Kitabı oku: «Gülüstan. Bustan», sayfa 3
Şeir
Şah rəiyyət bağından bir alma dərsə həmən,
Nökərləri çıxarar ağacları kökündən.
Beş yumurta alıb şah zülm eyləyən zamanda,
Qoşunu min toyuğu şişə çəkər bir anda.
20. Hekayət
Eşitmişəm ki, nadan bir vəzir sultanın xəzinəsini doldurmaq üçün camaatın var-dövlətini əlindən alarmış. Görünür o, ataların bu sözündən xəbərsizmiş:
– Hər kim xalqa zülm edib böyük və əziz allaha asi olsa, allah da həmin xalqı onun üzərinə qaldırıb, kökünü yer üzündən kəsər.
Beyt
Atəşdən daha da betər yandırar,
Məzlumun ürəkdən çəkdiyi ahlar.
Deyirlər heyvanların ən əzəmətlisi şir, ən alçağı eşşəkdir, lakin hamı təsdiq edər ki, yük daşıyan eşşək, adam öldürən şirdən yaxşıdır.
Şeir
Eşşək ki, deyirlər çox natəmizdir,
Yük çəkir, bununçün xalqa əzizdir.
Zəhmətkeş öküzlə, yük çəkən eşşək,
Bədxah insanlardan yaxşıdır bişək.
Yenə nadan vəzirin nağılına qayıdaq. Təsadüfən sultan vəzirin bəzi yaramaz işlərindən xəbərdar oldu. Elə bilmə ki, qan yerdə qalar. Sultan vəziri cəzalandırıb cürbəcür əziyyətlərlə öldürtdü.
Şeir
Soltanın istəyi yerinə yetməz,
Xalqının halına qalmasa əgər,
İstərsən ki allah səni ucaltsın,
Allahın xalqına mərhəmət göstər.
-Belə deyirlər ki, sitəmdidələrdən biri vəzirin başı üstünə gəlib, ona neçə cəza verildiyini müşahidə edib deyirdi:
Şeir
Bəzi arxalanıb öz qol gücünə,
Xalqın var-yoxunu əlindən alar.
Lakin udulsa da sivri bir sümük,
Göbəkdə bənd alıb, qarnı parçalar.
Beyt
Xalqına zülm edən zalım dünyada,
Həmişə lənətlə salmaz yada.
21. Hekayət
Nağıl edirlər ki, bir mərdümazar hərbçi, rəhmdil bir dərvişin başına daş vurdu. Dərviş intiqam ala bilmədiyi üçün daşı götürüb saxladı. Bir gün hökmdar haman hərbçiyə qəzəblənərək onu quyuya saldı. Dərviş quyunun başına gəlib saxladığı daşı onun başına çırpdı. Hərbçi soruşdu:
–Sən kimsən, məni niyə daşla vurursan?
Dərviş dedi:
–Mən haman adamam ki, bu daşı sən filan tarixdə mənim başıma vurmuşdun.
–İndiyə qədər bəs haradaydın?
–Xidmətdə olduğun zaman hiddətindən qorxurdum. İndi isə səni quyuda görüb, acığımı çıxmağa fürsət tapdım.
Şeir
Hər əclafa olsa əgər bəxti yar,
Fazil adam sükut edər ixtiyar.
Yoxundursa iti dırnaq və pəncən,
Vəhşilərlə heç vuruşa girmə sən.
Hər kim polad qola dursa müqabil,
O, öz lətif qollarım əzər, bil.
Gözlə, fələk onu yıxan zamanda,
Dost kamınca əz başını bir anda.
22. Hekayət
Keçmiş hökmdarlardan biri elə bir dərdə düşdü ki, adını çəkməsək yaxşıdır. Bütün həkimlər belə nəticəyə gəldilər ki, bu dərdin dərmanı ancaq filan xasiyyətlərə malik adamın ödü ola bilər.
Hökmdar belə adamı tapmağı əmr etdi. Bir kəndli oğlunu tapdılar ki, həkimlərin dediyi xasiyyətlərin hamısı onda var idi. Hökmdar oğlanın atasını çağırtdırdı. Çoxlu mal və pul verib onları razı saldı. Qazı da şərən hökm verdi ki, hökmdarın sağlamlığını qorumaq üçün bir kəndlini öldürmək olar. Nəhayət cəllad hazır olub oğlanın başını kəsmək istədi. Oğlan gülümsəyərək başını göyə qaldırıb, nə isə dodaqaltı danışmağa başladı. Hökmdar oğlandan nə üçün güldüyünü soruşdu. Oğlan dedi:
–Ey hökmdar, övlad ata-anasına arxalanar, şikayətçi qazı yanına gedər, hökmdardan aman dilərlər. İndi ata-anam məni dünya malına satıb, cəllad əlinə verdi, qazı ölüm hökmünü yazdı, hökmdar isə öz səlamətliyini mənim ölümümdə gördü. Əziz və böyük allahdan başqa mənim heç bir pənahım yoxdur.
Beyt
Mən kimə eyləyim səndən şikayət,
Özün bax dərdimə, göstər ədalət.
Hökmdar oğlanın sözündən mütəəssir olub, gözü yaşardı, dedi:
–Bir günahsızın qanını tökməkdənsə, mənim həlak olmağım yaxşıdır.
Sonra oğlanı bağrına basıb, üz-gözündən öpdü, saysız-hesabsız bəxşiş verib azad etdi. Deyirlər ki, hökmdar haman həftə içərisində xəstəlikdən şəfa tapdı.
Şeir
Nil çayının sahibidə bir fılban,
Əhaliyə söyləyirdi bir zaman:
«Ayağının altda nəsə qarınca,
Sən də osan fil ayağı altında».
23. Hekayət
Əmr Leysin 35 qullarından biri qaçmışdı, dalınca adam saldılar. Nəhayət, onu tapıb gətirdilər. Vəzirin ona qarşı ədavəti vardı. «Başqa qullar ibrət alıb, qaçmasınlar» – deyə o, qulu öldürmək üçün göstəriş verdi. Yazıq qul Əmr Leysə baş əyib dedi:
Beyt
Qəbuldur xoşuna gələn dərdü-qəm,
Fərman səninkidir, aciz bəndənəm.
Sonra sözünə davam edib dedi:
–Lakin bu xanədanın çörəyi ilə böyüdüyümə görə, istəmirəm ki, nahaq qanım boynunuzda qalsın. İcazə verin mən bu vəziri öldürüm, siz də onun qanın almaq üçün məni öldürün. Beləliklə, tökdüyünüz qan nahaq olmasın.
Qulun sözü hökmdarın xoşuna gəldi, gülüb vəzirə dedi:
-Necə məsləhət görürsən? Vəzir dedi:
-Ey böyük hökmdar, sizi and verirəm rəhmətlik atanızın qəbrinə, bu həyasızı azad edin, yoxsa məni də bəlaya salar.
Şeir
Sapandlı adamla vuruşsan əgər,
Başına daima sənin daş gələr.
Düşmənə bircə ox atsan əgər sən,
Canını hədəf tək oxlayar düşmən.
24. Hekayət
Zəvzən 36 padşahının alicənab və xeyirxah bir xacəsi vardı, zahirdə hamıya hörmət edər, arxada hamının xeyrinə danışardı. Bir gün təsadüfən onun hansı hərəkətisə şahın xoşuna gəlmədi, əmr elədi ki, malını müsadirə edib, özünə cəza versinlər. Lakin ona əzab verəsi olan şah məmurları xacənin əvvəlki yaxşılığını unutmamış, çox şeydə ona borclu olduqlarını yaddan çıxarmamışdılar. Ona görə zəmanət müddətində döyüb əziyyət verməyi, incidib məşəqqət etməyi rəva görmədilər. Xoş dindirib, mülayim rəftar etdilər.
Beyt
İstəsən düşmən ola sülhdə daim sən ilə.
Dalda da eyb desə, üzdə onu təhsin et.
Söz ki, axırda ağızdan çıxacaq əğyarın,
Sözün acı diləməzsən dilini şirin et.
O, şahın ittihamlarının bəzisini rədd edə bildi, lakin yerdə qalanları üçün həbsdə oturmalı oldu. Qonşu şahlardan birisi ona gizli məktub göndərdi ki, sizin ölkənin şahı sənin kimi böyük bir şəxsiyyətin qədrini bilməyib hörmətsizlik etdi, bu bizə çox ağır gəldi. Əgər siz alicənabın (allah aqibətinizi xeyr etsin) lütf edib bizim tərəflərə gəlməyə rəyi olsa, xatiri hər nə istəsə yerinə yetiriləcəkdir. Bizim ölkənin əyan və əşrafi cavabınızı gözləyir və sizi görməyi qəlbdən arzu edirlər.
Xacə məktubu alcaq qorxuya düşdü, aqibəti düşündü və dərhal elə bir cavab yazdı ki, ələ keçsə ziyam dəyməsin.
Yaxın adamlardan biri bundan xəbər tutub şaha dedi ki, həbs buyurduğun filan adam qonşu şahlarla yazışır.
Şah qəzəblənib məktubu ələ keçirməyi əmr etdi. Qasidi tutub məktubu oxudular. Yazılmışdı: «Ali zatınızın bizə verdiyi qiymət layiq olduğumuzdan çoxdur, buyurduqları təklifə gəldikdə isə, onu qəbul etmək bəndənizə müyəssər olmayacaqdır, çünki, mən bu xanədanın nemətilə tərbiyə almışam, balaca bir məzəmmət üstündə öz nemət sahibinə vəfasızlıq etmək olmaz, necə ki, deyiblər:
Beyt
Haqqında kərəm etsə sənin əhli-nəcabət,
Bir ömr səni incidə məzur hesab et.
Xacənin haqşünaslığı şahın xoşuna, gəldi, ənam verdi, xələt bağışladı, üzr istəyib dedi: «Səhv etmişəm, nahaq səni incitmişəm!»
Xacə dedi: – Ey yer üzünün şahı, mən burada sizdə bir səhv görmürəm, qəzanın əmri belə imiş, gərək mənim başıma bu iş gələymiş yaxşı ki, bu sizin əlinizlə oldu, çünki sizin mənim boynumda haqqınız vardır.
Şeir
Xalqdan bilmə əgər zəhmətə düşdünsə bir az,
Çünki xalqdan nə əziyyət, nə fərağət olmaz.
Düşməni, dostu xilafda yaşadan allahdır,
Onların qəlbinə hakim də haman allahdır,
Doğrudur ki, hədəfə atsa kaman hər tiri,
Bilik əhli, ox atanda görəcək təqsiri.
25. Hekayət
Bir əcəm şahı haqqında eşitmişəm ki, öz yaxın adamlarına belə deyirmiş:
– Filankəsin maaşını ikiqat artırın, çünki o işə yanandır, əmrə baxandır; başqaları isə eyş-işrətə alüdə olub xidmət göstərməkdə kanallıq edirlər. Ariflərdən biri bunu eşitdi, dərindən bir ah çəkdi. Dedilər: «Nə oldu?»
Dedi:
– Bəndələrin allah dərgahındakı mənzələsi də belədir.
Şeir
İki səhər gedərsə şah yanma bir nəfər,
Üçüncü gün yenə də şahdan mərhəmət görər.
Ümid vardır dərgandan qayıtmazlar naümid,
Allahına ixlasla ibadət eyləyənlər.
Şeir
Böyüklük fərmanı qəbulda olar,
Fərmanı tərk edən çox tez qovular.
Hər bir kəs düzlüyə eyləsə adət,
Tapar xidmətində böyük səadət.
26. Hekayət
Nağıl edirlər ki, zalım bir hakim zorla yoxsulların odununu ucuz qiymətə alıb, güclə varlılara baha qiymətə satarmış. Ariflərdən biri onun haqqında belə demişdir:
Beyt
İlansanmı, kimi görsən tez çalırsan onu sən,
Ya bayquşsan harda olsan dağıdırsan təməldən?!
Şeir
Əgər gücün çatırsa da bizlərə,
Çata bilməz qadir, böyük allaha.
Yer əhlinə sən belə zor göstərmə.
Ta göylərə yüksəlməsin bəd dua.
Hakim bunu eşitdikdə qəzəblənib haman adamı cəzalandırdı. Bir gecə mətbəxdən qığılcım keçib odun anbarına düşdü. Hakimin bütün var-dövləti yandı. Onun rahat otağı kül yatağına döndü. Təsadüfən həmin şəxs oradan keçirdi. Gördü ki, hakim yaxın adamlarına deyir:
– Bilmirəm bu od mənim sarayıma haradan düşdü? Arif adam dedi:
–Yoxsulların ürəyindən yüksələn ahın odundan.
Şeir
Yaralı ürəkdən sən qorx hər zaman,
Ki, yara nəhayət olacaq əyan.
Toxunma ürəyə, ona əl vurma,
Unutma, bir ahla dağılar cahan.
Deyirlər ki, Keyxosrovun37 tacında yazılmışdı:
Şeir
Uzun illər, ömrlər, gəlib keçər dünyadan,
Tökülər üstümüzə torpağı çox ellərin.
Babalardan bizlərə qalan bağlar, binalar,
Keçəcəkdir əlinə gələcək nəsillərin.
27. Hekayət
Bir adam güləşməkdə şöhrət tapmışdı. O, üç yüz altmış fənd bilir, gündə bir fəndlə güləşirdi. Şagirdlərindən birinə hüsn-rəğbət bəslədiyinə görə ona üç yüz əlli doqquz fənd öyrətdi. Ancaq bir fəndi cürbəcür bəhanələrlə geri salır, öyrətmirdi. Xülasə, oğlan gücdə, ustalıqda elə məşhur oldu ki, onun qabağında heç kim dayana bilmədi. Hətta iş o yerə çatdı ki, o, bir gün hökmdar hüzurunda lovğalanaraq dedi:
– Ustam ona görə məndən üstündür ki, həm böyük, həm də mürəbbimdir. Yoxsa mən gücdə ondan əskik deyiləm, ustalıqda da ona bərabərəm.
Bu söz hökmdarın xoşuna gəlmədi. Əmr etdi, usta ilə şagird güləşsinlər. Hündür bir yer düzəltdilər, dövlət başçıları, saray xadimləri və ölkə pəhləvanları toplandılar. Oğlan qızmış bir fil kimi elə bir heybətlə meydana çıxdı ki, qabağında qurğuşun dağ olsaydı yerindən qoparardı. Usta başa düşdü ki, şagirdi gücdə ondan üstündür. Ona görə gizli saxladığı fəndlə şagirdi ilə güləşməyə başladı. Oğlan ona girişə bilməyib hirsləndi. Usta onu başı üstə qaldırıb yerə vurdu. Camaat içərisində hay-küy qopdu. Hökmdar ustaya xələt, bəxşiş verməyi əmr elədi. Sonra oğlana acıqlanıb danladı ki, öz ustadına vəfasız çıxdın və etdiyin iddianı da başa çatdıra bilmədin.
Oğlan dedi:
–Ey hökmdar, o, pəhləvanlıqda mənə üstün gələ bilməzdi, bəlkə həyatı boyu məndən gizlətdiyi fənddən istifadə edib qələbə çaldı.
Hökmdar dedi:
–Demək, həmin fəndi belə bir gün üçün gizlədibmiş, zirək adamlar demişlər: «Dostu o qədər gücləndirmə ki, düşmənçilik fikrinə düşdükdə bir şey edə bilsin!». Eşitməmisənmi öz şagirdindən cəfa görmüş bir mürəbbi nə deyibdir?
Şeir
Ya vəfa olmamış özü dünyada,
Ya onu heç kəsə etmir zəmanə.
Kimə öyrətdimsə ox atmağı mən,
Axırda qəlbimi etdi nişanə.
28. Hekayət
Tərki-dünya bir dərviş səhrada tənha bir guşədə oturmuşdu. Bir padşahın yolu onun yanından düşdü. Qənaət mülkündə əyləşən dərviş əsla ona etina etmədi. Böyüklər adətincə hökmdar bu etinasızlıqdan hiddətlənib dedi:
–Bu cındır geyinən tayfa eynən heyvan kimi şeydir, nə ünsiyyət bilir, nə insaniyyət.
Vəzir dərvişə yaxınlaşıb soruşdu:
–Ey qoca, dünya hökmdarı sənin yanından keçir, nə üçün baş əyib nəzakət qaydalarını yerinə yetirmirsən?
Dərviş dedi:
–Hökmdara de ki, xidməti o adamdan umsun ki, onun şahdan bir gözətləməsi olsun. Onu da bilməlisən ki, hökmdar rəiyyəti qorumaq üçündür, nəinki rəiyyət əl bağlayıb, onun qabağında qurumaq üçün.
Şeir
Padşah yoxsulun pasibanıdır,
Nə qədər olsa da güclü hökmran.
Qoyunlar çobanın malı deyildir,
Qoyuna baxmaqçın qoyulur çoban.
Şeir
Birisi olmuşdur bu gün namdar
Başqası döyüşdə edir ahü zar.
Sən bir an səbr eylə ta ki, bu torpaq,
Udaraq onları etsin tar-mar.
O zaman fərqlər qalxar aradan,
Bilinməz kim quldur, kimdir hökmdar,
Kim açsa ölünün qəbrini bilməz,
Bu yatan fəqirdir, ya da bir kübar.
Hökmdar dərvişin doğru sözünü bəyənib dedi:
–Məndən bir şey tələb et!
Dedi:
–Ey hökmdar, səndən tələbim budur ki, bundan artıq mənə əziyyət verməyəsən!
Hökmdar dedi:
–Mənə bir nəsihət ver! Dedi:
Beyt
Qədrini bil əldə var ikən nemət.
Ki, əl-əl dolanır bu mal, bu dövlət
29. Hekayət
Bir vəzir Zünnuni Misrinin38 yanına gedərək dedi: – Mənə bir xeyir-dua verin, gecə-gündüz şah xidmətində qulluq edirəm, buna baxmayaraq əziyyət verməyəcəyindən arxayın deyiləm.
Zünnun ağlayıb dedi: – Sən sultandan qorxduğun qədər mən allahdan qorxsaydım, onun ən sadiq adamların mövqeyinə qalxmış olardım.
Şeir
Rahatlıq, əziyyət, ümid və qorxu,
Olmasa yoxsulun nə dərdi vardı?!
Allahdan çəkinib qorxsaydı vəzir,
Şahdan çox hörmətə layiq olardı.
30. Hekayət
Bir padşah günahsız bir adamın öldürülməsini əmr etdi, günahsız dedi:
– Ey hökmdar, mənə qəzəblənib özünə ziyan vurma, çünki cəza bir anda qurtarar, qanım isə əbədi olaraq sənin boynunda qalar.
Şeir
Acılıq, şirinlik və yaxşı, yaman,
Səhrada külək tək keçdi durmadan.
Sitəmkar sandı ki, zülm etdi bizə,
Biz dözdük, günaha batdı o nadan.
31. Hekayət
Bir dəfə Nuşirəvanla vəzirləri mühüm bir məsələni müzakirə edirdilər və hərəsi öz fikrini deyirdi. Şah da bir fikir dedi. Bozorcmehr də şahın fikrinə qoşuldu. Gizlində Bozorcmehrə dedilər:
–Şahın fikrində nə məziyyət gördün ki, onu bu qədər ağıllı adamların sözündən üstün tutdun?
Dedi:
– İşin axrı məlum deyil, heç kəs də bilmir ki, kimin fikri doğru çıxacaq, kiminki yalan. Ona görə şahın rəyinə qoşuldum ki, düz çıxmasa tərəfini saxladığım üçün qəzəbindən azad olam.
Şeir
Kim şahın sözündə çıxartsa yalan,
Yazar öz qətlinə əlilə fərman.
Gündüzə gecədir desə şah əgər,
Gərəkdir desinlər budur ay, ülkər.
32. Hekayət
Bir fırıldaqçı saçlarını dərviş kimi hörərək həccdən gələnlərə qoşulub bir şəhərə daxil oldu. O, hacılarla birlikdə saraya gedib yazdığı bir qəsidəni hökmdara təqdim etdi. Hökmdar başqa şairlər kimi onu da qəbul etdi, hörmət göstərib, çoxlu bəxşiş verdi. Təsadüfən hökmdarın həmən il dəniz səfərindən qayıtmış yaxın adamlarından biri hiyləgər dərvişi görüb dedi:
–Mən bu adamı qurban bayramı günü Bəsrədə39 görmüşəm. Məlum oldu ki, o hacı deyildir.
Başqa birisi dedi:
–Onun atası Mələtiyyə40 şəhəri xristianlarındandır, bəs bu cənab necə seyid ola bilər?»
Oxuduğu şeiri də Ənvərinin41 divanında tapdılar. Hökmdar onu bu qədər yalan danışdığına görə döyüb qovmağı əmr etdi. O isə yalvarıb dedi:
–Böyük hökmdar, icazə ver bir söz də deyim, doğru olmasa, nə cəza versəniz layiqəm.
Fırıldaqçı dedi:
Şeir
Sənə qatıq versə bir qərib əgər,
İki qab su olar, bir çömçə ayran.
Düzünü istəsən, ərz edim sizə,
Dünya görmüşlər də çox deyər yalan.
Hökmdarı gülmək tutub dedi:
-Ömründə bundan doğru söz deməmisən. Sonra əmr etdi hər nə istəyirsə ona verib xoşluqla yola salsınlar.
33. Hekayət
Nağıl edirlər ki, öz tabelərinə rəhm edən və yoldaşlarına xeyirxahlıq göstərən bir vəzir var idi. Təsadüfən bir gün hökmdarın qəzəbinə məruz qaldı. Dostları onu qurtarmağa çalışdılar, cəza məmurları mülayimliklə rəftar etdilər, mənsəb sahibləri isə hər yerdə onun yaxşı xasiyyətlərindən danışdılar. Nəhayət hökmdar onun təqsirindən keçdi. Arif bir şəxs bu hadisədən xəbərdar olub dedi:
Şeir
Dostların qəlbini qazanmaq üçün,
Ata bostanını satsan yaxşıdır.
Xeyirxah insanın işi uğrunda,
Var-yoxun sonuna çatsan yaxşıdır.
Hətta pislərə də yaxşılıq elə,
İtə də bir sümük atsan yaxşıdır.
34. Hekayət
Harun ər Rəşidin oğlanlarından biri hirslənmiş halda atasının yanma gəlib dedi ki, filan sərhəngin oğlu anamı söydü. Harun dövlət başçılarından soruşdu:
–Belə adamın cəzası nədir?
Biri öldürməyi, digəri dilini kəsməyi, üçüncüsü isə qovmağı məsləhət gördü. Harun isə oğluna müraciət edib dedi:
–Oğlum, mərdlik odur ki, bağışlayasan. Bağışlaya bilməsən, sən də onun anasını söy, lakin elə etmə ki, intiqam həddini aşsın, çünki belə olduqda biz müttəhim olarıq, o, müddəi.
Şeir
O adam, mərd deyil aqil yanında,
Ki, qızmış fillərə oxuya meydan.
Bəli, mərd odur ki, düzlüyü sevə,
Acıqlı zamanda deməyə hədyan.
Şeir
Bir nadan, alimə eyib tutanda,
O dözüb dedi: ey nöqsan göstərən!
Çalışıb məndə çox nöqsan axtarma,
Mən qədər bilməzsən nöqsanımı sən.
35. Hekayət
Bir necə böyük şəxslərlə gəmidə oturmuşduq ki, birdən arxadan gələn bir qayığın çevrildiyini gördük. İçindəki iki qardaş burulğana düşdü. Böyüklərdən biri gəmiçiyə dedi:
–Onların hər ikisini xilas et, hərəsi üçün sənə əlli dinar verərəm. Gəmiçi dərhal suya atılıb qardaşlardan birini xilas etdi. O biri isə boğuldu.
Mən dedim:
O biri qardaşın əcəli çatmışdı, buna görə də gəmiçi onu tuta bilməyib, bunu xilas etdi. Gəmiçi güldü və dedi:
–Orası elədir, ancaq birincini qurtarmağa mən özüm artıq səy göstərdim, çünki bir dəfə biyabanda piyada qaldığım vaxt o məni dəvəyə mindirib xilas etmişdi, o biri qardaşdan isə uşaqlıqda qamçı yemişəm.
Dedim:
–Allah düzgün buyurubdur: «Yaxşılıq etsən də özünə qayıdar, pislik etsən də».
Şeir
Bacardıqca heç bir qəlbə toxunma,
Ki, bu yolda, unutma, var çox tikan,
Yoxsulların hayına qal, sənin də,
Başqasına işin düşər bir zaman.
36. Hekayət
İki qardaş var idi, biri şah sarayında xidmət edər, o, birisi isə öz zəhmətilə çörək yeyərdi. Bir gün varlı qardaş yoxsul qardaşa
–Nə üçün şaha qulluq etmirsən ki, canını əziyyətdən qurtarasan?
Qardaşı dedi:
–Bəs sən nə üçün işləmirsən ki, qulluq fəlakətindən xilas olasan? Ağıllı adamlar demişlər ki, kəmərə qızıl qılınc bağlayıb qul kimi durmaqdansa, öz yavan çörəyini yeyib evdə oturmaq yaxşıdır.
Beyt
İsti, qaynar əhəngi sən əllərinlə yoğursan,
Xoşdur əli döşə qoyub şah önündə durmaqdan
Şeir
Qiymətli ömrümüz buna sərf oldu,
Ki, yayda nə yeyim, qışda nə geyim?
Ey qarın, bir parça çörəyə döz ki,
Qulluqda ikiqat olmasın belim!
37. Hekayət
Bir adam ədalətli Ənuşirəvanın yanma gedib, xoş bir xəbər apardı:
–Deyirlər ki, allah sənin filan düşmənini aradan götürdü: Ənuşirəvan cavab verdi:
– Məni öz yerimdə saxlayacaqmı?
Şeir
Düşmən ölümünə olmaram dilşad.
Bizə də əbədi deyildir həyat.
Bir gün Kəsranın42 hüzurunda bir necə alim yığışıb məsləhətləşdilər. Onların başçısı Bozorcmehr də orada idi. Lakin susur, bir kəlmə də danışmırdı. Sükutunun səbəbini soruşduqda o belə cavab verdi:
–Həkim yalnız xəstəyə dərman verər. Görürəm siz sağlam məsləhət verirsiniz, odur ki, mənim danışmağıma ehtiyac yoxdur. Sözü təkrar etmək ağıllı adamlara yaraşmaz.
Şeir
Əgər iş səs-küysüz düzəlirsə, mən,
Qaçaram dil açıb bir söz deməkdən.
Korun qarşısında görsəm quyu var,
Bu zaman dinməsəm, çox günah olar.
39. Hekayət
Harun ər Rəşid43 Misir ölkəsini aldıqdan sonra demişdi:
–Misirdə allahlıq iddiasında olan bu tüğyançıların acığına bu ölkəni qullarımdan ən alçağına tapşıracağam. Onun həddən artıq yaramaz bir zəncisi var imiş. Haran Misrin hökmdarlığını həmin zənciyə tapşırdı. Deyirlər ki, zənci o qədər ağılsız imiş ki, bir gün Misir əkinçiləri onun yanına şikayətə gəlib, Nilin ətrafında əkdikləri pambığın vaxtsız yağmurdan tələf olduğunu söylədikdə, o demişdi:
–Yun əkəydiniz:
Şeir
Biliklə artsaydı insanın varı,
Acından ölərdi aləmdə nadan.
Qanmaza o qədər dövlət çatır ki,
Qalır bu əmələ yüz alim heyran.
Şeir
Biliklə tapılmaz bəxtü səadət,
Göylərin əmrilə verilir qismət.
Dünyada hesabsız, bədbəxt, yazıq var,
Alçaqlar hörmətli, aqil isə xar.
Kimyagər evdə ölür acından,
Tapır xərabədə xəzinə nadan.
40. Hekayət
Şahlardan birinə bir çinli kənizi gətirdilər; məst halda ona yaxınlıq etmək istədi. Qız mane olub müqavimət göstərməyə başladı. Şah qəzəblənib onu qara bir qula bağışladı. Qulun üst dodağı burun pərlərini aşır, alt dodağı döşünə düşürdü. Elə bədheykəl idi ki, Səxr cinni44 onu görsəydi uzaqdan qaçardı, qoltuğunun altında da çox üfunətli bir iy vardı.
Beyt
Əbədi tapmışdı dünyada ikmal
Onda eybəcərlik, Yusifdə camal.
Şeir
Belə çirkin yaranıbmı, görəsən, bir insan,
Onu təsvirə ola dildə, qələmdə imkan.
Qucağı, üzdən iraq, bir qatı murdardır ki,
Onu mordad45 günəşi pak edə bilməz bir an.
Deyirlər ki, bu zaman qara qulun şəhvəti coşmuş, gözü qızmış, nəfsini saxlaya bilməyib qızın bəkarətini almışdı. Sabahısı gün şah qızı axtardı, tapa bilmədi. Əhvalatı danışdılar, qan başına vurdu, əmr etdi qul ilə qızı bir-birinə bağlayıb qalanın kəlləsindən dərənin dibinə atsınlar.
Xeyirxah vəzirlərdən biri baş əyib təzim etdi və dedi:
–Şahın ömrü uzun, dövləti əbədi olsun, burada yazıq qulun günahı yoxdur, onun da başqa qullar kimi şahdan mərhəmət gözləməyə haqqı vardır.
Dedi:
– Bir gecə səbir etsəydi dünya dağılmazdı ki, mən ona kənizin qiymətindən daha çox dövlət verərdim.
Şeir
Ciyəri təşnə olan çeşməyə çatdıqda məyər,
Çəkinərmi dəli fildən, buna de kim inanar:
Boş otaq, süfrə dolu, mədəsi boş bir dinsiz. Ramazandan46 çəkinib süfrədə heç ac oturar?!
Bu lətifə şahın xoşuna gəldi.
Dedi:
– Yaxşı, qulu sənə bağışladım, bəs kənizi neyləyim?
Dedi:
– Kənizi də qula bağışla ki, onun artığı özündən başqa heç kəsə layiq deyil.
Şeir
Pis yerə gedəndən sənə dost olmaz,
Dostunu yaxşı seç və yaxşı tanı.
Təşnənin ürəyi götürməz içsin
Üfunət ağızdan artıq qalanı.
41. Hekayət
Rumlu İsgəndərdən 47 soruşdular:
–Qərbdən Şərqə qədər uzanan bu ölkələri necə tutdun? Halbuki keçmiş hökmdarların ömrü, xəzinəsi, mal-dövləti səndən artıq olmuş, lakin sənin qədər fəthlər edə bilməmişlər.
İsgəndər dedi:
–Səbəbi budur ki, hər ölkəni aldıqda camaatını incitmədim, şahlarına hörmət edib, adlarını ehtiramla çəkdim.
Beyt
Onu böyük saymaz aqil olanlar,
Ki, böyük kəsləri pisliklə anar.
Şeir
Keçici hər bir şey, heç olur şəksiz,
Təxt ilə bəxt və əmrlə kirdar.
Pisləmə köçənin yaxşı adını,
Ta sənin öz adın qalsın paydar.
Ücretsiz ön izlemeyi tamamladınız.