Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Üzdəniraq ada», sayfa 3

Yazı tipi:

II

Sonrakı üç gün demək olar ki, ilk günün təkrarı kimi keçdi. Bəzi diqqətəlayiq olmayan hadisələr istisna olmaqla müəssisədə həyat hər gün eyni ssenari üzrə davam edirdi. Belə həyat kənardan nə qədər yek-nəsaq görünsə də, bütün işçilərin məqsədi baş verəcək hadisələrin axarını ssenaridən kənara çıxmasının qarşısını almaqdan ibarət idi.

Beşinci gün nahar yeməyindən sonra müəssisənin daxili radiosundan – səsucaldandan Şəfinin heç vaxt eşitmədiyi elan verildi:

– Dəstə rəisi, Şəfi müəllim, təcili zampalitin otağına gəl.

Elan bir neçə dəfə təkrar olundu. İlk dəfə radioda onun adının belə dəbdəbəli elan olunması Şəfini həyacanlandırdı, həm də ürəyini narahatlıq bürüdü: “Görəsən niyə çağırır?” Narahatlıq Cəbrayıla da sirayət etdi:

– Allah xeyir eyləsin, get gör nə istəyir.

İkinci mərtəbənin dəhlizinin girəcəyində onu zampalitin yeməyini, çayını hazırlayan, dnevalnı deyilən məhkum qarşıladı.

– Otağında kənar adam var? – Şəfi soruşdu.

– Xeyr, sizi gözləyir, – dnevalnı cavab verdi.

Şəfi qapını döydü:

– Bəhram müəllim, gəlmək olar?

– Gəl, gəl, – o, yaxınlığındakı televizorda göstərilən mənzərə-lərdən gözünü ayırıb qapıya tərəf baxdı, – gəl əyləş.

Şəfi yaxın stullardan birinə əyləşdi. Zampalit televizorun səsini aldı:

– Hə, necəsən? İşə alışa bilirsən?

– Sağ olun, yaxşıyam, belə də, xırda-xırda.

– Cəbrayıl sənə işi öyrədə bilibmi?

– Öyrədib. Sənədlərin aparılma qaydalarını hesab edirəm ki, bili-rəm.

– Lap yaxşı, elə də olmalıdır. Sən savadlı oğlansan. Bəzi girdirmə diplomlular kimi deyilsən, bum-bum. Sənə bir dəfə izah olundu, özün öz işini biləcəksən. Keçək əsas mətləbə. Rəislə məsləhətləşmişik ki, sənə hələlik səkkizinci dəstəni verək. Bilirsən, savadın olsa da, hələ təcrübən yoxdur. Dəfələrlə həbs olunan, anasını, bacısını tanımayan canavarlarla işləmək sənə asan gəlməsin. Səkkizinci dəstədə iki briqada var. Biri cəza müddəti beş ilədək olanlardı. Hamısı sözəba-xandı, bir sözünü iki edən olmayacaq. O biri briqada petuxlardı, yəni üzdəniraqlar. Onların briqadiri Topuşu tanıyırsan? Nə sözün var Topuşa deyərsən. O, hamısını idarə edir. Daha sənə başqa üzdənirağa nəsə deməyə ehtiyac olmayacaq. Üç-dörd ay işlə, işi öyrən, sonra yer olar, başqa dəstəni götürərsən.

– Mən etiraz etmirəm. Üzdəniraq söhbəti bir az xoşagələn deyil.

– Boş şeydir. Hamı işi belə öyrənir, asandan çətinə. Üzdəniraq insan deyil? Burda ayırd olunur, bəs çöldə? Məgər çöldə onlarla rast-laşmırıq, görüşmürük? Gizli mavilər azdımı? Qısası, mənasız sözlərə fikir vermə, işində möhkəm ol. Axşam yoxlamasında get, dayan dəs-tənin qabağında, nəzarətçi kartoçkanı oxuduqca, məhkumlara fikir ver. Başla yavaş-yavaş tanımağa. On günə hamısını üzdən tanıyacaqsan, çətin deyil. Kamilə deyərəm, altıncı dəstənin rəisinə, – səkkizə də o baxır, əvvəllər səkkizin rəisi idi, – kabinetin açarını, olan dəftər-kitabı sənə təhfil verər. Günü sabahdan otur kabinetində, məhkumları bir-bir çağır, söhbət elə, tanış ol, dəftərləri, planları, protokolları qaydasına sal. Yeməkxananın yaxınlığında uzun korpus var ha, bir tərəfi üzdəniraq-lardı, o biri tərəfi mujiklər, hə ora sənlikdir. Gündə bir neçə dəfə obxod edərsən, nəzarətdə saxlayarsan. Yenə deyirəm, işlə bağlı nə sözün, çətinliyin olsa çəkinmədən həmin an gəl, mənə müraciət elə. Çalış, rəisə özünü yaxşı işçi kimi tanıt. Sənə uğurlar, gedə bilərsən.

– Sağ olun, – Şəfi ayağa durub, kabinetdən çıxdı.

***

– Nə oldu, nə deyir? – Cəbrayıl otağa qayıdan Şəfidən soruşdu.

– Səkkizinci dəstəni verdilər.

– Əla, əla, yarısı “qızdı”, yarısı oğlan. Bir-iki ay işləyərsən, elə ki, işi tam mənimsədin Əliməmmədlə danışıb, dəstəni dəyişdirər-sən. Rahat dəstədir, başlanğıc üçün pis deyil. Uğurlar…

– Bir şey pisdir ki, ola bilsin bəzi ağzıgöyçəklər, mənə arxam-ca “petuxların nəçənniyi” adı verəcək.

– Qələt edəcəklər. Nəinki məhkumların, hətta bizim işçilərin arasında da, inan Allaha elələri var ki, özün də tanıyacaqsan, üzdən-iraq onların yanında toya getməlidir. İşini bərk tut, elə şeylərə fikir vermə. Sən otur dincəl, mən barakı aylanım.

– Cəbrayıl, qardaş, sən yorulmursan maşallah, neçə dəfə ob-xod edirsən?

– Atalar məsəli var, onu bilirsən, gəzən ayağa nə dəyər?

– Daş?..

– Xeyr, əzizim, “konfet kağızı”, – cibindəki pula işarə etdi.

– Halaldı sənə, – Şəfi əlini Cəbrayılın uzanmış əlinə şappıl-datdı.

***

Həmin gün axşam yoxlamasından başlayaraq, sıra düzülüşü zamanı Şəfi dəstə rəisi kimi səkkizinci dəstənin qarşısında dayanırdı.

Səhəri gün dəstə rəisi Kamildən açarı alıb, kabineti hesab edilən otağı açdı. Neçə vaxt bağlı qaldığından, otaq pis vəziyyətdə idi. Təcili süpürülüb təmizlənməliydi. Topuşsuz keçinmək çətin olacaqdı. O, məh-kumlardan birinə Topuşu yanına çağırmasını göstəriş verdi.

Az keçmişdi, Topuş gəlib çıxdı. O, Əliməmmədin müstəsna hüquqlar verdiyi beş məhkumdan biriydi. Arıq, qısaboy, iyirmi beş-iyirmi səkkiz yaşlarında olan Topuş müəssisənin ərköyünü idi. Başında azacıq saçı vardı. Məhkum dünyasının hər əllaməliyindən xəbəri olan xırda gözləri sanki, işıldayırdı. Əyninə qəhvəyi məx-mərdən gödəkcə, cins sayağı göyümtül şalvar, ayağına isə bəzəkli səndəllər geymişdi. Şəfi bu neçə gündə onun yoxlamada dayandığını deyil, yalnız zonun həyətində o baş-bu başa tələsdiyini görmüşdü.

– Sabahınız xeyir, naçalnik, – Topuş içəri daxil olmayıb, qapı-nın ağzında dayandı.

– Sabahın xeyir, gəl içəri, – Şəfi onu otağına dəvət etdi.

Topuş açıq qapıdan içəri daxil olub, Şəfinin bir neçə metr-liyində ayaq saxladı:

– Nə lazımdır, naçalnik?

– Topuş, əvvəldən bilməmiş olmazsan. Rəisin sərancamı ilə mən sizin dəstə rəisiyəm. Odur ki, “qız”larla bağlı müəyyən məsələ-lərin həllində mənə kömək etməli olacaqsan. Bəhram müəllim də belə deyir. Bu bir. İkincisi, otağın vəziyyətini necə pis gündə olduğu-nu görürsən. İki nəfər göndər tez gəlib otağı səliqəyə salsınlar. Üçün-cüsü də, gün ərzində hər dəfə buradan keçəndə mənə dəy, daha sənin arxanca düşüb axtarmayım. Oldumu? Yox, əgər belə olmasa, nə təd-bir görəcəyimi özüm biləcəyəm. Hər hal çiynimdəki ulduzları elə-belə verməyiblər.

– Oldu, naçalnik. Əlbəttə, siz mənim dəstə rəisimsiz və mənim siz deyənlərə əməl etməməyə haqqım yoxdur. Söhbəti ola bilməz. Hamısı necə lazımdı ediləcək. Bu dəqiqə çağırım, silib-süpürsünlər, – o başını çölə çıxarıb həyətdə gözünə dəyən üzdəniraq-lardan birini fitlə hayladı:

– Potanı tap, tez gəlin bura.

– Topuş, – Şəfi söhbətini davam etdirmək üçün sözə başladı, – sənin əsl adın nədir?

– Adım Tərlandır.

– Bəs necə oldu Topuş oldun?

– İkinci sroka gələndə yaxşı kök idim. Nə bilim, zonda hərə-nin bir adı olmalıdır. Məni də Topuş çağırdılar.

– Cinayətin nədir?

– Oğurluq.

– Əvvəlki cinayətin nə olub?

– O da oğurluq.

– Nə oğurlayırdın?

– Xırım-xırda. Əlimə nə keçsəydi. Çöldə altı ay qaldım. Tab gətirə bilmədim, təzədən oğurluq edib zona qayıtdım.

– Üzdəniraq necə oldun?

– Yerlilərim “petux” etdilər.

– Bəs niyə yerlilərin? – Şəfi təəccübləndi.

– Tavan məsələsiydi. Birinci srokumu burjuy kimi keçir-mişdim. İkincisinə də pis başlamamışdım, odu ki, qoşuldum qumara. Sonra da yerlilərim başıma oyun açdılar. Dəyişildim bu zona. Eybi yox, vaxt gələr borclarından çıxaram.

– Belə başa düşdüm ki, zonda yaşamaq sənin üçün çöldə yaşamaqdan rahatdır…

– Əlbəttə. Çöldə yaşamaq azadlıq olsa da çətindir, – Topuş söhbətin uzanacağını görüb qapı ilə yanaşı pəncərənin səkisinə söy-kəndi.

Şəfi istədi yanındakı stullardan birinə əyləşməyi təklif etsin, lakin Topuşun üzdəniraq olmasını və başqalarının bunu yaxşı qiy-mətləndirməyəcəyini xatırlayıb fikrindən daşındı.

– Dörd il yatdım, çıxdım çölə iş tapa bilmədim. Türmədə yatdığımı biləndə, heç çətin işlərə də götürmürdülər. Yaxşı işlər üçün də, hara gedirsən get, bir ətək rüşvət istəyirdilər. Fikirləşdim zon yaxşıdır. Sağ olsun hökumət, pis-yaxşı yeməyimizi verir, bu qədər “soldat”ı dörd tərəfimizə düzüb qoruyur, “sançast”ımız, klubumuz, hamamımız. Nəyimiz çatmır, çöldə bunların hər biri problemdir. Burada çatışmayan varsa, arvaddır. Özümüz arvada dönəndən sonra, heç ona da ehtiyac yoxdur.

Şəfi Topuşun son sözlərinə özünü saxlaya bilməyib qəhqəhə ilə güldü.

– Naçalnik, vallah düz deyirəm. Siz mənim barakda düzəlt-diyim “kutok”umu görmüsüz? Allah rəisin canını sağ eləsin, imkan ve-rib, özümçün elə şərait yaratmışam ki, daha nəyim yoxdur. Rahatlığım, radiom, maqnitofonum. Bəzi azadlıqda yaşayanlardan əla yaşayıram.

– Həqiqətən, rəis sənə çox böyük güzəştlər edir.

– Etməlidir də, bəs necə? Elə-belə etmir ki, işinin xətrinə edir. İnan Allaha, petuxlar olmasa zon batar, zibil əlindən tərpənmək olmaz. Bax, bütün barakların, kabinetlərin, tikililərin, ayaqyoluların təmizliyi, meydanların, sahələrin süpürülməsi, zibilin daşınması. Bundan başqa, bütün işlərin doxsan faizini biz görürük. Maşını boşaltmaq, yükləmək, daşımaq, nəyisə sökmək, tikmək, kanalizasiyanı təmizləmək… Petuxların hər birinin xasiyyətini, hansı işi bacarıb, bacarmadığını mən bilirəm. Onların hərəsinə uyğun olan işləri bölürəm, başlarının üstündə dayanıb tələb edirəm. Rəis hər ofiserə icazə vermir petuxa əl qaldırsın, amma mənə ixtiyar verib, kim sözü-nə qulaq asmasa, çırp mitilinə səni eşidənə qədər. Belə olandan son-ra, hansının duxu var mən deyəni etməsin. Çox vaxt olur, rəis tap-şıran işi gündüz qurtara bilmirik, gecələr də işləyirik. Gündüzlər istirahət etdiyimə görə, rəis icazə verib, yoxlamaya çıxmıram. Siz məni çağırtdıranda yuxudan təzəcə ayılmışdım. Bunlar harda batıb qaldılar? – Topuş yenidən qapıdan çölə boylandı:

– Qapının ağzında nöş durmusuz, gicgicələr? Keçin içəri.

İki üzdəniraq – biri uzun, arıq, digəri gödək, kök, ürkək baxış-larla otağa daxil oldular.

– Bax, görürsüz otağı, nə vəziyyətdədir. Bizim dəstə rəisimiz Şəfi müəllim bu gündən burada oturacaq. Biriniz döşəməni yuyur-sunuz, biriniz də divarları, qapı-pəncərəni, stol-stulları silib təmiz-ləyirsiz. On beş dəqiqəyə otaq gül kimi tərtəmiz olmalıdır. Eşitdi-nizmi? Başlayın! Pota, sabahdan hər gün bu vaxt gəlib otağın səliqə-sinə əl gəzdirərsən, sənə tapşırıram, yadından çıxartma, – sonra Şəfi-yə müraciət etdi, – Şəfi müəllim, ixtiyarında bu qədər petux olan naçalnikin problemi olmamalıdır. Yenə nə sözünüz, qulluğunuz olsa, xəbər eləyin, mən hazır.

– Sağ ol, Topuş, get istirahət elə, – Şəfi Topuşu yola saldı.

On beş dəqiqə keçmədi, otaqda təmizlik yarandı. Yolları qapının qarşısından keçən işçilər içəri boylanıb gülümsünür, Şəfini təbrik edirdilər:

– Mübarəkdi, cansağlığı ilə, xeyirli olsun.

Üzdəniraqlar sil-süpürü qurtardıqdan sonra Şəfi də Potaya hər gün gəlib otağı təmizləməyi tapşırdı. Pota ilk baxışda iyrənci görünsə də sözübütöv adama oxşayırdı:

– Baş üstə, naçalnik, baş üstə.

Şəfi stolunun üstündəki köhnə qəzetlərdən birini Potaya uzatdı:

– Götür, sizə verirəm.

Onlar sevincək qəzeti alıb otaqdan çıxdılar.

“Dünyanı verim idarə edir”, – Cəbrayılın sözlərini xatırladı.

Srağagün onun məhkumlara köhnə qəzet payladığını görüb təəcüblənmişdi:

– Köhnə qəzetlə savadmı artırırlar?

Cəbrayıl gülmüşdü:

– Canım, nə savad, maxorka bükürlər.

– Bəs bir-bir niyə?

– Hər şey çox olanda qiymətdən düşür. Bir qəzetlə mən həmin adama olan diqqətimi çatdırıram.

Bu an Cəbrayıl otağa daxil oldu.

– Qardaş, mübarəkdi, bax belə, əla, əla. Stolun, stulun, şkafın, çarpayın, asılqan, daha nə lazımdı, rəqqasələr, o da dəstəndə nə qədər istəsən.

– Cəbrayıl, ürəyi düz adamsan. Sənin barəndə düşünürdüm, gəlib çıxdın, – Şəfi onu sevinclə qarşıladı, – əyləş – öz yerini ona gös-tərdi.

Cəbrayıl razılıqla özünü kresloya bənzər stulun üstünə yıxdı:

– De görüm, siftən olub? Heç məhkum qəbul eləmisən?

– Yox hələ. Hələlik tanışlığa Topuşdan başlamışam.

– Topuşdan qışda buz almaq olmur, qalmışdı indi. Burda otur-maqdan bir şey çıxmaz. Dur gedək, sənin baraklarını gəzək, obxod edək, camaatı tanı.

– Gedək, – Şəfi etiraz etmədi.

Korpus otaqdan aralı idi. Onlar baraka daxil oldular. İçəridə məhkumların bir neçəsi səliqə sahmanla məşğul idi. Küncdəki kupe-yə dörd nəfər yığışıb çay içirdi. Cəbrayıl müraciətlə:

– Sabahınız xeyir, nətərsiz? – soruşdu. Cəbrayılın salamını eşitcək ayağa durdular:

– Sabahınız xeyir, Cəbrayıl müəllim, sağ olun yaxşıyıq.

– Baraka baxan burdadır?

– Əzizi deyirsiz? İndicə harasa çıxdı.

– Təzə işçimiz sizin dəstə rəisidi, bilirsiz də?

– Bilirik. Allah canıvızı saxlasın, gəlin çay için.

– İlk gündən qabiliyyətinizi göstərin, hörmət edin, o da sizi “fuflovşik” kimi yox, yaxşı oğlan, “mujik” kimi tanısın. Əyləşin, çayı-nızı için, nuş.

Onlar sıra ilə düzülmüş çarpayıların arası ilə barakın içərilərinə irəlilədilər. Məhkumların çoxu hava xoş olduğundan həyətə çıxmışdılar. İki nəfər nərd oynayırdı. Onların bərabərinə çatanda Cəbrayıl hər ikisinin adını soruşdu, sonra Şəfiyə tərəf çevrildi:

– Şəfi müəllim, bunların ad və familiyalarını yadında saxla, nəzarətə götür, nə qədər and-aman eləsələr ki, mərcsiz, elə-belə oyna-yırıq, inanma.

– And olsun Allaha, elə-belə, vaxt öldürmək üçün oynayırıq, – oynayanlardan biri dözmədi, – vallah düz deyirəm.

– Mən də düz deyirəm. Bu zonda elə-belə heç nə olmur və heç kim də çörəyi qulağına təpmir, görə-görə gəlirik, – Cəbrayıl sözünü tamamladı.

Bir məhkum üst çarpayıda uzanıb kitab oxuyurdu. Digəri aşağıda yatağını yığmadan yatırdı.

– Bu niyə yatır, indi yatan vaxt deyil ha, – Cəbrayıl yaxınlaşıb onu yuxudan ayıltmaq üçün çarpayını silkələdi.

– Cəbrayıl müəllim, o, xəstələnib, özünü pis hiss edir, ona görə yatıb, – kənardakı məhkumlardan biri dilləndi.

– Ayılsın gəlsin dəstə rəisinin qəbuluna, – Şəfini göstərdi, – dəstə rəisi onun müalicəsini təşkil edər.

Barak tən yarıdan nazik taxta ilə bölünüb, o tay üzdəniraqlara verilmişdi.

– Gəl, “qız”ların yerinə də baxaq. Zonun gül-çiçəyini sayma-saq rəhbərlik inciyə bilər, – çölə çıxmaq üçün qapıya tərəf dönərkən üzünü məhkumlara tərəf tutub tapşırdı:

– Əziz gələndə deyin, dəstə rəisinin otağına gəlsin. Mənim yox ha, öz dəstə rəisinin, – Cəbrayıl yenə hər tərəfə nabələdliklə göz qoyan Şəfini göstərdi.

– Baş üstə, deyərik.

Onlar barakın bu yarısından çıxıb, o biri yarısına üzdəniraqlar tərəfə keçdilər. Şəfi barakın yaraşığından, təmizliyindən heyrətə gəl-di:

– Əvvəllər bunlar yalan olmasın it günündə yaşayırdılar, – Cəbrayıl ekskursiyaçı sayağı şərh verdi, – qapıların ağızlarında, pillə-kənlərin altında. Rəis hamısını yığdı bir yerə, göz qabağında olmaqları üçün. İndi bura olub ən nümunəvi barak. Rəis zona gələn bütün komis-siyaları birinci bura, “qızların” məskəninə gətirir. Zonla tanışlıq burdan başlayır.

Barakda bir-iki məhkumdan qeyri heç kim yox idi. Yüzə yaxın çarpayı zal boyu səliqə ilə düzülmüşdü. Özü də başqa barak-lardan fərqli olaraq bir mərtəbəli.

– Mənim bir məhkumum üst mərtəbədə yatırdı. Tez-tez gəlib beynimi aparırdı ki, aşağı mərtəbədə yer istəyirəm. Amma layiqli oğlana oxşamırdı, arada özünü “matişka” kimi aparırdı. Demə, gecə-lər gizlin özünü satırmış. Günlərin birində hamamda növbəti qazanc anında faş olunur. Həmin axşam köçürüldü bura. Gəldim təbrik elə-dim ki, alt mərtəbədə yer istəyirdin, indi yat, bu yerivi daha heç kim alan deyil.

Divarlara rəngli boyalarla cürbəcür naxışlar, rəsmlər çəkil-mişdi. Tavan “lepka” ilə bəzədilmiş, balaca çılçıraqlar asılmışdı. Barakın yuxarı küncündə mebel rəngi ilə laklanmış taxta çarpayı, şkaflar, divardan asılan, üzərində gözəl qız rəsmləri olan əlvan pərdələr gözə dəyirdi. Bura Topuşun “iqamətgahı” idi. Qapısı olmayan mini kabinetə oxşayırdı.

– Öz aramızdı, – Cəbrayıl gülə-gülə dedi, – Topuş qədər də ola bilmədik. Onun kabinetinə də bax, bizim kabinetlərə də. Kənardan fikir verən deyər üzdəniraq Topuş yox, özünüzsüz, bədbəxt günün-dəsiz.

– Düzü, az qala mən də elə düşündüm, – Şəfi də özünü gül-məkdən saxlaya bilmədi. – Doğrudurmu, baş idarədən yoxlamaya gələn var?

– Olsun da…Onsuz da gələnlər çox vaxt yaşayış zonasına girmirlər. Bəzisi çəkinir, bəzisi də iyrənir barakdan. Rəislə müavini “görüb” yoxlamalarını bitirirlər. Elə də olmalıdır, çünki, qazanan da onlardır, biz yox… Bu qədər obxod etdik bəsdi. Mən gedim öz dəstəmə, sən də otur otağında, yazı-pozuya heç vaxtın qalmayacaq, təzəsən, yanına gələn çox olacaq. Hələlik, – Cəbrayıl Şəfidən ayrılıb dəstəsi yerləşən korpusa tərəf getdi. Şəfi isə otağına qayıtdı. Stolunun üstündəki qalaq-qalaq dəftərlər, planlar, protokollar onu gözləyirdi. Nə qədər mənasız, gərəksiz olsalar da onları bir-bir yazmaqdan ayrı əlacı yox idi…

III

Əzizi fikir götürmüşdü. Bacısından aldığı məktubdakı bir cümlə – Zinyətin özünə qəsd etmək məqsədiylə zəhərlənib xəstəxana-ya düşməsi xəbəri, əhvalını korlamışdı. Zona gələn gündən Zinyət bir gün də olsun yadından çıxmırdı. Onun bədbəxtliyinin baiskarı oldu-ğunu düşündükcə, vicdan əzabı çəkir, özünə heç cürə rahatlıq tapa bilmirdi. Zinyəti sevdiyi gündən arzusu onu xoşbəxt etmək idi. İnsan hər arzuladığına çatsa idi, onda yaşamaqdan asan nə olardı?

Qəribə də olsa, onlar liftdə tanış olmuşdular. On ilin söhbəti olardı, tərpənən liftə yetişmək üçün tələsik özünü liftin üz-üzə bağla-nan qapılarının arasına atıb, qollarına güc verib qapıların örtülməsinə imkan vermədi. Enmək istəyən lift hərəkətinə mane olan kobudluq-dan “əsəbləşib” silkələnərək dayandı. İçəridə çatma qaşları, badamı gözləri olan on altı-on səkkiz yaşlarında hündürboylu, yaraşıqlı bir qız durmuşdu.

Əziz nə qədər çalışdısa qapılar bağlanıb lift hərəkətə gəlmədi. “Buna nə oldu, yoxsa xarab oldu”, – təşvişə düşdü. Qızın nigarançı-lıqla baxan gözlərini görüncə daha da əsəbiləşdi, qapıları tutub, lifti saxlamağına peşman oldu. Necə oldusa qapılar örtüldü, Əziz sevindi. Yenidən açıldı. Qapıların gah açılıb, gah da örtülməsindən hövsələsi daralan qız, birdəfəlik bağlanıb yad oğlanla liftdə qalacağından ehti-yat edərək, liftdən çıxıb pilləkənlərə tərəf yönəldi. Qız uzaqlaşandan sonra, lift səhvini duymuş kimi özünə gəldi, titrəməsi dayandı, əvvəlki qaydada işləyib enməyə başladı. Birinci mərtəbədə Əziz lift-dən çıxanda pilləkənlərlə enən bayaqkı qızla yenidən rastlaşdı:

– Xanım, tələsdiz, səbr etsəydiniz artıq əziyyət çəkməzdiniz, – Əziz üzrxahlıq mənasında dilləndi.

– Eybi yox, qismət deyil, – qız gülümsəyərək yanından ötüb həyətə çıxdı.

Həyatda da elə oldu. Birlikdə olmaq istədilər. Liftsayağı bəxti onu ləngitdi, yolları ayrıldı…

Əziz əsgərlikdən təzə qayıtmışdı, ürəyi arzularla dolu idi. Arzuların sahilinə yön alması üçün mayaka ehtiyacı vardı. Zinyət ömür kəşmekeşlərində ona yol göstərən mayak olmalı idi. O gündən Zinyətin ardınca düşdü, ürəyini açdı. Heç nə özü-özünə asan əmələ gəlmədiyi kimi, onların sevgisi də rahat başa gəlmədi. Bir il çəkən uzun əzab-əziyyətdən sonra Zinyət də ona bağlandı. Qarşılıqlı isti münasibət getdikcə evlənmək tələbatını yaradırdı. Əziz ürəyində toyu götür-qoy edir, elçilərin göndərməyə hazırlaşırdı. Əgər o müdhiş gecədə arzularının üstündən qələm çəkən yol qəzası olmasaydı…

Əsgərlikdən sonra nə qədər axtardısa gəlirli, könlünə yatan iş tapa bilmədi. Atasının minik maşınını götürüb, rayonlara adam apa-rıb-gətirməklə başını qarışdırmaq istədi. Yolların vərdişini aldıqca günü-gündən bu işə bağlandığını hiss edirdi. Gündüzlər azmış, yor-ğunluğuna baxmayaraq, çörək pulu qazanmaq adı ilə gecələr də yola çıxıb özünü təhlükəyə atırdı. Ruzi qədərmiş, boş yerə deyilməyib. Çox qazandıqca, çox da xərcləyəcəyi işlər çıxırdı. Hay-hayla gələn, vay-vayla gedər. Ara yerdə ona artıq əziyyət qalırdı. Amma, o, qədərdən əlavə üçün çalışmaqdan həzz alırdı.

Olacaq hər şey heç nədən yaranmır. Yəqin onun, bəlkə də atası-nın nə vaxtsa Allah qarşısında günahı olub. Yoxsa bir anın içində gözünü qapayıb, maşını yolundan çıxardıb, qarşıdan gələn yük maşını ilə toqquşmazdı. Hər dəfə o anı fikirləşəndə heyrətlənir, hadisənin necə baş verdiyini anlaya bilmirdi. Elə bil, kimsə sükanı onun əlindən alıb, üzbəüz gələn yük maşınının üstünə sürdü. Bu yoldan dəfələrlə, həmişəkindən də yorğun, yuxulu keçmişdi. Düşünürdü ki, bütün yolu gözübağlı maşın sürə bilər. Allah isə sübut etdi ki, O, istəyəndə heç gözüaçıq da sürə bilməz.

Başı, bədəni əzildi. Özü sağ qalsa da, maşında apardığı iki nəfər xəstəxanada keçindi. İki insanın həyatdan tez köçməsinə bais oldu.

Qol-qıçı təzəcə sağalmışdı. Məhkəmənin qərarı ilə ona beş il iş kəsdilər. Beləcə Zinyətdən ayrı düşdü, bütün planları alt-üst oldu. Cəzanın üçüncü ilində Zinyətin ərə verildiyini eşitdi. Xəbər onu sar-sıtdı, ürəyini için-için yandırdı. Zinyət nə tez onu unutdu? Ondan başqa heç kimi sevməyəcəyinə and içmişdi. Belə əhd-peymandan sonra, başqası ilə xoşbəxt ola bilməzdi. O xoşbəxtlik yalnız Əzizin nəsibi olmalı idi. Onlar nə vaxtsa mütləq yenə üz-üzə gələcək, görüşəcəkdilər. Onun sevgisi özündən ixtiyarsız, elə-belə qurtara bilməzdi.

Cəzası başa çatanadək Əziz hər gün Zinyəti xatırladı. Onu bağışlamaqdan başqa çarəsi qalmamışdı. Ötən illər ərzində Zinyətin iki uşağı da olmuşdu. Daha özünə görə Zinyətin ailəsini dağıda bil-məzdi. Azmı belə olur? Birinə söz verirsən, sonra bir əmma çıxır ortaya, səbrin çatmır, başqası ilə evlənirsən. Bəlkə də o, xoşbəxtdir. Münasibətlərin bu sayaq qırılması daha xeyirlisindəndir.

Azadlığa çıxıb yenə həmin təmir olunmuş maşınla uzağa deyil, şəhər ətrafına sərnişin daşımağa başladı. Arabir alverə də giriş-di. Çox keçmədi, maşını köhnəliyi bilinməyən qara “Mersedes”lə dəyişdi. Gözəl, yaraşıqlı maşın Zinyəti az qala unutdurmuşdu. Eyni blokda yaşadıqlarından, atasının ölümündən sonra, ata evinə gec-gec gəldiyini evdəki söhbətlərdən eşitmişdi. Ürəyinin dərinliyində onu elə görmək istəyirdi, bir içim sərin su kimi. Ancaq, bu suyun təkcə boğazında deyil, ürəyində qalıb yaralarını ağrıdacağından qorxub, onunla qarşılaşmağı arzulamırdı.

Ürəyinə gələn, başına gəlməliydi, yazıya pozu yoxmuş. Bir axşam qayıdarkən evlərinin yaxınlığındakı dayanacaqda Zinyətin da-yandığını gördü. Əvvəlkindən yaşlaşmışdı, amma, gözəlliyi itməmiş-di, əksinə, ətə-cana dolmuşdu. Özündən ixtiyarsız maşını əylədi, hey-ran-heyran ona tərəf baxdı, illərdən bəri xəyalından çəkilməyən insana etinasız qala bilmədi.

Zinyət qara “Mersedes”dəki kişinin maşını dayandırıb ona tərəf baxmağına əvvəl əhəmiyyət vermədi. Əzizi tanıdıqda isə çöhrə-si güldü.

– Hə, indi gülərsən, – Əziz dilləndi, – Mənə gülürsən, yoxsa öz vəfasızlığına?

Zinyət bilmədi nə cavab versin. Əslində deməyə o qədər sözü vardı. Bura məhəlləyə yaxın idi. Tanış-bilişdən ehtiyat edərək, ətra-fına göz gəzdirdi. Sonra, taksiyə minirmiş kimi, yaxınlaşıb arxa qapını açıb əyləşdi. Səsi titrəyə-titrəyə “salam” dedi.

Əzizin yadına keçmiş günləri düşdü. Qəlbinə həmin anların sevinci yayıldı. O vaxt da Zinyət ərklə qapını açıb maşına əyləşərdi.

– Əleykim, beş də artıq, – arxaya qanrılıb, həyəcandan haldan-hala düşən Zinyətə baxdı, – sualıma cavab vermədin, xanım qız?

– İki daşın arasında nə deyim, sür, çıxaq burdan.

“Mersedes” dayanacaqdan uzaqlaşdı. O, özgəsinin arvadını hara aparırdı? Görüb eləyən nə deyərdi ona? Zinyətin nə danışacağından asılı olmayaraq, indi nə əhəmiyyəti vardı? Olan olub, keçən keçmişdi.

Gözü arxanı göstərən güzgüyə sataşdı. Zinyət üzünü çölə tutub baxmaqla nəmlənmiş gözlərindən axan yaşları gizlətməyə çalışırdı.

Əzizin yadına qarşıdakı məhəllənin içərisindəki uşaq bağça-sının həyəti düşdü. Sakit, diqqətdən kənar olduğu üçün Zinyəti əvvəllər də ora aparmışdı. Maşını həyətin sakit guşəsində, ağacların altında saxladı.

– Yenə bura gəldin? – Zinyətin halsız səsi eşidildi.

– Bəs hara gedim? Deməzlər özgəsinin arvadını hara aparır-san?

Zinyət dinmədi. Dinəsi halı da yox idi. Gözlərinin kənarında-kı qara boya göz yaşlarına qarışıb üzüaşağı, yanaqlarına axıb yayıl-mışdı.

Tez yaylığını çıxarıb, üzündəki ləkələri sildi. Özünü toxdaq göstərmək üçün gülümsəməyə çalışdı.

– Mən heç, sən danış görüm necəsən?

Əziz ötən illər ərzində bu anı çox gözləmişdi. Ürəyində üzü-nü Zinyətə tutub, gecə-gündüz o qədər danışmışdı ki, indi elə bil danışmağa sözü qalmamışdı.

– Türmədən çıxdığını çoxdan bilirdim. Hər dəfə bacınla rast-laşanda səni soruşurdum. Xeyr, unutmamışdım, amma, üzüm yox idi, üzünə çıxmağa, ürəyim istəsə də, heç bilmirdim necə görüşüm. Sən haqlısan, mən vəfasız çıxdım, mən bədbəxtəm, – bu dəfə hönkürtüsü-nü saxlaya bidmədi. Zinyətin kövrək səsi Əzizi mütəəssir etmişdi. O, Zinyəti nə qınağa çəkmək, nə də könlünü almaq istəyirdi. Ürəyindən gələn hiss o oldu ki, Zinyət əvvəlki olmadığı kimi, ona qarşı sevgisi də əvvəlki səviyyədə deyildi, dəyişilmişdi, adiləşmişdi. Zinyət danış-dıqca, sanki, nə vaxtsa tanış olan kənar adamın hekayətinə qulaq asırdı…

Əziz həbs olunandan iki il keçmiş Zinyət üçün bibisi nəvə-sigil elçi gəlmişdilər. Atasının ağır xəstə yatan vaxtı idi. Ürəyi yola getmirdi, ikinci dəfə infarkt keçirmişdi. Həkimlər yaşamasına bir il müddət qoymuşdular. Belə vaxtda elçilərin qapını döyməsi, ailə üçün göydəndüşmə oldu. Atasının sağlığında ikən onu köçürüb, başdan etmək istəyirdilər. O vaxtdan Zinyətin qara günləri başladı. Onun eti-razlarını heç kim eşitmək istəmirdi. Nəhayət, məcbur olub ürəyini anasına açdı. Əzizi sevdiyini, ona söz verdiyini bildirdi. Anası, “indi biz gözləyək Əziz haçan türmədən çıxacaq? Bəlkə elə türmədə qala-caq, sən də evdə qalacaqsan? Elə şey yoxdur”, – deyə razılaşmamışdı.

Bir axşam atası xəstə yatdığı otağına, yanına çağırdı:

– Qızım, sən mənim ölümümü tezləşdirmək istəyirsən?

– Yox, ay ata, Allah eləməsin…

– Bəs nə söz-söhbətdir evdə?

Zinyət başını aşağı saldı. Demək istədikləri ilişib boğazında qaldı.

– Tərslik eləmə. Tərslik eləsən məndən başlamış xoşbəxtliyi-nəcən hər şeyi itirəcəksən. İstəmirsən sənin toyunu görəm? Balam-san, qoyma dünyadan nisgilli köçəm.

Zinyətin boğazı qurumuşdu. Gücü yalnız göz yaşlarına çatdı. Səsini çıxarmadan, gözünün yaşını silə-silə otaqdan çıxdı. Canı qədər istədiyi atasının xatirinə bir daha dillənmədi. Düzünə qalsa, o, qorxurdu. Dünyanın işini bilmək olmaz. Cəzasını çəkib qurtarandan sonra, bəlkə Əziz heç onu istəməyəcəkdi? Çox olub, söz verib aldadanlar. Ya da atasının xəstəliyi onun etirazına görə ağırlaşardısa, onda gərək Zinyət bu evdə yaşamayaydı. Hər tərəfə ölçüb biçdi, ürəyincə heç nə tapmadı. Susmaqdan başqa çarəsi yox idi.

Ücretsiz ön izlemeyi tamamladınız.

₺44,36

Türler ve etiketler

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
29 ekim 2022
ISBN:
978-9954-0101-0-6
Telif hakkı:
JekaPrint
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre