Kitabı oku: «Bir cavanın dəftəri»

Yazı tipi:

“Xatirə Ədəbiyyatı” silsiləsindən 4-cü kitab

© Yusif Vəzir Çəmənzəminli / Bir cavanın dəftəri

© “XAN” nəşriyyatı / Bakı / 2020 / 120 səh.

Üz qabığının dizayneri / Teymur Fərzi

* * *

Yusif Vəzir Çəmənzəminli


Yusif Vəzirin gənclik illəri

Yusif Vəzir Çəmənzəminli “Bir cavanın dəftəri” və “Həyatımın iyirmi ili” adlı əsərlərində hər şeydən öncə Şuşanın XIX əsrin sonu, XX əsrin əvvəllərindəki durumunu oxuculara təqdim edir. Birinci əsər hekayə tiplidir və gündəliklər əsasında yazılıb. Əsərin qəhrəmanı Murad Yusif Vəzirin özüdür, Şuşada keçirdiyi gənclik illərini qələmə alıb. İkinci əsərdə isə Şuşanın tarixindən, məişətindən, insan mənzərələrindən və müəllifin özünün yaşadığı ailənin durumundan bəhs edilir.

Y.V.Çəmənzəminli 1887-ci ildə Şuşada Mirbaba Vəzirovun ailəsində dünyaya gəlib. Vəzirovların ulu babası Mirzə Əliməmməd ağa Qarabağ xanı İbrahimxəlil xanın nüfuzlu vəzirlərindən olub. İlk təhsilini əvvəlcə Şuşada, sonra isə Ağdamda alan Yusif Vəzir burada türk və fars dillərini öyrənib, rus dilini öyrənmək məqsədi ilə bir il Muradbəylidə rus məktəbində oxuyub. Daha sonra Qafqazın seçilən təhsil ocaqlarından olan Şuşa realnı məktəbinə daxil olaraq təhsilini davam etdirib. Ardınca 1906-1909-cu illərdə Bakı edadiyyə məktəbində oxuyub, buranı tamamladıqdan sonra ali təhsil almaq üçün Peterburqa yollanıb. Lakin burada təhsil almaq imkanı əldə edə bilmədiyi üçün 1910-cu ildə Müqəddəs Vladimir adına Kiyev İmperator Universitetinin hüquq fakültəsinə daxil olub.

Xatirələrdə də məhz onun Kiyevə qədərki gəncliyi əks olunub.

«Bir cavanın dəftəri»

XIX əsrin sonları. Şuşa. Yeni tipli məktəblər açılıb, dünya ədəbiyyatı Qarabağa yol tapıb, gənclər maariflənir, dünyagörüşləri artır, amma buna baxmayaraq onlar geniş dünyaya çıxa bilmirlər. Çünki onlar doğulduqları şəhərdə gəncliklərini keçirməyə, orada evlənib, orada işləyib, orada da ölməyə məhkum idilər. Murad da bu yeknəsəqlikdən nəsibini almış bir gənc idi.

Onun yeganə zövqü kitab oxumaq, gündəlik yazmaq idi:

“Tühaf dеyilmi, оrta məktəbin altıncı sinfinin tələbəsi hələ öz şəhərindən başqasını görməmişdir. Halbuki buralardan bıqdım, yоruldum; gözlərim yеni yеrlər, yеni simalar, yеni üfüqlər görmək istəyir”.

Çünki onun gördüyü simalar illərdir heç bir dəyişikliyi qəbul etməyən, xalqı avam kimi saxlamağa çalışan molla sinfi, cəhalət girdabında vurnuxan insanlar idi. O isə bunlara qarşı idi. Mollaları tənqid edir, buna görə ailəsi tərəfindən məzəmmət edilir.

Muradın yaşadığı dönəmdə hələ Şuşada erməni-türk davası başlamamışdı. Türklər buraya köçürülən ermənilərə “dinayrı qardaş” deyir, heç bir problem yaşamadan güzəranlarını sürürdülər.

“Şəhərimiz ikiyə ayrılır: qərb tərəfində еrmənilər, şərqdə müsəlmanlar yaşayır. Qоcaların nağılına görə əvvəllər еrmənilərlə müsəlmanlar qarışıq yaşamışlar. İkisinin də adət və ayinləri bir imiş: bir-birinə də “dinayrı qardaş” deyərmişlər. Müsəlman uşaqları sünnət оlunarkən çоx vaxt еrmənilər kirvə оlarmışlar”.

Amma şəhərdəki mədəni inkişaf ermənilərin xeyrinə idi. Çünki müsəlmanların başçıları xalq üçün heç bir iş görmür, ermənilər isə uşaqlarını yeni məktəblərdə oxudur, özləri dövlət məmurluğuna iddialı olur, çar məmurlarına iradə yeridə bilirdilər.

Belə bir durumda isə Murad cəhalətdən baş götürüb qaçmaq, müəyyən qədər dincəlmək istəyir. Çünki kifayət qədər kitab oxuyaraq həmyaşıdlarından fərqlənən Murad, hətta yeni əlifba da kəşf etmişdi. Biz bu əlifba məsələsini “Həyatımın iyirmi ili” əsərində də görürük.

Bu mühitin içində onu anlayan üç dostu vardı. Həsən, Mürsəl və Rəcəb.

Əgər erməni məhəlləsində dağa dоğru dоlama xiyabanları, gözəl yay klubu, qəhvəsi var idisə, bu gənclərin gəncliklərini keçirmələri üçün hər hansı bir istirahət üçün yer yox idi. Onlar bir tərəfdən öz hallarına acıyır, digər tərəfdən imperiyada baş verəcək dəyişiklikləri hiss edirdilər. Artıq çar hökumətinin inqilabları boğmaq üçün türklərlə ermənilər arasına nifaq toxumu səpmələrini qabaqcadan duyur, buna çarə axtarırlar…

Nəhayət, ailəsi gəncin Aşqabada getməsinə, fərqli insanları görməsinə razı olur. Murad burada müəyyən siyasi proseslərə qoşulur və bir şeyi dəqiq anlayır. Köhnə insanları yeniləşdirmək mümkün deyil, ancaq uşaqları yeni sistemlə böyütmək lazımdır:

“Еlə еləməli ki, övladlarını üsullu milli məktəbə göndərsinlər. Vəssalam. Yоxsa yüz min vəz еləyəsən, Kərbəlayı Əsəd dönüb avrоpalı оlmayacaq. Köhnə adamları təzələmək həm о adamlara ziyandır, həm millətə”.

Aşqabadda bunları düşünməklə yanaşı, Murad Asiya adlı bir qıza da aşiq olur… Bu sevgi macərasını xatirələrdən oxuyacaqsınız…

«Həyatımın 20 ili»

Yusif Vəzir əsərə Şuşanın tarixi ilə başlayır. Pənah xan Cavanşir tərəfindən salınan şəhər haqqında məlumat verən Yusif Vəzir ardınca məhəllələrində xatırladığı insanları yad edir, onların faciələrini, əslində isə dönəmin faciələrini oxucuya çatdırır. Həmçinin dönəmin uşaqlarının, baməzələrinin hərəkətlərini, el-obanın adətlərini, batil inanclarını, mollaların xurafatlarını yazır.

Ən əsası öz ailəsinin başına gələn müsibətləri qeyd edir. Atalarının Ağdamda işləməsi, dönəmin ən intellektual gənclərindən olan qardaşı Əbülhəsənin gənc yaşda xəstəliyinə çarə tapılmayaraq vəfat etməsi, gecələr qız qaçıranların evlərinə hücum çəkməsi, anasının tapança ilə müdafiə olunması… Atası vəfat etdikdən sonra bütün ailənin onun öhdəsinə qalması və nəhayət, bir yol tapıb uzaqlara getməsi.

Yusif Vəzir bu xatiratda ən maraqlı dönəmi yazıb. Hansı ki, Avropada təhsil alıb gələn gənclər (Əhməd Ağaoğlunun timsalında) yeni məktəbdə dərs deyir, müsəlman ailələri də artıq uşaqlarını rus məktəblərinə qoyur, camaatı şeyxilik, üsulilik kimi məzhəblər artıq maraqlandırmır, mollaların nüfuzu getdikcə aşağı düşür… Yəni Azərbaycan bir növ mədəni keçid dövrünü yaşayır.

Belə bir dönəmdə isə Yusif Vəzir məktub alır:

“Payız düşür. Duman ətrafı bürümüş. Sarıya və qırmızıya dоnanmış ağaclar kədər saçır. Varlı türk tələbələri çəkilib о biri şəhərlərə gеtmiş, yalnız yоxsul balaları köçdən ayrı düşmüş quşlar kimi çırpınırdı. Təhsilimizi tamamlamalı idik, оxumaq həvəsi bizi sarsıdırdı. Bakıdakı yоldaşlarımdan birinə məktub göndərib, vəziyyətimi anlatdım.

Nеçə gün kеçməmiş bir tеlеqram alıram: “Kərimbəydən 20 manat yоl xərci al, gəl”.

Bakıya dеyil, mənim üçün yеni başlayan еlm və mədəniyyət aləminə gеdirdim… Nə sеvincli dəqiqələr idi!”

Xatirələr bununla dabitir… Amma Kiyevə düşən g ənc həm siyasətdə, həm ədəbiyyatda mühüm rol oynayır. Belə ki, Kiyevdə universitetdə oxuyarkən Yusif Vəzir aktiv ictimai fəaliyyətlə məşğul olur, tələbələrin təşkil etdiyi müxtəlif tədbirlərdə, yığıncaqlarda iştirak edir, eyni zamanda mətbuatda çalışaraq məqalələrini dərc etdirir. Bu dönəmdə artıq dünyada baş verən ictimai-siyasi hadisələri doğru şəkildə dəyərləndirən, yeni dünya düzəninin başladığını dərk edən Yusif Vəzir yeni fikirlər irəli sürür, gələcək cümhuriyyətin ideya əsaslarının formalaşmasında öz təklifləri ilə yardımçı olur. 1911-ci ilin mayında Yusif Vəzir Kiyevdə müsəlman-türk tələbələrinin nəşriyyat şirkətini yaradır. Ukraynadakı Milli Hərəkatı yaxından izləyən Yusif Vəzir Azərbaycanın da ibrət götürməsi lazım olduğunu bildirərək bu məqsədlə Kiyevdə Müsavatın şöbəsini təsis edir. Eyni zamanda bu ərəfədə Yusif Vəzirin Bakıda “Azərbaycan müxtariyyatı” adlı kitabı dərc olunur.

Bu dövrdə Yusif Vəzir onu narahat edən əsas problemləri məqalələrində sadalayır, eyni zamanda bu problemlərdən çıxış yollarını qeyd edir. Mövcud təhsil sisteminin yararsız olduğunu, gənclərin ömrünün ən gözəl vaxtlarının üsuli-qədim, əzabi-fars kitabları ilə, falaqqa, çubuq kimi cəza vasitələrindən istifadə edən müstəbid məktəb mollalarının yanında keçirməsini gələcək üçün təhlükəli olduğunu vurğulayaraq ana dilli milli məktəblərin açılmasının gərəkliliyini bildirir:

“Millətin ruhu, canı və bəlkə cəmi vücudu hesab olunan ana dilini bizə lazımınca öyrədən bir vəsilə olmadı”.

“İki aləm” adlı məqaləsində türk dili və türk milli kimliyi məsələsini daha da qabardan Yusif Vəzir müsəlman komitəsinin bütün üzvlərinin türk olduğu halda komitənin niyə türk komitəsi adlanmamasına nəzər salaraq Azərbaycanda hələ də milli kimliklə dini kimlik arasındakı sərhədlərin müəyyənləşdirilməməsinə diqqəti çəkir. Yusif Vəzir Müsavatın Kiyev şöbəsinin fəaliyyəti ilə bağlı yazısında qeyd edir:

“Ən sevinməli hallardan biri budur ki, iclaslarda türk dili işlənir və kağızlar da milli dildə yazılır”.

Çar Rusiyasında 1917-ci fevral-oktyabr hadisələrini yaxından izləyən və imperiyada yaşayan millətlər arasında muxtariyyət və bağımsızlıq meyllərinin gücləndiyini görən Yusif Vəzir bu prosesin Azərbaycanda tezliklə başlaması üçün çalışaraq türk millətinə xitabən bunları söyləyir:

“Ey nəcib türk milləti, ayıl! Bir rəşadətli balalarını yad et! Şan və şövkət ilə ömür sürülməlidir. Köhnə rus məmurlarının çəkməsi altında tapdalandığın kifayət edər”.

Yusif Vəzir haqlı olaraq yazırdı ki, “artıq yüz il olur ki, biz türklər rus qılıncı zoru ilə Rusiyaya tabe olmuşuq. Rus hökumətinin fikri bu idi ki, bizi dinimizdən, dilimizdən, dədə-baba adətlərimizdən geri salsın… Dini dinimizdən, dili dilimizdən olmayan bir millətin bizə canı heç də yanmayacaq”…

“Ümumi məclisi-müəssisan” adlı yazısında Yusif Vəzir doğru olaraq qalib gəlmək üçün millətin öz haqqını tələb etməsinin vacibliyini bildirir:

“Haqqımız tələb olunmalı, verməsələr zorla alınmalıdır”.

Ukraynada cümhuriyyətin elanından sonra artıq proseslərin sona yaxınlaşdığını dərk edən Yusif Vəzir təcili olaraq bütün millətin fikrinin bağımsızlığa yönəldilməsini vacib sayaraq, zaman itkisinin baş verməməsi üçün yazır:

“Bu saat bir saatdır ki, əsrlərdə bir ələ düşər: fürsət zamanıdır, siyasət zamanıdır. Cəmi fikir və zikrimiz buna həsr olunsun”.

Nəhayət ki, Yusif Vəzirin və ümumiyyətlə, türk millətinin arzusu həyata keçirilir. Azərbaycan aydınlarının sayəsində müsəlman ş ərqində ilk demokratik cümhuriyyət olan Azərbaycan Cümhuriyyətinin əsası qoyulur. Yusif Vəzir isə Azərbaycanın Ukraynadakı səfiri olur.

“Dünyada hər bir dövləti təşkil edən üç amildir: torpaq, millət və hakimiyyət. Bu gün Azərbaycanda bu üç amil olduğu üçün Azərbaycan müstəqil bir məmləkətdir”.

“Azərbaycan” qəzetinin 1919-cu il 31 iyul və 1,4 avqust tarixlərində “Yusif Vəzirovun məruzəsi” çap olunur. Məruzə Yusif Vəzirin AXC-nin parlamentindəki çıxışı idi. Parlamentdəki məruzəsində Yusif Vəzir uzunmüddətli mü-şahidəsinə əsaslanaraq yeni yaranmış cümhuriyyətin əsas düşməninin bolşevizm ideologiyası olduğunu bildirərək, bunları qeyd edir:

“Mən bolşevizmə ziddəm. Bolşevizm heç bir millət üçün, xüsusən bizim kimi əsarətdən yenicə xilas olmuş millətlər üçün heç bir səadət gətirməz. Bolşevizmin sonu hərcmərclikdir. Biz gərək bolşevizmin öz vətənimizə gəlməsinə bütün ciddiyyətimizlə mane olaq”.

Yeni yaranmış türk cümhuriyyətinin yüzillərdən bəri gələn türk ədaləti ilə idarə olunduğunu vurğulayan Yusif Vəzir qeyd edir ki, “Azərbaycan mədəniyyəti o qədər qüvvətlidir ki, bizdən başqa qonşularımızı təsir altında saxlayıb və saxlayacaqdır.

“Dilimiz Qafqazda, Xəzər arxasında və Şimali İranda ümumi bir dildir… Bugünkü Azərbaycan ən sağlam vücuda malikdir, burada tam əksəriyyəti təşkil edən Azərbaycan türkləridir”.

Buna görə də, yeni yaranan cümhuriyyətin mütləq şəkildə Türkiyə ilə əlaqələr qurmasını və İstanbula səfirlik göndərilməsinin vacibliyini vurğulayır. Yusif Vəzirə görə, İstanbulda nümayəndəliyin olması yeni cümhuriyyətin səsinin Avropaya yayılmasına səbəb olacaq:

“Aləm İstanbuldadır: siyasi iplərin ucu, əfkari-ümumiyyənin gözü… hamısı buradadır… Hansı millət yaşamaq istərsə, öz dərdini söyləməlidir, səsini çıxarmalıdır. Səsini çıxarmağı bilməyən və bağırmağı bacarmayan bir millət həmişə əzilər”.

Ona görə də Yusif Vəzir Avropa dövlətləri ilə uğurlu əlaqələrin yaranmasının vacibliyini bildirir, Rusiyadan ayrılaraq azad yaşamağın müqəddəs bir məqsəd olduğunu qeyd edir:

“Bizim bütün məqsəd və amalımız Azərbaycanımızdır. Bu yolda kim bizi tutarsa (yəni bizdən yana olarsa – D.Ə.) biz də ona rəğbət və meyli göstəririk”.

Siyasətin əsas hədəfinin yalnız fayda götürmək olduğunu bildirən Yusif Vəzir, din ilə siyasətin bir arada olmasının qeyri-mümkün olduğunu bildirir.

1919-cu ildə Yusif Vəzir Türkiyəyə səfir göndərilir. ADR-in süqutundan 8 ay sonra da o, rəsmi şəkildə bu vəzifədə çalışır.

Azərbaycan Cümhuriyyəti Rusiya tərəfindən devrildikdən sonra Yusif Vəzir Türkiyədə öz fəaliyyətini davam etdirir. 1921-ci ildə “Azərbaycan ədəbiyyatına bir nəzər”, 1922-ci ildə isə “Tarixi, coğrafi və iqtisadi Azərbaycan” kitablarını çap etdirir. 1923-cü ildə Fransaya gedən Yusif Vəzir Klişi şəhərində avtomobil zavodunda 3 il fəhləlik edir, eyni zamanda “Paris xəbərləri” qəzetində məqalələr dərc etdirir. 1926-cı ildə Bakıya qayıdan Yusif Vəzir “Bakı işçisi” kooperativ nəşriyyatının bədii ədəbiyyat bölməsində redaktor işləyir, daha sonra ADU-nun aspiranturasında oxuyaraq, folklordan dərs deyir. 1926-36-cı illərdə müxtəlif vəzifələrdə çalışan Yusif Vəzirin bu dövr ərzində ondan çox kitabı nəşr olunur, dövri mətbuatda məqalələri dərc olunur. Bu dövrdə ona qarşı bir sıra ittihamlar irəli sürülür və 1938-ci ildə onun həbsi ilə bağlı qərar çıxarılır, 1940-cı il yanvarın 27-də isə dərs dediyi Ürkənc şəhərində həbs edilərək Bakıya gətirilir. Qorki vilayətinin Suxobezvodnoe kəndinə sürgün olunan Yusif Vəzir 1943-cü il yanvarın 3-də burada xəstəlikdən vəfat edir.

Dilqəm Əhməd

Bir Cavanın dəftəri

22 mayis1, 1905. Deyəsən, atam getməyimə razı olacaq. Anama qaldıqda, o çoxdan razıdır. Məqsədim xalamı görüb, ziyarət etmək deyil – onu bir o qədər də könlüm istəmir – şəhərimizdən bıqmışam, qaçmaq istəyirəm. Tühaf deyilmi, orta məktəbin altıncı sinfinin tələbəsi hələ öz şəhərindən başqasını görməmişdir. Halbuki buralardan bıqdım, yoruldum; gözlərim yeni yerlər, yeni simalar, yeni üfüqlər görmək istəyir. “Yenilik” – deyə bütün varlığım hıçqırır. Gör, atam nə deyir:

– Qürbət ellərdə nə var? Niyə gedirsən? Çox da xalan ordadır.

Kişi qocalmışdır – varlığımın köhnə mənalara sığmadığını dərk eləmir.

Atam məhdud bir adamdır, ehtiyac və məfkurəsi də məhduddur: oruc tutar, namaz qılar, doşaba qatılmış qoz ləpəsi yeyər.

Bu qədər!

23 mayis. Axşam atamla yenə danışdıq. Dedim:

– A kişi, fəqir olduğunu bilirəm. Amma otuz manat verməyə qüvvətin çatar. İndiyə qədər mən səndən pul istəməmişəm, indi otuzca manat yol xərci istəyirəm.

Atam tərs adam da olsa, bu səfər məni diqqətlə dinlədi və iki barmağı ilə qulağının içindən bir tük dartıb dedi:

– Ay oğul, axı otuz manat bir igidin mayasıdır, bunu necə verim?

– Nə olar ki? Mən də sənin oğlunam, mənim də bir arzum var…

Yaş məni boğdu, sözlərim yarımçıq qaldı. Atam qəti də olmasa razılıq verdi. Sabah pulu alsam, bir həftədən sonra yola düşərəm. Anam başqa cür davranır.

– Qorxma – deyir, – atan verməsə, mən sənə pul taparam.

Vallah yaxşıca arvaddır! Yəqin sandığında pulu var. Axı müsəlman arvadlarında xoruz səsi eşitməmiş pullar olur, görürsən, cındıra bağladı, sandığın küncünə atdı. Xülasə, gedirəm. Kefim kökəlir. Anam deyir:

– Bala qürbət ellərdə din-məzhəb sözləri danışma, başına iş açarlar, yazığam.

Məclislərdə mollalarla mübahisə etdiyimi anam bilir. Atam kəndə alış-verişə gedəndə adət üzrə xeyir-şərə mən gedirəm. Məclisdə molla başda oturur; onun yanında oturmağı kimsə özünə yaraşdırmadığı üçün ətrafı həmişə boş olur. Adətlərə zidd getmək məndə bir xəstəlikdir. Qapıdan girib, düz yuxarı başa keçirəm. Bu “xətama” qarş xalq2 bir şey söyləmir – “gəncdir, anlamır” – deyirlər. Lakin mənim dini mübahisələrə girişib, dinsiz mülahizələr yürütməm heç kəsin xoşuna getmir. Bir məclisdə ətəbatdan3 yeni gəlmiş bir mollanın bilgisini yoxlamaq məqsədilə ondan bir məsələ soruşdular:

– Pişiyin tükü niyə pakdır, itinki murdar? – dedilər. Gənc molla məsələnin çətinliyini duyaraq qızardı, dili belə dolaşdı. Pişik haqqında rəvayət olunan hədisi söyləsə də, məclisi qane edə bilmədi. Axırda köhnə mollalardan biri məğrur bir şəkil alaraq dedi:

– Həzərat, molla olmağı asan bir iş bilməyin. Bu cavanın molla olmasına hələ çox qalıb. Gərək bu, müctəhidlər tərəfindən cild-cild yazılmış kitabları oxusun, püxtə mollalar məclisində olub, mübahisələrdə bişib çıxsın. Onda o xalis molla ola bilər… İndi verilən məsələ barədə ağalara ərz edim. Mötəbər risalələrdə belə yazırlar: allahü-təbarəkə və taala Adəmi yaradanda, məlumunuzdur ki, şeytaniləin tüğyan etdi, büxl və həsəd büruzə verdi. Hətta xaliqi-üləmyəzəlin4 hüzurunda cürət edib, adəmin heykəlinə tüpürdü. Şeytaniləinin tüpürcəyi gedib Adəmin qarnının üstə bənd oldu. Allah-taala buyurdu, o tüpürcəyi Adəmin qarnının üstündən qazıyıb atdılar. Onun yerində göbək əmələ gəldi və atılan torpaqdan da it vücuda gəldi… İt şeytanın tüpürcəyinə qa-rışmış torpaqdan nəşvü-nüma olduğu5 üçün murdar heyvan sayılır. Mötəbər kitablarda belə yazılmışdır…

Molla böyük bir qürurla sözlərini bitirib, məclisi başdan-ayağa süzdü və hər tərəfdən “Afərin!” sədası eşitdi.

Mən özümü saxlaya bilmədim.

– Axund, – dedim, – nə vaxta qədər bu yazıq camaatı boş nağıllarla bəsləyəcəksiniz?..

Bunuca deməyə müvəffəq oldum – müridlərin mırıltısı sözlərimə xitam verdi. Vəhşi gözlər parıldadı, bardaş quranlar qalxıb dizi üstə oturdu, dizi üstə oturanlar qalxıb bardaş qurdu. Məclisdə tühaf hərəkətlər görüldü. Tapançaya belə əl atan oldu. Bu əsnada, “Həzərat, aram!” – deyə mollanın səsi eşidildi:

– Bu cavan rus məktəbində oxuyur, dini-mübinə lazımınca vaqif deyil, cahildir. Günah bunda deyil, bunu kafir məktəbinə yollayan valideynindədir.

Mən yenə etiraz etdim. Başqa xalqların tərəqqi etməsindən, bizim geridə qalmamızdan bəhs edərək, məclisin bir hissəsini öz tərəfimə çevirə bildim.

Bu vəqə əvvəl şəhərdə bir qələyan6 törətdi, sonra xalqın qulağı doldu. İndi artıq mənim məclislərdəki etirazlarım təbii kimi görünür. Yalnız anam mənimlə razılaşmaq istəmir.

– Camaat avamdır, səni öldürər, – deyir. Mən anamın ehtiyat etməsinə için-için gülürəm. Ölüm nə deməkdir? Gənclik vulkanından qopan bir qığılcım!

24 mayis. Bu gün gəzməyə getmişdik. Bərk yorulmuşam. Axşam saat doqquz. Yuxu gözümdən tökülür… Gecəniz xeyrə qalsın!

25 mayis. Dünənki gəzmək pis keçmədi. Şəhərin7 ətrafında görmədiyim bir çox yerləri gördüm. Ləzzəti damağımdan getmir. Qəribə burasıdır ki, burada doğulub, iyirmi il də yaşamışam, hələ bu gözəl çeşmələrə, bağlara, kahalara rast gəlməmişdim. Çıxmaq istədikdə həmişə anam demiş:

– Bala, ölkə xarabdır, görürsən nələr olur, uşaq götürüb qaçırlar, namusuna sataşırlar… Allah eləməsin!.. Ölərəm!.. Çıxma, bir şey də olmasa, adına pis söz deyərlər.

Biçarə arvad məni bu iyirmi ilin müddətində qız kimi qorumuş. “Bala, məktəbə gedəndə həmişə küçənin ortası ilə get-gəl, şənliksiz küçəyə ayaq basma, səni xoş dindirənə sərt cavab ver!” – deyə öyüd vermiş…

İndi artıq “kişi” olmuşam, bığ və saqqalım cücərir; yavaş-yavaş yoldaşlarımla gəzməyimə müsaidə olunur.

İyirmi illik məhbəs həyatı! Gəncliyin ən şehli və təravətli vaxtlarını müsəlmanların qorxusundan damın altında keçirmişəm… Mən qız deyiləm ki, mənə həsrətlə baxırsınız. Qoy qızlar baxsınlar, pak ürəkləri də döyünsün! Gedirəm. Müsəlmanların üzündən qurtaracağam. Anam mənə alt paltarı tikir. Sabah gedib özümə çamadan və başqa yol şeyləri alacağam.

26 mayis. Yağışlıqdır, bazara gedə bilmədim. Dumandan göz-gözü görmür. İnsan sıxıntıdan bağırmaq istəyir. Sabahdan kitablarımı toplayıb, sandığa qoydum ki, mən gedəndən sonra əl-ayağa dolaşmasın. Anam mənə baxaraq “ah” çəkirdi. Deyəsən, gözləri də yaşarırdı.

– Bala, – deyir, – kitablarını belə görəndə ürəyimə pis gəlir.

Xırda bacılarım da anama baxıb onlar da ağlamsınırlar. Avam yazıqlar! Kağız-dəftərlərimi də yığışdırdım, arasında bir lazımlı şey tapmışam, onu da özümlə Aşqabada aparacağam. Onun adı “Murad hürufatı”dır. Mənim adımla adlanır. Bu hürufatı bir il bundan əvvəl icad etmişəm. “Murad hürufatı” ilə hər nə yazsan, yazıldığı kimi oxunar. Basması ayrı və yazması da ayrı cürdür. Soldan sağa yazılır. Bir səsin bircə şəkli var… “Şərqi-rus” qəzetindəki “Məhəmməd Ağa xətti” buna nisbətən çox geridə qalır, çünki ərəb hərfini islah etməklə xəstəlik bitmir. Mənimki isə məsələni kökün-dən həll edir.

Bu hürufatı gənclər arasında yayıram.

27 mayis. Şəhərimiz ikiyə ayrılır: qərb tərəfində ermənilər, şərqdə müsəlmanlar yaşayır. Qocaların nağılına görə əvvəllər ermənilərlə müsəlmanlar qarışıq yaşamışlar. İkisinin də adət və ayinləri bir imiş: bir-birinə də “dinayrı qardaş” deyərmişlər. Müsəlman uşaqları sünnət olunarkən çox vaxt ermənilər kirvə olarmışlar. Atam deyir ki, məhərrəmlikdə müsəlmanlar dəstə təpərkən erməni çocuqları da dəstəyə girib “Heydər, Şəftəl!” deyərmişlər. Müsəlmanlar erməni pirlərinə nəzir edib, qurban aparırmışlar. Bir gün Çətənə Məmməd adlı birisi gecə gedib erməni kilsəsinin zəngini vurur. Ermənilər tökülüb zəngi vuranı axtarırlar, tapmırlar. Keşiş gəlib çıxır. Çox düşündükdən sonra zəngin qeybdən vurulmasına qane olurlar. Qoca bir erməni də göydən nur endiyini gözü ilə görmüş deyə, şahid keçir. Hər kəs möcüzəyə inanaraq kilsəyə dolub ibadətə başlayır. Baş qarışıqlığından istifadə edən Çətənə Məmməd ermənilərin başmaqlarını qapıdan yığışdırıb çuvala doldurur… Sabah, deyirlər, başmaqları erməni kəndinə aparıb, toyuq-cücəyə dəyişir.

Ermənilər əlli il bundan əvvəl belə avam imişlər, müsəlmanlar da onları həmişə qapazlamışlar.

İndi ermənilər müsəlmanlardan ayrı yaşayırlar. Abad məhəllələri, gözəl küçələri, kaşanə evləri var. Şəhərin bütün ticarəti onların əlindədir, hər sahədə sənətkarları, mütəxəssisləri və elm adamları vardır. Qız və oğlanlar üçün ibtidai və orta realnı məktəblər açmışlar. Məktəbə getməyənləri yoxdur. Hökumət və şəhər müəssisələri də erməni məhəlləsindədir.

Müsəlmanlar isə köhnə “çətənəliyində” davam edir. Bir “rus-tatar məktəbi”ndən və bir neçə mollaxanadan başqa bir şeyə malik deyilik… Məhəllələrimiz tamamilə xərabədir: erməni sərhədindən aşağı lağımların üstü örtülmədiyi üçün iydən nəfəs çatlayır, küçələrdə işıq yox, gecələr hərə öz fanusu8 ilə çıxır… Adamlar da ki, qurda dönüb bir-birini yeyir: adam öldürmək adi bir şəkil almışdır… Tam bir cəhalət! Mədəni səviyyəmizi ölçmək üçün bunu bilməlidir: realnı məktəbdə oxuyan 300–400 tələbədən yalnız on beşi müsəlmandır, bunlar da bəy balalarıdır ki, dördüncü sinifdən yuxarı getmirlər; qızların da oxumaları şərən günah sayılır…

Şəhərdə, Peterburqda təhsil görmüş bir doktordan, dəftərxanalarda bir neçə mirzədən başqa ziyalıya müsəlmanlar malik deyillər. Bir dənə dülgərimiz, bir dənə dərzimiz yoxdur. Papaqçı, dəmirçi, nalbənd, başmaqçı və şərbafdan başqa sənətkara gümanımız gəlmir… Yerdə qalanı zırrama, ağzı dualı qulibiyabanilər…

Bu gün çamadan alıb hamballa erməni məhəlləsindən enirdim, bir də küçədəki baqqalın biri üzünü mənə çevirib:

– Şəhərimizdə bir maral var idi, o da gedib, bizi yetim qoyur, – dedi və köksünü çəkdi. Baqqalın komplimenti mənə güllə kimi əsər elədi; qan beynimə vurdu. Dükana tərəf sıçradım, baqqal qaçdı. Əlimə tərəzi keçdi, götürüb tabaqların üstünə tolazladım, qatıq qablarını bir-birinə qatıb sındırdım… Bir qoca kişi gəlib məni sakit elədi:

– Qadan alım, sən nəcibsən, ona qoşulma! Allah onun bəlasını versin, dilinin yiyəsi deyil.

Bizim müsəlmanlar belə çirkin hərəkətlərin ustasıdırlar. Bunların əlindən cavan uşaqlar zardırlar. Təzə paltarda küçəyə çıxmaq mümkün deyil, rəngli üst köynəyi yasaqdır… Gördükdə hərə bir söz atır, adama tərəzi çalırlar…

28 mayis. Dünən axşam yoldaşlarım Həsən, Mürsəl və Rəcəblə bulvarda idik. Bulvar erməni hissəsinin cənub-qərb tərəfində yeni salınmışdır, dağa doğru dolama xiyabanları, gözəl yay klubu, qəhvəsi var, yanında realnı məktəb üçün möhtəşəm bir bina yapılır.9 Aşağıda, yaşıl ağaclar arasında gizlənən rəngarəng taxtapuşlu, məğrur kilsəli şəhər, dağlarla əhatə olunmuş; buludlara dalmış Murovla çılpaq Bağrıqan arasındakı açıqlıq minbir rəng çalır… Bu mənzərəyə tamaşa etdikdə, sanki ruh böyüyür, qanadlanıb göylərə doğru uçmaq istəyir…

Yoldaşlarıma dedim:

– Uşaqlar, bilirsiniz, şənbə nə təhər olsa gedirəm.

Hamı mənə qibtə edər kimi üzümə dik baxdı. Mürsəl gülə-gülə:

– Bu xarabanın üzündən qurtarırsan. Görək biz başıdaşlı bu üç ay yayı necə küllənəcəyik.

Doğrudan da, qışda başımız dərsə qarışır, yayda isə insan darıxır.

Həyatımız bir həyat olsa, insan səfalı bir yerdə darıxarmı? Həyat bir həyat deyil. Müsəlmanıstanın dedi-qodusundan baş götürüb bulvara qaçırıq, burada da mənəvi rahatlıq yoxdur. Hansı tanış erməni qızına yanaşırsan, ətrafdan sənə min daşnaq gözü ağardırlar. Müsəlmana erməni qızı ilə gəzmək yasaqdır!

Canım, bu milli ədavət nəyə lazımdır? Əsrlərdən bəri bir yerdə yaşaya-yaşaya gəldik, dost və qardaş yaşayışına nə üçün davam etməyək? Xülasə…

Həsən dedi:

– Burada könülaçan bir şey yoxdur, gəlin, dağın başına çıxaq.

Razı olduq. Rəcəb getmədi. Dağa dikləndik. Bulvarın hasarını aşıb yuxarı çıxdıq. Sıldırım bir qayada oturub ayaqlarımızı aşağı salladıq. Qarşımızda dərin və qorxunc bir uçurum var idi. Dibində, iki dağın arasındakı çay ayın şüasında sınıq güzgü parçasını andırırdı. O tayda ətrafı meşə ilə bürümüş Topxana sükut içində idi… Sağ tərəfdəki Kirs qarlı başını göylərə yüksəldib sanki ulduzlarla dərdləşirdi. Bu əzəmətli mənzərə qarşısında üçümüz də susub qalmışdıq. Bu halda çayın qaranlıq dərədən yüksələn əsrarəngiz şırıltısı: “Dünyada yalnız bircə dəfə yaşanılır” – deyə mənə anlaşılmaz kədərlər təlqin etdi.

Bir də kim isə aşağıda yanıqlı səslə oxudu:

“Qırıldı bülbüllər, boş qaldı bağlar”.

Xəstə ürəklərimizə atəş səpildi – için-için yandıq. Nədənsə səs qırılıb yarımçıq kəsildi.

– Amandı, Həsən, yandıq! – deyə Həsənə yalvardıq. Onun gözəl səsi var idi. Başladı:

 
“Xumar-xumar baxmaq göz qaydasıdır,
Lalə tək qızarmaq üz qaydasıdır,
Pərişanlıq zülfün öz qaydasıdır,
Nə badi-səbadan, nə şanədəndir.”
 

Bu halda Rəcəb böyürdən çıxdı. Qəmli bir halda oturub başını aşağı saldı. Məsələni duyduq. Həsən gülə-gülə:

– Dostum, – dedi, – deyəsən, qızla gəzməyə yenə ermənilər razı olmayıblar?

Rəcəb dinmədi. Mən Həsənə göz vurub başladım:

– Canım, qız bunu istəyir, bu da qızı. Bilmirəm bu ortaya girənlər nə deyir?

Rəcəbin yarası qanayan kimi oldu, başını dik qaldırıb söyə-söyə:

– Vallah, bilmirəm bu köpək uşaqları bizdən nə istəyirlər?

Rəcəb sözlərini elə məzəli qeyzlə bitirdi ki, gülməkdən az qaldı qəşş edək.

Həsən sual verməyə başladı:

– Axı bu gün görüşəcəkdiniz, bəs necə oldu?

– …

– Mən ölüm, necə oldu?

Rəcəb bir az gülümsünərək:

– Əşi, görüşəcəkdik; demişdi, aşağıda, ağacın altında gözlə gələcəyəm. Məktub verəcəkdi… Bir köpəkoğlu dəllək şagirdi bizə göz verdi, işıq vermədi.

Rəcəb sözünü bitirib yenə qəmlənərək başını aşağı saldı.

– Deməli, məktubu ala bilmədin?

Rəcəb yavaş səslə:

– Aldım.

– Bəs niyə gəzmədin?

Rəcəb yenə qeyzlə:

– Əşi, deyirəm dəllək göz verdi, işıq vermədi.

Mürsəl gülə-gülə:

– Deməli, dəlləkdən qorxdun, hə?

İndiyə qədər cürətsiz görünən Rəcəb Mürsəlin sözündən alovlandı:

– Yox bir, öldüm! Vallah, beşi yığılsa, arxa yerə vermərəm. Qızın xatirəsi üçün dinmirəm: qorxur atasına xəbər versinlər ki, qızın müsəlmanla gəzir.

Rəcəb bir az susdu. Sonra birdən əlini çiynimə vurub dedi:

– Murad, sən öl, bilirsən Hayqanuş necə qızdır?

Deyir:

– Rəcəb, bizi təqib edənlərdən zəhləm elə gedir ki, görməyə gözüm yoxdur.

Bunu erməni qızı söyləyir… Qəribə işdir. Deyirlər, qızla gəzən kim olur-olsun, istər sərsəri olsun, amma erməni olsun! Mən məktəb şagirdi, eyibliyəm, çünki müsəlmanam. Məntiq varmı? Nə vaxta qədər din, fəsad toxumu əkməkdə davam edəcək?

Dağdan aşağı enirdik. Saat on idi. Rəcəb hələ də Kərəm dədə kimi yanırdı. Onu danışdıran eşq havası idi.

29 mayis. Darvaza döyüldü. Gedib açdım. Xudu idi. Xudunu tanıyırsınız – qəssab Kərbəlayı Vəlinin oğludur. Sənəti sərsərilikdir. Ən böyük məharəti: məhəllədəki baqqal dükanının qabağında mərcə gedər.

– On xiyar yeyim, pulunu ver!

– Yeyə bilməzsən.

– Yeyərəm!

Doğrudan da, yeyər, zorla da olsa yeyər. Şəhadət barmağını tərpədərək beş girvənkə tut yeyər, üstündən də bir neçə girvənkə qıcqırmış qatıq içər. Bu böyük bir məharət deyilmi?

Xudu məni görcək boynunu çiyninə qoydu:

– A bəy, – dedi, – başına dönüm, toyuğum qaçıb, buraya girib, qoy gəlim tutum.

Mən heyrətlə:

– Toyuq buraya haradan gələ bilər – dörd tərəf uca barıdır?

Xudu yalvarar bir sifətlə:

– A bəy, vallah, əlimdən uçdu.

Acığım tutdu, həm də gizlicə güldüm. Biçarə Xuduya yazığım gəldi. Xudu öz aləmində məni sevmiş. Mən bunun məhbubu olmuşam. Ha-ha-ha! Məni görmək istəyəndə gələr toyuğu divardan içəri atar, sonra da ağlamsına-ağlamsına qapını döyər. Toyuğu tutmaq bəhanəsi ilə məni ziyarət edər. Doğrusu, bu sətirləri yazmağa utanıram. Qorxuram dəftərim ələ düşə, rüsvay olam. Amma bu sirlərdən kimsə xəbərdar olmaz, zənnindəyəm, çünki dəftəri həmişə çamadanda saxlayıram, açar da özümdə olur.

Əvvəl Xuduya acığım tutdu, onu döymək istədim. Sonra vaz keçdim. Acığım soyudu, bir az da ona yazığım gəldi. Xudu kimdir?! Xudu müzür bir mühitin meyvəsi! Qadınları çarşabda olan bir cəmiyyətin üzvü Xududan artıq olmaz ki…

Toyuğu tutub Xuduya verdim və sərt bir sima ilə:

– Xudu, – dedim, – bir də toyuğun uçub bizim həyətə düşsə, səni buradan sağ buraxmayacağam. Bunu dürüst bil!

Xudu bərk qorxdu. Üzümə baxmağa belə cəsarət etmədi. Çıxdı. Arxasından darvazanı bərk çırpdım… Nədənsə sonradan əsəbiləşdim. Bədənim əsməyə başladı.

* * *

Camaşırım hazırdır. Şənbə günü gedirəm. Anam yol üçün suxarı və fətir də bişirəcək. Zarafat deyil, mən anamın ən böyük oğluyam. Çocuqluğumda məni atıb-tutub deyərmiş:

 
“Mən anamın ilkiyəm,
Ağzı qara tülküyəm”.
 

İndi belə bəzən başımı dizinin üstünə qoyaram, eyni sözləri təkrar edər. Mənə bəslədiyi eşqini anam yalnız bu sözlərlə ifadə edər. Bizim analarımız səs-küy və şöhrət bilməzlər. Məhəbbətlərinin zahiri əlamətləri belə yox kimidir. Bir dəfə də olsun anamın məni öpməsini xatırlamıram. Amma xəstə oluramsa… yatağımın ətrafında pərvanə kimi dolanar, gecə yuxu, gündüz rahatlıq bilməz. Belə analar sevilməzmi?

30 mayis. Gecə saat iki. Yenicə yatağımdan qalxıb, çırağı yandırmışam. Gözlərimə yuxu gəlmir…

31 mayis. Kefim yoxdur. Yuxusuzluqdan rəngim qaçmış, hava da könlüm kimi pərişandır; göyün qara buludları qəlbimin qüssədən qaralmış qanına bənzəyir…

Bu qədər mənəvi əzabın səbəbi nədir? Oğru, əyri, yolkəsən, avara, uşaqlara sataşan həp bizdən!

Mənim şəxsi tərbiyəm, qanacağım, ləyaqətimlə uğraşan varmı?

– Kimdir, müsəlman?

– Kafi!

Başqa şey arayan yoxdur. Əminəm ki, bir İvanın və ya Henrixin oğlu olsaydım, ən böyük hörmətə nail olardım. Nə edim ki, atam Məşədi Əbdül, özüm də Muradam…

1 həziran10. Gedib saçlarımı dibindən vurdurdum: indi ki, qızların məndən zəhləsi gedir, qoy büsbütün getsin. Mən ki, xoş rəftarımla onların rəğbətini qazana bilmədim, qara taleyimləmi qazanacağam? Sabah səfərdir, dərdlərim unudu-lar zənnindəyəm… Öz evimizdə belə yad olmuşam.

Ürəkdən danışmaz, gülməz, əylənməz, hər şeydən qorxardım. Atam məni tez-tez döyər, taleyim belədir, – deyə etiraz etməzdim. Yalnız ata deyil, çocuqları hər kəs döyər.

Şəhərimizdə on yeddi məhəllə var, hər məhəllənin bir məscidi və xüsusi həyatı var. Bir məhəllənin çocuğu o birisinə getdimi – döyərlər. Bu adətdir. Biz çocuq ikən həyatı yumruqsuz təsəvvür etməzdim. Ən gözəl tərbiyə çocuğu həyət hasarından kənara buraxmamaq idi. Mən də belə böyüdüm. Yoldaş yox, oyuncaq yox, bizimlə məşğul olan yox. Ətrafındakılara bir sual verdikdə:

– Az danış, başım getdi, – deyə cavab alardım. Çocuqluq şərəfim qırılar, daxili aləmimə çəkilib mənəvi yaralarımı qəmlə bəslərdim. Yadımdadır, bir dəfə bir araba qayırıb qarda gizlicə sürüşdüm. Şalvarımın arxası yaş olmuşdu – bu, sirrimi açdı. Məni bol döydülər, arabamı da sındırıb, dəmir sobada yandırdılar. Arabadan sonra bir həftə yasa batdım, xəlvət guşələrə çəkilib gizli-gizli ağlardım.

Beləcə, ətrafın zorbalıqları, vəhşəti, istibdadı qəlbimin şüşəsini sındırdı. Qəlbimdə daimi bir yaram var. Hər bir acı söz, acı rəftar ona toxunar, nalələr qoparar.

2 həziran. Sabah ertə hambal gəldi, şeylərimi götürdü ki, karvansaraya aparıb faytona qoysun – tək səbir gəldi. Şeyləri alıb hambalı yola saldılar ki, tək səbirdən sonra səfərə çıxmaq olmaz. Səbrin səfərə dəxli olmadığını anlatmağa qalxmışdımsa da, bir nəticə vermədi. Atam-anam çəkilib işlərinə getdilər, mən də bu avamların dərdini qəlbimə doldurub odlandım.

* * *

Bu axşam heç yerə getmirəm. Gülşəni dağılmış bülbül kimi pərişanam. Fəğan etmək istərdim, lakin fəğanımı dinləməyə müstəid bir adam varmı? Təkcəyəm, kimsəsizəm, fəğanım da təkcədir! Yeganə yoldaşım, bircə sirdaşım dəftərimdir. İndi pəjmürdə halımla onun qarşısında durmuşam. Kipriklərim göz yaşlarımı saxlamağa acizdir. Budur, odlu bir damcı əlimin üstünə düşdü, o birisi dəftərimi islatdı. Ağlayıram, bəli, acizəm, zəifəm. Bu göz yaşlarımdan bir düzüm yapıb səadət ilahəsinin gərdənindən assaydım da.

Ev pərişan; dava-dalaş, deyişmə, qarğış. Atam anamı döyür, anam da acığını qızlardan alır. Bu bəbəxt məxluqa qarşı yapılan zülmü gördükdə, insan dəli olmaq istəyir.

Bu qaranlıq məhbəsdən çıxdıqda bundan daha da qaranlıq küçəyə düşürəm. Vəhşi kişilər gözləri ilə məni yeyirlər. Fəna komplimentlərindən qızarıram, şaşıram, özümü itirirəm. Yenə xərabə evə dönürəm.

Ev pozuq, küçə pozuq, əcnəbilər arasında bizə yer yox. Məktəb bunlardan da xarab: dinirsən “tatarskaya lapatka” deyə başına çırpırlar. Tarix dərsi də ki bir şərəf əzabı – hər sətri xalqımıza və keçmişimizə bir tənə və istehza!

“Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun!”

3 həziran. Xoruzbeçələrin banlayışı, sanki yeni bir aləmdən xəbər verirdi. Xumarlanan gözlərim alaqaranlığı süzür, məstliyində davam edirdi. Xoruzlar təkrar banlaşır, məni yuxudan ayıldırdılar. Dan ulduzu sönük şüaları ilə gözümə çarpdı, təbəssümlər göndərən kimi oldu. Cəld geyinib bağçaya endim. Quyudan su çəkib üzümə vurdum, ayıldım. Gözəl bağçam dərin bir sükuta dalmışdı. Yüzlərcə bakir libaslı qönçələr günəşin yaldızlı11 şüasını gözləmədə idi, zanbaqlar məğrur başlarını yüksəldərək səf çəkmişdilər; məni görcək təzim edən kimi titrəşdilər; rəngarəng pərvanələr həzar butaların ətrafına fırlanaraq rayihədən məst olmuşdular… Əlimdə bel əlvan çiçəklərin arasından keçərək, hər yeri yoxladım: alaqları dartıb atdım, kolların diblərini qazıb boşaltdım, quru budaqları qayçılayıb atdım.

Günəş göründü, bağçaya zər səpildi, ətrafı süsləyən şeh inciləri minbir rəng çaldı, çiçəklər nəşələr saçdı, altun qanadlı pərvanələr və arılar mizrabı simlərə vurar kimi güllüyü lətif təranələrlə doldurdular. Belə söykənib bağçanı heyrətlə seyr edirdim. Ürəyim birdən sıxıldı, qərib hislər duydum: acı bir nəşə qəlbimi yaraladı… Sinanın gözəl siması çiçəklər arasından yüksəlib gözlərimi əsir etdi…

* * *

Tam bir il (əsrlərcə uzun sürən bir il) əvvəl idi. Sinanı ilk dəfə görmüşdüm. Uzun boyu, al yanağı, qara atlaz saçları, xoş baxışı hala12 gözlərimin qarşısında cilvələnir. Onu görməmişdən əvvəl yuxusuz gecələr bilməzdim; qəlbimi viran etdi. İlk dəfə olaraq yeni həyat üçün ayıldım.

Kefim yoxdur, yaza bilmirəm. Sonu sabaha qalsın.

* * *

4 həziran. Çar hökuməti erməni kilsəsinə məxsus əmlakı almışdı. Bizim vəqf əmlakı da alınmış və indiyə qədər geri verilməmiş – bizimlə hesablaşan kimdir ki? Rusiyanın rus-yapon müharibəsi və inqilab kimi çətinliklərindən istifadə edərək ermənilər kilsə əmlakını geri tələb etdilər. Daşnaq firqəsi terrora başladı: günün günorta çağı hökumət məmurlarını küçələrdə öldürməyə başladılar. Şuşada da az adam qırmadılar. Şəhərə əsgər gəldi, idareyi-ürfiyyə elan olundu. Sina gələn kazak zabitlərindən birinin qızı idi. Osetin idilər. Ona ilk dəfə balkonda rast gəldim. Bu kifayət idi. O gündən etibarən o cazibəli sima varlığıma hakim kəsildi. Hər gün neçə dəfə balkonun altından keçər, onu görmək istərdim, bir gün də görməsəm dəli kimi olardım. Mənim üçün ən məsud dəqiqələr balkonun altında keçirdiklərim olurdu. Başqa vaxtlarım əzabdan ibarət idi. Məni heç bir şey maraqlandırmırdı – məktəb zindan, ev zindan, hər yer zindan idi. Nə yoldaşlarımın danışığı, nə evdəkilərin söhbətləri – heç biri məni məmnun etmir, biləks acığıma səbəb olur. Yazıq çocuqları mən də incitməyə başlamışdım.

Sina ilə tanış ola bilmədim, yəni fikrində də deyildim. Bütün mənəvi mükafatı yalnız onu görməkdə bulurdum.

Getdi. Bir müddət dərd içində çırpındım. Zaman unutdurdu. İndi çiçəklərlə bərabər yenə qoxulayır, yenə qəlbimə qonaq gəlir.

* * *

Axşam saat ondur. Evimizdə hamı yatmışdır. Bir bizdə deyil, şəhərdə “müsəlman” deyilən burunlu-qulaqlı bütün məxluq yatmışdır. Bunlar günün qulağı batandan bir saat sonra çörəklərini yeyib, namazını qılıb yatağa sərilirlər. Nə etsinlər – oxumaq, yazmaq yox, kitab yox, əyləncə yox… heyvani bir həyat…

Bağçanın bir guşəsində şam işığında oturub yazıram. Bilirəm, atam işığı görsə üzümü danlayacaq:

– Gecənin yarısına kimi də – deyəcək – çıraq yanarmı? Belə tələfxərclik olmaz ki, sən eləyirsən? Mən bir qəpik qazanınca can allaha verirəm, sən də mənə qəsd eləyirsən.

Bunlar atamın həmişə dediyi sözlərdir. Bu sözləri çocuqluğumdan eşidirəm:

– Ədə, pələsək vurma, başmaq yırtıldı!

– Ədə, ağaca dırmanma, şalvar yırtıldı!

– Ədə, az ye, çörək qurtardı!

Bu kimi ifadələrə qulaqlarımız alışmış. Bu sözlərin sayəsində cəsarətimiz qırılıb getmişdir. Ata-anamızdan bir əmr sadir olar deyə, kipriklərimizi qırpmağa belə cürət etməmişik. İndi iyirmi üç yaşım var (rəsmi kağızlarımda yaşım iyirmidir, bu doğru deyildir), hələ də atamın nüfuzundan qurtara bilmirəm. Neçə gündür avamlığı ilə başıma ip salıb oynadır: şənbə günü tək səbir gəldi, səfərimə razı olmadı; dünən saat xoş deyilmiş; bu gün “bəni yumə”dir, nəhs gündür, sabah qəmər əqrəbdə olacaq… Müsəlman il uzunu saat xoşladır, fala baxdırır, qurana istixarə etdirir. Axırda da hamıdan geridə, kirli və vəhşi bir həyat keçirir. Bizim sadəliklə işimiz yoxdur, hər şey mürəkkəb və dolaşıqdır. Bircə ayların adına bax: Məhərrəm əl haram, Səfər əl müzəffər, Şəvval əl mükərrəm. Bircə adam adlarına bax: Məşədi İmamqulu, Kərbəlayı Ocaqverdi, Hacı Yaftıməli… Bircə adətlərə bax: məhərrəmlikdə xəncər götür, öz başını vur-yar, qanın tökülsün, bədənini deşdir, dərindən qıfıl, güzgü, ox as… Hər şey dolaşıq, hər şey ağıl şaşırdacaq qədər axmaqdır…

Mən də bu çürük mühitin meyvəsiyəm. Qara suda bitmiş yarpız kimi, həm özümü, həm də başqasını acılayıram. Atam məndən dilgir, mühit məndən dilxor.

Evdə ağzımı açıb danışa bilmirəm:

– Sən danışma, heç bir şey bilmirsən! Böyüyün sözünə bax! – deyə hər tərəfdən ağzıma vururlar. Böyük də barı böyük ola. Yazıq ağzının çörəyini yeməyə qadir deyil. Özü də dünyada molla Səlimdən böyük, ondan müqəddəs bir sima tanımır. Onu görəndə səcdəyə düşür. Molla da müridlərin əhvali-ruhiyyəsinə gözəlcə bələddir – başlarına ip salıb istədiyi yerə sürüyür. Qəribə burasıdır ki, atam məni də molla Səlimə mürid etmək istəyir, deyir:

– Niyə ağanın yanına getmirsən, səni çox xəbər alır.

Deyirəm:

– Getmirəm, çünki mənim boynuyoğun və insafsız adamla işim yoxdur.

Bu sözlərimin üstündə atam bir dəfə az qaldı vurub məni öldürsün. Bir iri daş götürüb belimə salmaq istəyirdi, qaçdım, canım qurtardı. Atamın məndən zəhləsi gedir, məni laməzhəb bilir:

– Sən moltanısan, – deyir, – sənin allahın yoxdur.

Atam mənim oxumağıma əsla razı deyil. Məni məktəbə qoyan anam olmuş, sonra da özüm davam etmişəm. Atam molla Səlimin məsləhəti ilə məni məktəbdən çıxarmaq istəmiş, bacara bilməmiş. Dörd ildən bəri bu barədə atamla danışığımız olur; söyür, söylənir, çığırır, bağırır – əlindən bir şey gəlmir.

5 həziran. Sabah ertə yenə atamla sözüm çəp gəldi. İstehzalı bir təbəssümlə dedim:

– Ay dədə, bəs qəmər əqrəbdən nə vaxt çıxacaq?

Atam ciddi cavab vermək istədi, lakin istehzalı təbəssümümü gördükdə şaşırdı. Nə cavab verəcəyini bilməyib darvazaya tərəf gedi və sonra nə düşündüsə, geri döndü:

– Ədə, – dedi – atamın goru haqqı sənin məzhəbin-zadın yoxdur. Nə şəriət tanıyırsan, nə imam. Heç zad tanımırsan! Gör nə təhərdisə, molla Səlim ağa kimi kişi də səndən razı deyil.

Atamın sözlərini kəsdim:

– Sən molla Səlimin atasının goru, qoy oturum! – dedim, – molla Səlim yaxşı olsa, evində arvad sürüsü saxlamaz. Adam sözü danış!

Atamın rəngi üzündən götürüldü, çuxasının qolunu titrək əli ilə çirməyib üstümə yüyürdü… mənə yaxınlaşdıqda əllərini aşağı saldı. Mətanətli baxışım onu bir az da utandırdı:

– Çörəyim səni tutsun! – deyə kişi başını aşağı saldı və yavaş-yavaş geri çəkildi.

Deməli, nə vaxt gedəcəyim yenə bəlli olmadı…

Anama deyirəm:

– Ay ana, bəs məni nə vaxt yola salırsan?

Deyir:

– Belə olsa, heç vaxt.

– “Belə olsa” hansıdır? – deyə ehmal soruşuram.

Anam acıqlanır:

– Özünü xora-xoşa qoymusan, yekə kişini uşaq kimi ələ salıb oynadırsan, üzünə ağ olursan. Sonra da deyirsən, günahkar odur.

Gülmək məni tutur, anam daha da acıqlanır.

– Dişi pişik kimi hırıldama! – deyir.

Gülmək məni götürür. Gülürəm. Axırda rişxəndli bir qayda ilə cırıq arxalığının qolundan yapışıb, yuxarı qaldırıram, yenə gülürəm. Anam da gülür və qolunu dartıb məndən qurtarandan sonra:

1.Mayıs – may
2.“Camaat” mənasında işlənmişdir.
3.Ruhanilərin təhsil aldığı ali mədrəsə.
4.Ləmyəzəl – ölməz, daimi.
5.Əmələ gəldiyi.
6.Həyəcan, çaxnaşma.
7.Söhbət Şuşadan gedir.
8.Fanus – fənər.
9.Yapmaq – tikmək, etmək, qayırmaq.
10.İyun
11.Qızılı, ya gümüşü, parlaq.
12.Hələ də, indi də.

Ücretsiz ön izlemeyi tamamladınız.