Читайте только на Литрес

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Qala», sayfa 5

Yazı tipi:

VII

Mədənin dəftərxanası həkimlikdən əldə edilmiş yarım illik qazanc göndərdi, bu da missis Peyci ciddi düşünməyə vadar etdi, bank müdiri Ənyurin Rislə təkbətək oturub danışmaq üçün ona yeni mövzu verdi. Yarım ildə ilk dəfə idi ki, qazanc xeyli artmışdı. "Doktor Peycin pasientləri" siyahısında indi Mənsonun bura gəldiyi vaxta nisbətən yetmiş nəfər artıq adam vardı.

Mədaxilin artması Blodueni hədsiz sevindirmişdi, lakin təşviş doğuran bir fikir onu əsla rahat qoymurdu. Masa arxasında Əndru qadının arabir şübhə ilə ona baxdığını sezmişdi. Çərşənbə günü, missis Bremvelgildəki həmin axşamın səhəri Bloduen saxta bir sevinclə, səs-küylə özünü yemək otağına saldı.

– Bilirsinizmi nə var, – deyə o, sözə başladı. Elə indi ağlıma gəldi ki… Doktor, siz artıq, dörd aydır ki, burdasınız. Pis də işləmirsiniz, yox, şikayət edə bilmərəm. Əlbəttə, doktor Peycə çata bilməzsiniz. İlahi, əlbəttə, yox! Hələ bu günlərdə mister Uotkins dedi ki, doktor Peycin işə qayıtmasını hamı səbirsizliklə gözləyir. Mister Uotkins mənə dedi: "Doktor Peyc elə gözəl həkimdir ki, onun yerinə başqasını işə götürmək barədə heç fikirləşmək belə istəmirik".

Qadın ərinin qeyri-adi məharətini, zəngin təcrübə sahibi olduğunu bütün təfərrüatı ilə təsvir etməyə başladı. Gözlərini geniş açıb ucadan dedi:

– Desəm, inanmazsınız. Heç elə şey yoxdu ki, onu eləyə bilməsin, həkim ona əncam çəkməsin. Ah, onun cərrahlıq əməliyyatları! Kaş görəydiniz!.. Doktor, bilirsinizmi, sizə bir əhvalat danışım: bir dəfə doktor Peyc bir nəfərin beynini başından çıxartdı, sonra təzədən qoydu yerinə. Bəs nə! Mənə nə qədər istəsəniz baxa bilərsiniz, mənsə sizə deyirəm ki, doktor Peyc həmin adamın beynini yaxşıca təmizlədikdən sonra onu götürüb yerinə qoydu!

Qadın kresloya yayxanıb sözlərinin ona necə təsir etdiyini görmək üçün gözlərini Əndruya zillədi. Sonra özündən razı halda gülümsündü:

– Doktor Peycin təzədən işə başlaması Blenellidə böyük sevincə səbəb olacaq. O günə çox qalmayıb. Mister Uotkinsə elə də dedim. Dedim ki, "Doktor Peyc yayda, bəli, yayda yanınıza qayıdacaq".

Həftənin axırında Əndru gündüz xəstələrə baş çəkdikdən sonra evə qayıdarkən artırmanın qarşısında Edvardın tamam geyinib-kecinmiş halda kresloda büzüşüb oturduğunu görəndə heyrətdən quruyub qaldı. Doktor Peycin dizləri üstünə yun şal salınmış, titrəyən başına qoyulmuş papaq əyilmişdi. Sərt külək əsirdi, bu facianə mənzərəni, bu zavallı adamı işıqlandıran aprel günəşinin şüaları isə zəif və soyuqdu.

Missis Peyc elə artırmadan Mənsonun qabağına yüyürüb böyük sevinc içində çığırdı:

– Baxın! Görürsünüzmü? Doktor artıq ayağa qalxıb! Elə indicə mister Uotkinsə telefonla xəbər verdim ki, doktorun halı yaxşıdır. O, yaxın zamanlarda işə başlayacaq. Elədirmi, əzizim?

Əndru hiss etdi ki, qan başına vurdu.

– Onu kim endirib aşağı?

Bloduen həyasızcasına cavab verdi:

– Mən! Niyə də endirməyəydim? Öz ərimdir. Özünü də yaxşı hiss edir.

Əndru səsini alçaldıb qadına çımxırdı:

– Ona qalxmaq olmaz! Bunu özünüz də bilirsiniz. Sizə nə deyirlərsə – onu edin! Mənə kömək eləyin elə bu saat onu aparıb uzandıraq yerinə.

– Hə, hə, – deyə Edvard çətinliklə dilləndi. – Məni yatağa salın. Tamam donmuşam. Burada halım yaxşı deyil… Özümü… pis hiss edirəm…

Bunu deyib xəstə ağladı. Mənson dəhşətə gəldi.

Bloduen bir an içində özünü irəli atıb göz yaşı axıdaraq ərinin qarşısında diz çökdü. Edvardı qucaqlayıb bağrına basdı, ağlar səslə onu həzin-həzin oxşamağa başladı:

– Yaxşı, bəsdir, mənim əzizim, bəsdir. İndi aparıb səni uzandıraram yerinə, allahın fağır bəndəsi. Bloduen bunu sənin xətrinə edər. Bloduen qayğına qalar. Bloduen səni sevir, əzizim, sevir.

Bunu deyib qadın nəmli dodaqlarını uzadaraq xəstənin donuq yanağından bərk-bərk, marçıltı ilə öpdü.

Yarım saat sonra, Edvard birtəhər yuxarı aparılıb artıq rahatlanmış, sakitləşmişdi ki, qəzəbdən boğulan Əndru mətbəxə gəldi.

O, Enni ilə bərk dostlaşmışdı. Onlar həmin bu mətbəxdə tez-tez söhbət edər, öz dərdlərini bir-birinə danışardılar. Ələlxüsus yemək məsələsi çətin olan vaxtlarda yaşa dolmuş bu sakit, təmkinli qadın anbardan Əndru üçün çoxlu alma, üzümlü piroq daşıyıb gətirərdi. Bəzən Enni lap axırıncı vasitəyə əl atar, iki pay balıq üçün Tomasın yanına yollanar, sonra mətbəxdəcə, şam işığında dəbdəbəli bir süfrə açar, kef elərdilər. Enni artıq iyirmi ilə yaxındı ki, Peycgilə xidmət edirdi. Onun Blenellidə qohum-əqrəbası çoxdu, hamı da varlı adamlardı. Enninin Peycgildə belə çox qalmasının yeganə səbəbi doktora sədaqəti idi.

Əndru xahiş etdi:

– Enni, çayımı bura gətirin. İndi mən Bloduenlə bir masa başında otura bilmərəm.

O, mətbəxə gələndə Enninin qonaqları olduğunu görmədi. Bunlar bacısı Oluen və Oluenin əri İmris Hyuz idi. Əndru onlarla neçə dəfə görüşmüşdü. İmris Blenellinin yuxarı mədənlərində partladıcı işləyirdi. Bu, solğun, şişkin sifətli xeyirxah və ahıl bir adamdı.

Mənson onları görəndə mütərəddid bir vəziyyətdə ayaq saxladı. Qara gözlü, çevik, gənc qadın olan Oluen dili dolaşa-dolaşa tələsik dedi:

– Doktor, bizə əhəmiyyət verməyin, burda çay içmək istəyirsinizsə – için. Siz içəri girəndə biz elə sizdən danışırdıq.

– Belə de!

– Bəli, – deyib Oluen bacısına nəzər saldı. – Enni, mənə elə baxma, mən onsuz da ürəyimdəkiləri deyəcəyəm. Bizim mədəndə hamı deyir ki, neçə ildən bəridir burada sizin kimi bacarıqlı cavan həkim işləməyib. Deyirlər ki, siz xəstələri çox diqqətlə müayinə edirsiniz və sairə. Mənə inanmırsınızsa, İmrisdən soruşun. Missis Peyc camaata kələk gəldiyindən hamının ondan zəhləsi gedir. Deyirlər ki, ədalət naminə doktor Peycin həkim yeri sizə verilməlidir. Bu söz-söhbət də gedib çatıb missis Peycin qulağına. Başa düşürsünüzmü? Elə buna görə də o zavallı qoca doktoru bu gün yatağından ayağa qaldırıb. Göstərmək istəyib ki, guya o, sağalmaq üzrədir! Yazıq qoca!

Əndru çayını içib dərhal aradan çıxdı. Oluenin səmimi, sadəlövh sözlərindən o, özünü bir balaca itirmişdi. Hər halda Blenelli camaatının onun haqqında yaxşı fikirdə olmasını eşitmək ona xoşdu.

Buna görə də bir neçə gündən sonra gematit mədəninin baş qazmaçısı Con Morqan arvadı ilə onun yanına gələndə Əndru bunu ona göstərilən xüsusi hörmət əlaməti kimi qiymətləndirdi.

Morqanlar iyirmi ilə yaxındı ki, evli idilər, varlı olmasalar da, bütün mahalda böyük hörmətə malikdilər. Əndru eşitmişdi ki, onlar yaxın zamanlarda cənubi Afrikaya köçməyə hazırlaşırlar, Cona orada, İohannesburq mədənlərində iş vəd etmişdilər. Bunda heç bir təəccüblü şey yoxdu: Cənubi Afrika yaylalarının qızıl mədənləri yaxşı qazmaçıları həmişə cəlb edirdi. Oralarda iş elə-belə olsa da, maaş xeyli artıqdı.

Lakin Morqan arvadı ilə ambulatoriyanın darısqal otağında əyləşib gəlişlərinin məqsədini təşəxxüslə izah edəndə Əndru tamam mat qaldı. Con Morqan dedi:

– Hə, ser, deyəsən, biz axır ki, məqsədimizə nail olmuşuq. Sizin gördüyünüz bu arvadım uşaq gözləyir. Təsəvvür edirsinizmi, ser, on doqquz ildən sonra! İkimiz də sevindiyimizdən yerə-göyə sığmırıq. Qərara almışıq ki, səfərimizi bu iş başa çatanadək təxirə salaq. Çünki bilirsinizmi, ser, həkim məsələsində başladıq götür-qoy eləməyə, axır bu qərara gəldik ki, ən yaxşısı həmin işi sizin öz öhdənizə götürməyiniz olar. Doktor, bu, bizim üçün çox vacib məsələdir. Mənə elə gəlir ki, bu, o qədər də asan iş deyil: axı mənim missisimin artıq qırx üç yaşı var. Bəli, ancaq siz barədə arxayınıq, bilirik ki, bu işin öhdəsindən yaxşı gələrsiniz.

Əndru bu təklifdən mütəəssir oldu, onu qəbul edərkən böyük şərəfə nail olmuş bir adamın hisslərini keçirdi. Bu, maddi haqq-hesabdan uzaq, indiki vəziyyətində onu ikiqat sevindirən qəribə bir hissdi. Axır vaxtlarda o, özünü son dərəcə tənha hiss edir, həmişə pərişan gəzib dolanırdı. Onun daxilində nəsə yeni anlaşılmaz, nəsə təşviş doğuran, əzab verən bir şey baş verirdi. Arabir o, ürəyində küt, qəribə bir ağrı duyurdu, mötəbər və yetkin tibb bakalavrı kimi o, bu ağrını indiyədək sentimental adamların uydurması hesab edirdi.

O, indiyədək məhəbbət haqqında bir dəfə də olsun ciddi düşünməmişdi. Təhsil illərində çox yoxsul olduğundan, çox pis geyindiyindən, başı imtahanlara çox bərk qarışdığından qadınlarla tez-tez görüşə bilmirdi. St.-Əndru universitetində, məsələn, onun dostu və sinif yoldaşı Freddi Həmson kimi "yaxşı qanlı" adam gərək olaydın ki, rəqs edən, müxtəlif gecələr keçirən, ümumi istedadları ilə parlayan şəxslərin arasında gəzib dolanmaq haqqını qazanaydın. Bütün bunlar isə onun üçün əlçatmazdı. O, Həmsonla dostluğundan asılı olmayaraq elə adi adamlar güruhuna aiddi ki, onlar paltolarının yaxalığını qaldırmaqdan utanmır, səylə dərs öyrənir, papiros çəkir, təsadüfi ələ düşən boş vaxtlarını "Union"da yox, bilyardı olan kasıb bir barda keçirirdilər.

Doğrudur, bəzən labüd, romantik xəyallar onu da öz qoynuna alardı. Yoxsul olduğundan bu xəyallar ona həmişə həddən ziyadə cah-calal, təmtəraq fonunda görünərdi. İndi isə Blenellidə o, dumanlı gözlərini yarıuçuq ambulatoriyanın pəncərəsindən görünən çirkli şlak qalağına zilləyərək şəhər məktəbinin bir dəyərsiz kiçik müəlliməsinin həsrətini çəkirdi. Bu, o qədər mənasızdı ki, lap qəhqəhə çəkib gülmək istəyirdi.

O, həmişə özünün sağlam işgüzarlığı, böyük fitri ehtiyatlılığı ilə fəxr edərdi. İndi də şüurlu xudbinliyi ucbatından qəlbində baş qaldıran yeni hissi qızğın bir inadkarlıqla, əsaslı dəlillərlə kökündən qoparıb atmağa çalışırdı. O, Kristinin bütün qüsurlarını soyuqqanlılıqla, məntiqi ardıcıllıqla yadına salırdı. Kristin gözəl deyil, həddən çox cılız, arıqdır. Yanağında xal, üst dodağında gülümsəyərkən görünən qırış var. Hələ üstəlik qızın ondan, yəqin, zəhləsi gedir.

Əndru öz-özünə hirslə, dönə-dönə təkrar edirdi ki, hissiyyata qapılmaq onun üçün bağışlanmaz zəiflik və ehtiyatsızlıqdır. Axı o, özünü bütünlüklə işə həsr edib. O ki hələ vur-tut ancaq "köməkçi"dir. O, nə həkimdir ki, fəaliyyətinin hələ başlanğıcında gələcəyini məhv etmək təhlükəsi yaradan, hətta lap elə indi işləməsinə tamam ciddi surətdə mane olan hisslə özünün əl-qolunu bağlayır?

Özünü ələ almağa cəhd göstərərək o, fikrini dağıtmağa çalışır, bunun üçün müxtəlif vasitələrə əl atırdı… Xatirinə universitetdə birgə oxuduqları köhnə yoldaşlarının düşdüyünü bəhanə edərək, o, bu yaxınlarda Londona köçüb, xəstəxanada həkim yeri almış Freddi Həmsona uzun-uzadı bir məktub yazdı. Sonra Denni ilə dostluğuna ümid bağladı. Lakin Filipp bəzən mehriban olsa da, çox vaxt soyuq, inamsızdı, həyatın şikəst etdiyi adamlar kimi dərdli-qüssəli idi.

Nə qədər çalışırdısa da Əndru başından Kristin haqqındakı fikirləri, ürəyindən qızın üzücü həsrətini çıxara bilmirdi. Doktor Bremvelin "Guşəsi"nin darvazası qarşısında açıq danışıqdan özünü saxlaya bilmədiyi vaxtdan qızı görməmişdi. Görəsən Kristin onun haqqında nə düşünmüşdü? Onu heç yada salırmı? Bununla belə o, hər dəfə Benk-stritdən keçərkən gözlərilə Kristini axtarırdı, ona çoxdan rast gəlmədiyindən qızı görmək ümidini də tamam itirmişdi.

Bir dəfə, ümidini tamam itirdiyi bir vaxtda şənbə günü, mayın 25-də qəflətən bu məzmunda kiçik məktub aldı:

"Əziz doktor Mənson!

Sabah, bazar günü mister və missis Uotkinslər bizdə şam edəcəklər. Daha maraqlı bir yerə getməyi nəzərdə tutmamısınızsa, bəlkə siz də gələsiniz? Səkkizin yarısında.

Sizə hörmət bəsləyən Kristin Barlou".

O elə çığırdı ki, Enni qab-qacaq yuyulan otaqdan yüyürüb özünü içəri saldı.

– Ah doktor, sizə nə oldu? – deyib, sonra tənə ilə əlavə etdi. – Hərdən özünüzü lap səfeh kimi aparırsınız.

Həyəcanı hələ yatmamış, özünə gəlməmiş Əndru:

– Doğru deyirsiniz, Enni, – deyə onunla razılaşdı. – Lakin mən… deyəsən səfehliyi daha yerə qoyacağam. Bura baxın, Enni, əzizim, sabaha şalvarımı ütüləyə bilərsinizmi, hə? Axşam yatarkən onu qapının dalından asacağam.

Ertəsi günü bazar olduğundan ambulatoriyada axşam qəbulu yoxdu, buna görə də Əndru axşam dərin həyəcan içərisində Kristinin yaşadığı missis Herbertin evinə gəldi. Hələ çox tezdi, o, bunu bilirdi, amma bircə dəqiqə belə artıq gözləməyə səbri çatmadı.

Bəli, o, gülümsəyirdi, ona, Əndruya gülümsəyirdi. Əndru isə elə güman eləyirdi ki, qızın ondan zəhləsi gedir. Əndru bərk həyəcanlandığından güclə danışa bildi. Qızın ardınca qonaq otağına gedərkən mızıldadı:

– Bu gün qiyamət hava vardı, elə deyilmi?

– Bəli, qiyamətdi, – deyə Kristin razılaşdı. – Ona görə də bu gün yaxşıca gəzmişəm. Pendidən də o yana getmişdim. İnanırsınızmı? Hətta bir neçə dəmrovotu çiçəyi tapdım.

Onlar əyləşdilər. Əsəbi vəziyyət keçirən Əndrunun dilindən qopmağa hazır olan “yaxşımı gəzmişdir” kimi mənasız və bayağı sualı o, vaxtında uddu.

Kristin dilləndi:

– Missis Uotkinsin göndərdiyi adam elə indicə gəlib dedi ki, onlar bir balaca gecikəcəklər. Ərini nə üçünsə idarəyə çağırıblar. Bir neçə dəqiqə onları gözləsək, etiraz etməzsiniz ki?

Bir neçə dəqiqə! Etiraz! Əndru sevincindən, xoşbəxtliyindən qəhqəhə çəkib gülməyə hazırdı. Kristin kaş biləydi ki, bütün bu günlər onun həsrətini necə çəkmişəm! Onunla tənha qalmaq necə də xoşdur. Əndru gizlincə otağa göz gəzdirdi. Kristinin öz mebeli düzülmüş qonaq otağı Blenellidə Əndrunun gördüyü otaqların heç birinə bənzəmirdi. Burada missis Bremvelin qonaq otağını bəzəyən nə məxmərli, nə tüklü kreslolar, nə eksminster xalısı, nə bircə ala-bəzək atlas yastıq vardı. Döşəmə rənglənmiş, mumlanmışdı, təkcə açıq buxarının qabağına sadə, qəhvəyi xalça salınmışdı. Mebel elə sadə idi ki, Əndru ona heç əhəmiyyət vermədi. Şam üçün açılmış süfrənin ortasında adi ağ boşqab vardı; Kristinin bu gün topladığı xırdaca səhənglərə oxşayan dəmrovotu çiçəkləri onun içində üzürdü. Bu həm sadə, həm də gözəldi. Pəncərəyə qoyulmuş içi torpaqla dolu taxta pirojna qutusundan zərif yaşıl bitkilər baş qaldırırdı. Buxarının üstündən ancaq qırmızı rəngli kiçik taxta uşaq stulu təsvir olunmuş Əndrunun fikrincə, çox pis çəkilmiş orijinal bir tablo asılmışdı.

Kristin qonağının gözlərindəki heyrəti yəqin görmüşdü. O, başqasına da təsir edən bir sevinclə gülümsədi.

– Ümidvaram ki, bunu əsərin əsli kimi qavramadınız.

Çaşıb qalmış Əndru nə cavab verəcəyini bilmədi. Onu çaşdıran hər bir əşyada ev sahibəsinin fərdiyyəti duyulan bu otaq idi, onun üçün qaranlıq olan çox şeyi bu qızın bildiyini dərk etməsi idi. Lakin Kristin onda elə maraq oyatmışdı ki, Əndru çaşqın vəziyyətini unudub, mülahizələrdən qaçaraq, onu həyatı, yaşayışı haqqında sorğu-suala tutdu.

Kristin ona sadə cavab verirdi. Onun əsli İorkşirdəndi. On beş yaşında anadan məhrum olmuşdu. O vaxt atası Bremvelin böyük kömür mədənlərinin birində nəzarətçi köməkçisi imiş… Yeganə qardaşı Con isə həmin mədənlərdə mühəndis kimi təcrübə keçmişdi. Beş ildən sonra, yəni Kristinin on doqquz yaşı tamam olub, pedaqoji institutu bitirdikdə, atasını Blenellinin iyirmi milliyindəki Port mədəninə müdir təyin edirlər. Ataları ilə birlikdə, Kristin təsərrüfatla məşğul olmağa, Con atası ilə bir yerdə işləməyə Cənubi Uelsə köçürlər. Onların köçüb gəlmələrindən yarım il sonra Port mədənində partlayış baş verir. Bu vaxt şaxtada olan Con elə yerindəcə ölür. Qəzadan xəbər tutan atası dərhal şaxtaya enir, mədən qazı axınına düşür. Bir həftədən sonra şaxtadan iki meyit çıxarırlar, atasının və qardaşı Conun meyitlərini.

Kristin söhbətini tamamladıqda araya sükut çökdü. Əndru mehribancasına, qayğıkeşliklə dilləndi:

– Məni bağışlayın…

Kristin bayaqkı kimi sadə və ciddi tərzdə dedi: – Hamı mənə canıyananlıq göstərdi. Xüsusilə mister və missis Uotkinslər. Burada, məktəbdə mənə iş verdilər.

O, bir qədər susdu, sonra təzədən eyni açıldı:

– Mən də sizin kimi burada hələ yadam. Bu yerlərə alışmaq üçün Uels vadilərində uzun müddət yaşamaq lazımdır.

Əndru ona baxır, qəlbində ona bəslədiyi hissləri cüzi də olsa ifadə edə biləcək sözlər, onun fikrini keçmişdən üsulluca ayırıb, ürəyində gələcəyə ümid doğuracaq bir eyham axtarırdı.

– Bəli, burada, aşağılarda adam özünü hər yerdən ayrı düşmüş kimi hiss edir. Tənhalıq duyur. Bu, mənə tanış hissdir. Mən tez-tez belə hisslər keçirirəm. Çox vaxt kiminləsə söhbət etməyə bir ehtiyac duyuram.

Kristin gülümsündü.

– Nədən söhbət etmək istəyirsiniz?

Əndru qəflətən yaxalandığını hiss edərək qızardı.

– Lap, tutaq ki mənim işimdən. – O susdu, lakin izah etməyi lazım bildi. – Bilirsinizmi, mən çaşıb qalmışam. Məni müxtəlif məsələlər yaman narahat edir.

– Demək istəyirsiniz ki, işdə həmin müşkül məsələlərlə qarşılaşırsınız?

– Yox, o deyil. – Əndru müəyyən tərəddüdlə sözünə davam etdi, – Mən bura hamının inandığı, yaxud özünü inanırmış kimi göstərdiyi düsturlara, həqiqətlərə pənah gətirərək gəlmişəm. Məsələn, bu fikirlə gəlmişəm ki, şişmiş oynaqlar revmatizm əlamətidir. Bu əqidədə olmuşam ki, revmatizmi natrium salisillə müalicə etmək lazımdır. Qərəz, məndə bu cür otrodoksal həqiqətlərə inam vardı. İndi isə məlum olur ki, onların bir qismi düz deyil. Lap götürək dərmanları. Mənə elə gəlir ki, onlardan bəzisinin xeyrindən çox zərəri var. Günah sistemdədir. Xəstə həkimin qəbuluna gəlir. O, həkimdən öz "dərmanını" gözləyir. Onu alır da, baxmayaraq ki, bu "dərman" adi qovrulmuş şəkərdən, sodadan və qədim, xeyirxah "aqua"dan, ibarətdir. Resept elə buna görə də latın dilində yazılır, axı xəstə gərək heç nə başa düşməsin. Bu, vicdansızlıqdır, elmə layiq deyil. Bir məsələ də var: mənə elə gəlir ki, xəstələri empirik üsulla müalicə edən, yəni xəstəliyin ancaq ayrı-ayrı əlamətlərinə diqqət yetirən həkimlər həddən çoxdur. Onlar özlərinə bütün xəstəlik əlamətlərini cəm edib, ancaq bundan sonra diaqnoz qoymaq zəhməti vermək istəmirlər. Onlar bütün məsələləri çox tez həll edirlər, çünki həmişə tələsirlər. "Başınız ağrıyır? Hə, bu toz dərmanını qəbul edin". Yaxud: "Sizdə qan azlığı var. Dəmirli dərman içməlisiniz". Baş ağrısını, yaxud qan azlığını törədən səbəbi araşdırmaqdansa… – o, birdən sözünü yarımçıq kəsdi. – Ah, məni bağışlayın, bütün bunlar yəqin sizi darıxdırır.

Qız cəld etiraz elədi:

– Yox, yox! Mənim üçün çox maraqlıdır.

Kristinin ona diqqətlə qulaq asmasından sevinən Əndru həvəslə sözünə davam etdi:

– Mən həkimlik yoluna yenicə çıxmışam, hər şeyi də təzə-təzə hiss etməyə başlayıram. Lakın öz təcrübəmə əsaslanaraq, işə vicdanla yanaşaraq deyə bilərəm ki, bu vaxtadək bizə təlqin edilən hikmətlərdə köhnəlmiş, vaxtı ötmüş şeylər çoxdur. Faydasız dərmanlar, hələ orta əsrlərdə inanılan xəstəlik əlamətləri… Bəlkə siz deyəcəksiniz ki, bunların adi, sıravi müalicə həkimi üçün əhəmiyyəti yoxdur. Nə üçün müalicə həkimi ancaq xəstənin canını isti su ilə qızdırmaqla, yaxud sulu dərman paylamaqla məşğul olmalıdır? Artıq elmi ön plana çıxarmaq vaxtı gəlib çatıb. Adamların çoxu bu fikirdədir ki, elm sınaq borusunun dibindədir. Mən isə başqa cür düşünürəm. Mən belə hesab edirəm ki, ucqar yerlərdə işləyən həkimlər çox şey bilmək, bundan başqa yeni bir xəstəliyin ilk əlamətlərini hər hansı klinikada işləyənlərdən daha tez-tez müşahidə etmək imkanına malikdirlər. Xəstə klinikaya düşənəcən xəstəliyinin ilk mərhələləri artıq ötüşmüş olur.

Kristin cavab vermək istəyirdi ki, qapının zəngi çalındı. O, qalxdı, deyəcəyi sözləri uddu, onun əvəzində yüngülcə gülümsəyərək dedi:

– Ümidvaram ki, gələn dəfə mənimlə bu barədə danışmağı vəd etdiyinizi unutmayacaqsınız.

Uotkins və arvadı içəri girib gecikdikləri üçün üzr istədilər. Hamı da dərhal şam etməyə oturdu.

Şam yeməyi Bremvelgildə onlara verilmiş yüngül, soyuq qəlyanaltıya qətiyyən oxşamırdı. Burada bişmiş dana əti, yağlı kartof püresi vardı. Sonra süfrəyə qaymaq, pendir və qəhvə ilə ravəndli qoğal verildi. Hər şey sadə olsa da, çox ləzzətli hazırlanmışdı. Bloduengildə ona verilən cüzi yeməkdən sonra Əndru bu isti və iştahaçan şamdan ləzzət alırdı.

O, köksünü ötürüb dedi:

– Miss Barlou, bəxtiniz gətirib: ev sahibəniz çox ləzzətli xörək bişirir.

Bayaqdan Əndrunun özünü yeməyə toxuduğuna, doyunca yediyinə istehza ilə göz qoyan Uotkins birdən-birə qəhqəhə çəkib gülməyə başladı.

– Bax, bu qiyamət oldu! – O, üzünü arvadına çevirdi. – Ay ana, eşitdinmi? Deyir ki, Herbert qarı ləzzətli xörək bişirir. .

Kristin yüngülcə qızardı. Sonra Əndruya dedi:

– Ona əhəmiyyət verməyin. Siz mənə ömrümdə ən böyük kompliment dediniz, məhz ona görə ki, onu bilmədən söylədiniz. Şam yeməyini mən hazırlamışam. Missis Herbertin mətbəxindən istifadə edirəm, amma xoşlayıram ki, hər şeyi özüm bişirəm. Buna artıq alışmışam.

Qızın dedikləri mədən müdirinin kefini daha da kökəltdi. Bu gün o, missis Bremvelgildə qonaqların necə əyləndiyini kənardan səbirlə müşahidə edən həmin qaradinməz şəxsə qətiyyən oxşamırdı. Bu gün o, bir qədər qaba sərbəstliklə, dodaqlarını marçıldada-marçıldada ləzzətlə yeyir, piroqdan yedikcə vəcdə gəlir, dirsəklərini masanın üstünə qoyub lətifələr danışır, hamını güldürürdü.

Vaxt çox tez keçdi. Əndru saata baxanda təəccüb elədi: artıq on birə az qalırdı. Saat on birin yarısında isə Blayna-plesdə yaşayan bir xəstəyə baş çəkəcəyinə söz vermişdi. Əndru qalxanda Kristin qapıyadək onu ötürdü. Dar dəhlizdə əli qıza toxundu. Ürəyində xoş bir ağrı duydu. Kristin bu vaxtadək onun rast gəldiyi qadınlara heç oxşamırdı. O, elə sakit, elə kövrək idi, elə qara, ağıllı gözləri vardı ki! Necə olub ki, əvvəllər fikrində onu "miskin" adlandırmağa cəsarət edib? Əndru ağır-ağır nəfəs alaraq pıçıldadı.

– Bu günkü axşam üçün heç bilmirəm sizə necə təşəkkür edim. Olarmı ki, yenə gəlim? Mən həmişə ancaq öz işimdən danışmıram. Kristin, bir vaxt tapıb mənimlə… mənimlə Topiqlenə, kinoya gedərsinizmi?

Qızın gözləri bu dəfə bir az şıltaqlıqla gülümsədi.

– Əvvəlcə bir dəvət edin, sonra baxarıq!

Ulduzlu uca səma altında, qapı ağzında araya bir dəqiqəlik dərin sükut çökdü. Şehli hava Əndrunun isti yanaqlarını sərinlətdi. Kristinin üzü elə yaxındı ki, o, qızın nəfəsini duydu. Birdən onu elə öpmək istədi ki! Qaranlıqda barmaqlarını gəzdirib onun əlini taparaq sıxdı, sonra çevrilib səkiyə endi, başında cövlan edən fərəhli fikirlərlə evə yollandı. O, milyonlarla adamın gəlib-getdiyi elə başgicəlləndirici bir yola qədəm qoydu ki, bu milyonların hər biri özünü hamının yaxşı tanıdığı, çox ayaq döyülmüş bu vəcdlər, sevinclər dünyasının yeganə müsafiri sayır. Ah, Kristin qiyamət qızdır! Əndru işinin çətinliyindən danışarkən Kristin onu necə də gözəl başa düşürdü! Kristin ağıllıdır, ondan qat-qat ağıllıdır! Necə də ləzzətli yeməklər bişirir!.. Həm də Əndru bu gün onu "Kristin" çağırdı!

Türler ve etiketler

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
18 ekim 2022
Hacim:
540 s. 1 illüstrasyon
ISBN:
978-9952-8451-1-8
Telif hakkı:
JekaPrint
Metin
Ortalama puan 0, 0 oylamaya göre