Kitabı oku: «Məsihin qanı», sayfa 3
II
Küçəmizdə bir it var, adına Topuş deyirlər. Çox qocadı, dişləri çürüyüb, tükləri tökülüb, pəncəsinin arxasında da qaz yumurtası boyda şiş var. Gəzəndə ayağına dolaşır. Bir də görürsən, uşaqlar quyruğuna konserv qutusu bağlayıblar. Yazıq it qaçdıqca çıxan səsdən ürküb daha da bərk qaçır, ayağı o biri ayağındakı yekə şişə ilişib yıxılır, acıqlı səslə zingildəyir. Ya da görürsən bir neçə uşaq Topuşu tutub, əllərindəki bağban qayçısı ilə itin qulağını kəsirlər. Ümumiyyətlə uşaqlar qəddar olur. Məni görəndə də arxamca söz atırlar, fikir verməməyə çalışıram.
Topuş hər gecə hürür, pəncərədən onun hürməyini izləmək xoşuma gəlir. Yağan yağışa, qara, ulduzlara hürür. Axmaq it, qocalıb bu yaşa çatıb hələ də anlamır ki, qara, yağışa, ulduzlara hürməklə deyil. Onsuz da qar yağacaq, ulduzlar parlayacaq.
Bir həftə qabaq marketə gedəndə gördüm ki, Topuş yerdə uzanıb can verir. Qarnından yaralanıb. İz bıçaq izinə oxşayır. Bəlkə də silahla vurublar. Bizim məhəllədə ovçular çoxdu. Yəqin kimsə maraq xatirinə vurub. Bəlkə də özünün günahıdı, yemək üçün harasa soxulanda olub. Qarnına da üç küçük soxulub döşlərindən süd əmir.
Hava toranlaşırdı və bir saata yaxın can verən Topuşu və küçükləri seyr edirdim. Topuş öldü, küçüklər də analarının döşlərindən süd yox qan gəldiyini görəndə əmməyi dayandırdılar. Analarının ağzının qıraqlarını və çürümüş dişlərini yalamağa başladılar. Yağış yağırdı. Küçüklərdən ən çox xoşuma gələni qucağıma götürdüm, erkək idi. Sonra onu yerə qoyub ən çirkinlərini götürdüm. Küçük də olsa istəmədim ona qarşı görünüşünə görə ayrıseçkilik olunsun. Talelərimiz də demək olar ki, çox bənzəyirdi. Adını Zevs qoydum. Evə apardım. Düşündüm ki, mənlə dostluq edər, həyatıma rəng qatar…
Sabahsı gün kitabxanadan qayıdanda gördüm ki, anam qəhqəhə çəkib gülür və üzündə it nəcisi var. Ev də alt-üst olub. Anam güldükcə də nəcis tərpənir və dodaqlarına dəyir. Kitabları yerə atıb dəli kimi küçüyü axtarmağa başladım, çarpayının altından tapdım və çölə çıxıb var gücümlə divara çırpdım. İtdən tükürpədici səs çıxdı və öldü. Evə qayıdanda gördüm ki, anam nəcisi saçlarına yaxıb. Əvvəl anamı sonra özümü öldürmək istədim. Sonra fikrimdən daşındım, oturub axşama kimi anamın gülüş sədaları altında hönkür-hönkür ağladım. Sabah isə hər şey qaldığı yerdən davam etməyə başladı.
Yaşamağım Topuşun ulduzlara hürməyinə bənzəyir. Nə olacaq, necə olacaq bilmirəm. Bəlkə də, gün gələcək bezib anamı da, özümü də öldürəcəm. Hər şeyin günahkarı şərəfsiz atamdı…
Pradosunu satmış rahib
I
Yemək yemə tərzi olduqca iyrənc idi. Xiyarı diri-diri, bütöv şəkildə ağzına dürtür, üstündən də bir qurtum şirin çay içib, daha sonra qızardılmış kartofu ağzına təpirdi. Bu səbəbdən də qarnı az qala dizinə dəyir, döşləri qoca qarı döşləri kimi sallanır, buxağı boğazının hulqumunu görünməz edirdi. Buna baxmayaraq, ona çirkin demək də düzgün olmazdı. Bütün kök insanlara xas olan şirinlikdən Şəmsəddin də öz payını ala bilmişdi. Nazik bığları da bu şirinliyə şirinlik qatır, incə səsi, gözəl dişləri, məsum gülüşü də bu şirinliyi pik həddə çatdırırdı. Bu məsum görünüş bəzi əməllərini həyata keçirmək üçün Şəmsəddinə Tanrının hədiyyəsindən başqa bir şey deyildi.
Yeməkdən başını qaldırıb ətrafı nəzərdən keçirdiyi zaman gözü oğlunun əlindəki kitaba sataşanda sanki ilan gördü, diksindi, loxması az qaldı boğazında qalsın.
Ə bu nə kitabdı oxuyursan?
“Ferrarisini satmış rahib” kitabıdı, dədə.
– Sənə yüz dəfə demişəm ki, belə səy-səy şeylər oxuma. Oxumaqdan kimə xeyir gəlib? Ver görüm bura.
Kitabı oğlundan alıb evdən çıxdı. “Prado”suna mindi. Şəmsəddinin ağırlığından maşın sola əyilib, təzədən dirçəldi. Ofis şəhərdən kənar, gözəbatmaz, gündəyməz bir yerdə idi.
Şəmsəddinin əlinin altından, bəlkə, onlarla, yüzlərlə ofis gəlib-keçmişdi. Bu “Prado”-nu, şəhərdəki üç, rayondakı bir evi, bütün malını-mülkünü həmin ofislərdə qazanmışdı. Həmçinin bir marketi, çörək sexi, meyvə-tərəvəz dükanı da var idi. İşinin adı dəllal (makler) olsa da onun bu ofisdə nə iş gördüyündən şeytanın özü belə baş aça bilməzdi. Şeytana başmağını tərs geydirərdi, Şəmsəddin. Şeytana fırıldaqçılıqdan dərs keçər, dərslərdən geri qaldığı üçün məzəmmət belə edə bilərdi. Kimisə aldatmaq onun üçün şərəf, pul atmaq baş ucalığı, soymaq şücaət, dolandırmaq mərdlik idi. Sənə elə kələk gələ bilərdi ki, ayaqların göydə qalardı. Sən hələ də Şəmsəddinin ovu olmadığın üçün, bilirsən mi, necə şanslısan? Bunu da unutma ki, sıra sənə də gələ bilər, ehtiyatlı olmalısan. Əgər ehtiyatı əldən versən və bir gün Şəmsəddinlə qarşılaşsan, onunla salamlaşsan görəcəksən ki, barmaqlarından ən azı biri yoxdu. Şəmsəddin işinin maestrosudu, karifeyidi, ustadıdı. Şəmsəddin canlı əfsanədi. O işini dərinliklərinə qədər bilən, peşəkar bir adamdı.
Şəmsəddinin günü ofisdə keçir. Səhərdən axşama qədər telefonu susmur, sonra ora get, bura qayıt, bunu ona çatdır, onu buna çatdır, bundan al ona ver, ondan al buna ver, ondan yüz, bundan min, o birindən on min… Düzdü, arada kompyuter arxasında gic-gic oyunlar oynamaqdan, çay gətirməkdən, dalını burcutmaqdan başqa əlindən heç nə gəlməyən iridöşlü, saxta sarışın katibəsi ilə stres atdığı da olur. Ancaq, gəlin bunu ona çox görməyək, dostlar. Günü beləcə keçib gedir bizim biçarə Şəmsəddinin. Axı o avtomat deyil, robot deyil, o da insandır. Yorulub, əldən düşüb, o da dincəlmək istəyir, rahat, firavan ömür arzulayır. Nə qədər söyüş yiyəsi olasan? Nə qədər çirkaba batasan? Arada özü ilə baş-başa qaldığı zamanlarda öz-özünə düşünürdü:
“Özüm ölüm, belə həyat olmaz. Adam nə qədər zülm çəkər, adam nə qədər qorxu çəkər? Bir gün kimsə anamı ağlar qoyacaq. Bir il də keçsin, arvad-uşağı da götürüb gedəcəm rayona”.
Sonra aldatdığı adamları, qazandığı pulları düşünüb arsız-arsız hırıldayır, etdiyi əməllərdən sadistcəsinə zövq alırdı.
Bu gün nəsə sakitlik idi. Telefonuna zəng gəlmir, katibəsi də kiminləsə telefonla danışırdı. Nəsə onunla mazaqlaşmağa da həvəsi yox idi. Səhər oğlundan aldığı kitabı vərəqləməyə başladı. Yəqin ki, axırıncı dəfə məktəbdə əlinə kitab almışdı. Bununla belə, oxumaq qərarına gəldi. Həm etməyə başqa işi yox idi, həm də bilmək istəyirdi ki, qırışmal oğlu nə kitabı oxuyur?
Kitabda bir vəkildən söhbət gedirdi. Hansı ki, gərgin iş rejimindən sonra məhkəmədəcə infakt olub. Milyoner vəkil xəstəxanadan çıxdıqdan sonra bütün malını-mülkünü, “Ferrarı”-sini satıb Hindistana gedib. Orda Yoq Raman adlı bir kahindən xoşbəxtliyin sirlərini öyrənib. İyirmi yaş cavanlaşıb, vətənə tamam başqa bir insan kimi qayıdıb. Kitab olduqca maraqlı idi. Oxuduqca oxumaq istəyirdi. Qəlbinə sakitlik, hüzur dolurdu. Kamilləşirdi, Şəmsəddin. Qiraətin şirin yerində telefonuna zəng gəldi. “Qoymazlar kitabımızı oxuyaq” deyərək “yes” düyməsini basdı.
– Alo…
Həmişə “alo” deyəndə uşaq səsi çıxarırdı ki, namünasib adam olanda kim olduğunu dana bilsin.
– Şəmsəddin, salam.
Müsahibin səs tonundan anladı ki, xəyirli adam deyil. Uşaq ləhcəsiylə danışmağa başladı:
– Salam, əmican. Şəmsəddin deyil.
Mənim adım Qələndərdi. On yaşım var. Məktəbə gedirəm. Sinif yoldaşlarımı çox sevirəm.
– Bura bax, Şəmsəddin, mənim əsəblərimlə oynama. Pulumu qaytar. Yoxsa özüm tapacam səni. Tapanda belə danışmayacam.
Şəmsəddin işin fırıq olduğunu anladı.
– Kimdi danışan?
– Məciddi.
– Hansı, Məcid?
– İyirmi min pul atdığın Məcid. Bir ildi süründürdüyün Məcid. Sən necə adamsan, Şəmsəddin? Biz də pul atmışıq, ancaq belə yox. İnsaf da dinin yarısıdı. Pulumu qaytar, Şəmsəddin. Yoxsa, sonun yaxşı olmayacaq.
“Üzünü mürdəşir yumuş, nömrəmi bir həftə qabaq dəyişmişəm, hardan tapıb görəsən? Nömrə dəyişməkdən, obyekt dəyişməkdən bezara gəlmişəm alçaqların əlindən” deyə düşündü.
– Qardaş, narahat olma. Pulun çatacaq. Bu nə söhbətdi eləyirsən? Heç sənə yaraşdı mı? Kişiyik, söz kəsmişik. Çatacaq dedimsə, çatacaq. Ürəyini buz kimi saxla.
– Şəmsəddin, məni oyuna gətirmə. Bir ildi eyni şeyi deyirsən. Mən bilmirəm. Bu gün gələcəm ofisə. Çatdırmasan məndən incimə.
“Onsuz da ofisimi tanımır” deyə ürəkləndi.
– Danışığına fikir ver ə xotux. Buna bax, mənə hədə-qorxu gəlir. Atamın goru haqqı, başına oyun açaram.
– Şəmsəddin əzrayilin olacam, yortacam səni, görərsən.
Məcid bunu deyib dəstəyi asdı. Şəmsəddinin qanı qaraldı. Bayaqkı sakitliyindəndan əsər-əlamət qalmamışdı. Belə hədə-qorxuları çox eşitmişdi. Hətta öyrəşmişdi bunlara. Ancaq yenə də dilxor oldu, kitabı kənara atdı.
– Seva, mənə çay gətir. Tez ol.
Bir neçə saat sonra ofisdən çıxdı. Maşına minirdi ki, bu tükürpədici səsi eşitdi.
– Salam, Şəmsəddin. Tanıdın?
– Məcid… Qardaş…
Yazıq görkəm aldı. “Qardaş”-ın ikinci hecasındakı “a”-nı bir xeyli uzatdı.
– Pulu doğ, Şəmsəddin.
Səsində qətiyyət var idi, əlində də bıçaq. Şəmsəddinin ayaqları arasından isti maye axaraq şalvarının balaqlarından yerə axdı. Nə edəcəyini bilmirdi. Çıxılmaz bir vəziyyət idi. Qaçmaq istədi, Məcid yaxasından yapışıb bıçağı qarnına soxdu. Şəmsəddin yerə sərildi. Qarnından axan qan sidiyinə qarışdı. Məcid qaçıb getdi. İt kimi zarımağa başladı. Yaxşı ki, qarnında illərin əməyi və bəhrəsi olan piy qatı var idi. Yoxsa çoxdan cəhənnəmdə iblislərlə qucaqlaşmışdı, Şəmsəddin.
Gözlərini xəstəxanada açdı. Xəyali olaraq olanları xatırladı. Məcidin nəslinə yağlı bir söyüş söydü. Sonra otaqda səssizcə öz işini görən, Şəmsəddinin oyanmağından xəbərsiz olan tibb bacısının yançaqlarına baxdı.
Ücretsiz ön izlemeyi tamamladınız.