Читайте только на Литрес

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Psixo», sayfa 3

Yazı tipi:

“İlahi, bu evə xeyir-dua ver”.

Qoy olsun. Bu, hansısa kiçik, alaqaranlıq şəhər kafeterisində tək-tənha oturmaqdan daha yaxşıdır.

Cənab Beyts boşqabı doldurmaqda qonağa kömək etdi.

– Buyurun, başlayın, utanmayın! Yəqin, möhkəm acmısınız.

Əlbəttə, qız ac idi, ona görə də yeməyə elə girişdi ki, əvvəlcə sahibin çox az yediyinin fərqinə varmadı. Xəbər tutanda isə azacıq pərt oldu.

– Siz ki bayaqdan heç nəyə əl vurmamısınız! Yəqin, axşam yeməyini bir az əvvəl yemisiniz.

– Xeyr. O qədər də ac deyiləm. – Qızın stəkanını təzədən qəhvə ilə doldurdu. – Bilirsiniz, anam hərdən kefimə soğan doğrayır. – O, bu dəfə də səsini qısdı və yenə danışığında bəraət notları eşidilməyə başladı. – Fikrimcə, bu mənim günahımdır. Onun qayğısını lazımınca çəkə bilmirəm.

– Burada tək qalırsınız? Yalnız siz və ananız?

– Bəli. Burada başqa heç kim olmayıb. Heç vaxt.

– Yəqin, sizinçün çox ağırdır.

– Şikayət eləmirəm. Məni düz başa düşün. – Eynəyini düzəldərək dedi. – Mən balaca olanda atam bizi atıb gedib. Anam məni təkbaşına boya-başa çatdırıb. Yəqin ki, o vaxt mən böyüyənəcən bizi təmin eləmək üçün əlində yaxşı pul var imiş. Sonra evi girov qoyub, sahəmizi satdı və bu moteli tikdirdi. Burada bir yerdə işlədik, təzə şose bizi hər şeydən təcrid edənə qədər işlərimiz pis getmədi. Düzdür, belə baxanda, anam işdən xeyli əvvəl uzaqlaşmışdı. Sonra onun qayğısına qalmağa başladım. Amma bu sizə elə də asan gəlməsin.

– Bəs başqa qohumlarınız yoxdur?

– Xeyr, heç kim.

– Heç ailə qurmamısınız?

Onun sifəti dərhal qızardı və gözlərini dama-dama süfrəyə dikdi.

Meri dodağını dişlədi.

– Məni bağışlayın. Şəxsi həyatınıza aid sual vermək fikrim yox idi.

– Hər şey qaydasındadır. – Onun səsi güclə eşidildi. – Heç evli olmamışam. Anamın… Bu barədə gülünc təsəvvürü var idi. Mən… mən hətta indiki kimi heç vaxt bir qızla eyni masa arxasında oturmamışam.

– Amma…

– İndiki vaxtda bu çox qəribə səslənir, elə deyil? Əlbəttə, başa düşürəm. Hər dəfə öz-özümə təkrar edirəm ki, mən olmasam, əl-ayağı hər şeydən üzülər. Əslində, bəlkə də, özümü köməksiz hiss edərdim.

Meri qəhvəni axıra kimi içib çantasından siqaret çıxardı və birinci Beytsə təklif etdi.

– Yox, çox sağ olun. Çəkmirəm.

– Mən çəksəm, etiraz eləməzsiniz ki?

– Əlbəttə, yox, buyurun. – Qəfil o, duruxdu. – Sizə içməyə bir şey təklif edərdim, ancaq, bilirsiniz, anamın evdə alkoqol iyindən acığı gəlir.

Meri arxaya söykənib dərindən nəfəs aldı. Sanki birdən-birə gözünə işıq gəldi. Gör bir isti otaq, dincəlmək, azacıq yemək – nələrə qadirmiş! Bir saat əvvəl tənha, bədbəxt və qərarsız idi. İndisə hər şey başqa cürdür. Bəlkə də, əhvalını dəyişən cənab Beytsin söhbətləri idi. Çünki o, həqiqətən tənha, miskin və xoflu idi. Ancaq nə qədər təzadlı olsa da, özünü ondan üstün sayırdı. Qızı danışdıran məhz bu hisslər idi.

– Siqaret çəkmirsiniz. İçki içmək qadağandır. Qızlarla görüşmək olmaz. Bəs motel işlətməkdən və ananıza baxmaqdan savayı bir iş görmürsünüz?

Deyəsən, o, qızın səsindəki eyhamı başa düşmədi.

– O-o, əslində, xeyli məşğuliyyətim var. Həddindən artıq kitab oxuyuram. Başqa hobbilərim də var. – Baxışlarını yuxarı rəfə yönəltdi və bu, Merinin nəzərindən qaçmadı. Müqəvva dələlər gözlərini oradan aşağı zilləmişdilər.

– Ov?

– Heç də yox. Mən ancaq onların içini doldururam. Bu dələni mənə Corc Blaunt verib. Özü ovlayıb. Anam silah gəzdirməyimi istəmir.

– Cənab Beyts, belə açıq danışdığım üçün üzr istəyirəm, ancaq bu cür yaşamağa hələ nə qədər davam etmək fikriniz var? Az yaşınız yoxdur. Yəqin başa düşürsünüz ki, ömrünün axırına kimi özünü balaca uşaq kimi aparmaq olmaz. Kobudluğuma görə bağışlayın, amma…

– Sizi gözəl başa düşürəm. Yaranmış vəziyyətin kənardan necə göründüyünü anlayıram. Məncə, artıq sizə çox oxuduğumu demişəm. Ona görə də belə şeylər haqqında psixoloqların nə dediyini də bilirəm. Ancaq anama qarşı münasibətdə öz borcumu yerinə yetirməliyəm.

– Ancaq, cənab Beyts, həm ananız, həm də öz vicdanınız qarşısında borcunuzu yerinə yetirmək üçün onu… müalicə müəssisəsinə yerləşdirmək daha yaxşı olmazdımı?

– O, dəli deyil!

Bu artıq bayaqkı zəif, yumşaq səs deyildi; o, bu sözləri olduqca sərt və ucadan dedi. Qarşısında dayanmış tosqun kişinin əlləri masanın üstündəki stəkanı qeyri-ixtiyari süpürüb yerə atdı. Meri başını qətiyyən döşəməyə çırpılıb çilik-çilik olan səsə tərəf çevirmədi; o, gözünü tanınmaz hala düşən sifətə dikmişdi.

– O, dəli deyil, – kişi təkrar etdi. – Məni nə sizin, nə də başqasının fikri maraqlandırır. Kitabda yazılanların da, həkimlərin sığınacaq barədə çərənlədiklərinin də, zərrə qədər əhəmiyyəti yoxdur. Bunun necə baş verdiyini yaxşı bilirəm. Gözün üstündə olmasa, onu tələm-tələsik dəlixanaya yazıb otaqda dustaq edərlər. Bircə dəfə zəng eləsən, bəsdir. Ancaq bunu eləmirəm, çünki onu yaxşı tanıyıram. Yəni başa düşmək belə çətindir? Mən onu tanıyıram, onlarsa yox. Anamın uzun illər necə qayğıma qaldığından xəbərsizdirlər: o zaman özünü necə oda-közə vurub işləməsi, hansı qurbanlar verməsi ətrafımızda olan heç kəsin vecinə deyildi. Əgər indi xasiyyətində qəribəlik varsa, bu yalnız mənim günahımdır. Keçən dəfə yanıma gəlib təzədən ərə getmək istədiyini deyəndə, onu fikrindən daşındırdım. Bəli, boynuma alıram, bu mənim günahımdır! Özü də buna görə mənə qısqanclıq, ya da tərslik haqqında moizə oxumaq lazım deyil – o vaxt özümü onun indiki davranışından daha betər aparırdım. Əgər bu sözü işlətmək istəyirdinsə, ondan on dəfə daha çox “dəli” idim. Həkimlər nə iş görüb, nədən danışdığımı, özümü necə apardığımı bilsəydilər, bir dəqiqənin içində məni otaqda kilidləyərdilər. Görürsünüz, əvvəl-axır bunu dəf edə bildim. O isə öhdəsindən gələ bilmir. Axı siz kimsiniz, başqasının harada olmasına qərar verirsiniz? Mənə elə gəlir, hərdən az da olsa, hamımızın dəliliyi tutan vaxt olur.

Danışığına ara verdi, ancaq ona görə yox ki, daha söz tapa bilmirdi, sadəcə nəfəsini dərirdi. Üzü tamamilə qıpqırmızı olmuş, qalın dodaqları əsməyə başlamışdı.

Meri ayağa qalxdı.

– Məni… Məni bağışlayın, – qız sakitcə dedi. – Doğru sözümdür, belə demək istəmirdim. Bir daha üzr istəyirəm. Belə şeylər danışmağa haqqım yox idi.

– Bəli, başa düşürəm. Eybi yoxdur. Sadəcə bu mövzuda kənar şəxslərlə danışmağa alışmamışam. Məsələ belədir, tək-tənha yaşayanda sanki bütün demək istədiklərin içində yığılır-yığılır və birdən içki şüşəsinin tıxacı kimi partlayır. Adam özünü lap həmin şüşə kimi, ya da yuxarıdakı müqəvva dələ kimi hiss eləyir.

Onun rəngi açıldı, üzündə təbəssüm yaratmağa çalışdı.

– Suyuşirin balacadır, elə deyil? Tez-tez ürəyimdən yanımda canlı heyvan saxlayıb onları əhliləşdirmək keçir.

Meri çantasını götürdü.

– Yaxşı, daha gedim. Artıq gecdir.

– Xahiş edirəm, getməyin. Bayaqkı axmaqlığa görə məni bağışlayın.

– Sizlik bir şey yoxdur. Həqiqətən, çox yorulmuşam.

– Mənə elə gəldi ki, bir az da söhbət edə bilərik. Sizə öz hobbilərim haqqında danışmaq istərdim. Zirzəmidə özümçün emalatxana kimi bir şey düzəltmişəm…

– Xeyr, sizə məmnuniyyətlə qulaq asardım, ancaq mütləq dincəlməliyəm.

– Daha neyləmək olar. Sizi ötürərəm. Hələ ofisi də bağlamalıyam. Çox güman, bu gün daha heç kim gəlməyəcək.

Onlar salondan keçib getdilər, sahib plaşını geyinməkdə qıza kömək etdi. Bu, Beytsin əlindən gəlmirdi, Meri onun artmaqda olan gərginliyini duydu, ancaq sonra işin nə yerdə olduğunu dərk elədi. O, qıza toxunmaqdan qorxurdu. Bəli, məsələ bunda idi. Yazıq Beyts, deməli, doğrudan da qadınlara yaxın dura bilmirdi!

Beyts əlində fanar evdən çıxdı, Meri də moteli dövrələyən çınqıllı yolla onu izləyirdi. Yağış kəsmiş, zülmət ətrafı bürümüşdü, səmada ulduzlar görünmürdü. Qız binanın kənarından dönən kimi çiyni üstündən geri qanrılıb evə nəzər saldı. İkinci mərtəbədə hələ də işıq yanırdı, “Görəsən, qarı oyanmayıb ki?”, – Merinin ağlından keçdi. “Bəlkə də, bayaqdan heç gözünü yummayıb – onların söhbətini və oğlunun axırda özündən çıxmasını eşidib…”

Cənab Beyts otağın kandarında ayaq saxladı, qız açarı yarığa salıb qapını açanadək gözlədi.

– Gecəniz xeyrə qalsın, şirin yuxular.

– Sağ olun. Qonaqpərvərliyiniz üçün minnətdaram.

O, ağzını açıb üzünü yana tutdu. Qız bu axşam ərzində artıq üçüncü dəfə idi ki, onun qızardığını görürdü.

Meri qapını örtüb içəridən kilidlədi. Dəhlizdən uzaqlaşan addım səsləri gəldi, sonra qonşuluqdakı ofis qapısının açıldığı eşidildi.

Daha oradan nə vaxt çıxdığını eşitmədi; çünki vaxt itirmədən əşyalarını yerbəyer etməyə girişdi. Pijamasını, başmaqlarını, gecə kremini, diş fırçası və məcununu çıxardı. Sonra çamadanda qurdalanıb sabah geyinəcəyi paltarı axtardı – Semlə görüşəndə o, məhz bu geyimdə olacaqdı. Gərək onu indidən asılqandan assın ki, gecə qırışları açılsın. Sabah hər şey yerli-yerində olmalı idi.

“Sabah hər şey yerli-yerində olmalı idi…”

Tosqunla söhbəti zamanı əmələ gəlmiş özünəinamı birdən-birə yoxa çıxdı. Doğrudanmı bu dəyişiklik gözlənilməz idi? Məgər bu hiss bayaq evdə – cənab Beyts özündən çıxanda başlamamışdımı? Görəsən onu bu qədər narahat edən sahibin hansı sözü idi?

“Mənə elə gəlir ki, hərdən az da olsa, hamımızın dəliliyi tutan vaxt olur”.

Meri Kreyn çarpayının üstünə tökdüklərini yığışdırıb yatağın üstündə əyləşdi.

Bəli. Bu həqiqətdir. Hərdən az da olsa, hamımızın dəliliyi tutan vaxt olur. Məsələn, elə onun özü, dünən axşam masanın üstündə pulları görəndə bu hissi yaşamışdı.

O vaxtdan bəri dəli kimi hərəkət edirdi, dəliliyi tamamilə labüd idi, çünki yalnız belə bir adam düşünə bilərdi ki, hər şeyi planlaşdırdığı kimi həyata keçirəcək. Baş verənlərin hamısı gerçəkliyə çevrilmiş yuxu idi. Bəli, bu yuxu idi. “Dəli” bir yuxu. Artıq o, hər şeyi başa düşürdü.

Bəlkə də, polisi izindən azdıra bilərdi. Ancaq Semin suallarından qaçmaq qeyri-mümkündür. “Miras vəsiyyət eləyən qohumun adı nədir? O harada yaşayırdı? Bəs əvvəllər niyə onu yada salmayıb? Pulları nağd almağa necə müvəffəq olub? Necə oldu ki, cənab Loveri onun birdən-birə işdən çıxmasını belə sakit qarşıladı?”

Hələ Lilanı demirəm. Tutaq ki, o özünü Meri istədiyi kimi apardı – polisə heç nə demədən ona baş çəkməyə gəldi, hətta bacısının xətrinə ağzından heç vaxt bir kəlmə qaçırmayacağına and içdi. Ancaq hər şeydən xəbərdar olması artıq bir fakt olacaqdı və bu, məsələni mürəkkəbləşdirirdi.

Tez, ya gec – əvvəl-axır Sem onsuz da Lilanı yoluxmaq istəyəcək, yaxud da onu qonaq çağıracaqdı. Buna görə də, heç nə alınan deyil. O, heç vaxt bacısı ilə əlaqə saxlaya bilməyəcək, Texasa qayıtmamağının səbəbini isə Semə başa salmaq mümkünsüz olacaq.

Yox, bütün bunlar dəlilikdən başqa bir şey deyildi.

Həm də artıq çox gecdir, heç nəyi dəyişmək olmaz.

Bəlkə də, olar?

Tutaq ki, indi yerinə girib yaxşıca dincəlib on saat yata bildi. Sabah – bazar günüdür; əgər moteldən səhər doqquz radələrində çıxıb birbaşa evə sürsə, bazar ertəsi səhər tezdən şəhərə çata bilərdi. Lila Dallasdan qayıtmamışdan və bank hələ qapılarını açmamışdan əvvəl yetişə bilsəydi, pulları hesaba köçürüb dərhal da işə yollanardı.

Əlbəttə, yorulub əldən düşəcəkdi. Ancaq canı çıxmazdı, əvəzində – heç kimin heç nədən xəbəri olmaz.

Hə, bir də maşın məsələsini yoluna qoymaq lazımdır. Gərək elə bir şey fikirləşsin ki, Lila ona inansın. Məsələn, Semə sürpriz hazırlayıb həftəsonunu onunla keçirməyə qərar verdiyi üçün Feyrvellə yola düşdüyünü deyə bilərdi. Yolda maşın xarab olur və onu yedəyə qoşmağa məcbur qalır. Sonra təzə mühərrik almaq lazım olduğunu deyirlər. Meri də maşını bu köhnə sınıq-salxağa dəyişib evə qayıtmağa qərar verir.

Hə, deyəsən, ağlabatandır.

Düzdür, əslində, bu səyahəti götür-qoy edəndə, fikrində tutmuşdu ki, səfər, haradasa, yeddi yüz dollara başa gələcək. Ancaq təkcə elə maşının qiyməti bu qədər elədi.

Həmin məbləği mütləq ödəmək lazımdır. Yeddi yüz dollar – başının salamat olması üçün o qədər də böyük məsrəf deyil. Alınsa, həm bu həngamədən canı qurtarar, həm də gələcək təhlükələrdən sovuşardı.

Meri ayağa durdu.

Elə belə də eləyəcək.

O, yenə özünü güclü hiss etdi, özünə inamı qayıtdı. Hər şey çox sadə imiş.

Əgər Meri dindar olsaydı, Allaha dua edərdi. Ancaq onu qəribə hiss bürümüşdü, sanki bu, – ona nə deyirlər? – hə… alın yazısı idi. Elə bil bütün gün ərzində baş verənlər – yolu azması, gəlib bura çıxması, bədbəxt tosqunla görüşü, onu özündən çıxarması və fikirlərinə hakim kəsilən sonuncu cümləsi – hamısı qismətinə yazılmışdı.

Hətta bir anlıq ürəyindən yaxınlaşıb onu öpmək keçmişdi, lakin sonra qımışıb görəsən, buna hansı cavabı alacağını fikrindən keçirmişdi. Yazıq kişi, yəqin, o dəqiqə özünü itirərdi!

O, yenə dişlərini ağartdı. Özünü yenidən güclü, inamlı hiss etmək çox xoşdur; yaxşı, görəsən, artıq duş kabinəsinə keçmək olar? Yaxşıca isti duş qəbul eləməyin əsl vaxtıdır. Daxilindəki çirkabı təmizləmək arzusu ilə su şırnağı bütün bədənindəki çirki yuyub aparana qədər onun altında dayanacaq. Meri tərtəmiz olacaq. Bəyaz qar kimi tərtəmiz…

O, vanna otağına keçdi, əyilib ayaqqabılarını və corablarını soyundu, sonra əllərini qaldırıb paltarını başından çıxardı və otağa tolazladı. Paltarı döşəməyə sərildi – cəhənnəmə ki! Əllərinin hərəkətilə sanki havada qövs cızıb lifçiyini açdı və barmaqlarını boşaltdı. Sonra da alt paltarını çıxardı…

Bir qədər qapının ağzında güzgüyə baxaraq, özünü gözdən keçirdi. Bəlkə də, üzdən ona iyirmi yeddi yaş vermək olardı, ancaq bədəni lap iyirmi bir yaşındakı gənci xatırladırdı. Qaməti göz oxşayırdı. Çox cazibədar görünürdü. Semin xoşuna gələcək. Kaş ki, o, elə indi yanında olub qızın bədənindən zövq alaydı. Əlavə iki il gözləmək cəhənnəm əzabı olacaq. Ancaq sonra hədər gedən bu vaxtın əvəzini çıxacaq. Deyirlər ki, qadın əslində otuz yaşına qədər tamamilə cinsi yetişkənliyinə qovuşmur. Bunu yoxlamaq lazımdır.

Bu fikirdə ikən Meri yenə qımışdı, xəyalında qarşı tərəfə zərbə endirib onu ram etdi, güzgüdəki əksinə hava öpüşü göndərib, eynilə həmin cavabı aldı. Sonra duş kabinəsinə keçdi. Su çox qaynar idi, kranın dəstəyini azacıq SOYUQ su tərəfə çevirəsi oldu. Nəhayət, hər iki kranı axıracan açmağa qərar verəndən sonra ətrafdan onu istilik dalğası bürüdü.

Suyun gurultusu qulaq batırır, hər tərəfdən buxar qalxırdı.

Buna görə də o, nə qapının açılmağını, nə də yaxınlaşan addım səslərini eşitmirdi. Kabinəni bağlayan pərdə aralananda buxar hələ onun üzünə kölgə salırdı.

Sonra qız asta-asta onun üzünü ayırd etməyə başladı – pərdənin arasından ancaq maska kimi havadan asılmış sifəti görünürdü. Başındakı şərf saçlarını örtmüş və şüşəyə oxşayan gözləri vəhşicəsinə ona zillənmişdi. Yox, bu maska deyildi. Kirşanla örtülmüş dərisi ölü sifəti kimi ağarmış, almacıqlarında təşviş doğuran iki tünd ənlik ləkəsi diqqət çəkirdi. Bu maska deyildi. Qoca və dəli bir qarının siması idi.

Meri çığırmağa başladı, elə bu vaxt pərdə daha geniş açıldı, buxar kölgələri içindən qəssab bıçağından möhkəm yapışmış bir əl irəli çıxdı. Bıçaq ani hərəkətlə onun çığırtısını kəsdi.

Elə başını da…

4

Norman ofisə daxil olan kimi titrəməyə başladı. Bu, əlbəttə, onun reaksiyası idi. Həddindən artıq çox şey baş vermişdi, özü də qısa müddət ərzində. O, sanki içki şüşəsinin içindəki məhbus kimi artıq özünü saxlaya bilmirdi.

“İçki şüşəsi”. Ona içmək lazım idi. Əlbəttə, qıza yalan demişdi. Əslində, anası evdə spirtli içki saxlamağa icazə vermirdi, amma bu vecinə deyildi. Şüşəni burada – ofisdə gizlətmişdi. Bəzən mədəsinin likörə qarşı dözümsüzlüyünə, başının hərlənməyi üçün hətta cəmi bir neçə unsiyanın da bəs etməsinə və hər şeydən təcrid olmasına baxmayaraq, içməmək mümkün deyildi. Bəzən, həqiqətən, insanın tamamilə təcrid olmaq istədiyi vaxtlar olur.

Jalüzləri aşağı salıb göstərici lövhənin işığını söndürmək vaxtında Normanın yadına düşdü. Vəssalam. Motel bir gecəlik bağlıdır. Jalüzlər salınandan sonra daha heç kim otağa zəif işıq verən stolüstü lampanı çöldən ayırd edə bilməzdi. Heç kim onun stolun çəkməcəsini balaca uşaq kimi əlləri əsə-əsə açıb, içki şüşəsi çıxarmağını görmək iqtidarında deyildi. Balaca uşaq öz butulkasını istəyirdi.

O, stəkanını qaldırdı və gözlərini yumub içkidən bir qurtum aldı. Viski onun içini yandırdı – bu əla idi. Qoy içindəki ağrı-acı yanıb kül olsun. Odlu maye boğazından keçib mədəsini alışdırdı. Bir qurtum da alsa, bəlkə, qorxu hissini tamamilə unutdu.

Qızı evə dəvət etməklə, böyük səhvə yol vermişdi. Norman bunu hələ kəlmə kəsməmişdən hiss etmişdi, ancaq qız elə gözəl, yorğun, bədbəxt görünürdü ki… O ki yorğun və bədbəxtliyin, dərdini heç kimə deyə bilməməyin, kimsənin səni başa düşməməyinin nə demək olduğunu çox gözəl bilirdi. Qızla yalnız bir qədər söhbət etmək niyyətində idi. Bir də ki, axı bu onun şəxsi evi idi, elə deyil? Anası kimi o da bu evin sahibi hesab olunurdu. Qarının hökmlə öz qaydalarını yeritməyə ixtiyarı yoxdur.

Ancaq istənilən halda, səhvə yol vermişdi. Əslinə qalsa, heç vaxt artıq hərəkətə cürət etməzdi, sadəcə bu gün anasına xeyli acığı tutmuşdu. Ona görə də əleyhinə getdi. Bu, yaxşı hal deyildi.

Lakin qızı dəvət edəndən sonra daha bir ağılsızlığa yol verdi. Evə gəlib anasına dedi ki, qonağı olacaq. Yataq otağına qalxıb xəbəri təntənə ilə elan elədi; bu, təxminən anasına: “Hünərin var, qarşısını al!” demək kimi bir şey idi.

Çox axmaq hərəkət eləmişdi. Onsuz da qarının vəziyyəti yaxşı deyildi, üstəlik, bura hansısa qızın təşrif buyuracağını deyəndə, qarı əməlli-başlı isterikaya düşdü. Əsəb pozğunluğu altında elə hey hədələməyə davam edirdi: “Əgər onu bura gətirsən, onu öldürəcəm! O qancığı öldürəcəm!”

“Qancıq”. Anası heç vaxt belə sözlər işlətməzdi. Amma həmin vaxt məhz belə dedi. O, xəstə idi, ağır xəstə idi. Bəlkə də, qız haqlı idi. Bəlkə, doğrudan da, anasını harasa yerləşdirmək lazımdır? Deyəsən, artıq təkbaşına öhdəsindən gələ bilmir. Heç özü ilə də bacara bilmirdi. Özünə nəsə edənlər haqqında anası nə demişdi? Bu günahdır. Onlar buna görə cəhənnəmdə yanacaqlar.

Viski hələ də onu yandırırdı. Artıq üçüncünü içirdi, lakin hələ də davam etmək istəyirdi. Bundan başqa da çox şeyə ehtiyacı var idi. Qız, həmçinin, bu mövzuda da haqlı idi. Belə yaşamaq olmaz. Daha belə yaşaya bilmirdi.

Nahar mərasimi özü də böyük sınaq idi. Hər dəqiqə anasının həngamə qoparacağından qorxurdu. Qarını qapalı otaqda saxlayıb, qapını qıfıllayandan bəri həmişə anasının divarları yumruqlayıb qışqırmağa başlayacağından ehtiyat etmişdi. Lakin hər şey çox sakit, hətta həddindən artıq sakit keçdi, sanki qarı yuxarıdan diqqətlə onlara qulaq asırdı. Yəqin ki, elə belə də olmuşdu. Ananı otaqda kilidləyə bilərsən, ancaq qulaqlarını qapamaq mümkün deyil.

Norman artıq onun yuxuya getdiyinə ümid edirdi. Yəqin ki, sabah qarı hər şeyi yaddan çıxaracaq. Hərdən belə şeylər olur. Ancaq başqa cür də olur: bir də görürsən, Norman Anasının hansısa hadisəni unutduğuna əmin olduğu bir vaxtda, üstündən neçə ay keçəndən sonra, qəflətən sanki aydın səmada ildırım çaxır – qarı hər şeyi xatırlamağa başlayır.

“Aydın səmada”… Altdan-altdan bu sözə güldü. Bu havada aydın səma nə gəzirdi. Hər tərəfi qara bulud almış, göylər sifətini bozartmışdı.

Birdən qulağına səs dəydi və tez stula dirsəklənib arxaya döndü. Yoxsa Anasıdır? Yox, ola bilməz, axı sən qapını kilidləmişdin, yadındadır? Yəqin bu, qonşu otaqdakı qızın səsidir. Əlbəttə odur: qızın çamadanı necə açdığını və yatmamışdan qabaq bəzi şeyləri götürdüyünü aydın eşidirdi.

Norman yenə içdi. Əsəblərini sakitləşdirməli idi. Bu dəfə viski işə yaradı. Daha əlləri əsmirdi. Qorxu hissi keçib getmişdi. Artıq qız haqqında fikirləşəndə heç nədən qorxmurdu.

Gülməlidir: birinci dəfə qızı görəndə Normanı dəhşət bürümüşdü – ona nə deyirdilər? Nəsə “i” ilə başlayırdı. İmperativ? Yox, bu deyil. Yanında qadın olanda o, özünü imperativ hiss etmirdi. İdiot? Yox, bu da deyil. Lap dilinin ucunda idi, kitabda yüz dəfə oxumuşdu. Anasının heç yuxusuna da girməzdi ki, onun belə kitabları var.

Yaxşı, nə isə. Qızın yanında dayananda o özünü çox pis hiss etmişdi, ancaq indi hər şey yaxşı idi. İndi gücü qayıtmışdı, əlindən hər şey gələrdi.

Belə bir qız haqqında xəyalından çox şey keçirdi. O, cavan, gözəl, həm də ağıllı idi. Qız Anası haqqında söhbət salanda, Norman özünü əməllicə axmaq yerinə qoymuşdu; indi gərək qızın haqlı olduğunu etiraf edəydi. Qız hər şeyi bilirdi, onun üçün bunları başa düşmək çətin deyildi. Ürəyindən keçdi ki, kaş bir az da oturaydı, söhbətləri bir qədər də davam edəydi…

Deyəsən, daha qızı heç yerdə görə bilməyəcək. Sabah o, çıxıb gedəcək. Həmişəlik gedəcək. Texasdan, San-Antoniodan gələn Ceyn Vilson. Maraqlıdır, görəsən o kim idi, hara gedirdi, daxilən necə insan idi? Beləsinə rahatca aşiq olmaq mümkündür. Bəli, cəmi bir dəfə görməklə, ona vurulmaq olardı. Burada gülməli heç nə yoxdur. Ancaq o, bunu eşidən kimi uğunub gedəcək. Qızların hamısı belədir, – adamı həmişə lağa qoyurlar. Çünki onların hamısı qancıqdırlar.

Anası düz deyirdi. Hamısı qancıqdır. Ancaq bir qancıq bu qız qədər gözəl idisə və üzünü daha heç vaxt görməyəcəyini bilirdisə, özünü ələ almalıydı. Sən onu yenidən görməyə “məcbursan”. Əgər azacıq da olsa kişiliyin çatsaydı, otağında olanda bu barədə söz salmalıydın. İçki şüşəsini gətirib içməyi təklif edə bilərdin, özün də ona qoşulardın, sonra onu qucağına alıb yatağa aparardın, bax onda…

Ücretsiz ön izlemeyi tamamladınız.

Türler ve etiketler

Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
16 kasım 2022
Hacim:
180 s. 1 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 4,8, 29 oylamaya göre
Metin
Ortalama puan 5, 2 oylamaya göre
Metin
Ortalama puan 5, 8 oylamaya göre
Ses
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 4,5, 257 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre