Kitabı oku: «Quşların intiharına ağlamayın», sayfa 3
Can üstə olan bacısının nigaran olduğu Tufan dərəsinin hər iki yamacını bürümüş, nəsil-nəsil göz açıb gördükləri, babalarının kol-kosla çəpərə aldığı, qayğısını çəkib qoruduqları yabanı qızılgüllük idi – Yalqızlar pirindən gündoğana sarı dərə boyunca uzanıb gedən mürəbbə qızılgüllüyü. Hər il iyunun əvvəlləri Qaraqız az müddətə icazə alıb gəlir, bacılar beş-altı gün içində ləçəkləri yığıb toplayır, sonra bazar alverçilərinə bir yerdən satırdılar. Yaxşı da pul qalırdı. Çox qəribədi, demək olar ki, hər il iyunun əvvəllərində, – beş gün tez, beş gün gec, – qəfil bu dərədə bir tufan qopur, bir tufan qopur, gəl görəsən… Bu vaxt, məhsulu yığmağa macal tapa bilməmək bacılar üçün fəlakətə çevrilirdi, yetişmiş qızılgül ləçəkləri bir göz qırpımında göyün üzünə sovrulurdu. Bu dəfəki tufan təkcə qızılgülləri deyil, Minaxanımın da saplağını qırmışdı, indi ləçək-ləçək qeybə sovrulurdu ruhu…
Hücrə deyəndə isə, bu, pirin üstündə mağaraya oxşayan bir qayalığın arasında tarixi bilinməyən köntöy bir tikiliydi. Rəvayətə görə, bacıların ata tərəfdən ulu babalarından qalmaydı. Bura yağışda, küləkdə bir daldalanacaq idi sadəcə. Həm də, kim bilir neçə yüz ildi gəlib sonu bu bacılarda yoxa çıxan bir nəslin ümid yeri, pənah yeriydi. Pirin üstə qoyulan sədəqələr, nəzir-niyazlar onlara çatırdı. Deyilənə görə, məzarı pirə çevrilən, sevdiyinə qovuşa bilməyən o nakam, bu qızların ulu babalarının doğmaca qardaşı Dərviş Aşur olub. Ona Divanə Aşur da deyirmişilər. Eşq divanəsiymiş. Zorla başqasına ərə verilən sevgilisi zəhər içib özünü öldürəndən sonra, o, çəkilib bu mağarada cəmi qırxca gün yaşayıb və iztirabdan ölüb. Vəsiyyətinə görə orda da dəfn olunub. Deyirlər, həmin gün o dərədə elə bir tufan qopub ki, üç gün göyün üzü çəhrayı qızılgül ləçəkləriylə örtülüb və guya ayrı-ayrı adamlar Dərviş Aşuru sevgilisiylə əl-ələ tutub o tufanın içiylə göyün üzünə – qeybə doğru gedən görüblər…
Ağlı kəsəndən sonra, Qaraqız ağır günlərində, dara düşəndə: “Aşur babam, hardasan?” – deyib imdad diləyərdi, sonra gözlərini yumub onu içində gözləyər, handan-hana qaranlıqlardan sıyrılan işıqlı surətini dirildib ona tapınar, öz mübhəm dialoqlarını qurar və ulu babasıyla uzun-uzadı dərdləşərdi. Bu haqda heç kimə danışmazdı, heç kimə. Elə bilərdi ki, danışsa hər şey alt-üst olacaq, heç nəyin daşı daş üstə qalmayacaq…
Dərviş Aşurun məzarına el içində dərin bir inam vardı. Zaman-zaman nakamları, yalqızları, qəribləri burada dəfn etmək bir adətə çevrilmişdi, dərənin gündoğana baxan qırağı kiçik bir qəbiristanlığa dönmüşdü. Axır vaxtlar el içində bir adət də yaranmışdı: təzə evlənənlər toy günü buraya gəlir, Dərviş Aşurun qəbrini – Yalqızlar Pirini ziyarət edib üstünə nəzir qoyurlar. Bu isə imkansız bacılara, daha doğrusu, Minaxanıma maddi dayaq idi.
Səhərə yaxın Minaxanım keçindi. Özü də eləcə, ordan-burdan danışa-danışa.
Minaxanım ölsə də, Qırıqqala məhəlləsində insanlıq hələ ölməmişdi. Qaraqız xəbər eləyən kimi, qonşular tökülüşüb gəldilər, səhər tezdən kişilər köməkləşib həm mağar qurdular, həm də gedib qəbri qazdılar, arvadlarsa meyiti yudular, kəfənlədilər, üstündə ağı deyib ağladılar: özü də görüntü xatirinə yox – sidq-ürəkdən etdilər bunu… Çünki, bu məhəllədə hamı bir-birinə can yandırırdı, çünki imkansızlar məhəlləsiydi bura…
* * *
Üstünə xardal rəngli iri bir çəyirtkə qonmuş mərmər baş daşındakı qaşqabaqlı şəkilə qəfil gözü sataşan Rza diksindi, özü də necə!.. İxtiyarsız yerə çökdü, “Bismillah!” deyə-deyə sağ əlini üç dəfə torpağa toxundurub başına qoydu. Çoxdandı belə üşənməmişdi. Lap uşaqlıqdakı kimi, canından elə bir gizilti keçdi ki, başının içi uzun-uzadı uğuldadı. Balaca olanda, diksinincə bütün bədəni eynən bu cür güməşərdi. Belədə ağlamsınardı. Nə olguğunu soruşanda, dodaqlarını büzüb deyərdi: “başımın içinə samaylot girib…” Elə bil, həmin uğultu illərin o başından gəlib, gəlib, qəfil yenə beyninə doldu, qulaqları batdı. Haçandan-haçana özünə gəldi, əlini uzadıb çəyirtkəni qovaladı. “Xıdır dayı… Xıdır dayı… Allah sənə rəhmət eləsin… Allah sənə rəhmət eləsin…” deməkdən başqa söz tapmadı. Bu daşı onun üstünə yəqin ki, təzə salmışdılar, Rza birinci dəfəydi görürdü. Özünə gəlincə, şəklin altında cızılmış doğum-ölüm tarixi arasındakı illərin fərqini hesabladı, başını yelləyib ürəkdən bir ah çəkdi: “Sən nə yaşadın axı, ay zalım, nə yaşadın axı?..” – dedi. Sonra da düşündü ki, görəsən bu bədbəxtin bir gülümsəyən şəkli yoxuydumu? Niyə bu qaşqabaqlı şəkli vurublar baş daşına?
Xıdır onun ana tərəfdən qohumuydu. Dünyadan cavan getmişdi: qırx yaşına az qalmış elektrik cərəyanı vurub öldürmüşdü. Ölənəcən mədəniyyət evində bədii rəhbər işləmişdi. Sağlığında onu bu balaca şəhərin toy məclislərində həmişə başda otuzdurardılar. Tamadalıq eləyərdi. Füzulini əzbər bilirdi. Onun qəzəllərini saatlarla, yorulmadan, özü də musiqi sədaları altında çox gözəl deməyi, misra-misra şərh eləməyi vardı. Bu qədim, bu balaca şəhərdə az qala hamını yoluxdurmuşdu Füzuliyə. Çoxları onun yanına gəlir, qəzəli ahənglə ucadan necə deməyi, misraları necə çözməyi, məclislərdə camaata hansı şəkildə çatdırmağın yollarını öyrənirdilər. O zaman şeir, sənət camaatın həyatında, elə bil, bir oksigen yastığıydı, adama elə gəlirdi ki, hamı sözlə nəfəs alır. Xıdır da bildiklərini həvəslə öyrədir, sanki bundan qürur duyurdu. Hələ Rza yeddidə oxuyanda, atası yanına salıb onu da aparmışdı Xıdırgilə və demişdi ki, “qohum, bu qırışmala da Füzulidən bir şey öyrət”. Ancaq bu söz xiridarı nə qədər əlləşsə də ona heç nə öyrədə bilməmişdi. Çünki söz qavramağı zəif idi, yadında heç nə qalmır, dinlədiklərini bir qulağından alıb o birindən buraxır, elə bil, oxuduqlarını beynindən küləklər sovururdu. Yaddaşına ilişib qalanlarısa dolaş-bulaş eləyir, tərs-avand deyirdi. İndi soyuq, qapqara qəbir daşından qaş-qabaqlı baxan bu rəhmətlik o vaxt onun həvəssiz olduğunu duymuş, başını sığallayıb demişdi: “Ə, darıxma, öyrənəcəksən. Dayı canı, asandı eyy, halvadı lap. Məsələn, de görüm: Məni candan usandırdı…” Rza isə, bir gözü atasında, bir gözü Xıdırda, utana-utana, barmaqlarını övkələyə-övkələyə sözləri səhv-dəyişik salıb kəkələmişdi: “Məni… canan… uzandırdı…” Xıdırla atası uğunub getmişdilər. Görünür, atası o vaxt həm də pərt olmuşdu, çünki Rza təzədən nə qədər cəhd eləsə də, heç nə alınmamışdı. Buna görə də kişi başını bulayıb demişdi: ”ə, dur görüm, avara oğlu, avara! Dur getdik! Bu fərasət ki səndə var, səni canan uzandırana qədər, məni mürdəşir uzadacaq yuyat yerinə…” Yenə gülüşmüşdülər. Rza yazıq neyləyəydi axı? İçində qəzələ-məzələ sevgi-filan yoxuydu, sadəcə, atası belə istəyirdi. Əslində, Rza çox zirək bir oğlan idi, yaşıdlarından hər cəhətdən seçilirdi, necə deyərlər, lap ilanın gözünə darı salan birisiydi, amma söz adamı ola bilmirdi. Sonralar o, atasının xətrinə, zülümlə də olsa, Fizulidən bir-iki qəzəl əzbərləmişdi, di gəl, adam arasında deyə bilmirdi, o dəqiqə dili dolaşır, çaşırdı. Bir sözlə, nə qədər özünü toparlayıb, necə deyərlər, başında-beynində tozanaq qoparsa da, onunku alınmırdı ki alınmırdı…
Rza yolun qırağı boyunca uzanıb gedən qəbiristanlığa girib valideynlərinin məzarlarını ziyarət elədi. Sonra da göz gəzdirib Mirzənin, Pakizənin məzarlarına sarı baxdı ki, görsün Minaxanıma qəbir qazıblar, ya yox. Əslində, şəhərə girməmişdən öncə, qəbirisitanlığın yanında, elə bu məqsədlə maşını saxlayıb düşmüşdü. Amma gözünə bir şey dəyməyincə fikirləşdi ki, “hə, yəqin hələ keçinməyib…” Sonra da yadına düşdü ki, axı onların nəslindən olan nakamları bu qəbirstanlıqda deyil, Yalqızlar Pirinin yanında dəfn ediblər. Minaxanımın da qəbrini orada qazarlar yəqin… Odu ki, yoluna davam etməyi düşündü. Çoxdan baş götürüb getdiyi, düşəndə bir dəfə gəldiyi doğma şəhərinin girəcəyində yolun qırağını bürümüş bu məzarlığı salanları həmişəki kimi yenə özlüyündə qınadı. Yenə fikirləşdi ki, “niyə şəhərə girəndə birinci qəbirlər qarşılamalıdı adamı? Bu xarabada ölü basdırmağa başqa yer yoxuydumu görən?”
Geri qanrılıb bir də Xıdırın məzarına baxdı. Xardal rəngli iri çəyirtkə yenə baş daşındaydı.
* * *
O, gəlib çıxanda, camaat Minaxanımı dəfn edib təzəcə qayıtmışdı. Pərt oldu, amma özünü o yerə qoymadı: “Qismət beləymiş…” – dedi. Üç gün yas mərasiminə ağsaqqallıq edib, gələni-gedəni yola verdi.
Qaraqız bacısının son nəfəsdə dediklərini ona çatdırdı, sonra da əlavə elədi:
– Minaxanım vəsiyyətində dönə-dönə tapşırdı ki, mən Bakıdan qayıdım, pirə yiyəlik eləyim. Amma bunu eləyə bilməyəcəm, eləyə bilməyəcəm heç vaxt! Qoy bacımın ruhu məni bağışlasın. Necə eləyim axı, Rza, necə eləyim?
Danışdıqca dili-dodağı titrəyən, gözlərindən ixtiyarsız yaş tökən Qaraqıza Rzanın yazığı gəldi, alnını ovuşdurub fikrə getdi.
Bilirdi ki, Qaraqız Gilənara pis öyrəşib, o məsum qızcığazı beş yaşından saxlayıb-bəsləyir. Başa düşürdü ki, o, bu yad balasından ötrü divanədi. Bəlkə də heç bir ana öz doğma balasını bu qədər istəməz. Rza bunları anlayırdı, amma onu narahat edən başqa məsələydi.
Birincisi, indi gözünün ağı-qarası bircə bacısını vaxtsız itirmiş bu bədbəxtin dərdinin üstünə dərd gətirib deyə bilmirdi ki, yasda yerli məmurların birindən pirlə bağlı acı xəbər eşidib. O adam deyib ki, Yalqızlar Piri yerləşən Tufan dərəsində tezliklə məxfi bir baza tikiləcək, orada olan qəbirlər köçürülməlidi. İtib-batmış köhnə məzarları saymasaq, orada təzə dəfn olunanlar azdır. Hara şikayət etsən də xeyri olmayacaq. Çünki pir də, qəbiristanlıq da qeydiyyatda yoxdu. Piri, qəbirləri köçürən olmasa, verəcəklər buldozerin ağzına, söküb qoyacaqlar yerə, vəssalam, çünki dövlət əhəmiyyətli bir məsələdi, heç kim qarışa bilməz. Elə Minaxanımı da orda basdırmaqda səhv eləyiblər…
İkincisi, Hidayət müəllim Gilənarı tezliklə İsveçrəyə oxumağa göndərəcək. Gilənarsa iki ayağını bir başmağa dirəyib ki, Qaraqızsız heç yana getməyəcək, gərək dayəsi də onunla gedə. Odur ki, Bakıya qayıdan kimi onu Gilənara qoşub yollayacaqlar xaricə, əli hər yandan üzülüb düşəcək qürbətin girdablarına, oralara dözə biləcək, bilməyəcək, bunu Allah bilir.
– Hə, nə deyirsən? – Qaraqız onu fikrə getmiş görüb, göz yaşını silə-silə sakitcə soruşdu.
Rza elə bil yuxudan ayıldı, amma özünü itirmədi:
– O dediyin məsələlərə sonra baxarıq. Təcili qayıtmaq lazımdı, Hidayət müəllim zəng eləyib, nəsə, bir para işlər çıxıb ortaya. Getməliyik.
Qaraqızın ürəyi düşdü. Heç nə demədi, gözlərini döyə-döyə qaldı…
* * *
İllüminatordan baxanda aşağılarda görünən topa buludlar qürub günəşinin al şəfəqlərinə boyanmışdı, adama elə gəlirdi ki, qeybdən üstlərinə gözəgörünməz əllərlə milyonlarla nar sıxılıb. Sakit görünüşlərində dərin bir hüzur vardı. Gilənar oturacağın dirsəkaltı söykənəcəyini qaldırıb buludlara baxa-baxa mürgüləyən Qaraqıza qısılmışdı. Başını onun çiyninə qoyub yatmışdı. Kənardan o qədər məsum görünürdülər ki, qədim Roma rəssamlarının əsərlərindəki mələklərə oxşayırdılar…
Ücretsiz ön izlemeyi tamamladınız.