Kitabı oku: «Varlıq və Yoxluq Arasında»
"Bizi nə vaxt məhv edəcəklər?"
– Faulkner
1
SƏSSIZLIYIN GURULTUSU
Bəzi dərdlərin çarəsi olmur, sadəcə adı olur o da bədbəxtlik. Həyatda bəzən elə anlar gəlir çıxır ki, öz həyatının içində itib-batırsan. Tutduğun bütün qeydlərinin, bütün ürəyini isidən nikbin ümidlərinin və planlarının içində yıxılıb qalırsan. Keçmiş həsrət və peşmançılığı bir tərəfdən, gələcək təlaş və qorxusu bir tərəfdən ürəyini məngənə kimi sıxır. Bütün dünyan başına yıxılır. Hardan başlamalı olduğunu bilmirsən və kömək əli atacaq heç kimin yoxdur. Oturub ağlamaq istəyirsən. Onu da bacarmırsan. Özündən üzr istəyirsən. Darmadağın olmuş ümidlərini qucağına alıb üşüməyin deyirsən. Bir yolunu tapacam deyirsən. Ancaq nə edəcəyin barədə ən kiçik fikrin belə yoxdur. Anaların aclıq günlərində balalarını məcbur qalıb aldatdığı kimi özünü və ümidlərini aldadırsan. Qaranlıq girdaba girmiş ruhun pozulur və parçalanır. Ürəyindən sallanan ağır daşlara hər gün yeni birisi əlavə olunur və onlara sarılıb özünü ən yaxındakı çayın sularına buraxmaq istəyirsən. Sonra qorxur, boğulmağın çox da yaxşı bir fikir olmadığını qərara alır və bir də baxırsan ki araşdıraraq əzabsız intihar üsullarının ustası olmusan. Ancaq hələ də həyatdasan. Çünki heç bir ananın öz balalarını sağ qoyub ölməyəcəyi kimi heç bir in san da öz ümidlərini sağ qoyub ölmür. Bunu başa düşürsən və yaratdığın bütün ümidlərini bir-bir öldürməyə başlayırsan. Onlar ölməyincə sənə rahat yoxdur. Nə qədər yaxşı bir qatil olduğunu zaman göstərəcək. Nadir hallarda analar öz balalarını öldürəcək qədər qəddar olur.
Təkrar yaşama cəhdlərin müvəfəqiyyətsizlik və uğursuzluqla nəticələndikdən sonra bütün seçimləri götür-qoy edir və yenidən qərara gəlirsən: Həyatda ən yaxşı seçim ölümdür, çünki o heç vaxt peşman ola bilməyəcəyin tək seçimdir. Ancaq bütün insanlar intihar asan olmadığı üçün bu ən yaxşı seçimi göz ardı edir və elə yaşamağa çalışırlar.
Yaşamaq əziyyətinə dəymirdi, ən azından onun üçün. Və o, artıq yorulmuşdu. İşindən yeni ayrılmışdı. Bir neçə ay bəs edəcək qədər pulu var idi yığıb saxladığı. Təxminən üç aylıq kira, qida və digər xırda şeylərə ancaq bəs edərdi. Üç ay içində ya yenə iş tapmalı, ya da ölüb getməliydi. Yaşamaq artıq əziyyətinə dəymədiyi üçün ikinci seçim daha asan və cazibəli gəlirdi ona sanki. Həyatının ağırlığını qaldıra bilmirdi, nə də çıxış yolu tapa bilirdi. Şahmatdakı kimi zuqzvanqa düşdüyünü düşünürdü, nə edirsən et matsan, məğlub olmusan və çıxış yolun yoxdur. Buna görə də uzun müddətdir ki intihar planları qururdu. Əlbətdə ki asan idi deyə düşündü. Ölüb gedəcəkdi, vəssalam. Bütün dərdləri, ağrıları, çəkdiyi əziyyətlər, darıxmaları, qısqanclıqları, keçmiş həsrəti və bütün insana ağrı verən xüsusiyyətləri də onunla birlikdə çürüyüb gedəcəkdi. İntihar bu qədər asan idimi doğrudan da? Deyildi. Ona görə də uzun müddətdir tərəddüdlər və vəsvəsə içindəydi. Bu qədər əzab çəkən insanların bu qədər il həyatda qalmasının da başqa açıqlaması yox idi. Başqa bir məna verə bilmirdi. Ölüm əslində insanın doğrudan da ən böyük düşmanıydı. Ona görə yox ki o insanın həyatını bitirirdi, əksinə bu yaxşı tərəfi idi, ona görə ən böyük düşmanı idi ki, çətin idi. Çox çətin idi, həyatını bitirməklə həyatda qalmaq arasındakı bir əngəl idi. Varlıq və yoxluq arasındakı keçid. Sanki iki şəhəri bir-birindən ayıran olduqca enli və içi timsahlarla dolu bir çay idi ölüm. Keçmək üçün hər yaxınlaşanda qorxub geri qayıtdığın. Sanki cəhənnəmdə yaşayırsan və səni cənnətdən ayıran enli bir çay var. Keçə bilmir, yaxınlaşa bilmirsən. Çayın digər tərəfi isə cənnət idi, bəli, cənnət. Yoxluq. Ən böyük cənnət deyilmi? Yoxsan. Yox olursan. Heçlik. Varlığından azad olduğun tək an. Ən müqəddəs qurtuluş. İnsanoğlunun ən böyük qurtuluşu yox olmasıydı ona görə. İnsanın içindəki savaşı bitirəcək olan tək şey ölüm idi. Yəni ölüm əslində insanoğlunun ən böyük dostu idi deyə düşündü. İnsansa ondan qaçmaq üçün əlindən gələn hər şeyi edirdi, bütün texnologiyasını, dava-dərmanını ölümdən daha da uzaqlaşa bilmə düşüncəsi ilə yaradırdı.
İnsanlar yoxluğun dəyərini başa düşə bilmirlər. Genləri onlara əngəl olur və dərk edə bilmirlər. Ölümün necə gözəl çıxış yolu olduğunu. İntiharın deyil, ölümün. İkisi ayrı-ayrı şeylərdir zira. Özünü öldürmək qorxunc səslənir və elədir də. Ancaq xəbərin olmadan və əzabsız olaraq gələn ani ölüm ən böyük xoşbəxtlikdir. Yoxsan və artıq nə ağrıların nə də istəklərin səni incidə bilər. Yoxluq, yəni var olmama buna görə də ən böyük nemətdir.
Ancaq insan beyni kimi mükəmməl bir bioloji mexanizm “ailəmə məni dünyaya gətirdikləri üçün minnətdaram” kimi cümlə qura bilər və bunu müdafiə edə bilərdi deyə düşünürdü. Cümlə başdan səhv və məntiqə zidd idi, zira varlıqla yoxluq bir-biriylə müqayisə edilə bilməz. Ancaq iki mövcud şey müqayisə edilə bilinər. Var olan həyat, yoxluqla necə müqayisə edilə bilərdi? Bir insan ailəsinə onu dünyaya gətirdiyi üçün necə minnətdar ola bilərdi əgər doğulmasaydı var olmayacaq və var olmadığını bilməyəcəkdisə belə? Biri səni yoxdan var edir və sən ona minnətdar olursan. Absurddur. Ancaq bəzi insanların beyin kimyası həyatda qalmaq üçün o qədər münasib və möhtəşəmdir ki bu absurdluğu heç vaxt dərk edə bilmirdilər.
O elə düşünmürdü. Daha doğrusu heç vaxt elə düşünməmişdi özünü tanıyandan. Ölümü sevirdi. Sanki onunla uzaqdan yaşadıqları bir sevgiləri var idi. İkisinin də fərqində olduğu, ikisinin də biri-birindən ötrü darıxdıqları bir sevgi. Aralarında duran tək maneə isə sahib olduğu bioloji instiktiydi şübhəsiz. İnsanı həyatda tutan instikti, genləri. Sanki ölmək istəyən o idi, yaşamaq istəyənsə genləri. Əlbətdə ki elə də olacaqdı deyə düşündü. Milyard illik təsadüfi təkamülün tək səbəbi genlərin özlərini həyatda saxlayıb bir sonrakı nəsilə daha yaxşı formada ötürə bilmələri idi, çəkilən əziyyətlər vacib deyildi, fərdlərin, milyardların çəkdikləri yaşam əziyyəti vacib deyildi. Sonra o həyatda qalmaq istəyən genlərdən bəziləri o qədər inkişaf etmişdilər ki artıq şüur kimi kompleks və möhtəşəm bir düşüncə gücü istehsal edirdilər. Əslində onların həyatda qalma ehtimallarını daha da artırmaq üçün öz-özünə ortaya çıxmış şüur, indi onlara – genlərə – baş qaldırırdı. Yaşamının mənasını sorğulayırdı. Sanki mühafizəkar atanın oğlu böyüyüb ondan intiqam alırdı. Şüur bu nöqtədən baxanda bəlkə də canlı təkamülünün ən böyük nöqsanı idi və yavaş-yavaş onu yox edirdi. Amma bütün insanlarda qalib gələn tərəf şüur deyildi. Daha doğrusu, yaşamaqda olan insanların heç birində şüur hələ ki qalib gələ bilməmişdi zira həyatdaydılar. Hətta nəinki qalib gələ bilmək, bir çoxunda şüur həyatda qalmağın tərəfdarı və dəstəkçisi idi. İnsanlar bu nöqteyi nəzərdən ikisi şanslı biri şanssız olmaq üzrə üçə bölünürdülər eləysə. Şüuru və genləri yaşamaq istəyənlər, şüuru ölmək istəyib amma genlərinə qalib gələ bilməyənlər və şüuru ölmək istəyib geninə qalib gəlib intihar etmiş olanlar. Ən pisi ortada qalmaq idi. Nə oyanlıqsan nə buyanlıq. Nə yaşaya bilirsən nə ölə. Onda da vəziyyət eləydi. Nə intihar edə bilirdi, nə istədiyi həyatı yaşaya bilirdi. Varlıqla yoxluq arasında sürünürdü.
Bu, insanın varoluşundan bu yana içindəki ən böyük savaşı idi. Başları bir-biriylə savaşan nəhəng ikibaşlı əjdaha kimi. Həyatın yumor anlayışı idi bu, sevinclə gözyaşının bir-birinə qarışdığı an kimi, sevincdən ağlamaq kimi. Hər insanın içində sahib olduğu ən az iki mənliyi və biri-birləri ilə ömrü boyu höcət halında olmaları kimi. Sanki bütün şanlı tanrılar orkestra kimi bir yerə yığılıb ən böyük sənət əsərlərini yaratmışdılar və bununla fəxr edirdilər. Belə kompleks bir paradoks yaratmaq nə də olsa asan bir iş deyildi.
Həyat gözəldir. Ancaq yaşama əziyyəti hamıda eyni dərəcəyə sahib deyil. Fərdin yaşama zəhmətinin faydalı iş əmsalının sıfırın altına endiyi andır intihara qərar verilən an. Ya da həyatdan aldığı həzzin yaşama əziyyətilə müqayisədə ki faydalı iş əmsalının dəyəridir intihar. Bu dəyərin miqdarı kişidən kişiyə dəyişə bilər. Ümid, arzu və istəklərin cəmi bölünsün çəkilən əzab-əziyyətin miqdarına.
Sonra birdən ilk intihar etmiş insanı düşündü. Böyük bir inqilab olmalıydı. Həm də istənilən yaradılış nəzəriyyəsində. İstər təkamül nəzəriyyəsi istərsə də ilahi yaradılış nəzəriyəsində ilk intihar bütün mənalarda qüdrətli bir çevriliş olmuş olmalı idi. Başqaldırırdı insan öz yaradılışına. Üsyan edirdi. İlk asi insan doğulurdu beləcə. Aralarından ilk dəfə biri çıxıb “bilirsiniz nə var? Mən gedirəm!” deyirdi. İnsanlıq tarixindəki ən böyük başqaldırı idi doğrudan da. Hətta ilahi yaradılış hekayələrindəki Adəm və Həvvanın ilk inqilabı sayıla biləcək alma oğurluğundan da daha şiddətli idi.
Bir anlıq ilk intihar etmiş insandan ötrü darıxdı, onla tanış olmaq istədi. O insanı özünə yaxın hiss etdi. Sanki indicə bu anda belə o insanla tanışsaydı əgər, çox yaxşı yola gedərdilər deyə düşündü. Ortaq bir dillərinin belə olmamasına baxmayaraq yenə də yola gedərdilər deyə düşündü. Əlini o ilk üsyanı qaldırmış bezgin dostunun çiyninə qoyardı, gözlərinin içinə baxardı və onu başa düşdüyünün hiss etdirərdi ona…
Bir anlıq xəyaldan oyanıb əlindəki şəkər qamışından hazırlanılmış roma baxdı, butulkanın yarısı doluydu hələ də. Bu ona kiçik bir xoşbəxtlik hissi verdi. Romun bitdiyini sanmışdı. Qaldırıb bir qurtum daha aldı. Ağzını büzüşdürdü. Ətrafına baxınıb siqaretin harda olduğunu müəyyənləşdirməyə çalışdı. Sarma tütün çəkirdi. Əvvəlcədən sarıb tütünləri paketə yığmışdı. Biraz vurnuxdu. Paketin divanın o başında yerdə olduğunu gördü. Tənbəlcə ayağa durdu, içkinin təsiri ilə azacıq baş gicəllənməsi hiss edirdi. Müvazinətini qorumağa çalışdı, səndələyərək irəli doğru bir addım atıb paketi yerdən götürdü. Sərxoşluğun tam bu anlarında yandırılan siqareti çox sevirdi. Ona görə siqaretdən alınan ən böyük həzz tam da bu an idi. Bir sarma götürüb dodaqlarının arasına qoydu. İki əlini birləşdirib bükərək sarmanı yandırdı. Uzunca sordu. Dərindən nəfəs alıb tüstünü ciyərlərinə çəkdi və kiçik anın həzzini yaşadı. Aldığı tüstünü burnundan çölə buraxdı. Romdan bir qurtum daha aldı. Əli ilə alnını və gözlərini ovuşdurdu. Bir neçə saniyəlik sükut içində dayandı. Ən son nə etdiyini, nə düşündüyünü xatırlamağa çalışdı. Başını silkələdi, gözlərini bir neçə dəfə yumub açdı. Divana doğru geri atdı özünü. Aşağı çökdü və uzun müddətdir yalnız yaşadığı birotaq mənzilinin pəncərəsindən çölə daldı gözləri. Səma tünd maviyə boyanmışdı, melanxoliyanın rəngi bəzəyirdi buludları. Tutqun buludların arxasında mavi şeytanlar gizlənmişdi və uzaqlarda bir yerlərdən kədər və qəmin musiqisi mavi notalı blues eşidilirdi.
İlk intihar edən insana getdi fikirləri yenə. Görəsən necə intihar etmişdi deyə sual verdi darıxan iç səsi ona. Fikir ona maraqlı gəldi. Axı o dövrdə daha da çətin idi intihar. Dövr deyəndə ki, hansı dövr? Lap əvvəllərə getsək hələ meşədə yaşayan yeni-yeni şüur inkişafı başlayan insanlara, o dövrdə axı hələ ağrısız intihar üsullarından heç biri yox idi. Özünü öldürməyə qərar vermiş biri olsaydı elə bir dövrdə, o nə edərdi deyə düşündü bir anlıq. İlk olaraq suda boğulmaq gəldi ağlına. Yüksək bir təpədə, dağın üstündəki meşə ilə dənizin birləşdiyi nöqtədəki uçurumdan düz aşağı tullanmışdı bəlkə
də ilk qəhrəmanımız. Yoxsa bəlkə də elə birbaşa ürəyinə sancmışdı daşdan düzəlmə nizəsini? Necə olmuşdu axı? Xəyalgücü ona istədiyi formada kömək etmirdi cavabı tapmaq üçün. Hansı üsul seçilmişdi. Özünü vəhşi heyvanların qabağınamı atmışdı bezgin? “Yox əşi” deyə cavab verdi iç səsi. Sonra birdən, o dövrdə bəlkə də intihar olmamışdı deyə düşündü. Çox ehtiyac da yox idi bəlkə də. Çünki hələ ki insan həyatındakı ağrıların sayı artmamışdı və sadəcə qida üçün yaşayırdılar. Sonra birdən o dövrdə yaşama həsrəti yarandı içində. İndi ki kimi saysız-hesabsız seçim ehtimalınının olmadığı, problem ehtimalının daha az olduğu, gözləntilərin sadəcə günlük qidadan ibarət olduğu dövrlər. “Axmaqca səslənir” deyə düşündü, “O dövrlərdə yaşamağın daha asan olduğunu düşünmək, bəlkə də bir yanılmadan ibarətdir”. Amma, “yəqin ki” dedi, ilk intihar irəliləyən vaxtlarda, ilk sivilizasiya vaxtlarında olmuşdu. Qəbilə savaşlarını düşündü. İnsanların ilk qruplar, tayfalar halında yaşadığı vaxtları və aralarındakı kiçik savaşları, xırda münaqişələri düşündü. “Aha” dedi iç səsi. Böyük ehtimal, ilk intihar da o vaxtlarda olmuş olmalıydı. İlk savaş alətləri ilə. Qanlı bir inihar olmuş olmalıydı. İlk insanın şanssızlığını düşündü buna görə də. İntiharları belə asan deyildi, indiki kimi işi qısa müddətə həll edəcək vasitələr yox idi.
Qeyri-iradi olaraq rom butulkasını dodaqlarına yaxınlaşdırdı. Bir qurtum aldı. İlk intihar etmiş insan indi onun yanında olsaydı ona əlindəki bu spirtli içkini verərdi deyə düşündü. İlk bir-iki təcrübədəki baş gicəllənmələrindən sonra onun da xoşuna gələrdi yəqin deyə özü-özünü təsdiqlədi. Həyat, yəqin ki şərabın kəşfindən əvvəl və sonra olaraq ikiyə bölünürdü, yola verilmə ehtimalı daha çətin və daha asan olmaq üzrə. İçki və onun kimi digər maddələr olmasaydı bəlkə intihar sayıları daha çox olardı. İnsanlar ani ruh düşkünlüklərini, psixoloji sarsıntılarını sovuşdura bilməz və ölümə daha çox can atardılar. Bunu düşündü və sonra bütün insanlığın şərəfinə, bütün şərab sevərlərin şərəfinə içkisini başına çəkdi. İçində bir damcı belə olsun qalıb qalmadığından əmin olmaq üçün butulkanı yenidən yuxarı qaldırdı, dilini çıxardı, butulkanı əydi və içindəki damcının butulkanın dibindən yavaş-yavaş irəliləməyə başlayıb sonra sürətlənib şüşə qabın ağzında yenidən yavaşlayıb sanki sallanırmışcasına dayanıb, dilin üstünə tullanmağını izlədi. Boş butulkanı yerə tulladı.
Sərxoş idi və sərxoş olduğu qədər xoşbəxt idi.
Tutulduğu nostalgiya xəstəliyindən canını heç olmasa bir saatlıq qurtara bilmişdi. Düşünməmiş və xatırlamamışdı. Keçmiş həsrəti zillətindən bir anlıq belə olsa azad olmuşdu.
Hər insan xatirələr bütünüdür. Hər bədən və beyin, xatirələr bütünüdür. Beyin, iformasiyalar şəbəkəsidir və hər informasiya bir xatirədir. Hər xatirə bir təcrübədir. Bir uşağı yetişkindən ayıran tək fərq sahib olduqları xatirələrin miqdarıdır. Yerimək, iməkləyən bir uşağın sahib olmadığı bir xatirə və təcrübədir. İməkləmək, əllər və dizlər üzərində hərəkət etmə aktının yaddaşda saxlanılmış xatirəsidir.
Qırmızı, bir xatirədir. Zərərsiz və kiçik xatirə. Mavi, soyuq, isti, qaranlıq, yaşıl, dəniz, A’nın tələfüzü, qaçmaq və gülmək ən incə təfərrüatlarına qədər işlənilib yaddaşa yüzlərlə ya minlərlə neyron şəbəkəsi tərəfindən həkk olunmuş xatirələrdir. Bütün bu zərərsiz və kiçik təfərrüatlar birləşərək daha böyük, kompleks və bəzən zərərli xatirələr yaradırlar. Məsələn “İsti yay günü dəniz sahili gülüşlərlə A’nın arxasınca qaçdığı o gün” bir xatirəydi. Xoşbəxt bir anın kompleks neyron şəbəkəsi tərəfindən saxlanılan xatirəsi. Şirinmiş kimi görünən amma zaman-zaman incidici xatirə. Çünki keçmişdi və keçmişdə qalmışdı. Əgər yenidən yaşaya bilmirsənsə bəzən ən şirin xatirələrin belə öz cəhənnəminə çevrilə bilər. Toxuna bilmədiyin keçmişin və qucaqlaya bilmədiyin xatirələrin. İllər, yəni zaman və məsafələr nostalgiya xəstəliyinin ən böyük iki faktorudur. Ya keçmiş üçün darıxırsan ya da indi ancaq uzaqlarda olan yerlər və kimsələr üçün. Məsafələr insanı diri-diri öldürməyə qadir idilər. Həkimlər deyir ki nostalgiya insanın xoş xatirələrini xatırlayıb pis anlarda özünü yaxşı hiss etməsi üçün gözəl bir vasitədir və təkamüli olaraq belə formalaşıb. Ancaq ağın içindəki qara özünü göstərirdi. Keçmiş üçün susama və şiddətli arzunu unudurdular. Bəlkə də yaşlıların yaşadığı yaddaş pozğunluqları ya Altsaymer xəstəliyi tanrının onlara bir lütfüdür. Zira 80 illik xatirələrin qucağında insan həsrətdən məhv ola bilər.
Keçmişindən kadrlar xatırladığı anlarda beyninin başqa bir şeyləri düşünməsi üçün əlindən gələni edirdi. Çünki təkrar, xatirəni möhkəmləndirirdi. Bir xatirəni ya informasiyanı hər dəfə yenidən xatırladığımızda o xatirənin saxlanıldığı neyron şəbəkəsinə hər dəfə impulslar ötürülür və hər ötürülən impuls əvvəlkindən daha da güclü iz buraxırdı və beləcə neyronlararası əlqəni – yəni yaddaşı möhkəmləndirirdi. Ona görə də istər pis istər yaxşı bir xatirəsini heç vaxt xatırlamamağa çalışırdı artıq. Qətiyyən. Hələ vizual olaraq heç canlandırmırdı gözündə çünki daha gülcü impulslar neyron şəbəkəsini daha da gücləndirirdi. Əksinə onları unutmağa çalışırdı. Gurultulu bir musiqi bəlkə, bəlkə qışqırmaq, bəlkə bədəninin limitini zorlayaraq qaçmaq ya da divarlara endiririlən yumruq zərbələriydi onun həmin xatırlama anlarından qaçma metodları. Qaranlıqa tək qalmış uşağın qorxmamaq üçün fit çalması ya zümzümə etməsi kimi belə anlarda özü üçün improvizasiya edərək dodaqaltı zümzümələrlə beyninin diqqətini dağıtmağa çalışırdı. Qorxmuş bir uşaqdan tək fərqi, o bunu hiss etdirmədən edirdi, dodaqlarını belə tərpətmədən hülqumunda mızıldanaraq. Bütün bu metodlar işə yaramadığı təqdirdəysə – ki heç vaxt işə yaramırdılar – içməyə və çəkməyə başlayırdı. Ya da digər reallıqdan uzaqlaşdırıcı süni ya təbii narkotiklərin qucağına atırdı özünü. Bu unutdurma, xatırlamama ya da diqqət dağıtma işini ən yaxşı bacaran narkotik alkoqol idi. Hətta alkoqolun sanki ən vacib funksiyası buymuş kimiydi. Zira alkoqol bədənə daxil olduğu andan etibarən sürətlə beyinə irəliləyir, qan-beyin bariyerini keçdikdən sonra qlutamat reseptorlarına təsir edərək qlutamatın transmissiyasını yavaşladır və beləcə onun beyindəki əsas funskiyalarını da yavaşladırdı: neyronlar arası informasiya ötürülməsi zəifləyir, dolayısilə daha az hiss edirsən, daha az qavrayırsan, daha az xatırlayırsan və daha az diqqət edirsən. Xatirələrin saxlanıldığı yaddaş anbarlarına gedən neyronlar yorğun düşür və siqnallar zəifləyir. Beləliklə sərxoş insan nəinki keçmişini, həyatındakı hazırki problemləri belə çox da xatırlamır ya da diqqət etmir və keçici olaraq süni xobşəxtliyi qucaqlayır.
Divara yapışdırılmış kağız üzərindəki qeydinə sataşdı gözü – xoşbəxt ölüm! – və intiharı üçün getməyə hazırlaşdığı yeni açılmış Evtanaziya kamplarını xatırladı.
* * *
Əgər yetəri qədər yalnızsınızsa, səssizliyin gurultusunu eşidə bilərsiniz. Yalnızlığının bom-boş otaqda əks-səda verən səssizliyinin gurultusu onu incidirdi və buna həyatda hər şeydən çox nifrət edirdi.
Memento mori
Memento te hominem esse Respice post te!
Hominem te esse memento!
(Fani olduğunu xatırla.
Sadəcə bir insan olduğunu xatırla,
Arxana bax! Sadəcə bir insansan, xatırla!)
– Roman triumph (qədim Roma zəfər paradları)
* * *
2
EVTANAZIYA KAMPLARI
Liberalizm bütün qapıları açdığı kimi ölümün də qapısını açırdı. Dövlətlər forma dəyişdirirdilər. Dövlət hədəfləri artıq əvvəlkinin əksinə yüksək demoqrafik hədəflər deyildi. Balansı qorumaq, tənzimləmək daha vacib idi artıq. Ağır xəstələrin öz ölümlərinə qərar verib həkim nəzarəti altında ölmələri üçün istifadə edilən üsul, evtanaziya, nəinki artıq leqallaşdırılmış, hətta az qala heç bir ağır xəstəliyi olmayan insanların belə öz qərarları ilə həkim nəzarətində ölmələrinə icazə verilməyə başlanılmışdı.
Proseslər yavaş-yavaş irəliləmişdi. Bir neçə il əvvəl qəza nəticəsində onurğa sütunu zədəsindən tək sağ əli xaric bütün bədəni iflic olmuş Hüqo Jeseina adlı yaşlı xəstənin evtanaziya istəyinə diqqət çəkməyə çalışan aktivistlərin cəhdləri gözlənilmədən əvvəlcə ölkə sonra isə qlobal səviyyədə səs gətirmişdi. Daha sonra ölkənin öndə gələn özəl insan haqları təşkilatları məsələni müzakirəyə çıxarmış və qarşı fikirli iki ayrı tərəfə bölünmüşdülər. Dinin cəmiyyətdəki təsirinin get-gedə azalmış olması müzakirədəki dini səbəblərin təsirini azaltmışdı. Yenə də evtanaziyaya qarşı olan insan haqları təşkilatları dini və ya bənzəri səbəblərdən insan həyatının müqəddəs olduğunu və onu sonlandırmağın düzgün olmadığını vurğulayırdılar. Daha radikal sayıları azalmış kiçik dini qruplar isə insan həyatının tanrı tərəfindən verildiyini və sadəcə tanrı tərəfindən alına biləcəyini müdafiə edirdilər. Ölümcül xətsəliklərə belə son anda çarə tapıla bilinəcəyi, evtanaziyanın həyatın yaşamağa dəymədiyi mənasına gəldiyi, leqallaşmanın daha çox ölümlərə səbəb olacağı, tibbi tədqiqatların azalacağı kimi səbəblər də var idi evtanaziyaya qarşı olan tərəflərin səbəbləri arasında.
Evtanaziyanı dəstəkləyən tərəf isə nə olursa olsun insanın həyatı barədə qərarlarının öz əlində olması gərəkdiyini vurğulayırdılar. Xəstələrin çəkdikləri ağrılara diqqət çəkərək, bu ağrıları hiss etməyən yad insanların bir insanın o ağrılarla yaşayıb yaşamayacağı haqqında müzakirə etmə haqlarının belə olmadıqlarını sərt bir dil ilə tənqid edir və müasir insan haqlarını şiddətlə qınayırdılar. Ölkənin müxtəlif şəhərlərində kiçik qruplaşmalar əllərində Hüqo Jeseina və digər evtanaziya istəyən ölümcül və ağır xəstəliklərə məhkum xəstələrin şəkilləri ilə kiçik aksiyalar edir və “Xoşbəxt ölüm! Xoşbəxt ölüm!” deyə qışqırırdılar.
Tarixçi Suetonius miladın ilk illərində imperator Oktavian Avqustun ölümü ilə bağlı belə yazırdı: “Tez və əzabsız şəkildə yoldaşı Livianın qollarında əbədiyyətə qovuşdu, arzuladığı evtanaziyanı yaşayaraq”. Beləcə, insanlıq tarixinə yeni bir ifadə daha daxil olurdu, xoşbəxt ölüm, şərəfli ölüm, ya da ağrısız ölüm mənasına gələn söz: evtanaziya. İndi, Avqustun ölümündən əsrlər sonra, xoşbəxt ölüm ifadəsi pankartlarda, küçələrdə gəzirdi, Hüqonu xilas etmək adına.
Bütün insanlıq tarixinə, bütün yaşamış insanlara, əgər hamısına insan irqinin nümayəndəsi kimi, tək nəfər ya orqanizm kimi baxa bilsək, bütün o milyardlarla insanı tək bir nəfər saymış olsaq əgər, onda, ilk insanın doğumundan bugünə qədər keçmiş müddəti sanki bir insanın doğulub böyümə prosesi kimi canlandıra bilərik gözümüzdə. Belə olan halda, ilk insan, ana rəhmindən başlayaraq böyüyən bir uşaq kimi, düşüncəsi yeni formalaşan və illər keçdikcə böyüyən, dünyanı tanımağa başlayan, kəşf edən, sonra yeniyetməlik dövrünü yaşayan, vuran, qıran sonra getdikcə daha da müdrikləşən tək bir varlıq idi. Hər əsrdə bir yaşı daha artırdı. Və yavaş-yavaş əsrlər keçdikcə, insanlıq şüuru irəliləyirdi. Keçmişdə qınanılmış, qadağa olunmuş məsələlər vaxt keçdikçə gündəlik həyatın bir parçasına çevrilir və normal qəbul edilirdi. Normal idi, kiçik bir uşaq kimi, insanlıq şüuru yetişmə mərhələsindəydi. Elm adamlarını yandıran kilsələr, qadınlara qadağalar gətirən köhnə və müasir adətlər, milliyətçilik uğruna qanlar tökən Avropa və neçə belə düşüncəsizliklər artıq tarixə qarışırdı. İnsanlıq öz köhnə atalarına baxıb onları qınayırdı. Tarix göstərirdi ki, cəmiyyətin başa düşmədiyi və qəbul etmədiyi məsələləri qavraması və anlaması, adət-ənənələr zəncirini qırıb aydınlanabilməsi vaxt alırdı və bir gün öz qaydasına düşəcəkdi mütləq. Sadəcə gözləmək lazım idi, bir gün evtanaziya da qəbul olunacaqdı.
Elmi tədqiqatlar göstərir ki, təxminən 100.000-70.000 il bundan əvvəlki insan ilə indiki insanın zəkası aşağı yuxarı eynidir. Baxmayaraq ki beyin həcmi getdikcə azalır (beyin daha da minimallaşır və neyronlar arası qısayollar tapır) zəka eyni idi təxminən. Və keçmişdə doğulmuş uşağı bugün gətirib böyütsək əgər, bəzi linqvistik problemlərin xaricində fərqi ayırd etmək mümkün olmazdı. Ancaq atalarımızla aramızda bir fərq var idi əlbət, təcrübələr və bu təcrübələrin işığında dünyanı, həyatı daha yaxşı anlama və qavrama bacarığımız. Bu təcrübələrin köməyi ilə inkifaş edən şüur və dərrakəmiz bizə yaşama sənətini xırdalıqlarına qədər öyrədir və səhvlərimizi göstərirdi. Aramızdan bəzi uzaqgörənlər çıxırdı və bizə bir şeyləri düzgün etmədiyimizi, yolunda getməyən bəzi şeylər olduğunu öyrətməyə çalışırdı, bizə dünyanın əslində dairəvi olduğunu başa salmağa çalışırdılar məsələn, ancaq atalarımız onları öldürürdülər. Bizi feodal qaydalar və kilisə zülmündən qurtarmağa çalışan, maarifləndirən və aydınlanmağa çağıran François-Marie Arouet’i, Voltaireni Bastiliya qalasına həbs edir, sürgün edirdik. Fikrlərimizi hələ təzə-təzə püxtələşdirməyə başlayan Sokratı edama məhkum edirdik. Sonra isə səhvimizi başa düşürdük, onlardan öyrənirdik. Eynicinsli insan ların kilsə və məscidlərin təkidi ilə öldürülməsindən tutmuş kilsə tərəfindən evləndirilmələrinə qədər keçən proses kimi, dəyişirdik. İnsanoğlunun bir-birini sevən iki eynicinsli insanın birlikdə yaşamalarına icazə verməsi min illər çəkmişdi, insanın öz ölümünə qərar verməsinə icazə verməsinə isə az qalmışdı.
Bir neçə ölkədə evtanaziya ya da assistentli intihar müəyyən şərtlər daxilində leqallaşdırılmışdı artıq. Hüqonun bəxti gətirməmişdi. Onun iflic olması, dözülməz bir xəstəlik olaraq sayılmırdı yaşadığı ştatda. Məhkəmə və həkim qərarı Hüqoya rahat ölüm icazəsini vermədi. Ani olaraq artmış mübahisələrin sayı bir an içində azaldı. Hüqoya evtanaziya üçün onu başqa ölkəyə aparma təklifi edildi, lakin o, bu təklifi rədd etdi. Bezgin Hüqo Jaseina, o günün gecəsi, səhərə doğru tək işlək sağ qolu ilə özünü xəstəxananın pəncərəsinə doğru sürüdü, pəncərəni çətinliklə də olsa açmağa müvəfəq oldu və özünü doqquzuncu mərtəbədən yerə buraxdı. Bəlkə də heç kimi narahat etməmək üçün öz intiharını gecəyə saxlamışdı. O, sağ əli ilə intihar və inqilab etmişdi.
Bu dəhşət qarşısında sarsılmış məhkəmə heyəti və həkimlərin qərarı ilə Hüqo Jaseinanın ölümündən on saat sonra ştat evtanaziya və asistli intiharı leqallaşdırdı. Tarix yenə gecikirdi. Yalnız qurbanlardan sonra atılması lazım olan addımlar atılırdı. Bu hadisələr domino efekti ilə digər ştatlar və ordan da federal səviyyədə evtanaziyanın leqallaşmasına apardı. Terminal xəstəliklər, dözülməz ağrılı xəstəliklər və iflic kimi bir sıra xəstəliklər siyahıya salındı.
Leqallaşma ilə birlikdə bir sıra qeyri-adi evtanaziya istəkləri gəlməyə başladı. Kor bir qadın təmizliklə bağlı obsesiyasının olduğunu və paltarındakı çirkləri görə bilmədiyinə görə əziyyət çəkdiyi üçün həyatına son vermək istədiyini bildirdi və istəyi müzakirələrdən sonra qəbul edildi. İntihar etməyə çalışaraq özünü yandırmış və müvəfəqiyyətsiz olmuş üzü və bədəni ağır yanıq xəsarətləri ilə dolu olan cavan bir oğlan öz bədəni və görünüşü ilə yaşamaqda əziyyət çəkdiyini və ölmək istədiyini bildirdi və qəbul edildi. Bu hadisələri müxtəlif ağır depressiv xəstəlikləri olan namizədlərin müraciətləri izlədi. Ancaq bütün depressiv xəstəliklər və bənzərləri qəbul edilməyərək geri çevrildi. Qərarnaməyə əsasən “sağalmayan, terminal, ümidsiz və dözülməz ağrılı xəstəlikləri olan xəstələr” xüsusi dövlət qayğısı ilə həyatlarına son verə bilərdilər. Depressiya isə terapiyalar və dərmanlar vasitəsilə sağaldılma ehtimalı olan xəstəlik növü sayılırdı və “ağrısı” o qədər də yüksək deyildi, qəbul edilmirdi. Ancaq, kimin ağrısının nə qədər ağır olduğuna kim qərar verirdi? Bir gənc qız “O lənətə gələsi avadanlıqlarınız sırf mənim ağrımın dərinliyini ölçə bilmir deyə məni daha asan ölümdən məhrum edirsiniz, alın bu da sizə dərs olsun elə isə!” deyərək üstünə benzin töküb məhkəmə qarşısında özünü yandırdı. Xəstəxanaya çatdırıldığında dördüncü dərəcə yanıq xəsarəti səbəbilə artıq keçinmişdi. Onun intiharını digər depressiv xəstələrin toplu intiharları izləməyə başladı. Hüqonun sağ qolu ilə başlatdığı ölüm inqilabı bir gənc qızın külləri ilə alovlanırdı. İşlər cığırından çıxmışdı. Səhiyyə nazirliyinin statistikalarına görə ölkədə hər beş nəfərdən biri depressiya xəstəliyindən əziyyət çəkirdi. Depressiyanın dövlət nəzarətli intihar siyahısına salınması gözlənilməz nəticələr doğura bilərdi.
Araşdırmalara görə insanlar etmək istədikləri ancaq etməyə çəkindikləri hərəkətləri başqa insanların etdiklərini gördükləri zaman cəsarətlənirdilər və onlar da edirdilər. Domino efekti kimi ya da sürü psixologiyası. Bu insanın təkamüli keçmişindən gələn öyrəşilmiş və alışılmış bir xüsusiyyəti idi. Tapdığı yabani otun zəhərli olub olmadığına əmin ola bilməyən meşə insanı yanındakıların yeməsini görərək cəsarətlənir və o da yeyirdi. Bu tətikləmə təsiri yaxın insanlarda daha yüksək idi, xüsusən də ailə daxili münasibətlərdə. İntihar da eləydi və başqasının intiharı bir başqasını cəsarətləndirirdi. Ailə daxili intiharların zəncirləmə olaraq digərlərini də tətikləmə ehtimalı yüksəkdir. Ailə xarici olaraq isə, hər intiharın təxminən altı nəfərə dərindən təsir etdiyini göstərirdi təqiqatlar.
Dünyada hər il bir milyon insan intihar edərək həyatını sonlandırır. Bir milyon insan. Bu intiharların üçdə birindən çoxunun səbəbi depressiyadır. Bu intiharlardan insanların xəbəri olmur, heç bir qəzet yazmır o intiharları heç bir tv səsləndirmir. Dövlət mümkün qədər intiharları gizlətməyə çalışır. Zira intihar zəncirvari təsir yaradan hərəkətdir. Daha da zəruri detal odur ki, bir milyon sadəcə müvəfəqiyyətli olanların sayıdır, iyirmi beş dəfə artıq sayıda insan cəhd edir halbuki. Yəni əgər müvəfəqiyyətli olmuş olsaydılar rəqəmlər inanılmaz olardı. İndi isə dövlətdən, o müvəfəqiyyətsizlərə ölümlərində birbaşa kömək edilməsi tələb edilirdi.
Dövlət məsələni genişmiqyaslı müzakirəyə açmışdı. Bir-birini tətikləyən hadisələr getdikcə ölkə miqyasında fəlakətlərə səbəb olurdu. İnsanlar özlərini ticarət mərkəzlərində, küçələrdə, nəqliyyat tıxaclarında silahlarla öldürürdülər. İnsanlar, ölmək istəyirdilər. Dünya qaranlıq bir dövrə girirdi. Bütün gələcək proqnozları yanılırdı. İnsanlıq xoşbəxtliyə doğru yox, bədbəxtliyə doğru yol alırdı. Məclisdə məsələnin referenduma daşınıb daşınılmaması müzakirə edilirdi. Ölkə demək olar ki yarıya bölünmüşdü və hər iki qarşı tərəfdə öz içində fikir ayrımları yaşayırdılar. Məsələn depresiyadan əziyyət çəkən insanlara dövlət nəzarətli intihar verilməsini müdafiə edənlərin bir hissəsi depresiyadan əziyyət çəkdiyini deyən istənilən şəxsin müraciətinin qəbul olunmasını dəstəkləyirdi, bir hissə isə sadəcə müəyyən şərtləri ödəyən depresiya xəstələrinə bu icazə verilməli idi deyirdi, məsələn ən az altı aylıq bir müalicə keçmiş olmalı idi zərərçəkənlər.
Qarşı tərəf isə, daha da atəşli formada buna icazə verilməsinin səfehlik olduğunu müdafiə edirdi. Evtanaziya və assistli intihara qarşı savaşan vəkillərdən biri televiziyada belə deyirdi “Bu adamlar dəli olublar! Bu dəlilikdir! Mənim hələ də ağlım almır! Belə bir şeyi müzakirə etməyimiz belə axmaqlıqdır Bu səfsətədir. Onlar xəstəlikləri sağaltmaq əvəzinə, insanları öz əlləri ilə öldürürlər!”.
Başqa bir məşhur yaşlı marksist müxalifətçi və konspirasi ya nəzəriyyəçisi isə belə deyirdi “Bu müasir dövr dövlətlərinin zəifləri öldürmə formasıdır və şüurlu formada planlaşdırılır. Kapitalizm yenə öz işini görür. Onlar küçələrdəki evsiz və kimsəsizləri təmizləmək üçün yeni üsul tapılblar. Azad ölüm! Nə gözəl! Azad yaşam verə bilmədikləri vətəndaşlarını qətl edirlər.”