Kitabı oku: «Daş yuxular. Rekviyem romanı», sayfa 7

Yazı tipi:

– Salamməleyküm, Babaş Bilaloviç! Mirələmovdu. Teatrdandı, bəli. Var olasız. Hədsiz minnətdaram. Olacaq. Yaxşı əsər var əlimizdə. Kişi? Bəli, bilir. Xəbərdardı. Şəxsən özü oxuyub təzə əsəri. Bəyənib. Çox bəyənib. Bəli, çox aktual mövzudu. Onun obrazı? Var, var. Elə bütün pyes onun 13 ildə törətdiyi alçaq işlərə həsr olunub. Baş rolda?.. Bəli, özüdür ki, var. Sizin kəndliniz, bizim fəxrimiz. Elə müəllif də bu rolu Saday müəllim üçün nəzərdə tutub. Kişinin özü də deyib ki, o rolda şəxsən Saday Sadıqlını görmək istəyir. Bəli, özü.

Yeni rəhbərin Bakıya gəlişilə köhnə Rəhbərə qarşı hər yerdə ifşa kampaniyası aparıldığını Saday Sadıqlı yaxşı bilirdi.

Mopoşun birdən yerindən qalxıb, Babaşa ayaqüstə dönə-dönə təşəkkür eləməyindən isə artist başa düşdü ki, Babaş Ziyadov teatra nəsə vəd elədi. Sadayın direktorun kabinetində olduğunu Babaş, söz yox ki, bilirdi. Ancaq Mopassan, məmur etikasına tam riayət edib, Sadayla danışmaq təklifinin Ziyadovun öz dilindən çıxmasını səbirlə gözləyirdi. Və onun gözlədiyi məqam gəlib çatdı:

– Bəli, burdadı, yanımdadı. Hüzurunuza salam vermək istəyir.

Və Mopoş, az qala, oynaya-oynaya telefonun dəstəyini Saday Sadıqlıya verdi.

Babaşla ötəri salam-kəlamdan sonra artist birbaşa mətləbə keçdi:

– Camal gəlib, – dedi. – Sənə işi düşüb.

– Yəni elə çətin işdi? – Babaş məzələnməyə başlayırdı.

– Sənin üçün çətin olmaz.

– Bəs sənin üçün niyə çətin olur, böyük sənətkar? Bəlkə, xalq səni bizdən az tanıyır?

– Mənnik iş olsaydı, sənə zəng eləməzdim. – Artist mümkün qədər mehriban danışmağa çalışırdı. – Yaxşı, necə deyirsən? Qəbul eləyirsən Camalı?

Sadayla məzələnməkdən xeyir görməyəcəyini Babaş Ziyadov, görünür, tez başa düşdü. Səsini içinə salıb, bir qədər gözləyəndən sonra:

– Yaxşı, gəlsin, – dedi, – qəbul eləyərəm. – Və yenə bir azca susub, bu dəfə daha rəsmi və hiss olunacaq qədər incik səslə əlavə elədi:

– Elə bilirdim ki, məni təbrik eləmək üçün zəng vurmusan…

Babaş bunu deyib, dəstəyi asdı. Və artist,dəstək əlində, Mopassan Mirələmovun üzünə baxa-baxa qaldı:

– Eşitdin, deyir, məni niyə təbrik eləmədin? Mən bunu, görəsən, nəyə görə təbrik eləməliydim?

– Nə bilim?.. – Direktor gözlərini telefon aparatına zilləyib xeyli fikirləşdi. – Dünənki “Kommunist” qəzetində bir yekə məqaləsi çıxmışdı. Yəqin, onu deyir.

– Bah, bu da yazır?! – Artist sözgəlişi dedi və otaqdan çıxmağa hazırlaşan Camalın arxasınca qapıya tərəf yeridi.

–Ə, sən hara? – Mopassan özünə yaraşmayan kobud səslə bağırdı.

– Aparım, ötürüm də, özü gedəmməz axı.

– Sən otur. Mənim şoferim aparacaq. – Mirələmov Camalı az qala itələyə-itələyə kabinetdən çıxarıb, Sadayın qolundan yapışıb, onu öz əlilə otağın yuxarı başındakı kresloya əyləşdirdi.

–Ə, sən niyə belə olmusan? – Mopassan təəssüflü, yanıqlı səslə dedi.

– Nə olub ki?

– Bundan artıq day nə olmalıydı? Düz, bir aydı, mən səni evdən çıxara bilmirəm.

Saday Sadıqlı:

– Bir ay olmaz, – dedi. – Gop eləmə.

– Burda axırıncı dəfə nə vaxt olmusan? Əgər yadına sala bilsən, məndən sənə bir yaxşı xaş qonaqlığı.

Artist kəsəsinə və səmimiyyətlə:

– Valah, bezmişəm, Mopoş, – dedi. – Hər şeydən iyrənmişəm.

– Kimdən bezmisən? Nədən iyrənmisən? Burda sənə nə vaxt pis münasibət olub? Qapı-bacanı bağlayıb, oturmusan evdə. Başa düşmürəm, sən o evdə neynirsən bütün günü?

Mirələmov teatrda “Mopoşun sehrli sandıqçası” adı ilə çoxdan məşhur olan seyfşəkilli dolabçanı pencəyinin cibindən çıxardığı açarla tələsmədən açdı. Özünün ən mötəbər qonaqları üçün həmişə ehtiyatda saxladığı bir şüşə fransız konyakını və bir qutu Moskva konfetini, iki büllur qədəhlə birgə, stolun üstünə qoydu. Qədəhlərə konyak süzüb:

– Gəl, görək, – dedi. – Oturaq, beynimizi açaq bir az.

2–3 ay olardı ki, Saday Sadıqlının dilinə bir dəfə də spirtli içki dəyməmişdi.

Haradansa ağlına yerləşmişdi ki, əgər içsə, əlindən hökmən xata çıxacaq. Özü də çox dəhşətli bir xata. Ancaq artist bu dəhşətli xatanın nədən ibarət olacağını bilmirdi. Ancaq o mücərrəd xatanın naməlum qorxusunu nə zamandan bəriydi ki, həmişə ürəyində gəzdirirdi. İndi konyakı içən kimi artistin, həqiqətən, beyni açıldı. Bir şirin, ləzzətli istilik bir zərrə dumduru günəş şüasi kimi, onun içinə düşdü, canına, qanına hopdu. Artistin beyninin içində bayaqdan köhnə araba çarxı kimi cırhacır cırıldayan yorğunluq, bədbinlik havası qəflətən çəkilib getdi.

Dünyadan təzəlikcə köçüb getmiş Anikonun gümrah səsi Əylisin bir uzaq səhərindən süzülüb, Sadayın qulağına doldu. Öz kəndinin təmizkar və zəhmətsevər erməni əhalisinin barəsində artistin Mopassan Mirələmova nəsə deməyi gəldi. Ancaq demədi. Anladı ki, Əylisdə doğulmayan, bir zamanlar onun 12 kilsəsində eyni zamanda çalınan kilsə zənglərinin səsini təsəvvürünə gətirə bilməyən, Ədif bəyin qara atı və qəssab Məmmədağanın iti qılıncı barədə heç nə eşitməyən və bu dünyanın bir uca kilsənin günbəzində ara-sıra peyda olub, sonra qeybə çəkilən bir sarımtıl-çəhrayı işığı heç vaxt görməyən adama hər hansı bir Əylis ermənisi barədə söz deməyin heç bir mənası yoxdur.

O, Mopoşun konyakını təriflədi, konfetinin barəsində yaxşı sözlər dedi. Və ürəyində fikirləşdi ki, insanlardan qaçmaq lazım deyil. Düşündü ki, təklik ən pis xəstəlikdir, bir növ ölmək kimi şeydir. Və onu da düşündü ki, bu spirtli içkini, heç olmasa, hərdənbir içmək lazımdır.

O bir qədəh fransız konyakından sonra Mopassan Mirələmovun da qırışığı açılmışdı.

Sifəti durulmuş, gözləri işıqlanmışdı. Və o təzə pyesin söhbətini başlamağa bayaqdan bərk tələsən “Mopoş dayday” indi mətləbə keçməyə daha tələsmirdi. Ola bilər ki, artisti bişirib yola gətirmək üçün əvvəlcə (planlı şəkildə) onun kefini açmaq istəyirdi. Ola bilər ki, xasiyyətinə yaxşı bələd olduğu Saday Sadıqlıdan eşidə biləcəyi “yox” cavabından qorxduğuna görə vaxtı qəsdən uzadırdı. Hətta ola da bilər ki, teatra Mərkəzi Komitənin xəttilə gələn o pyesin bədii kamilliyinə direktorun özü də tam arxayın deyildi və indi artistlə yaxın ünsiyyətdə ikən pyesi əvvəlki şövqlə tərifləmək ona artıq dərəcədə çətin gəlirdi.

Mopassan Mirələmov qədəhlərə bir də konyak süzdü. Qədəhindəki konyakı qurtum-qurtum içib, qəribə bir xoş təbəssümlə, üzdolusu, gözdolusu gülümsədi.

– Mən də Allah adamıyam, sənətkar, gördün də, nələr oldu! – Mopassan kefli adam kimi coşqun həvəslə dedi. – Mənim hər işimi Allah düzəldir. O çoban kənddən gəlməsəydi, mən səni hələ bundan sonra da bir ay evdən çıxara bilməyəcəkdim. Elə o Ziyadov da xalis Allahın işiydi. Eşitdin? Kişinin adın çəkən kimi 3–4 tamaşanın haqq-hesabın özü öz diliynən öhdəsinə götürdü. Fikir verdin, mən ondan kömək-zad istəmirdim. Baxarsan, yaxşı kömək eləyəcək bizə. Bu saat onun qılıncının dalı da kəsir, qabağı da. Bunlar kişiynən hələ komsomoldan dost olublar.

– Bəs o Babaş bundan qabaqkının adamı deyildi?

Fikri-zikri Camalın yanında olan Saday Sadıqlı sadəlövhcəsinə soruşdu. Direktor artistin qabağındakı dolu qədəhi göstərib:

– Vur getsin, – dedi, – can dərmanıdı. Əla çayım da var, dəmləyərik. – Durub elektrik samovarına su töküb şnuru toka taxdı. – Əşşi, qoy görək, sən Allah! Bundan qabaqkının özü adamıydı ki, hələ bir adamı-zadı da olaydı. O olan yerdə kim cürət eləyib deyə bilərdi ki, mən də adamam, bir kişinin oğluyam, ya bir arvadın əriyəm. Bir balaca adamlığı olanı da hərlədib-fırladıb axırda adamlıqdan çıxardırdı. Yanına yığdığı adamların hamısın tüləmiş cücəyə döndərmişdi! İndi necə demək olar ki, onların hansı onun adamıydı, hansı onun adamı deyildi.

Saday Sadıqlı Mopoşun vur-tut 10 il əvvəl elə bu otaqdaca köhnə rəhbərin qabağında hansı əndazədə, hansı sifətdə oturduğunu gözünün qabağına gətirib, bir yağlı söyüş söyməkdən özünü zorla saxlaya bildi. Konyakı bir qurtum içib qədəhi yerə qoydu.

– Ay allahsız, ay imansız! – dedi. – Sən indi bu sözləri mənə deyirsən?

Artistin hirslənməyindən özünü itirən Mopassan yazıqlaşıb, ölüvay görkəm aldı:

– Mən yetim indi bu sözləri sənə də deməsəm, gedim, kimə deyim? Düz deyirəm də, nəyi düz demirəm? Əgər bu adamlar həqiqətən onun adamları olsaydı heç olmasa bir-ikisi indi də gedib salam verərdi ona. Deyirlər, qapısın açan yoxdu. Oturub, təkliyinnən ulayır yalquzaq kimi.

– Ulayar da, sən olsan, ulamazsan? – Artist oturduğu yerdən qalxıb, otaqda gəzinə-gəzinə dedi. – Onun, üzünə tüpürdüyü adamlar – hələ heç üzlərinin tüpürcəyi qurumamış – indi təzə gələnin dal-qabağın yalamaq üçün növbəyə düzülüb.

Mopassan pərtliyini gizlədə bilməsə də, özünü ələ alıb, deməyə söz tapa bildi:

– Elədi. Tamam düz deyirsən. Biz də onlardanıq: mən də, indicə telefonda danışdığın Babaş Ziyadov da. Ancaq bu da, a qardaş, ondan qalıb da bizə. Yaltaqlığı, gözümüz baxa-baxa, hamının gündəlik həyat tərzinə çevirmişdi… İndi təzə gələn 2 ildə bunun qabağln necə alsın? – Utandığından, ya nədənsə Mopoşun sifətində qızartı əmələ gəldi. – Amma düzələcək, görərsən, hər şey yavaş-yavaş yoluna düşəcək. – Axırıncı sözləri Mopoş açıq-aşkar əlacsızlıqdan dedi.

Saday Sadıqlı getdikcə daha artıq yorulduğunu və yorulduqca daha çox əsəbiləşməkdə olduğunu hiss eləyirdi. Ancaq nə qədər qəribə olsa da, bu halının ötüb-keçməyini də qətiyyən istəmirdi. Əksinə, indi artistin – çılğın uşaq kimi – var səsilə qışqırıb-bağırmağı, nəyisə qırıb-tökməyi, vurub-dağıtmağı gəlirdi.

– Düzələcək, hökmən düzələcək! – Hirsindən, az qala, ağlamaq həddinə çatmış Saday Sadıqlı qəhərli səslə dedi. – Dediyin o yalquzaq kimi ulayan bir gün gəlib, hər şeyi yoluna qoyacaq. Bu millətin həqiqi sifətin bir də göstərəcək özünə. Çünki özü burda olmasa da, əkdiyi toxumlar artıq cücərib. O meydanda qan-qan deyən kal gədələr Rəhbər üçün əvvəl bağlı olan qapıları indi bala-bala açırlar. Hələ ki məşq gedir. Sonra tamaşasın da, inşallah, görəcəyik.

Direktorun sifətində şübhə və inamsızlıqla dolu soyuq təbəssüm vardı:

–Ə, yox e, nə danışırsan! – dedi. – O meydandakıların yarıdan çoxu təzənin adamlarıdı.

– Yarıdan azı da, demək, köhnənin adamlarıdı. Yaxşı da, vaxt gələr, görərik. O adam burda hakimiyyət başına bir də gəlməsə, mən adımı dəyşib, ya Mopoş, ya da Babaş qoyacağam.

Artistin bu qədər inamla danışmağı Mopassan Mirələmovu xeyli şübhələndirmişdi.

– Köhnənin o meydanda 5-10 adamı var, – dedi. – Hamısın da hamı tanıyır.

– Qurtar, sən Allahın, Mopoş! Elə məsələ də burasındadır ki, orda heç kəs heç kəsi tanımır. Sənin təzə gələnini də yıxacaqlar bu gün-sabah. O köhnə qurd gəlib öz yerində əyləşəcək. Bu millətin taleyinə Allah yazılmayıb, Rəhbər yazılıb. Allahı olmayan millətin başının üstündə bir Rəhbər mütləq olmalıdır. İndi hər yerindən duran erməniyə hədyan deyir. Ancaq hələ bir adamın ağlına gəlmir ki, erməninin bizdən üz döndərməyinin səbəbi də o köhnə və riyakar siyasətdən törəyib.

Artistin bu sayaq odlu-alovlu sözlərini elə əvvəllər də çox eşitmiş Mopassan Mirələmov onun indi dediklərindən, həqiqətən, təsirlənmişdi. Artist sözünü qurtarandan sonra da bir müddət ağzıaçıla qalmış direktor bu dəfə Saday Sadıqlıya tamam başqa məzmunda səmimi və təsirli söz demək istəsə də, öyrəşdiyi bəlağətli köhnə üslub buna imkan vermədi.

– Qardaş, dahisən, – dedi, – and olsun Allaha! Əla monoloq dedin. Elə bildim, Hamletin monoloqun böyük artist Saday Sadıqlının dilindən bir də eşitdim: “Olum, ya ölüm, budur məsələ!” Ancaq, əzizim, canım-gözüm, bəs mən nə deyirəm ki? Elə mən də sən deyəni deyirəm də.

– Xeyir, sən deyirsən ki, gəlin, bu təzədən də bir təzə Rəhbər düzəldək. O da bekarlayanda gəlsin, burda düşük-düşük məzələnsin bizinən. Bizə dərs versin, yol göstərsin. Çünki o adamın boş yerini sən də görürsən. Bunu şüurunla dərk eləyə bilməsən də, o boşluğa nəsə dürtmək üçün ürəyin sino gedir. Bu saat bütün millət gözünü o boş yerə zilləyib, ürəyində iblisanə bir nigaranlıqla Rəhbərin xəlvətcə həsrətin çəkir. Elə onun gücü də bundadı. O özündən sonra elə bir boş yer qoyub gedib ki, o boş yeri yalnız onun özü doldura bilər.

Özünü çoxdan bəri susmağa məhkum eləyən Saday Sadıqlı danışıb ürəyini boşaltmaqdan get-gedə daha çox həzz alırdı, məmnunluq, rahatlıq duyurdu. Artist stola yaxınlaşıb, konyak şüşəsini götürdü. Bu dəfə, qədəhlərə əlləri əsə-əsə, özü konyak süzdü. Və elə o konyakı içən kimi beyninin bir yerində bayaqdan gəzdirdiyi naməlum narahatlığın məlum səbəbi artistin qəflətən yadına düşdü.

– Bayaqdan soruşmaq istəyirəm, yadımdan çıxır. Deyirdin, Babaş Ziyadov məqalə yazıb. O Babaş nə yazıb ki, o məqalədə? Olmaya Rəhbəri ifşa eləyib? – Artist aşkar kinayə ilə soruşdu.

– Yox, orda rəhbər söhbəti yoxdu deyəsən. Ancaq yerlin ermənilərə bərk sataşıb. – Mopassan zorla gülümsəməyə çalışdı. – Qoy görüm, axı məndə olmalıydı o qəzet. – Durub, bir topa qəzetin arasından o qəzeti asanca tapıb gətirdi.

“Kommunist” qəzetinin bütöv bir səhifəsini tutan böyük məqaləydi. Məqalənin adı səhifənin ortasında iri hərflərlə yığılmışdı:

“ERMƏNİ XİSLƏTİ”

Müəllifin imzası məqalənin axırındaydı: “BABAXAN ZİYADXANLI”.

Yazının içində orda-burda qara şriftlə seçilən “nankor”, “xəbis”, “qəvi düşmən” sözlərini Saday Sadıqlı eynəksiz də oxuya bildi. Qəzeti kənara qoymaq istəyəndə birdən “İSTAZIN” sözü diqqətini çəkdi və eynəyini gözünə taxıb, məqaləni oxumağa başladı.

Sarsaqlamağın bu dərəcədə primitiv formasını artist bundan əvvəl bir-iki xəstə romançının populist cızma-qarasında görmüşdü və Babaşın öz məqaləsində həmin müəlliflərin yazdıqlarından bol-bol bəhrələnməyi açıq-aşkar göz qabağındaydı.

Babaş Ziyadovun iddiasına görə, “İstazın” sözünün ilkin mənası “usta ozan” olmuşdu və bu torpağın qədim sakinlərinin izini tarixdən silmək məqsədilə ermənilər bu sözü qəsdən təhrif edib, öz dillərinə uyğunlaşdırmışdılar…

Həmin o “usta ozanlar” eramızdan hələ 3 min il əvəl Əylisdən – “dağ yerindən” Dəclə-Fərat çayları vadisindəki “şum yerə”, yəni düz yerə köçüb, orada yaratdıqları dövlətin adını da öz dillərində “şum yer” qoymuş və beləliklə də, orada indi “ŞUMER” adı daşıyan qədim sivilizasiyanı yaratmışdılar.

Babaxan Ziyadxanlının məqaləsində “Əylis” sözü – oturaq yer mənasında – “Əyləc” sözündən törəmişdi. Burada, yəni Əylisdə “erməni” deyilən xalq heç vaxt yaşamamışdı və Əylisdəki bütün kilsə və qəbiristanlıqlar əvvəl “Odər” dilində Elvanod – gurod adlandırılan və sonralar “alban” adı ilə tanınan qədim türklərin tarixi torpaqlarıydı. Məqalə müəllifinin qəti qənaətinə görə, “nankor qonşularımız” tarix boyu Azərbaycan ərazisindəki yer adlarını saxtalaşdırıb, öz adlarına çıxmaqla məşğul olmuşdular. Məsələn, “Odərməni” Girdman, “Gursu”nu Qoris, “Gurbağ”ı Qarabağ, “Elvəndi” İrəvan adlandırıb, özlərinin tarixi torpağı kimi qələmə vermişdilər. Odərcə adı “Qapuağız” (yəni qapı ağzı, darvaza qapısı) olan, sonra ruslaşdırılıb “Qafqaz” adlandırılan ərazi də bütövlükdə “ərmənlərin” – igid türk ərlərinin qədim məskəniydi, ancaq “tarixən qanımıza susayan bədxah qonşularımız” bu “ərmənlər” sözünü özlərinə ad götürüb, Qafqazda “ermənilər” adında qondarma millət yaratmışdılar. “Herakl” sözünün “Koroğlu” sözündən, “İsus” sözünün “Eysar” sözündən yarandığını israrla iddia edən Bomba Babaş axırda cuşa gəlib, hətta Otello adının da öz ilkin mənasında “ODELLİ” olduğunu və Şekspirin bu məsələdə “bağışlanmaz yanlışlığa” yol verdiyini – ağayana və alimanə bir şəkildə – “sübuta yetirirdi”… Və özünün bir səhifəlik məqaləsini Babaş şair Qulaməli Qasımovun çoxdan dillər əzbəri olan misraları ilə bitirirdi:

“Azərbaycan qandan əziz, candan əziz bir nemətdir,

Ondan ötrü qan verməyən, can verməyən binamusdur, biqeyrətdir”.

Məqaləni oxuya-oxuya artist xəyalında İstazından (Astvasdundan) Vurağırda – Vardakertəcən Əylisi küçə-küçə, eyvan-eyvan, ev-ev gəzirdi. Məqaləni oxuyub qurtaran kimi nədənsə birdən-birə ona elə gəldi ki, bundan sonra Əylisi bir də heç vaxt görməyəcək…

Anasının Əylisin müsəlman qəbiristanlığındakı kimsəsiz məzarı gözünün qabağına gəldi… Bəlkə, bir həftə olardı ki, Saday anasını hər gecə yuxuda görürdü. Ana gəlib Sadayın yatdığı çarpayının yanında sözlü-sözlü oturub, sonra dinməz-söyləməz durub gedirdi. Görəsən, niyə dinmirdi, nədən narazıydı?.. Bunu anasından soruşmağa Sadayın dili gəlmirdi. Daha doğrusu, Sadayın anasının yanında dili quruyurdu. Və artist yuxudan ayılanda hər dəfə fikirləşirdi ki, bəlkə onun o Eçmiədzin sövdasına düşməyindən anası narazıdır, narahatdır. Anasının bundan savayı nədənsə narazı ola biləcəyini artist heç vaxt ağlına gətirmirdi.

Və ona birdən-birə elə gəldi ki, Əylis heç vaxt olmayıb…

Nə o Babaş, nə o Camal, nə o Lüsik… Nə o kilsə, nə də o kilsənin günbəzindəki – Allahın gözünün işığına bənzəyən – sarımtıl-çəhrayı işıq olub. İçinin gözyaşı tamı verən qəhərini uda-uda düşündü ki, bəlkə Allah da yalandır, uydurmadır. Allah yoxdur və heç vaxt olmayıb. Və bu qəribə duyğudan artist özünün də gözləmədiyi bir xoş rahatlıq, bir qəribə yüngüllük hiss elədi… Babaşın məqaləsi barədə Mopassan Mirələmova hər hansı bir söz deməyin mənasız və faydasız olduğunu düşündü. Elə-belə nəsə bir söz demək xatirinə:

– Bizim o Babaş Ziyadov nə vaxtdan Babaxan Ziyadxanlı olub? – dedi. – Əylisdə onun bir babası bisavad molla, o biri babası düşük çayçı idi.

Bayaqdan kresloda mürgüləyə-mürgüləyə artistin qəzet oxumağına səbrlə tab gətirən Mopassan, Sadayın səsini eşidən kimi, deyəsən, yuxunu canından çıxarmaq üçün dik qalxdı.

– Nə deyim? Yəqin ki, məsləhət belə olub. Lazım biliblər ki, Babaş müəllimin imzası qəzetdə elə yazılsın.

– Bunu kim lazım bilib?

– Yuxarıdan da. Yəqin, orda oturanlar belə məsləhət görüb.

– O yuxarıda oturanlar bəyəm müharibə qızışdırır? Əgər Ziyadov onların adamıdırsa, niyə bu məqalədə qonşu qırğınına fitva verir?

Özünün də sanballı dövlət adamı və siyasi zəka sahibi olduğunu artistin qarşısında nümayiş etdirmək üçün bu yerdə direktorun əlinə elə bil bir münasib fürsət düşdü.

– Səndəki bu sadəlövhlük məni öldürəcək, vallah! – dedi. – O cəbhəçi itoynadanlar “Qarabağ, Qarabağ” deyə-deyə, görmürsən, nə oyunlardan çıxır? Ancaq o Qarabağ onların heç vecinə də deyil. Məqsədləri bu hökuməti yıxıb, özlərinin hökumətini qurmaqdı. Bizim bu qara camaat da bu saat yalnız ermənini söyənin sözün eşidir. Belə olanda bəs neynəsin hökumət? Bunlar da məcburdu ki, erməni kartından öz məqsədləri üçün istifadə eləsinlər. Camaata bir yolunan çatdırsınlar ki, o erməni bizim də düşmənimizdi. Yəni siz də gəlin, bizə qoşulun. Gedib, mitinqlərdə bizi yıxmaq istəyənlərə əl çalmayın. Bu, siyasətdi, sənətkar. Siyasətin yüz cür sifəti var. – Mopassan öz ağlı ilə öyündüyünü gizlətmədən fəxr ilə artistin üzünə gülümsədi.

– Bəli, çox böyük siyasətdi. Maşallah, göz dəyməsin! Millətin baxtı gətirib demək: əksikliyin, alçaqlığın meydanı xeyli genişlənib. Bundan sonra kim nə qədər əclaflıq eləyir-eləsin, bunun günahkarı axırda erməni olacaq. – Artist ayağa durub, yaxından, lap yaxından birbaşa direktorun gözlərinin içinə baxdı. – İndi gəl, belə danışaq, Mopoş, əgər o pyesdə də mətləb budursa, məni bəribaşdan üzürlü bil. Yaşımın bu vaxtında mən durub tamaşaçı qarşısında belə sərsəm siyasəti təbliğ eləyə bilmərəm. Mən o səhnəyə bundan sonra heç çıxmasam da olar. Ancaq özün də bilirsən ki, bu iş mənlik iş deyil.

Əgər Mopassan Mirələmov uğuruna böyük ümidlər bəslədiyi yeni tamaşanın baş rolunda hər hansı bir başqa aktyor görə bilsəydi, bəlkə heç pyes müəllifinin xahişinə və yuxarıların istəyinə də məhəl qoymazdı və tərsliyi istedadından qalmayan bu vasvası artistlə elə bu yerdəcə haqq-hesabı birdəfəlik çürüdərdi. (Bu teatrda onun bir sözünü iki eləməyə kimin nə haqqı vardı). Ancaq elə məsələ də burasındaydı ki, bu rolda direktorun özü də yalnız Saday Sadıqlını görürdü. Üstəlik, son zamanlar hədsiz dərəcədə bədbinləşib, büsbütün özünə qapılmış artisti yenidən səhnəyə qaytarmaq niyyətində də direktor kifayət qədər səmimiydi.

– Qəribə söz deyirsən, – dedi. – Mənim harama yaraşır ki, belə şeydə sənə kələk gəlim. Sənə kələk gəlmək mümkündü ki? – Stolunun siyirməsindəki qovluğu çıxarıb, artistin qabağına qoydu. – Pyes budu:

“Cəhənnəmə cənnət dedik”

Elə adından da bilinir ki, bu əsərdə söhbət nədən gedir. Bunları bir vaxt sən bizə deyirdin, biz qanmırdıq, qana bilmirdik. İndi bir gənc müəllif götürüb bu barədə əsər yazıb. Yaxşı da yazıb, vallah, özün oxuyub görəcəksən. – Direktor sözünə ara verib, azca fikirləşdi. – Sən boyda sənətkara indiyəcən “xalq artisti” adı verilməyib. Nəyə görə? Ona görə ki, həmişə sözün düzün demisən. O mənfur Rəhbərin qabağında da heç vaxt özünü sındırmamısan. İndi, min şükür Allaha, vəziyyət dəyişir yavaş-yavaş. Təzə səni yaxşı tanıyır. Bilir ki, Rəhbərə ləbbeh deməyən 4–5 ziyalının birisən. Tamaşamızın birinci premyerası olan kimi çoxdan layiq olduğun adı alacaqsan. Bu da danışılıb. 100 faiz həll olunub. Yaşını da çox şişirtmə, hələ 50 yaşına 3 ay qalır. Qardaşın 3 aydan sonra, gör, sənə necə yubiley keçirəcək.

Mopassan Mirələmov Saday Sadıqlını sanki ovsunlamaq istəyirdi.

Və indi artisti kənardan görən hər kəs direktorun bu istəyə nail olduğuna bəlkə inana da bilərdi. Çünki artist Mopassanın dediklərinə – zahirən olduqca müti və məzlum bir sifətdə – lal-dinməz qulaq asırdı. Arabir gülümsəyirdi – elə bil sevinirdi. Ancaq, əslinə qalsa, Saday Sadıqlı, sadəcə, yorulmuşdu. Onun direktorun dediklərinə inanmağa da, inanmamağa da heç bir heyi-həvəsi qalmamışdı. Saday Sadıqlıdan ötrü bu saat təzə rəhbərin köhnədən, Mopoşun Babaşdan, Cambul Camalın Cingöz Şabandan, yalanın doğrudan və haqqın nahaqdan heç bir fərqi yox idi. Hətta özü ilə, bir vaxt Rəhbərə məddahlıq eləyənlərin arasında hər hansı bir fərq olduğuna da indi artist inanmırdı.

Hələ otağın havası bir yana dursun, sanki bayırdakı havanın özündən də artistin burnuna bir qəribə saxtalıq və satqınlıq iyi gəlirdi. Həm də bir anlaşılmaz, ağlasığmaz xəcalət hissi artisti casus kimi içindən gizlicə izləyirdi. Bu xəcalət, görəsən, nəyin xəcalətiydi?Bəlkə, Mopoşla ağız-ağıza verib Rəhbərin qeybətini eləməyin xəcalətiydi? Yəni artist özü üçün başqa bir məna və məzmun daşıyan o – ağrılı-acılı- köhnə və təzə rəhbər mövzusunda Mirələmovla söhbətə girişməyin elə öz-özlüyündə əskiklik, alçaqlıq olduğunu birdən dərk eləyib, ürəyində buna görə bu qədər sarsıntı keçirirdi. Sadayın birdən-birə bu hala düşməyinin əsas baiskarı bəlkə Cambul Camalın heçdən tapılıb çıxmağıydı. Həm yazıq, həm həddən ziyadə işgüzar. O sarımtıl-çəhrayı işıq hələ bir yana dursun, dünyada Camaldan ötrü sanki nə o kilsə, nə o kilsənin həyətindəki uzun-şivərək gilas ağacı olmuşdu, nə Lüsik olmuşdu, nə Hayqanuş…

Və bu sarsıntı bəlkə heç xəcalət sarsıntısı da deyildi: bu da xəcalət cildinə girmiş belə bir qorxu idi. Və bu qorxunun arxasında bu dəfə qosqoca Dünya Şərinin “Babaxan Ziyadxanlı” deyilən yeni adı, təzə sifəti dayanmışdı?

Bir sözlə, 1989-cu ilin dekabr ayının həmin o son günü, yəni Parapet bağının yanındakı o fəlakətin başına gəlməyindən bir gün əvvəl Mopassan Mirələmovdan ayrılanda Saday Sadıqlı bir adı-ünvanı bilinməyn təhqiramiz və alçaldıcı boşluğun içindəydi. Və dəhşət burasındaydı ki, o boşluqda Eçmiədzin kilsəsinin müqəddəs mehrabı da Saday Sadıqlıya teatr səhnəsi qədər maraqsız, cansıxıcı və darıxdırıcı görünürdü.

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
30 ocak 2023
Hacim:
161 s. 3 illüstrasyon
ISBN:
9780369408679
Telif hakkı:
Aegitas
İndirme biçimi:
Ses
Ortalama puan 4,3, 7 oylamaya göre
Metin
Ortalama puan 4,8, 9 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 3, 1 oylamaya göre
Metin
Ortalama puan 5, 3 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 4,2, 5 oylamaya göre