı dikdi və qısıla-qısıla boğazını arıtladı.
– Ah, xanım… Bilirsiniz, ağlıma nə gəldi… Yəqin ki, belə havada Feyrvellə gedib-qayıtmaq ürəyinizcə olmaz. Demək istəyirəm ki, şam eləməyə hazırlaşırdım. Mənə qoşulsanız, çox şad olaram.
– Nə danışırsınız, yaxşı deyil.
– Niyə də yox? Heç bir narahatlığı yoxdur. Anam indi öz yatağındadır, həm də yemək-filan tədarükündə olmayacaq. Sadəcə soyuq qəlyanaltı hazırlayıb qəhvə dəmləməyə hazırlaşırdım. Təbii ki, əgər bu, ürəyinizcədirsə…
– Olsun…
– Danışdıq, əlüstü hazırlığımı görüb qayıdıram.
– Təşəkkür edirəm, cənab…
– Beyts. Norman Beyts, – deyə, arxaya çəkiləndə çiyni qapıya toxundu. – Buyurun, yuxarı rahat qalxmağınız üçün fanarı bura qoyuram. Ancaq yəqin, əvvəlcə islanmış pal-paltarı dəyişmək istəyərsiniz.
O geri döndü, lakin Meri tosqunun üzünün qızardığını görə bildi. İşə bir bax, o, həqiqətən, utanıb!
Təxminən iyirmi saatdan sonra ilk dəfə Merinin üzünə təbəssüm qondu. O, qapı örtülənə qədər gözlədi və gödəkcəsini çıxardı. Gecə çantasını çarpayının üstünə qoyub naxışlı paltarını soyundu. Hamam otağında olduğu müddətdə qırışların açılacağına ümid edərək asdı. İndi rahatlanmaq üçün yüngülvari imkan var, yalnız qayıdandan sonra onu əsl isti duş gözlədiyini düşünərək özünə təsəlli verdi. Bu dəqiqə ancaq yorğunluğunu çıxarıb gözünün acısını almağa ehtiyacı vardı. Təbii ki, əvvəlcə şam etmək lazımdır. Deməli belə: kosmetikaya aid nə varsa, çantadadır, geyinəcəyi mavi plaşı isə böyük çamadandadır…
On beş dəqiqədən sonra o, təpənin yamacındakı böyük evin qapısını döydü.
Qonaq otağının pəncərəsindən içəridə yanan yeganə lampa açıq-aydın görünürdü, lakin ikinci mərtəbə daha işıqlı idi. Əgər onun anası xəstə idisə, çox güman ki, həmin otaqda yatırdı.
Meri səbirlə içəridən cavab gözləsə də, qapıya yaxınlaşan olmadı. Bəlkə, sahib özü də yuxarıda idi… Qapını bir də döydü.
Sonra pəncərəyə boylanıb qonaq otağını diqqətlə nəzərdən keçirdi. Gözlərinə inana bilmirdi: ağlına da gəlməzdi ki, indiki zamanda hələ də belə evlər qalır.
Adətən, bina nə qədər köhnə olsa da, içərisini müasir avadanlıqlarla dəyişib təzələməyə çalışırlar. Ancaq bayaqdan gözünü zillədiyi qonaq otağı haqqında yenilənmədən söhbət belə gedə bilməzdi: gül şəkilli köhnə divar kağızları, qırmızı ağac materialından olan tünd rəngli ağır mebel, türk qırmızısı3 rəngli xalça, hündür arxalıqlı divan və kətillər, panellə haşiyələnmiş buxarı – hamısı adamı sanki ötən əsrin doxsanıncı illərinə aparırdı. Mənzərənin bütövlüyünü heç nə pozmurdu – hətta televizor da yox idi, amma arxa masanın üstündə əllə işə salınan qrammofon diqqətini çəkdi. Elə bu zaman Merinin qulağına zəif danışıq səsləri gəlməyə başladı, hətta ona elə gəldi ki, eşitdikləri qrammofonun borusundan çıxır. Sonra səslərin yuxarı mərtəbədəki işıqlı otaqdan gəldiyini anladı.
Meri bu dəfə qapını fanarın dəstəyilə döydü. Deyəsən, bu, işə yaradı, çünki bir anda danışıq kəsildi, yumşaq addım səsləri eşidilməyə başladı. Bir azdan cənab Beytsin pilləkənləri endiyini gördü. O, yaxınlaşıb qapını açdı və Merini içəri dəvət etdi.
– Üzr istəyirəm, – kişi dedi. – Anamı rahlayırdım. Hərdən gecələr onunçün çətin olur.
– Bayaq dediniz ki, xəstədir. Sizi narahat eləmək istəməzdim…
– Ah, yox, heç kəsin rahatlığını pozmursunuz. O, körpə uşaq kimi sakitcə yatacaq. – Cənab Beyts çiyni üstündən pilləkən tərəfə baxıb səsini alçaltdı. – Əslində, fiziki olaraq, tam sağlamdır. Amma hərdən olur da… – O, qəfil başını tərpədib gülümsədi. – Gəlin, plaşınızı götürüm, onu buradan asaq. Bax belə. İndi isə, buyurun bura, zəhmət olmasa…
Qız pilləkənin altından uzanan dəhliz boyunca onun ardınca getdi.
– Ümidvaram, mətbəxdə şam eləməyə etiraz etməzsiniz, – o pıçıldadı. – Artıq orada bizimçün hər şey hazırdır. Buyurun, əyləşin, indi sizə qəhvə süzərəm.
Mətbəx qonaq otağını tamamlayırdı – tavana qədər uzanan şüşəli şkaf da əl dəstəyi olan köhnə əlüzyuyanla ahəng təşkil edirdi. Küncdə böyük ağac soba qoyulmuşdu. Onun hərarəti otağı isitməyə bəs edirdi, uzun taxta masada qoyulan kolbasa, pendir, şüşə qabda evdə duza qoyulmuş xiyar ağ-qırmızı damalı süfrənin üstündən qonağı salamlayırdı. Merinin düşdüyü vəziyyət özünə gülməli gəlmirdi və hətta əl işi kimi divardan asılmış diqqət çəkən dua da onu qıcıqlandırmırdı.