Kitabı oku: «Şaman duasından dar ağacına», sayfa 2
Nə qəribə adamdı.
Dedim: – Arzun, istəyin?!
Bir ah çəkdi dərindən:
–Təzə-təzə doğulan
Qurd agızlı körpələr
Görən nə vaxt bu yurdu
Tanrı kimi görk elər?!
Bu adam nə qəribə,
Nə qəribə adamdı!
Nə qəribə adamdı
Bu adamın sevinci,
Bu adamın dərdi də
Tamam özgə biçimdə.
Bu qəribə adamdı –
Mənə elə gəlir ki,
Bu adam ölən günü
Özü qazıb qəbrini
Basdıracaq özünü
Ürəyinin içində!
1984
TURAN QALXIB AYAĞA
Professor Ə. B. Ərculasuna
Nə qaldı haqq anına?
Dövran o ana gəlməz.
Mən bilirəm dalımca
Dost, qardaş, ana gəlməz.
Özüm özümə sirrəm,
Cənnətə çətin girəm;
Deyirlər ki, kafirəm
Haqq nuru mənə gəlməz.
On uyğur, doqquz Oğuz,
İçində mənəm yalqız.
Dərdimi sevdiyim qız,
Söyləsəm, sona gəlməz.
Tanrı övladıyam mən.
Yeddinci qatdan gələn.
Mayası qurddan gələn
Özgə bir dinə gəlməz.
Şamanam – içim göz-göz
Tanrımız deyir ki, döz.
Nədən, Türk haqda bir söz
Körklü Qurana gəlməz?!
Düşmənə doğubdu dan,
Bağırır min ağızdan!
–Metedən, ya Oğuzdan
Bir də Turana gəlməz.
Bayrağına qurd yapan,
Turan adlı yurd yapan, –
Min ildir gözləyən can,
Səbrdən cana gəlməz.
Gün gələr deyə-deyə,
Üz tutduq sirli göyə
Qanımı tökən niyə
Bəs özü qana gəlməz?
Ayrılıq var, var öndə,
Tək olacam gələndə.
Dərd odur ki, öləndə
Xəbərim sənə gəlməz.
And olsun Tanrı dağa,
Ota, gülə, yarpağa!
Turan qalxıb ayağa
Qılınclar qına gəlməz.
ATA DİLİ
Ustad Mirzə Cəlilə
“Anamın kitabı” –anamın dili,
Bu adla çağırıldım dilimin adın.
Mənim ürəyimdən özgə şey keçir,
Ey məni dünyaya gətirən qadın!..
Bu sirri açmaq da bəlkə günahdır,
Mənim günahımı, ana, bağışla.
Sən yenə əvvəlki ucalıqda ol,
Oğlunam, verdiyin cana bağışla.
…Bu dildə söz desəm, çatar Tanrıya,
Çoxları bu sirri anlamır, dədə,
Biz “bizi” yaşadan dilə yenmişik,
Bu Vətən torpağı kiçiləndə də.
Dilimə “can”dedim, canım dilimdə,
Ey dilim, sözümü köməyə gətir.
Min il açmamışıq bir sirri, ustad,
Gərək mən danışım bu həqiqəti.
–“Anamın kitabı” çoxuna yaddır,
Deyərəm nə üçün, səbrini gəl bas.
–Yurd boyu kəhər at oynadanların
Atası kim olub?
–Bizans, ərəb, fars…
O Uzun Həsənin əksi gözümdə,
Dolaşdı ər kimi bu yurd boyunca…
Halalı, qadını kim oldu?!
–Yad qızı,
Oturub ağlayım, dilim, doyunca.
Allah, dahimi də yad qadın doğub,
Müqəddəs dilimin ruhun qırıbdı.
Görən Nizamini, ya Xəqanini
Anası nə dildə danışdırıbdı?
Mənim ocağımı kim yandırdı, kim?
Evimin qadını yad qadın idi.
Oğlumun anası dilimi bilmir,
Özüm də, oğlum da özgələrindir.
Yad qadın nazına yenən millətin,
Başına nə gəlir, nə gəlir azdı.
Babək öz oğlunun xəyanətini
Yad eldən aldığı qadına yazdı…
Bildi ki, xəyanət o qandan gəlir,
Oğul mənim deyil, dedi: – yaddı, yad.
Niyə bacarmırıq tövbə eyləyək,
Yoxsa unutmuşuq bu dərsi, ustad?!
…Böyük Britaniya… London civarı…
Gətrilib yedəkdə qarabağ atı.
Duyub yadlığını bu at madyanın
Gözəl madyanlardan uzaqda yatır.
Hardasan, Oğuzun müqəddəs ruhu?!
Gəl, məni təmizlə, kədər, ey kədər!
Yadla bir yastığa baş qoyanların
Qeyrəti yoxmudur – kəhər at qədər?!
…Gərək Dədə Qorqud, Güntəkin babam,
Təzədən üz tutam yazına indi.
Ata kitabların unutduğumdan
Əsirəm yad qadın nazına indi.
Hansısa bir namərd hökmdar deyib,
Bugünkü məqsədin deyib çox qısa:
“–Tutduğu oba, yurd tutanın deyil,
Qadını o yerə varmayıbdısa”
Düşmənim evimdə gəzir mələktək,
İçimdən yıxacaq məni lap sabah.
Heç kim siyasəti bu cür ağılla
Həqiqət donuna bükəmməz, Allah!…
Heç kim tablaşammaz bu dərdə, heç kim,
Bəs bizi yaşadan nə sirmiş, nə sir?!
Nə yaxşı mənə dost kağız-qələm var,
Nə yaxşı önümdən adamlar keçir.
Durub soruşuram: – Adın? Cavab yox…
– Millətin?
Anlamır, nə qəribə iş!
Atası – Məhəmməd, adı – Oğuzdu; –
Beşikdə yad millət südünü əmmiş…
Səndən soruşuram: – Ananın adı?
Dillənir: – Veradır; Sənin? – Anuşdur.
Səninki İnnadır! Dilim, can dilim,
Gördünmü sabahın ölümə tuşdur.
Yox! Yox! Məhəbbətə sədd çəkmirəm mən,
Qəniməm, dilimə kim ki, qənimdi.
Kərəmin dilində Kərəmə “can-can”,
“Qurbanam” – söyləyən Əsli mənimdi.
Səninlə böyüyəm, varam, can dilim,
Məni sözlərinin başına çevir.
Sənə yenilməlidir məni sevən kəs,
Yenirsə, deməli ürəkdən sevir.
…Laylası dilimdə çalınsın gərək,
Əgər “Ana dili” öz adındısa.
Sənə “Ana dili” necə deyim mən,
Əgər mənim anam yad qadındısa!?
Min illər atamın zoruna durdum,
Bu gün də əllərdə dilim-dilimsən.
Gördünmü sən mənim ana dilim yox,
Sən mənim müqəddəs “Ata dilim”sən?!
ZAMAN MƏNİ ÖLDÜRƏCƏK
Məndən əbədiyyət uman adama
Yürü, sözüm, yürü, yürü,
Apar məni bir yana çək.
Apar, yoxsa haqqı məndən
Uman məni öldürəcək.
Min ildir mənə dikilən,
De, neyləyim gözlərimə?!
Ruhumun üstə sökülən
O dan məni öldürəcək.
Bilinməz heç mən ha öyüm,
Nə aldığım, nə verdiyim
Yüz yol düşmənə verdiyim
Aman məni öldürəcək.
Mən nə qılınc, nə qınmışam,
Hədər yerə sıyrılmışam,
Gəlib ana sığınmışam,
Bu an məni öldürəcək.
Dəniz bilir, o dağ bilir,
Sinəmdəki bu dağ bilir;
Daşı uçmuş ocaq bilir,
Güman məni öldürəcək.
Məndən gəldi hər ayrılıq,
Günahını üstümə yıx!
Yazıq mənə, yazıq, yazıq!..
Bu can məni öldürəcək.
Qan sellənir, qan…yenə qan…
Qan içində üzür Turan.
Tanrım, bir vaxt yerdə qalan
Bu qan məni öldürəcək.
Haqq işidir, işim-peşəm,
Ucalıqdan çətin düşəm.
Mən zamanı öldürmüşəm, –
Zaman məni öldürəcək.
BİR DƏRDİM VAR ÇEŞİD-ÇEŞİD
Ayrılıqla, yurdla yaşıd
Bir dərdim var çeşid-çeşid.
Ey dözümüm, məni eşit,
Varaq, gedək həqiqətə.
Can pərvanə, ömür bir şam,
Əriyirəm səhər-axşam.
Mən, olandan qul olmuşam,
İçimdəki bir niyyətə.
Min illərdi sinəmdə qəm,
Gah türk oldum, gah da əcəm.
Belə getsə, nə biləcəm? –
Yox oluram itə-itə.
Haqq istəsəm, zaman verməz,
Bütöv olam-aman verməz,
Zaman niyə fərman verməz
Son qoyula xəyanətə?
Dünya könlümə aynadı,
Zalım dost, qanım qaynadı,
İçimdə tufan oynadı,
Baxıb yatan cəsarətə.
Hər dərdlinin sevinci var,
Bil, qəmin də son ucu var.
Məndə yeddi div gücü var,
Baxma boya, bu qamətə.
Körklü Tanrım, bir yurd olum,
Doğma olsun sağım, solum,
Dönüb axır boz qurd olum,
Qalım qiyam-qiyamətə.
VİDA TÜRKÜSÜ
Mən yalqızam bir qurd kimi,
Mənnən birgə qalan gəlsin.
Talanmışam bir yurd kimi,
Qisasımı alan gəlsin.
Bir sevda var – ləçək-ləçək,
Sən bilməsən, kim biləcək?!
Cəhənnəmdə bir kafir tək
Nə çəkirəm: bilən gəlsin.
Qeyrətdirsə qanındakı,
Nə öndəki, nə sondakı?!
Mənim Tanrı dağındakı
Qismətimi bölən gəlsin.
Bu gün Şaman imanını,
Öz içində Turanını,
“Damarında Türk qanını
Zərrə-zərrə bulan gəlsin”.
Uymayıb düşmən sözünə,
Güzgülər geyib dizinə,
Namazını qurd üzünə
Yarpaq üstə qılan gəlsin.
Gedin Çinə vara-vara,
Xəbər verin uyğurlara.
Tikə-tikə, para-para
Olunmuşam talan, gəlsin.
Nə veribdi tövbə mənə?!
Tövbə etmək tövbə mənə.
Gəlib çatıb növbə mənə
Mənnən birgə ölən gəlsin.
ÖLÜM XOŞ GƏLDİM
Qarşı dağdan əsib gələn
Yelim, xoş gəldin, xoş gəldin.
Gəlmisən, qoy qəm-sevinci
Bölüm, xoş gəldin, xoş gəldin.
Qəm biçənlər sevda əkir,
Kim nə çəkir, niyə çəkir
Nədən ruhum göyə çəkir
Bilim, xoş gəldin, xoş gəldin.
Könül, daha özünə var,
Hara çönsən, ayrılıq var.
Yıxdı bizi ayrılıqlar,
Gülüm, xoş gəldin, xoş gəldin.
Ocaq daşı tərsə çönən,
Tərsə çönüb sonra sönən,
Qayıdıb özünə dönən,
Elim, xoş gəldin, xoş gəldin.
Vaxtında gəlmir gözlənən,
Dərdimdir belə sözlənən.
İçində qoru közlənən
Külüm, xoş gəldin, xoş gəldin.
Dərdimi dil-dil ötməyə,
Sözə bəndəlik etməyə,
Varıb Tanrıya yetməyə,
Dilim, xoş gəldin, xoş gəldin.
Gözlərimə baxa-baxa,
Məndən ömür qoparmağa,
Son mənzilə aparmağa,
İlim, xoş gəldin, xoş gəldin.
Alçaq da sən, uca da sən,
Cavan da sən, qoca da sən.
Sən, hər şeydən ucadasan,
Ölüm, xoş gəldin, xoş gəldin!
AND OLSUN
And əslində bir şeyi qəlbinlə təsdiqləməkdi, iman gətirmək kimi şeydi əslində.
And olsun
Gecənin gündüzlə
görüşdüyü ana,
And olsun
Tanrının İblisə qiyamət gününədək
verdiyi amana!
And olsun
Göy üzünü dirək kimi saxlayan
yeriyən dağlara,
And olsun
Şuşada minarəsi yıxılmış
Sahibsiz Allah evinin
Düşən daşlarının
Sinəsindəki dağlara!
(Şuşa! Zorlanmış bacı,
Təhqir olunmuş ana,)
And olsun
Yeddi oğul böyüdüb
ortada qalan
ana tabutuna.
Zalım dost!
Bu gecə könlümdən nə keçir?!
Yenilmək qorxusu…
Kül olmaq, qarışmaq
Tanrının atəşgahda oduna.
And olsun!
And olsun!
Masmavi göy üzü altında
Qıpqırmızı qanımla suvardığım
Yamyaşıl məmləkətin adına
Zalım dost! Qoy deyim,
Qorxduğum gün də gəldi;
– İblis kimi təkbaşına
Qiyaməti gizlətmək
Mələklərin xorunda
Allaha dua oxumaqdan gözəldi.
Tanrım! Hamı səndən qaçır
Hamı yenilir daha.
Bəlkə bu gün, ya sabah
Məni də yendirəcəksən
andımdakı günaha.
And olsun! Turan adlı bir elə
Daha məmləkətdə kimsə yox,
Yoxdu nöqtə və nida . . .
Deyim – “salam” qalıram,
Deyim – “sağ ol” əlvida.
Məmləkətim!
Tabım yoxdu daha
Dərdinə, əzabına, acına.
And olsun, yoxdu daha
Min ildi üz tutub gəldiyim
dar ağacına.
And olsun!
Gücsüz, yorğun Allaha.
Tabım yoxdu daha.
Əvvəl nədi, axır nə
Lənət olsun bu günə
Bir süngünün üstünə
Yüyürüb ölməliyəm.
And olsun!
Bir süngünün üstünə
Yüyürüb ölməliyəm.
07.08.2003
AZADLIQ, İSANIN KƏFƏNİ VƏ ZƏVVARLAR
Azadlıq bu şirin sözdə nələr var,
Azadlıq yoxdursa, viranələr var.
I
Bütün pərdəsiz pəncərələr
Qəm pəncərəsidir, qəm …
…İstanbulda Kadıköydə
Çamlıca xəstəxanasının
pərdəsiz pəncərələrindən
Həyətdə qar altında çiçəkləyən
Gilənar ağacına baxa-baxa
Sən və Azadlıq haqqında
düşünürəm…
Və elə bu an;
xatırlayıram –
Sən azad olasan deyə
Nə cür əl çəkdim azadlığımdan.
II
Azadlıq!
Ah, mənim azadlığım!
–Qarımış bacı, yenilmiş qardaş,
Gəlməyəcəyini bilə-bilə
Oğul yolu gözləyən ana…
Tanrım! Ölüm yatağında
Ölüm də çox asan görünür
azadlığı olmayana.
III
Azadlıq!
Bu şirin söz dilimdə
zəhər dadır;
Azadlıq Bakıda
Gecələr sağ-solu
Fahişələrlə dolu
Gedib dənizə dirənən
Ən uzun bir küçənin adıdır…
Bakıda Azadlıq sadəcə
bir küçənin adıdır.
“Azadlıq” susan meydandı bir də
Nə zamandı köz kimi
bağrına basıb Bakı;
Bu meydan indi addı
Bir də yatan qiyamdı,
qiyamdı ruhumdakı.
Bu məmləkətdə şairlər lal-kar,
Əvəzində Bakının küləkləri dəlidi,
Əvəzində Bakının çiçəkləri dəlidi…
Azadlıq – Bakıda soyunan bir qadın heykəlidi…
IV
Azadlıq Sinqapurda
orxideya çiçəyidi;
Bu məmləkətdə dibçəkdə doğulub
Dibçəkdə yaşayıb, dibçəkdə ölər.
Yazıq dibçəklərdə yatıb, külə dönən
çiçək azadlığımız,
Yazıq mənə, kül oluram tüstünə…
“Azadlıq Sayqonda
Düşmən qərargahına uzanan
250 km-lik yeraltı tuneldi
Təkbaşına döyüşçü Kuçili qızlar
Gəlin gedən kimi gedər,
gedər düşmən üstünə.
V
Qərbdə Azadlıq!
–Amsterdamda azan səsidi,
Parisdə pəncərəsi pərdəsiz
Notrdam kilsəsidi…
Vatikanda mavi keşişlərin
duaları, andı,
Londonda şəhərə çökən dumandı,
dumandı azadlıq.
VI
Şərqdə Azadlıq –
Azadlıq anı
Lüt-üryan hacıların
Məkkədə şeytana atdığı daş;
Qərbdə Azadlıq –
Kələkbaz Leonardo Da Vinçinin
İsanın Torino kəfənidi,
Sirri açılır yavaş-yavaş.
Şərqdə Azadlıq –
Çində Çin səddidi,
Qüdsdə ağlayan divarlar.
Kəbənin hər il təzələnən örtüyüdü
Və bir də ilbəil dəyişən zəvvarlar.
VII
“Azadlıq”
Amerikanın qulağının dibində
Kuba adlı bir ada;
Xalqı Azadlıq haqqında
Çe Gevara adlı mahnı oxuyur
Acqarına səhərdən axşamacan
Havanada, Varedorada.
Azadlıq adası – Kuba…
Kuba azadlığın köksündə bir yara.
“Azadlıq” adasında
Azadlıq haqqında bir mahnı
Öldürür məni,
Mahnının adı – Çe Gevara.
VIII
Kim nə deyir desin,
Azadlıq qılıncların
oxuduğu nəğmədi;
Çünki,
Azadlıq qan tökməkdi,
Fərqi yoxdu
Başqasının olsun, ya özününkü…
IX
Hər il
“Azadlıq” meydanından
zəvvarlar gedir.
Allahın evinə
sevinə-sevinə.
Bu nə yoldu Tanrım?!
Bu nə yoldu imanlı
İmansızla bir gedir.
Şuşadan keçməyən yol
Kəbəyə nə çür gedir?!
X
Bu nə cür şəhərdi, Tanrım?!
Şairləri yox,
küləkləri dəlidi
Sevənləri yox
çiçəkləri dəlidi.
“Azadlıq!”, Azadlıq
Bakıda soyunan bir qadın
heykəlidi.
HALIM MƏMLƏKƏTİN HALI
Şahin Rüstəmova
Halım məmləkətin halı…
Halım məmləkətin halı, Şahin
Mən sadəlövh,
adamlar fəndgir,
Ayrılıqlar füsunkar,
kədər usta;
Halım məmləkətin halı, Şahin
Ruhumun üstünə qar yağır
Fahişələr fahişəsi Bakıda –
avqustda
Mən – tənhalığın, yalqızlığın
balası,
Sən nağılların qosqoca devi.
Sən – tövbə adamı…
Mən – Şuşada minarəsi dağılmış
Sahibsiz – Allah evi…
Göy üzü ulduzların,
Yer üzü də sənindi.
Mənə yer yox buralarda,
baş götürüb gedəm gərək,
Gedəm, hər şey gedənindi.
Halım məmləkətin halı, Şahin
Sahibsiz Allah eviyəm,
Bu gün-sabah uçar bu ev.
Düşdü başım ayağıma
Görmədin ki, qos-qoca dev.
Ölüm alnımda bir yazı,
Bu yazıya nə dedim, nə,
Yazıq, çox yazıq;
Sevinə bilmədin
Sən ölümün ölümünə
Halım məmləkətin halı, Şahin
Sən qos-qoca dev,
Mən nağılların qırxıncı qapısında
qırx yaşda.
Sən hər şeylə barışdın,
Mən hələ də savaşda.
Halım məmləkətin halı, Şahin
Bir şair yarasına
Duz basıb açar səhəri.
Ruhumun paytaxtı Bakı –
Xəlbirdə devlər şəhəri.
Bu nə könül, bu nə sevda?!
Nə pıçıltı, nə ah bilir.
Səndən haqqa gedən yolun
Yolu yoxdu, Allah bilir.
Halım məmləkətin halı, Şahin
Mən – Tanrıya mələklərindən də yaxın
bir adam.
Məmləkətim Turan tək ölürəm,
yavaş-yavaş, asta-asta.
Ruhumun üstünə qar yağır
Fahişələr fahişəsi Bakıda,
Avqustda.
MƏN ƏSGƏR İSTƏDİM TANRIDAN ANCAQ
Sinəmdə dağ kimi kədərim durur,
Nə qədər desəm də boşalmayacaq.
Hamı öz payına övlad istədi,
Mən əsgər istədim Tanrıdan ancaq.
Orxanım, oğlum,
bircə balam,
Bu Vətən torpağında
Məndən sonra duracaq
bürcüm, qalam.
Mən – sənin atan…
Yuxularında qurd doğan
Div səbrinin üstündə
ilan yatan
bir kişi.
Və bu kişinin min ildi
daşdan çıxır hər işi.
Min ildi ki, bu kişi
Heç bir şeydən yarımır.
Nə vaxtdır ki, bu kişi,
“Bütövlük” sözünü bayraq eyləyib
Üstünə yazıbdı diləklərini;
Bir sirli, sevdalı Vətən istəyir.
Yolunu kəsirlər,
“Vətən” deyəndə,
Qılınc götürəndə biləklərini.
Beləcə Orxanım, əllərim yalın,
Əynimdə Beyrəyin qanlı köynəyi.
Beləcə min ildi kəsilən qolum,
Beləcə min ildi yaram göynəyir.
Bu ağrı içində səni gözlədim,
Sıra nəfərisən,
heç necə olsa.
Səni də mən yaşda ölüm gözləyir,
Gücün istəyindən balaca olsa.
Mənim Orxan balam, daha bu yurdun
Döyüşə açılan sabahlarına,
Ovunmaz, kiriməz ayrılıqların,
Səbrindən doğulan günahlarına
Mənə oğulsansa, oğulsansa sən,
Atantək üz tutub yeriməlisən.
… İçimdə dağ boyda kədərim durur,
Nə qədər desəm də, boşalmayacaq.
Hamı öz payına övlad istədi,