Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Məsihin qanı», sayfa 2

Yazı tipi:

– Oğul-bala, kitabı qaytar.

– Qaytarmıram.

– Sənə deyirəm qaytar.

– Qaytarmasam nə edəcəksən, Məsi?

Gözləmədiyim bir hadisə oldu.

Məsih müəllim oğlana güclü şillə çəkdi. Oğlan səntirlədi, ancaq özünü saxladı, yıxılmadı. Kitab oğlanın əlindən düşdü. Üzündə qəribə bir gülümsəmə var idi. Nədənsə, şillə yeyən insanların hamısı ilk öncə gülümsəyir. Məsih müəllim isə heç nə olmamış kimi şəhidlərin fotoşəkillərinə baxırdı. Oğlan şaşqınlıq içində idi, belə bir şey gözləmirdi. Mən də heç zaman düşünməzdim ki, belə bir şey ola bilər. Oğlan dodağının qanını sildi, bir müddət kinlə və yaşla dolu gözlərini müəllimə dikib qəzəblə bağırdı:

– Ə oğraş, kimi vurursan?

Məni kənara itələyib müəllimin üstünə şığıdı, dalbadal yumruqlar vurmağa başladı, mən araya girdim, bir neçə yumruq mənə dəydi. Məni yenə qırağa itələyib yenidən müəllimin üstünə cumdu, yerə yıxıb, üstünə çıxdı, yumruqlamağa başladı. Mən var gücümlə oğlanın sifətinə təpik ilişdirdim. Müəllimin üstündən yıxıldı. Bir müddət yerdə üzünü tutub it kimi zarıdı. Durub mənim üstümə cumdu, əlbəyaxa olduq. Bu zaman başqa müəllimlər səs-küyə gəldilər. Oğlanı polislə hədələdilər. Qaçıb getdi. Bir daha onu görmədim. Məktəbdən çıxdı. Məsih müəllimi ayağa qaldırdıq, qoluna girib ayaqyoluna apardıq. Üzünün qanını yudum. İki qabaq dişi düşmüşdü. Qaşı da partlamışdı, burnunun qanı dayanmırdı. Ayaqyolundan çıxıb qaça-qaça guşəyə getdi. Üzünü rəsmlərdən birinə dayayıb ağlaya-ağlaya nəsə pıçıldamağa başladı. Daha sonra isə qaça-qaça məktəbin həyətinə düşdü. Arxasınca getmədim. Atamın təzə aldığı köynək müəllimimin qanına bulaşmışdı. Anam nə qədər elədisə ləkəni çıxara bilmədi. Bir az da kötəkləndim buna görə. Ancaq, yalvardım, o köynəyi atmağa qoymadım. Məsih müəllim, bu hadisədən sonra bir ay məktəbə gəlmədi. Bir aydan sonra onu görəndə çox sevindim.

Salamlaşdıq. Qabaq dişləri yox idi.

– Salam, oğul-bala. Necəsən? Dərslər necədi? Necədi dərslər? Bax yaxşı oxu ha, yaxşı oxu.

Gələn ildən təqaüdə çıxdı. Onu bir daha görmədim. Bizim sinfə bir qadın müəllimə dərs deməyə başladı. Elə o müəllimədən öyrəndim ki, Məsih müəllim elə onun özünə də dərs deyib. Arvadını oğlunun doğumundan bir il sonra itirib. Oğlu da Qarabağda şəhid olub. O vaxtdan onda dəyişikliklər başlayıb, bu hala düşüb. Yoxsa, əvvəl məktəbdə ən hörmətli müəllim imiş. Direktorun özü də onla iki əllə görüşürmüş. Düşündüm ki, yəqin o vaxt qanlı üzünü dayayıb nəsə pıçıldadığı fotoşəkil oğlunun fotoşəkli imiş. Oğlana da şilləni ona görə vurmuşdu ki, oğlunun qarşısında onu təhqir etmişdi. O rəsm qarşısında döyülmək Məsih müəllimin faciəsi idi. Məncə, arvadını, oğlunu itirməkdən az təsir etməmişdi ona.

On birinci sinifdə oxuyanda öyrən dim ki, Məsih müəllim intihar edib. Asıb özünü. Hadisə isə bir həftə sonra bilinib. Bir həftə tavandan asılı qalıb Məsih müəllim.

Məsih müəllimi tez-tez xatırlayıram. Kitab oxuyanda, o qanlı köynəyə baxanda, filmlərdə kimsə kimisə döyəndə, mırıqdiş bir uşaq görəndə.

Çürük diş

I

Bəzən, anama nifrət edirəm. Buna görə vicdan əzabı çəksəm də, hisslərimə qarşı gələ bilmirəm. Bəzən də, onu qucaqlayıb saatlarla ağlayıram, üz-gözünü dəfələlə öpürəm. Yəqin ki, o mənim kim olduğumu və nə etdiyimi anlamır. Bəlkə də, anlayır, dəqiq bilmirəm. Anam ruhi xəstədi, həm də ayaqları yoxdu, yataqdan qalxa bilmir. Gününü gözlərini tavana zilləyib nəsə pıçıldayıb, səssizcə gülərək keçirir. Nə pıçıldamağı, kimə və yaxud nəyə güldüyü mənə həmişə maraqlı olub. Özünə də dəfələrlə sual vermişəm:

– Axı nəyə gülürsən? Gülməli nə var?

Cavab verməyib. Üzündən əsgik olmayan gic təbəssümü ilə bir müddət üzümə baxıb və yenə pıqqıldayaraq gülüb. Heç zaman cavab almayacağıma əmin olduğum gündən bəri bu sualı ona vermirəm.

Anam çox az danışır. Nitqi isə bir sözdən artıq olmur.

– Su… Dərman… Yemək… Batırdım…

Körpə uşaqlar kimi “r” səsi yerinə “y” səsi işlədir və hər sözün sonuna qırıq bir gülüş yapışdırır. Lakin, nədənsə “batırdım” sözünü deyəndə qəhqəhə çəkir. Heç zaman tualetə istəyini bildirmir, bildirsə mənim üçün də rahat olar. Bunu dəfələrlə ona başa salmışam, acılamışam, söymüşəm, hətta bir dəfə özümdən çıxıb qarnına yumruq da vurmuşam. O isə bir az ufuldayıb və yenə gülməyə davam edib.

O hər dəfə “batırdım” deyib qəhqəhə çəkəndə məni ağlamaq tutur. Çünki anamın naməhrəm yerlərini görməyə, onlara toxunmağa məcbur oluram. Nəcisini yuyuram. Nədənsə bu işi edəndə ilk dəfə edirmiş kimi, anamın əzalarına ilk dəfə toxunurmuş, ilk dəfə görürmüş kimi, o kəsif qoxunu ilk dəfə duyurmuş kimi hiss edirəm. O qıdıqlanırmış kimi qəhqəhələr çəkir, mən isə ağlaya-ağlaya işimi tezcə sonlandırmağa çalışıram. Bitirdikdən sonra o yenə uzanıb tavana baxır, mən isə əlimi yumağa gedirəm. Nədənsə anamı yuduqdan sonra əlimə baxa bilmirəm. İyrənirəm. Ümumiyyətlə, həyatımın özü də mənə iyrənc görünür. Günümü evdə keçirirəm, heç bir işlə məşğul olmuram, heç bir dostum yoxdu, həyatımda maraqlı heç nə yoxdu. Monotonluq, can sıxıntısı, bədbinlik, yalnızlıq və ən əsas da anamın gülüş səsləri bəzən məni intihar həddinə çatdırır. İntihar, bəlkə də, mənim üçün xilas olar. Bu həyatdan canımı qurtarmaq üçün canımdan da keçməyə hazıram. Lakin, anam öz əcəli ilə ölməyənə qədər buna haqqım yoxdu. Mənə nəsə olsa o, uzağı bir həftə yaşayacaq. Mən isə onun yaşamasını istəyirəm. Çünki, həyatda ondan başqa sevməyə, nifrət etməyə, danlamağa, qucaqlayıb ağlama, bəzən gülüşündən əzab çekməyə heç kimim yoxdu.

O, mənim anamdı. Mənim onun üçün etdiklərimi o da nə zamansa mənim üçün edib və yəqin ki, mənim kimi şikayətlənməyib. Sevinc duyub. Mən nə qədər onun üçün əziyyət çəksəm də, ona olan borcumu qaytara bilməyəcəm. Belə fikirlərlə özümü ovutmağa, bədbəxtliyimi və öhdəliklərimdən duyduğum mənəvi ağrını sıvamağa çalışıram. İşə yarayır.

Bəzən də, dəli olmaq həddinə çatıram. Evin ortasında yüksəkdən ağzıma gələn söyüşləri söyməyə başlayıram. Həyatıma, məni bu həyata gətirdiyi üçün anama, avtomobillə qəza törədib kiçik bacımı və özünü öldürən, məni sağ qolumdan, anamı da ayaqlarından və ağlından, ailəmizi isə xoşbəxtliyimizdən məhrum etdiyi üçün atama və bunların hamısı üçün allaha. Ən çox da allaha söyürəm. Baxmayaraq ki, artıq ona inanmıram, ancaq söymək az da insanı olsa rahatladır. Anam isə tavana baxıb gülür.

Anam öz dünyasındadı, heç nə anlamır, heç nə vecinə deyil. Heç nəyi dərk etmir. Heç bilmir mən kiməm, nəçiyəm. Bəlkə də, ağlı kəssəydi o da mənim kimi ölmək istəyərdi. Dəli olduğu üçün anama paxıllığım tutur. O məndən min dəfə çox xoşbəxtdir.

Anamın və mənim əlilliyə görə aldığımız müavinətlərlə yaşayırıq. Özümün də çox şanslı olduğumu düşünürəm. Əgər qəzada qolumu itirirdiyim üçün müavinət ala bilməsəydim, acından öləcəkdik. Onsuz da, anamı tək qoyub işləyə bilməyəcəkdim.

Qəzadan dörd ildən çox zaman keçib. O zaman mənim on yeddi, kiçik bacımın isə on bir yaşı var idi. Uzaq bir qohumun toyundan evə qayıdarkən yolda qəzaya uğradıq. Alçaq atam içmişdi. Ona həmişə nifrət etmişəm, indi də nifrət edirəm. Hadisəni anbaan yaşadım. Huşumu çox gec itirdim. Dəmirin qolumun qabağından girib arxasından çıxmasını, sümüyümün xırçıltısını, atamın yerə tökülmüş beynini, bacımın qırılmış dişlərini və ağzından bulaq kimi tökülən qanı görsəm də anamı görmədim. Var gücümlə “Səadət” deyə bağırdım. Bu anamın adıdı. Özümə də maraqlıdı, niyə o an “ana” yox, “Səadət” deyə bağırmışdım.

Sonra huşumu itirdim. Oyanandım. Xəstəxanada idim. Bu dəfə “ana” deyə qışqırdım. Dedilər ki, anan sağdı, atan və bacın ölüb. Əlimin kəsildiyini biləndədə reaksiya verə bilmədim. Bu şəhadət və baş barmağını itirmiş adamın sonradan kiçik barmağını da itirməsini öyrənməyinə bənzəyirdi. Daha sonra isə anamın ağlını itirdiyini və ayaqlarının kəsildiyini öyrəndim. Barmaqlarımdan birini də itirdim.

Həyatım yönünü dəyişdi. O qəzada təkcə atamı, anamı, bacımı, əlimi itirmədim. Arzularımı, planlarımı, xəyallarımı, həyat sevgimi, uşaqlığımı zibil qutusuna atdım. Dünyam da zibil qutusu qədər kiçildi və iyrəncləşdi. Məncə, bədbəxt doğulanların acısı, sonradan bədbəxt olanların acısından çox daha azdı. Kor doğulan heç zaman sonradan kor olmuş adam kimi görməyi arzulaya bilməz.

Bütün günahlar atamdadı. Alçaq oğlu alçaq. O lənətəgəlmiş içkini içməsəydi biz yenə də xoşbəxt yaşayırdıq. Bacım yenə sevdiyim qızlarla maraqlanacaqdı, anam dadlı yeməklər bişirəcəkdi, məni əzizləyəcək, saçlarımdan öpəcəkdi. Saçlarımdan öpməyi çox sevirdi. Bəlkə indi də sevir, ancaq özü bunu bilmir.

Görəsən içkini hansı vicdansız kəşf edib? Görəsən, neçə adam bu murdar mayeyə görə canını, sağlamlığını, ailəsini itirib, neçə adamı bedbəxt edib?

Xəyal qururdum ki, universitetə qəbul olaram. Ədəbiyyatı çox sevirdim. Yaxşı oxuyurdum. Piano çala bilirdim. Aytəni sevirdim. İndi sevmirəm, özümə sığışdırmıram, layiq bilmirəm. Necə də gözəl idi. Necə də gözəl gülürdü. Hətta ona şeirlər də yazırdım. Qəza olmasaydı, sabahkı günü sevgimi etiraf edəcəkdim…

Dörd ildir ki, həyatım nəcis qoxan evimizdə kitab oxumaq, yemək yemək, anamı yedirmək, yuyundurmaqdan ibarətdi. Kitab oxumağı uşaqlıqdan çox sevmişəm. Evdən ancaq bankomatdan müavinət, marketdən ərzaq və kitabxanadan kitab almaq üçün çıxıram. Evdən çıxanda özümü sudan çıxmış balıq kimi hiss edirəm. Nimdaş paltarlarımdan və şikəstliyimdən utanıram. Köhnə dostlarımı, tanışlarımı görəndə yolumu dəyişirəm. Kimsə mənə acıyırmış kimi baxanda əsəbimdən az qalıram həmin adamın üstünə şığıyım.

₺65,76
Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
29 ekim 2022
Yazıldığı tarih:
2015
Hacim:
80 s. 1 illüstrasyon
Telif hakkı:
Автор
Metin
Ortalama puan 5, 2 oylamaya göre