Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.
Kitabı oku: «QRAF MONTE-KRİSTO», sayfa 18
VI. KADRUSSUN HEKAYƏSİ
Kadruss dedi:
– Hər şeydən əvvəl, cənab rahib, mənə bir söz verməyinizi xahiş edirəm.
Rahib soruşdu:
– Hansı?
– Nə vaxtsa verdiyim məlumatdan istifadə etməli olacaqsınızsa, bunları məndən aldığınızı heç kim bilməməlidir, dediyim adamlar, varlı və qüdrətlidirlər, məni barmaqlarını yüngülcə toxundurmaqla şüşə kimi əzərlər.
Rahib dedi:
– Əzizim, sakit olun, mən keşişəm, bütün sirlər köksümdə ölür; unutmayın ki, bizim dostumuzun sonuncu arzusunu layiqincə yerinə yetirməkdən başqa məqsədimiz yoxdur. Heç kimə güzəşt və nifrət etmədən söyləyin; həqiqəti söyləyin, yalnız həqiqəti. Mən dediyiniz adamları tanımıram, yəqin, heç zaman da tanımayacağam. Həm də mən italyanam, fransız deyiləm, Tanrıya məxsusam, insanlara yox; bir azdan bircə dəfə ölənin arzusunu yerinə yetirmək üçün, çıxdığım monastıra qayıdıram.
Görünür, bu inandırıcı dəlillər Kadrussda bir az əminlik yaratdı.
– O halda sizi ilk növbədə zavallı Edmonun belə səmimi və düzgün hesab etdiyi dostları olması fikrindən sizi daşındırmaq istəyirəm.
Rahib dedi:
– Sizdən xahiş edirəm, atasından başlayasınız. Edmon mənə qoca haqqında çox danışmışdı, ona böyük məhəbbət bəsləyirdi.
Kadruss başını bulayaraq dedi:
– Çox güman əvvəlini bilirsiniz, kədərli əhvalatdır.
Rahib cavab verdi:
– Bəli. Edmon hər şeyi, Marsel ətrafındakı kiçik aşxanada həbs edildiyi dəqiqəyə qədər olanları danışmışdı.
– “Rezervdə”! Hər şeyi indiki kimi görürəm.
– Axı bu deyəsən az qala nişan günü baş vermişdi?
– Bəli, şən başlayan nahar, kədərlə bitdi; polis komissarı dörd əsgərlə daxil olub Dantesi həbs etdi.
Rahib dedi:
– Bundan sonra heç nə bilmirəm. Dantesin, yalnız şəxsən özünə aid olan şeylərdən xəbəri vardı, çünki o adlarını çəkdiklərimdən başqa heç kimi görməmiş, onlar haqda heç nə eşitməmişdi.
– Beləliklə. Dantes həbs olunanda cənab Morrel nə olduğunu öyrənmək üçün Marselə yollandı, çox kədərli məlumatlar aldı. Qoca evinə göz yaşları içində, tək başına qayıtdı, ziyafət paltarını çıxarıb, bütün gün otağında dala-qabağa gəzişib gecəni də yatmadı. Mən o zaman onlardan altda yaşayır, bütün gecəni otaqda gəzişməsini eşidirdim; etiraf etməliyəm ki, özüm də yatmadım: zavallı atanın dərdi məni çox narahat edirdi, onun hər addımı mənim qəlbimi parçalayırdı, sanki o doğrudan da mənim köksümə ayaq basırdı.
O deyirdi: “Xeyr, mən öz evimi tərk etməyəcəyəm. Yazıq oğlum dünyada hamıdan çox məni istəyir, onu həbsxanadan buraxsalar, ilk növbədə qaçıb mənim yanıma gələcək. Məni evdə tapmasa, nə deyər?”
Pilləkən meydançasında dayanıb bunların hamısını eşidirdim, çünki Mersedesin qocanı onunla getmək üçün dilə tutmasını istəyirdim. Onun bütün günü başım üzərində səslənən narahat ayaq səsləri mənə bir dəqiqə də olsun rahatlıq vermirdi.
Rahib soruşdu:
– Məgər siz özünüz qocanı sakitləşdirmək üçün, onun yanına getməmişdiniz?
Kadruss cavab verdi:
– Ah, cənab rahib! Sakitləşmək istəyəni sakitləşdirmək olar; amma o bunu istəmirdi. Həm də, düzü, niyəsə məni görmək istəmədiyini düşünürdüm. Amma bir dəfə gecə hönkürtüsünü eşidib, tab gətirmədim və yuxarıya qalxdım; lakin mən qapıya yaxınlaşanda o, artıq ağlamır, ibadət edirdi. Cənab rahib, onun necə gözəl sözlər və qəmgin ifadələr tapıb söylədiyini sizə çatdıra bilmirəm; o sözlər duadan da, kədərdən də yüksəkdə idi; dindar olmadığımdan və yezuitləri sevmədiyimdən öz-özümə dedim: “Tək olduğum və Tanrım mənə övlad nəsib etmədiyi üçün xoşbəxtəm; mən ata olub bu bədbəxt qoca kimi kədər hiss etdiyim halda qəlbimdə və yaddaşımda onun Tanrıya söylədiklərini tapıb deyə bilməsəydim, əzablardan qurtarmaq üçün gedib özümü dənizə atardım”.
Rahib pıçıldadı:
– Bədbəxt ata!
– Gün keçdikcə o, daha da tənhalaşırdı; cənab Morrel və Mersedes onu tez-tez yoluxmağa gəlirdilər, lakin qapı bağlı olurdu; mən onun evdə olduğunu, lakin gələnlərə cavab vermədiyini bilirdim. Bir dəfə adətinin əksinə olaraq Mersedesi qəbul etdi, yazıq qız özü məyusluq içində olsa da, xəstəyə təsəlli vermək istəyəndə o, dedi:
“Qızım, mənə inan, o, ölüb; biz onu gözləməməliyik, lakin o bizi gözləyir; mən rahatam, çünki səndən çox yaşlıyam və əlbəttə, onunla birinci mən görüşəcəyəm”.
İnsan nə qədər xeyirxah olsa da, tədricən görünüşü əzab verən insanları ziyarət etməkdən imtina edir. Nəhayət, yaşlı Dantes tamamilə tənha qaldı. Mən vaxtaşırı onun yanına qalxan, sonra da sakitcə əllərində bağlama enən yad adamlardan başqa kiminsə onun yanına gəldiyini görmədim. Tezliklə bu bağlamalarda nə olduğunu başa düşdüm: gündəlik çörək üçün, yavaş-yavaş hər şeyini satırdı. Nəhayət, bədbəxtin ümidi sonuncu əşyasına qalmışdı. Mənzilinə görə də borclanmışdı; sahibkar onu qovmaqla hədələyirdi; o, daha bir həftə gözləməyi xahiş etdi, ev sahibi razılaşdı; mən bunu ev sahibinin özündən öyrəndim, o, qocanın yanından çıxandan sonra mənim yanıma gəlmişdi.
Bundan sonra hələ üç gün də onun əvvəlki kimi otaqda gəzişdiyini eşidirdim, lakin dördüncü gün artıq heç nə eşitmədim. Mənzilə girməyə qərar verdim; qapı bağlı idi. Açar yerindən onu solmuş və yorulmuş halda gördüm, xəstələndiyini fikirləşdim, cənab Morrelə xəbər verib Mersedesin ardınca qaçdım. İkisi də dərhal gəldi. Cənab Morrel özü ilə bərabər həkim də gətirmişdi; həkim xəstədə mədə-bağırsaq iltihabı müəyyənləşdirərək ona pəhriz gözləməyi məsləhət bildi. Cənab rahib, bu zaman mən orada idim, həkimin bu təyinatını eşidən qocanın gülümsəməsini heç zaman unutmaram. O, artıq həmin vaxtdan qapıları bağlamırdı: əlində yeməmək üçün qanuni əsası var idi; həkim ona pəhriz təyin etmişdi.
Rahibdən sarsılmış bir inilti çıxdı.
Kadruss soruşdu:
– Mənim söhbətim sizi narahatmı edir, cənab rahib?
Rahib cavab verdi:
– Bəli, çox təsirləndiricidir.
– Mersedes ikinci dəfə gəldi; xəstədə elə bir dəyişiklik gördü ki, birinci dəfə olduğu kimi, onu öz yanına aparmaq istədi. Cənab Morrel də eyni fikirdə idi, onu zorla aparmaq istəyirdi. Lakin qoca elə dəhşətlə bağırırdı ki, qorxdular. Mersedes onun yatağı başında qaldı, cənab Morrel isə pul kisəsini buxarının üzərinə qoyduğunu Mersedesə işarə edərək getdi. Lakin həkimin təyinatı ilə “silahlanmış” qoca heç nə istəmirdi. Nəhayət, doqquz günlük aclıqdan sonra bədbəxtliyinə səbəb olanların hamısını lənətləyərək öldü. O, Mersedesə deyirdi: “Nə vaxtsa Edmonu görsəniz, ona xeyir-dua verə-verə öldüyümü deyin”.
Rahib durub əsən əlini qurumuş boğazına qoydu, otaqda iki dəfə gəzişdi.
– Siz isə onun…
Kadruss cavab verdi:
– Acından, cənab rahib, acından! Buna hər ikimizin xristian olduğumuza əmin olduğum kimi əminəm.
Rahib titrəyə-titrəyə yarısı su ilə dolu stəkanı götürüb bir nəfəsə içdi və solğun üz, qızarmış gözlərlə yenidən öz yerinə oturub boğunuq səslə dedi:
– Razılaşın ki, bu böyük bədbəxtlikdir.
– Xüsusilə də buna Tanrının deyil, insanların səbəb olduğunu düşünəndə.
Rahib dedi:
– Gəlin digər adamlara keçək. – O, demək olar ki, hədələyici səslə əlavə etdi, – lakin unutmayın, mənə düzünü deməyi vəd etmisiniz. Beləliklə, oğulu ümidsizliklə, atanı isə aclıqla öldürən bu adamlar kimlərdir?
– Onun paxıllığını çəkən iki nəfər, biri sevgiyə, digəri isə şöhrətpərəstliyə görə: Fernan və Danqlar.
– Paxıllıq onları hara aparıb çıxartdı? Danışın!
– Onlar Edmonun Bonapart agenti olduğunu xəbərləmişdilər.
– Məlumatı onlardan hansı vermişdi? Əsl təqsirkar kimdir?
– İkisi də, cənab rahib; biri məktubu yazmış, digəri onu poçta aparmışdı.
– Bu məktub harada yazılmışdı?
– “Rezervin” özündə, toy ərəfəsində.
Rahib pıçıldadı:
– Elədi ki, var! Ey Faria, Faria! Sən insanları və onların əməllərini necə də dəqiq bilirdin!
Kadruss soruşdu:
– Nə deyirsiniz?
Rahib cavab verdi:
– Heç nə, davam edin.
– Danqlar, onun xəttini tanımasınlar deyə, məlumatı sol əli ilə yazmışdı, Fernan da onu poçta apardı.
Rahib qəfildən qışqırdı:
– Lakin siz də onların yanındaydınız.
Kadruss təəccüblə cavab verdi:
– Mən? Mənim orda olduğumu sizə kim deyib?
Rahib həddini aşdığını anladı:
– Heç kim deməyib, lakin belə ətraflı məlumatları bilmək üçün, orada olmaq gərək idi.
Kadruss boğuq səslə dedi:
– Haqlısınız, orada idim.
Rahib dedi:
– Amma bu əclaflığın qarşısını almadınız, eləmi? Deməli siz də onların ortağısınız.
Kadruss cavab verdi:
– Cənab rahib, onlar məni ağlımı itirənədək içirmişdilər. Hər şeyi dumanlı görürdüm. Bu vəziyyətdə olan adamın deyə biləcəyi hər şeyi deyirdim, lakin onlar bunun zarafat olduğunu, heç nəyə səbəb olmayacağını deyirdilər.
– Cənab, ertəsi gün bu əməlin nəticəsini gördünüz. Lakin Dantesin həbsində iştirak etdiyiniz halda susdunuz.
– Bəli, cənab rahib, mən orada idim, danışmaq da istəyirdim; hər şeyi, lakin Danqlar imkan vermədi. O mənə dedi: “Bəlkə o, təqsirkardır, doğrudan da Elbada olub, ona Parisdəki Bonapart komitəsinə məktub çatdırması tapşırılıb, bu məktub ortaya çıxsa, müdafiəçilərinə onun tərəfdarları kimi baxacaqlar”.
Belə bir zamanda məni siyasi işlərə qarışdırmaqlarından qorxdum, etiraf edirəm, bu mənim tərəfimdən əclafcasına qorxaqlıq idi, lakin cinayət deyildi.
– Başa düşürəm; siz də özünüzü qırağa çəkdiniz, vəssalam.
Kadruss cavab verdi:
– Bəli, cənab rahib, vicdanım mənə gecə-gündüz zülm edir. Sizə and içirəm, tez-tez məni bağışlaması üçün Tanrıya dua edirəm, həm də bu mənim həyatımda özümü günahkar bildiyim yeganə günahımdır, – söz yox, bəlalarımın da səbəbidir. Mən bir anlıq zəifliyimin haqqını ödəyirəm; ona görə də həmişə Karkonta taleyindən şikayətlənəndə ona deyirəm: arvad, səsini kəs, görünür Yaradan belə məsləhət bilir.
Kadruss səmimi peşmanlıqla başını aşağı saldı.
Rahib dedi:
– Sizin təmiz ürəkliliyiniz tərifə layiqdir, kim belə peşmanlıq çəkirsə, bağışlanmağa layiqdir.
Kadruss onun sözünü kəsdi:
– Bədbəxtlikdən, Edmon məni bağışlamadan öləcəyəm.
Rahib dedi:
– O, heç nə bilmirdi…
Kadruss etiraz etdi:
– Lakin indi ola bilsin, bilir, deyirlər, ölülər hər şeyi bilirlər.
Sükut çökdü. Rahib ayağa qalxıb fikirli halda otaqda gəzişib, sonra əvvəlki yerinə qayıdaraq oturdu. O dedi:
– Siz artıq bir neçə dəfə hansısa cənab Morrelin adını çəkdiniz. O, kimdir?
– Dantesin iş sahibi, “Faraonun” sahibkarıdır.
Rahib soruşdu:
– Bəs bu adam bütün bu kədərli işdə hansı rol oynayırdı?
– Namuslu insan, mərd, rəhmli bir rol. Dantesə görə ən azı iyirmi dəfə ərizə vermişdi. İmperator qayıtdıqda yazır, yalvarır, hətta hədələyirdi, ikinci bərpa zamanı onu Bonapart tərəfdarı kimi bərk təqib edirdilər. Artıq dediyim kimi, o, azı on dəfə Dantesin atasının yanına gəlib, onu öz yanına aparmaq istəyirdi, ölümü ərəfəsində, ya da iki gün əvvəl, sizə dediyim kimi, buxarının üstünə dolu pul kisəsi qoyub getdi; bu pullarla qocanın borcları ödənildi və onu dəfn etdilər, o, sağlığında heç kimə əziyyət vermədiyi kimi, dünyanı da sakit ölümlə tərk etdi. Bu qırmızı, toxunma kisə bu günə qədər məndə durur.
Rahib soruşdu:
– Bu cənab Morrel sağdır?
Kadruss dedi:
– Sağdır.
– Görünür, göylər özü ona xeyir-dua verir, yəqin o, varlı və xoşbəxtdir?…
Kadruss acı-acı gülümsədi.
– Mənim kimi xoşbəxtdir.
Rahib bağırdı:
– Necə, cənab Morrel xoşbəxt deyil?
– Cənab rahib, o, yoxsulluq ərəfəsindədir, daha da pisi, onu rüsvayçılıq gözləyir.
– Nəyə görə?
Kadruss danışmağa başladı:
– Məsələ belədir ki, iyirmi beş illik zəhmətdən sonra Marsel tacirləri içərisində öz fəxri yerini tutmuş cənab Morrel tamamilə iflasa məruz qalıb. İki il ərzində beş gəmi itirib, üç iflasın qurbanı olub, indi isə onun ümidi yalnız bədbəxt Dantesin bir vaxtlar idarə etdiyi həmin “Faraon” gəmisinədir; tezliklə o qırmızı və tünd sürməyi boyayla dolu Hindistandan qayıtmalıdır. Bu gəmi də digərləri kimi, batsa, cənab Morrel məhv olar.
– Bəs bu talesiz adamın arvadı, uşaqları vardırmı?
– Bəli, onun hər şeyə müqəddəscəsinə tab gətirən arvadı, sevdiyi oğlana ərə getmək istəyən, lakin kasıblıq səbəbindən oğlanın valideynləri tərəfindən rədd edilən bir qızı var. Bundan əlavə onun bir zabit oğlu var; lakin başa düşürsünüz, bütün bunlar o yazığın dərdini azaltmır, əksinə, daha da artırır. Heç kimi olmasaydı, alnına bir güllə çaxıb bununla hər şeyi bitirərdi.
Rahib pıçıldadı:
– Bu dəhşətdir!
Kadruss dedi:
– Görürsünüzmü, Tanrı yaxşılığı belə qiymətləndirir. Mənə baxın; etiraf etdiyimdən başqa bircə pis əməl törətməmişəm, amma kasıbçılığa düçar oldum. Bədbəxt arvadımın qızdırmadan ölməsini görməyə məhkumam, ona heç bir kömək edə bilməyəcəyəm, özüm isə qoca Dantes kimi acımdan öləcəyəm, əvəzində Fernanla Danqlar yağ-bal içində üzürlər.
– Necə yəni?
– Onların bəxti gətirdi, namuslu adamlarınkı isə heç zaman gətirmir.
– Bəs başlıca səbəbkar Danqlara nə oldu? Axı o təhrikçi idi, düzdür?
– Ona nə oldu? Onun cinayətləri haqda heç nə bilməyən cənab Morrelin təqdimatı ilə Marseldən gedib bir ispan bankirin yanında işə düzəlmişdi. İspan müharibəsi zamanı fransız ordusunun təchizatı ilə məşğul idi, buna görə də varlandı; sonra da birjada iştirak edərək kapitalını üç dəfə artırmışdı, arvadını, öz bank sahibinin qızını itirdikdən sonra indiki kralın kamergeri, indi böyük ehtiyatda olan cənab de Servyonun dul qızı xanım de Narqoni ilə evlənmişdi. Milyonçu olub, ona baronluq veriblər, indi baron Danqlardır; Monblan küçəsində xudmani evi, at tövləsində on atı, dəhlizdə altı nökəri və bilmirəm sandıqda neçə milyonu var.
Rahib qəribə bir intonasiya ilə dedi:
– Belə de! İndi necə, xoşbəxtdir?
– Xoşbəxtdir? Kim bunu deyə bilər? Xoşbəxtlik, yaxud qeyri-xoşbəxtlik, bunu ancaq divarlar bilir; divarların qulaqları var, lakin dili yoxdur. Var-dövlət xoşbəxtlik yaradırsa, deməli, Danqlar xoşbəxtdir.
– Bəs Fernan?
– Eh, Fernanınkı daha çox gətirdi.
– Lakin savadsız, heç bir vəsaiti olmayan kasıb bir katalan balıqçısı hansı vasitə ilə varlanıb, cəmiyyətdə özünə yer tapıb? Etiraf edirəm ki, bu məni təəccübləndirir.
– Bu hamını təəccübləndirir; görünür, onun həyatında heç kimin bilmədiyi hansısa bir sirr var.
– Lakin hansı bilinən yollarla böyük zənginliyə çatıb, cəmiyyətdə özünə yüksək mövqe qazanıb?
– Cənab rahib, ona da, o birinə də, zənginliyə də, yüksək mövqeyə də çatıb.
– Bu yalnız nağıllarda olur!
– Düzdür, bu nağıla bənzəyir, lakin dinləsəniz hər şeyi başa düşərsiniz… İmperatorun qayıdışına bir neçə gün qalmış Fernanı əsgər apardılar. Burbonlar ona dəymirdilər. Lakin Napoleon qayıdıb fövqəladə çağırış elan etdikdə Fernan orduya getməli oldu. Mən də getdim; lakin Fernandan böyük olduğumdan və bədbəxt arvadımla evləndiyimdən sahil qorumasına təyin olundum. Fernan, döyüşən ordu sıralarına daxil olaraq, alayı ilə birlikdə sərhədə getmiş və Lini yaxınlığında döyüşlərdə iştirak etmişdi.
Döyüş gecəsi Fernan düşmən tərəfi ilə gizli əlaqədə olan bir generalın yanında çapar idi. Həmin gecə general ingilislər tərəfinə keçməli idi; o Fernana onu müşayiət etməyi təklif edir. Fernan razılaşaraq postu tərk edib onun ardınca gedib. Napoleon taxtda qalmış olsaydı, Fernan bu hərəkətinə görə, hərbi məhkəməyə verilərdi, lakin bu hərəkət burbonlar tərəfindən xidmət kimi qəbul edildi. Beləliklə o, Fransaya podporuçik epoletləri ilə qayıtdı, bu general kralın böyük himayəsində olduğundan, Fernanı da öz himayəsində saxlayaraq onu 1823-cü ildə, ispan müharibəsi dövründə, yəni Danqlar ilk ticarət işlərinə başladığı vaxt kapitan rütbəsinə yüksəltdilər. Fernan əslən ispan idi, buna görə də orada əhval-ruhiyyəni öyrənmək üçün Madridə göndərilmişdi. Orada o, Danqlarla görüşüb razılaşmış və kralpərəstlərin paytaxtda və əyalətlərdə onlara kömək edəcəklərinə dair generala söz verərək üzərinə də müəyyən öhdəliklər götürmüşdü, polkunu təkcə ona məlum olan və kralpərəstlər tərəfindən qorunan dağ dərələrindən keçirərək, bir sözlə bu qıssa müddətli yürüşdə göstərdiyi xidmətə görə Trokaderonu aldıqdan sonra polkovnik rütbəsinə qaldırılmış, Fəxri legionun zabit xaçı ilə təltif edilərək qraf fəxri tituluna layiq görülmüşdü.
Rahib pıçıldadı:
– Ey tale, tale!
– Bəli, lakin qulaq asın, bu hələ hamısı deyil. İspan müharibəsi bitdi və Avropada sürə biləcək uzunmüddətli sülh Fernanın vəzifəsinə zərbə bura bilərdi. Lakin Yunanıstan Türkiyəyə qarşı çıxaraq onunla müstəqillik uğrunda müharibəyə başladı; bütün ümumi diqqət Afinaya çevrilmişdi. O zaman yunanlara rəhm etmək, onlara dəstək vermək dəbdə idi. Fransız dövləti yunanlara açıq himayədarlıq etmirdi. Lakin sizə məlum olduğu kimi, şəxsi köməklik göstərməyə imkan verirdi. Fernan, orduda qeydiyyatda ola-ola, Yunanıstana getməyə icazə aldı.
Bir müddətdən sonra, xəbər tutdular ki, qraf de Morser – onun adı o vaxt belə idi – Əli Paşanın yanında general-təlimatçı rütbəsində xidmət edir. Bildiyiniz kimi, Əli Paşa öldürülüb; lakin ölməzdən əvvəl Fernanı bolluca mükafatlandırıb; Fernan Fransaya qayıdıb və general-leytenant rütbəsinə layiq görülüb.
Rahib soruşdu:
– Bəs indi necədir?…
Kadruss davam etdi:
– Necə olacaq, Parisdə, Elder küçəsində, iyirmi yeddi nömrəli gözəl xudmani evdə yaşayır.
Rahib nə isə demək istədi, lakin tərəddüd içində dayandı; nəhayət, özünü məcbur edib soruşdu:
– Bəs Mersedes? Mən eşitmişəm ki, o qaçıb gizlənib?
Kadruss cavab verdi:
– Qaçıb gizlənib! Bəli, günəş kimi, səhər yenidən daha güclü parıltı saçaraq çıxsın deyə, gizlənib.
Rahib istehza ilə gülümsəyərək soruşdu:
– Onun da üzünə xoşbəxtlik gülümsəyib?
Kadruss dedi:
– Mersedes Paris cəmiyyətinin birinci xanımlarındandır.
Rahib dedi:
– Davam edin, mən sanki, hansısa bir yuxunun hekayəsini dinləyirəm. Lakin özüm o qədər qəribə şeylər görmüşəm ki, sizin hekayəniz məni o qədər də təəccübləndirmir.
– Mersedes əvvəlcə onu Edmondan ayıran qəfil zərbədən, ümidsiz halda idi. Onun cənab de Vilfora yalvarması, Dantesin atasına necə qulluq etdiyi barədə danışmışam. Onun ümidsizliyi yeni kədər-qəmlə: Fernanın polka getməsi ilə daha da gücləndi; Mersedes, bu cinayət haqda heç nə bilmədiyindən onu qardaşı kimi sevirdi.
Fernan getdi, Mersedes tənha qaldı.
Üç ayı ağlayaraq keçirtdi; dərdindən ölən yaşlı adamdan başqa heç kəsdən – nə Edmondan, nə də Fernandan bir xəbər var idi…
Bir dəfə, adəti üzrə bütün gününü Marseldən Katalana aparan yol ayrıcında oturan Mersedes, gecə, evə həmişəkindən daha ümidsiz bir vəziyyətdə qayıtmışdı; nə sevgilisi, nə də dostu bu yolların heç biri ilə geri dönmür, Mersedes nə ondan, nə də o birindən xəbər ala bilirdi.
Qəfildən tanış addım səsləri eşidir. Dönüb geri baxır, qapı açılır və qarşısında podporuçik mundirində Fernanı görür.
Mersedes Fernanın xiffətini çəkməsə də, onun üçün göz yaşları axıtmasa da əvvəlki həyatının bir parçasının qayıtdığını sanır. Fernanın əlindən elə sevinclə tutur ki, o, bunu sevgi əlaməti olaraq qəbul edir; lakin bu ancaq uzun günlərin tənhalığından sonra dünyada tənha olmadığının, nəhayət qarşısında dostunu görməyin düşüncəsi idi. Demək lazımdır ki, o, heç zaman Fernana qarşı nifrət bəsləməmişdi; sadəcə Mersedesdə sevgi hissi oyatmırdı, vəssalam. Mersedesin ürəyi başqasına məxsus idi, bu başqası isə uzaqda idi… yoxa çıxmışdı… ola bilsin, ölmüşdü. Mersedes bunları düşünüb hönkür-hönkür ağlayır, ümidsizlikdən əllərini əzişdirirdi. Lakin əvvəlcə başqalarının ona deyərkən inkar etdiyi bu fikir, indi öz-özlüyündən ağlına gəlirdi. Qoca Dantes yorulmadan ona deyirdi: “Bizim Edmon ölüb, sağ olsaydı, yanımıza qayıdardı”.
Artıq dediyim kimi, qoca Dantes ölmüşdü. Sağ qalsaydı, ola bilsin, Mersedes heç zaman başqasına ərə getməzdi. Qoca onu etibarsızlıqda ittiham edərdi. Fernan bunu başa düşürdü. Qocanın öldüyünü eşidib o geri qayıtmışdı. Bu səfər poruçik rütbəsində idi. Özünün ilk qayıdışında Mersedesə sevgi barədə bir kəlmə də olsun söz demədi; ikinci səfərində Mersedesə onu sevdiyini xatırlatdı. Mersedes, ondan daha yarım il Edmonu gözləməyə və onun üçün ağlamağa möhlət istədi.
Rahib acı gülüşlə dedi:
– Doğrudur, axı bu il yarım davam edib! Belə ehtirasla sevilən adam buna nə deyə bilər? – Ürəyində sakitcə ingilis şairinin sözlərini əlavə etdi: “Frailty, thy name is woman!”25
Kadruss davam etdi:
– Onlar il yarımdan sonra Notr Dam Akkul kilsəsində nişanlandılar.
Rahib pıçıldadı:
– Bu Edmonla nişanlanacağı kilsədir, o, yalnız nişanlısını dəyişib, vəssalam.
Kadruss davam etdi:
– Beləliklə, Mersedes ərə getdi. Zahirən sakit görünməyinə baxmayaraq, qəlbinin dərinliyində sevdiyi adamla il yarım bundan əvvəl nişanlanmağa hazırlaşdığı “Rezerv”in yanından keçərkən ürəyi getdi.
Fernan rahatlıq yox, xoşbəxtlik əldə etdi, onu bu müddətdə görürdüm, Edmonun geri qayıtmasından qorxurdu. Ona görə də özü ilə bərabər arvadını da buradan uzaqlara aparmağa tələsirdi. Katalan həddindən artıq təhlükəli və xatirələrlə zəngin idi. Toydan bir həftə sonra buralardan getdilər.
Rahib soruşdu:
– Bəs siz sonra Mersedesi nə vaxtsa gördünüzmü?
– Bəli, onu ispan müharibəsi dövrü Perpinyanada gördüm, Fernan onu orada qoymuşdu; Mersedes, bu vaxt oğlunun təlim-tərbiyəsi ilə məşğul idi.
Rahib diksindi.
– Oğlunun?
Kadruss cavab verdi:
– Bəli, kiçik Alberin.
Rahib davam etdi:
– Oğluna təlim verirdisə, deməli, özü də təhsil almışdı? Mənim xatirimdədir, Edmon onun sadə bir balıqçının gözəl, lakin savadsız qızı olduğunu demişdi.
Kadruss dedi:
– Məgər o, nişanlısını belə pis tanıyırdı? Cənab rahib, tac ən gözəl və ağıllı başlara qoyulmuş olsaydı, Mersedes kraliça ola bilərdi. Taleyi onu yüksəkliyə qaldırıb, lakin onun özü də yüksələ-yüksələ gedirdi. Rəsm çəkməyi öyrənirdi, hər şeyi öyrənirdi. Öz aramızda qalsın deyə söyləyirəm, mənə elə gəlir, o bunların hamısını fikrini dağıtmaq, özünü unutmaq üçün edirdi. O öz ürəyinin səsini eşitməmək üçün bunlarla başını qatırdı. Lakin indi bunların hamısı yəqin, keçmişdə qalıb, var və şöhrət ona təsəlli verib. O varlıdır, tanınmışdır, bununla bərabər…
Kadruss dayandı.
Rahib soruşdu:
– Nə?
Kadruss dedi:
– Amma mənə elə gəlir, xoşbəxt deyil.
– Nəyə görə belə düşünürsünüz?
– Səbəbi var, yoxsul vəziyyətə düşdükdə keçmiş dostlarımın mənə nədə isə köməklik edə bilib-bilməyəcəklərini düşündüm. Danqların yanına getdim, lakin o məni heç qəbul da etmədi. Sonra Fernanın yanına getdim: o nökərlə mənə yüz frank göndərdi.
– Beləliklə siz nə onu, nə də digərini görə bildiniz?
– Xeyr; lakin qrafinya de Morser məni gördü.
– Hansı yolla?
– Mən çıxanda ayaqlarımın altına bir kisə düşdü; onun içərisində iyirmi beş luidor var idi. Mən cəld başımı qaldırdım və Mersedesi gördüm: o, pəncərəni bağlayırdı.
Rahib soruşdu:
– Bəs cənab de Vilfor?
– O heç zaman mənim dostum olmayıb, mən onu heç tanımırdım da, ona görə də ondan heç nə xahiş edə bilməzdim.
– Bəs ona nə olduğunu bilmirsiniz, Edmona gələn bu bəlada onun iştirakı nədən ibarət idi?
– Xeyr; yalnız Edmonu həbs etdikdən bir müddət sonra mademuazel de Sen-Meranla evləndiyini və tezliklə Marseldən getdiyini bilirəm. Yəqin, digərləri kimi, xoşbəxtlik onun da üzünə gülüb, yəqin o da Danqlar kimi varlıdır, Fernan kimi cəmiyyətdə yüksək yer tutur; görürsünüz, təkcə mən yoxsul və Tanrı tərəfindən unudulmuş vəziyyətdə qalmışam.
Rahib dedi:
– Səhv edirsiniz, əzizim. Onun ədaləti yubandıqda bizə elə gəlir, unudulmuşuq, lakin gec-tez bizi yada salacaq, bu da deyilənə sübut.
Bu sözü deyə-deyə cibindən almazı çıxarıb Kadrussa uzatdı.
O dedi:
– Budur, bu almazı götürün, o sizə çatır.
Kadruss uca səslə dedi:
– Necə! Təkcə mənə? Siz nə deyirsiniz, cənab rahib! Mənimlə zarafat edirsiniz?
– Bu almazı Edmonun dostları arasında bölmək tələb olunurdu. Edmonun yalnız bir dostu varmış, deməli, bölgüdən söhbət gedə bilməz. Bu almazı götürüb satın; dediyim kimi, əlli min frank edir, bu pulların sizi yoxsulluqdan qurtaracağına əminəm.
Kadruss, bir əli ilə üzündən sel kimi axan tərini silə-silə digərini qorxa-qorxa ona uzadaraq dedi:
– Cənab rahib, insanın xoşbəxtliyi və ümidsizliyi ilə oynamayın!
– Mənə xoşbəxtlik də, ümidsizlik də tanışdır, ona görə də heç zaman bu hisslərlə zarafat etmərəm. Alın, lakin əvəzində…
Kadruss almaza toxunduğu halda əlini çəkdi.
Rahib gülümsədi.
– … əvəzində, – o davam etdi, cənab Morrelin yaşlı Dantesin buxarısı üzərində qoyduğu pul kisəsini mənə verin; dediyinizə görə, o hələ də sizdədir.
Kadruss, daha da təəccüblənərək, böyük palıddan olan dolaba yaxınlaşıb, onu açdı və solmuş qırmızı ipəkdən toxunmuş, bir vaxtlar qızıl suyuna salınmış, iki tunc halqa ilə çəkilib bağlanmış, uzun pul kisəsini rahibə verdi.
Rahib kisəni götürüb, almazı Kadrussa verdi.
Kadruss ucadan dedi:
– Siz doğrudan da müqəddəs adamsız, cənab rahib! Axı Edmonun bu almazı sizə verdiyini heç kim bilmirdi, istəsəydiniz onu özünüzə saxlaya bilərdiniz.
Rahib öz ürəyində dedi: “Aha! Görünür, sən özün elə edərdin!”
Ayağa qalxıb şlyapasını və əlcəklərini götürdü:
– Qulaq asın! Mənə dediklərinizin hamısı tam həqiqətdir, eləmi? Sizə tamamilə əmin ola bilərəmmi?
Kadruss dedi:
– Budur, cənab rahib, burada küncdə müqəddəs xaç asılıb; orada komodun üzərində isə arvadımın İncili durur. O kitabı götürüb açın, xaçın qarşısında, onun üzərinə bizi Yaradana ruhumla, imanımla, and içərəm ki, baş verənləri sizə dəqiqliyi ilə, qoruyucu mələyin Qiyamət günü rəbbimin qulağına deyəcəyi kimi demişəm!
– Yaxşı, – Kadrussun səsində olan səmimiyyət rahibi onun doğru söylədiyinə inandırdı, – yaxşı; arzu edirəm, bu pullar sizə düşərli olsun! Sağ olun. Mən bir daha bir-birinə bəla gətirən insanlardan uzaqlaşıram.
Rahib Kadrussun təmtəraqlı izahlarından yaxa qurtarmaq üçün qapının cəftəsini özü açaraq çıxdı, ata oturub hələ də vida təşəkkürləri göndərən, aşxana sahibinə baş əyib, gəldiyi yolla çaparaq geri qayıtdı.
Kadruss dönüb arxasında rəngi qaçmış və həmişəkindən artıq titrəyən Karkontanı gördü. O dedi:
– Mən düzmü eşitdim?
Kadruss sevincindən dəli olmuş kimi dedi:
– Nə? Onun almazı təkcə bizə verməsini?
– Bəli.
– Tamamilə doğrudur, almaz məndədir.
Arvadı ona baxdı, sonra batmış səslə dedi:
– Bəs o saxta olsa necə?
Kadrussun rəngi qaçdı və səndələdi.
– Saxtadır! – o pıçıldadı, – saxtadır… O, nəyin naminə saxta almaz verməlidir?
– Səndən müftə sirləri almaq üçün, qanmaz!
Kadruss, belə ehtimalla vurularaq yerində donub qaldı. Bir dəqiqədən sonra şlyapasını qapıb onu başına bağlamış qırmızı yaylığın üstündən qoydu.
O dedi:
– İndi bunu öyrənərik.
– Necə?
– Bokerdə yarmarka var; orada Parisdən gəlmə zərgərlər olur; gedim almazı onlara göstərim. Sən, arvad, evdən göz-qulaq ol; iki saatdan sonra qayıdacağam.
Kadruss yola atılıb yad adamın gəldiyinin əksi istiqamətində qaçdı.
Karkonta tənha qalıb donquldandı:
– Əlli min frank! Bu puldur… lakin zənginlik demək deyil.
