Kitabı oku: «Hər gün ömürdən gedir», sayfa 2
Sən demə, bağlar tək torpağın şirəsindən deyil, insan əllərinin hərarətindən də qidalanırmış!..
… Abşeron parça-parça təzədən adamlara paylandı. Bu dəfə Həsənin xarabaya dönmüş yerini Hüseynə, Hüseynin bərbad olmuş bağını Həsənə verdilər. Təzəhəvəs sahiblər ilk aylar qızğın zəhmətə qatlaşdılar. Bellər, kərkilər, yozanlar, çənglər işə düşdü. Yatmış torpaq diksinərək oyandı. Evlər ucaldı… quyular təmizləndi… Tinglər basdırıldı, sulandı… Mərzlər, çəpərlər qaydaya salındı… Günəş yerə baxıb gülümsədi. Bağlar cücərməyə, dirçəlməyə başladı. Lakin Abşeronun əvvəlki siması dəyişdi. Onun sakinləri kimi tikililəri də, nəqliyyatı da başqalaşdı. At, qazalaq, araba gedən qumlu yollara asfalt döşəndi, maşınlar şütüdü. Bağlarda, əcnəbi müsafirlər kimi gəldi-gedər meyvəsiz ağaclar, bəzək kolları peyda oldu. Bir vaxt öz şirinliyi, tamı, ətri ilə adı dillərdə gəzən “Corat qovunu”, “Maştağa şanısı”, “Zirə qarpızı” azaldı və sonralar tamam yoxaldı. Torpaq öz itirdiyinə təəssüflə köks ötürdü. Bu nadir nemətlərin qədrini bilməyən naşı bağ sahibləri isə əsla heyfsilənmədi.
Aylar, fəsillər, illər bir-bir gəlib keçdi…
Abşeron təkcə gözəlliyini deyil, bərəkətini də itirdi. Boy atmaqda, şaxələnməkdə, bəhər verməkdə bir-birilə bəhsə girən o nəhəng ağaclar, yaşıl əjdaha timsallı meynələr… Hamısı, hamısı cılızlaşdı və gördüyünüz günə düşdü.
Əvvəllər belə olmayıb, indi belədir bizim qədim bağlar…
1
Gözəl yaz səhəri idi. Sübhün gözü indicə açılırdı. Üfüqdə fəcrin qırmızı-qızılı və mavi çalarlarından yaranmış füsunkar mənzərəni seyr etdikcə ürəyə fərəh süzülürdü. Torpaqdan baş qaldıran körpə, zərif otlar günəşin ilkin, ilıq şüalarını ana südü kimi əmirdi, havadan baharın ətri duyulurdu. Bağlararası qumsal düzənliklərdə hara baxırdınsa, hər tərəf dalğası çəkilmiş sahil tək hamar, ləpəsiz və sakit idi. Lap uzaqlardan təkəm-seyrək xoruz banı eşidilirdi.
Qoşa sütunlu eyvanın hündür səkisi üstdə dayanmış Seyfəl bu yerləri birinci dəfə görürmüş kimi tamaşasından doymurdu. O, ilin bütün fəsillərində, aylarında bağda olmuşdu. Ancaq heç vaxt bugünkü ləzzəti almamışdı.
Dünən Seyfəl yeganə oğlu Şəfiqi evləndirmişdi; Bakının “Səadət sarayı”nda təmtəraqlı toy eləmişdi. Şənliyə qohumlar, dostlar, yaxın qonşular gəlmişdilər. Axşamdan xeyli keçənədək yeyib-içmişdilər… Musiqiçilər çalmışdı… oynamışdılar. Məclis dağılandan sonra arvadı Müşfiqə xanımla birlikdə gəlini, bəyi evə gətirmişdilər. Üzlərindən öpüb, onlara xeyr-dua vermişdilər. Və əvvəlcədən qərarlaşdıqları kimi adət üzrə bir neçə günlüyə cavanları ikilikdə qoyub gecəynən bağa gəlmişdilər…
Burada onların qabaqlarda olduğundan daha yaxşı şəraitləri vardı. Dünən gəlinin cehiz gətirdiyi mebelləri üçotaqlı mənzildə yerbəyer elədikdən sonra öz köhnələrini bağa aparmışdılar…
Seyfəl yorğun və yuxusuz olmasına baxmayaraq gecəni rahat yata bilmədi. Qıçı sancırdı. Lap erkən oyandı. Müşfiqəni oyatmasın deyə ehmalca geyindi, pencəyini çiyninə salıb eyvana çıxdı.
Hər il Bakıda istilər düşəndə onlar kənd yaxınlığındakı, yaylaq sandıqları bu doğma yurda köçürdülər. Ər-arvad üç ay sərasər burada yaşayırdılar. Müşfiqə müəllimə idi. Məktəblilərin yay tətili istirahət üçün ona kifayət edirdi.
Seyfəl isə məzuniyyəti qurtarandan sonra səhər işə gedib axşama yenə bağa qayıdardı. Hərdən şənbə, bazar günləri şəhərin səs-küyündən, bürkülü havasından qaçan Şəfiq də o vaxt nişanlı olduğu Fidanı götürüb, atasının “dədə-baba kondinsioneri” adlandırdığı həyətdəki çinarın sərinliyində dincəlməyə gəlirdi. Ağacın uca budağından asılmış yellənçəyə qoşa minərək “Quy… ha… qu!” deyə havada o baş-bu başa uçurdular. Arada fürsət tapınca, Şəfiq ata-anasından xəlvəti dodaqlarını Fidanın sifətinə yaxınlaşdırıb onun yanağından, alnından, gözündən öpürdü… Həyətdə yaranan şənlik səsindən, gürşad qəhqəhələrdən qocalar fərəhlənərdilər.
Seyfəl zənbilini götürüb kənd bazarına yollanırdı. Müşfiqə xanım nahara, şama ləziz xörəklər bişirməyə tədarük görürdü.
Fidan hər dəfə onlara gələndə Seyfəl üzümün ən yaxşı salxımlarını, meyvələrin ən qəşəngini dərib süfrəyə qoyurdu. Qadın, oğlunun nişanlısına bağlarını tərifləməkdən usanmırdı:
– Vallah, billah, ay Fidan, bizim bu Maştağa bağlarının, göz dəyməsin, misli-bərabəri yoxdur. Torpağı bərəkətli… havası səfalı… adamları nəcib. Bax… mən Seyfəllə neçə yol Pirşağı, Bilgəh, Nardaran, canım sənə desin, Buzovna bağlarında olmuşam. Oralar da pis deyil, ancaq bizimkilərə çatmaz. Yox a… Sən nə danışırsan… harda var Maştağanın ağ şanısı? Sarı ənciri… həyətlərdə əkilən turşməzə pamidoru?.. Nazik qabıqlı badımcanı?..
Arvadın dediklərini eşidən Seyfəl də başını tərpədərək kənardan onun sözlərini təsdiq eləridi:
– Elədir, qızım… hələ buralarda bir qovun-qarpız əmələ gələrdi ki… nə deyim?.. Bıçağı toxunduran kimi şaqqıltı ilə çatlardı. Kəsərdin – şirin, bal kimi! Fikir verən olmadı, naxələflər itirdilər tumunu. Bu torpağın qədrini bilmədilər. Mən bir Maştağanı iki Kislovodska dəyişmərəm.
İndi o, bağların sərin, təmiz havasını ciyərlərinə çəkdikcə bir daha bunun şahidi olurdu.
Həyətdə, evin qabağındakı çarhovuza və böyük çinarın ətrafına ötən ilin xəzan yarpaqları səpələnmişdi. Qonşunun damı üstdən keçən qoşa elektrik məftillərinə bahar muştuluqçusu qaranquşlar qonmuşdu. Üzbəüzdə, hamamxana ilə yanaşı neçə illərdən bəri qoyun-quzuya, ata, inəyə həsrət köhnə tövlə qəribsəyirdi. Bu həyəti, səliqəli ev-eşiyi Seyfəlin atası yaratmışdı. Sahəsindəki meyvə ağaclarını, üzüm tənəklərini öz əlləri ilə əkib-becərmişdi. Ailəsi ilə yay-qış burada qalardı. Arı kimi zəhmətkeş olan Əziz kişi vaxtı ilə bu məndəcar yerin cucaqlığını bildiyindən daş-kəsəyini yaşıllığa çevirmişdi, üzümlük salmışdı, meyvə ağacları əkmişdi. Üçüncü nəsil idi ki, bağın səfasını görürdü, barını yeyirdi… İndi onun nəvəsi; Seyfəlin oğlu memardı. Hələ çox cavan olsa da, Bakıda ucalan neçə-neçə yaraşıqlı imarətlərin, bağların, parkların layihəsini vermişdi. Adam baxanda iftixar edirdi. Şəfiq fərasətli oğuldu, gecə-gündüz çalışırdı, baş sındırırdı, gələcək üçün böyük arzularla, ümidlərlə yaşayırdı… Gəlin də oxumuş qızdı. Şəfiqin institunu iki il ondan sonra bitirmişdi. Sənəti inşaat mühəndisi idi. İş zamanı tikinti sahələrində Fidanı tanımaq çətindi. Əynində tozlu-torpaqlı kombinzon, axşamacan daş-divarların arasında olurdu. Atası yaşında ustalara, bənnalara göstərişlər verirdi.
Bəs Seyfəl neyləmişdi? O nə qoyub gedəcəkdi? Otuz il “taksi” maşınında sürücü işləmişdi. Ömrünün tən yarısını tanımadığı sərnişinləri şəhərdə o baş-bu başa daşımaqla keçirmişdi. Hamısı elə indidən unudulub getmişdi. Nə olsun ki, bir dəfə də qəza törətməmişdi, adı həmişə yaxşı sürücülər cərgəsində çəkilmişdi. Bəs altmış yaşlı bir kişinin həyatından nəslə yadigar nə qalırdı? Heç nə!.. İllərsə bir yerdə dayanmırdı…
Seyfəlin yadındadır: Təzə faytonları, qoşa atları vardı. Biri “Alov” idi, biri “Qətran”. Bağın o başından onların kişnərtisi eşidiləndə adama necə ləzzət verərdi!..
İllər ötdü… Zaman dəyişdi… hər şey unudulurdu. Sahibindən yetim qalmış fayton isə indi də tövlənin bir küncündə qəribsəyirdi.
O günlər heç yaddan çıxardımı? Əziz kişi hər səhər yerindən qalxcaq əvvəlcə atların axurlarına arpa-saman tökər, sonra tövləni təmizləməyə başlardı. Bu onunçün bir növ adətə çevrilmişdi. Atları qaşovlayıb, barmaqları ilə yallarını darar, heyvanların üz-gözünü, sağrısını tumarlardı. Belə vaxtlarda həmişə onlarla danışardı.
– Gecə hava şaxta idi, sizə soyuq olmadı ki, mənim “Alovum”, mənim “Qətranım?” – özü öz sualına cavab verərdi: – Yox… Əlbəttə yox. Siz ikiniz də qoçaqsınız… igidsiniz… Bərkdən-boşdan çox çıxmısınız…
Qıraqdan eşidən olsaydı, düşünərdi ki, Əziz kişi tövlədə kimlərləsə söhbət edir.
Eh!.. Ötən illərin köhnə xatirələri!..
Bəzən insan yeniliyə, mədəniyyətə qovuşduqca arxada qalan ibtidai, köhnə həyatın həsrətini çəkir, keçmiş günləri təzədən yaşamağı arzulayır…