Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «İşığın oyunu. Tanrını axtaran detektiv», sayfa 3

Yazı tipi:

4

Dünyanı dəyişmək üçün

Heç bir üsul mövcud deyil

Dünyanı dəyişmək istəyirsən

Ona başqa gözlə bax


– Siz doğrudan da maşında qalmaq istəmirsiniz? – mən daş piramidaların yanındakı yol kənarına dönərək, soruşdum. Səssizliyi yalnız, mənim tünd-boz "prelud"umun təkərləri altındakı çınqıl xışıltısı pozurdu.

– İstəmirəm. Mən qorxmuram. Həqiqətən, – deyə Valeri hay verdi.

Bizim qarşımızda birlikdə hərəkət etmək dururdu.

Mən maşını bağladım və özümlə götürdüyüm elektrik fənəri ilə ətrafı işıqlandırdım. "Aha",– işıq tapdanmış cığırın üstünə düşəndə sevindim.

Biz Valeri ilə cığır boyu Myuir meşəsinə hərəkət etdik. Gecə sakit və aydın idi, hava sərin idi. Yüz yard getdikdən sonra dayandım və yuxarı baxdım qaldırdım. Hündür ağaclar, göy qübbəsinə qədər uzanır kimi görünür, qoxusu, xışıltısı və bütün hissləri də insan əməyinin məhsulu olan şeylərin arasındakından tamamilə fərqli olan nəhəng otaqlar əmələ gətirirdi.

Mən tədricən cürətləndim və sevimlilərim Toro və Emersondan parçalar xatırlamağa başladım.

Özümdən görəsən meşədə yaşamaq necə olar – sadəcə çadır, iki yeşik pivə və daşına bilən televizor götürərək təbiətin qoynuna çıxmaq yox, daim meşədə yaşamaq – soruşurdum ki, Syuzinin dediyi kiçik çaya çatdıq.

– Görünür həmin çaydır, – dedim.

Bizim, maşından kiçik çaya qədər gəldiyimiz on beş dəqiqə ərzində susan Valeri, mənim yanımda dayandı. Mən qayada oturaraq, fənəri daşların arasına elə bərkitdim ki, işığı hündür ağaclara düşsün. Valeri də mənə qoşuldu.

– İşləməlidir. – Başım ilə fənərə işarə etdim. – Hər halda, o, biləcək ki, biz gəlmişik.

– Sizcə, o kiminlə görüşəcəyinə necə qərar verir? – Valeri donmuş əllərini ovuşduraraq soruşdu.

– Bilmirəm. Bircə şeyi deyə bilərəm: əgər o bura baxıb, sizi görsə və bununla belə, axşama olan planlarını dəyişməsə, deməli, onu doğurdan da möhtəşəm bir şey gözləyir.

– Çox sağ olun, Nik, amma, mən düşünmürəm ki, onun seçimi görüşə gələn adamın xarici görünüşündən asılı olsun. – O, əllərini daha möhkəm ovuşdurmağa başladı. – Onun görünüşü necədir, təxmin edirsiniz?

– Demək, çətindir. Ancaq, mənə elə gəlir ki, o, əsl mömindir. Bütün günü meditasiya ilə məşğul olur və buna görə də yanına gecə gəlmək lazımdır. Narahat edilməyi sevmir. Əgər o, cır-cındır geyimli və ya qəribə adam olsa, qorxmayın. Unutmayın ki, mən sizinləyəm və qorumalı heç bir şey yoxdur.

– Salam, – kiminsə səsi eşidildi və mən özümü çaya yıxılmaqdan güclə saxladım. Daha doğrusu, yıxılacaqdım, Valeri jaketimdən tutub, məni saxlamasaydı.

Önümüzdə qısa və səliqəli kəsilmiş saçları olan bir kişi durmuşdu. Mən ona qırx yaş verərdim, amma, dəqiq demək çətin idi, çünki, mükəmməl formada idi. O, qamətli və əzələli idi, hərçənd əzələləri çox qabarıq deyildi. Ağırlıq qaldırandan daha çox boksçuya oxşayırdı. Cins şalvar ilə ağ pambıq parçadan sviter və aerobika üçün olan hündür "Reebok" idman ayaqqabıları geyinmişdi.

– Bağışlayın ki, qorxutdum, – deyə, o üzr istədi. – Mən Maksam. Yəqin ki, siz mənimlə danışmaq istəyirsiniz.

Mən qamətimi dikəldərək, özümə olan inamımı qaytarmağa cəhd etdim.

– Bəli-bəli…Mənim qız dostum deyib ki, siz onun rəfiqəsinə kömək etmisiniz… Tanrını tapmağa.

– Aydındır. – Maks gülümsədi.

Mən bilmədim o, bizə gülürdü yoxsa yox.

– Siz də Tanrını tapmaq istəyirsiniz, – deyə, o, Valeridən soruşdu.

– Bəli. Dünyada hər şeydən çox.

– Bu ilk addımdır. – O, nəzərləri ilə bizi bir az öyrəndi. – Hə, yaxşı, arxamca gəlin.

Digər, o qədər də yaxşı seçilməyən cığır ilə, sonra isə pilləkən kimi düzülmüş daşların üstü ilə onun arxasınca gedərək, mağaraya çatdıq. Maks, mağaradakı işığın təsadüfi yolçulara görünməsinin qarşısını alan pərdəni kənara çəkdi və biz üçümüz də içəri daxil olduq.

Asketizm barəsində. Mağaranın bir divarına kompüter avadanlığı və böyük generator yerləşdirilmişdi. Mağara ölçülərinə görə mənim mənzilimdən böyük idi. Maksın çox gözəl stereosistemi var idi ki, maliyyə imkanlarım çərçivəsində beləsi haqqında ancaq xəyal etmək olardı. Mağaranın, uzunluğu təxminən yüz əlli fut olan bütün arxa divarını yeddi kitab rəfi tutmuşdu. Rəflərə kitablar, videoyazılar və kompüter disklərindən ibarət qutular qoyulmuşdu.

Maks, kompüter terminalının birinin yanında dəri oturacaqlı xromlanmış stula oturdu və üzünü bizə tərəf çevirərək, başı ilə qarşıdakı taxta işarə etdi. Mən və Valeri əyləşdik.

– Mənim adım…

– Sizin adınız Nik Sendzdir və siz detektivsiniz. Bu yaxınlarda Valeri Tirel pərişan halda sizin yanınıza gəlib ki, siz ona kömək edəsiniz… Tanrını tapmağa. – Maks yavaşıdı və açıq-aydın özündən razı şəkildə soruşdu: – Necədir?

– Əla, – cavab verdim. – Amma, yəgin ki, Syuzi…

– Mənə heç kim, heç nə deməyib, Nik. Sadəcə olaraq, mən bilirəm.

– Sadəcə olaraq, "bilirsiniz"?– mən kinayəli şəkildə təkrar etdim.

– Bu fokus və ya ona bənzər bir şey deyil. Kainat o qədər mükəmməl və öngörüləndir ki, onu bir dəfə deşifrə edə bilsən hər şeyi əvvəlcədən bilə biləcəksən, hətta, məsələn, tosterinizin xarab olmasını da.

– Siz ciddi deyirsiniz? – Mən özümü bir qədər axmaq kimi hiss etməyə başladım: bu masqaraçı sanki, bizim başımızı pinq-ponq oyunu üçün raketka kimi istifadə edərək, zəka oyunu ilə əylənirdi.

– Mən gözdən pərdə asmağa hazırlaşmırdım. Bəlkə bir qədər özüm barədə danışsam, faydalı olar. Beş il əvvəl mən kompüter biznesi ilə məşğul idim. Mənim adım, həqiqətən də məşhur idi. İstisna deyil ki, sizə də məlumdu. Mən maşını işə buraxan, mahir ustalardan biri idim.

– Qəflətən, Maksın kim olduğunu anladım. Mən onun şəklini "Newsweek" jurnalının üz qabığında görmüşdüm. O, həqiqətən də məşhur idi. Hər halda o vaxt elə idi.

– Maks… – Mən artıq ağzımı açmışdım ki, onun soyadını deyim.

– Amma, soyadsız, yaxşımı? Mən sizə Nik və Valeri deyəcəm, siz isə mənə Maks deyin.

– Bəs necə olur… yüksək texnologiyadan, bu cür həyata? – təəccübümü bildirdim.

– Mənə sirrləri çözmək, həmişə bizneslə məşğul olmaqdan daha maraqlı olub. Müəssisənin işgüzar hissəsini tərəfdaşım öz üzərinə götürdü. Mən isə adətən, dörd divar arasında oturub, beynimə güc verirdim. Bir neçə il əvvəl biz şirkəti satdıq və mənə o qədər pul çatdı ki, sözün əsl mənasında bilmirdim hara xərcləyim. Üstündən çox keçməmiş, mənim…mənim başıma “təcrübə” adlandırdığım bir şey gəldi.

Mən işlə əlaqədar Nyu-Yorka gəldim. Bir gün çox gec baş tutan (gecəyarısı yaxınlaşırdı) şam yeməyindən sonra, bizim dəstə otelə qayıdırdı. Əksər yoldaşlar donuz balası kimi zingildəyənədək içmişdilər, amma, mən içmirdim və indi də yatmaq istəyirdim. Nə isə, döngələrin birində, səkidə deyil, onun yaxınlığında, qoca dilənçi durmuşdu. Biz onun yanından keçəndə, o, sanki, sədəqə istəyir kimi əlini uzatdı. Mənim yoldaşlarım “get özünə iş tap” kimi iradlar etməyə başladılar. Nəhayət onlardan biri qocaya yaxınlaşıb, onu zibil qabının üstünə itələdi.

Məndən başqa, hamı əyləndi, sonra isə yırğalana-yırğalana yollarına davam etdilər. Mənimsə gülmək halım yox idi. Dostlarıma görə utandığımdan qulaqlarıma qədər qızarmışdım. Mən, boş dəmir qabların arasında uzanmış qocaya yaxınlaşıb, ayağa qalxmasına yardım etdim. Ona qəlbən canım acıdı və mən pulqabımdan yüz dollar çıxardım. Bu mənim üçün bir pul deyildi. Mənim kapitalım artıq, dörddə bir milyarda yaxınlaşır və hər yeni gün bir neçə min artırdı.

Mən kupyuranı qocaya verdim. Və birdən təsəvvürə gəlməz bir şey baş verdi. – Maks, bizim qulaq asdığımızdan əmin olmaq üçün fasilə etdi. – Birdən həmin beli bükük, taqətdən düşmüş qoca, qamətini düzəltməyə başladı. Mən gördüm ki, o əslində heç qoca deyilmiş. O, son dərəcə qədd-qamətli və möhkəm idi. Uzun saçları küləkdə dalğalanırdı, gözləri…belə gözlər sadəcə, olmur. Tünd-göy rəngli gözləri sanki daxildən işıqlanırdı. Parıldayırdı da demək olar. O…gözəl idi – ən uyğun söz budur. O mənə gülümsədi.

Və mən… ağladım. Üzüqoyulu şəkildə yerə yıxıldım və uşaq kimi hönkür-hönkür ağladım. Mən döngədə diz çöküb, bu insanın, bilmədiyim bir üsulla, mənə təlqin etdiyi hisslərin təsirindən, acı-acı ağlayıram, o isə ovucunu başıma qoyub, sanki, oğluymuşam kimi saçlarımı sığallayır.

Nəhayət ki, o mənə ayağa qalxmağa yardım etdi və dedi (onun sözlərini heç zaman unutmaram): "Sadəcə baxmağı yox, görməyi öyrən. Bütün şablonlar aldadıcıdır. Bu döngə səmaya aparır. Və sən – sadəcə, yeni bir yuxusan". Sonra o, sağ əlinin üç barmağı ilə mənim alnıma toxundu: şəhadət, orta və baş barmaq. Məni, təsvir edilməsi qeyri-mümkün olan bir hiss bürüdü və göz qapaqlarım örtüldü.

Mən gözlərimi açanda, o, artıq yox idi. Titrəyən ovucuma baxanda, yüz dollarlığı orada gördüm. Özüm də bilmirəm niyə, amma, bunu görüncə, məni qarşısıalınmaz bir gülmək tutdu.

İzah etmək çətindir, amma həmin döngədə həyat mənim üçün tamamilə dəyişdi. – Maks ara verdi. – Və artıq əvvəlki kimi olmadı.

– Bəs sonra nə baş verdi? – ovsunlanmış şəkildə qulaq asan Valeri soruşdu. Ona baxdım və ilk dəfə idi ki, gözlərində kədər görmədim.

– O vaxtdan bəri, məni tamamilə başqa mövzular maraqlandırır. Öz istedadımı da, kompüterləri də sonsuz riyazi hesablamalar üçün deyil, əvvəllər cavabı tapılmamış fəlsəfi sualların çözülməsi üçün istifadə edirəm.

– Məsələn, hansı? – mən biganə qalmamaq üçün soruşdum.

– "Biz haradan gəlmişik?", "Biz kimik?", "Niyə biz buradayıq?", "Biz hara gedirik?" Buna bənzər suallara.

– Və nəticə necədir?

– Bütün bunları mən artıq çoxdan hesablamışam. Amma, etiraf etməliyəm ki, bu iş ilin böyük yarısını apardı.

Burada istədim deyim ki, çoxları bu suallar üzərində həyatları boyu düşünsələr də dərk etməyə zərrə qədər də yaxınlaşmayıblar. Ancaq susdum. Mən artıq, özümü axmaqların axmağı kimi hiss etməyə başlamışdım.

– Bilirsiniz, Maks, yəqin ki, bu təcrübə sizə çox təsir edib və hətta, sizin həyatınızı dəyişib? Davam edin. Ola bilsin ki, həmin adam sadəcə olaraq, döngələrdə veyllənərək, xeyirxahlıqla təklif olunmuş pulu rədd etməyi xoşlayan və Pol Nyuman kimi iri gözləri olan varlı bir avara imiş.

– Bu fikir mənim ağlıma gəlirdi…ancaq, başqa şəkildə. Həm də məndə dəyişiklik birdən-birə deyil, tədricən baş verdi. Döngədə baş verən hadisə, sadəcə, başlanğıc, katalizator idi. Mən həyatımı təhlil etməyə başladım: mən haradayam, haraya getmək istəyirəm, nədən xoşbəxt oluram – və bu kimi digər suallar. "Cır-cındırda olan Məsih"lə görüş, sanki, saysız-hesabsız təsadüflər zəncirini işə saldı ki, onlara qarşı çıxmaq olmurdu. Mən özüm də hiss etmədən, metafizika ədəbiyyatının müxtəlif növlərinə girişdim. Küçədə müxtəlif insanlar mənə yaxınlaşaraq, müəyyən söz birləşmələri deyirdilər ki, o sözlərdə mənə əzab verən sualların cavabını tapırdım. İşgüzar görüşlərimdə, mənim kimi iki yol arasında qalıb nə edəcəyini bilməyən kolleqalarımla tanış olurdum və biz iş barəsində danışmaq əvəzinə, bütün gecəni fəlsəfi sualları müzakirə edirdik. Mən artıq, inana bilmirdim ki, bütün həyat hər gün, saat doqquzdan beşə qədər kağız və plastik dalınca qaçmaqdan ibarətdir.

Nə qədər çox oxuyub, düşünüb, insanlarla söhbət edirdimsə, o qədər çox inandım ki, nəhayət öz həyatıma bir əncam çəkmək lazımdır. Ondan başa düşülən bir şey düzəltmək lazımdır. Özüm üçün də, özgələri üçün də anlaşılan bir şey.

Maks, çiyinlərini ataraq, əlavə etdi:

– Bu mənim məqsədim oldu.

Mən başımı yüngülcə tərpətdim və güclə özümü:

– Hə…əlbəttə, – deməyə məcbur etdim.

– Bəs indi kompüterinizi nə məqsədlə istifadə edirsiniz? – deyə, Valeri soruşdu.

Maks, sevimli oyuncağını göstərməsi xahiş edilmiş uşaq kimi gülümsədi.

– Musiqi yazıram.

– Musiqi?

– İşi texniki təfsilatı ilə danışmaq istəmirəm, amma, mən kompüterə bir neçə sintezator qoşmuşam. Meşədə yaşadıqca təbiətin səsinə – gecə yeli zamanı ağac çətirlərinin xışıltısı, quşların civiltisi, kiçik çayların daşların arasından axarkən şırıltısını xüsusilə sevdim. Mən bu səsləri tutaraq, nümunələri saxladığım xüsusi cihaza yerləşdirdim. Sonra rəqəmsallaşdırdım və indi onları, demək olar ki, "ilahi" səsli orkestr alətlərinə çevirə bilirəm. – O, azacıq ara verdi. – Dinləmək istəyirsiniz?

Valeri başını tərpətdi, ona görə mən öz fikrimi bildirməmək qərarına gəldim.

Maks kompüterin klaviaturasına tərəf döndü və bir neçə əməliyyat icra edərək, sintezatorun klaviaturası önündə oturdu.

Birdən mağara indiyə qədər eşitmədiyim tərzdə, yumşaq və sakitləşdirici səslərlə doldu. Onları cismən hiss etmək olurdu. Mən, səslərin gərginlik və stresi götürərək, bədənimi necə masaj etdiyini hiss edirdim. Melodiyanın səmavi, xəyali xarakteri, "Moody Blues"un erkən, melotron musiqisini xatırlamağa vadar edir, amma ondan daha zəngin və təsirli idi.

Təbiətin yaratdığı, müxtəlif yerlərində səsucaldanlar qoyulmuş geniş zal musiqinin mehriban suları oynaşan gölə çevrildi. Onlar bizi titrəyişləri ilə tədricən bürüyərək, yuxarı qalxırdılar.

On dəqiqədən sonra, Maks dayandı və bizə tərəf çevrildi.

– Hə, necədir?

– Fantastikdir, – Valeri dərində nəfəs alaraq dedi.

Mən də mövzuya həddən artıq cəlb olunmağı istəməyərək:

– Yaxşı sakitləşdirir, – dedim.

Xoş, narahatlıqdan azad qısa sükutdan sonra, Valeri maraqlandı:

– Əgər siz bütün cavabları bilirsinizsə, bəs niyə digər insanlarla bölüşmürsünüz?

Sadəlövh adam.

– Onlar, yazıla və hamının eşidəcəyi bir şəkildə elan edilə biləcək şeylər deyil.

– Ancaq, siz onları kompüterin köməyi ilə əldə etmisiniz.

– Qismən. Kompüter mənə istiqaməti göstərdi, amma, təkcə məntiq bəs etmirdi. Elə oxumuşluq da. Erudisiya kimi. Əgər Həqiqəti kitabdan öyrənmək mümkün olsaydı, kimsə onu çoxdan yazmışdı.

– Mərdimazarlıq edirəmsə bağışlayın, – deyə müdaxilə etdim, – amma çoxları Həqiqəti bildiyini iddia edir və deyirlər ki, guya cavab onlara məlumdur, əslində isə heç bir şey bilmirlər. İnsanların başını o qədər tovlayıblar ki.

– Tamamilə, doğrudur. – Maks qətiyyən incimədi. – Amma, həmin insanlar adətən, adamların Həqiqəti bilmək üçün məhz onlara müraciət etmələrində maraqlı olurlar. Amma Həqiqət satılmır axı. Heç kəs onu sizə verə bilməz. Gizli işarə, vasitə, ideya verə bilər, ancaq, Həqiqəti verməyə heç kəs qadir deyil.

– Belə çıxır ki, siz də qadir deyilsiniz.

– Tamamilə doğrudur, Nik. Məndən Həqiqəti gözləməyin – nə siz, nə də Valeri.

Valeri yenidən qəmləndi.

– Deməli, siz məni Tanrının yanına apara bilməyəcəksiniz.

– Yox, amma, mən sizə…ipucu verə bilərəm.

– Nə üçün ipucu?

– "Cındır paltarlı Məsih"i tapmaq üçün.

– Bəs o haradadır?

– Bilmirəm. Mən daha onu görməmişəm. Ancaq, bu günlərdə onun oğlu ilə qarşılaşmışdım.

– Oğlu ilə?

– Mən bəzən, musiqi dinləmək üçün şəhərin mərkəzində yerləşən, "Morning Glory" qəhvəxanasına baş çəkirəm. İki ay əvvəl orada, Kris Castis adlı müğənni çıxış edirdi. Mən dərhal, onda tanış bir şeylər hiss etdim. Onun çıxışından sonra biz, küçələri veyillənə və arabir gecə kafelərinə dönərək, səhərə kimi söhbət etdik.

İki saatdan sonra, onun mənə kimi xatırlatdığını anladım. Onun gözləri eynilə, "Cındır paltarlı Məsih"in gözləri kimi idi. Mən ona suallar verdim və biz faktları tutuşduraraq belə nəticəyə gəldik ki, bir il bundan əvvəl döngədə gördüyüm adam Krisin atasıdır.

– Bəs indi onun atası haradadır? – mən soruşdum.

– O, bilmirdi. Dedi ki, bir neçə ildir onunla görüşmür və onun harada ola biləcəyi barədə təsəvvürü belə yoxdur.

– Niyə siz bizə bu haqda danışırsınız?

– Ona görə ki, mənim həyatım boyu qarşılaşdığım insanlardan, yalnız ikisi sizin suallararınıza cavab verə bilərdi: Kris və "Cındır paltarlı Məsih". Krisin atasının harada olması, nə mənə, nə də ona məlum deyil, amma, mən onu bilirəm ki, Kris özü Las-Veqasa getməyə hazırlaşırdı.

– Las-Veqasa? – mən inamsız şəkildə təkrarladım.

– "Silver Dreams motel&bar" adlı bir yerə. O, ölkəni dolaşaraq, gah orada, gah burada gitara çalır.

– Deməli bütün cavabları bilən həmin oğlan odur?

– Sizin fikrinizcə, "cavabları bilən oğlan" necə görünməlidir, Nik? O, kostyum geyinir? Sürücülü limuzində gəzib dolaşır? Televiziyada şou proqram aparır? Belədirsə, onda bu cür oğlanlar saysız-hesabsızdır.

– Bilmirəm; sadəcə, əhəmiyyətli bir şəxsin ölkəni sərsəri kimi gəzib dolaşmağa çıxmasını təsəvvür etmək mənim üçün çətindir. Xüsusilə də Las-Veqasda musiqi ilə pul qazanmağını.

– Nik, dünya belədir ki, onu anlamaq ümumiyyətlə, çox çətindir. – Maks geniş gülümsədi. – O tapmacalarla doludur və suallara ən gözəl və valehedici cavabları verir… Ona imkan versəniz.

– Amma, siz indiyə qədər də insanları mənəvi səyahətə götürmüsünüz: elə isə, niyə vaxtımıza qənaət edərək, dərhal söhbətin nədən getdiyini deməyəsiniz?

– İşin mahiyyəti səyahət etməkdədir, yəni prosesdədir, Nik. Əslində, Həqiqətə doğru getmək, Həqiqətin özündən vacibdir. Bilirəm, siz düşünürsünüz ki, mən cavabdan yayınıram.

Bəli, bunu anlamaq o qədər də çətin deyildi.

– Amma, məsələ burasındadır ki, mən yalnız bu gün ilə yaşayaraq, bəzən digər insanların həyatı necə dərk etdiyini unuduram.

– Sizi düzgün başa düşdüyümdən əmin deyiləm.

Valerinin bu iradıyla mən də razı idim.

– Yadımdadır, Qordon bəzən burada və indi haqqında mülahizələr söyləyirdi, amma bunlar mənim üçün boş söz yığını kimi səslənirdi. Mən anlayıram ki, keçmiş və ya gələcəklə yaşamaqdansa, fikrini bugünkü hadisələrdə cəmləşdirmək daha yaxşıdır, amma, mənə elə gəlir ki, bu fikir praktikadan çox, nəzəriyyəyə aiddir.

– Sizə deyə bilərəm ki, Valeri, sizinlə baş verən və ya gələcəkdə baş verəcək hadisələr, nəzəriyyə barədə az düşünməyi, praktikanı isə yaxşısı anlamağı tələb edir.

İndiki zamana gəlincə isə, onu sizə belə izah edərdim. Keçmiş və gələcək indiki zamanın sonsuz və axan davamından başqa bir şey deyil. Belə fikirlər var ki, indi çox qısadır, çünki qədim dövrlərə gedən keçmişlə sonsuzluğa uzanan gələcəyin arasında “oturub”. Onun keçmiş və gələcəkdən qısa olması şübhəsizdir. Amma, mən əmin oldum ki, indi qıfa bənzəyir: sən ona yaxınlaşdıqca, o, sanki sıxılır və nəhayətdə sonunda işıg görünən sancaq deşiyinə qədər daralır. Amma, sən qıfın kiçicik dəliyinə nə qədər yaxınlaşırsansa, işıqlı dairə bir o qədər böyük görünür və ona çatana qədər bilmirsən ki, qıf əslində sonsuzluğa açılan qapıdır. Bunun baş verdiyi möcüzəli an nəinki keçmiş və gələcəkdən böyükdür – onların ikisini də özündə saxlayır.

Mən istehza ilə:

– Bəlkə, nəzəriyyəyə girişməyə dəyməz məsələsinə qayıdaq, – dedim.

Maks gülümsədi. Etiraf etməliyəm ki, o təbiətcə mehriban adam idi.

– Əlbəttə, izahatımdan sonra Valerinin bu işin bilicisi olacağını gözləmirəm. Sadəcə olaraq, mən "indiki zaman" anlayışına öz tərifimi verdim. Ancaq, narahat olmayın, siz doğru yoldasınız.

– Biz axı hamımız, az və ya çox dərəcədə düzgün yoldayıq? – yenə kinayəmi saxlaya bilmədim.

– Siz haqlısınız. Lakin bəziləri şüşə qırıntıları üstündə iməkləyir, digərləri isə hava ilə uçur.

– Bəzilərinin seçimi yoxdur.

– Hər kəsin seçimi vardır, Nik.

– Xətrinizə dəyməsin, ancaq, sizin sözləriniz, son dərəcədə təbrik açıqçalarındakı sözlərə oxşamağa başlayır.

Maks istehza ilə güldü.

– Siz mənim xoşuma gəlirsiniz, Nik. Siz hazırcavabsınız.

– Sağ olun. Bu mənim istifadə olunmamış qabiliyyətlərimdən biridir.

– Valeri ilə siz bütün həyatınız boyu davam edəcək bir səyahətin astanasındasınız. Mənimlə görüş əhəmiyyətli hadisələrdən biri idi. Mən sizə ilk ipucunu verdim. Əgər siz intizamlı və diqqətli olsanız, təsəvvür etdiyinizdən də irəli gedəcəksiniz. Amma axtarışdan yayınsanız, möcüzəni qaçırmış olacaqsınız. – O, bir qədər susdu. – Möcüzə isə mövcuddur. Daim. O, mükəmməldir və bu düşüncə sizin təsəvvür etməyəcəyiniz dərəcədə sadədir.

– Beləliklə, biz nə zaman gedirik? – Valeri səbirsizliklə mənə baxdı.

– İndi, ən uyğun vaxtdır, – mübahisə etməyin əbəs olduğunu görərək dedim.

Ücretsiz ön izlemeyi tamamladınız.

Türler ve etiketler

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
29 ekim 2022
ISBN:
978-9952-8252-6-8
Telif hakkı:
JekaPrint
Metin
Ortalama puan 0, 0 oylamaya göre