Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Çörək rəngli əllər», sayfa 3

Yazı tipi:

desəm ki, o analardan

o atalardan yoxdu heç bir fərqimiz

yoxdu xüsusi şücaətimiz

cəsurluğumuz

nə atanın, nə mənim

necə yaşayar balam

necə güvənər mənə

necə sevdirə billəm

ona bu dünyanı mən?!

Anam, uşaqlıq şəklim və mən

başı bədənindən tez çirklənir

çağa doğulandan bəri

hissə-hissə yuyunur

səhər saçlarını yuyur

axşam bədənini

rahat çimməkdən ötrüdü

çağanın böyüməyinə tələsməyi

şəlalə kimi saçlarına

şəlalədən tökülürmüş kimi axmadı sular nə vaxtdı

həsədlə baxır

körpəsini ayağında yırğalaya-yırğalaya baxdığı

türk seriallarında

ikidə bir cakuziyə girib duş alan gözəlçələrə

gərçi belə hamam olmadı xəyallarında belə

amma duşa nə gəlib ki…

qaça-qaça gedir gözəllik salonuna

uşağı ərinə tapşırır

uzun saçlarını kəsdirir

daramağa zamanı yox

boynunun arxasında bir ovuc saç

kilkələşib az qala

bilir ki, saçlarını yığıb-yumrulamaq da

yaraşmır ona

saçlarını çiyninə tökərdi

nişanlı vaxtı görüşə gedəndə

saçları tökülür

"uşaq üzünə güldükcə"

ovcuna, barmaqlarına ilişir

qorxur ki, körpənin boğazına gedə

saçlarını qurban edir…

kəsmiş bir vaxt uzun olan dırnaqlarını

nişan üzüyündən ötrü darıxır barmağı

dırnaqlar da, üzük də uşağın paltarlarına, dərisinə ilişir…

artıq ağrıyanda getmir həkimlərə

körpənin qarnı gedərsə

gecə yuxusu pozularsa

uşaq həkiminin yanından sivişib

böyük həkiminin yanına keçər

ərinin dürtmələməsiylə

dərdinin birini deyər

o biri qalar vaxt darlığından

zaman yoxdu uzun-uzadı müayinələrə

əlində iki resept gələr aptekə

körpəninkini alar

qalar öz dərmanları

ən böyük arzusudu körpəsinin tez böyüməyi…

imtina eləmiş sırğalarından

boyunbağından

boyunbağıları qırılmış

körpə dartmış

sırğalıqları cırılmış

atmış sırğaları bir kənara

qulaqları da bitişmiş

harda əlinə keçsələr

köks ötürər gənc ana:

"bircə tez böyüsəydi"…

qorumalıdı gözlərini körpəsindən

o bilmir anasının gözlərinin gerçək olduğunu

hər an barmağını salıb tökə bilər

dikdaban ayaqqabıları qutularda təp-təzə

körpəsi qucağında geyinməkdən qorxur

qısa ətəklər geyinə bilmir

halbuki sevərdi

körpəsi üçün tez-tez əyilir

uşaq qucağında oynayır şənliklərdə

yaxasından muğayat olmalıdır həm

körpə dartıb aça bilər

görünə bilər sinəsi

qalxar ərinin boğaz arıtlayan səsi

"evə gedəndə danışarıq!" deməkdi bu

bilir artıq

iştahı küsür

uşaq da elə bil fürsəti gəzir

tökür qara kolanı ağ paltara

Allah istəyə paltar özününkü ola…

"filan yerə dəyib qaçıb gəlirəm

bir dəqiqə uşağa bax, xahiş edirəm" sözlərini

deməkdən zəhləsi gedir

çünki minnətli baxışlar altından

bu sözləri oxumağı sevmir:

"hara gedirsən, get

çalış tez qayıt

uşağı doğmusan, özün də saxla

güc doğana düşər"

bu sözlər hamının ürəyindən keçir

nənənin, babanın

hətta atanın…

heç nə əvvəlki kimi olmayacaq bilir əslində

ürəyinin dərinliyində

amma yenə ən böyük arzusudu

körpəsinin tez böyüməyi…

hər ay aparır uşaq həkiminə

çəkisini

boyunu ölçür

əgər azdırsa normadan yüzcə qram

üçcə santimetr

əlindən gələni əsirgəməyəcək

vitaminli qidalar, siroplar alacaq

gün gələcək

körpə böyüyəcək

ana onun məktəbdən tez gəlməyini gözləyəcək

vurnuxacaq pəncərəylə-qapı arasında

sonra əsgər yolu gözləyəcək

gözü yollarda qalacaq

qızı ər evindən nə zaman qonaq gələcək?!

həsrət elə böyüyəcək

ana onun yenə körpə olmasını arzulayacaq

görünməyəcək çəkdiyi əziyyətlər

yuxusuz gecələr gözünə

bir vaxt körpəsini böyütmək arzusuyla yaşadığı

düşməyəcək yadına

tökəcək uşaqlıq şəkillərini qabağına

onlardan dəyərli heç nəyi olmayacaq

birini də övladına çox görəcək

necə ki mən

qopara bilmirəm anamdan

bircə uşaqlıq şəklimi

o şəkillər az qala

özüm qədər əzizdi ona

min kərə uğurum ola

anam üçün heç nədir

o ancaq uşaqlıq uğurlarımdan danışır:

"sən tanıdığım uşaqların ən gözəliydin

qan damırdı yanaqlarından

kirpiklərin ox kimiydi

dodaqların vardı al qırmızı

boya çəkmişdin sanki

yaşın hələ yoxdu yeriyirdin

dil-dil ötürdün, tutuquşu deyirdik

dilin yoldan eləyirdi adamları

səni görən bir də görüm deyirdi

hamı qucaqlayır,hamı sevirdi"…

baxıram şəklimdən baxır adi bir uşaq

o qədər adi

qanım da qaynamır inan ki

məncə uşaqlarım bundan min dəfə qəşəngdi…

mən şəklə baxıram

deyirəm "gözəldi, bəli"

əziz anam sevinsin deyə

sanki yad adamdan qəbul edirmiş kimi

məndən tərifi qəbul edir sevinclə

anlayıram zərif bir hisslə

o, hazırdır qorumağa körpəni

hər cür pis nəzərimdən

uşaqlıq şəklim əlindədisə

bilirəm unudulmuşam mən…

Ağır gələn torbalar

kassada

növbəsini artıq neçənci kərədi

başqasına verir

əlində bircə çörək tutan kişi

torbaları ağır gələn kişilərə

ehtiramla yol verdiyinin fərqində özü də…

kassir qız da ondan əsirgədiyi təbəssümləri

onlara səxavətlə göstərir…

növbə seyrəlincə

gözünü ona dikən qızı

bir çörəyə görə narahat etməyə utanır az qala…

Süpürülüb atılan kədərlər

təzəcə kəsdirdiyi saçlarının

ona çox yaraşdığını söylədi hicablı rəfiqəsi

ustasını təriflədi

“hansı ustaya saçlarını kəsdirdin”-dedi

“mən də saçlarımı kəsdirmək istəyirəm”....

“sən özün də saçlarını kəsə bilərsən

hansısa stili neynirsən

görünmür ki saçların sənin”-

güldü saçlarını kəsdirən qadın

bir az acımasızlığı da vardı....

qızardı öncə

saçlarını gizləyən

küləyə öpdürməyən qadın

“güzgüdə gözlərimə

bir ayrı görünmək istəyirəm”– söylədi....

söylədi amma

heç biri etiraf etmədi

təkcə gözəl görünməkçün

saçlarını kəsmir qadınlar

darıxırlar

boğulurlar

bu dünyada gücləri çatan tək şey

elə saçlarıdı ancaq

dünya dağılsa

əvvəl saçlarına əl atırlar

yolurlar

kəsirlər

üzlərindən qovurlar gücləri yetdiyi qədər....

bir ömür boyu qadınlar

saç uzadırlar hədər

kəsilən saçların bir adı da kədər

gözəllik salonlarında

süpürülərək xəkəndazlara yığılan saçlar

kədərin şəklidi bir az da…

sən o kədəri süpürüb atdıqca

yenə uzanar

yenə gələr…

***

ayağındakı köhnə çəkələkləri

məktəbli çantasının arxasında gizlədən qızcığaz

bilirdi çanta bu gün olduğu kimi

sabah da

saman çöpü olacaq ondan ötəri

düşdüyü qəm dənizində

içindəki kitab-dəftərlər onu batmağa qoymayacaq....

***

qan azlığından əziyyət çəkən

hamilə qadın

hər gecə yuxudan üşüyərək oyanıb

əriylə oğlunun açılmış üstünü örtür

yuxularına hər gecə ağappaq qar yağır

qar kraliçasına dönür

qan azlığından əziyyət çəkən hamilə qadın....

***

çocuqluğumuzda

bizə danışılan nağıllarda

şişman olurdu zəngin xanımlar

şişdikcə qəddarlaşır

ögey qızlarını daha çox ağladırdılar

amma indi

iştahsız çocuqlarının boşqablarındakı

yemək artıqlarını atmağa

israf etməyə əli gəlməyən

yoxsul ev xanımları

evlərinin həm pişiyi

həm iti olurlar…

çocuqlarının qarnına yeyirmiş kimi yeyirlər

əlləri gəlmir çocuqlarının payını

küçə itlərinə yedirməyə

eyinlərinə deyil televiziyaların

arıqlama proqramları

“adım Aişədi”

“adım Rövşəndi” deyib boşqabı aldadırlar

çocuqlarının adını çəkərək…

özgəsinin payını yeyənin

dilinə pay çıxar deyirlər ya

bizim yerlərdə....

çocuq da inanır az qalsın

yeməyi özünün yediyinə....

çocuqlarının yarıda buraxdığı hər işi

boynuna çəkməyə

qaldırmağa gücləri yetməyən

hər yükü çəkməyə

razıdı analar…

***

alma kimi ismətlidi

bizim elin qızları

öpüb-dişlədikcə qızarırlar......

Pəncərələrdəki ağ bayraqlar

axşam yeməklərindən sonra

süfrələrini yığışdırıb

pəncərədən çırpmaz

çörək qırıntılarını atmaz

bizim elin qadınları

çocuqlarının gecəgözü

yavan-yavan

gəvələyib yerə tökdüyü

çörək qırıntılarını

diz atıb əlləriylə dənləyər

səhəri gözləyərlər

evdən zibil çıxartmazlar

qonşuya ağartı verməzlər

evlərinin bərəkəti qaçmasın deyə

amma yenə nəsə kəm olar süfrələrində

xiyar doğrasalar salatlarına

pomidor qalar

pomidor doğrasalar

xiyar

qarpız kəssələr

yemiş olmaz yanında

yemiş kəssələr

qarpız

bəzilərinin heç biri olmaz hətta....

səhər ki açıldı

pəncərələrdən ağ bayraq kimi dalğalanar

süfrələr

yoxsulluğa ağ bayraq qaldırarlar beləcə

bizim elin qadınları....

Xəyal və gerçəklik

yağışın altında

“təzə balıq var”– qışqırıb alıcı çağıran kişi

üzümə elə ümidlə baxır ki…

balıqlarından bir-ikisini alsam

evə gedər

cibindəki pulla

çörək alar

balığın yanında süfrəyə qoyar arvadı

mənsə, səkidəki balaca taxtanın

üstünə düzülmüş balıqların

ağızlarını necə açıb yumduğuna baxıram

bəlkə yağış bu balıqlar üçün yağır

çaylardan, dənizlərdən qalxan

göyə çıxan sular

quruda balıqları axtarır

sular balıqların vətənidi

deyə düşünürəm....

çıxıb getsəm

vətənim axtararmı məni beləcə?

balıqlara baxıram

“aşağı yeri də var, bacı

çox fikirləşməyin

yağış da yağır

evimə gedəcəm” –deyir kişi…

əlimdəki balıqlarla dönürəm evə

ərimə işim düşəcək yenə

balıqları təmizləməyini xahiş edəcəm ondan

qan görməyə təhəmmülüm olmadığını

bilir o....

üstünə yıxmışam balıqların qanını həmişə....

kiçik qızımız sevir balıq yeməyi

bayırda qalır yağış

pəncərəmdən yapışıb saysız barmaqlarıyla

yağışlar pəncərələrdən yıxılır həmişə

indi səhərədək hirsindən yağacağını bilirəm....

***

evindəki bıçaqları

itilətmir qadın

tez-tez fikrə gedən biri olduğundan

gözü yol

qəlbi həsrət

çəkdiyindən

yemək hazırlayarkən

əlini tez-tez kəsir bıçaq

hər dəfə də bıçağın iti olmadığına şükür edir

barmağını sarıyanda

***

hər həftənin cümə günü

seyr elədiyi serialın

sonunun necə bitəcəyini

hər şeydən çox düşünür

ölüm yatağındakı qadın

“serial bitsəydi barı” təəssüf etmək də

yadına düşür can verməzdən qabaq.

Əlifba bayramında

əlifba bayramında

sevinclə oynadı uşaqlar

bütün oyunları

rəqsləri

təkcə Leyla çəkildi kənara

qızlar-oğlanlar vals oynayanda

küsdü oturdu anasının qucağında

oğlanlarla rəqs etmək qadağandı ona

anası Leylanın baş örtüyünü düzəltdi

donunu aşağı çəkdi

hər nə dedi qulağına

Leyla çiynini atdı

qaşını dartdı

unutdu hər şeyi az sonra

başladı “Qoğalın nağılı” səhnəciyi

Leyla qoğaldı

hamıdan qaçdı

qaçdıqca elə sevindi

elə bildim nağılın sonu

nənə, babası da tuta bilməyəcək onu

qaçıb gedəcək ürəyi istədiyi yerə

düşəcək yola qoğal Leyla…

amma qayıtdı Leyla nənəsigilə

guya yeməyəcəkdi onu

baba və nənə?

bişirməmişdilərmi onu

yeyib üstündən su içsinlər deyə?

qoğal gərək nənədən də qaçaydı

babadan da qaçaydı

bu nağılda bir kələk vardı

bütün nağıllarda olduğu kimi…

***

sevinir gənc ata artdıqca nömrəsi

aldığı uşaq bezlərinin

gənc ana cubbulu paltarları

qonşuda kirayə qalan qadına verir

onun da bətnində bapbalaca bir qız böyüyür

“necə olsa mən oğlan anası olacam gələn dəfə” deyir qonşu qadına

“oğlunun da paltarlarını təzə saxlayıb

mənə verərsən “deyir kirayəçi qadın

“mən də bir qız,bir oğlan arzulayıram”…

ümidi yoxdu nə vaxtsa evi olacağına

öz körpəsinə mağazadan özü paltar alacağına…

***

yüzillik tavada makaron qovurur nənə

yüzillik tavanın bağrından ət iyi qalxıb

yayılır evə…

qoxunu alan balaca

mətbəxə yüyürüb ət istəyir nənəsindən

balacanın ət iştahasını küsdürmək üçün

tavanın qapağıyla qovur onu nənə

əlacı olsa ürəyini çıxarıb tavaya atar

bişirər

nəvəsinə verərdi oysa…

Köpüklər

paltar yuyar ağ əllərlə

köpürər sabun

yumru-yumru köpüklər

dənizdə dalğalar kimi…

bulaşıq qabları yuyar

yenə… yenə o əllər

köpürər yağlı sular

uçuşar

ağızda saqqız kimi

şişən halqalar

tez də partlayarlar

davam gətirməzlər ki…

çocuğunu yuyundurar

o əllər

köpürdər bir teşt suyu

oynaşarlar ana-bala

çoxlu ağ kəpənəklər

qopar sulardan

qonar burunlarına

ağzı köpüklənən

bir kişi qışqırar

bağırar ona hər axşam

kişinin ağzından div boyda köpüklər düşər

alar içinə o qadını köpüklərdən biri

uçub gedər uzaqlara o qadın

bir nəhəng köpüyün içində

çocuqluğunda baxdığı

cizgi filmlərində olduğu kimi…

Ən çətin müsahibədə

gecələr oyaq qalıb

ata-anasının yuxuya getməsini gözləyərək

sevgilisiylə görüşmək üçün

bağa enən yeniyetmə qız kimi

evdə hamını yuxuya verəndən sonra

bir kənara çəkilib

şeirlər yazan qadın mən idim

deyə boynuma alacam

o ən çətin müsahibədə…

Tək adamın gecəsi

ötüb keçər maşınlar

yolun ortasındakı gölməçələrdən

su çiləyərlər üstünə

səkininin lap kənarıyla getsən belə

sənə elə gələr qəsdən edirlər

sevgilinlə ayrılmısansa…

axşam saatlarında

yorğun-yorğun market səkilərinə sərilən itlər

heç kimin yox

qalxıb sənin dalınca gedər

hədər, hədər, hər şey hədər…

bəla hər yerdə səni tapar

bir küçə davasının arasında

görərsən özünü qəfil

sənə elə gələr ay da

qoca, təsbeh çevirən nənən kimi acıqla baxır

özünü yığışdır, adam kimi apar deyir

qaşıyla, gözüylə…

o uzaqlıqdakı aydan qorxarsan

nənənin zəhmli səsi gələr qulağına

“aya az bax, çəkib aparar səni”…

Ücretsiz ön izlemeyi tamamladınız.

₺77,41

Türler ve etiketler

Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
15 aralık 2022
Hacim:
100 s. 1 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 4, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre