Kitabı oku: «Miqrant», sayfa 3
“Allah göstərməsin – bu boyda mülkdə bayquş kimi tək-tənha yaşayırsan, – bir gün yatdığın yerdən qalxmasan, bir köpəyoğlu səndən xəbər tutmaz, vallah mındar olub qalarsan evin bir küncündə!Necə olmasa, canlıdı, bir şey olsa, hay-küy salar… Ayə, kef çəkməklə deyil ee, savab iş də görməlisən bu dünyada!” Bunu da İsfəndiyar demişdi və bərk-bərk tapşırmışdı ki, heç olmasa özünə görə küçüyə baxsın…
Hə də, Kərimin bəxtəvər başına, zirzəmidə eşələnib iki köhnə mis tas tapıb qoymuşdu pilləkənin altına – biri su üçün, o biri yal üçün – bişirdiyinin, yediyinin artığını tökürdü o tasın içinə ki, anasını erkən itirmiş küçük yeyib iri, bədheybət köpəyə dönsün. Adını General qoysa da, ona hər baxanda, nədənsə, gah hesabdar Cəbi, gah da arzusu ürəyində qalan nakam komandiri gəlib dururdu gözünün qabağında.
Bəzən, yeyib-içdiyi yolqırağı yeməkxanalardan utana-utana kabab, bozbaş sümüklərindən sellofan paketlərə yığıb gətirərdi onunçun.
* * *
Kərim elə bil anadan şəhərli doğulmuşdu; uşaqlıqdan nə mal növbəsinə gedər, nə bir dəfə tövləyə girər, nə toyuq-cücəyə dən verər, amma hər səhər anasıyla qaymaq, süd, yağlı pendir davası edərdi. Sən bir işə bax ki, pasportunu alan kimi bu feodal düşüncəli, kənddən baş götürüb Rusiyaya getmək arzusuyla yaşayan Kərim, pasportunu da aldı, əsgərliyini də Qazaxıstanda başa vurdu, olmazın oyunlardan çıxdı və yenə kəndə qayıtdı, təsərrüfat işlərində ata-anasına həyan olan, heyvan-qaranı otaran, ot-ələfin yığan, altını kürüyən böyük qardaşları olsa da, ata-anaları rəhmətə gedəndən sonra dədə ocağında qalan yenə də Kərim oldu-o biriləri dədə mülkünü qoyub şəhərə köçdülər.
Amma Kərim əmin idi ki, şəhərli kimi yaşamaqdan ötəri kənddən köçmək elə də vacib deyil və istəsə şəhər boğanağında itib-batmadan da arzularını reallaşdıra bilər.
Kərimin ata-babadan qalan var-dövləti balaca qoyun sürüsü idi. Sovetin dövründə kolxozda ferma müdürü işləyən İsfəndiyarın sürüsünə qoşmuşdu. Kolxoz dağılandan sonra da onlara özü baxmırdı, fermer Qəzənfərə vermişdi ki, saxla, hər il doğulan balanın yarısı sənin, yarısı da mənim. Doğar qoyunları sürünün yarısından çox idi deyə, Qəzənfər nəfsinə uduzub razılaşmışdı. Qoyun da ki, artımlı heyvandı, yaxşı baxanı olsa beş-on ilə bir də görərsən ki, maşallah, sayı-hesabı bilinmir.
Şəhərli kimi yaşamağın çəmini tapmışdı: əli-ayağı tərtəmiz, həyət-bacası gül kimi, nə tövlə iyi gəlirdi, nə də heyvan-qara səsi; hamamxanası, isti-soyuq suyu, mebelli mətbəxi, daha nə bilim nəyi… Dəblə geyinməyindən də qalmırdı. Bircə evində xanımlıq eləməyə yaxşı qadın, var-dövlətinə sahib durmağa colma-cocuq çatışmırdı. Kərimin xislətinə bələd olanlar bilirdilər ki, evlənməməyinin də bircə səbəbi vardı – o heç kəslə yola getmirdi və onun aləmində kiminləsə bir dam altında iki-üç saatdan artıq olmaq ömürlük sürgünə məhkum olunmaq kimi bir şey idi…
Tək-tənha özü-özüyçün yaşayır, bundan həzz alırdı. Üzünə deməsələr də, arvad sarıdan bəxti gətirməyən, hətta, bəzi bəxti gətirən kişilər də onun sərbəst, kefcil həyat tərzini görəndə ürəklərində paxıllıq edirdilər. Əlbətdə, Kərim öz qismətindən çox razıydı.
İmkanlı olmaq da belə şeydi; zalım oğlu, Türkiyədən vurub Amerikadan çıxır, səsi gah Cənubi Afikadan, gah da Dominikan Respublikasından gəlirdi. Rayonda, bəlkə də Bakının özündə, handa bir özündən deyənin ayağı dəymədiyi çox ölkələr, şəhərlər vardı ki, Kərim oraları Boxçalıdan yaxşı tanıyırdı. Hara da getsəydi yenə Boxçalıya dönər, qərib ellərdə çəkdiyi keflərin donmuş yadigarları olan fotoları yataq otağının divarına yapışdırardı. Və bu nəhəng divar albomunu kimsəyə göstərməzdi. Hər gün yatmadan əvvəl o, şəkillərə baxıb dodaqlarını marçıldada-marçıldada “ötən günlərimi qaytaraydılar…” deyib girərdi yorğanın altına.
Orda-burda çəkdiyi keflər azıymış kimi, ayda bir-iki baş qoyundan-quzudan satdırıb istədiyi vaxt subaylığın dadını çıxarırdı. Ürəyinə qadın düşəndə özünü vururdu ya vağzal bufetində ofisiant işləyən Qalyanın, ya da ki, internetdə tanış olduğu Ceylanın yanına. Əvvəllər, San-Fransisko, Marsel, Monte-Karlo, Neapol, Mayami, Monterrey gözəlçələrinin yerini nə Qalya, nə də Ceyla verə bilmirdi. Amma sürətli internetə qoşulandan sonra, “deyəsən, bizimkilər də xaricilərdən heç geri qalmır” deyərək yeni-yeni eşq macaraları axtarırdı. Burada cavan, ərlərinə xəyanət eləyən evli gəlinlərdən tutmuş, kişilərindən narazı qadınlara qədər, bir saatlıq, bəzən bir neçə günlük ürəyinə yatanını tapmaq sadədən də sadəymiş?! Özü də xaricə getməyə, ətək-ətək pul xərcləməyə də ehtiyac yox idi.
Kərim naşükür adam deyildi:
– İnterneti çıxardanın atasına min rəhmət, – deyirdi. – Ayə, hayıf deyil, girdin, tapdın, yazışdın, beş-on manatlıq kontur yüklədin, oldu sənin, bir ağzıgöyçəyində xəbəri olmur. Yoxsa əvvəllər? Birinin dalısınca düşdün, qapısına ayaq basdın, külli-aləm səndən danışacaq ki, görəsən filankəs filankəsin evinin həndəvərində nə qayırır?!
İsfəndiyar gətirən küçüyün adqoydusundan bir-iki ay keçmiş, bu ipə-sapa yatmaz küçüklə bir həyətdə üz-üzə gəlməkdən təngə gəldiyindən başladı təzə sevgili axtarmağa. Nə olsun ki, yaş o yaş deyil, maşallah, pul-para onda, başqa hər şey də ki, öz yerində. Qalya boş yerə demirdi ona: “Tı kak beşenniy dikar…”
Tanışlıq saytında Selenanın profilindəki yarıçılpaq şəkilləri çox xoşuna gəlmişdi. Canıyanmış elə profilindən adamı o dünyalıq eləyirdi. Hər gecə yazışıb yaxından tanış olandan sonra, nəhayət, telefon nömrəsini aldı.
Zəngləşib görüş təyin etdilər, amma Selena əvvəlcədən onu xəbərdar etdi ki, əgər gecə qalmalı olsa yüz manat ödəməli olacaq, yeyib-içmək də öz yerində. Razılaşdılar və Kərim cibinə xeyli pul qoyub üz tutdu şəhərə. Ən bahalı supermarketdən ən bahalı içki, ərzaq alıb qıza zəng vurdu ki, gəlmişəm. Bir saatdan sonra görüşdülər. Cavan, uzun boylu, nərmənazik, sarı saçlı Selena Kərimi görəndə iri, kobud görkəmindən bir az qorxdusa da, onu gülərüzlə qarşıladı. Yeyib-içəndən sonra yarıqaranlıq yataq otağına keçdilər. Qız nazlana-nazlana soyunduqca Kərim havalanırdı. Beş dəqiqədən sonra qız utanırmış kimi arxasını Kərimə sarı çevirib uzandı, “quc məni” deyib dalını ehtirasdan alışıb-yanan Kərimə sürtüşdürdü. Kərim onu qıllı sinəsinə sıxanda hiss etdi ki, Selenanın döşləri şəkildəkindən çox balacadı. Döşbaz olsa da, daha buna əhəmiyyət verməyib yavaş-yavaş başqa əzalarını əlləməyə başladı; kobud barmaqları paçasının arasına toxunanda elə diksindi ki, lap dəli kimi qışqırmaq istədi, istədi nədi, lap bağırdı da. Tez yerindən sıçrayıb yataqdan durdu, işığı yandırdı və diqqətlə baxdı ki, Selena… Selena, sən demə qız-zad deyilmiş, heç arvad da deyilmiş!
Nə isə, o qədər xərc-xəcalətdən sonra sevgilisinin “oğlan” çıxmasına əsəbiləşdi, qondarma Selenaya tüpürüb kəndə qayıtdı.
Qayıdan kimi həyət-bacanı ələk-vələk elədi, “General, General…” deyib çağırdı, küçükdən səs çıxmadı. Handan-hana onu zirzəminin küncündə qısılıb yatmış tapanda ürəyi yerinə gəldi. Qəribəydi, Selena məsələsindən sonra evdən bayıra çıxmayan Kərim mehrini məzlum küçüyə salmağa başladı və bir daha nootbuka yaxın durmadı.
Hər gün suyunu, yemini verir, qaçmağı, tullanmağı, dükandan aldığı balaca qırmızı rezin topu tapıb gətirməyi öyrədirdi, amma nə illah edirdisə də, küçük onun dediyini, göstərdiyini eləmirdi ki, eləmirdi.
“Yediyin burnundan gəlsin!..Ayə, camaatın iti hürəndə az qala qorxudan iki küçə o yana qaçasan, bu qurumsağ ağzını açmağa da can çəkir!..Demişdim də, İsfəndiyar, a zatı qırıq (lənət sənə kor şeytan!), bundan mənim doqqazıma axran-maxran olmaz!..”
Hər dəfə yedizdirəndən sonra beş-on dəqiqə ki, keçirdi, küçüyün sifətinə – o məzlumluq, qaramatlıq yağan sifətinə baxıb belə deyir, gözləyirdi ki, bəlkə yediyinin xatirinə bircə dəfə “ham” deyə, hürə, yox e, nə hürmək balam, elə bil o, it belindən gəlməyib, qancıq doğmayıb onu, lal ördək balasıdır ki, durub…
Ücretsiz ön izlemeyi tamamladınız.