Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Üzdəniraq ada», sayfa 2

Yazı tipi:

– Mən belə baxıram, burada işləmək təhlükəsizlik xidmətində işləməkdən çətindir.

– Bəs nə bilmişdin?

Cəbrayıl qəhqəhə ilə güldü:

– Gör sənə necə böyük etimad göstərib belə şərəfli yerə işləməyə göndəriblər, – sağ əlini Şəfinin kürəyinə vurdu. – Yeri gəlmişkən, xərci bir otaqlı mənzilin qiymətinə yaxın olan işinin qədrini bil…

Şəfi onun nəyə eyham vurduğunu başa düşdü:

–Bilmirəm inanacaqsan, yoxsa inanmayacaqsan, mənim bu işə düzəlməyib üçün xərcim olmayıb.

– Onda belə çıxır ki, güclü “dayın” var. Düzdümü? – Şəfi susdu. – Burada hamının “dayısı” var. Fərqi yalnız böyük və ya balaca olmalarındadır…

***

Cəbrayıl əlinin yazısını saxlayıb təşvişlə Şəfidən soruşdu:

– Saat neçədir?

– Bir tamam.

– Dur, dur, tez elə, tez elə, gecikdik, – hövlank yerindən durub, furajkasını aradı.

– Hara?

– Obedə, nahara gecikdik, yeməkxanaya getmək lazımdı. Get-məyəndə, ya da gecikəndə rəisə çatdırırlar. O da iclasda adamın başını xarab edir.

Onlar tələm-tələsik əvvəl otaqdan, sonra binadan həyətin o biri başındakı yeməkxanaya tərəf addımladılar.

Yeməkxananın qapısı təzəcə açılmışdı. İçəri doluşmuş məh-kumlar geniş bir pəncərənin qarşısında sıra ilə növbəyə düzülmüşdü-lər. Rəisin növbətçi köməkçisi və bir neçə əməliyyatçı xörək və çörək paylayanlara nəzarət edir, göstərişlər verirdilər. Qapının yaxın-lığında dəstə rəisləri yığışıb nəyi isə müzakirə edir, o baş bu başa var-gəl edirdilər. Dəstə rəislərindən ikisi yox idi, haradasa ləngiyir-dilər. Həmişə onlara söz atıb məzələnən rejim Nurəddin adətinə xilaf çıxmadı:

– Bir vəzifədən ki, səkkiz dənə ola, o vəzifənin adını çəkməyə dəyməz, işləmək bir yana qalsın…

Dəstə rəislərindən yaşlısı onu cavabsız buraxmadı:

– Ə, sən, get kəkil ölçməyinlə məşğul ol.

Zalda üç cərgə dar uzun stullar və stol boyunca sağ və solda oturacaqlar düzülmüşdü. Bir stolun ətrafına on nəfər yerləşirdi.

Balandanın ağır iyi yeməkxanaya dolmuşdu. Alüminiumdan düzəlmiş ağ boşqab-miskiləri, tomatlı suda üzən bir neçə kartof və kələm parçasından ibarət xörəklə doldurub, oturacaqlarda əyləşən məhkumlar tələsmədən nahar edirdilər. Düzünə qalsaydı belə xörəklə doymaq mümkün deyildi. Odur ki, onlardan beş-on nəfəri çəkinmə-dən ikinci və hətta üçüncü dəfə növbəyə durub balanda alırdılar.

Az keçməmiş rəisin müavinləri də yeməkxanaya gəldilər. Onların gəldiyini görən çöldə dayanan zabitlər də içəri daxil olub zal boyunca nizamla düzüldülər.

Balandanın iyindən içəridə çox dayana bilməyən müavinlər yeməkxananın hər tərəfinə göz gəzdirib çölə çıxdılar.

Cəbrayıl qapının qarşısında əlində balanda ilə dolu miski tutan məhkumun qarşısını kəsmişdi:

– Qaytar, qaytar geriyə. Baraka yemək aparmaq olmaz, rəis tapşırıb.

– Cəbrayıl müəllim, kəndçimçin aparıram, xəstədir, gələ bilmir.

– Xəstədir, getsin sançasta. Ya da get növbətçidən icazə al, sonra apar. Sən bilirsən ki, yeməkxanadan yemək daşımağa ancaq üzdəniraqlara icazə verilib. Sən, üzdəniraq deyilsən?

– Cəbrayıl müəllim, bu nə sözdür, – məhkum incidi, – nə olar qoymayın, Allah canınıza dəyməsin, – miskini stollardan birinin üstü-nə qoyub, burnunda mızıldanıb çölə çıxdı.

Cəbrayıl zala daxil olandan hər şeyə nəzər yetirən Şəfiyə məsləhət verdi:

– Bax, belələrini görəndə, sən də qarşısını al. Səni daha da tez tanıyarlar.

– Bəlkə, doğrudan xəstə olanı var?

– Xəstələri biz tanıyırıq, kim xəstədir. Bu xörək daşıyanların çoxu şusturyaklık edir. Başdanxarabın birisi oturur barakda, belələri-ni göndərir ki, get mənimçün balanda gətir.

– Yeməyə hamı gəlmir?

– Xeyir. Əvvəllər on faizi gələrdi, indi çöldə yaşayış çətin-ləşdiyi üçün yarıya qədəri gəlir.

Bayaqdan bütün zal boyu var-gəl edən dəstə rəisi mayor Nuru müəllim onların bərabərinə çatanda Şəfiyə dedi:

– Məsəl var, atı atın yanına bağlarsan həmrəng olmasa da, həmxasiyyət olar. İndi nəbadə bunun xasiyyətlərini öyrənəsən, – Cəb-rayılı göstərirdi, – işini öyrən, amma xasiyyətini yox.

– Xasiyyətim nə qədər təhlükəli olsa da, ayağı sürüşkənlikdə sizə çatmaram.

– Gördün? – Nuru Şəfiyə sual etdi, – bu hələ mədəni forması-dır.

– “Körpə” hardadır, gözə görünmür, – Cəbrayıl maraqlandı.

– Sən bilərsən. Gül kimi uşağı korladın, vələdüzna etdin. İndi nə bilim, kim qucağına alıb?

– Indi şəbədə edirsən, vaxt gələcək rəis olacaq, yalmanacaq-san. Niyə də olmasın? Yuxarıda adamı da var, yetərincə pulu da var, nə olsun ki, özəl universitet bitirib…

– “Körpə” kimdi? – Şəfi soruşdu.

– “Körpə” səhər iclasda gördüyün uzun, arıq leytenant var idi ha, – Cəbrayıl eyni zamanda onun yerişini yamsıladı, – Rahib, hə onun aya-masıdı. Bir ildir işləyir. Təzə gələndə ona da mən hamilik etdim, fırıl-dağın biridir, “körpə” olmasına baxmayaraq. Hə, qardaş burda hamının ayaması var. Darıxma, bir-iki günə sənə də ayama tapacaqlar, – ətrafdakı rəislərə işarə edib sadaladı, – alkaş, qaqaş, bozdar, masya, zır-zır. Nuru da ki, xəbərin olsun, obşakdır. Bizim obşakımız. Amma, ağlına başqa qafiyəli söz gəlməsin ha…

Nuru tez cibindən iri bir təsbeh çıxarıb onun kürəyinə zərblə çırpdı:

– Ay səni, “çort”…

***

Saat ikidə məhkumların naharı bitdi. Axıra qalmış son beş-on nəfər də nəzarətçilərin hay-küyü ilə çölə çıxarıldı və yeməkxananın qapısı bağlandı. Zabitlər hərə öz otağına çəkildi. Şəfi də Cəbrayılla otağa qayıtdı. Yerində rahatlanıb oturandan sonra əlini mədəsinin üs-tünə aparıb Cəbrayıldan soruşdu:

– İşçilər burada naharı necə edirlər?

– Baxır da, kimə necə sərf edir, – Cəbrayıl hazırlıq görərək, qarşısına düzülmüş kitab-dəftəri bir qırağa yığaraq stolun üstünü sah-manladı, – çöldə, qapıdan əlli metr aralıda yeməkxana var, imkanlı oğlanlar naharı orada yeyirlər.

– Xərci nə qədərdir?

– Ay ərzində eləyir təqribən maaşın otuz faizi.

– Çox deyil?!

– Az da deyil. Bu belə. Adam var yeməyini əlində evdən gəti-rir. Ya imkanı azdı, ya mədəsi xəstədir. Bəzisi də dustaqdan nəsə alıb yeməyi ayıb sayır. Ancaq, məncə bu ağılsızlıqdır. Uçastkovu öz sahə-sindən dolanır, yol polisi sürücüdən alır. Mən də dustaqla işləyirəm, dustaqdan da dolanmalıyam. Dustaq da bizim kimi insandır, nə olsun məhkum olunub. Əhmədə tapşırmışam, hər gün görüşə gələn ərzaqdan mənə nahar hazırlasın. Niyə də yeməyim? Düz demirəm? Görən Əhməd bu gün nə hazırlayıb?

Cəbrayıl qapıya tərəf getmək istəyirdi ki, Əhmədin köməkçisi əlində ağzıbağlı tava otağa daxil oldu

– Bəh, bəh, bəh… Nədi ə, bişirdiyiniz?

– Rəis, kartof qızartmasıdır, – məhkum cavab verdi.

– Əla, əla, belə yeməyi heç şah da yemir. Şəfi, yaxın otur, başla, yoxsa mədəmizdə şirə qalmayacaq.

***

Cəbrayıl naharını qurtardıqdan sonra, əvvəl çarpayıya uzanıb dincəlmək istədi, lakin qolundakı saatına baxıb qərarını dəyişdi:

– Gün yarını keçdi, bir iş görmədim, gedim fırlanım görək nə var, nə yox.

O, otaqdan çıxdı, üç dəqiqə keçmədi, bir məhkumu qabağına qatıb geri qayıtdı:

– Əlivi çıxar cibindən, özün də düz dayan, – yerində əyləşdi, qələmini götürüb stolun üstündəki kağıza qeyd etməyə başladı.

– Adın, soyadın, maddən? Yaxşı, adam üçün neçə dəfə keçər-lər? Deyilib ki, barakda siqaret çəkmək olmaz. Şəxsən rəis göstəriş verib.

– Cəbrayıl müəllim, vallah, barakda çəkmirdim, elə yandırıb çölə çıxmaq istəyirdim ki, gəlib tutdunuz, – məhkum yalvarışlı səslə Cəbrayılın sözünü kəsdi, – keçin taxsırımdan.

– Xeyr, keçməz. Çox keçmişəm, axırıncı iki xəbərdarlığımı tarixi ilə bax bura da qeyd etmişəm, – qarşısındakı dəftərlərdən birini vərəqləyib göstərdi, – məhkumla tərbiyəvi mövzuda söhbət apardım, görürsən, xeyri nə oldu? Sən necə vardın elə qalmaqda davam edirsən. Odur ki, səndən bu dəfə rəisin adına raport yazıb cəzalandırılmağını xahiş edəcəyəm. Axırıncı dəfə şizoda nə vaxt olmusan?

– Bir il qabaq.

– Deynə darıxmışam da, elə sənə lazımmış havavı dəyişəsən.

– Cəbrayıl müəllim, mən şizodan qorxan oğul deyiləm. Şizonu biz dustaqlar üçün tikiblər də… Amma, baxır nədən ötrü, bir siqaretə görə orda yatmağa dəymir. Düz deyirsiz, mənə çox hörmət etmisiniz, qabağınızda xəcalətliyəm. Vallah, srağagünkü görüşə yez-nəm gəlmişdi, əliboş, heçnəsiz… Üzüqara qaldım hamının qabağında, elə sizin də. İçəri manat keçirənə, yalan danışana Allah lənət eylə-sin…

– Dayan, saxla, üyüdüb tökürsən. Sən nə danışırsan? Səndən pul istəyən oldu? Səndən qoyulan qayda-qanuna əməl etmək tələb olunur, başqa şey yox.

– Cəbrayıl müəllim, bu dəfə də keçin günahımdan. Mən rəisin qabağına getməyim. Yaxınlarda məmə gələcək, anamı deyirəm, adınıza layiq xəcalətinizdən çıxaram.

– İş ki, qaldı məmə gələnə, ölən günü sal yada. Ə, yeri ə, mənə nağıl danışma. Get, əynini qaydaya sal, hazırlaş, indi yorğunam, idarəyə getməyə həvəsim yoxdur, axşam yoxlamasında səni aparacağam yuxarı.

O, yuxarı deyəndə müəssisənin idarəsinin ikinci mərtəbəsini nəzərdə tuturdu. Suya düşmüş cücə kimi büzülmüş məhkum, dinməz-qanıqara dəhlizə çıxdı.

– İndi fikir ver, dalısıyca neçəsi gələcək, – Cəbrayıl onun arxasınca gülümsədi, – yoruldum, bir az dincəlim, – çarpayıya uzandı.

Şəfi həm öyrənmək, həm də başını qarışdırmaq məqsədi ilə stolun üstündə qalaqlanmış dəftərlərin hamısını tələsmədən, səbrlə gözdən keçirirdi. Cəbrayıl elə təzəcə mürgüləyirdi, otağa üç nəfər – biri cavan, ikisi orta yaşlı məhkum daxil oldu.

– Cəbrayıl müəllim, – onların ən böyüyü dilləndi, – siz allah bağışlayın, gəldik narahat eylədik, o bizim uşağa görə gəlmişik, barakda siqaret çəkibmiş, bir qələtdi eyləyib, keç onun günahından bizim xətrimizə…

– Ağasəlim, – Cəbrayıl söhbətin uzanacağını duyub, könülsüz yerindən dikəlib çarpayıda oturdu, – Allaha şükür, neçə illərdir biz bir-birimizi tanıyırıq. Sən mənim xasiyyətimi bilirsən, sənə olan hör-mətimi də bilirsən.

– Allah canıvı sağ eləsin, hörmətivi əskik eləməsin, – Ağasə-lim deyilən məhkum razılıqla başını tərpədib əlində tutduğu təsbehi asta-asta çəkdi. Cəbrayıl sözünə davam etdi:

– Amma beləsindən ötrü gəlib ağız açmağa dəymir. Onun gözündən gəlməsin, mən ona nə qədər hörmət eləmişəm. Nə qədər keç-mək olar, hə? Ona görə də incimə, bu məsələyə üz vurma, mümkün deyil…

– Cəbrayıl müəllim, – Ağasəlim səbirsizliklə onun sözünü kəsdi, – sözüvün qabağında balan dursun, biz dünyagörmüş adamlarıq, hər şeyi başa düşürük. Sən də haqlısan, ancaq, indi bu bədbəxt oğlu gedib üç-beş gün şizoda yatmaqla nəsə dəyişəcək? Özün fikirləş, bizə heç ləzzət eləməz ki, gələk sənə xahiş edək, sözümüz yerə düşsün. Sən yola ver, mən özüm onu necə lazımdı başa salaram, bir də belə qələt eləməz.

– Cəbrayıl müəllim, – Ağasəlimlə gəlmiş o biri yaşlı və cavan məhkum da söhbətə qoşuldular, – biz də söhbət edərik, başa salarıq.

– Onda bir şərtlə, – Cəbrayıl çarpayıdan qalxıb öz stulunda əyləşdi, – bu anlamaz üçün gələn dəfə gəlib mənə xahiş etməyəcək-siniz.

– Nə olar, lap yaxşı, sən necə deyirsən elə də olsun, – Ağasə-lim dilləndi.

– Düzünü deyirəm, mənim onun haqqında fikrim qəti idi. Daha siz ki, təkid edirsiz, qurban olsun sizə, eybi yox.

– Çox sağ ol, Allah səni həmişə var eləsin, balovu saxlasın, – onlar bir-birinə imkan vermədən Cəbrayılı alxışladılar.

– Özün görəcəksən, hər şey yaxşı olacaq, – bunu da Ağasəlim sağollaşıb çıxarkən dedi.

– Bu kimdir, olmaya obşakdı? – Şəfi soruşdu.

– Yox, obşak ha… – Cəbrayıl şaqqanaq çəkdi, – “g…n” birisidir, yerlilərinə himayədarlıq edir. Obşak belə olmur. Qarşımıza çıxsa gös-tərərəm sənə. Nurunu demirəm ha, Nuru dəstə rəislərinin obşakıdır, – Cəbrayılın bir balaca kefi durulmuşdu.

– Hər şeyin yaxşı olacağı nə vaxta nəzərdə tutulur? – Şəfi Ağasəlimin sözünə eyham vuraraq soruşdu.

– Nə bilim, bunların düz əməlli sözü olur ki. Olmayacaq, qa-çan yerləri yoxdur. Üç-beş gündən sonra onu yenə yaxalayacağam, onda nə edəcəyimi özüm biləcəyəm. Üstümə xahiş-minnətə keflərin-dən gəlmirlər, bilirlər ki, “yuxarıya” aparılsalar istər əziyyəti, istərsə xərci də qat-qat baha başa gələcək. Amma, bir iş də var ki, tökülüb-itəni “yuxarıya” aparanda “zam” əsəbləşir ki, gətirəndə əməlli adam gətir. Cındır-mındırı yanıma gətirməkdənsə, özün tərbiyəvi söhbət elə. Başa düşdün?

– Olmazmı, heç “yuxarıya” ehtiyac olmasın? Hər işini özün həll edəsən?

– Olmur. Bu millət qılınc müsəlmandır. Söz başa düşən olsay-dılar burda nə gəzirdilər. Sıxmasan, saymayacaqlar. Hamısı olmasa da əksəriyyəti belədir. Yalnız çəkindikləri, pislik gözlədikləri işçilərə daha çox diqqət və ehtiram göstərirlər. Dustaq psixologiyası hər oğu-lun girdiyi kol deyil…

***

Saat beşin yarısı idi. Əvvəlcə müəssisənin hər tərəfində eşidi-lən uzun-uzadı zəng səsi gəldi. Zəng səsi kəsilən kimi məhkumları axşam yoxlamasına haylayan nəzarətçilərin səs-küyü yaşayış sahəsi-nin həyətini bürüdü.

Cəbrayıl nəzarətçilərin səs-küyünü eşitcək yerindən qalxıb üst-başını qaydaya saldı. Furajkasını götürdü.

– Hazırlaş, çıxaq camaatı yoxlamaya tələsdirək.

– Mən hazıram, – Şəfi furajkasını başına qoydu, – getdik.

Onlar otaqdan dəhlizə çıxdılar. Cəbrayıl dəhlizin o başında, barakın qarşısında toplaşmış məhkumlara tərəf çevrilib qışqırdı:

– Nə yığışmısınız ora? Yoxlama sizə aid deyil? Yoxsa xüsusi dəvət lazımdır?

Cəbrayılın harayından sonra barakdan çıxanların sayı artdı. O, barakın içərilərinə yeriyib harayına davam etdi:

– Tez olun, ləngiməyin, kimsə yatıb qalmasın.

Həyətboyu başları qırxıq, qara paltarlı, gündən qaralmış insan seli müəssisə rəisinin növbətçi köməkçisinin otağının qarşısındakı meydana axışırdı.

Saat beşədək bütün məhkumlar dəstələr üzrə sıra ilə düzülüb durmuşdular. Hər dəstənin qarşısında öz rəisi dayanmışdı. Növbətçi otağının qabağında rəhbərliyi təmsil edən müavinlər, şöbə rəisləri dayanıb, yoxlamaya ümumi nəzarət edirdilər. Növbətçinin müşayiəti ilə səliqəli geyinmiş məhkum bir əlində stul, digərində dördkünc, qutuya bənzər çamadan gətirdi. Bir qədər kənarda əvvəl stulu, sonra da stulun üstünə çamadanı qoyub açdı. Çamadanın içərisi cərgə ilə düzülmüş kartoçka ilə dolu idi. Kartoçkalarda məhkumun şəkli, adı, familiyası, cəzasının müddəti qeyd olunmuşdu.

– Dəstə rəisləri, gəlin kartoçkaları götürün. Nəzarətçilər, siz də kömək edin, – növbətçi uca səslə elan etdi.

Kartoçkalar paylanandan sonra yoxlamanın başlanması üçün rəisdən icazə almaq lazım idi.

Şəfi rəhbərliyi təmsil edənlərin yanında durmayıb, izdihamın önündə, növbətçinin yaxınlığında qərar tutdu. Artıq səhərdən zona təzə dəstə rəisinin gəlməsi xəbəri yayılmışdı. Odur ki, bütün dustaq-lar ona diqqət edir, gözləri ilə yeyirdilər.

Şəfi ömründə heç vaxt bu qədər adamın – mindən artıq məh-kumun qarşısında dayanmamışdı. Qara insan kütləsinə baxdıqca az qala gözləri qaralırdı. Minlərlə göz ona baxırdı. Bu gözlərin çoxunda onun duruşuna, əynindəki formasına qarşı sözlə ifadə edilməyən acıq, gizli nifrət, istehza duyulurdu. Bu gözlərə baxmaq çətin idi. Şəfinin ürəyi gözü ilə aldığı saysız-hesabsız mənfi emosiyalardan ani sıxılsa da, özünü itirmədi. Elə bil, kimsə ona daxilində “qurddan qorxan meşəyə girməz” məsəlini xatırlatdı. Əslində onun müəssisədə işləyə bilməsinin əsası elə bu saniyələrdə, dəqiqələrdə qoyulurdu. Ona görə də, baxışlarını daha da ciddiləşdirib gözlərini çəkmədən, bayaqdan ona saymazyana baxanların gözlərinin içinə nəzər saldı. Ciddi nəzərlərdən sarsılanları görüncə, Şəfi qəlbində ilk sınaqdan uğurla keçdiyinə görə rahatlıq tapdı.

Ehtimala görə axşam yoxlamasında rəis iştirak edəcəkdi. Ancaq, məlum oldu ki, rəis işinin çoxluğundan gəlməyəcək və axşam yoxlamasına başlamağı göstəriş verib. Bunu biləndə növbətçinin qalın, zəhmli səsi hər tərəfə yayıldı:

– Oxu-yun!

Dəstə rəisləri əllərində saxladıqları kartoçkalarda adı və fami-liyaları ucadan oxuyur, adları çəkilən məhkumlar irəli çıxıb, onun qarşısından keçərək, yaşayış sahəsinə istiqamətlənəndə həmin kartoç-kanı çevirib arxaya yerini dəyişirdilər. Hamını yoxlayandan sonra kartoçkalar yenidən dördkünc çamadana yığıldı. Növbətçi kartoçka-ları qaytaranlara xəbərdarlıq etdi:

– Əldə və cibdə qalan kartoçkaları unutmayın. Olmayanların kartoçkasın mənə verin.

On dəqiqə keçmədi, bir qrup məhkumdan savayı meydan demək olar ki, boşalmışdı. Yoxlama başlanandan “zampaliti” və şöbə rəislə-rini başına yığıb nə isə müzakirə edən müavinin qınayıcı səsi eşidildi.

– Ə, “qızlar” niyə qalıblar?

Növbətçi nəzarətçilərdən birinə acıqlandı:

– Üzdəniraqları yoxlamağı sənə tapşırmışdım axı, nəyi gözlə-yirsən?

Meydanın aşağı başında yalnız üzdəniraqlar qalmışdı. Onları tez yoxlamaq olmazdı. Onların borcu hər yerdə hamıdan sonra axıra qal-maq idi.

Şəfi sezilməz maraqla yüzə yaxın fərqli məxluqu bir-bir nəzərdən keçirdi. İlk baxışdan o biri məhkumlardan ayırd etmək çə-tin olan bu insanlar heç də Aydan gəlməmişdilər. Müəssisənin bütün ağır və çirkli işlərini görən binəvalar ən çox tökülüb itən, köhnəlik-dən əskiyə dönən, rəngi solmuş kirli paltarları ilə bir-birlərinə oxşa-yırdılar. Bir də onların gözündə vüqardan əsər-əlamət görünmürdü. Malik olduqları eyiblərinin ağırlığını ürəklərində hiss etdikləri üçün günahkar, həm də ətrafdan incimiş baxışlarla baxırdılar. Sanki, hər an alçaldılmağa və təhqir olunmağa hazır idilər.

Cəbrayıl dəstəsini yoxlayıb kənarda dayanıb yoxlamanın bit-məsini gözləyirdi. Şəfi ona tərəf addımladı, üzdəniraqlara işarə edərək soruşdu:

– Hamısı burada “xoşbəxt” olub, yoxsa…

– Burada olanı da var, çöldən gələni də. Bunlar rəsmi hesab edilənlərdir. Bir bu qədər də gizlin qalanı var, – Cəbrayıl əlini havada yellətdi.

Nəzarətçi üzdəniraqları yoxlayıb qurtarandan sonra kartoçka çamadanı bağlandı. Növbətçi müavinə məruzə etdi. Müavin hər şeyin öz qaydasında başa çatdığını görüb, yoxlamanı qurtarmış sayaraq idarəyə tərəf, qalanlar da hərə öz iş yerinə yönəldilər.

***

– Cəbrayıl müəllim, yenəmi otağa gedək?

– Başqa hara gedəsiyik?

– Evə nə vaxt buraxırlar?

– Yarım saatdan sonra, axşam yeməyi başlanır. Yeddidə qur-taracaq. O zaman getmək olar. Əgər buraxsalar.

– Gün nə yaman uzun çəkir. Nəsə darıxdım. Bəlkə otağa get-məyək, yarım saatı həyətdə keçirək.

– Sən elə bu gün gəlmisən işə, nə tez darıxdın, – Cəbrayıl Şəfiyə güldü, – istəyirsən sən Nurunun yanına get. Həyətdə durma. Mən dəstəni axşam tərəfi bir də obxod edəcəyəm. Bax, odur Nuru-nun otağı, – o, birinci mərtəbənin girişindəki qapı ilə üzbəüz otağı göstərdi və özü yuxarı mərtəbəyə qalxdı.

Şəfi üzərində “mayor Əliyev Nuru” yazılmış lövhə asılan qapını yavaşca döydü.

– Gəl, gəl, – içəridən Nurunun səsi gəldi. Şəfi qapını açıb içəri daxil oldu.

– Oho… gəlin, Şəfi müəllim, necəsən, nətərdi vəziyyət? Əyləşin.

Nurunun otağı geniş olsa da, Cəbrayılın otağından çox da fərqlənmirdi. Eyni stol, stul, çarpayı, kitablar, dəftərlər.

– Sağ olun, Nuru müəllim, – Şəfi əyləşdi, – çox sağ olun. Şükür Allaha, hər şey qaydasındadır.

– “Çort” sənə bir şey öyrədirmi?

– Öyrədir, yavaş-yavaş, yeri gəldikcə başa salır.

– “Çort” olmağına baxmayaraq bacarıqlı, təcrübəli işçidir. Ona tapşırılmağında baxtın gətirib. Əgər hansısa məsələdə onun izahı, kömə-yi səni qane etməsə, mənə də gəlib müraciət edə bilərsən. Hər zaman bacardığımı eləməyə hazıram.

– Minnətdaram, sağ olun. Belə başa düşdüm ki, sizin Cəbra-yılla zarafatınız var. Bəlkə mənə aydınlaşdırasınız, siz “çort” dedikdə şeytanmı demək istəyirsiniz?

– Heç də yox. Zonda çort sözü başqa məna daşıyır. Darıxma,. işlədikcə özün ayırd edəcəksən. İndi isə gəl bir stəkan çay vuraq.

– Etirazım yoxdur, – Şəfi Nurunun termosdan süzdüyü çayı qarşısına çəkdi.

– Sən de görüm, “çort” sənə qazanmağın yolunu öyrədirmi, əsas odu, hə?

– Qoy hələ bir az işləyim, pisi, yaxşını tanıyım da…

– Yox, qardaş. Bu elə vacib şeydir ki, gərək ilk gündən öyrənə-sən, ya da öyrənməyə can atasan. Can atmadın, birinci gündən özünü necə apardın elə də qalacaqsan. Uzağı sabahdan fikir ver. Bizim iş belədir. Xırım-xırdanı gərək özün qazanasan. Bir də ki, bir qanuni çörək yolumuz var. Hər ayda bir dəfə dəstədən rəis məsləhət bilən məhkumları – üç nəfər, beş nəfər, neçəsi olsa, azadlığa buraxılmaq üçün məhkəməyə təqdim olunanda müsbət xasiyyətnamə yazacaqsan. Rəis məhkəmədən sonra hər xasiyyətnamə üçün səni görüm-baxım edəcək, vəssalam. Bu da bizim qazancımız. Nə varlı olacaqsan, nə də acından ölməyəcəksən. Evlisən, subay?

– Subay.

– O… Kefdəsən ki, dünya aləm nə qulağına, bir boğazındı, bir də… Yoxsa biz, bilmirik uşağın dərdin çəkək, arvadın sifarişlərin edək. Dərdi-sərdən adamın ürəyi ağrıyır. Heyf subaylıqdan. Gəl ki, onun da həddi olmalıdır, həddini keçdi o da ləzzətdən düşür.

– Yox, hələ həddinə çox var, – Şəfi arxayınlıqla güldü.

– Söhbət dananı qurda verər. Vaxtdı, iç çayını gedək.

Onlar çay içəndən sonra otaqdan çıxıb yeməkxanaya gəldilər. Nahardan fərqli olaraq, şam yeməyinə məhkumların yarıdan azı gəlmişdi. Qapının ağzında dayanıb siqaret çəkən Akif çağırılan, yaşlı dəstə rəisi qımışa-qımışa Şəfiyə dedi:

– Bacıoğlu, birinci gündən Nuru ilə tapışmısansa işin düzəlib.

– Sən belələrinə əhəmiyyət vermə, – Nuru məsləhət verdi, – ağızların tutsan başqa yerindən səs çıxaracaq…

Bir neçə dəqiqə keçdi, müavinlər də yeməkxanaya daxil oldu-lar. Yenə onları görcək zabitlər və nəzarətçilər zal boyu bütün yemək-xanaya nəzarətedici nizamla düzüldülər.

Zampalit ön cərgədə əyləşib balandasını yeyən, tökülüb-itən, üz-gözündən ilk baxışda yazıqlıq yağan məhkuma tamaşa edirdi. O, balandasını yeyib qurtarmışdı ki, zampalit yeməkxanada işləyən məhkumlardan birinə göstəriş verdi:

– Kömək et, İntizama əlavə yemək və çörək versinlər, növ-bəsiz.

Təcili zampalitin göstərişi yerinə yetirildi. İntizam sevinə-sevinə yeməyə girişmək istəyirdi ki, zampalitin səsini eşitdi:

– İntizam, əvvəl Allaha dua et, sonra, – İntizam qaşığı buraxıb əllərini göyə qaldırdı, dua edirmiş kimi, dodağının altında özünəməx-sus qəribə səslə mızıldandı.

– Hə, indi ye. Eşidirsən, kim səni “Çandriko” çağırsa mənə deyərsən, yaxşı?

– Baş üstə, qadan alım, baş üstə, – İntizam mızıldadı.

Zampalit yaxınlıqda dayanıb İntizamı maraqla seyr edən Şəfiyə dedi:

– Bunun beləliyinə baxma. Arada elə qəribə sözlər deyir ki, mat qalırsan.

– Nə üstündə tutulub?

– Pul yeyib. Ali təhsilli mühasib olub – buxalter.

Şəfinin təəccübdən gözləri böyüdü:

– Bəs niyə özünü bu günə qoyub?

– Yəqin tülkülük edir.

Yeddinin yarısında müavinlər yeməkxanadan çıxdılar. Onla-rın getməsini gözləyirmiş kimi, Cəbrayıl son tikələrini udan İntiza-mın başının üstünü kəsdirdi:

– Sənin adın nə oldu?

İntizam Cəbrayılı görcək daha da yazıqlaşdı:

– Çandriko.

– Ay sağ ol, Çandriko. Yeyib qurtardın, indi çıx bu yana, – onu yerindən durğuzub, aralığa gətirdi, – bir dənə bizimçin “indey-ski” oxu, ya da Əsli-Kərəmi.

İntizam oxuyurmuş tək mızıldamağa başladı.

– Yox, bu oxumaq deyil, – Cəbrayıl razılaşmadı, – dünən bun-dan yaxşı oxuyurdun.

İntizam birtəhər başını qaçırmaq, onu əhatə edənlərdən canını qurtarmaq istəyirdi. Dəstə rəisi Akif dözmədi:

– Ə, siz Allah, buraxın itilib getsin. Evimizə bir hovur tez get-məyin dərdini çəkməkdən, gör nəynən başıvızı qatırsız. Maraqlanın, bəlkə rəhmləri gəlib, on dəqiqə tez buraxdılar.

– Yaxşı, onda siqnal verə-verə gedirsən, – Cəbrayıl İntizam-dan əl çəkmirdi, – qapıdan çıxana qədər. Hə, getdin. Siqnal, siqnal, bərkdən.

Zabit və nəzarətçilər özlərini gülməkdən saxlaya bilmirdilər.

– Bibip – bibip – bibip, – İntizam yeməkxanadan çıxıb canını qurtardı.

Artıq boşalmış yeməkxanada dayanmağa heç kəsin qərarı gəlmədi. Hamı həyətə çıxıb işdən çıxmaq üçün yuxarıdan – ikinci mər-təbədən veriləcək işarəni gözləyirdi.

Saat yeddiyə beş dəqiqə qalmış Bəhram müəllim eyvanda göründü. Dəstə rəisləri Nurunu qınağa çəkmişdilər.

– Belə obşaklık olar? Başqa vaxt bir xəbər olanda hamıdan qabaq qaçırsan Bəhram müəllimin yanına. Nə ağzına su alıb durmu-san, düş qabağa, dillən, icazə al, çıxaq gedək xarabamıza.

Nuru çarəsiz qalıb üzünü zampalitə tərəf tutdu:

– Bəhram müəllim, millət “aminist” istəyir.

Zampalit özünəməxsus tərzdə əlini tərpədib dedi:

– Gedin. Bəxtiniz gətirib, rəis nazirliyə gedib.

Zabitlər növbədə qalan yoldaşları ilə sağollaşıb sevincək çöl qapısına tərəf yollandılar.

Şəfi dözməyib Cəbrayıldan soruşdu:

– Məgər rəis olsaydı, bizi evə buraxmayacaqdılar?

– Rəis olsaydı iclas adıyla yarım saat da saxlayacaqdı, – Cəbrayıl izah etdi.

– Niyə?

– Niyəsini Əliməmməddən soruşarsan.

Dəmir qapılar şaq-şaraqla açılıb örtüldü. Növbə ilə çölə çıx-dılar.

Şəfiyə elə gəldi ki, yüklənmədən, təzyiqli sahədən çıxıb, yün-güllük, çəkisizlik şəraitinə düşdü. Sanki, hava başqa cür idi. Daha təmiz idi. Havadan insanın iliklərinə qədər yayılan azadlıq ətri gəlirdi. Ömrün-də birinci dəfə, on saatdan çox qapalı müəssisədə olduğundan, ona bu gün həyatının qurtarmaq bilməyən ən uzun günü kimi görsəndi. Nəha-yət, ağır yükə bənzər iş günü geridə – dəmir qapıların o tayında qaldı.

Hava yavaş-yavaş qaralır, axşam düşürdü. Yanan işıqların sayı artdıqca, hamı evinə tələsirdi.

“Azadlıq həyatın ən şirin nemətidir.” Adını unutduğu böyük filosofun kəlamını Şəfi bu gün tam mənası ilə dərk etmişdi: torpaq, od, hava, su qədər insana gərək olan, məhrum edilməyənədək qədri-qiyməti bilinməyən azadlıq…

İnsan niyə belə olur, – o, yolboyu düşündü, – pisi görməsə yaxşını ayırd edə bilmir…

₺44,36

Türler ve etiketler

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
29 ekim 2022
ISBN:
978-9954-0101-0-6
Telif hakkı:
JekaPrint
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre