Kitabı oku: «İşığın oyunu. Tanrını axtaran detektiv», sayfa 2
– Mən də eyni sualı soruşdum. Bilirsən, nə cavab verdi?
– Nə?
– Heç neçəyə.
– Heç neçə? Bir qəpiksiz?
– Dedi ki, yalnız yemək və yol xərcini ödəyib və bütün xərc yüz dolları keçməyib.
– Sən zarafat edirsən. – bir anlıq Valeridən günə iki yüz dollar qonorar tələb etdiyimə utandım, amma qiyməti endirəcək dərəcədə yox.
– Əsla.
– Özü də bu, əsl "səyahət" olub? Bir coğrafi məntəqədən, digərinə?
– Sənin sualın yenə mənimki ilə üst-üstə düşdü. Mən düşündüm ki, söhbət köhnə mövzudan gedir: “səyahət səni Tanrıdan ayıran məsafəni aradan qaldırmaq deməkdir”. Bu mənim tam ürəyimcədir, xüsusən də ona görə ki, mənim təyyarədə uçmaqdan zəhləm gedir. Amma, rəfiqəmin sözlərinə görə, bu Maks onu əsl səyahətə aparıb.
– Amma təsadüfən ünvan onda qalmayıb, eləmi?
Syuzi gülümsədi.
– Yox. Dedi ki, onun kimi etmək istəyirəmsə, Maksın yanına getməliyəm. Maksın yeganə tələb etdiyi şey, onların getdiyi yeri heç kəsə deməməkdir.
– Amma, Maks bundan nə qazanır? Əgər o pul almırsa… Başa düşmək olmur.
– Hə, razıyam, bir məna tapmaq olmur. Amma, deyə bilərəm ki, onun mənim rəfiqəmin həyatını xilas etdiyinə həqiqətən inanıram. Sözün düzü, qalan şeylər heç vacib də deyil. O, kömək almışdı. – Syuzi yenə susub, bir qurtum aldı. – Həqiqətən qəribədir: rəfiqəmlə görüşdüyüm günün sabahı "Tanrını tapmağa kömək edə biləcək birini tanıyırsanmı?" – sualı ilə yanıma gəlirsən.
– Elədir. Bəs, bu Maks harada yaşayır?
– Görünür, artıq qarmağa ilişmisən, – deyərək, Syuzi gülümsündü.
– Əmin olma.
– O, Myuir meşəsində yaşayır.
– Orada heç kəs yaşamır. Bu meşə ştat hökumətinə məxsusdur.
– Maks orada yaşayır.
– Zarafatı burax.
– Mən, rəfiqəmin dediklərini təkrar edirəm.
– Daha dəqiq ünvan demədi? Myuir meşəsi ağaclarla doludur.
– Tamalpays dağına gedən yolun üstündə, meşəylə bir və ya iki mil getdikdən sonra, sol tərəfdə, piramida kimi toplanmış on qaya parçası ilə qarşılaşacaqsan: dördü aşağıda, onların üstündə üçü, daha sonra ikisi və ən üstdə biri. Orada dönüb, maşını yolun kənarında saxlamaq üçün yetərincə yer var. Qayaların arxasından meşəyə aparan cığır var. Böyük olmayan bir çaya çatacaqsan. Orada, deyəsən, mağara var. Sən onu görməyəcəksən, amma, Maks səni görəcək. Əgər, o, səninlə görüşmək istəsə, işarə verəcək.
– Sən bütün göstərişləri, sanki, əzbər öyrənmisən. Özün ora getməyə hazırlaşırsan?
– Mən bu haqda düşünmüşəm. Ancaq, qərar verdim ki – yox, indi yox.
– Niyə?
– Mən hələ hazır deyiləm.
– Tanrıyla görüşməyə?
– Yəgin ki. Baş verənlər rəfiqəmin həyatını dəyişib. Mənə də maraqlıdır, amma, mən hələ bu dəyişikliyə hazır deyiləm. – Syuzi yavaşıdı. – Hazır olmaq lazımdır.
– Mənim müştərim, şübhəsiz ki, hazırdır.
– Hə, əlbəttə. Yeri gəlmişkən, bir şərt də var. Maksla yalnız gecə görüşmək olur.
– Ümid edirəm ki, söhbət mütləq gecə yarısından, və ya buna oxşar bir şeydən getmir?
– Yox, sadəcə havanın qaralması lazımdır. Görünür, o, gündüzlər meditasiya edir və ona mane olmalarını xoşlamır.
– Sənə elə gəlmir ki, bütün bu əhvalat son dərəcə qəribədir? Mağara, gecə vaxtı ?
– Məni, hansısa bir tipin adamları bir turist grupu halında Tanrıyla görüşə aparması, həqiqət axtaranlar üçün, "Club Med" fikrinin özü təəccübləndirir. Amma buna başqa necə münasibət bəsləyəsən?. Düşünürəm ki, Maksın göstərdiyi xidmət, müəyyən mənada yeganədir.
3
Həqiqəti axtarmaq uşaq oyunu deyil
Hər hikmət sahibi bunu deyə bilər
Öyrəndiyin hər şeyi yadından çıxart
Bəxtə-bəxt üzmək istəyirsənsə əgər
Valeriyə zəng edib öyrəndim ki, iki saatdan sonra mənimlə ofisimdə görüşmək istəyir. Hələ bir qədər vaxtım var idi və mən "Ramada"– otelinə baş çəkərək, oradakı yoldaşım, barmen Con ilə söhbət etmək qərarına gəldim. O, mənə məlum olan bir-neçə digər həmkarları kimi "Anonim alkoqoliklər" – cəmiyyətinin üzvü idi.
O, mənə bir fincan köpüklü, alkoqolsuz "Myussi" süzdü və biz "Oakland Athletics"in işlərini, xüsusilə də, oyunçularına onların 70-ci illərin başlanğıcındakı nəsildən heç nə ilə fərqlənmədiklərini təlqin etmək üçün, komandaya hər il yeni başlayanları cəlb etmək ideyasını müzakirə etdik. Əslində bunu daha çox özümüzə təlqin etməyə çalışırdıq. Çünki komanda uzun zaman idi ki, qələbə qazanmırdı.
Barın körfəzə baxan küncündə bir oğlan "Yenə həmən keşikçi qülləsi"ni oxumağa başladı. Basanova ritmindəki nəğmə, sonu olmayan elektrik çırtıltısını xatırladırdı.
60-cı illərdə, biz dostlarımızla Bob Dilanın bu klassik “musiqisinə” Cimmi Hendriksin ifasında tez-tez qulaq asıb, şeirin gizli mənasına nüfuz etməyə çalışardıq. Lirikanın arxasından açıq-aşkar nə isə apokaliptik bir şey görünürdü və bəzən bizə elə gəlirdi ki, bu saat ondakı mistik müraciətin mənasını tutacağıq. Bədbəxtlikdən, belə hallar, daha çox, həqiqəti, budaqları parıldayan oyuncaqlarla dolu milad küknarına bənzəyən aydınlanmalarla bəzəyən psixodeliklərin (psixoaktiv maddələrin) təsiri altında baş verirdi. Cisim və hadisələrdən, bir çox hallarda onlara ümumiyyətlə verilməmiş mənanı çıxarmaq cəhdlərinə çox, həddən çox gecələr sərf etmiş, həyatın var qüvvəsi ilə gözümüzə soxduğu ən vacib cəhətlərinə isə diqqət yetirməmişdik. Qarşısıalınmaz idealizm ilə psixodəliklərin təlqin etdiyi məntiqin arasındakı qüsurlu əlaqənin məhsulu belə olmuşdu.
Amma, bütün bunlar iyirmi il bundan əvvəl baş verib və o vaxtdan bəri çoxlu bulanıq sular axıb.
Müqəddəs Qraal haqda arzular unudulub, bütün düşüncələri avtomobilə görə kredit ödənişi, stomatoloqdan gələn hesablar, habelə, arasında sakit liman tapa biləcəyin bir cüt qılçanın daimi, səmərəsiz axtarışları zəbt edib.
Jurnalistlər mənim aid olduğum nəsilə ləqəb qoymağı sevirlər. İnkar etmək çətindir: biz parlaq şəxsiyyətlərik və hər cür damğa bizə çox asan yapışır. 60-cı illərdə, yaşlı nəsil bizlərə cır-cındır içində olan radikallar, əqli cəhətdən zəif narkomanlar kimi baxırdı. Bununla belə bizi bir kübar rəngarəngliyi fərqləndirirdi – "Life" jurnalı rəngbərəng, təsirli fotoşəkillərə görə onlara bocludur.
Ümumiyyətlə jurnal bizə mehriban münasibət bəsləyir, lakin bir qədər qeyri-dəqiqliyə yol verirdi – görünür məhz o vaxtdan jurnalistikanı öyrənən tələbələr üçün “qeyri-dəqiqlik” kursu icbari olub. Xoşbəxtlikdən və ya bədbəxtlikdən, maraqkeş dünya bizim tüklü ekssentrik nəslə “hippi” yarlığı yapışdırmışdı. Səksəninci illərdə Medison avenyu yavaş-yavaş mənim yaşıdlarıma istehlakçı kimi baxmağa başladı və bizi qızıl suyuna çəkilmiş şirəçəkəndən keçirib, dizayner cinslərimizin ciblərini boşaltdı. Bizim isə bu müddətdə başımız haradasa rəsmi bir yerdə bizi “ayppi” yarlığının bəzəməsi üçün ümidsiz bir şücaətlə, mübarizə etməyə qarışmışdı.1 Həmin cəhdlər, mənim “Hash pappis” ayaqqabılarının pərəstişkarı olan dostumun qatqısız “Dyuars” viskisi haqqında deyə biləcəyi kimi, bu qədər əziyyətli və qəmli olmasaydı, gülməli olardı. Çünki cəmi iyirmi il ərzində mənim yaşıdlarım, cəmiyyəti xəbərdar etmək istədiyimiz mənfi keyfiyyətlərin qulu oldular.
Gitaraçı, Bitlzə məxsus "Ey Cud" mahnısını polka ritmində bitirərək, bara yaxınlaşdı və mənimlə qonşu olan stulda əyləşdi: daimi müştərilərdən, burada yalnız mən var idim.
– İfam xoşuna gəldi? – deyə, gitaraçı maraqlandı. Mən ona cəmi iyirmi yaş verərdim.
– Musiqi xoşuma gəldi, – mən yalan demək istəməyərək, cavab verdim.
– Sən bununla nə demək istəyirsən? – deyə, gitaraçı stəkanından elə bi qurtum aldı ki, sanki içindəki "Harvey Wallbanger" içkisidir. Basanova ritmində olan "Yenə həmən keşikçi qülləsi" repertuarıma daxil olmasa da, mən də on səkkiz il bundan əvvəl barlarda demək olar ki, eyni mahnıları ifa edərkən eyni içkini içirdim.
– Bu musiqinin xoşuma gəldiyini.
– Mənim ifam isə vecinə də deyil. – Eşitmə və görməm məni aldatmışdı: cavan oğlan axmaq deyildi.
– Sadəcə, yəqin, mən bir qədər fərqli səslənmələri unutmamışam. – Mən əsəbiləşmək istəmirdim.
– Yaddaşını yaxşı qurdala, dostum.
Gözlənilənin əksinə, gitaraçı hələ tənqidlərə vərdiş etməmişdi. Biz eyni əhval-ruhiyyədə davam etdik. Mən ədəb-ərkan çərçivəsində davranmağa çalışırdım, o isə məni artıq bir ayağın qəbirdədir, çünki peşəkar beysbolçular bu yaşda təqaüdə çıxırlar kimi sözlərlə sancırdı. Bax, ha, bir azdan yaşım dördün yanında sıfırla ifadə olunacaq fikrinə artıq alışmışam. Qamətini düzəlt…
Sonda dedi ki, azad gitaraçı həyatı sürdüyü üçün ona paxıllıq etdiyimdən belə acıqlıyam. Mən artıq, öz surroqat pivəmi onun futbolkasına əndərməyə çox yaxın idim ki, xoşbəxtlikdən Con barın bizə yaxın olan sonuna yaxınlaşaraq, ona yenidən gitarada ifa etməyin vaxtı çatdığını bildirdi.
Mən stəkanımı qaldırdım və biz barmenlə öz “dərəcəsiz” içkimizi əsil "kişi" sağlığı – Katfiş Hanterin sağlığına və Çarli Finlinin xatirəsinə – deyərək içdik. Beşdollarlıq pulu sürtülmüş, amma parıldayan palıddan hazırlanmış stolun üzərinə qoyaraq qalxdım və Conun təbəssümü və başını razılıqla tərpətməsinin müşayiəti ilə öz şahzadəmlə görüşə getdim.
***
– Siz öz rəfiqənizə inanırsınız? – Valeri Tirel soruşdu.
– İnanıram: o, hesab edir ki, rəfiqəsinin Maks ilə macərası həqiqətən onun xeyrinə olub. Amma, mənim və ya sizin də ona eyni cür münasibət bəsləməyimizə dəyərmi – bax bunu bilmirəm. Düzdür, Syuzinin məni tanış etdiklərinin demək olar ki, hamısı yaxşı insanlar olub.
Valeri siqareti stolun kənarındakı külqabıda söndürdü və yorğun şəkildə stulun arxasına söykəndi.
– Seçim imkanım o qədər də çox deyil, eləmi?
– Bu sizdən asılıdır, Valeri.
– Bu əhvalat doğru da ola bilər, yalan da. Elə ya belə, mən qərar vermişəm. Mən Tanrını tapmalıyam və tək lazım olan şey budur. Amma, bütün çabalarıma rəğmən, Tanrı yoxdursa, onda böyük partlayışda yansam belə fərqi yoxdur…
– Bilirsiniz, sizə məsləhət verməyə çalışmıram, baxmayaraq ki, həmişə elə bunu etmək fikrində olmuşam, – amma, mənə elə gəlir ki, siz özünüzü çıxılmaz vəziyyətə salırsınız. Bunun nə mənası var? Siz çox gözəl, gənc qadınsınız, bütöv bir ömür qarşınızdadır…
– Çox sağolun, Nik, amma, mən öz içimdə gözəllik hiss etmirəm. Əgər, mənə qalan bütün iş mənasız şəkildə dayanıb, ətrafdakı yaxşı və ən yaxşı insanların dəlilik içində necə batdığını izləməkdirsə, öz yerimi başqa birisinə vermək daha yaxşıdır. Qordonu tanımayana qədər, mən məhz bu cür yaşayırdım, və yenidən o şəkildə mövcud olmağa qayıtmaq istəmirəm.
Etiraf edim ki, Tanrını tapmasaq belə (ən ehtimallısı elə bu idi çünki, hər an milyonlarla insan Onunla əlaqə yaratmağa çalışır, amma, heç bir nəticə əldə etmirdi), Valerini həyatın qiymətli olduğuna inandıra biləcəyimə ümid edirdim.
– Beləliklə, biz həmin bu Maksla nə vaxt görüşəcəyik? – Valeri soruşdu.
– İstəyirsinizsə, elə bu gün. İlk öncə orada hər şeyin doğru olduğunu yoxlamağımı istəyirsiniz?
– Yox. Mən sizinlə gedəcəm. Onsuz da bir işim yoxdur. Nə zaman və harada görüşürük?
– Məni götürmək üçün bizə gələ bilərsiniz. Bu yolüstüdür, birlikdə gedərik. Nahara gəlin; Mən vegetarian spaqettisi hazırlayacam. Sousdan sonra barmaqlarınızı yalayacaqsınız. Yağsız, şəkərsiz, duzsuz və piysiz. – Əmin idim ki, o, imtina edəcək.
– Yaxşı. Saat neçədə?
– Təxminən yeddidə.
– Əla. Nə isə gətirim? Şərab, şirniyyat?
– Bir halda ki, dərhal sonra Maksla görüşə getməyi planlaşdırırıq, yaxşısı şərab içməməkdir. Kim bilir, bizi nə gözləyir. Özünüz gəlin – kifayətdir. Və bir də unutmayın: elə geyinin ki, paltarınız çirklənəndə heyfsilənməyəsiniz.
– Yaxşı.
Mən öz ünvanımı və maşını harada saxlamaq barədə bir neçə dolaşıq təlimat verdim və onu qapılarına qədər ötürdüm. Zalı necə keçib, liftə mindiyini seyr edəndə, onu səyahət paltarında təsəvvür etdim. Sanki, Ölü dəniz perqamentlərini götürüb, "Mad" jurnalına bükürsən.
***
Öz bişirdiyini tərifləmək düzgündürsə, deyərdim ki, spaqetti mükəmməl idi. Valeri vaxtından bir az əvvəl gəldi və mənə salatı hazırlamaqda kömək etdi. Ümumiyyətlə, nahar əla keçdi.
Yeməkdən sonra, döşəməsinə koppuş balışlar atılmış qonaq otağında, pəncərənin önündə dincəldik. Pəncərədən görüntü adətən mənə televizoru əvəz edirdi və duman olmayanda qonaqlarım da sanki tilsimlənmiş kimi sayrışan işıqları seyr edirdilər. Bəziləri hərəkətsiz dayanır, digərləri soldan sağa, üçüncüləri sağdan sola yerini dəyişir, başqaları isə təxəyyülün hər cür rəsm çəkə biləcəyi fonda sürətlə yuxarı uçur və gecənin dalğalarına dalaraq üzürdülər. Bəzi anlarda isə arzular, gerçəkliyin özü qədər gerçək görünürdü… Bu çox qəribə olurdu.
Valeri mənə yox, "Golden Gate" körpüsünün altından keçib, dənizə doğru üzən gəmiyə baxaraq dedi:
– Qəşəng görüntüdür.
– Hə. Və heç vaxt insanı usandırmır. – Mən pəncərədən görünən mənzərə haqda dedim. – Buraya köçdüyüm ilk gecə olduğu qədər maraqlidir.
Təxminən on beş dəqiqə danışmadıq, sadəcə balışların üstündə uzanıb işıqlardan keçmişin və gələcəyin şəkillərini düzəldərək, qurtum-qurtum qovurulmuş arpa, çovdar və palıd qozasından hazırlanmış "qəhvə" içdik. Bu, əla idi.
"Əla" barəsində: əgər "Field & Stream" jurnalının naşirləri ortasında iki vərəqli içlik olan nömrə buraxmaq istəsəydilər, Valeri Tirel Miss Dekabr və ya “Miss Hər hansı ay” roluna tam uyğun gələrdi.
– Belə, deməli, siz boksla məşğul olursunuz? – nəhayət, məni yadına salıb, çəpəki nəzərlərlə mənzilin iş sahəsinə baxaraq, dedi.
– Hə.
– Uğurlarınız var?
– Ehtimal ki, mən Mayk Taysona qarşı döyüşdə bir raund tab gətirər və canımı tapşırmazdım…ən azı həmin gün.
– Qəribə birləşmədir. Mən bütün bunlar haqda danışıram… – Valeri baxışları ilə hər əşyasının vaxtı ilə "rahatlanmış" adlandırılan xüsusi həyat tərzindən xəbər verdiyi mənzili nəzərdən keçirdi. – Sizin kitab rəflərinizdə meditasiya və yoqanın müxtəlif istiqamətlərinə aid ondan artıq kitab gördüm. Siz bu cür sülhpərvər məşğuliyyətləri boksla necə uzlaşdırırsınız?
Mən eşidilir şəkildə fınxırdım. Bu sualı mənə birinci dəfə eşitmirdim.
– Stresin öhdəsindən gəlmək üçün mənim iki üsulum var. Birincisi – meditasiya, ikincisi – boks. Səhər və axşam meditasiyalarının arasındakı vaxtda nə isə bir şeyi yumruqlamaq istəyirsən. Var gücün ilə. Bundan əlavə, mənim işimdə özünü qorumağı bacarmağın lazımdır.
– Siz tez-tez döyüşməli olursunuz?
– Xeyr. Mən artıq, iki ildir ki, döyüşmürəm. Amma, mən qorxduğumu göstərməmişəm, – bu da mənə kömək olub. Səni qorxutmaq istəyən birini vahiməyə salmağın ən yaxşı üsulu düz onun gözlərinə baxmaqdır. Yerindəcə fikrini dəyişəcək.
– Siz haqlısınız, – gözlərimə baxaraq, başı ilə razılaşdığını bildirdi.
Mən müəyyən etmişəm ki, iki növ insan birbaşa gözün içinə baxır: ya özünü inanılmaz dərəcədə dərk etmiş və sülhsevər, ya da ağlını itirmiş. Hər ikisi qorxu hissinin nə olduğunu bilmir. Sülhsevər insan qorxmur, sanki, bir şeylər bilir. İnsanların əksəriyyətinə məlum olmayan bir şeyi aşkar edib. Başı xarabların isə itirəsi bir şeyi yoxdur. Bilmirəm, bəlkə bu, özünü dərk etmiş insanlara da məlumdur.
– Söhbət vacib fəlsəfi suallardan getdikdə, mən özümü mütəfəkkir hiss edə bilmirəm.
Mən onun bayaqkı, boksun mənim sakit həyat tərzimə uyğun gəlməməyi haqqında qeydinə cavab verməyə çalışırdım.
– Mənə müəyyən dərəcədə məlumdur ki, qorxmaq lazım deyil və mən nədənsə qorxsam, ondan gələcəkdə də qorxacam. Mənə həmçinin məlumdur ki, meditasiyanın köməyi ilə zehnimi rahatladaraq, qorxularıma rəf edə bilərəm. Buna görə də mən meditasiya ilə məşğulam. – Bir qədər susaraq, surroqat kofedən bir qurtum aldım. – Amma, hər ehtimala qarşı, boksla da məşğul oluram.
– Özünü qorumaq üçün.
– Elədir. Amma, bəlkə, bu sistemin bir hissəsidir. Bəlkə, hamısı bir-biriylə bağlıdır. Yəni, mən ona görə özüm üçün narahat deyiləm ki, müdafiə olunmağı bacarıram. Mən həqiqətən, heç nədən qorxmuram. Fiziki məşqlərin köməkliyi ilə özümü inandırmışam ki, fiziki zorakılıqdan qorxmuram. Bütün məsələ ondadır ki, mən qorxmuram. Qorxunun əsiri olmamaq, döyüşdə özünü qorumağı bacarmaqdan daha vacibdir. Bəlkə də, oturub meditasiya ilə məşğul olmaq daha asan olardı, amma, mənalı gördüyün şeyi etmək lazımdır. Belə görürəm ki, həyatımın xeyli hissəsi, özümü haqlı olduğuma inandırmağa gedir.
– Siz heç kəsə bənzəməyən bir insansınız, Nik.
– Yəqin qar dənəcikləri haqqında deyilənlər sizə məlumdur, – deyə, təvazökarlıqla qeyd etdim. – Bizim də aramızda iki eyni adam tapa bilməzsən.
– Ola bilər, amma, çoxları hamı kimi olmaq üçün dəridən qabıqdan çıxır. – O, susaraq gözləri ilə məni süzdü və soruşdu:
– Sizin qız dostunuz var?
Mən bu suala hazır deyildim, amma, kökdən düşmədim.
– Əgər "yox" desəm, siz gecəni qalacaqsınız? – Sualım yarızarafat kimi səsləndi.
– Xeyr.
Elə həmin anda dilimi dartıb qoparmaq istədim. İşdə qadın müştərilərlə dilxoşluq etmək, mənlik deyil.
Valeri sanki, mənim fikirlərimi oxudu.
– Özünüzü danlamayın. Siz mənim xoşuma gəlirsiniz, mən də əksər kişilərin xoşuna gəlirəm. Burada utanmalı bir şey yoxdur. Sadəcə indi bütün bunlar mənlik deyil. Mən, sadəcə maraqlandım. Düşünürəm ki, siz çox maraqlı insansınız.
– Çox sağ olun, – özümü həmin an maraqlıdan daha artıq küt kimi hiss edərək, cavab verdim.
– Beləliklə, sizin qız dostunuz var?
– Xeyr. Bir qızla görüşürəm, amma, aramızda hələ ki, heç bir xüsusi hisslər yoxdur.
– Məzəlidir, – deyərək, o, balışı taxta sütuna söykəyib yenidən pəncərəyə tərəf çevrildi. – Mənim də ağlıma belə gəlməzdi ki, kimisə sevə bilərəm. Xüsusilə də, Qordon kimisini. Mənim Qordonumu. – Zərif təbəssüm Valerinin üzünü işıqlandırdı. – Adın özü isə darıxdırıcı səslənirdi.
– Parıltı, parlaq işıqlar, sürətli avtomobillər, sürət… bir neçə il əvvəl mən tamamilə bunun içində idim. Qordon çox sevimli idi, amma, ilk görüşdə məndə heç fikir belə yaranmamışdı ki, mən belə bir insana aşiq olaram. Mən onunla vaxt keçirə, ondan hədiyyələr qəbul edə, hətta bəzən, onunla görüşümüzdən zövq də ala bilirdim. Amma, ona bağlanmaq? Yuxuma da girməzdi. – O, əvvəlcə istehza ilə, sonra qəmli gülümsündü, – Yuxuma da girməzdi.
– Bəs nə baş verdi?
– Dəqiq bilmirəm. Zaman keçdi və mən onda yaxın bir insanı hiss etdim. O, məni tanıyırdı. Anlayırsınız mən nəyi nəzərdə tuturam? Əgər məni ən mənasız bir şey belə narahat edirdisə, bu ona gizli qalmırdı. Bəzən, nəyinsə qaydasında olmadığını özüm hiss etmirdim. O, tez-tez mənə, qəlbimdə nələr baş verdiyini deyirdi. Bilirsiz, mən ona deyəndə ki, tədricən ona aşiq oluram, o, dedi ki, mən sadəcə, özümü sevməyi öyrənirəm. Düşünürəm ki, o, müəyyən qədər haqlıdır. Qordon məni özüm ilə də tanış edirdi.
– Niyə siz bütün bu hissləri, onlardan faciə yaratmayaraq sınamayasınız?
– Bilmirəm. – Valeri mənə doğru çevrildi. – Doğrudan da, bilmirəm. Bir şeydən əminəm ki, Qordonla başlayan proses, tamamlanmamış qalıb. Bundan savayı, yəqin, mən tənbələm.
– Tənbəl?
– O anlamda ki, Qordona məni idarə etməsinə, suallar verməsinə imkan verirdim. Bəli, öyrənmək mənim xoşuma gəlirdi və mən çox şey öyrəndim də. Amma, bu məktəbi bitirməyə müvəffəq olmadım: kimsə onu yandırdı.
Mən Valerinin sözlərini yaxşı-yaxşı fikirləşdim. Və tez-tez insanlara və hadisələrə öz-özlüyündə olmalı kimi yanaşdığımı düşündüm. Kaş Kainat əlini çiynimə toxundurub: "Qulaq as, Nik, sənə verilənlərə görə sevin, yoxsa itirəndə hönkür-hönkür ağlayacaqsan" pıçıldayaydı. Artıq bir və ya iki dəfə belə də olmuşdu. Amma, bu çiynimə toxunmaqdan daha çox, ruhi sarsıntıya oxşayırdı və bu sarsıntıdan sonra özümü yenidən yatağımda tək yatmalı olacağım fikrinə alışdırmalı olmuşdum. Özü də o məqamlarda ki, belə vəziyyətlərdə çarpayının nə qədər böyük və tənha olduğunu artıq unutmuşdum.