Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Qutadğu bilig», sayfa 5

Yazı tipi:

ELBAŞI GÜNDOĞDU AYDOLDUYA ƏDL SİFƏTİNİN NECƏ OLDUĞUNU BİLDİRİR

 
749. Bir gün oturmuşdu Gündoğdu yalqız,
Sıxıldı boş evdə yarsız-yoldaşsız.
750. Çağırdı dostunu, yol verdi ona,
Dost içəri gircək əl verdi ona.
751. Önündə Aydoldu dayandı məğrur,
Elbaşı söz demir, bir müddət susur.
752. – Əyləşin, söylədi işarətilə,
Dopdolu nəzakət, məhəbbətilə.
753. Əyləşdi Aydoldu ahəstə, yavaş,
Canında sıxıntı, bir az da təlaş.
754. Baxdı Elbaşıya gözucu, xəlvət,
Elbaşı turşsifət, qaşqabaqlı, pərt.
755. Əyləşib, altında gümüş kürsüsü,
Üç ayaq üstündə durur bu kürsü.
756. Əlində bir bıçaq, özü bir az sərt,
Solunda dərman var, sağında şərvət.
757. Onu görən kimi qorxdu Aydoldu,
Dərin nəfəs aldı, rəngi saraldı.
758. Başını qaldırıb dedi Elbaşı:
– Bir tərpət dilini, bir söz de yaxşı.
759. Lalmısan, karmısan, bir söz demirsən,
Yalqızmı görmüsən məni burda sən?
760. Aydoldu söylədi: – Xoşbəxt elbaşı,
Sözdə cürətsizəm, nitqdə naşı.
761. Bu cür xülqün özgə, felin də özgə,
Bununçün eymənib durmuşam gendə.
762. Bu gün öyüd vermiş bizi öyrədən:
Yaxın durma bəyə qəzəblənirkən.
763. Bu sözü demişlər göz necə gerçək:
Od və zəhər olur qəzəblənən bəy.
764. Bəylər qəzəb saçsa, qəhr ilə sərxoş,
Yaxrın durma ona, ey xilqəti xoş!
765. Bəylər qəhrə dolub saçırkən hiddət,
Onlardan uzaq ol, ey bəşəriyyət.
766. Bir cüt misra deyim, yaramı bağla,
Onu sal qəlbinə, özünü saxla.
767. Qəzəbli vaxtında yanaşma bəyə,
Yanaşsan, ürcahsan qədrsizliyə.
768. Bəylər buz ürəkli arslana bənzər,
Qəzəblənsə, kükrər, başını üzər.
769. Elbaşı söylədi: – Gözdən söz aldın,
Niyə təəccübdə, heyrətdə qaldın?
770. – Heyrət içindəyəm, bəli, ey dədə,
Neçin əyləşmisən gümüş kürsüdə?
771. Bu necə oturuş, bu necə kürsü?
Cavab ver, ayıraq əyridən düzü.
772. Nədir əlindəki o uzun bıçaq?
Şərh et, mənasını anlayaq, açaq.
773. Solunda dərman var, sağında şərbət,
Bizə nələr deyir bu bal işarət?
774. Sərt qəzəb içində qaşqabaqlı bəy,
İtirdim ağlımı bu halı görcək.
775. Dinib-danışmadım, elə bil laldım,
Təəccüb içində, heyrətdə qaldım.
776. Elbaşı söylədi: – Anladım səni,
Dinlə, mən də deyim başdan keçəni.
777. Mən dünən çağırdım. Sən gəldin, hələ,
Sənə yer göstərdim ehtiram ilə.
778. Felini, fəndini məndən gizlədib,
Əcayib işindən bəhs açan rəqib.
779. Mən qəzəb saçanda qorxudan əsdin,
Sənə qəhr qıldım, sözünü kəsdin.
780. Sonra nələr dedin: – Mən bəxtəm, tanı,
Anla hər işdəki məğzi, mənanı.
781. Verdin yozumunu, hər felin nədir?
Mən açdım, oxudum onları bir-bir.
782. Qandım, qəbul etdim sənin üzrünü,
Səni əzizlədim, ay ömrüm-günüm.
783. Mən də göstərirəm indi gün kimi,
Aydın işlərimi, sənətlərimi.
784. Budur, diqqət elə, rəmzlər rövşən,
Adil siyasətin məkanıyam mən.
785. Qurduğum kürsü üçayaqlıdır,
Dirənib torpağa, ərzə bağlıdır.
786. Büdrəmir, sarsılmır üçayaqlılar,
Çünki bərk dayanan üç dayağı var.
787. Titrəsə, büdrəsə üçündən biri,
Gedər bu kürsümün dizinin kiri.
788. Yerə bərk dirənir üçayaqlılar,
Dörd olsa, bəlkə də əyri, ləng olar.
789. Göz yetir, düz şeylər uzun olurlar,
Uzun olanların düz qaməti var.
790. Əyrilik rəmzidir hər gödək olan,
Bütün əyrilərin toxumu yaman.
791. Hansı düz büdrəsə qalmaz, yıxılar,
Düzlər düz dayansa, həmişə yaşar.
792. Mənim işdəklərim düzgündür ox tək,
Ədalət hökmünü görəsən gərək.
793. İşdə hökmüm qəti, ədalətim çox,
Bəymidir, qulmudur, mənə dəxli yox.
794. Əlimdə tutduğum bıçaqdırsa, bax,
Biçmək, kəsmək üçün yaranmış, ancaq.
795. Cinayət işini uzatmaram çox,
Baçaqtək kəsərəm, bıçağım bir ox.
796. Zillət çəkənlərə verirəm şərbət,
Gəlib dərgahıma tapsa ədalət.
797. Şərbəti içdimi, şad olub gedər,
Sevinci, şadlığı dünyalar qədər.
798. Dərmanı verirəm o kimsəyə ki,
Özü qəddar ola, əməli əyri.
799. Bal yox, zəhər-zəqqum verirəm ona,
Bu zəqqum cavabdır zalımlığına.
800. Mənim qaş-qabağım, üz turşutmağım,
Zalıma güzəştdir cavabdır, sakin.
801. İstər yaxın olsun, istərsə uzaq,
İstər çaxmaq gibi çaxan bir qonaq…
802. Ya öz ciyərparam… mənə dəxli yox, -
Hökmüm adil olur, beynim də soyuq.
803. Bəyliyin özülü düzgünlükdü, bil,
Bəylər adil olsa, çiçəklənər el.
804. Aqillər söz demiş bu fikrə bənzər,
Aqillər sözünü tutan yüksələr.
805. Bəyliyin təməli düzlükdü düzlük,
Canı, şah damarı düzlük, təmizlik.
806. Bəy tutsa doğru yol, adil siyasət,
Hər bir mətləbinə yetişər əlbət.
807. – Gündoğdu, ey mənim bağrımın başı,
Adında məna var, aç yaxşı-yaxşı.
808. – Duymuş xilqətimi o tarix yazan,
Ən dürüst ad seçib mənimçün ozan.
809. Kiçilməz, qaralmaz, al Günəşə bax,
Həmişə yetkindir, həmişə parlaq.
810. Mənim də xilqətim Günəşə bənzər,
Safam, müqəddəsəm al Günəş qədər.
811. Gün doğar, aləmi nura qərq edər,
Nur saçar, işığı hər kəsə yetər.
812. Mən də Günəş kimi yox olmam, varam,
Hamıya eyni cür işıq saçaram.
813. Gün çıxsa, aləmə istilik verər,
Gül açar minlərcə güllər, bitkilər.
814. Mənim ədalətim hansı elata,
Çatsa, çiçək açar sal qayası da.
815. Yaxşıya, yamana Günəş fərq qoymaz,
Hamsına nur saçar, özü azalmaz.
816. Eyni biçimdədir mənim də felim,
Məndən bəhrələnir min obam, elim.
817. Günəş bürcü sabit… daim bərqərar,
Dəyişməm… Günəşə bənzəyişim var.
818. Gün bürcü Arslandır – heç vaxt tərpənməz,
Bürcü sarsı bilməz, azalmaz, enməz.
819. Böyləyəm, dəyişməz məğzim, adətim,
Nur saçmaqdan savay yoxdur halətim.
 

AYDOLDUNUN ELBAŞIYA SORĞUSU

 
820. Aydoldu söylədi: – Xoşbəxt Elbaşı,
İşığa qərq elə hər yaranmışı.
821. Uzun yollar keçib, çəkib min zillət,
Sənin dərgahına çatdım nəhayət.
822. Feyzin, fəzilətin bol olduğundan,
Gəldim dərgahına, ey xoşbəxt adam!
823. Nasıl xidmət edim söylə mən sənə,
Səadət günəşi gülsün üzünə?!
824. Ər xidməti bəyi salmasa razı,
Yüz məşəqqət çəkə, varrnı mənası?
825. Eşidin, nə demiş bir ər oğlu ər,
Xidməti naminə qalxan bəxtəvər.
826. Əgər xidmət etsə bəyə xidmətkar,
Bəyi şad etməkdir ən dürüst meyar.
827. Öylə xidmət et ki, razı qalsın bəy,
Razıdır, qapılar açılır, demək.
828. Xidmət etdiyini bilsə xidmətkar,
Ən yuxarı başda şərəf yeri var.
829. Bəyi şad eləsə xidmət əhli qul,
Açılar önündə ən işıqlı yol.
 

ELBAŞININ AYDOLDUYA CAVABI

 
830. – Aydoldu, dinlədim səni həvəslə,
Mənə sevinc dilə, özünü gözlə.
831. Mən sənə bəhs açım yararsızlardan,
Yararsız hər şeydən uzaqlaş əlan.
832. Biri yalançılıq – ən böyük mərəz,
Biri zorakılıq – yırtıcı bir nəfs.
833. Gözümün düşməni saydım onları -
Ar və həya bilməz küt məlunları.
834. Qurumsaq gədələr, gərəksiz, bifər,
Alçaqlar, saxtalar, əliəyrilər.
835. Qatillər, mitillər qan düşmənimdir,
Ləyaqət, şərafət, şan düşmənimdir.
836. Sənin də düşmənin nakəslərdisə,
Demək, səngərdaşıq, verək səs-səsə.
837. Demək, nəfəsdaşım, qan qardaşımsan.
Fəxrim, iftixarım, uca başımsan.
 

AYDOLDUNUN ELBAŞIYA SUALI

 
838. Aydoldu söylədi: – Dinlədim səni,
Yenə bir sözüm var, agah et məni.
839. Kimdir yaxşı kişi cahanda səncə,
Gözəl qılıqları yetişir necə?
 

ELBAŞININ AYDOLDUYA CAVABI

 
840. Ər kişi, nər kişi odur ki, dədə,
Xalqına faydası dəysin ölkədə.
841. Xalqa xidmətini eləsin peşə,
Mükafat ummasın gördüyü işə.
842. Yurda fayda versin, minnət qoymadan,
Özü özgəsindən faydalanmadan.
 

AYDOLDUNUN ELBAŞIYA SUALI

 
843. Aydoldu söylədi: – Anladım səni,
Qəlbimdə əhdim var, agah et məni.
844. Doğruluqdan danış. Nədir doğruluq?
Bəlkə ondan savay işıq yolu yox?!
845. Nədir bu dünyada doğruluq yolu,
Təməli, cövhəri, qanadı, qolu?
 

ELBAŞININ AYDOLDUYA CAVABI

 
846. – Başqadır doğrunun ovsunu, sirri -
Qəlbi də, dili də, sözü də birdi.
847. Məşələ bənzəsin kişinin könlü -
Bir olsun hər zaman içiylə çölü.
848. Qəlbini ovcuna alıb yürüsə,
Məğrur baxa bilsin kəsə, nakəsə.
849. Doğruluq mərd üçün səadətlə tən,
İnsanlıq deməkdir başdan, binədən.
850. İnsan yox, insanlıq qiymətlidir, bil,
Doğruluq azalmış, adam az deyil.
851. Buna uyar demiş sözünü şair,
Bəxş edib sözünün duzunu şair.
852. Deyənlər, gülənlər ərzə sığmazdır,
Ər kişi, mərd kişi bəs neçin azdır.
853. Adam yox, kişilik üstündü, qafil,
Yalnız ər kişini bəyənir aqil.
 

AYDOLDUNUN ELBAŞIYA SUALI

 
854. Aydoldu söylədi: – Xoşbəxt Elbaşı,
Bu sözü mənimçün aç yaxşı-yaxşı.
855. Yaxşı mümkünmüdür yamana dönsün,
Yamanlar dəyişsin, yaxşı görünsün?
 

ELBAŞININ AYDOLDUYA CAVABI

 
856. Yaxşılar dünyada növ-növ, cürbəcür,
Doğru yol tutanlar haqq körpüsüdür.
857. Mərd, anadangəlmə yaxşılar da var,
Daşı, qayanı da yarar, yol açar.
858. Köçəri, ötəri yaxşılar var ki,
Qoşulsa yamana kirlənər beyni.
859. Yamanlar dünyada azı iki cür -
Fitri yamanların qəlbi ölüdür.
860. Paxıl var, xəbis var – cəmdəyi mərəz,
Yusan, dəryalar da pak edə bilməz.
861. Köçəri, ötəri yamanlar da var,
Qoşulsa doğruya bəlkə doğrular.
862. Fitri yaxşılardan yaxşılar törər,
Onlardan insanlıq mənfəət görər.
863. Fitri yamanların dərmanımı var?
Aləmə bəladır, xalqa zəhrimar.
864. Türkcə bir məsəl var, qoy deyim bunu,
Kamil yaşamağın öyrən yolunu.
865. Qbrəcən dəyişmir, yaşayır qılıq -
Halal süddən gələn saflıq, yaxşılıq.
866. Ölməzdir insanın fitri xilqəti,
Əcəl pozmayınca dəyişməz qəti.
867. Süd ilə, sümüklə gələn bir adət,
Yerin altında da yaşayar əlbət.
868. Yaxşının yoldaşı olarsa yaman,
Özünü itirər o da anbaan.
869. Yaxşıya qoşulan yaman da bir nur -
O da yaxşılığın qurtuluşudur.
870. Vurulsa, bənd olsa yaxşıya yaman,
Bəlkə tapa iman eşq ucbatından.
871. Ulus qanadlanar, yaxşısa bəyi,
Xülqü gözəl olar, rəftarı eyi.
872. Bəylər yaxşılara versələr dəyər,
Yamanlar da işi yaxşı görərlər.
873. Aldatsa bəyləri yaman quzğunlar,
Xalqa divan tutar əli uzunlar.
874. Yaman baş qaldırsa, yaxşılar ölər,
Yaxşı dağa dönsə, yaman kiçilər.
875. Əgər yaxşı olsa bəxtiyar bəylər,
Ellər də gül açıb, gül dərəcəklər.
876. Bəylər də pozulub yamanlaşsalar,
Bir gün çırtıq çalıb yamanlar oynar.
877. Siyasət yeritdi bəy – böyük insan:
Yamanın yeridir qəfəs, ya zindan.
878. Əgər yaxşıdırsa xalq elçiləri,
Tamam yaxşı olar xidmətçiləri.
879. Əgər yaxşı olsa bəylər özləri,
Səadət gülləri bəzəyər yeri.
 

AYDOLDUNUN ELBAŞIYA SUALI

 
880. Aydoldu söylədi: – Nur üstünə nur,
Elbaşı, dediyin sözlər doğrudur.
881. Yaxşıdır, əlbəttə, yaxşılıq bilən,
Faydalı işləri tez görməlisən.
882. Bütün xalq istəyir varı-dövləti,
Nə cür başa gəlir bəs bu niyyəti?
883. Elbaşı söylədi: – Əsl kişilər,
Əsl yaxşılığı daima dilər.
884. Əsl şey cahanda daim baş olur,
Əsil əməllərə mərdlər qoşulur.
885. Alçaqlardı görən yaman işləri,
Gərək sındırılsın qanlı dişləri.
886. Ucuz yatıb qalır qayada, daşda,
İpək əzizlənir yuxarı başda.
887. Yaxşı tez yüksəlir, tək qimətlidir,
Yaman dibə çökür, xılt adətlidir.
888. Burda əsl sözü zəkalar demiş,
Zəka töhfəsidir ən dadlı yemiş.
889. Yaxşılıq – zirvədir. Lakin hər kişi,
Məgər görə bilir bu yüksək işi?
890. Lap yaxşı olsa da xilqətdə bir kəs,
Elmsiz, savadsız yüksələ bilməz.
891. Aydoldu söylədi: – Xoşbəxt Elbaşı,
Nə qədər vəsflər qazanıb yaxşı.
892. Bəs onun yoxmudur bircə nöqsanı,
Barı bircəsini göstərin… hanı?
 

ELBAŞININ AYDOLDUYA CAVABI

 
893. – Yaxşı təriflənir, belədi qayda,
Yaxşı xislətləri vəsf olunmada.
894. Ömründə yaxşılıq bilməyən alçaq,
Mərdlərə həmişə mane olacaq.
895. Yamanlar çox zaman yaxşı yaşayır,
Yaxşılar qolunda qandal daşıyır.
896. Kim yaxşılıq etsə yaxşılıq tapar,
Darda da özünü sanar bəxtiyar.
897. Bir günlük sevinci fürsət bilənlər,
Yaman bir iş tutsa axırda inlər.
898. Yaxşılıq istəyən kimdir? Bil, ey yar,
Yaxşı iş görməyi kəsbi sayanlar.
899. Yamanlıq görsə də yaxşı qalanlar,
Sizə dünyalarca məhəbbətim var.
900. Söylə, ey yaxşılıq, səndən kim doyar?
Gəl bəri, qoy deyim, qalsın yadigar.
901. Bircə günmü gərək yaxşılıq sənə?
Xeyr, şölə salar bütün ömrünə.
902. Sənə bu dünyada aldığın ləzzət,
Verər o dünyada zillət, məşəqqət.
903. Yamanlıq, yaxşılıq sol və sağ cəhət,
Solunda cəhənnəm, sağında cənnət.
904. Yaman bu dünyada bəlkə də rahat,
Çəkər o dünyada zilləti yüz qat.
905. Yaxşı bu dünyada sitəm çəksə də,
Yaşar o dünyada ülvi zirvədə.
906. Yaxşı ad-san qoyub dünyadan getsən,
Ərzin ən xoşbəxti özünü bil sən.
907. Gör nə gözəl demiş, köksündə hünər,
Düz sözü ən böyük sərvət bilənlər:
908. Yamanlıq önündə yaxşı iş görən,
Heç bilsən, nə qədər əzəmətlisən.
909. Ey yaxşı, de görüm, kim doyar səndən?
Acmışam, həmişə möhtacınam mən.
910. Yaxşılar görsə də min qeylü-qalı,
Razıyam, yanında qul kimi qalım.
911. Bəylik əgər mənə yamanlıq etsə,
Atıram, en, götür, ardınca get sən.
912. Adamların xülqü çox zaman bir ox,
Həlavəti azdır, təəssüfü çox.
913. Buna uyar demiş sözünü şair,
Məğzini anlasan, tökərsən tədbir.
914. Yaxşı vaysınarmı görsə yaxşı iş?
Yamanlar çox zaman peşmanlıq çəkmiş.
915. Təəssüf gətirir yamanlıq sonda,
Yamana qarşı da yaxşı ol onda.
916. Yamanı mədh etmək mümkünmü məgər?
Yamanı mədh edən gözdən tez düşər.
917. Gədalıq, alçaqlıq, allahsızlıq da,
Yamanlıq rəmzidir gidi dünyada.
918. Bəla da, möhnət də çapsın atını -
Yamanlar götürsün mükafatını.
919. Gözəl insanlara vurulub da sən,
Nə cür yaxşıları vəsf etməyəsən,
920. İnsanlıq, səxavət, mənfəət nədir -
Yaxşı kişilərdən gələn töhfədir.
921. Yaxşılar cahanda nədir, düşün nə -
Yaxşı adamlardan qalan xəzinə.
922. Dostun yaxşıdırsa, nə istəsə et,
Getsə buz qütbünə buzlağacan get.
923. Sevinc, arzu, nemət, var-dövlət, yatır -
Yalnız yaxşıların mükafatıdır.
924. Dərk et bu sözləri, cənab Aydoldu,
Sorduğun suala cavabım oldu.
925. Aydoldu yer öpdü, təzim edərək:
– Yaxşı siyasətli ey təbərrik bəy.
926. Cahana hökm etdin, yüz illər yaşa,
Yalnız fərağətlə ömrü vur başa.
927. Bəylər ayrılmasın böyüklüyündən.
Səadət əyilib öpsün üzündən.
928. Ellərə hökm elə öz qüdrətinlə,
Bəylik möhkəmlənsin əzəmətinlə.
929. Axar sular gibi arzun çağlasın,
Var-dövlət qapını açsın, bağlasın.
930. Başından tökülsün sevinc, səadət,
Gəbərsin düşmənin, gözündə həsrət.
931. Dinlə, nələr deyir xidmətçi kişi,
Xidmət sayəsində doğub Günəşi.
932. Tapınma, tapınsan, mərdlərə tapın.
Mərdlər yerdə qoymaz haqlının haqqın.
933. Yalnız səxalının xidmətini qıl,
Evini zər, gümüş, daş-qaş kanı bil.
934. Xəsisə, acgözə xidmət qılma heç,
Sonra vaysınanda gec olacaq, gec.
935. Xəsis özündən də ruzu əsirgər,
Özgəyə zərrə də qıyarmı məgər?
936. Bitirib sözünü getdi Aydoldu,
Üz qoydu evinə, kefi duruldu.
937. Keçdi ömrü-günü bir keşməkeşdə -
Gecələr uyğuda, gündüzlər işdə.
938. Çəkdi Elbaşını onun qüdrəti -
Sonsuz sədaqəti, böyük xidməti.
939. Günlər gəldi-keçdi… günlər vəfasız,
Aydoldu üzüağ çalışdı yalnız.
 

DANIŞMAQMI YAXŞIDIR, YOXSA SUSMAQ?

 
940. Elbaşı dostunu çağırdı bir gün,
Görcək yer göstərdi əyləşmək üçün.
941. Əyləşdi, gözünü dikərək yerə,
Susdu, dinməməyə söz verə-verə.
942. – Nə üçün susursan, nədir bu sükut?
Dilini dişinlə tutmusanmı, tut.
943. – Qəzəb heykəlisən, a bəylər bəyi,
Sizi görənlərin gedər ürəyi.
944. Elbaşı dindirib söz soruşmamış
Necə ağız açım mən başı batmış?
945. Söz soruş, cavab al… böylədi qayda.
Başqa müamilə yoxdur dünyada.
946. Kimsə bir kimsəni çağırtdırıbsa,
Yeridir, ilk dəfə özü dil açsa.
947. Söz soruşulmamış üyüdən kəsə,
Ya naqqal söylənər, ya da gəvəzə.
948. Kimlər sayılmada axmaq, ya dəli -
Bəy söz soruşmamış dil açan dilli.
949. Qocalar yanında sus, hələ gəncsən,
Sağ qalmaq istəsən, kəs dilini sən.
950. Dilini dişləri altında sıxan
Farağat yaşayan nə söylər, aman:
951. Qara baş yağısı uzun dildi, dil,
Gör neçə baş yemiş bu xırda qatil.
952. Dilini saxla ki, batmasın başın,
Yoxsa baş yeyəcək sözlü fərraşın.
953. Elbaşı söylədi: – Anladım, dədə,
Çətindir dillinin sükunəti də.
954. Sükut gözləməli iki kimsə var:
Birisi nadanlar, o biri lallar.
955. Lalın dili batmış, özü fağır kəs,
Nadan öz dilini dinc qoya bilməz.
956. Qıfıllı olmalı nadanın dili,
Alim azadlığı – dünyanın dili.
957. Alim sözü gərək yerə su kimi,
Suyu olan çöllər gülşən deyilmi?
958. Zəka nəhənginin səsi kəm olmaz,
Zülal bulağıdır, çağlar, azalmaz.
959. Alim gül bitirən səhraya oxşar,
Qazsan harasını, orda su çağlar.
960. Yanar çöl kimidir nadanın könlü -
Dərya gətirsən də bitməz bir gülü.
961. Aydoldu söylədi: – Düz anladın ki,
Heç kim saxlayamaz dil yıxan kəsi.
962. Müdrük kişilərə yaraşır avaz,
Gərəkli sözləri dəfn etmək olmaz.
963. Gərəkli kəslərdən söz almaq gərək,
Söz soruşmasalar sirri hifz edək.
964. Söz sormaq – erkəklik, cavab – zəifə;
Gərək cavab verib baxasan kefə.
965. Görsün zəifəni gərək erkək ər,
Bu şirin vüsaldan cüt oğul törər.
 

ELBAŞININ AYDOLDUYA SUALI

 
966. – Anladım, sözlərin doğrudur tamam,
Yenə soruşmalı bir söz soruram.
967. Söylədin nələrdi dilin zərəri,
Bəs onun dəyəri, barı, bəhəri?
968. Dilin bəlasından qorxsaydın özün,
İtərdi, batardı məhsuldar sözün.
 

AYDOLDUNUN ELBAŞIYA CAVABI

 
969. Sözün faydasını anlamaq gərək,
Dili vəsf etməyə qadirmi ürək?
970. Yava sözlər çıxar nadan dilindən,
O asılsın gərək heyvan dilindən.
971. Yava söz, yava dil öz düşmənindir,
Öz başını yeyən dilin sənindir.
972. Yava söz evinə yas gətirir, yas,
Söz söylə, ovcunda bərq vursun almaz.
973. Doysa cahil qarnı, yatar öküztək,
Yava sözlər deyib… qoy köpsün gərək.
974. Yesə, doysa, yatsa bəsidir, bəsi,
Nəfsinin köləsi, boğaz köləsi.
975. Cism, can yaşayır qoşa, bərabər,
Alim cismindən çox canını gözlər.
976. Qulaqdan girən söz can payıdır, can,
Cismin cism payı keçir boğazdan.
977. Biliyin ikicə əlaməti var,
Kim onu qavrasa üzüağ yaşar.
978. Biri dil, o biri boğaz, yəni nəfs,
Arifdi bunları fəhm eləyən kəs.
979. Nəfsinə, dilinə sahib olmalı,
Xoşbəxtdir yaşayan bu cür mənalı.
 

ELBAŞININ AYDOLDUYA SUALI

 
980. – Sağ ol, dərk elədim verdiyin dərsi -
Nəymiş sözün əsli, sözün bəhrəsi.
981. Bəs söz hardan gəlir, hayana gedir?
Gəl aç bunları da, ey sözü qadir.
982. Harda susmaq gərək, harda söz demək -
Gəl aç bunları da ey zəkalı bəy.
 

AYDOLDUNUN ELBAŞIYA CAVABI

 
983. Sirdi mənim üçün, başdan-başa sir -
Səsləniş – bir hissə, söz – on hissədir.
984. Doqquzu deyilir, biri səslənir,
Deyilmişin məğzi canda bəslənir.
 

ELBAŞININ AYDOLDUYA SUALI

 
985. – Sən mənə de sözün nəticəsini -
Faydanın, zərərin dərəcəsini.
 

AYDOLDUNUN ELBAŞIYA CAVABI

 
986. – Sözü dürüst desən çox faydası var,
Sahibini yerdən ərşə qaldırar.
987. Söz səni qaldırar topraqdan ərşə -
Quyunun dibindən qızıl Günəşə.
988. Nitq edə bilməyən dil dönər nəyə -
Endirər insanı dağdan dərəyə.
 

ELBAŞININ AYDOLDUYA SUALI

 
989. – Sözün çoxu nədir, sözün azı nə?
Açıb bu əsrarı mənə desənə!
 

AYDOLDUNUN ELBAŞIYA CAVABI

 
990. Ürəyə çatıbsa deyilməyən söz,
Odur sözün canı, ey bəxti gündüz.
991. Bəs sözün azı nə? Soruşana sən
Sorğusu boydaca cavab verəsən.
992. Bu felə bənzətdi sözünü şair,
Nur saçdı, ağ etdi üzünü şair.
993. Soruşana söylə sözünü yığcam,
Düşün-daşın söylə, göstər ehtiram.
994. Çox dinlə, az danış. Artıq söz demə,
Meydan vermə sözə. Meydan ver elmə.
 

ELBAŞININ AYDOLDUYA SUALI

 
995. Elbaşı söylədi: – Anladım səni,
Yenə bir sözüm var, agah et məni.
996. Çin sözü, mərd sözü kimdən eşidək?
Sözü kimə deyək, bunu aç görək.
 

AYDOLDUNUN ELBAŞIYA CAVABI

 
997. Sözü dinlə, qoru ən böyük səylə,
Alimdən eşidib nadana söylə.
998. Böyüklərdən eşit ürəkli sözü,
Ötür kiçiklərə gərəkli sözü.
999. Sözü çox-çox dinlə, fəqət az-az de,
Dəniz canda gərək, damla dilində.
1000. Alim ola bilməz çox danışanlar,
Amma çox dinləyən alim də olar.
1001. Elmdən uzaqdır füzul, gəvəzə,
Az sözlü alimlər şöhrətdir bizə.
 

ELBAŞININ AYDOLDUYA SUALI

 
1002. – Anladım fikrinin doğruluğunu,
Yenə bir sorğum var, şərh elə bunu:
1003. Sözü açmaq gərək, yoxsa gizlətmək?
Dilə erk, azadlıq, ya dustaq etmək?
 

AYDOLDUNUN ELBAŞIYA CAVABI

 
1004. Aydoldu söylədi: – Dostum, qulaq as,
Dil söz işlətməsə elm aşkar olmaz.
1005. Hər vəsfin, söyüşün öz məqamı var,
Nitqi söymək olar, öymək də olar.
1006. Tək, vahid Tanrının mövcudluğundan
Dililə bəhs açır bu qədər insan.
1007. Bayat xəlq eləmiş yüz min həyatı,
Yüz min də vəsf edir bir tək bayatı.
1008. Canında can olan hər bir fərd üçün,
Bir dil, bir də ki, könül əsasdır.
1009. Can dili yaratdı, dil isə sözü,
Sözü əyrilərin sönür gündüzü.
1010. Sözü sərrast desən, oddur kəsəri,
Sözü əyri desən, öl, ey öləri.
1011. Sözün doğrudursa, danış eşq ilə,
Sözün yalandırsa, gizlət, dəfn elə.
1012. Nitqin batsa sənə lal deyərlər, lal,
Çox danışsan – yanşaq, gəvəzə, naqqal.
1013. Bəşərin düşməni gəvəzələrdir,
Saxalı kişilər çox şeyə qadir.
1014. Elbaşı şadlandı qulaq asdıqca:
– Yardım et, ey Tanrı, ey başı uca!
1015. Əziz, mehribansan, ey ulu ağam,
Sənin duaçınam, nə qədər sağam.
1016. Mənə səndən yetdi min-min yaxşılıq,
Günahkar qulunam, ibadətim yox.
1017. Məni qovuşdurdun səadətimə,
Bu rahat dünyama, var-dövlətimə…
1018. Necə şükr edim ki, acizdir dilim,
Şükrünü özün et, olsun təsəllim.
1019. Elbaşı açaraq xəzinəsini,
Verdi hər möhtacın öz töhfəsini.
1020. Elbaşı dostunu əzizləyərək,
Neçə ənam verdi, alqış deyərək.
1021. Ona bəxş elədi vəzirlik. Əla -
Bayrağı, damğası, nağarasıyla.
1022. Onu bütün yurda hökmran etdi,
Düşməni diz çökdü, yabanı getdi.
1023. Bu yeni dövrandan gül dərə-dərə,
Aydoldu baş oldu bütün işlərə.
1024. Eibaşıya min-min dua qılaraq,
Gül açdı, bar verdi, zənginləşdi xalq.
1025. Sardı bəxtiyarlıq eli-ulusu,
Bir yerdə dolaşdı qurd ilə quzu.
1026. Quruldu mükəmməl, adil siyasət,
Çoxaldı var-dövlət, getdi məşəqqət.
1027. Keçdi günlər, aylar bu minval ilə,
Abadlıq yar oldu ölkəyə, elə.
1028. Yeni vilayətlər, kəndlər yarandı,
Xəzinə qızıldan alışdı, yandı.
1029. Elbaşı sevindi, tapdı həlavət,
Cahanda avazı hamıdan bülənd.
 

Ücretsiz ön izlemeyi tamamladınız.