Kitabı oku: «Daş yuxular. Rekviyem romanı», sayfa 8
Dördüncü fəsil
Bu fəsildə doktor Abasəliyev deyir ki, dünyada günahsız məhv edilmiş gocaların, qadın və uşaqların hər birinə bircə şam yandırıb qoysaydılar, o şamların işığı göydəki Ayın işığından bir xeyli gur olardı.
Dünyanı, nə ki var,basıb-basmarlamış qatı bir duman.
Ancaq dünya yalnız dumandan ibarət ola bilməzdi. O dumanın altında mütləq nəsə vardı. Və o dumanın altındakı dünya bir azdan hökmən görünəcəkdi. Bunu Saday Sadıqlı bilirdi və öz huşsuz dünyasında – huşunu itirəndən bəri – yalnız bunu gözləyirdi.
Sonra o duman yavaş-yavaş çəkilib getdi. Ancaq artist özünün harda olduğunu yenə anlaya bilmədi. Birdən artist özünü hardasa bir soyuq daş səkinin üstündə oturan gördü. Və ona elə gəldi ki, Əylisdə çayın qırağından üzüyuxarı “Vurağırd” kilsəsinə gedən daşdöşəli küçənin tən ortasındadır.Ancaq oradan nə kilsə görünürdü, nə də o kilsənin arxasındakı uca dağ görünürdü və özünün harada olduğunu artist – şübhə və qorxu içində – təzədən anlamağa çalışırdı: əgər bu, doğrudan da, Əylisdəki o daşdöşəli “Vurağırd” küçəsiydisə, onda bəs o kilsə və o dağ axı niyə, görəsən, öz yerində deyildi?..
Sonra artist bir şirin ümidlə inandı ki, o dağ da, o kilsə də həmişəki yerindədir. O dağdan, o kilsədən və o daşdöşəli Vurağırd yolundan çoxdan uzaqlaşdığına və artıq Eçmiədzinə çatmaqda olduğuna artist, bir Allah bilir ki, necə sevindi. Və artistin ruhuna yağ kimi yayılan bu yeni ovqat onun cərrahiyyə otağından palataya köçürülməyi ilə eyni vaxtda baş verdi. Çünki başına gələnləri ağlı ilə dərk eləyə bilməsə də, özünün hansısa bir hissi orqanı ilə Saday Sadıqlı yerinin dəyişildiyini duya bilmişdi.
Xəstəxanaya düşməyinin yalnız 4-cü günü – axşama yaxın – xəstənin vəziyyəti yaxşılığa doğru nisbətən dəyişməyə başlamışdı.
Hələ özü danışa bilmirdi, ancaq ətrafdakı söz-söhbəti, deyəsən, eşidirdi və eşitdiklərinin bir qismini sanki anlayırdı da. Hər halda, xəstənin zahiri görkəmi onun səhhətinin pis olduğunu düşünməyə az qala heç bir əsas vermirdi.Azadə xanım 3 gün idi ki, gecəli-gündüzlü ərinin yanındaydı. Şəfqət bacısı Münəvvər xanım da gününün çoxusunu Saday Sadıqlının yatdığı palatada keçirirdi. Doktor Fərzani Azadə xanımın şəxsində sanki çoxdan itirdiyi əziz adamını tapmışdı. Başqa işi olmayanda o da saatlarla palatadan çıxmırdı. Azadə xanımla (gah rusca, gah azərbaycanca) müxtəlif mövzularda söhbət eləyirdi, xəstə üçün təyin etdiyi hər bir dərmanın barəsində hər dəfə Azadə xanımın da fikrini soruşurdu. Bir sözlə, doktor Fərzaninin cəmi 4 gün əvvəl artisti yerləşdirdiyi o palata indi sanki xəstəxana palatası deyildi, bir mehriban ailənin illərlə yaşadığı ev idi, ocaq idi.
Azadə xanım xəstənin nə dərəcədə ağır vəziyyətdə olduğunu atasına deməyə hələ də ürək eləmirdi. Üstəlik, doktor Fərzanidən də dönə-dönə xahiş eləmişdi ki, xəstə komadan çıxmamış, atasının ciddi narahatlığına səbəb ola biləcək məsələləri onunla telefonda danışanda, hələlik açıb-ağartmasın. Doktor Abasəliyev son 3 gündə doktor Fərzaniyə Mərdəkandan bir neçə dəfə zəng eləmişdi və Azadə xanımın xahişindən hələ keçə bilməyən həkim xəstənin travmatoloji komada olduğunu doktor Abasəliyevə deməmişdi. Ancaq bu məsələdə doktor Fərzani öz həkimliyinə də xəyanət eləmək istəməmişdi. “Travmatoloji şok hələ canından çıxmayıb, – demişdi, – narahat olmayın, keçib gdəcək”. Çünki “travmatoloji şokdan çıxmamaq” da elə, başqa sözlə, komada olmaq deməkdi.
Doktor Fərzani Nüvariş Qarabağlıdan savayı heç kəsi xəstənin yanına buraxmırdı.
Ancaq Münəvvər xanıma qalsaydı, heç o Nüvarişi də xəstənin yanına buraxmazdı. Çünki xəstəyə baş çəkməyə gələndə Nüvarişin hər dəfə palatadan ağlaya-ağlaya çıxmağından Münəvvər xanımın heç xoşu gəlmirdi. Münəvvər xanıma görə, Nüvariş xəstənin çarpayısının yanında da adam kimi dayanmırdı. Elə bir əndazədə dayanırdı ki, o çarpayıya baxanda adamın yadına tabut düşürdü.
Saday Sadıqlının xəstəxanaya düşməsinin o 4-cü günü də Nüvariş iki dəfə xəstəxanada olmuşdu: həm səhər, həm də günortadan bir az sonra. İndi isə axşama yaxın idi. Xəstənin vəziyyətindəki optimal dəyişiklik hələ təzə-təzə müşahidə olunmağa başlayırdı. Xəstə dilini tərpədib, dodaqlarını yalamağa çalışırdı. Onun sağ qolu da fasiləsiz hərəkətdə idi. Artist var gücüylə qolunu qaldırmağa can atırdı və ərinin bu hərəkətindən Azadə xanım yaman ehtiyat eləyirdi. Ona elə gəlirdi ki, Sadayın qolunu qaldırmaqda məqsədi, ilk növbədə, xaç çevirməkdir. Və ərinin həkimin, şəfqət bacısının gözü qabağında xaç çevirməyinin xəcaləti Azadə xanıma dözülməz dərəcədə ağır gəlirdi.
Münəvvər xanım, fürsətdən istifadə eləyib, mülayim ət suyunu qaşıq-qaşıq xəstənin boğazına tökürdü. Doktor Fərzani səssiz addımlarla palatada gəzinirdi və arabir ayaq saxlayıb, gözlərini televizordan ayırmadan, ürəyində nəyisə ciddi-cəhdlə götür-qoy eləyirdi. Səsi aşağı salınmış televizorda bir yekəpər, enlisifət, saqqallı kişi əl-qolunu ölçə-ölçə danışırdı. Və həkim son vaxtlar televizorda tez-tez gördüyü bu adamın kimliyini, nə dediyini və nə istədiyini elə bil məhz bu axşam və elə bu dəqiqə özü üçün müəyyənləşdirmək istəyirdi.
Əslində isə televizorda danışan o adam Partiyaya və Leninə həsr etdiyi şerlərlə məktəb dərsliklərində özünə 30 ildən bəri sanballı yer tutan tanınmış şair Qulaməli Qasımov idi.
Ancaq onun 30 illik böyük bir dövrdə hər il təzədən çap olunan o şerləri son bircə ilin içində insanların yaddaşından yerli-dibli silinmişdi, hətta adı-familiyası da. Şairın indiki adı Savalan Turanlı idi. Və onun “Uca dağım – Qarabağım” adlı poemasını indi nəinki Bakının Lenin meydanındakı izdihamlı mitinqlərdə, hətta Azərbaycanın ən ucqar kəndlərindəki toy və yas məclislərində də atəşin bir ilhamla əzbər deyən, bəlkə, yüz minlərlə adam tapılardı. Doktor Fərzaninin, söz yox ki, nə o Qulaməli Qasımovdan, nə də Savalan Turanlıdan xəbəri vardı. Doktor Fərzani bu adamdakı tükənməz enerjinin hansı mənbədən qaynaqlandığını bəlkə də həkim kimi bilmək, anlamaq istəyirdi. Ancaq doktor Fərzani axırda, deyəsən, bu qərara gəldi ki, burada bilməli və anlamalı heç nə yoxdur. Və həkimin belə bir qərara gəlməyinə, çox güman ki, şairin öz çıxışını bitirmək ərəfəsində daha ucadan və xüsusi əda ilə dediyi bu sözlər səbəb oldu:
“Yurduma göz dikmə, yağı,
Torpaqdan pay olmaz axı”.
Həkim əlini yelləyib:
– Ay bərəkallah! – dedi və televizordan aralanıb, yenə palatada gəzinməyə başladı. – Bu saqqallı uşağın deyəsən heç Əzrayıl da vecinə deyil. Elə bilir ki, bunun da torpaq payını bir gün ölçüb verməyəcəklər. Uzunluğu, vur-tut, 2 metr, eni, cəmi-cümlətanı, 50–60 santimetr. – Və həkim gülə-gülə əlavə elədi: – Amma bunun torpaq payı bir az çox olacaq, deyəsən. Çünki saqqalı çox yekədi.
Və eləcə gülə-gülə də həkim xəstəyə yaxınlaşdı. Onun hər iki gözünün qapağını ehmalca aralayıb, xəstənin göz bəbəklərini diqqətlə müayinə elədi.
– Dərmanların hələ dəyişməyəcəyik, – dedi. – Danışmağın, adam-zad tanımağın bir müddət gözləyək gərək. İnsulta qarşı nə mümkündü, eləmək lazımdı. Hələ bunun bəxti kəsib ki, başına vurulan zərbələrdən elə orda beyninə qan sızmayıb. Əvvəl mən də elə bilirdim ki, beyində anomaliya yoxdur. Amma var, görünür. Olmasaydı, indiyəcən dili açılmalıydı. Qansızma sonra da başlana bilir. Hərdən olur belə şey. İnsultun qabağını saxlaya bilsək, qalan azar-bezarına Allah özü əncam çəkəcək. Bu hələ görmür bizi. Çünki bizdən uzaqdadı. Bizi görmək istəsə, qayıdıb o uzaq yerdən gələcək. Görmək istəməsə? – Həkim ah çəkib gülümsədi. – Yox, inşallah, istəyəcək, – dedi.
Saday Sadıqlı, doğrudan da, uzaqdaydı.
Həkimdən, arvadından, yerləşdirildiyi palatadan, yatdığı çarpayıdan, hətta beyninin zədəsindən və canının ağrısından da çox-çox uzaqda idi. Ancaq o uzaqda olan, görəsən, doğrudanmı Saday Sadıqlıydı?..
Əylisdəydi, söz yox ki, Əylisdəydi. Ancaq o Əylisin özü də dünyadakı real Əylis deyildi, Sadayın (bir vaxt) 4, ya 5 yaşında yuxuda gördüyü Əylis idi.
O Saday 4, ya 5 yaşda ikən bir yazçağı Əylisdə bir xırdaca, qara, qəşəng tülkü balası peyda olmuşdu. O bala tülkünü cəmi bircə dəfə Saday öz həyətlərindəki divarın üstündə görmüşdü. O qara və qəşəng bala tülkü divardan ağaca atılmışdı, ağacda – yamyaşıl yarpaqların arasındaca – budaqdan-budağa tullanmışdı. Və elə o yamyaşıl budaqların arasındaca o bala tülkü Sadayın nəzərindən yayınıb, yoxa çıxmışdı. Və bundan bir neçə gün sonra Saday Cingöz Şabanın o tülkünü Daş Kilsənin yanındakı divarın üstündə tüfənglə vurub öldürdüyünü görmüşdü. Və o vaxtdan o bala tülkü az qala hər gecə Sadayın yuxusuna girmişdi.
Və indi o 4, ya 5 yaşlı uşağın gecələr yuxuda gördüyü o tülkü yenə sağ idi. Divarlardan ağaclara, ağaclardan divarlara tullana-tullana, Əylisin bir başından o biri başına tərəf yol gedirdi. Və o 4, ya 5 yaşlı uşaq da o qara və qəşəng bala tülkünün izinə düşüb, bircə Allah bilir ki, nə zamandan bəri yol gedirdi.
O uşaq heç vaxt o tülküdən gözəl heyvan görməmişdi. O yazdan gözəl bir yaz, o Əylisdən gözəl Əylis bu dünyada heç vaxt olmamışdı. İşıq. Hər yan işıq. Dağlarda günəşin işığı. Ağaclarda gilasın işığı. Təzəcə yarpaq açmış pişpişələr. Təzəcə çiçək açmış yasəmənlər. Bu yaz hansı ilin, hansı vaxtın yazıydı, görəsən? Axı yasəmənlər açanda gilas yetişmir.
O oynağan, sevincək tülkü balasının – üstündə gəzdiyi – divarların hamısı elə bil daşdan-torpaqdan hörülməmişdi, bir sarımtıl-çəhrayı işıqdan hörülmüşdü və o işıq daşlardan, divarlardan süzülüb, yollara, küçələrə axırdı.
4, ya 5 yaşlı Sadayın indi gördüyü Əylisdə bütün həyətlər səliqəli, güllü-çiçəkli, bütün küçələr şüşə kimi tərtəmiz, dumduruydu.
Kənarları bənövşəli, süsənli, şüşənnikli arxların hamısından işıqqarışıq mavi su axırdı. O qara və qəşəng tülkü balası divarların üstü ilə sevinə-sevinə, oynaya-oynaya üzüyuxarı – günbəzi günəşin işığından qızıl suyuna çəkilmiş Daş Kilsəyə tərəf getdikcə divarboyu arxların qırağındakı fındıq, ceviz, alça və ərik ağaclarının yamyaşıl yarpaqları da o tülkü balasıyla birgə sevinirdi. O tülkü balası o yamyaşıl yarpaqların arasında arabir uşağın gözündən itib, sonra o divarların üstündə yenidən peyda olurdu. Və məhz bu məqamlarda Saday özünün xəstəxana palatasındakı çarpayısında ağrılı, həyəcanlı, dərin sarsıntılar keçirirdi.
Bir sözlə, doktor Fərzaninin xəstənin bizdən uzaqda olmağı barədəki proqnozu dəqiq və dahiyanəydi. Onun bundan sonra yaşayıb-yaşamayacağının (hansısa böyük mənada) özündən asılı olduğunu da həkim doğru deyirdi: istəsə, gələcək, istəməsə, gəlməyəcək…
Və xəstə olduğu uzaqlıqlardan hələ ki qayıdıb gəlmək istəmirdi.
Onun üzünə baxan hər kəs bunu təsdiq edə bilərdi. Hələ o bala tülkünün dalınca Saday bir gözəl yol gedirdi. O Sadayın bütün arzu-istəyi o tülkünü tutmaq, onu bağrına basıb öpmək, dünyanın o gözəl heyvanının başını sığalladıqca sığallamaq, quyruğunu oxşadıqca oxşamaqdan ibarət idi. Və hələ ki o bala tülkü o işıqlı divarların üstündə sağ-salamat gəzib-dolanıb, o yaşıl yarpaqların arasında gizlənə bilirdi, Saday Sadıqlının da yaşamaqda olduğunu düşünməyə hər cür əsas vardı.
İlin axırıncı günü, elə işə gələn kimi, Münəvvər xanım xəstənin sarıqlarını bir-bir açmağa başladı.
Onun sağ əlinin iki barmağında, sol qolunun dirsəyində olan çıxıqların tamam bitişdiyini həkimə sevinə-sevinə xəbər verdi. Sonra iki qadın (Münəvvər xanım və Azadə xanım) köməkləşib, artistin bədənini spirtlə yaxşı-yaxşı yudular. İndi xəstənin üzdə olan yeganə fiziki problemi sağ qıçının gibsə salınmış sınığıydı. Artistin ruhi vəziyyətində elə bir əsaslı yenilik görünmürdü: hələ artist danışa bilmirdi və onun danışılana necə reaksiya verdiyini də anlamaq mümkün deyildi.
Yeni il axşamı palatada bayram süfrəsi açmağı Azadə xanım əvvəldən planlaşdırmışdı. Fikrində qoymuşdu ki, atasını da Mərdəkandan çağırsın, o axşamı hamılıqla bir yerdə keçirsinlər. Çünki doktor Fərzani ilə Münəvvər xanımın da təzə ili bir yerdə keçirməyə özgə kimsəsi yox idi. Ancaq doktor Abasəliyev axşam şəhərə gələcəyinə söz versə də, sonra fikrini dəyişdi. Hələ axşama xeyli qalmış zəng eləyib, gələ bilməyəcəyini xəbər verdi.– Belə gündə bağı başına buraxmağa qorxuram, – dedi. – Hər yeri banditxanaya döndəriblər. Daha mərdəkanlılara da etibar yoxdu.
O gün ömründə ilk dəfə Azadə xanım təzə il axşamını atasından ayrı keçirdi. Xəstəxananın yaxınlığında yaşayan Münəvvər xanım yeni ili Azadə xanımla bir yerdə qarşılayıb, gecəyarısı evinə getdi. Qızının Moskvadan zəng eləməyini gözləyən doktor Fərzani, Münəvvər xanımın getməyi ərəfəsində, 5-10 dəqiqəliyə palatada görsənib, sonra öz kabinetinə çəkildi. Palatada əri ilə tək qalmış Azadə xanım o gecə xəstəni danışdırmaq üçün illər boyu ürəyində gizlətdiyi sözləri ilk dəfə dilinə gətirdi, o sözlərlə ərini uşaq kimi oxşadı, əzizlədi. Ancaq Saday Sadıqlının dilindən o gecə də bir kəlmə söz çıxmadı. Artistin təkcə gözləri danışırdı. O gözlər həm ağlayırdı, həm gülürdü.
Saday Sadıqlının xəstəxanaya düşməyinin, düz 10-cu günü, hələ səhər erkən, doktor Abasəliyev kürəkəninin yatdığı palatanın qapısını açıb, qəflətən içəri girdi.
Onun xəstəxanaya gələcəyini heç kəs əvvəlcədən bilmirdi.
Uzunboğaz köynəyinin üstündən qalın gödəkçə geymiş qocaman psixiatr palatanın qapısından portfel əlində içəri girəndə doktor Fərzani xəstənin səhər müayinəsini təcəzə bitirib, otağın aşağı başında – pəncərənin böyründəki əlüzyuyanda əllərini yuyurdu. Münəvvər xanım pəncərədən bir azca aralıdakı dairəvi yemək stolunun üstündə həkim üçün çay-çörək hazırlamışdı. Həkimin gəlib oturmağını gözləyirdi. Azadə xanım pəncərənin qabağında dayanıb, həyətə baxa-baxa ötən həftə gedib baş çəkə bilmədiyi atasını fikirləşirdi. Xəstə isə elə əvvəlki vəziyyətində qalırdı: sifətində – 4–5 yaşlı uşağın bakirə təbəssümü, gözlərində – həsrətin və xəstəliyin həzin işığı…
Bayırda güclü külək əssə də, hava günəşli və aydın idi. Və bu saat o palatadakı adamlara kənardan baxan hər kəs ilk növbədə düşünə bilərdi ki, palatanın üçgözlü böyük pəncərəsindən içəriyə düşən gün işığına orada hamıdan çox xəstə sevinir.
Doktor Abasəliyev, hələ gödəkçəsini əynindən çıxarmamış, birbaşa kürəkəninin üstünə yüyürüb, onun üz-gözünü marçamarç öpdü. Sonra qayıdıb, doktor Fərzaninin əlini bərk-bərk sıxdı. Münəvvər xanımın ağ saçlarına ərklə sığal çəkdi. Gödəkçəsini əynindən çıxarıb, boş stulun üstünə atdı və qızının alnından öpüb, gedib xəstənin yanındakı kresloda əyləşdi.
Doktor Fərzanini heyrət bürümüşdü: ya çoxdan görmədiyi köhnə tanışının cavanlığına, çevikliyinə təəccüblənirdi, ya da qocaman psixiatrın həddən ziyadə impulsiv və ekspressiv hərəkətləri onun özünün də psixi cəhətdən nə dərəcədə normal olub-olmamağı barədə cərrahı şübhəyə salmışdı.
Doktor Abasəliyev nə həkimin bir kəlmə söz deməyinə imkan verdi, nə də qızının təşviş dolu gözlərindəki gizli mətləbi anlaya bildi. Dizinin üstünə qoyduğu portfelini həyəcandan əlləri əsə-əsə açdı. Portfelin içindəki yazılı vərəqlərdən birini götürüb, əlində bayraq kimi yellədə-yellədə, Əylisin böyük patriotu görünməmiş coşqun və atəşin bir ehtirasla öz söhbətinə belə başladı:
– Mən sənə 340 il bundan qabağın bir gözəl Əylisin gətirmişəm, növcavan. Ancaq elə bilmə ki, nağıl deyirəm. Burda hər nə var, hamısı 100 faiz olmuş şeydi. Bir Əylis tacirinin gündəlik yazmağın mən bir vaxt sənə Əylisdə danışmışdm. Yadında qalmış olar. Hələ türk ordusu Əylisi dağıtmamışdan, o gündəliyin ermənicəsini Mirzə Vabahda mən özüm görmüşdüm. 41-45-in müharibəsindən sonra o gündəliyin ruscasını bir dostum Yerevandan mənə göndərmişdi. Nə vaxtdan axtarırdım, bilmirdim ki, hara qoymuşam. Axır ki, özü tapılıb çıxdı – köhnə kitablarımın arasından. “Dnevnik Zakaria Akulisskoqo”7 – gündəliyin rusca adı belədi. «Дневник Закария Акулисского» – Ermənistan SSR Elmlər Akademiyası tərəfindən 1939-cu ildə Yerevanda nəşr edilib. Ancaq məncə, Akulis yox, Aqulis olmalıdı. Çünki bu söz köhnə kitabların çoxusnda “K” yox, “Q” səsiynən yazılıb. “Q” hərfini “K” hərfiynən, ola bilər ki, sonralar ruslar əvəz eləyiblər. Əylisdə də, bilirsən, bu adam indiyəcən Zəkəriyyə Əylisli adıynan qalıb. Bu adı Mirzə Vahab da həmişə belə deyirdi. O tacirin haqqında rəhmətlik dədəm də çox şey bilirdi. – Doktor Abasəliyev gözlərini artistdən ayırıb, Fərzaninin üzünə baxdı. – Gör necə hörmətli insanmış ki, Fərid, Əylisin müsəlman camaatı onun adın öz uşağına qoyur! – Üzünü yenə kürəkəninə tutdu. – Heç görmüsən ki, növcavan, başqa yerin müsəlmanı götürüb uşağına Zəkəriyyə adını qoya? Amma o Əylisdəki Zəkəriyyəni sən məndən də çox görmüsən. Yadındadı, o vaxt biz Əylisdə olanda gedib patefon almışdı özünə. Cəmi bir dənə də plastinkası vardı – Xan Şuşinskinin ifasında. Səhər açılandan gecənin yarısınacan o valı oxudurdu: “Kim nazın çəkər, ay qadası, Kim nazın çəkər, ay qadası?” – Doktor Fərzaninin palatadan çıxmaq istədiyni görüb, sözünə ara verdi. – Ə, hara? Otur, qulaq as! – dedi və cərrah yerində oturandan sonra sözünə davam elədi:
– Gündəliyində özü yazdığına görə, 1630-cu ildə anadan olub. Sən bu Əylis ermənisindəki nemes dəqiqliynə bax – lap günün, saatın da yazıb: “Bazar günü, Müqəddəs Gevorqun doğum günü, günün ikinci yarısında. – Portfelindən yeni vərəq çıxardı. – Ticarətə başlamağı belə olub: 1647-ci ilin mart ayının 5-də, 17 yaşında, bir tay ipək götürüb, Əylisdən yola düzəlib. “Mən Zakari bu gün Əylisdən yola çıxıram. O müqəddəs ruh köməyim olsun! Harada hansı bir maraqlı hadisə rastıma çıxsa, onu dəftərimə yazacağam. Və əgər yazdığımda kimsə yalan axtarsa, qoy o Müqəddəs Ruh onun zəkasına işıq salsın”.
Fikir verirsən də, ağıl versin demir, işıq salsın deyir. Gör, necə alicənab insanmış!.. İndi, səfərinin marşrutuna fikir ver: Yerevan, Qars, Ərzurum, Toqat, Bursa, İzmir, sonra Stambul. Stambulu hər yerdə “Stambol” yazır. Birinci səfəri on ay çəkir, dekabrın axırında Əylisə qayıdır. Sonra day hara qalır ki, bunun ayağı dəyməsin: Yunanıstan,Venetsiya, İtaliya, İspaniya, Portuqaliya, Almaniya, Polşa, Hollandiya… Hələ sən bu cavan oğlanda kəlləyə bax: təxminən 1 il sonra 1648-ci ilin oktyabr ayında yeniçərilərin Sultan İbrahimi taxtdan salmağını, gör, necə dəqiq yazır: “Stambolda su yerinə qan axırdı. Şəhər düz 20 gün qan içində üzdü. Axırda Sultan İbrahimi boğub öldürdülər. Onun böyük oğlu Məhəmmədi sultanlıq taxtına əyləşdirdilər. Sultan İbrahimin 45, Sultan Məhəmmədin 7 yaşı vardı”. Zakari, 38 il sonra, gündəliyində bu məsələyə bir də qayıdır: “Sultan Məhəmməd çox müharibələr eləmişdi, çox ölkələri, kənd-şəhərləri viran qoymuşdu. Bəlkə dənizdəki qumu saymaq bu müharibələrdə qırılan adamları saymaqdan asan olardı. Onun padişahlığı 1687-ci ilədək çəkdi. Sonra Sultan Məhəmmədi tutub, zindana saldılar. Qardaşı Süleymanı padişah elədilər. İndi Sultan Süleyman padişahdır, Sultan Məhəmməd zindandadır”.
Azadə xanım süzüb atasının qabağına qoyduğu soyumuş çayı götürüb təzələdi.
– Bir çay iç də, nə olar, – dedi. – Erməni taciri qaçmır ki.
–Çay içmişəm. Bilirsən ki, mən çayı gündə bir dəfə içirəm. – Doktor Abasəliyev bir qədər qəzəbli səslə dedi və həmin qəzəbli səslə də söhbətinə davam elədi: – Biləsən, İranın o şahları, xanları Əylisin başına nə oyunlar gətirib!.. Eşit, oxuyuram: “1653-cü il, 10 iyul, Əylis. Şah Abbasın göndərdiyi Ağa Lətif adlı xacə bu gün Əylisə gəldi. 16 nəfər azyaşlı oğlan və qızın adını kağıza yazdı, ancaq heç birin aparmadı. Allah bizə bu dəfə də rəhm elədi”.
Bu qəbildən başqa bir maraqlı məlumat: “1653, 26 iyul. Padişahın əmri ilə şərab çəkməyi qadağan elədilər. Xanın darğası Hümmət bəy bu gün Əylisə gəlib, dilimizdən iltizam aldı ki, bundan sonra Əylisdə şərab çəkilməyəcək. Bu qadağa 6–7 ay davam elədi. Sonra, Allahın köməkliyi ilə, hər şey yoluna düşdü”. İranın Şah Abbasdan sonrakı padişahı Süleymanın vaxtında da elə bir müsibət qalmayıb ki, o Əylisin başına gətirilməsin. “Səfiqulu xanın göstərişilə Qaqayız bəy deyilən birisi bu gün Yerevandan Əylisə gəldi. Özü ilə 30 atlı gətirmişdi. Onlar şahın fərmanı ilə Əylis camaatından 1000 tümən pul yığmalıydılar. Rüşvət, dərəbəylik, zülm ərşə qalxmışdı. 100-dən çox adama işgəncə verib, 35 adamı dar ağacından asdılar… Bütün bu zülmlərdən sonra camaatdan cəmi 350 tümən pul yığa bildilər”.
“Yanvar ayında çörək qıtlığı oldu”. Bunu Zəkəriyyə Əylisli 1673-cü ildə yazır. “Bu qıtlıq iyul ayında taxıl yetişənəcən davam etdi. Aclıq təkcə Qoxtan…” – Naxçıvanın cənub-şərqindən başlayıb, Ələngəz sıra dağlarınacan uzanıb gedən əraziyə o vaxt Qoxtan deyilirmiş – “…mahalında deyil, Təbrizdən Yerevana, Çarsudan Gəncəyəcən hər yeri bürümüşdü. Əylisə ordan-burdan o qədər dilənçi tökülüşüb gəlmişdi ki, onların üstündə xüsusi ordu nəzarəti qoyulmuşdu. Əylisə yaxın Vənənd, Truna…” – indi “Dırnıs” dediyimiz kənddi – “kəndləri, Əylisin monastırı talan edilmişdi. Quldurlar adamların əl-qolunu bağlayıb, mal-mülkünü, nə ki var, talayıb aparırdılar”.
Doktor Abasəliyev 340 il bundan qabaq Əylisdə yaşayıb, dünyanı gəzib-dolanan erməni tacirinin gündəliyini büsbütün əzbərləmişdi. Portfelindəki yazılı vərəqlərə gözünün ucu ilə baxan kimi, hər şey əlbəəl yadına düşürdü. Bəzən heç kağıza baxmadan da hansı sözün harda yazıldığını fəhmlə təyin eləyirdi. Yaşı səksəni keçmiş bu adamın qeyri-adi yaddaşı hamıdan çox doktor Fərzanini heyrətə gətirmişdi. Həmkarının bütün hərəkətlərini diqqətlə izləyən doktor Fərzani onun dediklərinə də get-gedə daha artıq maraqla qulaq asırdı.
Azadə xanım pəncərənin qabağında donub qalmışdı.
Atasının bir şeyə bərk aludə olanda, uşaq kimi hissə qapılıb, hər şeyi unutduğunu əvvəllər də çox görmüş Azadə xanıma onun bugünkü aludəçiliyi xüsusilə anormal təsir bağışlayırdı. Münəvvər xanım isə həm məşhur psixiatrın sözlərinə diqqətlə qulaq asırdı, həm də xəstənin sifətində donub qalmış heyrətqarışıq təbəssümdən gözünü çəkə bilmirdi. Çünki doktor Abasəliyevin gəlişilə palatada yaranmış tragikomik vəziyyətin məhz o təbəssümün başında olmağı Münəvvər xanıma məlum idi. Doktor Abasəliyevin bir huşsuz, dilsiz-ağızsız xəstə ilə belə cani-dildən söhbətə girişməyinin səbəbi, söz yox ki, məhz o təbəssüm idi.
Xəstənin gülümsəməyini doktor, yəqin ki, başladığı söhbətin artistdə oyatdığı müsbət emosiyanın nəticəsi kimi qəbul eləyirdi.
Bu söhbətlə artisti ürəkdən sevindirdiyini düşünürdü. Və bundan daha da ruhlanıb, kürəkənini 340 il bundan əvvəlin əhvalatları ilə get-gedə daha coşqun həvəslə məlumatlandırmağa çalışırdı: “1674-cü il, 24 iyun, Əylis. Bu gün çərşənbə günü Ədilbeycan vəziri” – tacir Azərbaycan sözünü hər yerdə belə yazır – Mirzə İbrahimin göndərdiyi Bəzzat bəy adlı darğa başının 10 nəfər atlısı ilə Əylisə gəldi. Bu adamların Əylisdə qalmağının hər günü bizə 3000 diana başa gəldi. Əylisdə 2 ay qalıb, 80 tümən və xeyli əşya toplayıb getdilər”.
“1679-cu il, 15 oktyabr, Əylis. Urduvarlı” – Ordubadın o vaxtkı adıdır – “Mirzə Yusifin oğlu Mirzə Əbülhüseyn İsfahanda məhkəmə işində işləyirdi. Orda Şeyxülislam rütbəsi alıb, gəlib Urduvarın qazisi oldu. Bu adam insana zülm etməkdən həzz alır. Hamını qorxudub rüşvət alır. Özü də hər gün araq içir”.
“Bu gün Xosrov ağa Əylisə varid olub, özünün Qoxtanın ağası təyin olunduğunu xalqa bəyan elədi. Meqridən, Şoruttdan, Leqramdan” – indiki Nehrəmdi— “xeyli adam gətirmişdi. Əylisin məliki Hovanesin başına min cür oyun açdılar. Yazığı eşşəyə mindirib, zurna çala-çala hər yerdə dolandırdılar. Sonra 100 tümən pul alıb yaxasından əl çəkdilər”.
Sonra doktor Abasəliyev portfelindəki vərəqləri bir müddət ora-bura çevirə-çevirə:
– Sən işə bax, – dedi, – növcavan, 1969-cu ilin iyul ayının 22-də Əylisə qar yağıb, təsəvvür eləyirsən?1677-ci ildə Əylisə, iyun ayının 3-dən ta avqustun axırınacan, bir damcı da yağış düşməyib. 1680-ci ilin may ayında Əylisə elə bir sel gəlib ki, çaya yaxın evlərin hamısı suyun altında qalıb. Sonra elə bir quraqlıq olub ki, Naxçıvandan Təbrizəcən heç yerdə içməyə də su tapılmayıb. 1667-ci ildə Əylisdə 200-dən çox uşaq çiçək xəstəliyindən tələf olub. 1679-cu ilin iyun ayında Yerevanda elə bir dəhşətli zəlzələ baş verib ki, hətta Əylisdə də bəzi evlərin, kilsələrin divarları çatlayıb. Zakari Aqulisinin gündəliyində Əylisdəki kilsələrin hamısı adbaad yazılıb. Vang kilsəsi müqəddəs Foma kilsəsidir. Bunu bilirsən. Vurağırt Vardakert sözünün təhrif olunmuşudur. Vurağırtdakı o vaxt bizim gəzdiyimiz kilsə müqəddəs Stepanos kilsəsidir. Bizim Daş Kilsə dediyimiz müqəddəs Hovanes kilsəsi, deyəsən, Zakari Aqulisinin elə öz sağlığında tikilib. Ya da o dövrdə təmir edilib, təzədən istifadəyə verilib.. 1665-ci il noyabrın 5-də Gündəlikdə belə göstərilib. – Doktor Abasəliyev yenə bir müddət portfelindəki kağız-kuğuzla əlləşdi. – “1668.4 yanvar. Bu gün Əylisdə zəlzələ oldu”.
“1668. 26 fevral. Bu gün Əylisdə göyün qərb tərəfində kometa göründü. O bizə günahlarımıza görə başımıza gələcək fəlakətlərdən xəbər verirdi”. “1668. 22 sentyabr. Bu gün Xormastundan” – Xormastun, yaxud Xorom rumların yaşadığı ölkə adıdır, XVI–XVII əsrlərin erməni və gürcü tarixçiləri indiki Türkiyə ərazisini belə adlandırıb- Əylisə gələn bir şəxs xəbər gətirdi ki, müqəddəs Məryəmin hüzur günü Toqatda, Nisrada, Bolidə, Bursada və Mirzəvanda elə bir dəhşətli zəlzələ baş verdi ki, yer çatlayıb cadar-cadar oldu”. “1668. 21 dekabr. Əylisin müqəddəs Foma monastrının baş keşişi arximandrit Petros monastırın dörd bir yanına uca hasar çəkdirir. Qüllə və günbəzlərin tikintisində gəcdən, çay daşından və bişmiş kərpicdən istfadə olunur. Kürdüstandan” – Türkiyədəki Van, Bitlis, Diyarbəkir vilayətlərinin ərazisinə o vaxt Kürdüstan deyilirmiş – “ustalar gəlib. İçəridəki divarlara daş üzlük vurulur. Monastıra su çəkilir. Allah cəmi işləyənlərin qoluna qüvvət versin”.
İndi doktor Abasəliyev daha heç xəstənin üzünə də baxmadan yazılı vərəqləri bir-birinin dalınca portfelindən çıxarıb, qəribə bir həvəslə sanki öz-özünə oxuyurdu.
Münəvvər xanım bu işin çox çəkəcəyini görüb, araya söz qatmağa çalışdı:
– Axı, doktor, hər yerdə yazırlar ki, o kilsələr erməni kilsəsi deyil, alban kilsəsidi. Deyirlər, ermənilər o kilsələri sonradan öz adlarına çıxıb. Elə o Zəkəriyyə də, nə bilirsiz, bəlkə heç erməni olmayıb, alban olub.
Doktor Abasəliyev başını qaldırıb Münəvvər xanımınn üzünə baxmağa da sanki vaxt sərf eləmək istəmədi. Gözlərini əlində tutduğu kağızdan ayırmadan:
–Çox biməzmun söz danışırsan, bacı! – dedi.– Əgər birisi özü özünə erməni deyirsə, mən gedib ona necə deyim ki, yox, sən erməni deyilsən. Albansan, ləzgisən, talışsan, moltanısan. Doğrudur, Əylis ermənilərinə zoq deyənlər də var. Bunların dilləri də Yerevan ermənilərinin dilindən bir az fərqli dildi. Elə yazılarında da xeyli fərq var. Ona qalsa, Bizim Ordubadın müsəlman əhalisinin də hər kənddə bir dili var. Şəkilini bakılıynan qarışdırammarsan. Dilində, xasiyyətində, adətində nə qədər desən fərq var. Erməni də belə. O albanlar kim olub, harda yaşayıb – deyəmmərəm. Amma bilirəm ki, Əylisdəkilər erməni olub. Özü də erməninin lap xalisindən.
Doktor Fərzani də fürsətdən istifadə edib, söhbətə qarışmağı lazım bildi.
Yarıciddi, yarızarafat:
– Bizim bu müsəlman dünyası, görəsən, erməniynən niyə yola getmir, ay Zülfü? – dedi. – Bəlkə, bunu elə Allahın özü belə məsləhət bilib.
Bu dəfə doktor Abasəliyev əlindəki vərəqi kənara qoyub tərs-tərs Fərzaninin üzünə baxdı.
– Bisavad-bisavad danışma, – dedi. – Sən guya bilmirsən ki, niyə biz hələ də özümüzə “qılınc müsəlmanı” deyirik. Çünki biz qılınc zoruna müsəlman olmuşuq. Dünyanın indiki müsəlman əhalisinin 99 % bir vaxt xəlifətin qılıncından keçib. Elə o Naxçıvanın özündə – hələ 7-ci əsrin əvəllərindən başlayaraq, – ərəblər 100 minlərlə dinc adamın qanın axıdıb. Ərab istilasından sonra- mongol-tatar işğalı. Səlcuklar, oğuzlar nə bilim nələr… O gəlir, qırır gedir, bu gəlir, qırır gedir. Elə tək xəlifət ordusunun məhv etdiyi insanların hər birinə bircə şam yandırıb qoysaydılar, o şamların işığı, Fərid, göydəki ayın işığından inan ki, gür olardı. İranın ən rəhmdil padişaxı güya birinci Şah Abbas olub. Ancaq onun elə tək o Əylisin başına gətirdiyi müsibətlər hələ heç bir dəftər-kitaba yazılmayıb. “Allahi Əkbər” sözu dilindən düşməyən bu şeytan törəməsi hər gür murdar əmələ qol qoyub. Hələ qız-gəlin bir yana dursun, ağzından süd iyi gələn oğlan uşaqlarını da kəndlərdən, şəhərlərdən seçdirib, yığıdırıb, aparıb İsfahanda, Ərdəbildə hərəmxanalara doldurub. Erməni hər şeyə dözməyə razı olub, bircə dinini dəyişməyə heç vaxt razı olmayıb. Erməni Məhəmməd ümməti olmağı özü üçün fəlakət hesab edib. Bu millət hər şeydən bezib, ancaq öz kilsəsini tikməkdən, kitabını yazmaqdan, üzünü göyə tutub, Allahını çağırmaqdan heç vaxt bezməyib. Başqa yerin ermənisin deyəmmərəm, Fərid. Ancaq bizim o Əylis erməniləri Allahın adına layiq insanlar olub.
– Torpaqdan əli üzüləndə insan bəs neynəsin, deyirsən? Onun da əlacı göyə baxmağa qalır da! – Doktor Fərzani bığaltı gülümsəyə-gülümsəyə dedi.
Doktor Abasəliyev kağızların arasından təzə vərəq çıxardı: – “1651-ci il. 7 oktyabr. Təbriz. Qardaşım Simonla Təbrizə gəldik. Təbriz xanı Əliqulu xan Simona Məhəmməd dinini qəbul etdirmək istəyirdi. Bizi bu böyük bəladan Allah özü hifz elədi”.
Xəstəyə dərman verməyin vaxtına hələ yarım saat qalırdı.
Ancaq atasının o gündəliyi səhifə-səhifə oxumağa təzədən girişdiyini görən Azadə xanım ərinə dərman vermək bəhanəsilə çarpayıya yaxınlaşıb, xəstəni azad buraxmağın vaxtı çatdığını yenə qaş-gözlə atasına başa salmağa çalışdı. Lakin doktor Abasəliyev qızının narahatlığına bu dəfə də heç bir əhəmiyyət vermədi. Portfelindən indi də ayrı bir vərəq çıxardıb, əlində yelləyə-yelləyə:
– Burda belə bir şey də var, növcavan, – dedi. – Zəkəriyyə Əylisli 1676-cı ilin noyabr ayının 10-da öz gündəliyndə yazır: “Mən Zakari müqəddəs Hovanes kilsəsinin həyətində bir saz, qollu-budaqlı çinar əkdim”. Mən bilən, o Daş Kilsə tərəfdə axı çinar ağacı olmayıb. Sən bilərsən bəlkə olub, mənim yadımdan çıxıb?
Gözləri elə bu andaca birdən-birə xeyli böyüyən Saday Sadıqlı dodağı əsə-əsə:
–Çeşməsədin! Eçma… eçmazza! – dedi. Döyülüb xəstəxanaya düşdüyü vaxtdan bəri bu onun dilindən çıxan yeganə sözəbənzər bir şey idi. Və bu sözəbənzər səs düzümünün məhz “Eçmiədzin” demək olduğunu yalnız Azadə xanım anlaya bildi. Anlayıb, özünü saxlaya bilmədi. Azadə xanım fəryad dolu bir səslə hönkürüb ağlamağa başladı:
– Papa! Papa!.. – Azadə xanım hönkürə-hönkürə deyirdi. – Bu hələ danışa bilmir, papa!.. Heç adam-zad da tanımır. Sən də bayaqdan elə deyirsən, deyirsən, sözünə bir dəqiqə ara vermək istəmirsən.
Doktor Abasəliyevin rəngi ağappaq ağardı.
Yuxudan təzəcə oyanıb, harada olduğunu anlamaq istəyən adam kimi əvvəl xəstənin, sonra isə növbə ilə Fərzaninin, Münəvvər xanımın və gözlərinin yaşını yığıb-yığışdıra bilməyən yeganə qız balasının üzünə baxdı.