Kitabı oku: «Həyat sandığı», sayfa 6
7. Daha çox mara
Mən dəyişmək istəyirəm
Yanıb küllərdən doğulmaq
Buludlarda yağış olmaq
Eçso yeni döyülmüş parıldayan mis nişana bir müddət baxıb cibinə qoydu. Bununla yanaşı silah daşımaq və istifadə etmək üçün icazə ordeni da almışdı. Bütün bunlar ona cibindəki son pul olan üç mara qırx bir lemiyə başa gəlmişdi. Yerdə qalan iki lemi pula isə ən yaxşı halda iki çörək və ya üç kilo alma ala bilərdi. İcazə kağızı üzərində həmçinin dövlətə ödəyəcəyi illik vergi miqdarı, sahib olduğu əlavə bir neçə səlahiyyətlər və qadağalar vardı.
“Keçən dəfə sizinlə gələn gənc xanım məni elə tələsdirdi… siz isə indi gəlirsiniz,” deyə qeydiyyatçı ehtiyatla narazılığını bildirdi.
Selleyin ordeni tez zamanda almaq üçün etdiklərinə baxmayaraq Eçso dünən axşam götürməli olduğu ordeni bu gün səhər götürmüşdü. Hətta indi də bunu həqiqətən istədiyinə əmin deyildi.
“Tək işləməyiniz bir az çətin olacaq, bu dərəcədə müştəri tapmaq asan deyil,” deyə qeydiyyatçı bildirdi “Əgər istəsəniz şəhərdəki sizi qəbul edəcək bir neçə metha dəstəsinin adını verə bilərəm. Beləliklə daha sürətli təcrübə və pul qazana bilərsiniz.”
“Təşəkkür edirəm, ehtiyac yoxdur.”
Eçso oradan çıxıb idarə mərkəzini tərk etdi. Son pulunu da bu ordenə vermişdi və tez zamanda yataqxanadan çıxmaq istəyirdi. Nə qədər qüdrətli və əfsanəvi gücə sahib olsa da, bir həftədən sonra o, küçələrdə pulsuz, səfil həyatı yaşaya bilərdi. Odur ki, yerə düşməmək üçün bir əli ilə asılı qaldığı bu son budağı bərk-bərk qucaqlamalı olduğunu anlayırdı.
Nakralar üçün səhər düzülüşünün bitdiyini təxmin edən Eçso, qız yoldaşını tapmaq üçün qərb meydanına üz tutmuşdu. Tünd qəhvəyi rəngli gen metha geyimi, demək olar ki, çiynindən yerə kimi uzanan, mantiya və sadə kapyuşondan ibarət idi. Qərb meydanına çatan kimi gənc rizanmaqın onu gözlədiyini gördü. Elan lövhəsinin iki addımlığında dayanıb gülümsəyirdi.
“Ümid edirəm əli boş gəlməmisən,” deyə Selley tərs-tərs baxdı.
“Bilirsən ki yox,” deyə Eçso çəkinərək mis nişanını göstərdi.
“O nişan cibdə gəzdirmək üçün yox yaxaya taxılmaq üçündü. Sən artıq muzdlu döyüşçüsən. Bunu nə qədər çox insan bilsə o qədər yaxşıdı, Zotan Haxs.”
“Mənə belə demə. Bu söz mənə şimal dilində eybəcər bir söyüşü xatırladır.”
Selley gülərək nişanı Eçsonun yaxasına taxdı.
“Silah və zirehin hanı?” deyə Selley təəccüblə soruşdu. Eçsonun boş baxışlarını görüb “Silahın da yoxdu?”
“Bir dənə xəncərim var,” deyə Eçso çiynini dartdı. “Pis xəncər deyil.”
Gənc rizanmaq Eçsonun rahatlığı qarşısında qurumuşdu.
“Sən… sən mənim mühafizəçimsən Eçso, hansı mühafizəçi tək xəncərlə tapşırığa gedir?! Sənə borca silah verəcə tanışın var? Məndən başqa.”
Eçso başını yellədi. Tanıdığı bir neçə usta nakra olsa da onların qarşısına bu cür çıxmağa utanırdı. Köhnə ustadları isə hələ də onu görən zaman üzlərini başqa istiqamətə çevirirdilər. Sonuncu dəfə onlarla çox kobud danışmışdı.
“Yaxşı…” Selley yerində var-gəl edib fikirləşməyə başladı. “Bu vəziyyətdə geyinmisənsə deməli heç işlənmiş silaha da pulun çatmır. Mən isə həftəlik maaşımı alan kimi göyə sovurdum. Heç qılıncın pulunu verib qurtarmamışam.”
“Qılıncın pulu?”
“Hə, keçən il qaydalar dəyişib. İndi məzun olan nakrinlər dövlətin verdiyi zireh və silahın pulunu az-az geri qaytarmalıdılar. Ona görə silah kimi tək qılınc götürmüşəm. Bəlkə kimdənsə borc pul… yox, kimdi bizə borc verən. Ola bilsin anamın dükanından bir az…”
Eçso gənc rizanmaqın çiynindən tutaraq “Narahat olma,” dedi. “Tapşırıq başlayana kimi bir şey fikirləşərəm.”
“Eçso, biz tapşırığa elə indi başlayırıq. Odur ki indi fikirləş.”
“Elə indi?! Saatdan xəbərin var?! Hələ heç günəş də çıxmayıb.” Eçso gənc rizanmaqın artıq bir tapşırıq götürdüyünü xatırlayırdı, amma nədənsə ondan nə olduğunu soruşmamışdı. “Bu bir yana dursun, mən heç tapşırığın nə olduğunu bilmirəm. Plan qurmaq lazımdı, əlaqələr saxlamaq, tapşırıq haqda geniş məlumat əldə etmək lazımdı. Sonra bir neçə gün ərazini gözdən keçirib müşahidələr aparmalıyıq.” Aldığı dərsləri az qala əzbər danışırdı.
“Bunların hamısını etmişəm,” deyə Selley onu saxladı “Sənin silahsız olmağını nəzərə almasaq şansımız yaxşıdı. Tapşırığın mükafatını şəhər öz üzərinə götürüb və otuz mara təklif edir.”
Eçso qaşlarını qaldıraraq başını geri çəkdi. Elə ilk işdən bu qədər qazanmaq heç də pis olmazdı. Otuz mara üç ədəd qızıl pul xaar edirdi ki, ikinci dərəcəli bütün nakraların maaşı elə bu qədər idi.
“Sən üçdə birini alacaqsan.” Selley əlavə etdi.
“Bir xaar? Deməli mən sənin həyatını qoruyacam və tapşırığın böyük hissəsini yerinə yetirəcəm, amma sən iki qızıl alacaqsan? Ədalətli görünmür.”
“Bu iş belə olur gənc metha,” deyə Selley gülümsədi. “Tapşırıq mənimdi və rütbəcə səndən yuxarıyam.”
Eçso qarşı çıxmadı. Sonra “Bir şeyi başa düşmədim,” deyə qəfil ağlına gələn uyğunsuzluğu dilə gətirdi “Əgər tapşırıq bu qədər asandırsa və belə mükafat verirsə niyə onu daha təcrübəli döyüşçülərə yox sənə verdilər? ”
Selley bir an duruxdu “Əslində, tapşırığın bir şərti var,” dedi udqunaraq. “Mükafat bir şərtlə tam ödənəcək, itkin düşmüş hər iki insan sağ qaytarılarsa. Bir də…”
“Bir də nə?”
“Mən… tapşırığı almaq üçün onlara sənin mənə kömək edəcəyini dedim.”
Eçso gənc rizanmaqın nə demək istədiyini bir az gec anlamışdı.
“Bilirsən də, onlar sənin… onun oğlu olduğunu…”
“Hə, başa düşdüm,” dedi Eçso.
“Bağışla, bir də etmərəm.”
“Eybi yox. Əsas odur ki işimiz var. Gəl tapşırıq haqda danışaq.”
Hər ikisi boş skamyalardan birində oturdular. Selley tapşırığın bütün detallarını tək-tək danışıb izah etdi. O danışarkən Eçso gənc rizanmaq üçün bu tapşırığın niyə vacib olduğunu anlayırdı. Onun nakra olmağına səbəb olan hadisənin bir bənzəri ilə qarşılaşmışdı.
“Səkkiz gün. Selley, kefini pozmaq istəmirəm, amma onlar indiyə sağ qalmazlar,” deyə Eçso nəhayət dilləndi. “Heç kim bu şəraitdə üç gündən artıq yaşaya bilməz. Həm də axır vaxtlar kanalizasiyada vidra görənlər olub. Bu düzdürsə heç onların cəsədlərini də tapmaya bilərik.”
“Onlar sağdı.”
“Selley, sən bunu biləcək qədər güclü deyilsən.”
“Mən bunu… sənə dediyim yadındadı? Məsələ tək həyat qorumaq deyil. Öz yoldaşının və oğlunun yolunu gözləyən qadın, ömrünün sonuna kimi içini gəmirən ümidlə yaşamağa məcbur qalacaq. Əgər həqiqətən onlar ölübsə, o buna əmin olmalıdır. Yalnız bundan sonra həyatına davam edə bilər.”
Eçso dərin nəfəs dərərək “Belə başa düşürəm, mükafat sənin vecinə də deyil,” dedi.
“Bağışla.”
Gənc metha ayağa qalxaraq “Mənə, evsiz pişiklər kimi baxma,” dedi. Bu qəmgin böyük gözlər onun zəif yeri idi. “Dur gedək. Gecikdiyimiz hər an, onları ölümə daha da yaxınlaşdırır.”, “Ya da çürüməyə.”
Dünən axşamdan tutulan göy üzü, getdikcə daha çox qara buludlarla örtülür, artan küləklə nəm və soyuq hava şəhəri bürüyürdü. Ara-bir çaxan ildırım, tezliklə başlayacaq yağışın xəbərçisi kimi öncə parıldayıb sonra guruldayırdı. İş vaxtının başlamağına baxmayaraq küçələr hələ də boş idi. Evlərdə isə nadir hallarda bir hərəkət və ya işıq gözə dəyirdi.
“Belə bir tapşırıq üçün seçdiyin vaxta söz ola bilməz,” deyə Eçso küləkdə bayraq kimi dalğalanan mantiyasını tutub, içəridən əli ilə bədəninə sıxdı. İki silahdaş, mühafizəçi bir nakranın ardınca şəhərin şimal istiqamətinə doğru gedirdilər. “Bu havada bizdən başqa görəsən hansı axmaq kanalizasiyaya girmək istəyər?”
“Qoca kişilər kimi deyinmə Eçso, onsuz da gecdi. Bax, səkkiz yaşlı oğlanı burdan girən görüblər,” deyib gənc rizanmaq dəmir barmaqlıqlı qıfıllı girişi göstərdi. “Elə həmin gün atası oğlunun ardınca girib, amma geri qayıtmayıb.”
“Deməli buna görə mükafatı şəhər öz üzərinə götürüb. Hansı fərsiz nakradı qapını açıq qoyan?”
“Tapif Maul,” onlara müşayiət edən nakra qəfil cavab verdi. Eçso ilə eyni yaşda görünsə də üçüncü dərəcəli nişan taxmışdı. “AR yoluna qüllə nəzarəçisidi təyin edilib. Bəlkə indi ağlı başına gələr.”
Cütlük bunu eşidən an ürpərmişdi. Gün batandan çıxana kimi ayaq üstə bir yerdə dayanıb gözlərini ucsuz düzənliyə zilləmək həm sağlamlıq, həm də karyera üçün ağır zərbə idi. Bu peşə, adi döyüş təlimi almış mühafizəçilərə verilsə də nakralar üçün əsl işgəncə sayılırdı.
“Paytaxt şəhər həqiqətən səhvləri bağışlamır hə?” soruşdu Eçso.
Müşayiətçi nakra, dəmir barmaqlıqlı enli qapının kilidini açaraq “Elədir,” dedi. Sürtünən dəmirin ciyilti səsi ilə qapını aralayıb “Ehtiyatlı olun,” xəbərdar etdi. Səsi mülayim, amma emosiya bildirməyən baxışları kimi soyuq idi. “Mən səhərə kimi bu ərazidə olacam. İşiniz bitəndən sonra çağırmağınız kifayətdir.”
“Bəs birdən başqa istiqamətdən çıxmaq istəsək necə?” soruşdu Eçso.
“Bəxtiniz gətirsə yaxınlıqda açarı olan bir mühafizəçi tapılar.”
Hər ikisi içəri girib pilləkənlə aşağı enməyə başla…
“Məşəli unutdunuz.”
“Zibil!” cütlük cəld geri qaçaraq girişdəki sönmüş məşəli götürdülər. “Çaxmaq daşı götürmək yadımdan çıxıb. Selley, səndə…”
Bu an gənc nakra əlini barmaqlıqlar arasından uzadaraq məşəli sehrlə yandırdı. Sonra qapının kilidini bağlayaraq “Uğurlar,” dedi.
“Minnətdaram,” dedi Eçso donmuş baxışlarla.
Pilləkənlə aşağı enib sakit axan kanala çatdılar. Kanalizasiya divarları düz daşlardan hörülmüş, kanalın hər iki tərəfdən, bir insanın rahat hərəkət etməyi üçün səliqəli yol salınmışdı. Tən ortadan axan dərin su arxı isə bir at arabasını batıracaq genişlikdə idi. Hündür tavan, geniş kanal və bu kanalların üzərindən rahat keçmək üçün qurulmuş ensiz körpülər, sanki yerin üstündəki dünyanın qaranlıq bir təqlidi idi.
“Bu üfunətə öyrəşmək bir az vaxt alacaq,” deyə Selley əlini burnuna tutdu. Eçsonun üzündə heç bir narahatlıq görməməyi sanki onun kişilər haqda olan düşüncəsini təsdiqləyirdi. Korşalmış hislər.
“Yarımqanlar nə vaxtdan şəhər patrulu çıxırlar?” soruşdu Eçso. “Elə bilirdim bu işlər biz… sənin kimi təlimdən yeni çıxanların işidi.”
Selley başını tərpədərək “Hələ bu nədi ki, Lakela məhəlləsində patrulların ikisi ekrodu,” dedi. “Baş ustad patrul sayını artırsa insanların daha çox qorxacağını düşünür, o səbəbdən onların keyfiyyətini artırır. Eşitdiyimə görə qapını açıq qoyan həmin nakra, qırx iki yaşlı və dördüncü dərəcəli ustad olub.”
“Dördüncü dərəcə! Şəhəri hansısa təhlükə gözləyir?”
“Nə bilim. Bəlkə də Draqzin hərəkətə keçib. Bəziləri Qaranlıq şahzadənin özünə yeni vidra ordusu yığdığını deyir. Guya ona görə bəzi ərazilərdə vidraların sayı azalıb. Bilmirəm, mənim kimi dərəcəsiz nakralara heç nə demirlər. Bəlkə sən bilərsən, ustad Elionla yaxın əlaqəsi olan nadir insanlardan birisən.”
Eçso başını yelləyərək “Xəbərim yoxdu,” dedi. “Bir də ki, bizim əlaqəmiz yaxın zad deyil. Yaxamdakı bu eybəcər nişanı görmürsən?”
“Yaxşı görək Eçso, çox şişirirsən. Metha olmaq heç də pis peşə deyil. Mənə inanmırsan?”
Eçso çiynini çəkdi.
“Dörd il əvvəl dəyişmiş qanunlardan xəbərin var?”
“Nakraların aylıq maaşlarını endirib qarşılığında mülki tapşırıqlar götürə bilmə səlahiyyəti verilməyi ilə bağlı? Hə var. Amma bu, nakralar arası rəqabəti artırmaq, həmçinin metha və tənbəl nakraların sayını azaltmaq üçün verilmiş qərardı.”
“Hə, bunlar da var. Ancaq əsas səbəb, nakra peşəsini atıb metha olmaq istəyənlərin qarşısını almaqdır. Hətta mən, puluna və iş rahatlığına görə metha olmuş üçüncü dərəcəli nakralar tanıyıram. Nə yalan deyim, gündəlik yığıncaqlar və atdığım hər addımın izahatını vermək, məni indidən bezdirməyə başlayıb. Odur ki, az şikayət et.”
Eçso başını yelləsə də heç nə demədi. Məşəli aşağı, suya doğru endirərək “Axın elə də güclü deyil,” deyib dibi görməyə çalışdı. Lakin bulanıq suda əlində məşəl tutan öz əksindən başqa heç nə görünmürdü. “Səncə bu su nə qədər dərindi?”
“Səkkiz yaşlı bir uşağı boğacaq qədər,” deyə Selley gənc methanın nə demək istədiyini görüb ona gözlədiyi cavabı verdi. “Gedə biləcəyimiz bir neçə istiqamət görürəm, deyəsən yanılqı keçirirəm.”
“Bu yanılqı deyil,” deyə Eçso əminliklə bildirdi. “Burdakı tunellər yuxarıdakı yollar kimi bir-birinə bitişikdi. Bir istiqamətə bir neçə tuneldən getmək mümkündü.”
“Əgər gedəcəyimiz yolun fərqi yoxdursa burdan gedək,” dedi Selley. Göstərdiyi istiqamətdə su kanalı daha dar cığırdan axdığı üçün piyada yolu daha geniş idi.
“Deyirsən həmin gündən onları heç kim axtarmayıb?” soruşdu Eçso.
“Həmin qadın oğlunun və yoldaşının itiyini gec xəbər verib. Biz isə araşdırma aparıb onların hara getdiyini öyrənənə kimi artıq gec olmuşdu. Təhlükəli ərazidə…”
“…itkin düşəndən üç gün sonra axtarış mənasız hesab edilib dayandırılır,” bildirdi Eçso. “Yadından çıxıb? Mən də eyni dərsi almışam.”
“Hə, tamam ağlımdan çıxıb. Bura, belə gedək,” dedi qəfil gənc rizanmaq. Hələ dediyi yerə çatmamışdılar. “Nə deyirdim, hə, üzdən axtarış aparılıb, amma çox yox.”
Eçso məşəli qaldıraraq daha geniş əraziyə göz gəzdirdi. Hesabına görə Lakela meydanından bir neçə küçə uzaqdaydılar və şimala doğru uzaqlaşmağa davam edirdilər.
“Əminsən?”
“Nə olduğunu izah edə bilmirəm, amma zəif bir şey hiss edirəm.”
Həmin yerdə Eçso, Aqren üçün nə qədər darıxdığını xatırladı. Burda gənc rizanmaqın yerində o olsaydı hiss etdiyi şeyin nəinki qaynağını, hətta kimliyini biləcəyindən əmin idi. Yerə əyilib gözünə dəyən caynaq izlərinə baxdı. Selley də tezliklə ona qoşulmuşdu.
“Dörd dırnaq, vidra!” deyə gənc rizanmaq qorxuyla ətrafına boylandı “Deyilənlər düz imiş, kanalizasiyada vidra var.”
“Pəncə kiçik və zəifdi,” deyə Eçso izlərin sahibini daha yaxşı tanımaq üçün izah etməyə başladı. “Ehtimal ki, yeniyetmədi. Vidralar yaxşı üzür, ehtiyatlı olmaq lazımdı.”
Tunelin tavanından süzülən su getdikcə artmağa başladı. Bu güclü yağışın artıq yağmağa başladığını göstərirdi. Yollardakı kiçik su oyuqlarından yağış suyu birbaşa bura tökülürdü. Bu dəliklərdən bəzən, hətta ildırımın parlaq işığını belə görmək olurdu.
“Qan ya da boğuşma izi görmürəm,” deyə gənc metha sürüşkən döşəməni diqqətlə nəzərdən keçirərək davam etdi. “Ola bilsin vidra sudan hücum edib onu bir neçə həmlədə suya salıb, amma qaçmaq ehtimalı da var. Bəs sən nə deyirsən?” deyə gənc rizanmaqa üz tutdu.
Selley qeyri peşəkar səs tonu ilə “Məncə qaçıb,” dedi.
Əllərini tez-tez açıb yummağı və gözlərini dərin qaranlıqlardan ayırmamağı Eçsonun diqqətindən qaçmamışdı. Rizanmaqlar da ən az digər nakralar kimi ağır təlimdən keçsələr də vidra təcrübələri döyüşçü nakralara nisbətdə daha az olurdu.
“İstəsən axtarışa sabah davam edə bilərik,” bildirdi Eçso. “Burada bir dəfə olmuşam yağış suyun səviyyəsini tez qaldırır.”
Selley tərəddüdlə “Yox,” dedi “Bu gün… davam edək. Qabağa getmək lazımdı.”
“Yaxşı, necə istəyirsən.” Eçso qalxıb bu dəfə öndən getməyə başladı.
“Dayan.”
“Yenə nə oldu?”
Selley, silahını qını ilə birlikdə kürəyindən çıxarıb “Məşəli mən saxlayaram sən qılıncı kürəyinə tax,” dedi. “Bunu məndən yaxşı istifadə edirsən.”
“Əzizim bu mənim kürəyimə gəlməz.”
“Onda əlində saxla.” Selley məşəli alıb onun çəkisindən şübhələnərək “Bunun yağı lap az qalıb ki,” dedi. “Yağ götürmək heç ağlıma gəlmədi, tələsmək lazımdı. Yaxşı tez ol xəncərini ver gedək.”
Eçso nazik qılıncı qınından çıxarıb kəmərlər sallanan qını qaytardı. Sonra yoldaşının hələ də xəncər gözlədiyini görüb “Bəlkə,” dedi amma ağlına heç bir bəhanə gəlməmişdi. Paltarının içində çəkinərək çıxardığı silahı ona uzatdı.
“Bu ki, adi bıçaqdı,” deyə Selley donub qaldı. Taxta qulplu, ensiz gövdəli silah, adi mətbəx bıçağı idi. “Xəncər dediyin budu?! Sən ciddisən?!”
“Heç xəbərin var, silah necə bahadı?”
“Yalvarıram, de ki zarafat edirsən!”
Eçso özünə hakim ola bilməyib gülərək tez üzünü çevirdi.
“Dəli olmusan?!” Qorxudan gənc rizanmaqın səsi əsməyə başlamışdı. “Eçso gülmə! Mən qorxuram.”
“Yaxşı bağışla.”
“Sənə demişdim axı böyük ehtimalla kanalizasiyada vidra olacaq. Hazır gəl. Bir döyüşçüyə hazır gəl deyəndə səncə nə nəzərdə tutulur?”
Eçso özünü, onun dediklərindən təsirlənmiş kimi göstərərək duruşunu düzəldib qılıncı sağ əlində bərk sıxaraq “Yaxınımda qal,” dedi ciddi səs tonu ilə. Bir az da gülsə tapşırıq bir yana, gənc rizanmaqın deyingən çənəsini tutmaq kimi böyük bir məsələ ilə qarşı-qarşıya qalmaqdan qorxurdu. “Yolumu düzgün işıqlandır və gedəcəyimiz yeri göstər kifayətdi.”
Şimala, oradan da qərb istiqamətinə uzun bir yol getdilər. Tavandan sütun kimi süzülən su, içəridə sonu olmayan bir şırıltı səsi yaradırdı. Bu tərəflərdə tavan nisbətən alçaq, döşəmə isə maili idi.
“Deyəsən Lakeladan çıxdıq,” deyə Eçso xəritəni zehnində canlandıraraq bildirdi. “Şimal məhəlləsinə gedirik.”
Kanalın daha sürətli axdığı maili yolu keçib yenidən düz yola çıxdılar. Qarşılarında, üç fərqli istiqamətə gedən yol ayırıcına gəlmişdilər. Gənc rizanmaq qərar verməkdə çox çətinlik çəkmədi. Dar körpüdən keçib düz getdilər.
Selley qəmgin bir nəfəs dərərək dayanan anda, Eçso önlərindəki qaraltının nə olduğuna əmin oldu. Məşəli alıb, daha da yaxınlaşdı. Bir neçə yerindən parçalanmış cəsəd, tanınmaz hala düşmüşdü və qoxusunu kanalizasiyanın üfunəti çətinliklə basdırırdı.
“Təqribən bir həftə əvvəl ölüb,” dedi Eçso. “Bu odu?”
Selleyin səssizliyi gənc metha üçün cavab idi.
“Bəs uşaq hanı?”
Cavab gəlmədi. Selley gözlərini cəsədə zilləyib yerində donub qalmışdı.
“Selley uşaq hanı? Selley!”
“Bilmirəm.”
“Necə yəni bilmirəm?” deyə Eçso ona yaxınlaşdı “Fikrini cəmlə, hər iki cəsədi tapmamış…”
Sudan şappıltı səsi gəldi. Eçso səsin ritmindən onun sahibinin otuz beş-qırx kilo ağırlığında olduğunu təxmin etdi. Məşəli yuxarı qaldırsa da axarlı suda dalğalar tez itmişdi.
“Selley tez uşağı tap gedək burdan,” dedi metha. Bir əlində məşəl bir əlində parıldayan qılınc gözlərini sudan ayırmırdı. “Fikrini cəmlə, cəld ol.”
Daha bir müddət gözləməli oldular və nəhayət gənc rizanmaq Eçsonun mantiyasından çəkərək “Bura,” deyə sola dönən yolu göstərdi. “Çox yaxındadı, onu hiss edirəm.”
Eçso dayanıb, çürümüş qapısı yerdə yatan kiçik otağa baxdı. Görünür keçmişdə bura inşaatçıların ləvazimat otağı olub. Gənc rizanmaqın ardınca içəri girib otağa göz gəzdirdi. Məşəlin titrəyən işığında otağın divarlarında asılmış və rəfə bənzər oyuqlarda tərk edilmiş bəzi tikinti ləvazimatları görünürdü.
Gənc metha diqqətlə oyuqlara baxarkən uşaq mızıltısı eşidib cəld döndü. Selley, uşağı artıq tapmışdı və gizləndiyi ən hündürdəki oyuqdan çıxarmağa çalışırdı.
“Qorxma balaca, bura gəl,” deyə uşağı çəkməyə çalışsa da yumru gövdəli kök oğlanı yerindən tərpədə bilməmişdi.
“Dayan görüm!” deyə Eçso donub qaldı. “Nədi, o hələ sağdı?!”
“Hə, amma huşunu itirib. Mənim gücüm çatmır Eçso, kömək elə.”
Kök oğlanı gizləndiyi dar yerdən çıxarmaq Eçso üçün də asan olmamışdı. Uşağı yerə uzadan zaman Eçso onun həqiqətən nəfəs aldığını gördü. Nəbzi aşağı, bədəni soyuq, dərisi solğun görünsə də, o həqiqətən sağ idi.
Gəc rizanmaq, uşağın başını qucağında saxlayıb “Bilul, Bilul oyan,” səslədi.
“Vidradan necə qorunduğunu və niyə acından ölmədiyini başa düşdüm,” dedi Eçso çaşqın baxışlarala “Amma susuz…” bu an gözləri kanalizasiyaya sataşdı. “Dayan Selley, o zəhərlənib. Kanalizasiyanın çox hissəsi çay suyu olsa da içində şəhərin çirkab suyu da var. Onu indiyə kimi sağ saxlayan şey bədənində maddələr mübadiləsinin aşağı olmağıdı. Onu oyatsaq burdan çıxmaq üçün vaxtımız qalmayacaq.”
“Zəhərlənib? Ya… yaxşı, başa düşdüm. Deməli bu vəziyyətdə aparmaq lazımdı. Onu mən qaldıra bilmərəm, sən daşımalı olacaqsan.”
“Bilirəm. Amma qucağımda uşaqla nə səni, nə də özümü qoruya biləcəm.”
“Yaxşı bəs nə edək? Onu burada qoyub getmək fikrindəsən?”
“Onu yox sizi. Burdan rahat çıxmaq istəyiriksə birinci o vidranı öldürməliyəm.”
Eçso qalxmaq üçün həmlə etmişdi ki, Selley onun qolundan tutdu. Getmə demək istəsə də başqa çarəsinin olmadığını görüb onu buraxdı. Gənc metha gedərkən məşəli götürmədi, otaqdan çıxıb qaranlıqda gözdən itdi.
Vaxt getdikcə uzandı. Dəqiqələr irəlilədikcə məşəlin işığı da azaldı və gənc rizanmaqı bürüyən qorxu böyüdü. Bu qədər vaxtda Eçsodan xəbər almamışdı. Qəribə olsa da onun varlığını hiss edə bilmirdi.
Selley dözə bilməyib Eçsonu çağırmağa başladı, yəqin ki təhlükənin yaxınlaşdığını hiss edirdi. Gənc rizanmaq yanılmırdı. Tələsmədən sudan çıxan vidra olduqca ehtiyatlı hərəkət edirdi. Dərisi zəif işıq altında çətinliklə parıldayırdı. Qulaqları ləvazimat otağından gələn səsə diklənmişdi. Tələsməyən asta addımlarının səbəbi məşəlin tamam sönməyini gözləməyi idi. Və tezliklə rizanmaqın qorxu içində tələsik cəhdlərinə baxmayaraq məşəl tamam zəifləyərək söndü. Sönərkən əks etdiyi son işıqda, Selley, yaxınlaşan vidranın içəri girməkdə olan başını görmüşdü. Zülmət qaranlığında, öncə məxluqun bədənindən süzülən suyun səsi sonra onun aldığı nəfəs, eşidildi. Getdikcə yaxınlaşan caynaqlı addım səslərini dinləyən zaman, gənc rizanmaq damarlarında qanın donuğunu hiss etdi.
Bu an kəskin bir zingilti səsi qaranlıqda əks olundu. Ardınca daha zəif bir zingilti və vidranın cansız bədəni yerə düşdü. Sonsuz qaranlıq və ölüm sükutu çox çəkməmişdi. Bir anda tutuşan alovlar Selleyin gözünü qamaşdırdı.
Eçso əlində məşəllə yaxınlaşıb çökərək məşəli rahat bir yerə qoyub…
Selley həmin an, özünü heç nə olmamış kimi aparan methanın üzərinə hücum çəkdi. “BAŞIN XARAB OLUB?!” Qışqırdı gənc rizanmaq. Eçsonu yumruqlayan zaman az qala uşağı yerə salmışdı. “Qorxudan ürəyim dayanmışdı! Bizi burda tək qoyub hara yox oldun?! ”
“Mən heç yerə getməmişdim. Burada, qapının ağzında durmuşdum.”
“Məni ələ salırsan?! Sənin varlığını hiss etmirdim.”
“Çünki çox qorxmuşdun,” yalan danışdı Eçso. Hər ehtimala qarşı Qaranlıq Günəşdən istifadə etmişdi. “Qulaq as, bu vidra indiyə kimi necə sağ qalıb özün də bilirsən. Heç vaxt açıq hücum etmir və daim kanalda gizlənir. Onu çölə çıxarmağın yeganə yolu sizi yem kimi işlətmək idi. ”
Selley bir az sakitləşdi. Ölmüş vidranın hərəkətsiz bədəninə baxıb başını tərpədərək bir növ üzr qarışığı təşəkkür edib “Məşəli hardan tapdın?” soruşdu.
“Burda, təqribən iki yüz addımlıqda çıxış tapdım. Məşəli və qılıncını götür çıxaq. ”
Səhəri gün, iki silahdaş, yerinə yetirdikləri tapşırığın mükafatını almaq üçün idarə mərkəzinə getmişdilər. Şəhər idarəçisi uşağı sağ qaytardıqları və vidranı öldürdükləri üçün onlara otuz mara olan mükafatlarını tam ödəmişdi.
Sonrakı günlərdə metha və nakra cütlüyü daha asan tapşırıqlar götürməyə başladılar. Eçso, onu Qaranlıq Günəşi işlətməyə məcbur edəcək tapşırıqlardan çəkinirdi. Həmçinin gənc rizanmaqın təcrübə toplamağına fürsət də yaratmaq istəyirdi.
İki aya yaxın davam edən tapşırıqlarda Eçso köhnə uğursuzluğunu unutmuşdu. Demək olar ki, heç boş qalmırdı. Zotan-Haxsın sürətlə artan nüfuzu, gün keçdikcə daha asan iş tapmağına səbəb olurdu. Hətta bəzən dörd tapşırığı birdən götürüb hər birini vaxtında yerinə yetirirdi. Qazandığı pulların çoxu isə silah və zirehə gedirdi.
Qısa müddətdə təcrübəli methalardan bir neçəsi onunla birlikdə işləməyi belə təklif etmişdi. Ancaq sirrinin açılacağından qorxduğu üçün son zamanlar hətta Selley ilə birlikdə tapşırıqlara getmirdi. Buna həm də Selleyin, Eçso ilə etdiyi əməkdaşlığın verdiyi əks təsir də səbəb olmuşdu. Çoxları gənc rizanmaqın, qovulmuş nakrinin qabiliyyətlərindən istifadə edərək qısa zamanda dərəcə qazanmağa çalışdığı dedi-qodusunu yaymağa başlamışdı. Çünki qaydalara görə bir nakra tapşırığı metha ilə birlikdə yerinə yetirirsə bu methanın yox tamamilə nakranın uğuru sayılırdı.
Ücretsiz ön izlemeyi tamamladınız.