Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Miqrant», sayfa 2

Yazı tipi:

…Qaçıb canını qurtaranlar da olub, yəqin ki, olub. “Qaçmaq da bir igidlikdi”. İçimdə nəsə qırılmışdı elə bil. Bədənim soyuduqca ağrılar şiddətlənirdi. Nataşa xala vəziyyətimin nə qədər ağır olduğunu duyduğundan, “döz… bir azca da döz…” – deyə işarə edirdi. İlahi, bu millətçilərdə bu qədər kin, nifrət, aqressiya hardandı?! Görəsən, babamın qarnını doydurduğu, faşizmi yox edən əsgərin nəvəsinin qəlbində Hitlerə olan məhəbbət hardan doğur? Bəlkə nasistlər gizlincə giriblərmiş Moskvaya, Berlinəcən qovulan heç onlar deyilmiş?!

Tarix müəllimim deyərdi ki, Bakının nefti olmasaydı, Stalin müharibəni uda bilməzdi… Bəlkə nasistlər neftin qisasını alırlar bizdən?! Cəhənnəm olsun nasistlər…

* * *

– …Əsgərliyim Amur vilayətində keçdi. Bərkə-boşa düşdüm. Bir az da kişiləşdim. Hərbi hissəmizdə ruslar çoxluq təşkil edirdi. Qəribədir, bizdə ana söyüşünə görə adam bıçaqlayıb beş il türməyə düşürlər, burda hər kəlmə başı, komandirdən tutmuş sıraviyə kimi bir-birinin anasına söyürdülər və bunu qəbahət saymırdılar, adət etmişdilər bir növ… Bir dəfə, əmrini vaxtında yerinə yetirmədiyimə görə hirslənən komandir anamın atamdan başqa bir kişinin toxunmağa haqqı çatmayacağı yeri söydü. Mənə elə gəldi ki, o söymədi, eləcə, atamın elədiyini elədi, özü də mənim gözümün qabağında! Leytenantı necə vurmuşdumsa, bir həftə hospitalda yatmışdı.

Ştab rəisinə əhvalatı olduğu kimi danışdılar. Rəis dinmədi, heç cəzalandırmadı da məni…

…Şaxtalı dekabr gecəsindən yağan qar ara versə də, havada güllə kimi uçan murdar söyüşlər təpik, yumruq zərbələrinin guppultusundan da tez qulaqlarıma soxulurdu. Tükürpədən qışqırıqlar, köməksiz qalan kişilərin naləsi ondan da betər idi. Sanki yer, göy lərzəyə gəlmişdi. İkiəlli başımı qucaqlayıb dizlərimin arasına sıxdım. Özümə nifrət edirdim!Hamıya nifrət edirdim! Acizliyimə, fərsizliyimə görə. Bu dəqiqə uzaqda, lap uzaqda bizimçin dua edən analarımızın, bacılarımızın ləyaqətini qoruya bilmədiyimə görə. Bir də bu dili bildiyimə görə, necə həvəslə, sevgiylə öyrəndiyimə görə nifrət edirdim özümə! Babamın kövrəlməsinə fikir verməyəydim kaş… Təki kartof təmizləyəydim, odun doğrayaydım… Başa düşməyəydim bu murdar sözləri!..Parkdakı ağız büzən arvadları da yaddaşımdan siləydim kaş… Əmim kimi ağ olmağı arzulamayaydım! Kaş ki…

* * *

…Leytenanta dəyən zərbədən sonra mənimlə ehtiyatlı dolanırdılar, qorxurdular məndən. Zaman əsgərlikdə elə bil dayanır. Sanki, iki il yox, iyirmi il ötdü. Hər gecə yuxularımda olan kəndimizə qayıdanda atam qurbanlıq qoyun kəsib payladı. Əmilərim bütün kəndi, Bakıda olan qohumlarımızı yığıb bayram etdi. Düz bir ay…

“Gündüz naxıra, axşam axura” – başımda bircə bu fikir fırlanırdı. Kolxoz, kənd həyatı tez bezdirdi məni. İndi yuxularıma şam, ağcaqayın meşələri, “samovolka”da görüşdüyüm Lena girirdi. Yuxularım məni lilli-palçıqlı küçələrdən qoparıb uzaqlara, uzaqlara çəkirdi. Anam duymuşdu. Qız da tapıb məni “kəndirləmək” istəyirdi – əmim kimi qaçmağımdan qorxurdu yazıq arvad… Yazıq anam, ürəyindəkini həyata keçirmək istəyənə kimi əmimin yanına qaçdım. Anam nə istəyirdi axı? Halal südəmmiş gəlin, beş-altı uşaq, vəssalam! Mənsə qaçdım. Söndürdüm atamın çırağını, quru yurdda qoydum. İndi görəsən neyləyir? Oturub doqqazın ağzında, qara su gəlmiş gözlərini ovxalayır, məni ondan alan yollara baxır. Bəlkə…

* * *

…Ağrıdan nəfəs ala bilmədim. Gözümdən axan acı su dodağıma toxunanda diksindim; istiydi acı su. Bədənimsə buz kimiydi-quyumuzun suyu kimi.

“Qayıdacam! Bax, bu it uşaqları gedən kimi, şələ-küləmi yığıb gedəcəm anamın yanına!..” Beynimdə qırıq-qırıq fikirlər dolanır. Qırx ildə yaddaşımda itkin düşən bu xatirələrdən başqa nəyim vardı ki? Kiməm ki?Ömrü boyu doğma sandığım bir toplum içində öz keçmişiylə pıçıldaşan yad bir varlıq – MİQRANT! Bu kəlmənin dar çərçivəsindəyəm… və başqa heç nə… Ağırlığına tab gətirəcək çiyinlərimi də çox gördüm sənə, ana!..

…Milislər gələr gəlməz Andrey əmi də qayıtdı. Nataşa xala ürəkləndi. “Bayaqdan harda itib batmısan?!” – deyə, ərinə acıqlandı. Piştaxtanın dalına keçdi, qoltuğuma girib məni sinəsinə çəkdi.

– Tez ol, kömək elə maşına mindirək, ölür yazıq…

* * *

…Təkərli xərəkdə, işıqlı xəstəxana koridoruyla aparırlar məni. Yox, aparmırlar, elə bil uzun tuneldə uçuram… Nataşa xalanın üzündə təlaş var. Yanındakıları kiməsə oxşadıram… Yuxarıdan gözlərimə süzülən ağappaq işıqların şüası gah gurlaşır, gah da yox olur… Üzündəki təbəssümü oğurlayıb qaçandan bu tuneldəymişəm, ana… Az qalıb… Oğlunu qucaqlamağa, saçlarını oxşamağa az qalıb… Ana, heç ağarmadım ki, vallah, atam kimi qapqara qalmışam… Təkcə, saçlarım ağardı, ana…

Göz qapaqlarım ağırlaşır. Nəsə qonur sinəmə, nəsə… daşdı elə bil…

Tunel nə uzunmuş?!..

Bayaqdan gözümü deşən işıq… hara yox oldu?..

Aaa-naa?! Bu s-sənsən?.. Gəlirəm, ana, qucaqla… qucaqla məni…

2002

Hürməyən küçüyün ariyasi

“Bir küçüyün sərgüzəştləri” silsiləsindən birinci hekayə.

– Apar azdır… Hardan, necə gətirmisən, eləcə də apar!..

– Niyə? Vallah yaxşı küçüydü, bir azca böyüdü haa, həyət-bacana hayan olacaq.

– Dedim, yox, deməli, yox!

– Ay Kərim, tərsdiyin tutmasın, yazıq heyvandı, süfrənin qır-qırıntısıyla dolanacaq…

– Ayə, nə qır-saqqız olub yapışmısan yaxamdan, balam, ürəyimə yatmır da?! Pah atonnan, gör necə yalvarır e… Bundan, bu qapıya it olmayacaq! Onun gözlərinə bax, sən atoon goru!.. Bax, bax da?!

– Nolub onun gözlərinə, həə?..

– Bu fağırrığında da küçük olar, a rəhmətdiyin oğlu?! Elə bil süddən kəsilmiş uşaq kimi bu saat ağlıyacaq. Bir suyu lap hesabdar Cəbiyə oxşuyur, sən ölmüyəsən!

– Heç zarafatından qalmırsan, ayə… Nə isə, kimə oxşadırsan oxşat, amma yalını bir az çox eləsən, əməlli-başlı köpəy olacaq. Ətə öyrətsən, lap canavara dönər.

– Axmağın biri axmağ, özüm doyunca ət yemirəm, hansısa qancığın doğduğuna ət verəcəm? Belə qudurmuşam?

– Mənə də yox da, ay Kərim. Elə bil külfət basıb səni, ay evi abad olmuş. Guya xəbərim yoxdu ki, günün kafe-restoranlarda keçir? Bütün rayon boşuna kefnəqulu Kərim demirki sənə?!

– Ayə, yaxşı, yaxşı sən canın, əl çək… Evdi də, yəqin ki, arada sür-sümük tapılar…

– Belə de də, ay insafını Allah kəsmiş, lap ürəyimi üzdün ki?!. Ara-sıra sümükdən-zaddan at qabağına, vallah peşiman olmazsan! Heyvandı da…

Bu söhbətdən iki ildən bir az çox keçmişdi. Kərim, əvvəllər hər ayın başı, sonra da demək olar ki, hər gün özünü də, iti ona ürcah eləyən İsfəndiyarı da məzlum-məzlum gözlərini döyüb onun üzünə baxan Generala qatıb, həyatı boyu öyrəndiyi, bildiyi nə qədər söyüş vardısa, dişinin dibindən çıxarıb döşəyirdi onun sifətinə, özü də rusca… Qanmaz heyvan cınqırını çıxarmasa da, beləcə ürəyini boşaldar, rahatlaşardı. “Mən axmağ da ad qoydum da: General! Yox bir, marşal!..Sənə it deməyə də adamın dili dönmür. ”

Özü də dəqiq bilmirdi niyə – “general” sözü gurultulu səsləndiyindən, yoxsa, nakam komandirinin ölmüş arzusunu əbədiləşdirmək istəyindən, küçüyə bu adı vermişdi. Bəlkə inanmaq istəyirdi ki, heç olmasa, cinsinə, nəslinə yaraşmayan fağır-füqarəliyini adına görə unudub ödkəmli, zabitəli bir it oldu? Axı əsgərlikdə alkaş komandirindən çox eşitmişdi ki, general olmağı arzulamayan əsgərdən heç vaxt samballı döyüşçü çıxmaz. Düzdür, iki ilini birtəhər başa vurmaqdan savayı heç nə barədə düşünməyən Kərimin generallıq ağlının ucunda da keçməzdi, heç mayor rütbəsinə kimi ucalan komandirinə də general olmaq qismət olmamışdı, çünki içdiyinə görə şələ-şüləsini vermişdilər qoltuğuna…

…O vaxt İsfəndiyar qışlaqdan yaylağa qalxanda gətirmişdi bu küçüyü. “Noolsun ki, arvad-uşağın yoxdu, mal-qaran kolxoz sürüsünü ötüb maşallah, onlara da göz olar… Ayə, kəççinin qapısında it hürər də, ” – deyib getmişdi İsfəndiyar. Əslində, İsfəndiyar kəsə yolla, hər dəfə onun qartmaq bağlamış yarasını qopardıb üstünə duz səpir, indiyə kimi evlənmədiyinə, arvad-uşaq sahibi olmadığına işarə edirdi, çünki onun doqqazındakı ölü bir səssizliyə dözə bilmirdi. Axı, pis-yaxşı, Kərim onun uşaqlıq dostu, əsgərlik yoldaşı idi, ataları da əmiuşağı.

₺52,62