Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Pi`nin həyatı», sayfa 5

Yazı tipi:

Bölüm 17

İlk möcüzə elə ən dərin iz qoyan möcüzədir, ondan sonrakı möcüzələr özündə ilkinin təsirlərini daşıyır. Dini təsəvvürlərimin hərtərəfli inkişafını hinduizmə borcluyam, yaddaşımdakı qəsəbələri və çayları döyüş meydanlarını və meşələri, müqəddəs dağları və tanrıların, müqəddəslərin, xainlərin və adi insanların birlikdə toplandığı dərin dənizləri dinimə borcluyam. Bu əsrarəngiz, bütün kainatı bürüyən, əziz mərhəməti ilk dəfə hind torpaqlarında hiss etmişəm. Mənə dinimi öyrədən Krişna Həzrətləri idi. Onu dinləyib tamaşa etmişəm. Krişna həzrətlərinin sayəsində bir nəfərlə tanış oldum.

Tətillərimin birində (o zamanlar halından razı olan bir hin-duydum) İsa ilə tanış olanda cəmi on dörd yaşım var idi.

Atam heyvanxanadan demək olar ki, kənara çıxmazdı, amma günlərin bir günü atamla birlikdə Keraladan bir az o tərəfdə yerləşən Munnara getmişdik. Munnar dünyanın ən yüksək yerlərində olan çay bağları ilə əhatə olunmuş kiçik bir dağ kəndi idi. May ayının əvvəlləriydi və musson yağışları təzəcə başlamışdı. Tamil Nadudakı ovalıqlar dəhşət dərəcədə isti idi. Maduraidən beş saatlıq əyri-üyrü yollarla gəlib axırda Munnara çıxmışdıq. Burda sərinlik insanın ağzında əriyən nanəli konfet kimi canına yayılırdı. Bir növ tursit gəzintisi etdik. Tata çay fabrikini gəzdik. Göldə qayıqla üzdük, nilqiri tarlarına (vəhşi keçi növü) duz yalatdıq.

– Bizim zooparkımızda bunlardan var, siz bir Podşineriyə gəlin, öz gözlərinizlə görün, – deyə atam isveçrəli turistlərə dedi. Raviylə mən yaxınlıqdakı çay plantasiyalarında gəzdik. Bütün bunlar tənbəlliyimizdən yaxa qurtarmaq üçün idi. Axşama doğru atamla anam, rahat mehmanxanamızın çay salonunun pəncərəsi önündə, iki mehriban pişik kimi bir-birinə yanaşı oturub nə isə danışırdılar. Atam bir yandan mehmanxanadakı qonaqlarla söhbət edib, bir yandan da anam üçün kitab oxuyurdu.

Munnarda üç təpə vardı, onlara təpə də demirdik, (öz aramızda onlara dağ deyirdik) amma səhər yeməyimizi yeyəndə, bu üç təpənin ümumi bir tərəfi olduğunu gördüm. Hər üç təpənin üstündə bir məbəd var idi. Sağdakı təpənin üstündə, yəni mehmanxananın önündən axan çayın o biri tərəfində bir hindu məbədi vardı, ondan bir az aralı, ortadakı təpənin üzərində məscid, soldakı təpənin üzərində isə xristian kilsəsi var idi.

Munnardakı dördüncü günümüzdə, qaranlıq düşməyə az qalmış soldakı təpəyə çıxdım. Baxmayaraq ki, xristian məktəbinə gedirdim amma o vaxtadək heç bir kilsəyə girməmişdim. Heç indi də buna can atmağı düşünmürdüm. Xristianlıq haqqında çox az şey bilirdim. Bir neçə tanrısı və dəhşətli hadisələri ilə ad çıxarmışdı. Amma məktəbləri yaxşı idi. Kilsənin ətrafında gəzişdim. Bu heç bir xüsusi bəzəyi olmayan açıq mavi rəngli qalın divarları və içərini göstərməyən pəncərələri olan, içərisi mənə sirr kimi gələn bir binaydı.

Keşişin evinin qarşısına gəlib çıxanda, qapısının açıq olduğunu gördüm, bir küncdə gizlənib içəriyə tamaşa etməyə başladım. Qapının solunda üstündə Məhəllə keşişi və Keşiş köməkçisi yazılmış lövhələr vurulmuşdu. Hər lövhənin yanında kiçik, sürgülü pəncərələr vardı. Lövhənin üzərində qızılı hərflərlə həm baş keşişin, həm də onun köməkçisinin burda olduqları bildirilirdi, həm də bunu kənardan açıqca görmək mümkün olurdu. Keşişlərdən biri ofisdə nə isə iş görürdü, arxasını pəncərəyə çevirmişdi, digər keşiş isə böyük otağın içində qonaq qəbul etmək üçün nəzərdə tutulmuş dairəvi masanın ətrafında oturmuşdu, üzü qapıya və pəncərəyə tərəf idi, əlində bir kitab var idi, elə düşünürəm ki, bu İncil kitabıydı. O bir qədər oxuyur, sonra yuxarı baxır, sonra yenidən oxuyurdu. Bu işi tələsmədən amma, ayıq şəkildə, özündən razı şəkildə edirdi. Bir neçə dəqiqə sonra kitabı örtüb bir kənara qoydu, daha sonra üzündə nə gözləmək nə də sıxıntı ifadələri olmadan orada eləcə oturmağa davam etdi.

Otağın təmiz, ağ divarları vardı, masa və sıra halında düzülmüş stullar tünd rəgli ağacdan idi, keşiş ağ rəngli bir cübbə geyinmiş, sadə, dəbdəbəsiz görünürdü. İçəriyə tamaşa etdikcə içimə bir rahatlıq dolmuşdu. Amma məni daha çox təsirləndirən, onunla danışmaq istəyən birisinin ola bilməsi ehtimalı ilə oradaca gözləyən keşiş idi. Onun peşəsi sevməyiydi, insanların ruhi problemlərini, daxili sıxıntısını, vicdan əzabını, hər cür insani problemləri dinləmək idi. O insanları bacadığı qədər sakitləşdirir, onlara yol göstərirdi.

Təsirlənmişdim. Gözlərimin önündəki mənzərə ürəyimi ələ keçirmiş və məni dərindən həyacana qərq etmişdi.

Keşiş ayağa qalxdı. Elə bildim pəncərəni bağlayacaq, amma belə etmədi. Otağın içində bir qədər geriyə doğru gedib qapını açdı. İki qapının eyni zamanda açıq olması diqqətimi çəkmişdi. O və əməkdaşı hələ də görünürdü.

Qapıdan kənarlaşdım və cəsarətimi topladım. Kilsəyə girdim. Həyəcandan qarnıma sancı düşdü. Məni fikir götürmüşdü, qorxurdum. Ola bilsin içəridən kimsə çıxar: -Burda neynəyirsən? Nə cürətlə müqəddəs yerə girirsən, axmağın biri axmaq? Rədd ol, çıx burdan, – deyəcək bir xristian çıxa bilərdi.

Amma elə birisi çıxmadı. Nə də ətrafda heç bir səs-soraq olmadı. Məbədin içinə doğru irəliləyib onu tədqiq etməyə başladım. Divarda bir rəsm vardı. Görəsən bu Murtiydi? Bu qurban vermə ayinindən bəhs edən bir rəsm idi. Yəqin ki, ürəyi qan istəyən qəzəbli bir tanrı idi. Həmçinin rəsmdə yuxarı doğru baxan həyəcanlı qadınlar və ətrafda uçuşan qanadlı, gombul uşaqlar da vardı. Görəsən içlərində tanrı hansı idi? Məbədin yan tərəfində boyanmış, taxtadan bir heykəl var idi. Yenə də eyni qurban təsvir olunmuşdu, yaraları və qanı tünd rəngdə idi. Dizlərinə diqqət verdim. Dərisində sıyrıqlar görünürdü. Dərisi soyulmuş və diz qapaqları ortaya çıxmışdı. Bu işgəncə səhnəsini, bir az öncə qarşılaşdığım mehriban üzlü keşişlə qarşılaşdırmaq mümkünsüz idi.

Sabahısı gün, təqribən eyni vaxtda, keşişin evinə girdim. Katoliklər adətən ciddilikləri və sərtlikləri ilə tanınsalar da Martin ata haqqında belə demək olmazdı. O çox mehriban idi. Mənə çayla peçenye gətirdi, çoxlu qulluq göstərdi. Mənimlə həddi-büluğa çatmış adam kimi davrandı və hətta mənə bir əhvalat da danışdı. Daha doğrusu Əhvalat danışdı. Çünki, Xristianların müqəddəs bildikləri hər şeyin adını böyük hərflərlə yazmaq vərdişləri var.

Necə də qəribə əhvalat idi. Əvvəlcə inanmadım. Necə, necə? İnsanlar günah edir və bunun əvəzini tanrının oğlu ödəyir? Öz beynimdə atamla mənim aramda belə bir söhbət getdiyini təsəvvür etdim: “Piscine, bu gün bir şirimiz lamaların qəfəsinə gizlincə girib iki lamanı parçalayıb. Dünən isə başqa bir qara maralı öldürüb. Keçən həftə iki şir birləşib bir dəvəni yeyiblər. Ondan əvvəlki həftənin qurbanları isə alabəzək leyləklər idi. Həmçinin qızılı aqutinimizi də hansısa vəhşi parçalayıb. Vəziyyət artıq dözülməz hala gəlib çıxıb, nə isə tədbir görməliyik. Bu günahlarından təmizlənmək üçün səni şirlərə yem kimi verməyi qərara aldım.”

“Bəli ata, buyur, bu ən doğru və ədalətli həll yoludur. Mənə icazə ver yuyunub gəlim”.

“Şükürlər olsun oğlum”.

“Şükürlər sənə atacan”.

Necə də qəribə və anlaşılmaz bir əhvalatdır.

Mən ondan daha bir əhvalat danışmağını xahiş etdim. Axı mütləq bu dinin başqa əhvalatları da olmalıdır. Hər bir dinin çoxlu sayda cürbəcür əhvalatı olur axı. Lakin, keşiş Martin bu əhvalatdan əvvəl gələn əhvalatların (onların sayı lap çox idi) əsas olmadığını ən əsasının bu olduğunu mənə başa saldı. Dinin cəmi bir əhvalatı vardı, haraya çevirsən yenə gəlib bunun üzərinə çıxırdı. Bütün dindarlara bəs edəcək bir əhvalat idi.

Həmin gecə mehmanxanada dərin bir səssizliyə qapılıb oturmuşdum.

Bir tanrının həyat mübarizəsində qarşısına çoxlu düşmənlərin çıxması tamamilə normal idi. Hinduizm tanrıları da zaman-zaman oğrular, talançılar, qəsbçilər, quldurlarla mübarizə aparmalı olublar. Elə götürək Ramayananı, məgər o Ramaya yetmək üçün sinə gərilən uzun və acınacaqlı günlərin cəmi deyilmi? Çətinlikləri qəbul etmək olar, xəyanəti qəbul etmək olar, iflası qəbul etmək olar bəs alçaldılma və ölüm necə olsun? Krişna həzrətlərinin lümlüt soyundurulub, qamçılanmağa, ələ salınmağa, küçələrdə sürünməyə razı olacağı ağlasığmaz bir şeydir, bütün bunlar yetməzmiş kimi üstəlik sonda çarmıxa çəkilmək bir tanrıya heç yaraşmaz məncə. Özü də nəzərə alaq ki, bütün bu oyunlar tanrının başına insanlar tərəfindən açılır. İndiyə qədər hansısa hindu tanrısının öldürüldüyünü eşitməmişəm. Brahman heç vaxt ölümü seçməzdi. Şeytanlar, əjdahalar ölür, bütün fani olanlar kimi, minlərlə, milyonlarla canlı varlıq kimi ölüb gedir, ölüm onların vəzifələridir. Bu anlaşılandır. Maaddə müəyyən dövr içində yoxa çıxa bilər. Amma ilahi varlıqlar ölüm tərəfindən məğlub olunmamalıdır axı. Bu tamam yanlışdır. Dünyanın ruhu ölə bilməz, on aid olan heç bir parça məhv ola bilməz. Bu xristian tanrısının özünə aid bir hissənin insanlar tərəfindən öldürülməsinə izin verməsi tamamilə yanlışdır. Bu eyni zamanda özünün bir parçasını öldürmək anlamına gəlir. Əgər çarmıxın üzərindəki tanrı bütün insanlar üçün əzab çəkdiyini iddia edirsə, bu elə Məsihin bütün müdrikliklərini birlikdə məzhəkəyə çevirir. Oğulun ölümü gerçək olmalıdır. Martin ata isə deyir ki, elə belə də olub. Lakin, ölmüş tanrı əbədilik ölmüş sayılmalıdır, əgər ölüb dirilibsə belə yenə də ölüdür. Ölümün dadı tanrının oğlunda həmişəlik qalacaq. Ölümün möhürünü üç müqəddəsin yerdə qalanları, Tanrı və ata da dadmalıdır. Ümumiyyətlə bütün bunlar tanrının nəyinə lazımdır? Ölümü ölümlü olan varlıqların öhdəsinə niyə buraxmır, öz oğluna yaşadır? Niyə gözəl olanı kirlədir, kamil olanı xarab edir?

Hər şeyin səbəbi sevgidir. Martin atanın cavabı bu oldu.

Bəs oğlun hərəkətləri necə olacaq? Dostları tərəfində bir parça palçıq yeməyə razı salınan balaca Krişna haqqında bir əhvalat var. Onda onu övladlığa götürən Yaşoda gəlib, barmağını silkərək uşağı danlayır. “Palçıq yemək olmaz, ay uşaq” – qadın deyir. “Yeməmişəm axı”, – balaca uşaq qadından qorxub, canını qurtarmaq üçün deyir. “Yalan danışma! Aç ağzını baxım” – deyə Yaşoda əmr edir. Krişna deyilənə əməl edir. Ağzını açır. Yaşodanın əlləri üzündə qalır. O Krişnanın ağzının içində, sonsuz, əksiksiz kainatı, səmadakı ulduzları və planetləri, onlar arasındakı məsafəni, yer kürəsini, bütün torpaq parçalarını və dənizləri, yer üzərindəki həyatı görür, keçmişə və sabaha aid olan hər günü görür, bütün düşüncələrini və duyğularını görür, hər mərhəməti, hər ümidi, maaddənin üç halını görür. Orda nə bir daş, nə bir ağac, nə bir şam, nə bir kənd, nə bir kainat əksik idi, özü də daxil olmaqla hər bir toz zərrəsi yerli-yerindəydi. “Ey mənim hökmdarım ağzını bağlaya bilərsən”. – Yaşoda ehtiramla deyir.

Bir də cırtdan Vamanın bədənində ortaya çıxmış Vişnu haqqında əhvalat var. O şeytanların şahı olan Balidən üç addımın tutacağı qədər torpaq istəyir. Bali onun bu önəmsiz istəyini ələ salır, lakin axırda razılaşır. Vişnu heç vaxt itirmədən özünün kosmik simasına qayıdır, bir addımda dünyanı keçir, ikinci addımda cənnəti, üçüncü addımda isə Balini bir təpiklə yeraltındakı dünyaya göndərir.

Hətta Tanrılar arasında inasana ən çox bənzəyən Rama da, arvadı Sitanı Lankanın şeytan kralı olan Ravanın əlindən xilas edərkən mübarizədən yorulanda özünü heç vaxt kiçiltməmişdi. Heç bir çarmıxın qarşısında boyun əyməmişdi. Çox çətinliyə düşsə heç bir insanın bacara bilmədiyi silahlarını işə salardı.

Bax o əsl tanrıdır. Parıltılı, güclü və qüvvətlidir. Ancaq belə birisi şərdən qaçıb qurtula bilər, mübarizədə ona qalib gələ bilər.

İndi də bu acan, susayan, yorulan, kədərlənən, narahat olan, küncə sıxışdırılan və təcavüzə uğrayan, müridləri tərəfindən başa düşülməyən, ona hörmət bəsləməyən düşmənlərinin qarşısında qolubağlı qalan Oğula baxın, belə də tanrı olar? Problem ondadır ki, o həddən çox insani bir tanrıdır. Möcüzələrinin olduğunu inkar etmirəm, var, amma əksər hallarda bir neçə ac qarını doydurmaq üçün işlədir, ən çox da müalicə məqsədli möcüzələrdir. Yaxşı möcüzələrindən fırtnınanın gücünü azaltmağını, suyun üzərində qısa məsafədə yeriməsini saya bilərəm. Əgər bunlar sehirdisə də, çox bəsiddir, oyun kartları ilə edilən sehirlər kimidir. Ən adi hindu belə bunun yüz qatını edə bilər. Bu Oğul vaxtının çox hissəsini ibrətamiz əhvalatlar danışıb, söhbətlər edərək keçirən bir tanrıdır. Bu Oğul piyada gəzməyi sevən bir tanrıdır (özü də isti yerlərdə) eynilə adi insanlar kimi iri addımlar atan və səndəlləri daşlara dəyən bir tanrıdır. Həmçinin o uzaq məsafəyə gedəndə, nəqliyyat vasitəsi üçün pul xərcləməyinə ehtiyac olanda adi bir ulaqdan istifadə edir. Necə tanrıdır bu? Bu Oğulda ilham verici nə var ki?

Sevgi, Martin ata dedi.

Üstəlik bu Oğul cəmi bir dəfə ortaya çıxıb, qədim zamanlarda, uzaqlarda. O qərbi Asiyanın səssiz bir küncündə, artıq tarixə qarışmış bi qövmün içində yaşayıb. Məgər bircə teli də ağarmamış, gənc bir oğlan kimi öldürülmədimi? Özü də nəslindən bircə adam da qoymayıb. Bu həyəcana qapılmış Brahmandan daha kiçik bir insan kimi görünür. Özündən razı, simic və ədalətsiz Brahman.

Mən Krişnaya sadiq qalmaq istəyirəm. Bu ilahiliyi tamamilə şişirtmə kimi görürəm. O tər qoxuyan, gəvəzə Oğul özünüzə qalsın.

Bax uzun zaman öncə, bu darıxdırıcı din adamıyla beləcə tanış oldum. İnancsız və əsəbi idim.

Martin ata ilə gün ard-arda çay içdik. Hər dəfə fincanımı nələbəkiyə qoyanda, qaşığımı fincanın bir küncünə vurub dınqıldadanda, suallar verdim.

Həmişə eyni cavablar aldım.

Bu Oğul artıq məni bezdirmişdi. Hər gün ona qarşı qəzəbim daha da artırdı, qüsurları daha da nəzərə çarpırdı.

Xaraktersiz birisidir! Vifanidə səhər olub Tanrı acdır. Tanrı səhər yeməyini istəyir. Bir əncir ağacının önünə gəlir. İncir mövsümü olmadığı üçün ağacda meyvə yoxdur. Tanrı hirslənir. Oğul, – “Bir də heç vaxt meyvə vermə” –deyə pıçıldayır və ağac o andaca quruyur. Markın dəstəklədiyi Matvey belə nəql edir.

Sizdən soruşuram əncir mövsümündə olmamaq əncir ağacının günahıdırmı? Məsum bir əncir ağacını belə bir anın içində soldurmaq insaflı hərəkətdirmi?

Onu heç cür fikrimdən çıxarada bilmirdim. Hələ də çıxarda bilmirəm. Üç gün dayanmadan onu düşündüm. Məni narahat etdikcə onu daha da çox unuda biləcəkdim. Lakin, onun haqqında yeni şeylər öyrəndikcə getdikcə onu daha az tərk etmək istədim. Munnardan çıxmazdan bir neçə saat əvvəl, qaçıb soldakı təpəyə dırmaşdım. Həmin an xristianlıq başdan-başa bir mənzərə kimi gözümün önünə gəldi. Xristianlıq daim tələsgənliyi olan bir dindir. Bu dinə görə dünya yeddi günə yaradılıb. Hətta simvolik mənada belə bu çılğıncasına bir yaradılış hesab oluna bilər. Bircə ruh üçün aparılan mübarizənin bayrağının bir nəsildən o birinə əldən ələ keçməsi, yüz illərlə davam edən bu bayraq yarışmasında doğulan insanlar üçün, xristianlıq tələsik qərarlar verilən sürətli bir dindir. Əgər hinduizm Qanq çayının axını qədər sakitdirsə, xristianlıq, Torontoda nəqliyyatın ən sıx olduğu zamanlardakı kimidir. Bir qaranquş kimi sürətli, təcili yardım maşını kimi tələsgəndir. Özünü bircə saniyədə ifadə edə bilir. Bir anda yoxa çıxır və onu tamam yadından çıxardırsan. Xristianlıq əsirlər boyu davam edib, amma əslində yalnız bir anda mövcud olur, o da hal-hazırdakı andır.

Bir nəfəsdə özümü təpəyə çatdırdım. Elə bildim Martin ata orda yoxdur, pəncərəsi bağlıydı və bundan bir az məyus oldum, lakin şükür tanrıya bir az sonra qarşıma çıxdı.

–Müqəddəs ata, xristian olmaq istəyirəm, lütfən mənə kömək edin, – tənginəfəs halda dedim.

–Onsuz da xristiansan Pisin, ürəyində İsaya güvənən hər kəs xristiandır, sən burda Munnarda İsayla tanış oldun. – Gülümsəyərək dedi.

O, başıma yavaşca vurdu. Əli başıma dəyəndə, BUM, BUM, BUM səsləri gəldi. Sevincdən az qaldı ürəyim dayansın.

–Növbəti dəfə gələndi birlikdə çay içərik oğlum.

–Baş üstə müqəddəs ata.

O üzümə səmimi şəkildə gülümsədi. İsanın gülümsəməyidi bu. Bu dəfə kilsəyə qorxu-hürkü keçirmədən daxil oldum, axı bura artıq mənim evim sayılırdı. Canlı olan İsaya dualar etdim. Sonra sürətli addımlarla soldakı təpədən enib, sağdakı təpəyə dırmandım, insanlığın ilahiliyə ucaltdığı Nazaretli İsanı qarşıma çıxartdığı üçün, Krişna həzrətlərinə təşəkkür etdim.

Bölüm 18

İslam özünü çox gözlətmədən təqribən bir il sonra gəlib çıxdı. Onda mənim on beş yaşım var idi və vətənimi təzəcə kəşf edirdim. Müsəlman məhəlləsi zooparkın yaxınlığında idi və evlərin üzərinə ərəbcə yazılar yazılmış, aypara çəkilmiş kiçik, sakit bir yer idi.

Molla küçəsinə gəldim. Böyük bir məscid olan Camiyə Məscidinə gizlincə nəzər saldım, lakin özümü kənarda saxladım. Bizdə İslam, Xristinalıqdan daha pis ada sahib idi. Daha az tanrıları var idi, şiddətli zorakılıq hakim idi, həmçinin indiyə qədər müsəlman məktəbləri haqqında müsbət bir şey də eşitməmişdim, buna görə də boş olmasına baxmayaraq məscidə ayaq basmamağı qərara almışdım. Onsuz da xaricdən hər şey görünürdü, yaşıl rəngli bir neçə pəncərə çərçivəsindən başqa, ağ rəngdə boyanmış bina, tərtəmiz görünürdü, döşəməsinə xalçalar sərilmişdi. Göydən sallanan hindistan qozu ağaclarının budaqları arasında iki nazik, uzun minarə birbaşa göyə yüksəlirdi. Burda dinlə bağlı açıq-aydın, maraq cəlb edəcək bir işarə nəzərə çarpmırdı, amma xoş və hüzur dolu bir yerə bənzəyirdi.

İrəli doğru addımladım. Məscidin düz arxasında, yan-yana düzülmüş çoxlu sayda birmərtəbəli tikililər var idi. Baxımsızlıqdan uçub dağılmışdılar, çölü yaşıl rəngdə boyanmışdı. Tikililərdən biri mağaza idi, içəridəki rəflərin birində tozlu portağal suyu şüşəsində, yarıya qədər doldurulmuş şirin sular var idi. Amma burda satılan başqa bir şey də vardı, yastı, dairəvi və ağ rəngdə bir şey idi. Rəfə tam yaxınlaşıb baxdım. Mayasız çörəyə bənzəyirdi. Birini əlimlə yoxladım. Daş kimiydi. Sanki üç gün bundan əvvəl bişirilmişdi. Görəsən bunları kim yeyir, deyə düşündüm. Birini əlimə alıb, ovxalanırmı deyə baxmaq istədim.

–Dadına baxmaq istəyirsən? – bir səs dilləndi.

Qorxudan yerimdə atıldım. Hər kəsin başına gələ bilər, gün işığı və kölgələr vardı, rənglər və naxışlar vardı, fikrim başqa yerlərdəydi, ona görə də qarşımda duran adamı görə bilməmişəm.

Sən demə bir metrliyimdə, yerdə bardaş qurub oturmuş bir adam var imiş. Qorxudan çörək əlimdən çıxıb yolun ortasına qımcırlandı. Təzə inək peyininin içinə düşdü.

–Xahiş edirəm bağışlayın! Sizi görmədim! – deyə qışqırdım, özümü qaçmağa hazırılamışdım.

–Narahat olma, – adam sakitcə dedi. –Qoy bir inəyin qarnı doysun, başqasını götür.

Çörəklərdən birini də götürüb iki yürə böldü. Birlikdə yedik. Möhkəm və rezin kimiydi, dişləməyə hünər lazım idi, amma adamın qarnını doydururdu. Mənim içim rahatlandı.

–Deməli bunları siz hazırlayırsınız? – söhbətə başlamaq üçün dedim.

–Hə elə burda hazırlayıram. Gəl bura sənə necə hazırlandığını göstərim. – Yerindən durub, onunla birlikdə evə getməyim üçün mənə işarə etdi.

Bura iki otaqlı bir daxma idi. İçində təndir olan böyük otaq çörəkxana, ondan pərdə ilə ayrılmış o biri otaq isə yataq otağı idi. Təndirin altı kiçik çay daşları ilə dolu idi. O müəzzinin səsinin məsciddən səslənərkən çay daşlarının üzərində çörəyin necə pişdiyini danışdı. Haqqında danışdığı səsin azan səsi olduğunu bilirdim, amma nə üçün olduğundan xəbərim yox idi. İnanclı müsəlmanları məscidə, ibadətə çağırmaq üçün olduğunu düşündüm, eynilə kilsə zəngləri xristianları çağırdığı kimi. Amma elə deyilmiş! Çörəkçi söhbətin ortasında üzr istəyib içəri keçdi və əlində yumalanmış bir səccadə ilə geri qayıtdı, kilimini təndirin olduğu yerin yaxınlığına sərərkən otaqda kiçik bir un fırtınası qopdu. O elə təndirin yanındaca mənə fikir vermədən dua etməyə başladı. Heç belə şey olar? Bu ki nəzakətsiz hərəkətdir. Mən özümü burda artıq adam kimi hiss edirdim axı. Yaxşı ki, gözləri bağlı dua etdi.

Əvvəlcə dimdik dayandı, ərəbcə nələrsə dedi. Əllərini qulaqlarının dibinə qoydu, barmaqlarını qulağının ucuna toxunduru, sanki Allahın ona verdiyi cavabı eşitməyə cəhd edirdi. Sonra önə doğru əyildi. Yenidən dikəldi. Diz çöküb əlləri ilə birgə alnını yerə dəydirdi. Sonra dik vəziyyətdə oturdu, yenidən əyildi, yenidən qalxdı. Hər şeyə yenidən başladı.

Öz-özümə düşündüm ki, bu İslam deyilən din ki, bəsit gimnastikalardan ibarətdir. Bir növ bədəvilər üçün nəzərdə tutulmuş isinmə yoqasıydı. Özünə əziyyət vermədən, tərləmədən yoqa ilə məşğul olmaq üçün bir üsul idi.

O mütəməadi olaraq ərəbcə kəlimələri təkrarlayaraq eyni hərəkəti dörd dəfə təkrarladı. Duasını qurtardıqdan sonra başını sağa çevirib, qısa müddətliyinə düşüncələrə dalaraq gözlərini açdı və gülümsədi. Kiliminin üstündən qalxıb cəld hərəkətlə onu yenidən yuvarladı. Yan otaqdakı yerinə qoydu. Yanıma qayıtdı.

–Harda qalmışdıq? – deyə soruşdu.

Bu da ilk dəfə mənim bir müsəlmanın ibadətini görüşüm oldu, tələsik, cana faydalı, plastik, insan ruhunun dərinliklərinə işləyən dərəcədə cəlbedici. Bu hadisədən sonra, ibadət etmək üçün kilsəyə gedəndə çarmıxa gərilmiş Məsih qarşısında diz çöküb, sakitcə dua edirdim. Orda daim yadıma həmin çörəkçinin kisələr arasında Tanrıya dua etməsi düşürdü.

Ücretsiz ön izlemeyi tamamladınız.

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
27 ekim 2022
ISBN:
978-9952-8200-8-9
Tercüman:
Telif hakkı:
Alatoran yayınları / Алаторан

Bu kitabı okuyanlar şunları da okudu