Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Qutadğu bilig», sayfa 3

Yazı tipi:

DİLİN FƏZİLƏTİ, FAYDASI VƏ ZƏRƏRİ ÜSTÜNƏ

 
158. Elmin, təfəkkürün dilmancıdır dil,
Kişini bəxtinə dil çatdırır, bil.
159. Kişini əzizlər, ucaldar da dil,
Yarar ər başını, qocaldar da dil.
160. Ağız qəfəsində dil bir ac arslan,
Özünü parçalar uçsan, buraxsan.
161. Dilindən dad çəkən görün və deyir:
Dilini qısmayan taparmı xeyir?
162. Çox bəlaya saldı öz dilim məni,
Başım kəsilməmiş kəsin dilimi.
163. Sözünə sərhəd qoy, batmasın başın,
Dilini dişlə ki, sınmasın dişin.
164. Sakin el dilindən… budur çətini,
Fitnəkar paxıllar çeynər ətini.
165. Tanrı cila verdi dilə, ağıla,
Mərd ol, dil yiyəsi, başını saxla.
166. Özünə rahatlıq, dinclik diləsən,
Dilindən silahsız söz çıxarma sən.
167. Elmli kişilər elmin güzgüsü,
Öz başını yeyər nadanın sözü.
168. Sözün çoxluğunda məna görmədim,
Gəvəzə natiqə xeyirsiz dedim.
169. Sözü çox çeynəmə… az çığır-bağır,
Yüz söz tilsimini bircə sözlə qır.
170. Söz deyənin başı göylərə dəyər,
İfrayt söz insanı alçaldar, əyər.
171. Eldə hörmətsizdi boş danışanlar,
Fəqət "lal" deyilən bir damğa da var.
172. İndi ki, böylədir… sözdə dürüst ol,
Nitqin yığcam olsun, zəka gücün bol.
173. Dilini saxlayan başını saxlar,
Qısa söz deyənin uzun ömrü var.
174. Dil nəfi başqadır, artıq üyütmə,
Məddah dili də var, arif dili də.
175. Çalış, bircə sözün min qəlbə girsin,
Qaranlıq qözlərə işıq gətirsin.
176. Biliksiz insanlar kordu şübhəsiz,
Elmdən qüvvət al, ey nadan, aciz.
177. Gələn bir gün gedir… parlaq yaşa sən,
Sözü öldürməsən, özün ölməzsən.
178. Kişini iki şey şux saxlar düzü:
Biri – ər xilqəti, biri – ər sözü.
179. İnsan gəldi-gedər… sözdü məbədi,
Ölməz söz insanı saxlar əbədi.
180. Özünə əbədi həyat istəsən,
Felindən, sözündən imdad istə sən.
181. Dili mədh elədim, yamanladım da,
Bunlar səninçindir, qalsın yadında.
182. Yüz-yüz, min-min kəlam idraka sığmaz,
Gərəkli sözlərin sayı azdır, az.
183. Böyükdür danışan, oğlum, səninlə,
Məndən aşaqıda əqlini dinlə.
184. Ən əziz sözümü sənə söylərəm,
Ata nəsihəti bütöv bir aləm.
185. Sənə qızıl qalsa miras, qulaq as:
Ata sözü qədər dəyəri olmaz.
186. Xərcləsən, tükənər xəznənin yüzü,
Xəzinə gətirər atalar sözü.
187. Atanın övlada ilk mirası – söz,
Dinləsə qazanar oğul birə yüz.
188. Söz deyə bildimmi? Oğlum çəkmə qəm,
Əgər peşman olub üzr istəsən.
 

KİTAB YAZARI ÜZR İSTƏYİR

 
189. Diləyim söz idi, ey ulu alim,
Gələcək nəsl üçün beş-üç söz dedim.
190. Ağlına gələni dərhal demə sən,
Sözün yanlış olsa bəla görərsən.
191. El dili yamandır, heç bilsən neynər?
Xəbislər, paxıllar əlini çeynər.
192. Dərd ağır gələndə dil sussun gərək,
Sözlə yox, mərdliklə dərdi əridək.
193. Sorğular soruşar qırpınan gözün,
Bütün sorğulara cavabsan özün.
194. İnsan olan yerdə yanılmaq da var,
Məgər yanılmayan bir insan olar?
195. Elm əhli seyrəkdir, elmsizlər çox,
Nadan tutub yeri, alimə yer yox.
196. Başsızlar başlıya düşmən kəsilib,
Ədavət ülfəti ortadan silib.
197. Kişinin kişidən xeyli fərqi var,
Yalnız elmdədir bu fərq, bu meyar.
198. Mən sözü deyirəm yalnız alimə,
Gözü bağlanmışa sən insan demə.
199. Hadana, nakəsə heç bir sözüm yox,
Ey alim, özüməm xidmətçin az-çox.
200. Sənə öz sözümü yavaş deyirəm,
Səndən utanıram, üzr istəyirəm.
201. Söz deyən yanılar, yoldan azar da,
Dinləyən düzəldər səhvi arada.
202. Söz cilovlu gərək dəvə burnu tək,
Hansı səmtə çəksən ora gedəcək.
203. Bilibən danışan ürfan əhli var,
Mənim gözlərimin işığıdırlar.
204. Bütün yaxşılıqlar elmdən doğar,
Göylərə yol açır alim adlı nur.
205. Bütün sözlərini elm ilə söylə,
Yalnız alim üzü saçmada şölə.
206. Söz endi toprağa mavi səmadan,
Sözlə qanadlandı, ucaldı insan.
207. Dibsiz dəniz gibi sonsuzdur insan,
O dibdə bilikdir ləl ilə mərcan.
208. Dənizdən incini sən çıxarmasan,
Onu bir çay daşı, caylaq daşı san.
209. Boz yerin altında qızıl layı var,
Qazıb çıxarılsa başda tac olar.
210. Alim öz elmini dilləndirməsə,
Yoxdur o elmdən fayda heç kəsə.
211. Elm ilə təfəkkür qanaddır qoşa,
Bacarsan qanadlan, yüksəl günəşə.
212. Eşit, nələr söylər bu kəndin bəyi,
O da bayraq edib yalnız biliyi.
213. Cahanı tutmağa zəkavət gərək,
Xalqı ram etməyə fərasət, ürək.
214. Aləmi əql ilə tutdu cahangir,
Xəlqi ram eləyən elmin sehridir.
215. Yarandığı gündən yoldadır bəşər,
Udur bu yürüşü yalnız aqillər.
216. Hər hansı dövrdə rütbə, xəzinə,
Kimə şölə saçıb? Alim üzünə.
217. Kişinin eybini nə silər? İdrak,
Elmin bulağıdır, onu qılan pak.
218. Elm, zəka sənə verməsə murad,
Yalnız bundan sonra qılınca əl at.
219. Xalqa başçı olur bilimdən bəylər,
Qılınc çalır yalnız kor dərəbəylər.
220. Aləmi tutmağa zəkavət gərək,
Xalgı ram etməyə fərasət, ürək.
221. Elm ilə fərasət, biliklə qeyrət,
Kişiyə bəxş edir eşsiz səltənət.
222. Tutmaq istəyirsən iki cahanı,
Soruş öz könlündən: bəs elmin hanı?
223. Özünə yaxşılıq istəsən əgər,
Yaxşılıq yolunu tut, ey hünərvər.
224. Adı qala bilər, insan özü yox,
Batırsan adını toyuqsan, toyuq.
225. Ad qalır, dünyadan tez köçür insan,
Adın yaşayırsa, sən də yaşarsan.
 

YAXŞILARA QATILMAQ

 
226. Yaxşılıq fürsəti keçibsə ələ,
Həm sözdə, həm işdə yaxşılıq eylə.
227. Sovuşar igidlik, sönər həyat da,
Bir gün uyuyarsan toprağın altda.
228. Ömrü qənimət bil, yaxşılıq et ki,
Odur qazandıran eşqi, ülfəti.
229. Heç kəs bu dünyada ölümsüz deyil,
Mərdin yaxşılığı baş tacıdır, bil.
230. Cahanda dağ boyda ərlər doğuldu,
Axırda toprağın qisməti oldu.
231. Yaxşı da, yaman da, bəy də, kölə də,
Ölür… adı qalır yalnız ölkədə.
232. Gəlmiş, sənə çatmış indi də növbət,
Yalnız yaxşılıq et, ad-san qoyub get.
233. Şah olsa da bir gün döşənir yerə,
Alqış ad-san qoyub, can verənlərə.
234. Yalnız iki adı yaşadır həyat:
Biri yaxşı addır, biri yaman ad.
235. Seç götür… yaman ad dərhal sökülür,
Yaxşı addan ərzə işıq tökülür.
236. Yaxşı ad çıxartsan layiqsən eşqə,
Yaman ad çıxartsan, yalnız səyüşgə.
237. Zöhhakın cəmdəyi lənət qazandı,
Fəridun hələ də bəşərin andı.
238. Biri yaxşı idi öydülər onu,
Biri yaman idi, söydülər onu.
239. Yamanmı xoş gəlir, ya sənə yaxşı,
Xalqın lənətimi, yoxsa alqışı?
240. Yamanlıq yaxşılıq rəmzidir insan,
Seç, götür birini, hansını umsan.
241. Hamını sınaqdan çıxarır zaman,
İşıqla zülmətdir, yaxşıyla yaman.
242. Mərdlər ad çıxarır, alğış qazanır,
Əclaflıq edənlər qarğış qazanır.
243. Min dəfə sınadım zövqü iflici,
Daim geri getdi, üzüldü gücü.
244. Haçan, hansı yerdə görüb bir kişi,
Bəhrə-bar yetirə şərin gərdişi?
245. Pislik – cəhənnəmdir, yalnız yandırar,
Salamat qoyduğu bircə daşmı var?
246. Fikir ver, nə qədər sələflərin var:
Avamlar, aləmi basıb alanlar…
247. Hansının könlündə yanıbsa işıq,
Verib bu aləmə zinət, yaraşıq.
248. Bəşər bəylərindən kimdə fəzilət,
Olubsa qətirmiş xalqa səadət.
249. Bu gün də yaşayır yaxşı kişilər,
Ən vacib işlərə başçı kişilər.
250. Elmin məbədinə hakimsə hər kim,
Arifi, alimi irəli çəkir.
251. Bir cüt əl – insanın əmək aləti,
Elm ilə saxlayır bəşəriyyəti.
252. Gör hansı eşq ilə çırpınmış ürək:
Acı, yoxsulu da zənginləşdirmək.
253. Bəşərin fəxridir səxavətlilər,
Onu yaşarı bil, ölübsə əgər.
254. Bilib ölməyini hazırlıq yapan,
Bir daş məktub yazır bizə məzardan.
255. Hər kim oxuyursa məzar daşını,
Dərk edir həyatın çağlayışını.
256. Elmdən qədrli cahanda nə var?
Nadanın öyüdü – həqarət, qubar.
257. Ürfan nuru saçan aq saçlı kişi,
Necə təsvir edir görün gərdişi:
258. Yuxarı başdaca yer tutdu nadan,
Aşağıya döndü həmən yer əlan.
259. Alim yer tutursa aşağı başda,
Orda lələ dönür adicə daş da.
260. Əyləş aşağıda, ya yuxarı qalx,
Hörmətini elmin göstərər ancaq.
261. Yüzündən seçilir yalnız iki ər!
Biri bəy, o biri alim hünərvər.
262. Qalanlar miyanə… dəyişir donu,
İstəsən bunu seç, istəsən onu.
263. Sən indi hansısan, tapmacanı aç,
İkisindən biri… üçüncüdən qaç.
264. Qılınc alıb-satan təhlükə saçar,
Qələm alıb-satan elmə yol açar.
265. Alim töhfəsidir gözəl qanunlar,
Sürünəni ərşə qaldırır onlar.
266. Ölünün diriyə mirasıdır söz,
Atalar sözünün nəfı birə yüz.
267. Elmsiz adamlar kor gibidir, kor,
Nur istə elmdən, ey zavallı, nur.
268. Gözəl söz – dodaqda reyhan, qızılgül,
Cəsur natiqləri vəsf et, ey könül.
269. Ariflər içində Türkcə məsəl var,
Qoy deyim, sabaha qalsın yadigar.
270. Dilin kürkü sözdür, əqlin kürkü söz,
Mərdin kürkü üzdür, üzün kürkü göz.
271. Yaxşı sözlər deyər mərd ömrü boyu,
Daim üzündədir üzünün suyu.
272. Sən bax, diqqətlə bax Türk bəylərinə,
Yaxşılıq biçilib əyinlərinə.
273. Türk bəyləri içrə ən şöhrətli ər,
Alp Ər Tonqa idi – daim səfərbər.
274. El-oba içində adlı-sanlı, mərd,
Elmli, zəkalı, ən cəsur xilqət.
275. Əfrəsiyab derdi taciklər ona,
Xalqı birləşdirib yığdı başına.
276. Kimlər dolandırar bəşəriyyəti?
O kəs ki, güclüdür elmi, sənəti.
277. Taciklər kitabda yazıblar bunu.
Kitab – aşıb-daşan əqlin yekunu.
278. Ən sərt düyünləri kim aça bilər -
Ağızlı kişilər, alim kişilər.
279. Qulanı basmağa nər arslan gərək,
Cahanı tutmağa hünərli erkək.
280. Zülməti boğmağa, işıq olmağa,
Elm ilə yol açır Cahangir ağa.
281. Düşmənin boynunu qılıncla vuran,
Adil siyasətlə olur qəhrəman.
 

ELM, ZƏKA – İDRAK FƏRQLƏRİNİN NƏFLƏRİNİ BİLDİRİR

 
282. Bilirsən qəsdimi, ey ulu alim,
Elmdən, zəkadan – idrakdan deyim.
283. Zülmət bir gecədə məşəldir zəka.
Elmdir nur salan kor qaranlığa.
284. Elm ilə, idrakla yüksəlir insan,
Qədr-qiymətini elminlə qazan.
285. Yad et zəka tacı Nuşirəvanı,
Necə işıqlatdı əqli cahanı.
286. Elmi sayəsində (mən eşitmişəm)
Qaçmış cəhənnəmdən əhli-cəhənnəm.
287. Səadət gətirdi xaqan millətə,
Adını həkk etdi əbədiyyətə.
288. Çocuq ki, hələlik yüzütmür qələm,
Kamala, idraka dolmayıb, nə qəm.
289. Qələm də dincəlir zəka sönəndə,
Qoca əldən düşüb dağdan enəndə.
290. Əgər ölsə dəli, ona ölüm yox,
Öldümü, qaldımı, nə bilsin yazıq?
291. Ağılsız, kamalsız yüngül kişilər
Arsızdır bəhrəsiz ağaclar qədər.
292. Elmdir yaradan qədri-qiyməti,
Savadsız adamın nə mərifəti?
293. Zəkalı kişilər nə bəxtiyarmış,
Deməli, əsli də, nəsli də varmış.
294. İdrakı olanın nəcabəti var,
İdrakı olanlar bəylik qazanar.
295. Üzüb qara yerdən əlini insan,
Saçdı kainata elm ilə ürfan.
296. Zəkadan saçılır aləmə şölə,
Bəylər xalq işini görür əql ilə.
297. Dünyada nə qədər gözəl sənət var,
İdrak sayəsində yaranmış onlar.
298. Nə böyük matahdır demə təfəkkür,
Hələ zərrəsinin hökmü böyükdür.
299. Alim nə deyirsə dinləmək gərək,
Dörd şeyi yadında saxlasın ürək.
300. Biri – od-alovdur, biri-xəstəlik,
Biri – qarı düşmən, o da üstəlik.
301. Dördüncü – elmdir, ömürdən baha,
Sən bu dördcə şeyi ucuz tutma ha!
302. Bunlardan hər biri alim kimidir,
Yəni həm faydalı, həm zərərlidir.
303. Elm kimya kimi həmişə cəmdir,
Təfəkkür cövhəri, qəlbə məlhəmdir.
304. Elm gül suyuna bənzəyir bir az,
Nə elmi, nə ətri gizlətmək olmaz.
305. Gülabı gizlətsən, gələcək ətri,
Dilə od vuracaq elmin hər sətri.
306. Elm sənin öylə sərvətindi ki,
Darta, çala bilməz bir oğru-əyri.
307. Elm ayağında qandaldır… əhsən!
Yararsız işlərə gedə bilməzsən.
308. Elmin qüdrətilə oldumu rəhbər,
Uca, pak adini ər zəncirləyər.
309. Qandala saldığın canavarı sən,
İstədiyin səmtə yönəldəcəksən.
310. Zəka sənin üçün ən müqəddəs and,
Elm sənin üçün mehriban ustad.
311. Bildiyin düşməndir, biliksiz ərə,
Yetər bu düşmənlik onu öldürə.
312. Türkcə bir məsəl var buna bənzəyən,
Oxu və həkk elə öz beyninə sən.
313. Zəkalıya eşdir zəkası, ağlı,
Nadana ləkədir öz nadanlığı.
314. Qarnını, əynini görürsə elmin,
Yavuz qoldaşındır biliksizliyin.
315. Qəzəbi özündən iraq tut, iraq,
Uyma qəhr etməyə heç vədə, heç vaxt.
316. Qəzəblə, qəhr ilə iş görmə, sakın,
Yoxsa puça çıxar ömrün, varlığın.
317. Sonradan vaysınar qəzəbli kişi,
Dürüst görə bilməz ən adi işi.
318. Müdrik kişilərə sər-sambal gərək,
Ay və Günəş kimi nur camal gərək.
319. Kişi – xoşqılıqlı, mülayim, mətin,
Çırağı olmalı mədəniyyətin.
320. Kişi zəki gərək – iş görə bilsin,
Elmini ellərə pay verə bilsin.
321. Seçsin gərəklini, gərəksizləri,
Görsün yararlını, yararsızları.
322. Nur ilə zülmətin fərqini bilsin,
Özünün dərdini, sərini bilsin.
323. Hər sözü bişirən kamil kişilər,
Çiy yeməz, əti də bişirib yeyər.
324. Yetər mətləbinə bu cür adamlar,
Hər iki dünyada məğrur adamlar.
325. Kişiyə düşməndir qəhri, qəzəbi,
Daim çılğın yaşar, daim əsəbi.
326. Bu sözə əməl et, ey üzü nurlu,
Yaşa ər qürurlu, alim qürurlu.
327. Qəhr edən adamlar biliksiz olur,
Qəzəbin içində zəka boğulur.
328. Cəhalət kişiyə düşməndi, düşmən,
Alçaqlıq yaranır kindən, qəzəbdən.
329. Elmli kişilər sözünün əri,
Sözü – ürək hökmü, can bərabəri.
330. İnsanın içəri düşmənləri var,
Qəlbi sökür-tökür, dağıdır onlar.
331. Düşməndir – yalana öyrəşən dilin,
Vədə xilaflığın – başqa qatilin.
332. İçki düşgünlüyü – başqa düşmənin.
Düşmən təhlükədir, başa düş məni.
333. İfratçılıq özü – düşmən – nataraz,
İfrat kimsələrin sevinci olmaz.
334. Xülqün, xasiyyətin alçaqlığı da,
Zəhərli ilana bənzəyir qında.
335. Yaman dil, acı dil – ən yava duyğu,
Adamı öldürən zəhər tuluğu.
336. Bu cür qusurların ikisi, üçü,
Birləşsə, tükənməz insanın gücü.
337. Xəbisin, kinlinin gicələr başı,
Heyhat, ətəyindən o tökməz daşı.
338. Gəl, ey yaxşı kişi, yaxşı ol yenə,
Yaxşı çıraq tutur öz ölkəsinə.
339. Eşit nə cür olur mətin, mötəbər,
Xalqa əl uzadan müdrik kişilər.
340. Yaxşılıq yaşayır, ölmür heç vədə,
Yamanlıq gəbərir, əzizlənso də.
341. Yaman tez qocalır, ömrü beş-üç gün,
Yaxşı məşəlidir uzun bir ömrün.
342. Yaxşı hər gün tapır bir diləyini,
Yaman daim yeyir öz ürəyini.
 

KİTABA AD VERMƏYİM VƏ QOCALIĞIM

 
343. Kitaba ad verdim "Qutadqu bilik",
Tapsın oxuyanlar ağ gün, xoşbəxtlik.
344. Bitirdim kitabı. Sizə tanışdır,
O, iki dünyanı qucaqlamışdır.
345. Mərd iki dünyanın səadətini,
Tapırsa qazanır öz qismətini.
346. Sözümün əvvəli Əlik Gündoğdu,
Öncə deməliyəm ad hardan doğdu.
347. Aydoldu barədə konuşdum sonra,
Saldı şöləsini bəxtli çağlara.
348. Gündoğdu dediyim çin ədalətdir,
Aydoldu dediyim bəxt, səadətdir.
349. Ögdülmüş haqqında söz dedim sonra,
Əqli aldı bizi ucalıqlara.
350. Onların yanında Ozğurmuş durur,
Afiyət deyirəm, afiyət odur.
351. Dörd nəsnə üstündə yürütdüm sözü,
Oxuyub düşünsən açılar gözün.
352. Sevinclə yürüyən ey məğrur igid,
Sözüm ucuz tutma, könlünlə eşit.
353. Möhkəm ol, ayrılma haqqın yolundan,
Vermə gəncliyini əbəs… faydalan.
354. Gənclik gəldi-gedər… tut qədrini bil.
Nə qədər bərk tutsan… daimi deyil.
355. İkilik gücü var səndə… min olsun,
İtaət, ibadət adətin olsun.
356. Gənclik əldən çıxdı… vaysınıram mən,
Kəsirəm… fayda yox ahdan, nalədən.
357. Arxada qalıbsa kimin qırx yaşı,
Gəncliyi onunla gedir yanaşı.
358. Salam, gəlib çatdın, ey əlli yaşım,
Ağ quzğun gibidir ağaran başım.
359. Nə söylər əlli yaş? Ölüm bir oğru,
Hər halda gedirəm əcələ doqru.
360. Kim əlvida desə altmış yaşına,
Yaz gedir… yanaşır ömrün qışına.
361. Otuz nə verdisə əlli yaş aldı,
Altmış gəlsə çatsa, daha nə qaldı?
362. Sənə neyləmişəm, ey əlli yaşım,
Qisas istəyənim, bəlkə baş daşım!
363. Şirin gəncliyimdi çıxan qarşıma,
Kimlər zəhər qatdı mənim aşıma?
364. İndi yaydı qəddim, o zamanlar – ox,
Onda da, indi də arzularım çox.
365. Mənə nə verdisə qaynar gəncliyim,
Kayb etdi qocalıq… hanı dincliyim?
366. Al məni yanına, ey aləmpənah
Ömrümə ad vurur çəkdiyim hər ah.
367. Ayaqlar sürünür… ayaqlar ağır.
Yorğun gözlərimi qaranlıq basır.
368. Getdi ağız dadı, könül atəşi,
Hanı gəncliyimin uçar köhləni?
369. Dur, yığış, ey qoca, şələni bağla,
Ötən günlərinə hönkürüb ağla.
370. Bütöv bir həyatı vermisən yelə,
Qalan günlər üçün bir üzür dilə.
371. Ey mənim ölməzim, hara can atdın,
Bunca ölərini neçin yaratdın?
372. Duaçınam, hər şey öz əlindədir,
Yaşımın üstünə bir az yaş gəlir.
373. Səndən qüvvət alıb başladım sözə.
Bir gün tamamlaram, versən icazə.
374. Ey dilim, vəsf elə ulu Tanrını,
Qurd-quşdan arıtdı könül tarlamı.
375. Qəlblərə nur saldı, seçdi, yaratdı,
Doğru yol göstərib dadıma çatdı.
376. Tulladı zülmətdən məni işığa,
Qərq oldum günəşə, yar-yaraşığa.
377. Azıb batmış idim, yol göstərdi, yol,
Oddan çıxarmasa, kül olardım, kül.
378. Sevdi, əzizlədi, məni ucaltdı,
Xətalar yolundan dartdı, çıxartdı.
379. Könlümü doldurdu səadət ilə,
Dilimə can verdi şəhadət ilə.
380. İdrakım, qayəmdir peyğəmbər sözü.
Yapışsın qolumdan peyğəmbər özü.
381. Mən nəydim? Taqətsiz, yolsuz bir kölə,
İlahi, yetişdim sənin fəzlinlə.
382. Necə şükr edim ki, eşitsin Tanrım?
Çatsın imdadıma ağ sabahlarım.
383. İlahi, bilirsən acizliyimi,
Tək sənə bəllidir qəlbimin qəmi.
384. Sənə şükr etməyə gücüm çatarmı?
Sən özün şükr elə özünə, Tanrım!
385. İmkan vermə çıxım haqqın yolundan,
Sönməsin könlümdə bu din, bu iman.
386. Canım çıxan zaman üstümə tələs,
Axır nəfəsimi şəhadətlə kəs.
387. Alanda qoynuna yeraltı məni,
Yağdır məzarıma öz rəhmətini.
388. Taqətsiz qulunam, ey ulu yəzdan,
Özün fəzlin ilə keç günahımdan.
389. Bütün möminlərə həyansan, həyan,
Bu gün bir nişan ver baqi dünyadan.
 

GÜNDOĞDU ELBAŞI ÜSTÜNƏ SÖZ

 
390. Fəhm fəhm eləyir, bilik bildirir,
Vəfasız dünyanı bizə güldürür.
391. Qartımış qarıdır, mələk cildi var,
Bir qız cəmalında görünən kaftar.
392. Özünə cəzb edər o şux gulnəfəs,
Fəqət əl uzatsan əlini verməz.
393. Sevməz sevənləri, ceyran tək qaçar,
Ondan qaçanların ayağın qucar.
394. Bəzən görərsən ki, bəzənib gedər,
Bəzən baxar yerə, nazlanıb gedər.
395. Gahdan azxasını çevirər sənə,
Tutmaq istəyərsən, əl verməz, dönər.
396. Neçə bəy qarıtdı, qarımaz özü.
Neçə bəy kiritdi, cəh-cəhdir sözü.
397. Cahanda mərd, cəsur bir bəy də vardı,
Aləm sayəsində bir laləzardı.
398. Dövləti bərqərar, adı Gündoğdu.
Bəxtinin günəşi vaxtında doğdu.
399. Əmri, feli dürüst, gözü-könlü tox,
Dili baldan şirin, yalan sözü yox.
400. Hüsyar, zəka əhli, savadı əla,
Düşmənə amansız, od-alov, bəla.
401. Qüdrətli, qürurlu el bahadırı…
Onu tez yüksəltdi mərd addımları.
402. Hümmətlə yürüdüb siyasətini,
Çox uca tutardı ləyaqətini.
403. Buna uyar gəlir şairin sözü,
Oxuyub anlasan açılar gözün.
404. Kişinin hüsnüdür hümmət, mürüvvət,
Hər bir alçaqlığa alovlu nifrət.
405. Mərdin öz hümməti, öz mürüvvəti,
Artırır ondakı qədri-qiyməti.
406. Gündoğdu xilqəti örnəkdir bizə,
Günəş və Ay kimi nur saçdı ərzə.
407. Hər kim ağıllısa çəkdi yanına,
Ucaltdı özünün kəhkəşanına.
408. Yığdı ətrafına seçmə bəyləri -
Zəkalı, qeyrətli min hünərvəri.
409. Xalqa can yandırdı, yaratdı, qurdu,
Müdrik kişilərin üstündə durdu.
410. Təki yardım etsin hər başı uca,
O da nəfəs dərib dincəlsin azca.
411. Bir gün qayğılanıb dedi: – Şübhə yox,
Bu bəylik işləri əzablıdır çox.
412. Hər işin nə qədər baş ağrısı var,
İşlər türlü-türlü, vaxt az, macal dar.
413. Təkcə nasıl görüm bu qədər işi,
Mənə yardım gərək, iş görən kişi.
414. Yetsin imdadıma bir ərən, bir ər,
Qeyrətli, bilikli, cəsur, hünərvər.
415. Dili düz, qəlbi düz, işlə qol-boyun,
Mehriban, imanlı, haqsevər olsun.
416. Sirrimi, əhdimi bildirim ona,
Bütün işlərimi qoysun yoluna.
417. Müdrik, dünya görmüş, sınanmış kişi,
Başından keçirib bütün gərdişi.
418. Mənə köməkçilər, yardımçılar ver
Elmli, qeyrətli, hər işə qadir.
419. Yardımçılar gərək qeyrətli, işcil,
Yalnız iş görənlər həyata qabil.
420. Yardımçı çox olsa məşəqqət olmaz.
Bəylər bəy işini görər, keyfi saz.
421. Yardımçı – bəyliyin qanadı, qolu,
Onsuz hansı tədbir yerini tutdu?
422. Gündoğdu yardımçı tapa bilmədi,
– Nə qəm, bir cüt əlim sağ olsun! – dedi.
423. Hər gün tab elədi yüz məşəqqətə,
Dincəlsə, dinclik də döndü zəhmətə.
424. Yaxşı ki müqəddəs bəxtin yiyəsi,
Bu haqda bəxş edib bir söz töhfəsi.
425. Bir sevinc umursan, yüz kədər gəlir,
Məşəqqət kökündə qayalar dəlir.
426. Börkü də böyüyür, böyüdükcə baş,
Baş ağrısıyla da gəl indi tutaş.
427. Əlik bütün elə göz-qulaq oldu.
Açıldı qapılar, qara ağ oldu.
428. Boğdu öz əlilə yaramazları,
Atdı yamanları eldən dışarı.
429. Bu cür təmizlədi eli-elatı,
Şöhrəti yüksəldi, dövləti artdı.
430. Burda şair dili söz demiş gözəl,
Olmuş ağızlarda, dillərdə məsəl:
431. Qafillik ucundan çoxları öldü,
Ayıqlıq həmişə imdada gəldi.
432. Sakın, qafilliyi özünə ar bil,
Hər iki dünyada misgindi qafil.
433. Yurdu basıb gəlsə düşmən qəfildən,
Öncə qafil olur gəbərən, köpən.
434. Daim ayıq-sayıq, hüşyar olmasan,
Yırtıcı düşməni nə cür yıxarsan?
435. Ölkədə ayıq ol, ey başçı qüdrət,
Bunu tələb edir həm də şəriət.
436. Vaxtı öldürənlər ən böyük axmaq,
Hələ ki qadirsən, qafil olma, qalx!
437. Ayıq başçılardan qüvvət alır kənd,
Bürüyür ölkəni xeyir – bərəkət.
438. Elbaşı ayıqsa çiçəklənər yurd,
Eyni sudan içər həm qoyun, həm qurd.
439. Sevənlər eşq ilə onu öydülər,
Yağılar eşidib boyun əydilər.
440. Pənah istədilər çoxları ondan,
Çoxları öpdülər astanasından.
441. Könlü ayıqların fikri, mətləbi,
Əlvandır səhrada çiçəklər gibi:
442. Bəylik – ayıqlıqdır, haqq yoluna çıx,
Ey kamalı günəş, çöhrəsi açıq.
443. Bəylik – siyasətdir, ey elsevər bəy,
Onu doğru-düzgün yürütmək gərək.
444. Bəxtiyar yaşayar ellər, əmin ol,
Bəyləri tutsalar doğru – dürüst yol.
445. Yaxşı ad – mərd üçün necə səadət!
Ölməzlik, ülviyyət, ən ülvi qismət.
446. Bəy bayraq eləsə insaniyyəti,
Bütün yaxşılıqlar olar qisməti.
447. Elbaşı ucaltdı eli-obanı,
Bürüdü cahanı şöhrəti, şanı.
448. Alqışlar, dualar onu ucaltdı,
Ad-sanı, dövləti günbəgün artdı.
449. Oldu cahan xalqı ona aşina,
Yığıldı hər yandan ellər başına.