Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Çörək rəngli əllər», sayfa 2

Yazı tipi:

bu gözəlliyin yarısı sevilən o qadınınsa

yarısı da onunkudur deyə

köks ötürmələrini gördüm…

əllərindən bu qədər gözəl çıxdıqlarını qısqandıqlarını

“sən gözəlmişsən ki

özünə baxmırsanmış” deyə tikanlı sözləri də

öz işlərini öyməkdən çox

o qısqanclıqdandı…

bu qadın gedəcək

onu sevən bir kişinin gözlərini qamaşdıracaq deyədi…

sevgilim,

ən məhrəm nöqtələrinədək görəcək

müqayisə edəcəksən məni başqalarıyla

bir vaxtdan sonra

bəlkə tez başlar

bəlkə də gec

bəlkə artıq müqayisəyə başlamısan

bəlkə də gec qalmışam mən…

ömrümün sonuna qədər

gözəllik salonlarına çatan pulum olsaydı

özümə inamım olardı

sənə inamım olardı

təkcə ayaqlarımın gözəlliyindən əmin oldum hər zaman

ömrüm onların tükənmədən çıxan

tüklərini təmizləməklə keçdi…

günün birində xəstə yatsam

ya qarışsa başım

sən o gözəlim ayaqlarımı görsən

qapqara tüklər içində

xəyalındakı bütün qadın ayaqlarıyla müqayisəyə girişəcəksən…

sən onları hər yerdə görmüsən

mənim təzə kalqotkalarımın

depilyatorların qutularının üstündə

efirlərdə

küçələrdə…

sevgilim,

boş yerə qısqanclıq etmə

nə də çox para xərclədiyimi demə mənə

saatlarla güzgünün qabağında oturub

sənin üçün yox

onlara görə bəzənirəm…

sürmə gözümə düşdü

sulandı gözüm

axdı-yayıldı

məhv oldu makiyajım

gözlə

bir az da gözlə

vaxtın azlığından şikayət etmə

qoy silim hamısını

təzədən çəkim…

Məktub

mənə məktub yox

pul göndərirsən uzaqlardan

mən sənə elə hey

uşaqların ehtiyaclarından danışıram

qısa telefon danışıqlarında

öz ehtiyaclarımı unuduram

sən mənim havamsan

suyumsan deyirdim

əlini bir dəfə tutmaq üçün

dünyanın ta o başına gəlirdim

(sən də eləcə)

darıxardıq

axşam görüşlərindən sonra

öpüşlərimizin dadı

damağımızdan getməmiş

bir ömür boyu iç-içə

bərabər olaq deyə

evləndik biz

heç ayrılmamaq üçün

indi mənə məktub yox

pul göndərirsən uzaqlardan

sanki başqa bir ehtiyacım yoxmuş kimi sənə…

mən sənə elə hey

uşaqların ehtiyaclarından danışıram

qısa telefon danışıqlarında

sanki başqa bir ehtiyacın yoxmuş kimi mənə

Güzgülər qadağan olunan qadın

hardasa ömrünün 6 il 75 gününü

hamilə olub o qadın

bir il qədər çəkib

üst-üstə toplasan "qırxlı" günləri

9 il süd verib döşlərindən

ömrünün nə qədərini yaşaya bilib

sevilən qadın kimi bilmirəm…

xatırlamır indi nə rəhmətlik ərini, nə övladlarını

qəfil yerindən qalxıb atası evinə getmək istəyir

belə deyir oğluna:

"səninlə görsə atam məni

tikəmi qulağım boyda eylər

məni evimizə ötür

axşam düşmədən"…

"güzgü verməyin ananıza"

bərk-bərk tapşırıb uşaqlarına həkim

"baxıb başa düşsə ki

özüdür güzgüdəki

infarkt keçirə bilər qəfil"…

güzgülərin üzünü bağlayırlar evdə

qoca qadın ölmədən

on dörd yaşından bəri

heç nəyi xatırlamır o

əlindən zorla alınan

uşaqlığını istəyir qadın

zəhmi böyükdür atasının hələ də

"çək naməhrəm əlini məndən" çımxırır oğluna

"məni evdə atam gözləyir

məni evimizə ötürün

axşam düşməmiş"…

bəlkə də elə bilir

onu qaçırıb qalada gizləyib hansısa div

xilas eləyəcək igid bir sevgili gəlib…

***

 əvvəllər məktub yazardı

sevdiyi kişiyə

utana-utana verərdi

indi siyahı yazıb verir əlinə

yenə utana-utana

"pulu çatacaqmı, çatmayacaqmı?" – düşünə-düşünə

siyahı uzun çıxırsa

ixtisar edir

sevgi məktublarından da sözləri

çıxarıb atırdı belə

hansılar ki, incidə bilərdi.

***

  üzü təravətli olsun deyə

"maska" yaxan qadın

güzgüdə özünü görüb diksindi qəfil

dünən gecə ərinə bu sifətlə

qapı açdığını xatırladı

səhərlər üzünü gördüyü yox

ərindən qabaq işə yollanır qadın

ərindən tez qayıdır

nə zamandı mətbəxdə belə gəlmirlər üz-üzə

kişinin zamanı yox

qadın komplekslərinin əlində əsirdi

aldı salfeti

üzünü sildi

sonra "ho" elədi güzgünün sifətinə

nəfəsindən tərləmiş güzgünü

köynəyinin qoluyla təmizlədi

qadın elə gülümsədi

güzgü də gülümsədi…

***

 dişlərini ağartmaqdansa

dodaq boyasının ən qırmızısını çəkir

ayaqqabının da

paltarın da qarasını seçir

tez-tez paltar yumağa da həvəsi yoxdu

köynəkləri qollu geyir

şalvara üstünlük verir

depilyasiyaya vaxt ayırmasın…

saçlarını kəsdirib

qoyub qulağının dibinə

min cür formaya salmağa gərək yoxdu

başına bit düşməsin deyə çimir artıq

sevməyə və sevilməyə inamını itirmiş qadın…

***

 sevirəm tərləmiş

güzgülərin üzünü silməyi

hər dəfə başqa şəkildə bunu edirəm

ziqzaqlar cızaraq

yaxud halqalar çəkərək güzgünün sinəsinə

hər dəfə də içimdə kövrək bir inam:

başqa biri çıxacaq qarşıma

güzgüdən indi

daha nəşəli

özümdən daha işıqlı qadın…

Qabıqları soyulmuş qadınlar

Konfet qabındakı

konfetlərin dadında

bir elə fərq olmadığını

cığarasının da

dadının da

bir-birinə çox bənzədiyini

görə-görə

qabdakı bütün konfetləri bir-bir açıb

dişləyərək

atan uşaq kimidi kişilər

qadınların

donları

geyimləri

saçları

ətləri

sümükləri

gözləri

ürəkləri

bir-birinə bənzəsə də

bircə kərə dişlərinə vurub atarlar

fərqli dad çıxacaqmış kimi qarşılarına

soyulmuş, dişlənmiş konfetləri

bükə-bükə cığaralarına

deyinər dəcəl uşaqların anaları

artıq o konfetləri

qonaq qabağına çıxara bilməyəcəklərinə

toya, bayrama aparmayacaqlarına görə

qanları qaralır

Əynindən çıxarılıb

otaq boyu səpələnmiş paltarlarını

daha artıq hüznlə

çıxılmazlıqla

deyingənliklə

yığıb geyinər

bir tərəfləri xışmalanmış, dişlənmiş

qadınlar

konfetlərdən daha yaralı olarlar…

Sevgi

Qızlarına Sevgi adını vermişlər

amma sevməyi-sevilməyi ona qadağan etmişlər

sevdiyindən ayırıb başqasına vermişlər

“Sevgiylə qarın doymaz” – demişlər ona

Qonşumuzun qızıydı Sevgi

anası haylardı pəncərədən tez-tez

imkan verməzdi həyətdə ləngiməsinə

“Sevgi… Sevgi” deyə səsi götürərdi başına

həyətimizi

sevgiyə səslərdi anası sanki hər kəsi

Afrodita kimi

Sevgi gəlin köçəndən bəri

yalandan da olsa

kimsə sevgiyə səsləmir bizi…

Kasıblıqdan utanmaq

Sənin ətrin canıma o qədər hopurdu ki

gizlədə bilmirdim başqalarından

bahalı kişi ətriydi

evdə yoxuydu atamın

qardaşımın…

adını da bilmirdim o ətrin

soruşmağa utanırdım

bilməməkdən utanırdım

kasıblıq sözdə utanılacaq bir şey deyildi amma

həm də gizlədilməsi lazım olan bir şey idi

cırıq corab olan ayağını

digər ayağının arxasında gizləməli

köhnə, yamaqlı nəyin varsa evdə

künc-dalana dürtməliydin qonağın gələndə

qonşu xala sənə  alma çıxarıb verəndə

əlini geri itələməliydin

üç mövsüm alma yeməsən belə…

alma yeyib gəlmişəm deməliydin…

kasıblığın özü deyil də

kasıblığı gizləyə bilməmək

kasıblıqdan utanmamaq ayıb sayılırdı…

Yolboyu qoxlaya-qoxlaya gəlsəm də evə

səni gizləmək üçün əlimi, üzümü yuyurdum dönə-dönə

cinayət işləyəndən sonra qatillər əllərini

gedib-gəlib yuduqları kimi

sonra sual eləyirdim özümə

sevmək suçmu, cinayətmi?

bir dəfə saçımı hörərkən anam

doladı saçlarımı əllərinə

“heç bilirsən kimin oğludu o?

 dünyada səni almaz ” – dedi

hələ anası lovğalığından yerə-göyə sığmır dedi…

ətrin satmışdı bizi anama

hələ də mən elə bilirəm

sonra mən ana sözü dinlədim

yavaş-yavaş  unutdum səni

ən gec ətrini unutdum

amma indi burnumla torpağı eşsəm

xatırlamaram

***

necə də səxavətlidi o qadın

yarıçılpaq bədənini bütün gözəlliyilə

sərib baxışlar altına

üstəlik reklamlarda rol alan

podiumlarda yeriyən gözəl qadınlar kimi

pul istəmədən

gözələ baxmaq savabdı deyirlər

el arasında

adamları savaba soxur o gözəl

özü də bilmədən…

Direktor qadın

o qədər özü olmağa imkanı olmayıb

qaşlarını nə qədər çatıbsa

daha sərt görünsün deyə işçilərinin gözündə

direktor qadın

hələ gənc ikən

düyün düşüb qaşlarının arasına

burnu da elə dikəlib

elə bilirlər qarışıq nigahdan doğulub

anası rusdu

bəlkə də güzgüdəki əksinə də üzünü turşudur

güzgü də özünü yığışdırır onu görəndə…

Kişi qoxusu

ərindən ayrıldığı

hardasa on ildi

yadırğamış kişi qoxusunu belə

indi qızının evində

mürgü döyəndə

üstünə atılan adyalı belə dəyişdirtdirir

kişi qoxusu verir deyə....

***

indi əvvəlkindən

daha həvəslə

fırçalayır dişlərini

sağalmaz xəstəliyə yoluxan

öləcəyini bilən qadın

işıltılı gülüşlərlə qalmaq istəyir

sevdiklərinin yaddaşında....

Balaca kişi

özündən iyirmi yaş böyük

yaşlı ərinə baxır qadın

yataq xəstəsi olan

yorğan-döşəkdə qalan bu kişinin

əynini dəyişəndə

altına qab gətirəndə

vannaya otuzdurub çimizdirəndə

nə yaxşı belə sısqa bədənli

alçaq boylu olduğunu düşünür onun....

halbuki gəncliyində

necə köks ötürərdi

enlikürək

ucaboy oğlanların dalınca

illər sonra da olsa

razıydı qismətindən......

Qədir ağacı

şəninə əkilən

“qədir ağacı” çiçək açandan

sonra

kimsəni bəyənməz olmuş

o qadın…

Gözəllik

cəbhədə öldürülən

kişilərin arasından

birinin şəkli üzərində

saxladı barmağını

dırnağı qırmızı boyalı qadın

“nə qəşəng oğlanı öldürüblər” dedi

gözəllik

ayrı-seçkilik salır

adamların arasına

ölümdən sonra da…

Qəhrəmanın son məktubu

sevdiyi qıza

“məni sevirsənsə dəfnimə gəl

mən də səni sevirəm de ürəyində

mən səni eşidəcəm…” –deyə məktub yazan

şəhid olacağı ürəyinə daman əsgər

bilirdi

sevdiyi kişi qəhrəman olsa belə

dalınca ucadan ağlaya,

qışqıra bilmir qızlar bu ellərdə.

həyatını itirmiş kişini belə

qucaqlayıb ağlamağa

yoxdu qızların azadlığı

sevdiyi kişinin fəda olduğu

adamlar qınamasınlar deyə

susur qızlar

göz yaşlarını ürəklərinə axıdırlar…

Qəhrəmanlıq haqqında

hörümçək əlləri, ayaqları

yarasa görkəmi olmasa da olar

sevgi və fədakarlıq sığan

geniş bir ürəyi olmalı qəhrəmanın

o sözdü ki qəhrəmanın

dörd böyrəyi

ükü-üç ürəyi

iki başı, dörd əli olur…

bir oturuma bir qoyunu yeyib doyur

bəlkə

qəhrəman da qorxur pis yuxular görəndə

hövlnak oyanır

bəlkə o sadəcə gözəl bir qadın olur

sevgisi sinəsinə sığmayan

fədakar qadın…

dünyanı xilas etməkdən bəhs edən

nə qədər nağıl uydurub

danışırıq uşaqlarımıza…

cizgi filmlərinin qəhrəmanları

super qəhrəmanlardı çox zaman

aralarında Atlant kimi

dünyanın yükünü

çiynində daşıyacaq gücü

olmayanlar var

kasıb komalarda

super qəhrəman

hörümçək adam

Bet mən

Ben Ten olmadığına üzülərək yaşayan

uşaqlar…

o cizgi filmlərini yığışdırın

Məsələn, onlara həqiqətləri yazmaqdan

qorxmayan

həbsə düşən söz adamlarından danışın…

bəzən sadəcə danışmaq

ən böyük qəhrəmanlıqdı…

Beş yaşlı uşağın duası

israrla anasından bahalı oyuncaq istəyən

balaca oğlana

“Allahdan pul istə, pulumuz olsun, alacam”– dedi anası

“Allahdan pul istəməyə utanıram”– dedi

balaca oğlan

başını aşağı dikərək....

Qorxuyla böyüyənlər

"balıq niyə danışmır, ana

daşı yoxdu?"-soruşur

başımın üstündə dayanan oğlum

əlimin altında itaətlə uzanmış

tərpətdikcə o üz-bu üzə

ancaq ölü ağzını açıb-yuman balığın

axçalarını təmizləyib qurtarmaq üzrəyəm mən…

ölümü izah edə bilmirəm ona

üç yaşındadı hələ

bunu deyirəm təkcə:

"balığın canı yoxdu,daşı da yoxdu, balıq yemək üçündü"…

demirəm amma balığın canını əllərimlə aldığımı

oğlum inanmır mənə

bərələn gözlərindən bilirəm

satıb qatilliyimi

balığın çevrilən gözləri

sükut içində qışqıran qanı…

üstündə dini ayələr yazılan

dairəvi lövhəni

maşın sükanı kimi əlində tutub

"bib-babab"deyə

evin içində qaçan oğlumun

əlindən bilmirəm necə alım lövhəni

ağlamasın…

"Allah baba inciyər bizdən"-deyirəm…

ondan ikicə yaş böyük qızım

özünü yetirir tez:

"Allah baba öldürər eyy"

ölümün nə olduğunu anlamayan oğlum

tir-tir əsir

dairəvi lövhəni mənə verir

mən qızıma ötürürəm

"apar qoy ev sahibəsi qoyduğu yerə"…

qızım almaq istəmir

toxunmaq istəmir

özündən böyüyünü səsləyir:

"mən qorxuram Allah babadan

hamını görür o

istəmirəm məni də görsün

bunu sən götür yerinə qoy "-deyir…

sorğu dolu gözlərini gözümə dikir böyük uşaq

alıb əlçatmayan yerə qoyuram dairəvi lövhəni

və sükut çökür

qorxuyla baxır uşaqlar dairəvi lövhəyə…

əlləri əsə-əsə çevirir

qızlarım kitablarında

prezidentin şəkli olan səhifələri

müəllimləri hədələyib:

səhifələrə xətər toxunduranların,

yazıb, cıranların

həbsə göndəriləcək valideynləri-deyə…

yadımdadı

Səməd Vurğunun adını daşıyan

məktəbimizin həyətində

heykəli vardı şairin

sinəsindəki lövhədən düşmüşdü S hərfi

ertəsi gün

sıraya düzüb bütün sinfimizi

vurdular əllərimizə

sonuncu dərs bizə idman dərsiydi

hamımız həyətdəydik

bizdən şübhələnirdilər

bircə özümüz əmindik ki

heç birimiz almamışdıq Səmədin S-sini…

bəlkə gecənin bir aləmi

şairin ruhu zarafat eləmişdi gəlib bizimlə…

qorxu içində böyüyür uşaqlarım

necə ki, qorxuyla böyüdülmüşəm mən

və onları bu qorxulardan qorumaq mümkün deyil

qızım mənə sual edir:

niyə qorumadı ata-anaları

Xocalıda öldürülən körpələri?

desəm ki, gün gələ bilər

mən də aciz ola billəm

qoruya bilmərəm səni

₺77,41

Türler ve etiketler

Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
15 aralık 2022
Hacim:
100 s. 1 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 4, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre