Kitabı oku: «Hər gün ömürdən gedir», sayfa 3
– Ay Seyfi, nə dərin fikrə getmisən belə, – deyə Müşfiqə xanımın səsi onu şirin xəyaldan ayırdı. – Çayın hazırdır, evə keçib içsənə.
– Hə… Bu dəqiqə.
Seyfəl quyu üstə yollandı. Çəkdiyi soyuq su ilə əl-üzünü yuduqdan sonra yenə həyətə qayıtdı.
– Müşfiqə, elə xoş havadır ki, adam heç evdə oturmaq istəmir. Çayımı ver, burada, eyvanda içəcəyəm.
Seyfəl qarşısına kətil qoydu. Müşfiqə xanım süfrə saldı, çay, qənd gətirdi. Sonra özü də gəlib əri ilə yanaşı əyləşdi. Bir müddət heç biri dinmədi. Seyfəl haçandan-haçana stəkanını boşaldıb nə isə demək istədi, ancaq udqundu, danışmadı. Bunu arvadı da sezdi:
– Sən nəsə, sözlü adama oxşayırsan…
Seyfəli gülümsünərək ehmalca başını tərpətdi:
– Düz tapmısan, Müşfiqə, – dedi. – Bilirsən mən nə fikirləşirəm?..
O yenə susdu. Arvad oğrun nəzərlərini ərinin mis dərili sifətində gəzdirdi, intizarla gözlədi. Seyfəlin dən düşmüş qalın qaşlarına, cod bığlarına diqqət yetirdi. Kişinin gicgahları tamam ağarmışdı. Keçən il o altmış yaşı başa vurub təqaüdə çıxmışdı. Ancaq bədəncə gümrah qalmışdı, hərəkətləri hələ cəld idi. Ətrafını xırda qırışlar basmış gözləri nurunu itirməmişdi. Təkcə müharibədə yaralanmış sol qıçı ona narahatlıq verirdi.
– Bilirsən nə fikirləşirəm? – deyə Seyfəl bayaqdan əlində saxladığı boş stəkanı nəlbəkiyə qoydu. – Ay Müşfiqə, gəl biz daha… şəhər evimizə qayıtmayaq. Həmişəlik burda qalaq. Cavanlar da orda özləri üçün sərbəst yaşasınlar. Axı bizim nə vacib işimiz var şəhərdə?
Müşfiqə xanım hələ Seyfəlin bir sözünü iki eləməmişdi. İndi də dinmədi. Gözləri yol çəkdi.
2
Beş gündü bağda idilər. Seyfəl bir an sakit oturmurdu. Gah həyət-bacada vurnuxur, ev-eşiyi, mətbəxi səhmana salmaqda Müşfiqəyə kömək edir, gah da tövlədəki köhnə faytonla əlləşirdi. Arada at yerinə ona özü qoşularaq həyətə çəkir, ora-burasını düzəldir, xarab olmuş hissələrini təzələyir, çarxlarını çıxardıb yaylarını, oxlarını yağlayırdı. Seyfəl müharibəyə gedincəyədək atası bu faytonu işlədərdi. Onunla elektrik vağzalından yaxın yerlərə adam daşıyardı. Evin bazarlıq işlərini görərdi. Hərdən düşəndə toylardan qonşu kəndlərə gəlin də aparardı. Bu fayton Seyfəlin atası Əziz kişinin fərəhli məşğuliyyəti idi. Anası Xədicənin isə barmaqları qızıldı, evdə hana qurub gözəl naxışlı xalçalar toxuyardı; ilmələrinə, güllərinə baxanda adamın üzünə gülümsəyərdi. Bu sənətkar qarının sorağına uzaq-uzaq mahallardan gələrdilər… Ona sifarişlər verərdilər.
Xədicə hələ cavan vaxtlarında Əzizin faytonunun oturacaqları üçün hər yerin öz əndazəsində yaraşıqlı payəndazlar, xalçalar toxumuşdu. Qayınanasının yadigarı olan o töhfələri Müşfiqə indi də köhnədən qalmış qurama yorğanların arasında nəftəlinləyib saxlayırdı.
Müharibə başlanan ili vəziyyət dəyişdi. Qarı hananı evdə üzü divara söykədi. Ancaq qoyunçulardan yun almaqda, onları yenə əvvəllərdə olduğu kimi darayıb əlvan rənglərlə boyamaqda davam etdi. O, adlarını bilmədiyi, üzlərini görmədiyi döyüşçülər üçün gecə-gündüz isti əlcək, corab toxuyurdu. Ayda, iki ayda bir hazır olan sovqatlarını Əzizin düzəltdiyi qutulara yığaraq, aparıb hərbi komissarlığa təhvil verirdi.
Müharibənin dəhşətləri bütün qapılardan içəri soxularaq evlərin yuxarı başında əyləşmişdi. Əziz kişiyə də atları saxlamaq daha mümkün olmadı. Onları sovxozun istifadəsinə verdi. Faytonu isə… zamanın dəbdən düşmüş yadigarı kimi tövlənin bir küncünə çəkərək orada qorudu…
İndi o vaxtdan dünya silkələnib dəyişmişdi. Texnikanın yaratdığı inqilab atları, arabaları, faytonları yeni məişətə yabançı kimi sıxışdırıb yollardan çıxarmışdı… İş o yerə çatmışdı ki, şəhər uşaqları küçədə at, araba görəndə sevindiklərindən əl çalırdılar, atılıb-düşürdülər…
Seyfəl altmış illik ömrünün tən yarısını “taksi” maşınında sükan arxasında keçirmişdi. Səhərdən-axşama qədər şəhərdə fırlanıb hara getmişdisə, həmişə mənzil başına çatmağa tələsmişdi, gördükləri də ani, ötəri olmuşdu. Heç vaxt getdiyi yollarda ətrafa tamaşa edə bilməmişdi. Rezin təkərlər üstündəki bu sürət günləri, həftələri, ayları gödəltmişdi, Seyfəlin ömrünü qısaltmışdı. Haçan qocalmışdı, bilməmişdi. Son zamanlar o, asudəlikdə torpağa ayaq basıb, tələsmədən yeriməyə, göz doyumu yan-yörəsinə baxmağa daxili ehtiyac duymuşdu. Seyfəl ancaq indi öz istədiyinə qovuşmuşdu; dəmir motora, rezin təkərlərə, sükana əlvida deyib, istədiyi həyata qayıtmışdı.
Sabiq “taksi” sürücüsü qəribə hisslər keçirirdi. Elə bil o, otuz il sərasər şəhərin səs-küylü küçələri ilə maşını qovduqdan sonra gəlib Bakıdan çox da uzaqda olmayan bu səfalı, sakit guşəyə – mənzil başına çatmışdı. Daha bundan o yana gedəsi yeri yox idi. Qarşıda qumsal bağlar… “mavi dəniz…” nəhayətsiz üfüqləri…
Seyfəl hər işin ustası idi, faytona xırda-xırda əl gəzdirib nisbətən saz hala salmışdı. Qatlama çətrini, içərisinin yaşıl mahudunu, oturacaqlarını əvvəlcədən olduğu kimi səliqə ilə düzəltmişdi. Şam fənərlərinə qara lak çəkib təzələmişdi.
Müşfiqə bütün bunların necə əziyyətlə başa gəldiyini görsə də, işin nə ilə nəticələnəciyini hələ bilmirdi. Düşünürdü ki, bəlkə əri faytonu kiməsə satmaq niyyətindədir. Ancaq inanmırdı. Seyfəl atasının yadigarını heç başqasına qıyardımı? Yox! O bunu etməzdi.
Müşfiqə xanım şahid idi: əri təqaüdə çıxıb maşınını təhvil verən günü evə necə pərişan gəlmişdi. Xeyli vaxt darıxmışdı, qaradinməz olmuşdu. Sonralar Seyfəl bunu az qala ağlamsınaraq arvadına belə izah etmişdi:
– Bilirsən, Müşfiqə, insan uzun illər alışdığı, öyrəşdiyi bir şeydən – istəyir canlı olsun, istəyir cansız, ayrı düşəndə kövrəlir. Bu da bir növ məhəbbətdir. Fikir vermisən, hər il bağdan keçəndə adam ağlamaq istəyir… Mən ömrümün yarısını sükan arxasında keçirmişəm. Motorun səsinə, təkərlərin qıjıltısına, hətta benzinin iyinə öyrəşmişəm. İndi birdən-birə bunlarsız elə bil nəysə çatışmır, ürəyim sıxılır… hərdən durub qaraja getmək istəyirəm; maşınımın ora-burasını silib təmizləmək, qapısını açıb içərisində əyləşmək istəyirəm. Düzdür, qışın soyuğunda, yağışlı, qarlı günlərində yaralanmış qıçımdan əziyyət çəkdiyim də az olmayıb. Ancaq…
Müşfiqə ərinin kövrəldiyini görüb ona ürək-dirək vermişdi:
– O vaxt Şəfiq də bunu başa düşmüşdü. Deyirdi, atam icazə versəydi pullarımızı yığıb ona bir “Jiquli” alardıq… Ayağını yerdən götürərdi…
– Yox. Gileylənməyimə baxmayın, daha bəsdir… Dincəlmək istəyirəm.
* * *
Eh!.. Seyfəl “taksi”də adamlar, üzlər görmüşdü ki!.. Yazılsaydı, qalın bir kitab olardı.
Bir axşam – onda yayın isti günləri idi. Şəhər adamlarının əksəriyyəti bağlarda, istirahət evlərində, yaylaqlarda dincəldiyindən “taksi”lərə müştəri azalmışdı. Seyfəlin iş növbəsinin qurtarmasına hələ saat yarım qalırdı. Bir azdan maşını aparıb parka qoyacaqdı.
Mərkəz küçələrdə hərlənirdi. Qarşı tində dayanmış iki nəfərin minik gözlədiyini görən Seyfəl ayağını əyləcə basdı, səkinin qırağına yan alaraq maşını saxladı. Həmin şəxslər irəli gəldilər. Gözündə qara çeşmək olan başını pəncərədən içəri saldı:
– Starik, bizi Bilgəhə apararsan? – soruşdu.
Seyfəl axşamlar, gecələr uzaq yerə gedən sərnişini götürəndə əvvəlcə ona diqqətlə baxmağa, heç olmasa bir nişanəsini, əlamətini yadda saxlamağa adət etmişdi.
– Bilgəhə?..
– Bəli. Nədi ki? Fikrə getdin… Uzaqdı?..
– Yox… Keçin, əyləşin.
Onun qolunda göy sferblatlı yapon saatı vardı. Bu axşam qaranlığında niyə gün çeşməyi taxmışdı, bilmədi. Yoldaşı özündən beş-altı yaş cavandı. Qapıları açıb biri arxada, digəri Seyfəlin yanına oturdu. Görkəmlərindən, danışıqlarından dələduz adama oxşamırdılar.
Azacıq getmişdilər ki, dalda əyləşən göygöz cavan qarşıdakı telefon köşkünə işarə ilə:
– Ay kisi, burda bes dəqiqə əylən – deyə “ş” hərflərini “s” kimi tələffüz edərək dilləndi və maşın dayanınca aşağı endi. O, telefonla harasa zəng çaldı, kiminləsə ikicə kəlmə danışaraq yenə kabinəyə qayıtdı.
– Gəldilər! – deyə sevincək halda yoldaşına eşitdirdi. – Sənin adamiskən lap usaqdır ey… İyirmi bes yasındadı… çolpa!
Ücretsiz ön izlemeyi tamamladınız.