Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Qutadğu bilig», sayfa 4

Yazı tipi:

AYDOLDU GÜNDOĞDUNUN XİDMƏTİNƏ GƏLDİYİNİ BİLDİRİR

 
450. Aydoldu adlanan sərvər, hünərvər,
Eşitdi avazı, oldu səfərbər.
451. Cavanmərd iyiddi, rəftarı ipək,
Zəkalı, elmli, qeyrətli, zirək.
452. Üzünün nurundan göz qamaşardı,
Dilində doğruluq qaymağı vardı.
453. Kamil öyrənmişdi neçə sənəti,
Gəzərdi, cismində sənət qüdrəti.
454. Düşündü: – Nə üçün xalqdan ayrılım?
Necə sənətimlə boş-bekar qalım?
455. Qoy gedim Elbaşı hüzuruna mən,
Ona xidmət edim candan, könüldən.
456. Şad olsun Elbaşı, getsin təşvişim
Ona qanad versin sənətim, işim.
457. Zəkalı, bilikli, incə rəftarlı
Sənətli-hünərli bəymiş – vüqarlı.
458. Burda yada düşür şairin sözü,
Həyatı əks edən ilham güzgüsü.
459. Zəkalı qədrini bilər zəkalı,
Alim bilik satsa, alim də alı…
460. Axmaq hardan bilsin qədrini elmin,
Elmin xiridarı alim deyilmi?
461. Arifin adını ariflər bilər,
Nadan hardan bilsin nədir elm, hünər?
462. Elmin dəyərini bilər xiridar,
Gövhərin qədrini gövhərşünaslar.
463. Aydoldu atlandı, belində yaraq,
464. Bahadır çiynində alim vüqarı,
Yönəltdi köhləni Elbaşı sarı.
465. Dedi: – Müqəddəs bir səfər edirəm,
Elin xidmətinə özüm gedirəm.
466. Hər şey qürbət eldə gərəkdir, gərək:
Xurcun, qaynanmış su, geyim, duz-çörək…
467. Yaxşı ki, qızılım, gümüşüm də var,
Qızılım tükənsə, rəngim saralar.
468. Sözünü sir tutan müdrik bir kişi,
Görün nə söyləyir, anıb gərdişi:
469. Saray xidmətinə gedən kimsənə
İki şey gərəkdir, qoy deyim sənə:
470. Bunun birincisi – sağ bədən, sağ can
Ta ki iş görəsən sən axıracan.
471. İkinci – saf altun, saf qızıl gərək,
Yoxsa köhlənin də yemlənməyəcək.
472. Açılar üzünə onda qapılar,
Sənə qapı açan adam tapılar.
473. Göz qoydu aldığı qızıl-gümüşə:
"Gərəyim olacaq hər vaxt, həmişə".
474. Elbaşı mülkünə sarı yönəldi,
Çapdı köhlənini, hərdən dincəldi.
475. Axır ki, toxtadı, çatdı mənzilə,
Ağıl arzulara yol açır hələ.
476. Aradı şəhərdə bir yer – düşərgə,
Tapmadı… dar imiş yer üzü bəlkə.
477. Qəm yedi… üz qoydu qonaq evinə,
Gecə orda yatdı… səbr edib yenə.
478. İşbilən, sözbilən alim kimdi, kim?
Eşit, məsləkindən bir misra deyim!
479. Dolanmaq çətindir hicra bir yerdə -
Tanışsız-bilişsiz gəzib şəhərdə.
480. Yoxsa bir həmdəmi neyləsin qərib,
Dolaşar şəhəri qəmgin, müztərib.
481. Tanışsız adamlar gözsüzə oxşar,
Söymə aldansalar, döymə azsalar.
482. Kişi məkan seçsə yabançı eli,
İsmətli gəlin tək lal olur dili.
483. Ey yerli biləgən, sənindir bu yer,
Əziz tut qəribi, yemək-içmək ver.
484. Yadı doğma bilsən, nurlanar gözü,
Aqzında bal dadar söhbəti-sözü.
485. Tanış-biliş gərək bizə hər yerdə,
İllah ki, qəribə yad bir şəhərdə.
486. Aydoldu pərişan gəzdi aləmi,
Saraltdı üzünü qəriblik qəmi.
487. Bir gün yaxınlaşdı adamlar ilə,
Hücrə tutdu… döndü bir qızılgülə.
488. Yar-dost çoxaldı, qəlbinə girdi,
Böyüyə-kiçiyə xoş üz göstərdi.
489. Özünə dost tutdu mərd bir tanışı,
Adı Kosamışdı, işləri yaxşı.
490. Aydoldu söylədi kim olduğunu,
Tamam agah etdi qəsdindən onu.
491. Nə cür gəlib çıxmış – dedi – bu yurda,
Bilib gördükləri nələrdi burda.
492. Hökmdə, fərmanda Elbaşıya tən,
Xas Hacib Ersiqi tanıyın lütfən.
493. Onun hüzuruna getdi Kosamış,
İcazə istədi, sözə susamış.
494. Onu diqqət ilə dinlədi Hacib,
Bildi ki, vacibdi məqsədi, vacib.
495. Kosamış bildirdi kim olduğunu,
Bura hansı dilək gətirmiş onu.
496. – Gəlsin hüzuruma Aydoldu özü,
Görüşək, konuşaq. O, məni görsün.
497. Elbaşı düşünər sözlərinizi,
Görüş təyin edər, dinləyər sizi.
498. Kosamış ovcunda dərdini boğdu,
– Aydoldu, qünaydın, günəşin doğdü.
499. Tələs, get, tanış ol Hacib ilə sən,
Yəqin başa gələr, hər nə diləsən.
500. Öz dilinlə söylə, nə mətləbin var,
Utanma, qoy səni eşitsin aşkar.
501. Çatdırdım, bəllidir ona hər sözün,
Daha dürüst olar, söyləsən özün,
502. Dili də, könlü də düzgün olanlar,
Müdrik kəlamları qoymuş yadigar.
503. Yoldaşın nə qədər yaxın olsa da,
Özündən yaxını yoxdu dünyada.
504. Dost işi görməyin hüsnü başqadır,
Amma özün görsən daha yaxşıdır.
505. Əgər özün üçün mehriban umsan,
Özündən mehriban tapılmaz, inan.
506. Aydoldu geyindi, qalxdı yerindən,
Kosamışla birgə yürüdülər tən.
507. Elbaşı çıxanda evdən eyvana,
Rast gəldi Hacibin xidmətkarına.
508. Kosamış içəri girdi, qayıtdı,
Mehri, söz-söhbəti ülfət yaratdı.
509. Aydoldu çay gibi bir çağlayışda,
Hacib yer göstərdi yuxarı başda.
510. Saçıldı dilindən bal gibi sözlər,
– Gəlib hara düşdün, atın nə təhər?
511. Varmı yar-yoldaşın, dostun, tanışın,
İçməyə şərbətin, yeməyə aşın?
512. Nə ilə məşğulsan, nədir mətləbin?
Nə gərək, dolumu, boşmudur cibin?
513. – Ey bəxtiyar Hacib – dedi Aydoldu -
Könlümə Elbaşı sevgisi doldu.
514. Uzağdan tanıdım onun səsini,
Elmini, əqlini, iradəsini.
515. Ona xidmət etmək – könlümdə məram,
Onun dərgahını arzulamışam.
516. Görürsən nələrdir könlümdən keçən,
Xidmətçi olaram son günüməcən.
517. Hacib Aydoldunu bəyəndi yaman,
Onu vəsf elədi ürəkdən, candan.
518. Üzü nurlu idi, rəftarı ipək.
Özü yaxşılıqlar təcəssümü tək.
519. Özünü sevdirən mərdi sal yada,
Fəzilət sayılır nöqsanları da.
520. Hər kim sevilməsə sanki bayılır,
Ədəb-əxlaqı da nöqsan sayılır.
521. Bəlkə sözlərimə isbat umursan,
Buyur, dinlə məni, ey əziz insan.
522. Sevsən, gəlin olur qoca qarı da,
Dönür qızılgülə tikanları da.
523. Sevsən, qüsüru da sevimli olur,
Saxsını sayırsan mirvari, büllur,
524. Hacib Aydoldunu əzizlədi ki,
Tələsmə, nəfəs dər, gözüm giləsi!
525. Təyin etməlidir elbaşı öncə,
Harda görüşməli, nə zaman, necə?
526. Sözünü eşitsin, üzünü görsün,
Ucuz tutmasın da, qədrini bilsin.
527. Bir azca səbr elə… nə dərd çək, nə qəm,
Bütün işlərini özüm görəcəm.
528. – Bütün çarələrin məndədir – dedi,
Ən yaxşı sözləri seçdi, xərclədi.
529. İnsan yaxşılığı bax bu cür olur,
Ağrıdan yaraya məlhəm qoyulur.
530. Eşit nə cür olur xalqına rəhbər,
Bütün işlərini dürüst görənlər.
531. Kimin ki, başından aşır dövləti,
O, gərək yürütsün xalq siyasəti.
532. İstəsə xalqını dolandıra bəy,
Xilqəti xoş gərək, rəftarı ipək.
533. Xalqa öz ömrünü həsr etsə hər kim,
Dili şəkər gərək, özü mülayim.
534. Dünya vəfasızdır, cütlər qalır tək,
Bu gün tikan olur dünənki çiçək.
535. Ağ gün ötəridir, inanma ona,
Bu gün sənə qismət, sabah qonşuna.
536. Ey ağ baxta çatan, inanma baxta,
Bugün var, sabah yox… mədarı saxta.
537. Varsa var-dövlətin, yaxşılıq qazan,
Əlindən çıxacaq inan bir zaman.
538. Sənə qismət olsa bəylik rütbəsi,
Kiçik tut özünü, ey bəxt yiyəsi.
539. Səadət kəməri bağladın, şad ol,
Hacib çox danışdı, şən sözləri bol.
540. Tələsmə, dürüst ol iş görəndə sən,
Bağlı qapılar da açılar hökmən.
541. Alim bu barədə söz deyib qəşəng,
Onu yağ-bal gibi nuş etmək gərək.
542. Gərək iş görəndə dürüst görəsən,
Yambızına döyər daim tələsən.
543. Gərək tələsməsin işə canfəda,
Hər şey başa gəlir öz məqamında.
544. Aydoldu dinlədi deyilənləri,
Dedi: – Səbr edirəm haçandan bəri:
545. Hacib məni gördü, məni dinlədi,
Özü təyin etsin vaxtı, fürsəti.
546. Haçan istəsəniz o dəm gələrəm,
Dürüst, doğru sözdən nur alır aləm.
547. Aydoldu yerindən qalxdı, qayıtdı,
Evinə gec çatdı, bir azca yatdı.
548. Xülqü-xilqəti saf, ruhu – xəzinə.
Aydoldu Hacibin yatdı könlünə.
549. Dedi: – Görməmişəm böylə ər kişi,
Bilikli, zəkalı, hünərvər kişi.
550. Bu cür bahadırlar hələ seyrəkdir,
Elbaşıya gərək – xalqa gərəkdir.
551. Qız tək həyalıdır böylə kişilər,
Adı da qız adı… əbəsmi məgər?
552. Qızismət kişilər nə qədər əziz,
Ən böyük sərvətdir, tapa bilsəniz.
553. Neçə sənət bilir Aydoldu ərən,
Yalnız sənətinlə əhdə yetərsən.
554. Hacib, Elbaşıya, dedi fikrini:
Oqul tapılarmı Aydoldu kimi?
555. Xülqü-xilqəti saf, rəftarı ipək,
Biliyi, zəkası bir xəzinə tək.
556. -Tap, gətir, görüşək… hardadır, yeri?
Görmək istəyirəm o hünərvəri.
557. Çoxdan izləyirəm o cür ərləri -
Bəyliyə yarayan dilavərləri.
558. Çatmışam əhdimə, ay canım-gözüm,
Böylə kişilərə müştağam özüm.
559. Tələs, hüzuruma, get, onu çağır,
Xidmətə hazır et, ey mərd bahadır!
560. Çıxdı darvazaya Hacib fərəhli,
Tapdı bir oğlanı, "qaç, tələs!" – dedi.
561. Oğlan xəbər verdi… Aydoldu fövrən,
Geyindi, atlandı hal-əhvalı şən.
562. Tərpədib köhləni, saraya gəldi,
Hacibi görüncə kefi düzəldi.
563. Yuxarı başdaca yer verdi Hacib,
Əyləşdi Aydoldu, ədəbi vacib.
564. – Çağır hüzuruma! – dedi Elbaşı,
Əyləşək, konuşaq bir az yanaşı.
 

AYDOLDUNUN ELBAŞI İLƏ GÖRÜŞÜ

 
565. Hacib! – Bəxt kəmərin bağlandı artıq,
Aydoldu, qalx! – dedi. – O mərd əli sıx.
566. Aydoldu təzimlə öndə göründü,
Elbaşı nurlandı, açıldı könlü.
567. Şirin bir dil ilə sözə başlayan,
Aydoldu başçını qoymuşdu heyran.
568. – Kimsən, adın nədir, hardan gəlirsən?
Qəriblik çəkirsən nədən ötrü sən?
569. Aydoldu dinlədi onu diqqətlə,
Fikrini bildirdi bir fəsahətlə.
570. İki cizgisi var zəka əhlinin,
Biri şirin dildi, o biri təmkin.
571. Şair buna uyğun misralar demiş:
Tələsmə, səbr ilə başa gəlir iş.
572. Hər işdə diqqətli, ehtiyatlı ol,
Tələsik işlərdən kar aşmaz, oğul.
573. Bütün işlərini əgər səbr ilə,
Görsə, bəy qatına yüksələr kölə.
574. – Ey bəxtiyar ustad, şad etdin məni,
Xidmətlə süslənir qulluq köhləni.
575. Mənim köhlənim – qul, yerimiz həyət,
Felim – insaniyyət, işim də – xidmət.
576. Sənin dərgahına gəldim əhd ilə,
Bu gün əhdim dönür bir qızılgülə.
577. Sən məni yaxın tut öz xidmətinə,
Qaytarma, dözərəm cəbrə, çətinə.
578. Elbaşı şad oldu, dinlədi bir də,
Göydə gəzdiyini tapmışdı yerdə.
579. Məni məftun etdin, Aydoldu bu gün,
Tanrı vergisiymiş xilqətin, hüsnün.
580. Sidq ilə xidmət qıl mənim qapımda,
Saray – bir məbəddir, ona tapın da.
581. Səndən yaxşı xidmət, məndən mükafat,
Xidmət dürüst olsa açılacaq baxt.
582. Burda xidmət elə, zəhmətini çək,
Zəhmət haqqını da ödəyəcək bəy.
583. Yer öpdü Aydoldu, dedi: – Elbaşı,
Gözucu nur saçsa, var aşıb-daşı…
584. Sənə xidmət üçün çıxmışam evdən,
Bu uzun yollarda sən demişəm mən.
585. Sənə xidmət üçün güc versin xuda,
Sənə xidmət üçün atmasın oda.
586. Sevinib, şad olub eşiyə çıxdı,
Yanar məşəl gibi eyni açıqdı.
587. Bəxti yeyin kişi nə söylər, eşit!
Bəxti sal qayanı ortadan deşir.
588. Bəy gülüb baxarsa mərdə gözucu,
Mərdin aşıb-daşar eşqi, sevinci.
589. Xoş sifət göstərsə bəylər adama,
Adam daş da olsa gələr ilhama.
590. Kimə yaxın tutsa bəylər özünü,
Gecədən çıxarar ağ gündüzünü.
591. Bəylik – səadəti. Kim səadətə,
Yaxınsa yol açar ülvi qismətə.
592. Aydoldu başladı o gün xidmətə,
Daim elbaşıdan oyandı ertə.
593. Gündüz pasibandı, gecə keşikçi,
Yalnız xidmətində tapdı sevinci.
594. Elbaşı yanına girib çıxanda,
İsti bir baxışı duydu bir anda.
595. Günbəgün artırdı öz xidmətini,
Elbaşı da ona məhəbbətini.
596. Bəylər əzizləyər mərdi işilə,
İşlə zor kişiyə çevrilər kölə.
597. Xidmət et, xidmətlə bəylik tapır qul,
Xidmətsiz yüksəlmiş de hansı oğul?
598. İndi də gəl dinlə alim sözünü,
Şairə bənzədir o da özünü.
599. Dəyərsiz xidmətlə çatır dəyərə,
Yersiz qanadlanır ən yüksək yerə.
600. Gərək büdrəmədən edəsən xidmət,
Xidmətə bağlıdır ən ülvi qismət.
601. Aydoldu xidmətdə coşur, çırpınır,
Elbaşı hörmətlə açır qapını.
602. Rütbəçi boy atdı rütbə başında,
Güldü könlü-gözü sevinc yaşında.
603. Aydoldu xidmətdə Ay-Günəş oldu,
Elbaşı dövləti birə beş oldu.
604. Sınadı Elbaşı onu yüz işdə,
Gördü quzu deyil, qoçdu döyüşdə.
 

AYDOLDU ÖZÜ DÖVLƏT OLDUĞUNU BİLDİRİR

 
605. Elbaşı bir səhər oturmuşdu tək,
Çağırdı, Aydoldu gəldi sevincək.
606. Durdu qarşısında, üzündə təmkin,
İncə bir işarə dedi: – Əyləşin.
607. Aydoldu cibindən bir top çıxardı,
Əyləşdi, o topa söykəndi ardı.
608. Neçə sual verdi ona Elbaşı,
Aldı cavabını… çox gözəl, yaxşı.
609. Açıldı çöhrəsi, şənləndi könlü,
Bəs niyə Aydoldu yumdu gözünü.
610. Elbaşı toxtadı, nitq saçmadı,
Aydoldu gözünü yumdu, açmadı.
611. Elbaşı dillənib söz soruşanda,
Aydoldu turşutdu üzün bir anda.
612. Elbaşı düşündü: bu əsrar nədir -
Zehni, zəkavəti öz yerindədir…
613. Baxdı iltifatla, Aydoldu gördü,
Bəs niyə üzünü ondan çevirdi?
614. Elbaşı qəzəbli. Qəzəbi almaz.
– Təkəbbür kişiyə əsla yaraşmaz.
615. Sənə inanmaqla yanılmışam çox,
İndi nasıl deyim səhvim-suçum yox?
616. Alim kəlamını dinlə, nə deyir:
Tələsik işlərdən gəlməz bir xeyir.
617. Tez-tələsik bişən aşı yeyəndə,
Xəstə düşməz məgər yenidən bəndə?
618. Tələsmək daima bəla gətirər,
Ehtiyatlı olur mətinlər, mərdlər.
619. Mənim səhvim bu ki, (gəlim lənətə)
Sizi tanımadan aldım xidmətə.
620. Bəy gərək qulunu işlətsin əvvəl,
Ondan sonra desin: – Buyur gəl, yüksəl!
621. Qul gərək sınansın, dözsün zillətə,
Zillətdən yol açsın ada, şöhrətə.
622. Aydoldu söylədi: – Xoşbəxt Elbaşı,
Neçin qəzəblisən, çatılıb qaşın?!
623. Nədir səhvim-suçum, bilmirəm özüm,
Bəlkə deyəsiniz, açılsın gözüm.
624. Varsa səhvim-suçum, ərk elə, qına,
Yoxsa… üz-gözünü turşutma mana.
625. Şair buna uyğun nə demiş, dinlə,
Gözəl söz saçmada aləmə şölə.
626. Xidmətçi yanılsa harayla onu,
Öyrən hansı yerdə səhv olduğunu.
627. Varsa səhvi-suçu, ver cəzasını,
Yoxsa… mükafatın tər-təzəsini.
628. Elbaşı kükrədi, qəzəb saçaraq:
– Ey ağıldan azan, ey nadan axmaq!
629. Sən hara, mən hara? Səfehin biri,
Sən kimdən almısan fəzilətləri?
630. Mənə xidmətinmi? Hanı xidmətin?
Bəlkə xeyrin dəyib? Dəyibmi? Çətin.
631. Mən iltifat qıldım xidmət görmədən,
Ayaqaltı etdin məni bəs nədən?
632. Altına top qoyub dərhal oturdun,
Oturmaq yeridir bu yer? Cavab ver.
633. Mən sənə söz dedim, səndən söz aldım,
Yumdun gözlərini, heyrətdə qaldım.
634. Səni əfv edəlim, söz dedim min bir,
Niyə üz çevirdin? Mənə cavab ver.
635. Neçin eşitmədin bu sözü, oğul!
– Bəyə yaxın olsan, ehtiyatlı ol!
636. Atan demədimi məgər: – Unutma,
Ay bala, özünü bəyə tay tutma!
637. Məgər demədimi tayfa rəhbəri:
– Çəkmə ayağından bəy hünərvərin?!
638. Getmə, yaxınlaşma. Alovdu bəylər,
Yaxlaşsan yandırıb kül edəcəklər.
639. Cəhənnəm odundan betər oddu bəy,
Hər kim yaxınlaşsa zəqqum yeyəcək.
640. Alovdu, atəşdi bəyin arşını,
Əgər onu bassan, üzər başını.
641. Bəylər – qorxu, ürkü, vahimə, dəhşət,
Qorxmasan, qorxudan dəyənək, qüvvət.
 

AYDOLDU ELBAŞIYA DÖVLƏTİN SİFƏTLƏRİNİ GÖSTƏRİR

 
642. Aydoldu, gözündə nur təbəssümü,
Dedi: – Sən konuşdun, eşit sözümü.
643. Sən hər nə dedinsə düşündüm asan,
Gərək sən də işdən agah olasan.
644. Bura neçin gəldim, öyrən, rəhbərim:
Mənim şakərimdir göstərdiklərim.
645. Mənə yer göstərdin, mən əyləşmədim,
– Yoxdu yerim mənim, bunu bil – dedim.
646. Topu yerə qoyub fıkr elədim ki,
Nəyə bənzəyirəm – biləsən təki.
647. Top kimi qərarsız, yersiz-yuvasız,
Top kimi səyyaram, top kimi yalqız.
648. Sən baxdın lütf ilə… mənsə göz yumdum,
Sənə göstərdim ki, nə küs, nə də it.
649. Dövlətim, köç kimi yalqız, biaram,
Kim mənə ilişsə bərk yapışaram.
650. Sən suallar verdin… mən də söz dedim,
Sən baxdın lütf ilə… mən üz gizlədim.
651. Dedim: – bəlli olsun qılığım sənə,
Cəfakeş, dönükəm, inanma mənə.
652. Bu Türkcə məsəli eşit, nə söylər,
Ağsaqqal, pipani, dünya görmüş ər!
653. Ər kişi? İnanma bəxtə, dövlətə,
Bəxt deyib özünü salma qəflətə.
654. Axar su, rəvan dil, var-dövlət, ağ gün,
Bir yerdə dayanmaz, gəzər yer üzün.
655. İnan vəfasızdır dövlət, səadət,
Ayağı sürüşkən, özü kəmfürsət.
656. Elbaşı söylədi: – Aydındır sözün,
Səni xilas etdi məntiqli üzrün.
657. Qiymətli sözlərin məni əylədi,
Sənətin-hünərin hansı yerdədir?
658. Aydoldu söylədi: – Çoxdu sənətim,
Çatır insanlara nəfim, dövlətim.
659. Bütün böyüklərdən üzr istər dilim,
Yaşım az olsa da dürüstdü felim.
660. Üzüm nuranidir, xilqətim gözəl,
Əhdimə çatdırıb məni bir cüt əl.
661. Özüm harda olsam, min-min diləklər,
Mənə peyvənd olub, mənimlə gəzər.
662. Daim mənimlədir sevinc, fərağət,
Məndən qaçaq düşüb əzab, məşəqqət.
663. Kim mənlə dartışsa tez gedər bada,
Kim mənə baş əysə çatar murada.
664. Məndən tez vurular vurmaq istəyən,
Məndən tez basılar, "basacam!" deyən.
665. Qoy deyim bir söz də qalsın yadigar,
Oxusun, öyrənsin arif adamlar.
666. Harda dövlət olsa, təzim et, görüş,
Çatsan səadətə, dərd-qəmlə döyüş,
667. Qovuşsan ağ günə, olsan bəxtiyar,
Çarpış, varlığında min-min arzular.
668. – Sənətin, hünərin gözəldi… Lakin,
Bəs səhvin, qüsurun yoxmudur sənin?
669. – Mənim ziyan verən səhvim-suçum yox,
Fəqət mərdlər məndən gileylidir çox.
670. Yamanlıq damğası taxıb çiynimə,
Çoxları vəfasız deyirlər mənə.
671. Mənə qüsur deyil biqərarlığım,
Yeni sifət tapır mənim varlığım.
672. Bütün köhnə şeylər saralır, solur,
Çoxu qeyzimizin hədəfi olur.
673. Köhnə çoxlu gərək təzə çıxanda,
Göy çəmən kötüyü küncə sıxanda?!
674. Görsən yenidədir ləzzət, həlavət,
Ləzzət tələb edir bil ki, məşəqqət.
675. Vəfasız dedilər bununçun mənə,
Yüz ləkə vurdular dönüklüyümə.
676. Görün bu barədə nə demiş ozan,
Böyük gerçəkləri bir sözlə yozan.
677. Qaydadır: gül solur, hər gələn gedir,
Hər şey yaradanın öz əlindədir.
678. Həyat dedikləri ağ yelə bənzər,
Əsdimi, kim tapar ondan bir əsər?
679. İnanma gərdişə, çox şey hədərdi,
Ağ gün də, sərvət də gəldi-gedərdi.
680. Dövlət olmasaydı bunca vəfasız,
Səadət içində yaşardıq yalnız.
681. Dövlət gəldi-gedər olmasaydı gər,
Məgər qaralardı bizim ağ günlər?
682. Elbaşı söylədi: – Üz çevirməyin,
Nifrətin aydındı. Rəmzidi çərxin.
683. Aydoldu söylədi: – Başqadı təqdir,
Xilqətim vaz atan ceyran gibidir.
684. Tapa bilərmi heç məni sevənlər?
Tapsa da saxlaya bilərmi məgər?
685. Məni tapan kişi saxlarsa möhkəm,
Əlindən sivişib çıxa bilmərəm.
686. Səni bərk tutmağın nədir meyarı,
Say görək bunları, öyrənək barı.
687. Səni bərk tutmağın tərzi var yəqin,
Nədir əlaməti bu mətanətin?
688. – Məni bərk tutmağın bölgüləri var,
Qoy deyim, dostundan qalsın yadigar.
689. Məni bərk tutanın dili bal gərək,
Özü saf, mülayim, xilqəti ipək.
690. Ehtiyat gözləsin, məğrurlanmasın,
Yaramaz işlərə yaxın durmasın.
691. Bilsin ölçüsünü varın-dövlətin,
Xilqətinə uyğun haqq yolu seçsin.
692. Özündən böyüyə təzim eyləsin,
Özündən kiçiyə bal sözlər desin.
693. Şüarı: böyüyə hörmət, etina,
Kiçiyi salmasın ayaq altına.
694. İçkiyə, qumara məhəl qoymasın,
Faydasız işlərə pul sovurmasın.
695. Əli pak, dili bal, özü mərd, mətin,
Şüatək düz olsun xülqün, xilqətin.
696. Vəfasız olmasın neyləsin dövlət,
Görün tələb edir necə fəzilət.
697. Burda yada düşür şairin sözü -
Bizim Türkcəmizin şəkəri, duzu:
698. Dövlət ələ keçsə, cilovla, tələs.
Vaz atan ceyrandır, qalmağa dəyməz.
699. Möhkəm tutan üçün dövlət bagidir,
Getsə bir də gəlməz, biryolluq gedir.
700. Elbaşı söylədi: – Sevmişəm səni,
Bəs niyə cövr edib atırsan məni?
701. Bir vaxt nə vəfasız, nə biqərardın,
Xoşbəxt gəlişinlə sanki bahardın.
702. Bu gün biqərarsan, həm də bivəfa,
Vəfanı vəd edib qılırsan cəfa.
703. Atadan, anadan mehriban olub,
Ovcunda tutursan, lütf ilə dolub.
704. Bəs niyə dönüksən, daşmıdır üzün,
Hanı o dünənki qılıncın, sözün?
705. Dövləti gah yığar, gah da səpərsən,
Bütün qapıları birdən qaparsan.
706. Aydoldu söylədi: – Xoşbəxt kimsənə,
Sənətim, səhvim də bəllidir sənə.
707. Açdım, bir-bir dedim işin sirrini -
Məni bərk tutanın hər tədbirini.
708. Kəməndə salmasa məni tutan ər,
Ceyran tək qaçaram, kim əsir edər?
709. Eşit, nələr deyir aqil bir insan,
Sözünün mayası təcrübə, ad-san:
710. Saxlaya bilməsən gəlir, gedir bəxt,
Sən yeməsən, yeyir bir özgə xoşbəxt.
711. Vəfasız dövlətə yetişsən bərk tut,
Tutmasan, gedəcək, olsa da yaqut.
712. – Sağ ol, bələd oldum fəzilətinə,
Bəs Aydoldu adı nə deməkdi, nə?
713. Kim vermiş bu adı, nədir dəyəri?
Öyrənək, açılsın məğzi, cövhəri.
714. – Aya bənzədiblər mənim adımı,
Mənim xilqətimi, mənim zatımı.
715. Doğanda dünyaya Ay kiçik gəlir.
Sonra yavaş-yavaş artır, yekəlir.
716. Aləmə nur saçır bədirlənəndə,
Gəzir kainatı işıq selində.
717. Tamam bədirlənib qalxdımı övcə,
Kiçilir, kiçilir, solur getdikcə.
718. İtir parlaqlığı, sanki məhv olur,
Gedir, bir də gəlir, çöhrəsində nur.
719. Elə mən özüm də Ay gibi açam,
Gah peyda oluram, gah məhv oluram.
720. Üz tutsam zəifə, qüvvət verirəm,
Əzəmət, ləyaqət, şöhrət verirəm.
721. Bir lüt zənginləşər dünyalar boyu,
Mən getsəm, tökülər üzünün suyu.
722. Hər nə yığmışdısa, məhv olub gedər,
Xülqü, xasiyyəti, ad-sanı itər.
723. Buna uyar gələn söz deyib şair,
O söz gözsüz üçün göz bəbəyidir.
724. Kişiyə var-dövlət, şöhrət gəldimi,
Nur saçar, parlayar yeni Ay kimi.
725. Dövlət vəfasızdır, can vermə hədər,
Dolğun Ay kimidir, incəlib gedər.
726. Yenə bir mənanı qoy deyim sənə,
Dinləyib fəhm elə, inan da mənə.
727. Gəzəri mənzildir Ayın məkanı,
Daim dəyişmədə… məkanı hanı?
728. Ay bürcü Sratan dönər, dolanar,
Evrilər, çevrilər, sönər, nurlanar.
729. Girsə hansı bürcə, qalmaz, çıxar Ay,
Qonduğu mənzili sanki yıxar Ay.
730. Elə mən özüm də Aya bənzərəm,
Batmaq bir aləmdir, çıxmaq bir aləm.
731. Gəlirəm, gedirəm… Yürüşüm soyuq,
Gəzirəm aləmi, yurdum-yuvam yox.
732. Alim necə görüb istedadımı,
Bununçün Aydoldu qoymuş adımı.
733. Hər bir qüsurumu, fəzilətimi,
Budur, dedim sizə bir dövlət kimi.
734. Hər şeyi söylədim açıq-arxayın,
İstər rədd eləyin, istər saxlayın.
735. Dinlədim. Sözlərin nur salır qəlbə,
Özün də, sözün də – böyük qələbə.
736. Sən kimi sərdarı, ey məğrur adam,
Göydə axtarmışam, yerdə tapmışam.
737. Bayat kimə versə gül açan dilək,
Ona cavabımız şükr olsun gərək.
738. Bu gündən belə mən ta məzaradək,
Ulu yəzdanıma şükr edən gərək.
739. Gör nədir alimin bizə xitabı,
Özü köçüb getmiş, qalmış kitabı:
740. Ey nemət sahibi, şükr et, kama çat,
Şükr etsən, rizqini çoxaldar bayat.
741. Heyf, unudur özün nemət sahibi,
Şükr etsə, Tanrının sınarmı qəlbi?
742. Azca kərəm üçün çox-çox şükr qıl,
Nemət nəsib olsa, sən qədrini bil.
743. Şükr edənin rizqi birə beş olar,
Evi aşıb-daşar, nemətlə dolar.
744. Alqışlar söylədi elbaşı ona,
Dedi: – Gecə-gündüz yaxın ol mana.
745. Vəsf etdi dostunu, gözündə şəfqət,
Verdi qızıl-gümüş, var-dövlət, xələt.
746. Nə işlər görəcək – anlatdı ona,
İşdə zəka umdu, zəhmətdə məna.
747. Yetişdi Aydoldu qədrə-qiymətə,
Tapındı iş adlı ulu məbədə.
748. Elbaşı düşündü: – Ey dili-qafil,
Hamıdan kamilmiş Aydoldu, kamil.