Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Gülüstan. Bustan», sayfa 2

Yazı tipi:

I FƏSİL
HÖKMDARLARIN RƏFTARI HAQQINDA

1. Hekayət 13

Nağıl edirlər ki, bir padşah bir əsirin öldürülməsini əmr etmişdi. Yazıq əsirin ümidi kəsildikdə, ağzına gələni deyib padşaha söyüşlər yağdırmağa başladı. Məsəl var deyərlər: canından əl çəkən ağzına kələni deməkdən qorxmaz!

Beyt
 
Yoxsa bərk ayaqda qaçmağa imkan,
Kəsərli qılıncı qarmalar insan.
 
Şeir
 
Ümidsiz qalsa hər insan
Açar dil, qorxmaz aləmdə.
Hücum eylər itə birdən
Pişik məğlub olan dəmdə.
 

Padşah yanındakılardan əsirin nə danışdığını soruşdu. Xeyirxah vəzirlərdən biri dedi:

–Ey hökmdar, o deyir ki, qəzəblənəndə özünü saxlaya bilən adam, başqalarının da günahını bağışlaya bilər.

Padşah rəhmə gəldi, əsirin ölümündən əl çəkdi. Xeyirxah vəzirin rəqibi olan başqa bir vəzir sözə qarışıb dedi:

–Hökmdarın hüzurunda yalan danışmaq bizim kimi adamlara yaraşmaz. Bu əsir padşahı söyüb, ona nalayiq sözlər dedi.

Şah bədxah vəzirin bu sözündən hiddətlənərək dedi:

–Onun yalanı sənin doğrundan xoş idi, çünki o, xeyirxahlıq məqsədilə deyilmiş, səninki isə bədxahlıq. Ağıllı adamlar demişlər: «Sülh doğuran yalan, fitnə törədən doğrudan yaxşıdır».

Şeir
 
Kimin ki, sözünə əməl edir şah,
O, gərək hər sözdə olsun xeyirxah.
 

Fridunun 14 sarayının tağında yazılmışdır:

Lətifə
 
Bu dünya məgər qaldımı bir şaha?
Get öz qəlbini bağla bir allaha.
Bu dünya, bu mülkə sığınma bir an,
O sən tək çoxun məhv edibdir, inan.
Nə fərqi gedərkən bu canü, bu tən,
Ya taxt üstə öl, ya da torpaqda sən?
 

2. Hekayət

Xorasan hakimlərindən biri yuxuda gördü ki, Mahmud Səbüktəkinin 15 bütün badəni çürüyüb torpağa qarışmış, lakin gözləri hələ də öz hədəqəsində hərlənir və ətrafa baxır. Bütün alimlər bu yuxunu yozmaqda aciz qaldılar. Ancaq orada olan dərvişlərdən biri baş əyib dedi: «Gözləri həsrət çəkir, axı, ölkəsi əldən-ələ keçir».

Şeir
 
Çox gömüldü yer altına mənəm-mənəm deyənlər
Ki, onlardan bu dünyada bircə ad-san qalmadı.
Torpaq altda yatanlara bir diqqətlə nəzər sal.
Torpaq yedi, sümüyündən belə nişan qalmadı.
Yaxşı addır Nuşirəvanı 16 bu dünyada yaşadan.
Lakin, köçdü bu dünyadan Nuşirəvan, qalmadı.
Ey filankəs, xeyirxah ol, bil həyatı qənimət,
Nə qədər ki, deməmişlər filan-filan qalmadı.
 

3. Hekayət

Bir şahzadə haqqında eşitmişəm ki, özü çirkin və qısaboylu, qardaşları isə gözəl və uca idi. Bir dəfə şah ona alçaq nəzərlə baxıb, etinasızlıq göstərdi. Oğlan həssas idi, başa düşdü və dedi:

– Ata, ağıllı gödək, axmaq uzundan yaxşıdır. Hər qaməti uca olanın qiyməti baha olmaz. Qoyun kiçik olsa da təmiz, fil böyük olsa da murdardır.

Şeir
 
Çox alçaq olsa da Tur dağı 17 bişək,
Allah dərgahında sayılır yüksək.
 
Şeir
 
Söylədi bədəncə zəif bir alim,
Bir şişman axmağa: «Varmı xəbərin,
Əgər ərəb atı arıq olsa da,
Bir tövlə eşşəkdən yaxşıdır, yəqin».
 

Atası güldü, söz dövlət başçılarının ürəyinə yatdı, qardaşlarında isə kin oyatdı.

Şeir
 
Nə qədər dil açıb dinməmiş insan,
Hünəri və eybi qalacaq nihan.
Gördüyün hər meşə sanma ki, boşdur,
Bəlkə də yatmışdır orada qaplan.18
 

Deyirlər ki, həmin günlərdə güclü bir düşmən padşahın ölkəsinə hücum etdi. Hər iki tərəfin qoşunları üz-üzə gəldikdə döyüş meydanına birinci atılan haman oğlan oldu.

 
Vuruş çağı kimsə görməmişdir arxamı,
Bəlkə torpaq-qan içində görəcəksən döşümü.
Hər döyüşən öz başını itirirsə vuruşda,
Dönüb qaçan, girə verər saya gəlməz qoşunu.
 

Bunu deyib, özünü düşmən qoşununa vurdu, bir necə pəhləvan öldürdükdən sonra atasının yanma gəldi, baş əydi və dedi:

 
Məni belə zəif hesab edən sən,
Demə ancaq boydadır hər iqtidar.
Döyüşlərdə incə belli at gərək.
Kök öküzün meydanda nə xeyri var?!
 

4. Hekayət

Nağıl edirlər ki, düşmənin qoşunu son dərəcə çox, hökmdarınkı isə az idi. Buna görə də onun qoşunundan bir hissə döyüşdən qorxub qaçmağa başladı. Bu vaxt haman oğlan nərə çəkib dedi:

–Ey, kişisinizsə, çalışın qadın paltarı geyməyin! Süvarilər onun bu sözündən qeyrətə gəlib cəsarətləndilər, qaçanlar da geri döndülər, hamısı birlikdə düşmənə qarşı hücuma keçdi. Padşahın qoşunu həmin gün düşmənə qələbə çaldı.

Şah igid oğlunu bağrına basıb öpdü. Sonra şahın ona qarşı məhəbbəti gündən-günə artmağa başladı, nəhayət onu özünə vəliəhd təyin etdi. Qardaşları paxıllıqdan onun xörəyinə zəhər qatdılar. Bacısı eyvandan bunu gördü, dərhal pəncərəni bərk çırpdı. Oğlan işin nə yerdə olduğunu duydu və əlini xörəkdən çəkərək dedi:

– Heyfdir, hünərlilər ölə, hünərsizlər onların yerini tuta!

Beyt
 
Dünyadan yox olsa gər hüma quşu,
Bir kimsə sayəban etməz bayquşu. 19
 

Ataları bu xəyanətdən xəbərdar olub oğlanlarını yanma çağırtdırdı, onlara lazımi qulaqburması verdikdən sonra, hərəsinə ölkənin uzaq bir hissəsində yer ayırdı. Bununla da aralarındakı fitnə yatdı və ədavət aradan qalxdı, çünki məsəl var deyərlər: «On dərviş bir kilimə yığışar, iki padşah bir ölkəyə sığışmaz»

Şeir
 
Bir çörək taparsa mömin, düz adam,
Yarısın paylayıb, yansın yeyər.
Padişah bir ölkə aldıqda, yenə
İkinci ölkəni almaq istəyər.
 

5. Hekayət

Ərəblərdən bir dəstə quldur dağ başında məskən salıb, karvan yolunu kəsmiş, dağın zirvəsində ən uca yerdə möhkəm bir mövqeyi tutmuşdular. Buna görə şah qoşunları quldurlara bata bilmir, camaat isə onların qorxusundan yata bilmirdi. Quldurların bu hərəkəti bir müddət də davam edərsə, onlara üstün gəlməyin mümkün olmayacağını görən o ətrafın başçıları tədbir üçün bir yerə toplaşdılar.

Şeir
 
Yeni rişə atan cavan bir çinar,
Bir adam əl atsa yerindən çıxar.
Lakin kök atarsa o xeyli zaman,
Fələk də gələrsə, qoparmaz, inan.
Çeşmə tutulsa da kiçik bel ilə,
Dolarsa keçilməz böyük fil ilə.
 

Başçılar məsləhətləşib bir nəfəri quldurları pusmağa göndərdilər və hücum üçün fürsət gözləməyə başladılar. Pusquda oturmuş adam tezliklə xəbər gətirdi ki, quldurlar məskənlərini yiyəsiz qoyub, hansı bir tayfa üzərinə isə basqına getmişlər. Bunu eşidən kimi dərhal sınanmış və müharibə görmüş bir dəstə döyüşçü göndərdilər, onlar gedib quldurların məskən saldığı dağın keçidində pusquda dayandılar. Axşamüstü quldurlar çoxlu qənimətlə öz məskənlərinə qayıtdılar, qənimətləri yerbəyer edib, silahlarını açdılar, paltarlarını soyunaraq yatdılar. Onların başının üstünü alan birinci düşmən yuxu oldu. Gecədən xeyli keçdi.

Beyt
 
Günəşi bürüdü zil bir qaranlıq,
Guya ki, Yunisi udmuşdur balıq.20
 

Pusqudakı igidlər dərhal hücum edib quldurların qollarını bir-bir dallarına bağladılar, səhər açılan kimi şahın hüzuruna gətirdilər. Şah quldurların hamısını öldürməyi əmr etdi. Onların içərisində gənc bir oğlan da var idi. Onun gül çöhrəsi bahar çəməni tək təzəcə çiçəklənir, gənc ömrünün həyat bağında ilk meyvələr yetişirdi. Vəzirlərdən birinin ona rəhmi gəldi, irəli çıxaraq şahın taxtı önündə təzim etdi və dedi:

– Bu gənc hələ həyat bağından meyvə dərməmiş, cavan ömrünün ləzzətini görməmişdir. Hökmdarın kəramət və səxavətinə arxalanaraq xahiş edirəm ki, şah onun qanından keçsin və bu qulunu minnətdar etsin.

Vəzirin bu sözündən xoşlanmayan şah hiddətləndi və dedi:

Beyt
 
Yaxşıdan ibrət götürməz, zati bəd, nacins olan,
Necə ki günbəz başında qoz dayanmaz heç zaman.
 

Belə yaramazların nəslini kəsib, dudmanlarını dağıtmaq lazımdır. Odu söndürüb qorunu saxlamaq, əfini öldürüb balasına rəhm etmək ağıllı iş deyildir.

Şeir
 
Göylərdən yağsa da dirilik suyu,
Söyüd ağacında görməzsən səmər.
Alçaq adamlarla oturub durma,
Həsir qamışından alınmaz şəkər.
 

Vəzir şahın sözünü istər-istəməz təsdiq etdi, onun fikrinə afərin deyib əlavə etdi:

– Cahan hökmdarının buyurduqları həqiqətdir, yaramazlar içərisində tərbiyə alan, onların xasiyyətini də mənimsəyər. Lakin bu oğlan hələ uşaqdır və quldurların yaramaz sifətləri onda möhkəm təsir buraxa bilməz. Qulunuz ümid edir ki, əgər o, bundan sonra xeyirxah adamlar arasında tərbiyələnsə, gözəl xasiyyətlər qəbul edib, islah oluna bilər. Bir hədisdə deyilir ki, insan fitrətən pak doğulur, lakin sonra, ata-anasının tərbiyəsi ilə, ya yəhudi, ya xristian, ya da atəşpərəst olur.

Şeir
 
Pislərə yar oldu Lutun arvadı
Ayrıldı peyğəmbər xanədanından.
İtisə bir zaman Əshabi-kəhfin,
Yaxşılarla getdi oldu bir insan.21
 

Şahın yaxın adamlarından bir neçəsi də vəzirə qoşulub vasitəçilik etdilər. Nəhayət şah oğlanın günahından keçdi və dedi:

– Məsləhət bilmirəm, lakin bağışlayıram.

Şeir
 
Zal bir gün söylədi oğlu Rüstəmə: 22
«Biçarə və zəif sanma düşməni,
Çox gördük balaca çeşmənin suyu,
Güclənib apardı yüklü dəvəni».
 

Xülasə, oğlanı nazü-nemətə çatdırıb, tərbiyəsini təcrübəli bir müəllimə tapşırdılar. Nəhayət oğlan natiqlik, hazırcavablılıq və saray qaydalarını dərindən öyrənib, hamısının rəğbətini qazandı.

Bir dəfə vəzir şahın hüzurunda oğlanın fəzilətlərindən danışaraq dedi ki, ağıllı mürəbbilərin tərbiyəsi yaxşı nəticə vermiş, köhnə, yaramaz xasiyyətlərdən oğlanda əsər qalmamışdır.

Hökmdar vəzirin sözünə gülümsəyib dedi:

Şeir
 
İnsanla qalmağa etsə də adət,
Qurd oğlu qurd olar, yenə, nəhayət.
 

Bu hadisədən bir-iki il keçdi. Oğlan bir dəstə yerli dələ-duzlarla dostlaşıb, onlarla yoldaşlıq etməyə başladı. Əvvəlki quldurluq xasiyyətləri onda yenidən baş qaldırdı. Nəhayət günlərin birində fürsət tapıb həmən vəziri, onun iki oğlunu öldürdü, evini soyub, var-dövlətini yığışdırdı, quldurların mağarasına qaçıb, atasının yerində oturdu və yol kəsməyə başladı. Padşah bu hadisədən xəbərdar olduqda təəssüflənib dedi:

Şeir
 
İti şəmşir olmaz paslı dəmirdən,
Gözləmə nakəsdən adamlığı sən.
Yağışla sulansa bağ da, şoran da,
Bağda lalə bitər, şoranda tikan.
 
Şeir
 
Şoranlıq bitirməz sünbül heç zaman
O yerdə zəhməti eyləmə hədər.
Pisə yaxşılıqla, yaxşıya pislik,
Mənaca bir şeydir, düşünsən əgər.
 

6. Hekayət

Oğulmuşun 23 sarayında çox ağıllı, düşüncəli və dərrakəli bir sərhəng oğlu var idi. Hələ uşaqlıq vaxtlarından alnında böyüklük nişanəsi parlardı.

Şeir
 
Kəmalı ulduz tək başı üstə bax.
Parlardı hər yana işıq saçaraq.
 

Xülasə, oğlan həm yaraşıqlı idi, həm də ağıllı. Ona görə hökmdarın rəğbətini qazanmış və mənsəbə çatmışdır. Atalar doğru demişlər: «Dövlət malda deyil, kamaldadır, ağıl yaşda deyil, başdadır». Bir gün tay-tuşları oğlanın vəzifəsinə həsəd aparıb, onu xəyanətkarlıqda təqsirləndirdilər, öldürülməsi üçün səy göstərdilər.

Misra
 
Düşmən nəçidir, dost, sənə qəmxar olsa.
 

Hökmdar oğlanı yanma çağırıb soruşdu: «Bunların sənə qarşı düşmənçiliyinin səbəbi nədir?». Oğlan dedi:

– Böyük hökmdarın mərhəmətilə, paxıllardan başqa hamını razı sala bilmişəm, paxıla gəldikdə o, mənim nemətdən, hökmdarın isə səadətdən məhrum olmasını istəyir.

Beyt
 
Bacararam bir ürəyə toxunmayım heç zaman,
Nə edim ki, paxıl özü öz qəlbini edir qan.
Öl ey paxıl, bəlkə canın rahat ola büsbütün,
Çünki səni yalnız ölüm qurtarar bu əzabdan.
 
Şeir
 
Alçaqlar arzu edər ki, daim,
Dünyada olmasın bəxtəvər insan,
Gündüz yarasalar görmürsə əgər,
Bununçün varımdır günəşdə nöqsan?
Kor olsun minlərlə qoy elə gözlər!
Günəşə çökməsin qaranlıq bir an.
 

7. Hekayət

Belə rəvayət edirlər ki, Əcəm 24 hökmdarlarından biri rəiyyətin var-yoxunu əlindən alıb, onlara əziyyət verməyə başladı. İş o yerə çatdı ki, xalq bu zülm və sitəmə davam gətirməyib başqa ölkələrə qaçmağa və qürbətdə yaşamağa məcbur oldu. Əhali əskildikcə ölkədə məhsul da azaldı, xəzinə boş qaldı. Bunu görən düşmənlər təzyiq göstərməyə başladılar.

Beyt
 
Kim müsibət günü istər ona bir yar olsun,
De ki, xoş gündə özü xalqa havadar olsun.
Qulağı halqalı qul, hörməti görməzsə gedər,
Lütf qıl, lütf sənə yadları da bir qul edər.
 

Bir gün onun hüzurunda «Şahnamə» 25 kitabından Zöhhakın 26 devrilməsi və Fridunun qələbəsi haqqındakı hissəni oxuyurdular.

Vəzir soruşdu:

– Heç bilmək olmur ki, xəzinəsi, mülkü və qüvvəsi olmaya-olmaya Fridun hökmdarlığı necə ələ ala bildi?

Hökmdar dedi:

– Məgər eşitmədinmi ki, cəmaət ona tərəfdar çıxıb, ətrafında sıx birləşmiş, taxt-tacı ələ gətirməsinə kömək etmişdir.

Vəzir dedi:

–Ey hökmdar, əgər camaatı ətrafında sıx birləşdirmək şahlığın əsasıdırsa, bəs nə üçün sən xalqı başından dağıdırsan? Məgər sən şahlıq etmək istəmirsən?

Beyt
 
Ordunu can kimi bəslə hər zaman,
Orduyla sayılar hər yerdə sultan.
 

Hökmdar dedi:

–Ordu və camaatı ətrafımızda birləşdirməyin şərti nədir? Vəzir dedi:

–Şah səxavətli olmalıdır ki, onun ətrafına toplansınlar; rəhmli olmalıdır ki, ondan qorxub qaçmasınlar; səndə isə bunların heç biri yoxdur.

Şeir
 
Şahlara yaraşmaz zülm etmək bir an,
Qurddan ola bilməz sürüyə çoban.
Padişah zülm etsə xalqına əgər.
Özü öz mülkünü tar-mar edər.
 

Ağıllı vəzirin məsləhəti hökmdarın xoşuna gəlmədi, hiddətlənərək onu zindana göndərdi. Çox çəkmədi ki, hökmdarın əmoğlanları üsyan edib atalarının haqqını almaq üçün qoşun çəkdilər. Şahın zülm və sitəminə davam gətirməyən, vətənini tərk etmiş adamlar da qayıdıb onlara qoşuldular. Nəticədə hökmdar məğlub oldu və hökmdarlıq əmoğlanlarının əlinə keçdi.

Şeir
 
Rəiyyətə zülm edərsə bir ağılsız hökmdar.
Düşmən bir gün edər onun ölkəsini tar-mar.
Rəiyyətlə sülh edən şah dəf edər hər afəti.
Adil şahın ləşkəridir çünki öz rəiyyəti.
 

8. Hekayət

Bir şah öz əcəm qulu ilə gəmiyə minmişdi. Demə qul ömründə gəmiyə minməmiş, dəniz səfərinin əziyyətini görməmiş imiş. O, qorxudan əsməyə və ucadan ağlamağa başladı. Gəmidəkilər nə qədər çalışdılarsa onu sakit edə bilmədilər. Qulun bu halı şahın kefini pozdu. Lakin bir çarə tapa bilmirdilər. Gəmidə müdrik bir adam var idi, vəziyyəti belə gördükdə dedi:

–İcazə versəniz, mən onu sakit edə bilərəm. Hökmdar dedi:

–Son dərəcə lütf göstərmiş olarsınız.

Əmr etdi qulu dənizə atdılar, Qul bir neçə dəfə suya batıb çıxdı; sonra saçlarından tutub onu gəmiyə tərəf dartdılar. O, iki əlli sükandan yapışıb sallandı və elə ki, gəmiyə çıxdı, susub dinməz, söyləməz bir küncdə oturdu. Şaha bu qəribə gəldi, haman müdrik adamdan soruşdu ki, bunda nə hikmət var?

Dedi:

–Bu qul dənizdə qərq olmaq qorxusunu keçirmədiyindən gəmidəki əmin-amanlığın qədrini bilmirdi. O da məlumdur ki, fəlakətə düşməyən sakitliyin qədrini bilməz!

Şeir
 
Ey tox, sənə xoş gəlməyir əgər arpa çörəyi,
Bil ki, sənə xoş gəlməyən bu şey mənə nemətdir.
 

Cənnət əhli bir cəhənnəm sanar ikən erafı, 27 Cəhənnəmin əhli üçün eraf özü cənnətdir.

Beyt
 
Fərqi vardır: birisinin ağuşunda gözəl yar,
Digərinin iki gözü yolda qalmış intizar.
 

Hörmüzə dedilər: – Atanın vəzirlərindən nə xəta baş verib ki, onları həbs etdiribsən?

Dedi:

– Elə bir xəta baş verməyib ki, həbsə səbəb olsun. Lakin gördüm, zəhmim onların ürəyinə elə çöküb ki, verdiyim vədlərə belə inanmırlar. Qorxdum canlarının qorxusundan canıma qəsd etsinlər. Ona görə də alimlərin sözünə əməl etdim. Alimlər deyiblər ki:

Şeir
 
Kim səndən qorxursa, qıl ondan həzər,
Olsan da yüz elə şəxsə bərabər.
Pişik aciz qalsa, görmürsən, dərhal,
Pələngin gözünə atacaq çəngal.
İlan ona görə çalır çobanı Ki, qorxur çomaqla alınsın canı.
 

9. Hekayət

Ərəb hökmdarlarından biri qocalıq vaxtında xəstələnib, həyatdan ümidini kəsmişdi. Bu zaman bir atlı gəlib, xoş xəbər verərək dedi:

–Hökmdar sağ olsun, düşmənin qalasını dağıdıb başçılarını da əsir aldıq. Düşmənin camaatı və qoşunları hökmdarın bayrağı altına keçdilər.

Hökmdar kədərlə köksünü ötürüb dedi:

–Bu xoş xəbəri mənə yox, varislərimə ver!

Şeir
 
Əziz ömür başa çatdı xoş arzular içində,
Dedim kaş ki, ürəyimdən gecən girsin qapımdan.
Ürəyimdən gecən gəldi, lakin ümid yoxdur ki,
Keçən ömür geri dönə, mən də olam kamran.
 
Şeir
 
Köç təblini vurdu əcəl əlilə,
Ey gözlərim başa deyin: əl vida.
Ey əl, bilək və qol daha ayrılın.
Üzə, gözə, qaşa deyin: əlvida.
Düşmənlərin kamınca mən gedirəm,
Ban bu yoldaşa deyin: əlvida!
Mən nadan yaşadım dünyada, ban,
Dostum, sən xoş yaşa, deyin əlvida!
 

10. Hekayət

Dəməşq məscidində, Yəhya peyğəmbərin məqbərəsində olduğum zaman, ədalətsizlikdə şöhrət tapmış bir ərəb hökmdarı da təsadüfən oraya ziyarətə gəlmişdi. O, namaz qıldıqdan sonra dua oxuyub, allahdan köməkliklər istədi.

Beyt
 
Kasıb da, varlı da bu yerdə quldur.
Daha dövlətlisə, daha yoxsuldur. 28
 

Sonra o, mənə müraciət edib dedi:

–Dərvişlərin mərhəmətli və sədaqətli olduğuna inandığıma görə, xahiş edirəm, mənə bir məsləhət verəsiniz, çünki güclü bir düşmən məni hədələyir. Cavabında dedim:

– Gücsüz rəiyyətə rəhm elə ki, güclü düşməndən zülm görməyəsən!

Şeir
 
İnsaf deyil, güclü ikən göstərərək zor, qüvvət.
Sındırasan bir yazığın pəncəsini nəhayət.
Qorxsun o kəs, biçarəyə rəhm etməyib zülm edə.
Yıxılanda kimsə ona hayan durmaz əl-əlbət.
Hər kim əkib «pislik» dəni, yaxşı məhsul gözləsə.
Xam xəyala düşmüş olar, boşa çıxar bu niyyət.
Qulağından pambığı at, ver bu xalqın haqqını.
Sən verməsən, gələr bir gün, haqqın istər rəiyyət.
 
Şeir
 
Bir bədən üzvüdür bu bəni-adəm.
Eyni bir cövhərdən yaranmış aləm.
Bir üzvü dərdlərə salsa ruzigar.
Tutmaz başqa üzvü yerində qərar.
Özgənin dərdinə əgər qalmasan,
Yaraşmaz adına deyilsin insan.
 

11. Hekayət

Duası müstəcab olan bir dərviş Bağdad şəhərinə gəldi. Həccac Yusifə29 xəbər verdilər, onu yanma çağırtdırıb dedi:

–Mənim üçün bir xeyir-dua ver!

Dedi:

–Ey allah, Həccacın canını al!

Həccac soruşdu:

–Allah xatirinə, bu necə duadır?

Dedi:

–Bu duanın həm sənə, həm də bütün müsəlmanlara xeyri vardır.

Şeir
 
Məzlumlara zülm edən ey hökmran!
Nə vaxtadək sürəcəkdir bu dövran?!
Nə dörd əlli tutmusan bu dünyanı,
Birdəfəlik öl ki, mərdümazarsan.
 

12. Hekayət

Zalım hökmdarlardan biri, bir abiddən soruşdu:

–İbadətlərdən hansı yaxşıdır?

Dedi:

–Sənin üçün yarım günlük yuxu. Heç olmasa camaat yarım gün sənin əziyyətindən qurtarmış olar.

Şeir
 
Gündüz gördüm yatıbdır bir zülmkar,
Bu fitnədir dedim, yatsa yaxşıdır.
Oyaqlıqdan yatması xoş olan kəs.
Birdəfəlik yerə batsa yaxşıdır.
 

13. Hekayət

Nəql edirlər ki, bütün gecəni eyş-işrətlə məşğul olan bir hökmdar səhərə yaxın məst halda deyirdi:

 
Bizim üçün bu dünyada bundan artıq dəm yoxdur.
Ki, yaxşı, pis şeylər üçün fikir yoxdur, qəm yoxdur.
Bayırda, şaxtalı havada çılpaq yatmış bir dərviş bunu eşidib dedi:
 
Beyt
 
Ey deyən dünyada, ən xoşbəxt bizik,
Tutaq sən qəmsizsən, biz də qəmsizik?
 

Dərvişin sözündən hökmdarın xoşu gəldi, ona min qızıl vermək istədi, pəncərədən qızıl kisəsini çıxarıb səslədi:

–Dərviş, ətəyini aç!

Dərviş dedi:

–Paltarım var ki, ətəyim olsun?!

Dərvişin belə yazıq vəziyyətini və zərif təbiətini görən hökmdarın ona həddən artıq rəhmi gəldi. O, qızıl kisəsinin üstünə bir xələt də qoyub, dərvişə verdi. Lakin çox çəkmədi ki, dərviş pulu xərclədi, xələti də satıb yedi və yenə bəxşiş ümidi ilə hökmdarın yanma qayıtdı.

Beyt
 
Azadə kəslərin əli boş olar,
Xəlbirdə su qalmaz, aşiqdə qərar.
 

Hökmdarın söz dinləməyə meyli olmadığı vaxt dərvişin gəldiyini ona xəbər verdilər. Hiddətlənib, qaşqabağını tökdü.

Buna görə ağıllı adamlar deyiblər ki, hökmdarların qəzəbindən ehtiyat etmək lazımdır. Çünki hökmdarlar ölkənin böyük məsələlərilə məşğul olduqlarından qara camaatın hayına qalmazlar.

Şeir
 
Hər kim gözləməsə vaxtı, fürsəti,
Ona haram olar şahın neməti.
Hər zaman sözünün bil məqamını
Boş sözlə məhv etmə ehtiramını.
 

Hökmdar dedi:

– O qədər dövləti az bir vaxtda dağıdıb tələf edən bu həyasız, israfçı gədanı buradan qovun! Dövlət xalqın malıdır. Kömək yoxsullar üçündür, israfçılar üçün deyil.

Beyt
 
Axmaq əgər yandırarsa şamını gündüz çağı,
Gecə vaxtı şamsız qalar, zülmət olar otağı.
Ağıllı vəzirlərdən biri sözə qarışıb dedi:
 

– Ey hökmdar, məncə belə adamlara xərcliyi az-az vermək yaxşıdır ki, birdən israf etməsinlər. Cəzalandırmaq məsələsinə gəldikdə isə, əmriniz onu tərbiyələndirmək məqsədilə olsa da, bəziləri bunu sizin səxavətsizliyinizə yozarlar. Bundan əlavə, ümidvar etdiyiniz adamı yenidən naümid edib könlünü sındırmaq kəramətinizə yaraşmaz.

Beyt
 
Tamahkara öz qapını çalış açma heç zaman,
Açdınsa bil, bir də onu bağlamaq olmaz asan.
 
Şeir
 
Kim görmüş dünyada Hicaz 30 təşnəsi,
Şor suyun yanında yurd salıb yaşar?
Lakin harda şirin bir bulaq olsa,
İnsan, quş, qarınca ora toplaşar.
 

14. Hekayət

Keçmiş hökmdarlardan biri ölkəni idarə etmək işində bacarıqsız olub, qoşuna yaxşı fikir vermirdi. Günlərin birində ölkəyə güclü bir düşmən basqın etdi. Əsgərlər hökmdardan üz döndərib, düşmənə qarşı vuruşmaqdan boyun qaçırdılar.

Beyt
 
Əsgərə xəzinə qıymasa sultan,
O da əl qılınca atmaz heç zaman.
 

Hökmdara sədaqətsizlik göstərənlərdən birisi mənimlə dost idi. Onu danlayıb dedim:

–İllər boyu xidmət etdiyin və nemətindən faydalandığın şəxsin vəziyyəti azacıq dəyişəndə ondan üz çevirmək – sədaqətsizlik, nankorluq və alçaqlıqdır.

Dostum dedi;

–İnsaf etsən, üzrümü qəbul edərsən, çünki atım arpasızlıqdan buxovda, çulu isə qonşu yanında girovda idi. Bir də ki, döyüşçüyə pulunu əsirgəyən hökmdara canı fəda etmək olmaz!

Beyt
 
Sən əsgərə qızıl versən, o düşmənə meydan açar,
Son qızılı əsirgəsən, baş götürüb uzaq qaçar.
 
Beyt
 
Əgər qarnı tox olarsa, hücum edər pəhləvan,
Əgər qarnı boş olarsa, geri qaçar durmadan.
 

15. Hekayət

Bir vəzir işdən çıxarılıb, saraydan qovuldu. O, tərkidünya olub, dərvişlərə qoşuldu. Az keçmədi ki, dərvişlərin söhbəti ona təsir etdi. O da hər cür qayğını unutdu,

Bir gün hökmdar yenidən ona mərhəmət göstərib, xidmətə çağırdı. O isə hökmdarın çağırışını rədd edib dedi:

–Ağıllı adamların əqidəsincə, səhrada qul olmaq, saraya qulluq etməkdən yaxşıdır.

Şeir
 
Qənaət küncündə oturan kəslər,
Naəhlin və itin dilini kəsər.
Qələmi sındırıb kağız cıranlar,
Qeybətçi kəslərdən yaxa qurtarar.
 

Hökmdar israr etdi:

–Ölkənin işlərini layiqincə yerinə yetirmək üçün bizə ağıllı, istedadlı adam lazımdır.

Vəzir dedi:

–Ey hökmdar, ağıllılığın elə əsl əlaməti olur ki, bu kimi işləri öhdənə götürməyəsən.

Beyt
 
Şərəflidir hüma quşu bütün quşlardan əlbət,
Sümük yeyir, çünki vermir bir canlıya əziyyət.
 
Zərbi-məsəl

Çölpişiyinə dedilər:

–Nə üçün həmişə şirin dalınca gəzirsən? Cavab verdi:

–Ovladığı şikarın tör-toküntüsünü yeyib, ac qarnımı doyurur və onun heybəti sayəsində özümü düşməndən qoruyuram.

Soruşdular:

–İndi ki, kölgəsində dolanır, nemətinə şükür edirsən, bəs nə üçün çox yaxınlaşmırsan ki, onun sədaqətli xadimləri sırasma kecəsən?

Dedi:

–Axı qəzəbindən də arxayın deyiləm.

Beyt
 
Yüz il atəşpərəst tonqal yandırar,
İçinə bir dəfə düşən tək yanar.
Saray xadimi bəzən qızıl alarsa, bəzən də baş verər.
Filosoflar demişlər:
 

-Hökmdarların daima dəyişilən xasiyyətlərindən qorxmaq lazımdır, çünki bəzən salamdan hiddətlənər, bəzən söyüşdən xoşlanıb xələt verərlər.

Bir də deyiblər ki, həddən artıq zarafat etmək nədimlər üçün hünər, alimlər üçün qüsurdur.

Beyt
 
Öz qədrini sən yaxşı bil, vüqarını vurma yerə,
Qoy mənasız zarafatlar qismət olsun nədimlərə.
 

16. Hekayət

Bir gün dostlarımdan biri yanıma gəlib həyatının uğursuzluğundan şikayətlənərək dedi:

– Ailəm çox, gəlirim yox, yoxsulluq dərdinə də tab gətirə bilmirəm. Dəfələrlə bu fikrə düşmüşəm ki, baş götürüb özgə vilayətə gedim, orada necə yaşasam, nə yaxşımı bilən olar, nə pisimi.

Beyt
 
Çox ac yatmış, lakin onu bilməmişdir bir insan,
Çox ölənin başı üstə tapılmamış ağlayan.
 

Yenə düşmənin tənəsindən qorxub düşünmüşəm ki, məni dalda lağa qoyarlar, ailəm haqqında göstərdiyim səyi namərdlik hesab edib deyərlər:

Şeir
 
Bircə sən o nanəcibə nəzər sal,
Gülməyəcək bəxti onun üzünə,
Tək özünə asudəlik düşünür,
Ailəni salır çölün düzünə.
 

Sənə məlumdur ki, mühasibat elmindən azacıq başım çıxır. Əgər sənin hörmətin xatirinə mənə bir iş versələr, ürəyim rahat olar, nə qədər ömrüm var sənə minnətdar olaram.

Dedim:

– Qardaşım, şah sarayında xidmət etməyin iki başı var: ümid və qorxu, yəni bir tərəfdən çörək, digər tərəfdən can qorxusu.

Çörək ümidilə canı qorxuya salmaq isə ağıllı adamların işi deyil.

Şeir
 
Heç bir şeyi olmayana deməzlər,
«Torpaq və bağ vergisi ver darğaya»
Ya qüssəyə, qəmə, dərdə razı ol,
Ya da pay ver ciyərini qarğaya.
Dostum israr etdi:
 

– Sözlərin istəyimə müvafiq, sualıma mütabiq olmadı. Yalnız xəyanətkarlar sorğu-sualdan qorxar.

Beyt
 
Düzlüyü çox sevər taleyi yazan,
Görmədim düz yolda yolunu azan.
 

Filosoflar demişlər: «Dörd adamın dörd adamdan xoşu gəlməz: quldurun – sultandan, oğrunun – qarovulçudan, əyyaşın – xəbərçidən və fahişənin – darğadan. Haqq-hesabı düz olanın hesab verməkdən nə qorxusu!».

Şeir
 
Düşməni sən aciz etmək istəsən,
İşində heç israf eləmə zinhar.
Sən təmiz həyat sür, kimsədən qorxma,
Ki, daşa çırpılar natəmiz paltar.
 

Dedim:

–Sənin hekayətin tülkünün əhvalatına oxşayır. Bir gün gördülər ki, tülkü özünü itirmiş halda qaçır, özünü ora-bura vurur, gah yıxılır, gah durur. Bir nəfər soruşdu: «Nə olub ki, belə qorxuya düşübsən?» Tülkü dedi:

– Eşitmişəm ki, dəvəni biyara aparırlar.

Soruşan dedi:

–Ay axmaq, dəvə ilə sənin nə əlaqən, heç sən dəvəyə oxşayırsanmı?

Dedi:

–Sus, əgər paxıllar qərəzlə desələr ki, dəvədir, məni də tutub apararlar. Onda kim dərdimə qalıb, can yandıracaq və mənim tülkülüyümü sübut edəcək? Eşitməmişsən ki, deyiblər: «Tülkü tülkülüyün sübut edincə, dərisini boğazından çıxardarlar?!»

–Sən ağıllı, düz və etibarlı adamsan. Lakin paxıllar pusquda, düşmənlər isə küncdə gizlənmişlər. Onlar gözləyirlər ki, imkan tapcaq sənin yaxşı sifətlərini şahın qarşısında pis qələmə versinlər və onun sənə qəzəbi tutsun. Belə bir hal baş verərsə, kimin danışmağa cürəti çatar ki, səni müdafiə etsin? Məsləhət görürəm ki, aza qənaət edib rəislik fikrindən daşmasan.

Beyt
 
Dənizdən çox xeyir olsa da hasil,
Şübhəsiz yaxşıdır yenə də sahil.
 

Dostum bu sözləri eşitcək hirsləndi, üzünü çevirib ağır sözlər deməyə başladı və dedi:

–Sən nə danışırsan, ağıllı, düşüncəli adam belə sözlər deyərmi? Atalar doğru demişlər: «Dost dar gündə bilinər, süfrə başında düşmən də dost görünər».

Şeir
 
Ona dost demə ki, süfrə başında,
Deyə: «Qardaşın da, dostun da mənəm»
Ona dost deyərəm ki, çətin gündə,
Dostun arxasında dayana möhkəm.
 

Dostumun açıqlandığını və nəsihətimi qərəz sandığını gördükdə Sahib-divanın31 yanma getdim. Çoxdan bəri yaxın olduğumuza görə dostumun əhvalını ona nağıl etdim, ləyaqətli, və sədaqətli olduğunu söylədim. Nəhayət, dostumu kiçik bir vəzifəyə təyin etdilər. Bir müddət həmin vəzifədə işlədikdən sonra düz və bacarıqlı olduğunu görüb bəyəndilər, daha yüksək bir vəzifəyə təyin etdilər. Beləliklə, getdikcə onun tale ulduzu yüksəldi, nəhayət istədiyi ən yüksək mərtəbəyə çatdı, hökmdarın rəğbətini qazanaraq onun ən yaxın xidmətçilərindən biri oldu. Kefinin köklüyündən xəbərdar olduqda sevinib dedim:

Beyt
 
Darıxma iş görünsə bir qaranlıq quyuda
Çünki qaranlıqdadır o dirilik suyu32 da,
 
Beyt
 
Qardaşım, qəm çəkib etmə ahü-zar,
Allahın çox gizli mərhəməti var
 
Beyt
 
Zəmanə dərdindən çəkmə qəm, kədər,
Səbr acı olsa da, şirin bar verər.
 

Təsadüfən mən bir necə dostumla səfərə getməli oldum. Məkkədən qayıdanda həmin dostum məni qarşılamağa gəldi. Dərhal duydum ki, işdən çıxarıblar, Çünki dövlət adamları ancaq işdən çıxarıldıqları zaman dostu axtarmağa vaxt tapa bilərlər.

Şeir
 
Vəzifə başında, bəxt gülən zaman.
Dostların üzünə baxmaz bircə an.
Kasıblıq, çətinlik üz verən dəmdə.
Dostuna söyləyər dərdini haman.
 

Üzündə qəm nişanəsi qiyafəsində kədər ifadəsi görüb soruşdum ki, bu nə haldır?

Dedi:

–Necə ki, demişdin, elə də oldu. Bəzi adamlar paxıllıq edib, məni xəyanətkarlıqda ittiham etdilər. Hökmdar isə işin nə yerdə olduğunu aydınlaşdırmaq üçün səy göstərmədi. Qədimki dostlarım, səmimi yoldaşlarım da keçmiş sədaqəti unudaraq həqiqəti deməkdən çəkindilər.

Şeir
 
Vəzifə başında olan kəslərə,
Hamı söyləyər: mərhəba, afərin,
Vəzifə başından salan tək fələk,
Başından basarlar, ürəklərdə kin,
 

Xülasə, cürbəcür işgəncələrə məruz qaldım. Nəhayət bu həftə həccə gedənlərin sağ-salamat qayıtmaları münasibətilə məni həbsdən azad etdilər və yalnız atadan qalan mirası geri verdilər.

Dedim:

–O zaman sözümü qəbul etmədin, hökmdarlara xidmət etmək dəniz səfəri kimidir, həm qorxusu var, həm faydası, ya xəzinə taparsan, ya dənizdə batarsan,

Beyt
 
Ya xacə bağrına basar simü-zər,
Ya dəniz xacəni 33 bir gün qərq edər.
 

Bundan artıq onu danlamağı, yaralı könlünə duz səpib yenidən sızıldatmağı rəva görmədim, sözümü bu iki beytlə müxtəsər etdim:

Şeir
 
Bilmirdin, nəsihət dinləməyəndə,
Nəhayət ayağın düşəcək bəndə?
Əqrəb yuvasına barmaq uzatma,
Əgər ağrısına tab yoxsa səndə!
 

17. Hekayət

Dərvişlərdən bir neçəsi mənimlə dost idi. Onlar zahirən təmiz adamlar idilər. Buna görə də böyük mənsəb sahiblərindən biri onlara həddən artıq inanaraq, hərəsini bir vəzifəyə təyin etmişdi. Bir gün onların birindən dərvişə yaraşmayan bir hərəkət baş verdi, mənsəb sahibi hamımızdan şübhələnməyə başladı və beləliklə bazarımız kasadlaşdı. Yoldaşların işini bir təhər yenidən bərqərar etmək üçün mənsəb sahibinin yanma getdim. Qapıçı bəd üz göstərib əvvəlcə məni içəri buraxmadı. Mən onda günah görmədim. Çünki məsəl var deyərlər:

Şeir
 
Əmirin, vəzirin və hökmdarın,
Səbəbsiz dolaşma ətrafında sən.
Dərban da, köpək də qəribi tutar.
Birisi yaxadan, biri ətəkdən.
 

Hökmdar mənim qapıda gözlədiyimi bilən kimi, dərhal məni içəri apartdırıb hörmətlə yuxarı başda yer göstərdi, lakin mən təvazökarlıqla aşağı başa keçib dedim:

Beyt
 
Nə olar qoy olum sənə bir bəndə,
Bəndələr səfində oturum mən də.
 

Dedi:

– Allah eləməsin, bu nə sözdür?

Beyt
 
Otursan gözlərim üzərində sən
Nazını çəkərəm ki, nazəninsən.
 

Xülasə, oturub hər tərəfdən danışdıq, nəhayət yoldaşların ağır yaşayışından söz açıb dedim.

Şeir
 
Nə gördü bizdə ki, nemət verən böyük sultan,
Baxır qəzəblə bizə, dindirir məlamətlə.
Xuda üçün yaraşar lütfü mərhəmət daim,
Günah görəndə belə lütf edər kəramətlə.
 

Bu söz hökmdara çox xoş gəldi, dostlarımın maddi vəziyyətini qabaqkı kimi bərpa etməyi, boş gecən günlərin də əmək haqqının verilməyini əmr etdi. Minnətdarlığımı bildirdim, vaxtını almağa cəsarət etdiyim üçün üzr istədim və təzim edərək çıxanda dedim:

Şeir
 
Kəbə niyaz qibləsidir, ona görə əhali,
Ziyarətə gələr onu uzaq-uzaq yollardan
Sən də gərək çox dözəsən verdiyimiz zəhmətə,
Çünki barsız bir ağaca daş atmazlar heç zaman.
 

18. Hekayət

Bir şahzadəyə atasından çoxlu miras qaldı. O, əliaçıqlıq və səxavət göstərərək, əsirgəmədən qoşuna və camaata bəxşişlər verməyə başladı.

Beyt
 
İyləsən duymazsan ətrini udun,
Yananda ətrini duyarsan onun.
Böyüklük axtarsan, göstər səxavət,
Ki, toxum əkməsən almazsan nemət.
 

Bir gün nadan yoldaşlarından biri ona öyüd-nəsihət verib dedi:

– Keçmiş hökmdarlar bu qədər mal-dövləti səy, zəhmətlə toplayıb yaman gün üçün yığmışlar. Bilməlisən ki, qabaqda bir çox hadisələr gözlənir, arxada isə düşmənlər gizlənir. Bu qədər israf düzgün deyildir, çünki lazım olan vaxtda pula əl çatmaz.

Şeir
 
Xəzinə bəxş etsən rəiyyətə sən,
Hər kəndə pay düşər bir düyü qədər.
Hər kəsdən bir arpa gümüş toplasan,
Payına hər gün bir xəzinə düşər.
 

Bu söz şahzadənin xoşuna gəlmədi, ona acıqlanıb dedi:

–Allah bu mal-dövləti ona görə mənə veribdir ki, həm özüm yeyəm, həm də başqalarına bağışlayam, nəinki gözətçi olub qoruyam.

Beyt
 
Böyüklük istəsən xalqa bəxşiş ver,
Sən, toxum səpməsən nə bitirər yer?
 
Beyt
 
Qaran 34 belə qırx xəznədə verdi can,
Yaxşı adla yaşadı Nuşirəvan.
 

19. Hekayət

Nağıl edirlər ki, bir gün ədaləti Ənuşirəvan üçün ovlaqda kabab bişirirdilər, lakin duz yox idi. Duz üçün kəndə bir adam göndərmək lazım gəldi. Nuşirəvan ona dedi:

– Duzu zorla deyil, pulla al ki, kənd xaraba qalmasın.

Soruşdular:

– Azacıq duzla kənd necə xaraba qalar?

Ənuşirəvan cavab verdi:

– Zülm dünyada əvvəlcə az idi, sonra hər gələn ona bir az artırdı, nəhayət, indiki həddə gəlib çatdı.

13.Hekayət – «Gülüstan» kitabında müxtəlif həcmli və müxtəlif məzmunlu, əsasən şeirlə nəsrin qarşılıqlı əlaqəsi ilə yazılan kiçik hikmətamiz hekayələr belə adlanır. Burada da eyni adla saxlanılıb.
14.Fridun (Firidun) – Əfsanəvi Pişdadiyan sülaləsindən altıncı padşah hesab olunur. Atasını zalım Zöhhak öldürmüş, anası onu xilas etmişdir. Dəmirçi Gavə Zöhhakı taxtdan saldıqdan sonra onu taxta əyləşdirmişdir.
15.Mahmud Səbuktəkin – Qəznəvilərin ən məşhur və qüvvətli hökmdarlarındandır. 997–1030-cu illər arasındakı hökmranlığı dövründə İran, Türküstan və Hindistanın əsas hissəsini öz hakimiyyəti altında birləşdirmişdir.
16.Nuşirəvan – Sasani sülaləsinin ən məşhur hökmdarı olmuşdur. 531–579-cu illərdə hakimiyyət sürərək İran və eləcə də bütün Yaxın Şərq ədəbiyyatında ədalətli bir hökmdar surəti kimi mədh olunmuşdur. Guya Məhəmməd Peyğəmbər onun zamanında doğulması ilə fəxr edirmiş.
17.Tur dağı – Qırmızı dənizin şimalında Sina yarımadasında bir dağdır. Yəhudilərin peyğəmbəri sayılan Musa guya Misirdə Peyğəmbərliyə çatdıqda onun dinini qəbul etməyən Firounu bütün qoşunu və əmlakilə dənizə qərq etmiş, sonra öz tərəfdarları ilə Tur dağına çəkilmişdir. Dini rəvayətə görə guya Allahla bu dağın başında danışarmış.
18.Gördüyün hər meşə sanma ki, boşdurBəlkə də yatmışdır orada qaplan  Bu iki misranın farsca əsli belədir:
Hər bişe gəman məbər ke, xalistŞayəd ke, pələng xofte başəd.  Burada «bişe» (meşə) və «xali» (boş) sözlərinin bir də «bisə» yəni «xallı daş» və «xal» kimi oxunması ilə əlaqədar olaraq, tədqiqatçılar bunun mənasını «hər qaraltını xallı daş hesab etmə, bəlkə o yatmış pələngdir» kimi də izah edirlər.
19.Dünyadan yox olsa gər hüma quşuBir kimsə sayəban etməz bayquşu.  Hüma quşu qədim nağıl və əfsanələrdə dövlət quşu kimi təsvir olunur. Guya bu quş kimin başı üzərində uçub kölgə salsa, o padşah olar. Əslində isə belə bir quş həyatda mövcud deyil. Klassik ədəbiyyatda mifik hüma quşu nə qədər dövlət və səadət simvoludursa, bayquş da o qədər fəlakət və bədbəxtlik simvolu kimi qələmə alınıb.
20.Günəşi bürüdü zil bir qaranlıq.Guya ki, Yunisi udmuşdur balıq  Dini əfsanələrə görə qədim İsrail xalqı peyğəmbər Yunisi guya dəryaya atmış, dəryada isə bir naqqa balıq onu udub qarnında salamat saxlamış və sonra işıqlı dünyaya buraxmışdır.
21.Pislərə yar oldu Lutun arvadı,Ayrıldı peyğəmbər xanədanından.İtinə diqqət et Əshabi-kəhfin;Yaxşılarla getdi oldu bir insan.  Dini rəvayətə görə qədim Fələstində peyğəmbər olan Lutun arvadı onun dinini qəbul etməyənlərə qoşulub ərindən üz döndərmişdir. «Əshabi-kəhf» isə dini əfsanələrdə adı çəkilən «Mağara sahibləridir» (əshab sahiblər, kəhf – mağara). Hədislərdə nağıl olunur ki, qədim Misirdə Dəqyanus adlı zalım bir hökmdarın 6 nəfər saray xadimi onun zülmündən qaçır, yolda bir çoban da öz iti ilə onlara qoşulur. Gecələdikləri bir mağarada guya Allah onlara qiyamətə qədər əbədi yuxu vermişdir, onların hamısı, o cümlədən çobanın iti də guya behiştə gedəcəkdir və o dünyada Əshabi-kəhfin iti ilə Lutun arvadının dərisini bir-birilə dəyişəcəklər.
22.Zal bir gün söylədi oğlu Rüstəmə…
  Zal farsların qədim əfsanəvi qəhrəmanı, misilsiz pəhləvan Rüstəmin atasıdır. Onun atası Sam, anadan ağ tüklü doğulmuş, buna görə də ona qoca mənası verən Zal adını vermişdir.
23.Oğulmuş – Atabəy Özbək ibn Məhəmməd Cahan pəhləvanın yaxın adamlarından və Sultan Əlaəddin Məhəmməd Xarəzm şahın əmirlərindən biridir. Həmədan, Rey və İsfahanın alınmasında Özbəyə kömək etmiş və həmin yerlərə hakim təyin edilmiş, nəhayət 1217-ci ildə İsmaili fədailəri tərəfindən öldürülmüşdür.
24.Əcəm – Ərəblər ərəb olmayanları, türklər isə iranlıları əcəm yaxud əcəmi (yəni əcnəbi) adlandırmışlar.
25.«Şahnamə» – Əbülqasim Firdovsinin (934–1020) məşhur əsəridir. Firdovsi bu ölməz epopeyasında İranın ən qədim dövrlərindən başlamış VII əsrə qədərki hökmdar və qəhrəmanlarını, tarixi-əfsanəvi hadisələri nəzmə çəkmişdir.
26.Zöhhak – İranın qədim tarixində əfsanəvi hökmdardır. Rəvayətə görə ərəb nəslindəndir. Guya İblis onun hər çiynində bir ilan bitirmiş və bu ilanlara hər gün iki cavanın beyni verilirmiş. Bundan cana doyan xalq Dəmirçi Gavənin başçılığı ilə üsyan edib, Zöhhakı öldürmüş və Cəmşidin oğlu Fridunu taxta oturtmuşdur.
27.Cənnət əhli bir cəhənnəm sanar ikən erafı,Cəhənnəmin əhli üçün eraf özü cənnətdir.  Dini xurafata görə guya cənnət ilə cəhənnəm arasında aralıq bir sahə var ki, «eraf» adlanır.
28.Kasıb da, varlı da bu yerdə quldur,Daha dövlətlisə, daha yoxsuldur.  Bu beytdə tərki-dünyalıq və dünya nemətlərindən əl çəkmək kimi mistik ideya müdafiə edilir. Orta əsr mistikasına görə dünya insan üçün müvəqqəti mənzildir. Mal-dövlət isə insanı bu müvəqqəti aləmə daha çox bağlayır, qul edir, onu o dünyaya, əbədi aləmə getməkdə ləngidir.
29.Həccac Yusif (Həccac-ibn Yusif Əs-Səqəfi, 661-715). Əməvi dövlətinin ən zalım hökmdarlarından biridir. Qəddarlıqda adı zərbi-məsəl olmuşdur. 20 illik hakimiyyəti dövründə 120 min adamı edam etdirmiş və 54 yaşında dəhşətli bir xəstəlikdən ölmüşdür. Burada «bu duanın həm sənə, həm də bütün müsəlmanlara xeyri vardır» cümləsinin mənası odur ki, əgər sən tez ölsən daha xalqa zülm etməzsən, o dünya üçün günahın nisbətən azalar və müsəlmanlar da sənin zülmündən qurtarar.
30.Hicaz – Ərəbistanda Məkkənin daxil olduğu vilayətin adıdır.
31.Sahib-Divan – Hülaku xanın (1217–1265) vəziri Şəmsəddin Cüveyninin ləqəbidir.
32.Darıxma iş görünsə bir qaranlıq quyudaÇünki qaranlıqdadır o dirilik suyu da.  Birinci misrada Yəqub peyğəmbərin kiçik oğlu Yusifin qardaşları tərəfindən quyuya salınıb sonra böyük səadətə çatması və ikinci misrada Makedoniyalı İsgəndərin də axtarıb tapa bilmədiyi əbədi dirilik suyunun zülmətdə olduğunu fərz edən qədim əfsanə nəzərdə tutulur.
33.Xacə – Ağa, cənab. Burada dünyanın dərdlərini, gələcəyin işlərini nəzərə almayan qayğısız dövlətli adam nəzərdə tutulur.
34.Qarun – Musa Peyğəmbərin adı ilə bağlı əfsanəvi bir varlı obrazıdır. Var-dövlətin çoxluğundan özünü hamıdan yuxarı hesab edib, peyğəmbərə tabe olmazmış. Guya buna görə də bütün var dövləti ilə birlikdə yerə batmışdır.