Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.
Kitabı oku: «QRAF MONTE-KRİSTO», sayfa 19
VII. HƏBSXANA SİYAHILARI
Belqardla Boker arasındakı yolda şahidi olduğumuz söhbətin səhərisi, otuz yaşlarında, açıq-göy rəngli frakda, nankadan tikilmiş şalvarda, ağ jiletdə, duruşu və şivəsi ilə xalis ingilis qamətli bir adam Marsel merinin yanına gəldi.
O dedi:
– Hörmətli cənab, mən Roma bank evi Tomson və Frençin böyük agentiyəm; biz artıq on ildir, “Morrel və Oğlu” Marsel ticarət evi ilə əlaqədəyik. Bizim bu firma ilə yüz min franklıq bir dövriyyəmiz var, budur, onu iflas təhlükəsi gözlədiyi xəbərini eşidib narahat olmuşuq. Buna görə də mən, xüsusi olaraq Romadan bu ticarət evi haqda məlumat almaq üçün bura gəlmişəm.
Mer dedi:
– Hörmətli cənab, mən doğrudan da son illər cənab Morreli sanki uğursuzluqların təqib etdiyini bilirəm, o, bir-birinin ardınca dörd, ya beş gəmisini itirib, bir neçə iflasdan zərərə düşüb. Mənim özümə on min frank borclu olsa da, onun maliyyə vəziyyəti haqqında hər hansı bir məlumat verməyi mümkünsüz hesab edirəm. Məndən bir mer kimi, cənab Morrel haqda fikrimi soruşsanız, cavabında cənab Morrelin, bu günədək mənim öhdəliklərimi yüksək dəqiqliklə yerinə yetirən, yüksək ciddiliyə malik, namuslu bir adam olduğunu deyərdim. Onun haqqında sizə yalnız bunları deyə bilərəm. Bu sizi qane etmirsə, həbsxanalar müfəttişi cənab de Bovilə müraciət edin, Noayl küçəsi, əlli nömrəli ev. O, bu firmaya, səhv etmirəmsə, iki yüz min frank pul qoyub, doğrudan da hansısa bir təhlükə vardırsa, bu məbləğ mənimkindən artıq olduğundan, ondan bu haqda daha ətraflı məlumat ala bilərsiniz.
İngilis, görünür, merin bu nəzakətini dəyərləndirdi, baş əyib çıxdı və əsl britaniyalı yerişi ilə göstərilən ünvana yollandı.
Cənab de Bovil öz kabinetində oturmuşdu. İngilis, onu görüb təəccübləndirici bir hərəkət etdi, sanki müfəttişi ilk dəfə görmürdü. Lakin cənab de Bovil elə bir ümidsiz vəziyyətdə idi ki, onun bütün şüuru və qabiliyyəti yeganə bir fikir üzərində cəmləşərək nə onun yaddaşı, nə də təsəvvürü keçmişə nəzər salmağa imkan verirdi. İngilis, xalqına xas olan soyuqqanlılıqla, Marsel merinə verdiyi sualı, sözbəsöz ona da verdi.
Cənab de Bovil, ucadan dedi:
– Ah, cənab! Bədbəxtlikdən sizin narahatlığınız tamamilə əsaslıdır, qarşınızda buna görə ümidsizliyə qapılmış adamı görürsünüz. Mənim iki yüz min frankım cənab Morrelin dövriyyəsində idi; bu iki yüz min iki həftədən sonra ərə verməyə hazırlaşdığım qızımın cehiz pulu idi. Bu iki yüz mini mənə iki dəfəyə ödəməli idi: bu ayın və o biri ayın on beşində. Cənab Morreli xəbərdar etmişdim ki, bu pulları təyin olunan vaxtda mütləq almalıyam, təsəvvür edin, yarım saat bundan əvvəl o mənim yanıma gəlib onun “Faraon” gəmisi ayın on beşinə gəlib çıxmasa, bu pulları mənə ödəmək imkanı olmayacağını xəbər verdi.
İngilis dedi:
– Bu ödənişin tamamilə uzadılmasına oxşayır.
Cənab de Bovil başını tutaraq ucadan dedi:
– Yaxşısı budur bunun iflasa oxşadığını deyin!
İngilis fikirləşib sonra dedi:
– Deməli, bu borc öhdəlikləri sizdə bəzi təhlükələr yaradır?
– Onları sadəcə ümidsiz hesab edirəm.
– Mən onları sizdən satın alıram.
– Siz?
– Bəli, mən.
– Lakin yəqin, böyük güzəştlə?
– Xeyr, iki yüz min franka, – ingilis gülərək davam etdi, – bizim ticarət evimiz bu kimi sövdələşmələrlə məşğul olmur.
– Siz mənə…
– Nağdı pulla.
İngilis cibindən bir dəstə əsginas, görünür, cənab de Bovilin itirməkdən qorxduğundan iki dəfə artıq bir məbləğ çıxartdı. Sevinc cənab de Bovilin sifətini işıqlandırdı; lakin özünü ələ alıb dedi:
– Hörmətli cənab, mən sizi xəbərdar etməliyəm, çox güman, bu məbləğin heç altı faizini də ala bilməyəcəksiniz.
İngilis cavab verərək dedi:
– Bunun mənə aidiyyəti yoxdur, bu adından işlədiyim Tomson və Frenç bankir evinin işidir. Ola bilsin, rəqabət apardığı firmanın dağılmasını sürətləndirmək onun maraq dairəsindədir. Necə olmasından asılı olmayaraq, mən bu pulu sizin nəqledici əlavənizlə sayıb verməyə hazıram; lakin sizdən dəllal haqqı almaq istərdim.
Cənab de Bovil, ucadan dedi:
– Bəli, əlbəttə! Dəllal haqqı adətən, bir tam onda beş faiz təşkil edir; istəyirsiniz iki edək? Üç? Beş? Artıq istəyirsiniz? Deyin!
İngilis gülərək etiraz etdi:
– Hörmətli cənab, mən firmam kimi çalışıram; bu kimi işlərlə məşğul olmuram; tamamilə başqa sayaq dəllal haqqı almaq istərdim.
– Söyləyin, sizi dinləyirəm.
– Siz həbsxanalar müfəttişisiniz?
– Artıq on beş ildir.
– Sizdə həbsxanaların qeydiyyatı aparılır?
– Əlbəttə.
– Yəqin bu siyahılarda dustaqlara aid qeydiyyatlar da vardır?
– Hər bir məhbus haqda xüsusi qovluq var.
– Belə ki, hörmətli cənab, Romada mənim qəfildən yoxa çıxmış bir tərbiyəçim var idi. Sonralar onun İf qalasında saxlanıldığını öyrəndim, onun haqqında bəzi məlumatlar almaq istərdim.
– Onun adı nə idi?
– Rahib Faria.
Cənab de Bovil ucadan dedi:
– Ey, əla xatırlayıram, o, dəli idi.
– Bəli, mən də belə eşitmişdim.
– O, şübhəsiz dəli idi.
– Ola bilər; bəs onun dəliliyi nədən ibarət idi?
– Hansısa bir xəzinənin, saysız-hesabsız sərvət olan yeri bildiyini deyib dövlətə azadlığı üçün böyük məbləğlər təklif edirdi.
– Bədbəxt! Öldü?
– Bəli, yarım il bundan əvvəl, fevralda.
– Sizin əla yaddaşınız var.
– Mən bunu ona görə xatırlayıram ki, rahibin ölümü çox qəribə hadisələrlə müşahidə olunurdu.
İngilis, düşüncəli müşayiətçinin təəccüblə şövqsüz sifətində sezə biləcəyi maraq dolu ifadəni görüb soruşdu:
– Mən hansı hadisələr olduğunu öyrənə bilərəmmi?
– Buyurun; rahibin kamerasından əlli fut aralıda, başqa bir kamerada 1815-ci ildə, qəsbkarın qayıdışına köməklik göstərən Bonapart müvəkkili, qətiyyətli və hədsiz dərəcədə təhlükəli bir adam yatırdı.
İngilis soruşdu:
– Doğrudan?
Cənab de Bovil cavab verdi:
– Bəli, mən 1816, yaxud 1817-ci ildə təsadüf nəticəsində bu adamı şəxsən görmüşdüm; onun kamerasına bir vzvod əsgər olmadan enmirdilər; bu adam mənə çox güclü təsir bağışlamışdı; onun sifətini heç zaman unutmaram.
İngilisin dodaqlarından təbəssüm keçdi.
– Bəs siz bu iki kameranın…
– Bir-biri ilə əlli fut məsafədə yerləşirdi. Lakin görünür, bu Edmon Dantes…
– Bu təhlükəli adamın adı…
– Edmon Dantes. Bəli, cənab, görünür, bu Edmon Dantes, alətlər əldə etmiş, ya da onları özü düzəltmişdi, çünki orada məhbusların bir-biri ilə əlaqə saxlamağına kömək edən keçid müəyyən edilmişdi.
– Görünür, bu keçid qaçmaq üçün qazılıb.
– Ola bilsin; lakin onların bədbəxtliyindən rahib Faria kataleptik ürək keçməsindən ölmüşdü.
– Başa düşürəm; bu da qaçışı imkansız edib.
Cənab de Bovil cavab verərək dedi:
– Ölü üçün bəli, lakin diri üçün, yox. Əksinə, Dantes bundan qaçışını tezləşdirmək üçün məharətlə istifadə etmişdi. Görünür o, İf qalasında ölənlərin adi qəbiristanda basdırıldığını düşünürmüş; beləliklə cənazəni öz kamerasına keçirib onun yerinə çuvala girmiş və basdırılmasını gözləyirmiş.
İngilis xüsusi vurğuyla qeyd etdi:
– Bu müəyyən dərəcədə igidliyi sübut edən əməliyyatdır.
– Artıq dediyim kimi, o, çox təhlükəli bir adam idi; xoşbəxtlikdən, dövləti narahatlıqdan öz hesabına qurtarmışdı.
– Hansı yolla?
– Məgər başa düşmürsünüz?
– Xeyr.
– İf qalasında qəbiristan yoxdur; ölənlərin ayağına sadəcə otuz altı funtluq mərmi bağlayıb dənizə atırlar.
İngilis mənasız bir sifət aldı:
– Nə olsun?
– Bax, onun da ayaqlarına otuz altı funtluq mərmi bağlayıb dənizə atmışdılar.
İngilis ucadan dedi:
– Nə danışırsınız!
Müfəttiş davam etdi:
– Bəli, cənab. Qaçağın onu qayadan atdıqlarını hiss etdikdə necə təəccübləndiyini təsəvvür edirsinizmi? Həmin anda onun üzünü görmək istərdim.
– Bu çox çətin olardı.
– Dəxli yoxdur, – iki yüz min frankının geri qaytarılmasından arxayınlaşan cənab de Bovil, yaxşı əhval-ruhiyyə ilə dedi, – heç nədən asılı olmayaraq, onu təsəvvür edirəm! – Sonra ucadan qəhqəhə çəkdi.
İngilis dedi:
– Mən də həmçinin.
O, ingilissayağı dodaqlarının ucunda gülməyə başladı. Beləliklə, ilk növbədə soyuqqanlığını ələ alan ingilis davam edərək dedi:
– Beləliklə, qaçaq suyun dibinə getdi.
– Başdaşı kimi.
– İf qalasının komendantı isə bir dəfədə həm dəlidən, həm də qudurmuşdan yaxasını qurtardı, eləmi?
– Elədir ki, var.
İngilis soruşdu:
– Çox güman, bu əhvalat haqda akt tərtib olunub?
– Bəli, bəli, ölüm haqqında şəhadətnamə. Başa düşürsünüz, Dantesin qohumları varsa, onun ölü, yaxud diri olması ilə maraqlana bilərlər.
– Deməli, indi onlar, miras gözləyirdilərsə, arxayın ola bilərlər. O, birdəfəlik ölüdür.
– Hələ bu harasıdır! Onlara istədikləri vaxt şəhadətnamə də verəcəklər.
İngilis dedi:
– Tanrının ona rəhmi gəlsin, lakin gəlin siyahılar haqda söhbətimizə qayıdaq.
– Üzr istəyirəm, doğru deyirsiniz. Söhbətim sizin fikrinizi yayındırdı.
– Nəyə görə? Söhbətə görə? Bağışlayın, bu mənə çox maraqlı gəldi.
– Doğrudan da maraqlıdır. Beləliklə, siz bədbəxt rahibə aid nə varsa görmək arzusundasınız; o, mülayimliyin özü idi.
– Siz mənim xətrimə dəyirsiniz.
– Keçək mənim kontoruma, orada hər şeyi göstərərəm.
Onlar de Bovilin kontoruna yollandılar.
Müfəttiş doğru demişdi: hər şey nümunəvi səliqə-sahman içərisində idi; hər siyahının öz nömrəsi var idi və hər bir şəxsi iş öz yerində dururdu. Müfəttiş, ingilisi öz kreslosuna oturdub, İf qalasına aid qovluğu nəzərdən keçirməsi üçün ona verərək, özü küncdə oturub qəzet oxumaqla məşğul oldu.
İngilis asanlıqla rahib Fariaya aid sənədləri axtarıb tapdı; lakin, görünür, de Bovilin danışdığı əhvalat onu çox maraqlandırmışdı; çünki Edmon Dantesin sənədlərinə çatanadək bu sənədlərə tez göz gəzdirərək, vərəqləməyə davam edirdi. Burada hər şeyi yerli-yerində gördü: məlumat, dindirmənin protokolu, Morrelin de Vilforun üzərinə qoyduğu dərkənarla bağışlanma məktubu. O, gizlicə məlumatı bükərək cibinə qoydu, dindirmə protokolunu oxudu və Nuartyye adının orada qəti göstərilmədiyini gördü, Morrelin 10 aprel 1815-ci il tarixdə, kral prokuror köməkçisinin məsləhəti ilə, ən xoş niyyətlə, Dantesin Vilforun imzası ilə imperiyaya göstərdiyi xidmətləri qabardaraq – çünki bu zaman Napoleon taxtda idi – yazdığı bağışlanma məktubuna göz gəzdirdi. Bu zaman hər şeyi başa düşdü. Napoleonun adına yazılmış və Vilfor tərəfindən qorunub saxlanan bu bağışlanma məktubu, ikinci bərpa dövründə kral prokuroru əlində mühüm bir silaha çevrilmişdi. Buna görə də o, siyahıda aşağıdakı qeydiyyatı gördükdə heç də təəccüblənmədi:
EDMON DANTES
Qatı bonapartistdir; qəsbkarın
Elba adasından qayıtmasında
əməli fəaliyyət göstərmişdir.
Məxfiliyi qorunmalı, ciddi
nəzarət altında saxlanmalıdır.
Bu sətirlər altında başqa xətlə əlavə olunmuşdu:
“Heç nə etmək mümkün deyil”.
Morrelin bağışlanma məktubu üzərindəki qeydiyyat aparılan xətlə, əlavə yazılan xətti müqayisə edərək, hər iki xəttin eyni əllə, yəni Vilforun əli ilə yazıldığına əmin oldu.
Qeydiyyatın yanına edilmiş əlavəyə gəldikdə isə ingilis onun Dantesin işində ötəri iştirak edən müfəttiş tərəfindən yazıldığını, lakin qeyd olunan əlavəyə görə bu işdə özünü göstərmək imkanından məhrum olduğunu başa düşdü.
Qeyd etdiyimiz kimi, cənab de Bovil nəzakət naminə və rahib Farianın şagirdinə axtarışlarında mane olmamaq üçün küncdə oturub “Ağ bayraq” oxuyurdu.
Buna görə də o, ingilisin Danqlar tərəfindən “Rezerv” köşkündə yazdığı, Marsel poçtunun ştampı ilə 27 fevral, axşam saat altıda qutudan çıxarılmasını təsdiq edilən məlumatını cibinə qoymasını görmədi.
Bununla belə, o bunu görsəydi də elə bir əhəmiyyət verməzdi, çünki bu davranışı hər nə qədər qanun pozuntusu hesab olunsa da, kağız parçası onun üçün iki yüz min frankının yanında ingilisə mane olacaq qədər bir əhəmiyyət kəsb etmirdi. İngilis, qovluğu bərk çırpıb örtərək dedi:
– Təşəkkür edirəm. Mən özümə lazım olanların hamısını tapdım. İndi mənim vədimi yerinə yetirmək növbəmdir, sadəcə bir köçürmə yazıb orada məbləğin tamamını aldığınızı qeyd edin, buradaca pulu sayıb sizə verirəm.
O, masa arxasındakı yerini de Bovilə verdi, o isə çinovnik intizamını gözləmədən, oturub tələsik halda lazım olan qeydi yazdı, bu arada ingilis, masanın kənarında kredit çeklərini sayıb çıxıb getdi.
VIII. MORREL TİCARƏT EVİ
Morrel ticarət evini tanıyanlardan biri bir neçə illiyinə Marseldən gedib, təsvir etdiyimiz vaxt geri dönsəydi, böyük dəyişikliklərin şahidi olardı.
Ticarət evinin saçdığı səadət, canlanma, razılıq və xoşbəxtlik yerinə, pəncərələr pərdəsi arxasından ani görsənən şən üzlər, lələyi qulağının arxasına qoyub, dəhlizdə qaçışan qayğıkeş kontor işçilərini görərdi; hər cürə taylarla doldurulmuş və yük daşıyanların səs-küyü və qəhqəhələrlə dolu həyətin yerinə isə adamsızlıq və başlı-başına buraxılmış mühitin şahidi olardı. Bir vaxtlar kontoru dolduran qulluqçular yerinə, boş dəhlizlərdə və boşalmış həyətdə yalnız iki nəfəri: iyirmi üç yaşlı, cənab Morrelin qızına aşiq olmuş və valideynlərinin təkidinə baxmayaraq, firmanı tərk etməyən Emmanuel Erbo adlı gənci və Kokles26 adlandırılmış, bir gözü çəp xəzinədarın keçmiş köməkçisini; bu ləqəbi ona bir vaxtlar nəhəng, səsli-küylü dolu arı pətəyini xatırladan, indi isə demək olar, boş, adam yaşamayan yerin sakinləri, gənclər vermişdilər, bu ad onun əsl adını elə əvəz etmişdi ki, kimsə onu öz adı ilə çağırsaydı, heç dönüb geriyə də baxmazdı.
Kokles cənab Morrelin yanında işinə davam edirdi, bu namuslu, inadcıl oğlanın mövqeyində özünə məxsus dəyişiklik baş vermişdi; o, xəzinədar vəzifəsinə yüksəlməklə yanaşı, paralel olaraq xidmətçi vəzifəsinə qədər də enmişdi.
Lakin hər şeyə rəğmən eyni – mədəni, xeyirxah, sədaqətli insan olaraq qalmışdı, hesablamalarla bağlı qərarlı, hətta cənab Morrelin belə qarşısına çıxıb etiraz edə biləcəyi yeganə məsələ nə qədər o yan-bu yana çəksələr, ortadan qaldırmağa çalışsalar da əzbərdən bildiyi vurma cədvəlinə inanması ilə bağlıydı.
Morrellər ailəsinin ümidsizliyə qərq olmasına baxmayaraq, Kokles təmkinini qoruyub saxlamışdı. Lakin bu təmkinin sədaqətsizlikdən irəli gəldiyini düşünmək olmaz, əksinə, bu böyük inamın nəticəsi idi. Qazandıqları bütün firavanlığa görə armator firmasına borclu olan qulluqçu və kontor işçiləri gəmini lövbər qaldırmadan tərk edən siçovul dəstəsi kimi tədricən kontoru və anbarları tərk etmişdilər; lakin Kokles kütləvi tərketməni görsə də, bunu yaradan səbəb haqda heç düşünmürdü də; onun üçün hər şey rəqəmlərə bağlı idi, Morrel ticarət evində iyirmi illik qulluq zamanı ödənişlərin dəyişilməz dəqiqliklə aparıldığına adət etmişdi, ona görə də dəyirmançı dəyirmanını hərəkətə gətirən böyük bir çayın nə vaxtsa qəfildən quruya biləcəyini təsəvvür etmədiyi kimi bunun bir sonu olacağı və ödənişlərin saxlanılacağını ağlına da gətirmirdi. Doğrudan da bu günə qədər heç nə Koklesdə tərəddüd yaratmırdı. Sonuncu aylıq ödəniş qüsursuz, dəqiqliklə yerinə yetirilmişdi. Kokles cənab Morrelin öz zərərinə yetmiş santim səhv etdiyini aşkarlayıb və elə həmin gün artıq ödənilmiş on dörd suyu onun özünə geri verdi. Cənab Morrel qəmli gülüşlə onları götürüb xəzinənin demək olar, boş qutusuna qoydu.
– Yaxşı, Kokles; siz dünyanın ən düzgün xəzinədarısınız.
Kokles təsəvvür edilməz dərəcədə razı halda işinin ardınca yollandı, çünki Marselin ən şərəfli adamı olan cənab Morrelin tərifi onun üçün əlli ekyu mükafatdan daha sevindirici idi.
Lakin, belə uğurlu sonuncu ödənişdən sonra cənab Morrelin ağır günləri başladı; borc verənlərin haqq-hesablarını kəsmək üçün bütün vəsaitlərini topladı, Marseldə onun iflasa düşməsi haqda şayiələr yayılmasın deyə, şəxsən özü Boker yarmarkasına gedib, orada arvadına və qızına məxsus olan bəzi zinət əşyalarını və özünə aid mətbəx gümüşünün bir hissəsini satdı. Bu qurban verilmiş əşyalar hesabına, bu dəfəlik hər şey Morrel ticarət evi üçün uğurlu bitdi; lakin xəzinə tamamilə boşaldı. Şayiə ilə ürküdülmüş kredit bazarı ondan özünün adi xudbinliyi ilə üz döndərmişdi; cənab Bovilə bu ayın on beşində və gələn ayın on beşində hər dəfə yüz min olmaqla iki yüz min ödəmək üçün cənab Morrel təkcə “Faraon”un qayıdışına ümid edə bilərdi, bu gəminin dənizə çıxması haqqında məlumatı onunla eyni vaxtda yola çıxmış və artıq uğurla Marsel limanında lövbər salmış gəmi xəbər vermişdi.
Lakin “Faraon” kimi, Kəlküttədən çıxan bu gəmi artıq iki həftə bundan əvvəl gəlib çıxsa da, “Faraon”dan hələ də heç bir xəbər yox idi.
Tomson və Frenç Roma bank evinin müvəkkili cənab de Bovillə görüşünün ertəsi günü Morrelin yanına gəldikdə vəziyyət bu yerdə idi.
Onu Emmanuel qəbul etdi. Hər yeni gələn ziyarətçi bu gənci qorxudurdu, çünki o, şayiələrdən narahat olmuş və firmanın başçısının yanına vəziyyəti öyrənmək üçün gələn kreditor da ola bilərdi, bu vasitə ilə müdirini xoşagəlməz söhbətdən qurtarmaq istəyirdi; ziyarətçini sorğu-suala tutmağa başladı; lakin gələn adam cənab Emmanuelə deyəcək heç nəyi olmayıb şəxsən cənab Morrellə danışmaq istədiyini bildirdi.
Emmanuel dərindən nəfəs alaraq Koklesi çağırdı. Kokles gəldi, gənc ona yad adamı cənab Morrelin yanına aparmağı tapşırdı.
Kokles irəli düşdü; yad adam onun ardınca getdi. Pilləkəndə narahat halda yad adama nəzər yetirən on altı-on yeddi yaşlarında gənc, gözəl bir qızla rastlaşdılar. Kokles qızın üzünün bu ifadəsini görmədi, lakin, görünür bu yad adamın nəzərindən qaçmamışdı.
Xəzinədar soruşdu:
– Xanım Culi, cənab Morrel öz kabinetindədirmi?
Gənc qız tərəddüdlə cavab verdi:
– Bəli, yəqin ordadır. Kokles, ora baxın və atam oradadırsa, ziyarətçi haqda xəbər verin.
İngilis dedi:
– Mənim haqqımda məruzə etmək mənasızdır. Cənab Morrel məni tanımır; atanızın ticarət evinin əlaqədə olduğu Tomson və Frenç firmasının böyük müvəkkili olduğumu demək kifayət edər.
Gənc qızın rəngi qaçdı, pilləkənlə enməyə başladı, Kokleslə yad adam isə yuxarı qalxdılar.
Culi Emmanuelin məşğul olduğu kontora girdi; Kokles isə onun sahibkarın yanına azad daxil olmasının göstəricisi olan, açarın köməyi ilə üçüncü mərtəbənin meydançasının küncündəki qapını açıb yad adamı gözləmə otağına buraxdı, sonra digər qapını açaraq bir dəqiqəliyinə Tomson və Frenç firmasının nümayəndəsini yalnız qoyub qapını arxasınca örtdü, yenidən qayıdaraq ona içəri girə biləcəyini işarə etdi.
İngilis daxil oldu; cənab Morrel həyəcandan ağarmış halda yazı masası arxasında oturmuşdu, dəhşətlə vəsaitin borcdan azaldığını göstərən sütunlara baxırdı.
Cənab Morrel yad adamı görcək hesab dəftərini örtüb ayağa qalxdı, ona oturacaq verdi; yad adam oturduqdan sonra o da öz kreslosuna əyləşdi.
Bu on dörd il ərzində hörmətli böyük tacir çox dəyişmişdi; söhbətimizin əvvəlində onun otuz altı yaşı var idi, indi isə əlli yaşına yaxınlaşırdı. Saçları ağarmışdı; qayğılar onun alnını qırış-qırış etmişdi; əvvəlki sərt və inamlı baxışları indi sönük və inamsız hal almışdı, sanki hansısa bir fikir üzərində dayanmağa və ya kiminsə üzünə baxmaqdan çəkinirdi.
İngilis açıq-aşkar dərdinə şərik olaraq, maraqla ona baxırdı.
Bu dikilmiş baxışdan daha da təşvişlənən cənab Morrel dedi:
– Mərhəmətli cənab, mənimlə danışmaq istəmisiniz?
– Bəli, cənab. Kimin adından təşrif buyurduğum sizə məlumdur?
– Tomson və Frenç bankir evi adından; hər halda xəzinədarım mənə belə dedi.
– Tamamilə doğrudur. Tomson və Frenç bankir evi yaxın iki ay ərzində Fransada üç yüzdən dörd yüz min frankadək ödəmə etməlidir; sizin ödəmələrdə ciddi dəqiqliyinizi bilərək imzanızla olan bütün öhdəlikləri toplayaraq mənə bu öhdəliklərin müddətləri çatdıqca onların əsasında sizdə olan ödəmələri alıb istifadə etmək göstərişi veriblər.
Morrel dərindən nəfəs alaraq, əlini nəmlənmiş alnına çəkdi.
– Deməli, sizdə mənim imzamla borc sənədləri var?
– Bəli, özü də kifayət qədər böyük məbləğdə.
Morrel sakit səslə danışmağa çalışaraq soruşdu:
– Məhz hansı məbləğdə?
İngilis cibindən bir büküm kağız çıxararaq dedi:
– Budur, ilk növbədə, türmələr müvəkkili cənab Bovilin, sizin firmanıza iki yüz min franklıq təslimat aktı. Siz cənab de Bovilə bu borcun olduğunu qəbul edirsinizmi?
– Bəli, o beş il bundan əvvəl bu məbləği dörd tam onda beş faizlə məndə yatırmışdı.
– Siz də bu məbləği ona qaytarmalısınız…
– Yarısını bu ayın on beşinə, digərini gələn ayın on beşinə.
– Tamamilə doğrudur. Sonra bu ayın sonunda bitəcək olan daha otuz iki min beş yüz franklıq veksellər. Onlar sizin tərəfinizdən imzalanıb və təqdimatçılar vasitəsi ilə bizə verilib.
Morrel ola bilsin, həyatında ilk dəfə öhdəliklərini yerinə yetirə bilməyəcəyi düşüncəsi ilə qızararaq dedi:
– Mən onları qəbul edirəm. Vəssalam?
– Xeyr, cənab: məndə Paskal ticarət evi, Uayld və Terner ticarət evləri tərəfindən bizə verilmiş, vaxtı gələn ayın sonlarında bitəcək olan daha əlli beş min frank dəyərində veksellər var; cəmisi iki yüz səksən yeddi min beş yüz frank dəyərində.
Zavallı Morrel bu sadalama ərzində cəhənnəm əzabı çəkirdi, mexaniki surətdə təkrar etdi:
– İki yüz səksən yeddi min frank.
İngilis cavab verdi:
– Bəli, cənab. – Bir qədər susduqdan sonra davam etdi, – lakin, cənab Morrel, sizdən gizlətmirəm ki, indiyədək heç bir məzəmmətə məruz qalmayan etibarlığınıza baxmayaraq, Marseldə müflisləşəcəyiniz barədə şayiələr gəzir.
Belə kobud bəyanatdan sonra Morrelin rəngi tamamilə qaçdı.
– Hörmətli cənab, bu günə qədər, iyirmi ildən artıq müddətdir atam otuz beş il başçılıq etdiyi bu firmanı mənə təhvil verib, bu vaxtadək “Morrel və Oğlu” imzası ilə mənim xəzinəmə təqdim edilən bir istiqraz kağızı belə ödənilməmiş qalmayıb.
İngilis cavab verdi:
– Bəli, bunu bilirəm, lakin gəlin namuslu adamlar kimi açıq danışaq. Siz bu ödənişləri eyni dəqiqliklə ödəyə biləcəksinizmi?
Morrel diksindi, lakin qətiyyətlə həmsöhbətinin üzünə baxdı.
– Belə aydın suala aydın da cavab vermək lazımdır. Bəli, cənab, əmin olduğum kimi, gəmim sağ-salamat gəlib çıxarsa, düçar olduğum bəlalara görə məni məhvə aparan borclarım geri qaytarılacaq; lakin “Faraon”, mənim son ümidim qəzaya düşsə…
Bədbəxt armatorun gözləri doldu.
İngilis dedi:
– Beləliklə, bu son ümidiniz sizi aldatsa, necə olacaq?…
Morrel davam etdi:
– Bunu demək nə qədər çətin olsa da… lakin, bədbəxtliyə alışdığıma görə, utanmağa da alışmalıyam… çox güman ödənişləri kəsmək məcburiyyətində qalacağam.
– Məgər sizə kömək edə biləcək dostlarınız yoxdur?
Morrel qəmgin halda güldü:
– Cənab, iş aləmində dost olmur, siz bunu bilirsiniz; ancaq əməkdaşlar var.
İngilis pıçıldadı:
– Doğrudur. Beləliklə, sizin yalnız bir ümidiniz qalır?
– Yalnız bir.
– Sonuncu?
– Sonuncu.
– Birdən bu ümidiniz sizi aldatsa…
– Mən öldüm, birdəfəlik öldüm.
– Mən sizin yanınıza gələrkən, hansısa bir gəmi limana daxil olurdu.
– Bilirəm, cənab; bədbəxtliyimdə sadiq olan xidmətçilərdən biri, mənə xoş xəbəri birinci çatdırmaq üçün bütün gününü evinin üstündə, belvederdə keçirir. Gəminin gəlişindən məni xəbərdar etdi.
– Bu sizin gəminiz deyil?
– Xeyr, bu Bordodan gələn “Jironda” gəmisidir. O da Hindistandan gəlib; lakin mənim gəmim deyil.
– Ola bilsin “Faraonun” harada olduğunu bilir və sizə ondan bir xəbər gətirib?
– Sizə etiraf edim? Mən gəmim haqqında məlumat almaqdansa, xəbərim olmamağı üstün tuturam. Qeyri-müəyyənlik, necə olmasa ümiddir. – Cənab Morrel, bir az susduqdan sonra boğunuq səslə əlavə etdi. – Bu kimi yubanma başa düşülməzdir; “Faraon” Kəlküttədən beşi fevralda yola çıxıb; artıq bir ay əvvəl burada olmalı idi.
İngilis qulaq asaraq qəfildən dedi:
– Bu nədir, bu nə səs küydür belə?
Morrel meyit kimi, ağarmış halda ucadan dedi:
– Aman Rəbbim! Aman Rəbbim! Yenə nə olub?
Pilləkəndən doğrudan da güclü səs-küy gəlirdi; adamlar dala-qabağa qaçışırdılar; hətta kiminsə yanıqlı hıçqırtısı eşidildi. Morrel qapını açmaq üçün ayağa qalxdı, lakin o, taqətdən düşmüşdü, yenidən kresloya çökdü.
Onlar yenidən üz-üzə oturdular, Morrel bütün bədəni ilə əsir, yad adamın onun halına dərindən ürəyi yanırdı. Səs-küy kəsildi, lakin görünür Morrel nə isə gözləyirdi: bu səs-küyün öz səbəbi var idi.
Yad adama elə gəldi, kimsə sakit pilləkənlə qalxır, sonra meydançada bir neçə adam dayandı. Sonra birinci qapıya açar salınmasını və qapının həncama cırıltısını eşitdi.
Morrel pıçıldadı:
– Amma bu qapının ancaq iki nəfərdə, Kokles və Culidə açarı vardı.
Bu anda ikinci qapı da açıldı, astanada gözlərində yaş, ağarmış halda Culi göründü.
Morrel bütün bədəni əsə-əsə ayağa qalxdı və yıxılmamaq üçün kreslonun əlcəyinə söykəndi. O, danışmaq istəyir, lakin səsi gəlmirdi.
Culi yalvarıcı şəkildə, əlləri bükülmüş vəziyyətdə dedi:
– Ata, sizə bəd xəbərlər gətirən qızınızı bağışlayın!
Morrelin rəngi dəhşətli dərəcədə qaçdı; Culi onun qucağına atılıb qışqırdı:
– Ata! Cəsarətinizi itirməyin!
Morrel batmış səslə soruşdu:
– “Faraon” batıb?
Culi atasının sinəsinə söykənib heç nə demədi, lakin başını təsdiqedici şəkildə tərpətdi.
Morrel soruşdu:
– Bəs heyət?
Culi dedi:
– Xilas olunub, indicə limana daxil olan Bordo gəmisi tərəfindən.
Morrel izah olunmaz itaət və minnətdarlıq ifadəsi ilə əllərini səmaya qaldırdı.
– Sənə təşəkkür edirəm, rəbbim! Sən yalnız məni məhv etdin!
İngilis nə qədər soyuqqanlı olsa da, onun gözləri yaşardı.
Morrel dedi:
– Gəlin, gəlin; bilirəm, hamınız qapının arxasındasınız.
O bu sözləri deyər-deməz xanım Morrel hönkürərək içəri daxil oldu; onun ardınca Emmanuel içəri girdi. Girəcəyin dərinliyində əldən düşmüş cır-cındır içində yeddi-səkkiz dənizçinin sərt sifəti görünürdü. Bu adamları gördükdə ingilis diksindi. Sanki onlara yaxınlaşmaq istədi, lakin özünü saxladı və əksinə, kabinetin qaranlıq və uzaq küncünə çəkildi. Xanım Morrel kresloda əyləşib, ərinin əlini öz əllərinin içinə aldı, Culi isə əvvəlki kimi, başını atasının sinəsinə yaslayaraq, durmuşdu. Emmanuel otağın ortasında, sanki Morrel ailəsi ilə qapının ağzında toplaşan dənizçilər arasında bir həlqə kimi durmuşdu.
Morrel soruşdu:
– Bu necə baş verib?
Emmanuel dedi:
– Penelon, yaxınlaşın, danışın.
Tropik günəşi altında qapqara qaralmış yaşlı dənizçi əlində şlyapasının parçalarını oynadaraq yaxınlaşdı, sanki Marseli dünən tərk etmiş və Eks, yaxud Tulon gəzintisindən qayıtmış kimi dedi:
– Salam, cənab Morrel.
Sahibkar göz yaşları arasından qeyri-ixtiyari gülümsəyərək dedi:
– Salam, əzizim, bəs kapitan haradadır?
– Kapitana gəldikdə, cənab Morrel, xəstələnib Palmada qaldı; lakin, allahın köməkliyi ilə tezliklə sağalar, bir neçə gündən sonra bizim kimi, sapsağlam olar.
Cənab Morrel dedi:
– Yaxşı… Penelon, indi danışın.
Penelon saqqızı sağ tərəfindən sol tərəfinə keçirib ağzını əli ilə örtdü, bol-bol girəcəyə tüpürərək, ayağını irəliyə qoyub yırğalanaraq başladı:
– Bax belə, cənab Morrel, biz bir həftə Blanko burnu ilə Boyador burnu arasında hərəkətsiz durduqdan sonra, cənub-qərb küləyi altında irəliləyirdik; birdən kapitan Homar mənə yaxınlaşdı, (qeyd edim ki, mən sükan arxasında idim) və dedi: “Penelon dayı, üfüqdən qalxan o buludlar haqda nə düşünürsünüz?”
Mən də onlara baxırdım.
“Mən onlar haqqında nə düşünürəm? Fikrimcə, onlar lazım olduğundan bir az tez yüksəlir, müəmmalı fikirlərə düşməyin, fərqli olaraq həddindən artıq qaradır”.
Kapitan dedi: “Mən də o fikirdəyəm, hər ehtimala qarşı ehtiyat tədbirləri görürəm. Hazırda əsəcək belə bir küləyə qarşı həddindən artıq çox yelkənlə hərəkət edirik… Ey, Siz! Danq-dunq-bramseli27 və danq-dunq-kliveri28 endirin!”
Bu vaxtında edilmişdi: əmri yerinə yetirər-yetirməz, külək qopdu, gəmi əyilməyə başladı.
Kapitan dedi: “Yenə də yelkənlərin sayı artıqdır. Qrotu endirin!”
Beş dəqiqədən sonra qrot qitova alınmışdı, biz fok, marsel və bramsellər altında gedirdik.
Kapitan mənə dedi: “Siz niyə başınızı bulayırsınız, Penelon dayı?”
“Çünki, sizin yerinizdə olsam yelkənlərin bir qismini də yığışdırardım”.
O dedi: “Doğrusun desək, sən haqlısan, qoca, şiddətli külək gözlənilir”.
Mən kapitana dedim: “Bilirsiniz nə var, şiddətli külək fikrini unudun, mən bu işdən bir az anlayıramsa, bu fırtınadır, özü də dəhşətli fırtına!” Sizə deməliyəm ki, külək üstümüzə işlək yollardakı toz kimi ələnirdi. Xoşbəxtlikdən, bizim kapitan işini bilən adamdır.
O: “İki rif Marselə tərəf! İpləri buraxın, iplər küləyə tərəf, yelkənlərdə üfüqi ağaclardakı yükqaldırma mexanizmləri dartın!” – deyə bağırdı.
İngilis qəfildən dedi:
– Bu kimi fırtınalarda dedikləriniz yetərli deyil. Mən dörd rif götürüb alt yelkəni də yığışdırardım.
Bu qətiyyətli və cingiltili səsi eşidənlər diksindilər, Penelon əlini gözlərinin üzərinə qoyub onun kapitanının göstərişlərini belə cəsarətlə tənqid edənə baxdı. Qoca dənizçi ehtiramla dedi:
– Cənab, biz bundan da artığını etdik, əyilmiş yelkənləri burazlara tərəf çəkdik və fırtına ilə birgə hərəkət etmək üçün gəmini külək istiqamətinə çevirdik. On dəqiqədən sonra marselliləri sadə burazlara alıb eyni iplər altında hərəkət etdik.
İngilis dedi:
– Belə cəsarətli hərəkət üçün gəmi həddindən artıq köhnə idi.
– Elədir ki, var! Bu da bizi məhv etdi. On iki saat dalğalandıqdan sonra, şeytanların da ürəyi qalxardı, gəmidə sızma başladı.
Kapitan dedi: “Penelon, mənə elə gəlir, biz batırıq; qoca, sükanı mənə ver, anbara keç”.
Mən sükanı ona verib, aşağı endim; orada artıq üç fut su var idi; göyərtəyə qalxıb: “Suyu çəkin!” – deyə qışqırdım. Artıq gec idi. Biz işə başladıq; lakin nə qədər su çəkirdiksə, ondan artığı daxil olurdu.
Dörd saat əziyyətdən sonra, ona dedim: “Xeyr, bilirsiniz nə var, batırıqsa bataq, iki dəfə ölmək olmaz, birindən də qaçmaq!”
Kapitan dedi: “Penelon dayı, sən belə nümunə göstərirsən? Onda dayan!”
Öz kayutuna gedib iki tapança gətirdi: ”Kim nasosu dayandırsa, onun kəlləsini dağıdaram!”
İngilis dedi:
– Düz edib.
Dənizçi davam etdi:
– Heç nə cəsarəti təsirli söz kimi artırmır, xüsusən də hava aydınlaşır, külək də sakitləşirdi; lakin su çox olmasa da artmağa davam edirdi, saatda iki düymə yaxın, lakin on iki saatda o ən azı iyirmi dörd düym edər, iyirmi dörd düym isə iki futdur. İki fut üstəgəl əvvəlki üç fut, edər beş fut. Gəminin “qarnında” beş fut su olarsa, demək olar, onda su sızması var.
Kapitan dedi: “Daha bəsdir, cənab Morrel bizi artıq heç nədə məzəmmət edə bilməz: gəmini xilas etmək üçün əlimizdən gələni etdik; indi adamları xilas etməliyik. Qayığı aşağı burax, uşaqlar, tələsin!”
Penelon davam etdi:
– Cənab Morrel, qulaq asın, biz “Faraonu” çox sevirdik, lakin dənizçi öz gəmisini nə qədər çox istəsə də, özünü ondan çox istəyir; ona görə də iki dəfə xahiş etmələrini gözləmədik; bir tərəfdən də gəmi elə kədərli cırıldayırdı ki, sanki bizə: “Buradan tez rədd olun!” – deyirdi. Zavallı “Faraon” doğru deyirdi. Biz ayağımızın altında onun necə batdığını hiss edirdik. Bir sözlə, qayıq bir anda endirildi və biz hamımız, səkkizimiz də artıq qayıqda oturmuşduq.
Kapitan sonuncu endi, daha doğrusu enmədi, çünki gəmini tərk etmək istəmirdi; mən onu qucağıma alıb yoldaşlarıma atdım, bundan sonra özüm də endim. Vaxtında endiyimə əminəm. enmişəm. Mən atılar-atılmaz, göyərtə elə səs-küylə çatladı ki, sanki qırx səkkiz toplu gəmidən yaylım atəşi açırdılar.
On dəqiqədən sonra, gəminin burnu suya dəydi, sonra gəminin arxa tərəfi, sonra gəmi quyruğunu tutmağa çalışan it kimi yerində fırlanmağa başladı. Sonra da siz sağ, mən salamat! Əlbəttə, bu da başa gələ bilən işdir, nəticədə isə “Faraon” artıq yoxdur!
