Kitabı oku: «Bircə nə istədiyimi bilsəydim ona çatmaq üçün hər şeyi edərdim», sayfa 3
Fəsil 3. Daxili müqavimət: sizi dayandıran nədir?
Nə istədiyinizi bilmirsinizsə, deməli bunu bilməyə nə isə mane olur. Mən buna əminəm. Siz hansısa daxili müqavimət səbəbindən əsl istəklərinizi aşkar etmək və onların ardınca getməkdən çəkinirsiniz. Pozitiv təfəkkür öz-özlüyündə heç vaxt bu gizli maneəni adlamağa kömək etməyəcək. Riyakarlıq edib hər şeyin qadasında olduğunu göstərməklə də heç nəyə nail olmayacaqsınız.
Mən bu daxili müqavimətin öhdəsindən necə gəlməyi başa düşməyiniz üçün onu izləyib aşkar eməyinizi istəyirəm.
Onu üzə çıxarmağın sadə və etibarlı üsulu var: sizi doğrudan da özünə cəlb edən məqsədə doğru hərəkət etməyə başlayın, müqavimət gizləndiyi yerdən çıxaraq sizi bu hərəkətdən çəkindirməyə, bu yoldakı maneələrin keçilməz olduğuna inandırmağa çalışacaq. Söz verirəm.
Sadəcə o dərəcədə cəlbedici müvəqqəti məqsəd tapmaq lazımdır ki, sizin müqavimətiniz bunu həqiqətən istədiyinizə inansın. Dərhal, elə indi, onun gerçəkləşdirilməsinə başlayın.
Mən sizə mümkün qədər tez hərəkətə başlamağın dörd ciddi səbəbini artıq demişəm: 1) bu, fikirləşməyə kömək edir; 2) bu özünüzə verdiyiniz qiyməti artırır; 3) lazımi məlumat və ya imkanlar şəklini alan uğuru cəlb edir; 4) instinktləri itiləyir.
Bu da beşinci, ən vacib səbəb: vəziyyətin çıxılmaz olduğu hissi yarananda belə, özünüzü məqsədinizə doğru getməyə məcbur etsəniz, sizi bu dalana itələyən daxili müqaviməti fəallaşdıracaq və üzə çıxaracaqsınız.
Heç bir təhlükə hiss etməyən müqavimət yuxulu vəziyyətdə olur. Lakin siz hərəkətə başlayan kimi, o, yuxudan oyanacaq və özünü ucadan bəyan edəcək: «Sən nə edirsən? Başını bəlaya salarsan. Bu sənin üçün deyil. Səfeh fikirdir. Buna sənin gücün çatmaz.»
Arzunun həyata keçirilməsinə daxili müqavimətin mane olduğunu necə anlamaq olar?
Fəaliyyətsizliyinizin mənası yoxdursa – bu belədir.
Məntiqlə fikirləşəndə anlayırsınız ki, müəyyən işi seçə, uyğun gəlməsə isə dəyişə bilərsiniz. İnsanların çoxu belə düşünür. Elə isə məsələ nədədir? Niyə hərəkət etməyə başlamırsınız? Yəqin ki, hansısa vacib səbəb var, yoxsa siz bu qədər uzun müddət, bu dərəcədə narahat vəziyyətdə ilişib qalmazdınız.
Mənim gələ bildiyim yeganə rasional nəticə bundan ibarətdir ki, siz bu yolda sizi hansısa təhlükə gözlədiyini hiss edirsiniz. Daxili müqavimət sizi qorumağa çalışır. Yerində donub qalmış istənilən heyvana fikir verin – qabağında təhlükə var. Bu o demək deyil ki, heyvanlar yaxşı məlumatlıdır və ya şəraiti nöqsansız qiymətləndirmək qabiliyyətinə malikdir, amma o, tam hərəkətsizliyi saxlayırsa, bunun həmişə inandırıcı bir səbəbi var. Eyni şey sizin üçün də doğrudur.
Siz «təhlükəli» istəyinizi həyata keçirmək üçün hərəkətə başlayan kimi daxili müqavimət özünü tam büruzə verəcək. O, təqsir, utanma, uyğunsuzluq və ya ümidsizlik hissləri yaradaraq yolu kəsməyə çalışacaq. «Bəs sənin yazıq anan necə olsun?» – müqavimət soruşacaq. Hər cür bəhanələrə əl atılacaq: «Çox uğurlu olacaqsan, ətrafdakılar sənə nifrət edəcəklər!», «Bəs sən hüquqşünas olacaqdın!», «Qardaşın deyirdi ki, sən səfehsən – haqlı imiş!»
Bizə də elə bu lazımdır.
Biz istəyirik ki, bu göstərişlər özünün əsil simasını açsın, çünki sən nə ilə üzləşdiyini dəqiq biləndə mübarizə strategiyası hazırlaya bilirsən.
Gəlin onları bayıra çıxaraq.
Biz, əvvəlcə, sanki mövzunu dəyişərək tamamilə başqa istiqamətə yollanacağıq. Mən sizə istiqamətləndirici suallar verəcəyəm.
Layiqli məşğuliyyət
«Bütün həyatınızın işi» ilə sadəcə «iş» arasında fərq nədir? Siz hər iki halda işləyirsiniz. Hər ikisi üçün pul ala bilərsiniz. Lakin əhəmiyyətli fərq də var və siz bunu bilirsiniz. İş hesabları ödəməyə imkan verir. İstisna deyil ki, onun başqa bir mənası yoxdur.
Amma həyatınızın işi onunla məşğul olmağa layiqdir. Bu, bir kəsilməz mənadır və onun pul gətirib-gətirmədiyi vacib deyil.
«Məna» çox uca sözdür və onu aydınlaşdırmaq «iş», hətta «həyatınızın işi» ifadələrinə nisbətən daha çətindir.
Necə bilirsiniz, sizin məşğuliyyətinizə məna verən nədir? İstəyirsiniz ki, o da Tereza ananın cüzamlılarla, ya da Eynşteynin nisbilik nəzəriyyəsi kimi əhəmiyyətli olsun? Siz dünyanı dağılmaqdan xilas etmək və ya dahi maarifləndirici əsər yaratmaq istəyirsiniz, yoxsa milyonlarla dollar qazanmaq? Mən zarafat etmirəm, tamamilə ciddiyəm. Əksəriyyətimiz hesab edirik ki, həyatımızın əsl işi nəhəng miqyasa malik olmalı, yaxud olimpiada medalı kimi bizi bütün dünyada tanıtdırmalıdır. «Mənaya malik iş» ifadəsini eşidərkən başınıza hansı fikirlərin gəldiyini anlamaq zəruridir.
Çalışma 1. «Mənalı iş»
Bir kağız vərəqi götürün və fikrinizcə mənalı məşğuliyyətin nədən ibarət olduğu barədə gücünüz çatan qədər yazın. İstəyirsinizsə həyatları sizə doğrudan da məna ilə dolu görünən adamların adlarını sadalayın və niyə belə hesab etdiyinizi izah edin. Bu özünüzü yaxşı tanımaq üçündür.
Hansı halda həyatınızın işini həqiqətən layiqli hesab etmək olar? Bu, ictimai rəy sorğusuna və ya kiminsə rəyinə görə başqa cürdürsə narahat olmayın. Burada səhv cavab mövcud deyil. Ona görə də hansı işin sizin üçün mənalı olduğu barəsində özünüzün bütün mülahizələrinizi mümkün qədər tez yazın.
İndi yazdığınızı oxuyun və onların aşağıdakılara bənzəyib-bənzəmədiyinə baxın:
«İşiniz dünyaya yaxşı bir şey gətirirsə onun mənası var. O, bu və ya başqa formada bəşəriyyətə kömək etməlidir».
«Səylərinizin mənalı olması üçün, güclü təəssürat yaratmağa nail olmağınız lazımdır. Uğurlu olmaq lazımdır. Hansı sahədə olur-olsun».
«Düşünürəm ki, işləri mənalı olan insanlar həmişə məqsədyönlü olurlar. Onlar, Kolumb və Nyuton kimi, nəyi isə kəşf etmək zərurətindən nə yemək bilirlər, nə yatmaq, ya da onlar, Bethoven kimi, daxili nəzərləri ilə möhtəşəm şeylər görürlər».
«Düşünürəm ki, dünyamızda özünü mümkün qədər yaxşı ifadə etmək – ailə qurmaq, ev tikmək, yaxşı işə düzəlmək, cəmiyyətin dayağı olmaq vacib hesab edilir».
Məna axtarışı ilə bağlı heç bir problemi olmadığını hesab edən və özlərini xoşbəxt hiss etmək üçün istənilən işdən həvəslə yapışacaq adamlardansınızsa, o qədər də əmin olmayın. Laqeyd olduğunuz işin girovuna çevriləcəyinizdən narahatsınızsa, deməli sizin məna ilə bağlı probleminiz yaranıb. Əmin edirəm ki, şüurunuzun dərinliyində belə bir fikir közərir: mən öz töhfəmi verməli, nüfuz qazanmalı, nəsə mühüm bir şey etməliyəm, yoxsa boş işlə məşğul oluram.
Amma aşağıdakı tarixçəni bu konsepsiya ilə necə uzlaşdıraq: «Kitab mağazasının 1890-cı illərin Amerika dövrü mətbuatı ilə tavanına qədər dolu anbarına girəndə, mənə elə gəldi ki, evdəyəm, hərçənd heç vaxt belə yerdə olmamışdım! Bilirəm, bu mağaza çoxlarına havayı da lazım deyil, lakin məndə belə bir hiss var ki, mənim təyinatım məhz burada işləməkdir».
Ola bilsin ki, tozlu jurnallar nə siz, nə də ümumilikdə dünya üçün xüsusi əhəmiyyətə malik deyil. Bunlar əhəmiyyətli bir şey, nə xərçəng xəstəliyinin dərmanı, nə də böyük nailiyyət deyillər, amma mərc gələrəm ki, siz də belə bir hissi keçirmək istəyərdiniz. Özü də, bilirsinizmi, bu mümkündür. Sizə «mənalı iş» haqqında təlqin edilmiş hər şeyi yaddan çıxarmaq və şəxsən sizin üçün nəyin mənalı olduğunu görmək lazımdır.
Həqiqi, özünüzə məxsus məna uşaqlığınızda olduğu qədər təmiz və unikaldır. Biz onun haradan alındığını bilmirik. Sanki sizin fərdiyyətiniz kimi, o da həmişə var. Onu yaratmaq yox, sadəcə kəşf etmək lazımdır. Şəxsi məna sizin dərində gizlədilmiş istedadlarınızı qalan dünya ilə bağlayır. Bağban və ya inşaatçı, kinorejissor və ya həkim – kim olmağınızdan asılı olmayaraq, «alnınıza yazılmış»ı edirsinizsə, öz ruhunuz və ətraf aləmlə vəhdət hiss edirsiniz. Bağban gözəlliyə xidmət etdiyini hiss edir və təbiətə sitayiş edir. İnşaatçı və rejissor dünyanı heyran edəcək əsərini yaratmaqla öz bacarıqlarını tətbiq edir. Həkim hiss edir ki, insanları sağaldanda özünün intellekt, bilik və səriştəsindən istifadə edir.
Sizə uyğun olan iş axtarmağın ilk addımı sevdiyiniz işlə layiqli iş – mənalı iş arasında bağlılığı görməkdir.
Çünki bunlar eyni şeydir.
Siz sadəcə əylənməklə xoşbəxt olmayacaqsınız. Uzunmüddətli tətilləri həyatınızın məqsədi seçməyi sizə məsləhət görmürəm. Hətta təqaüddə, istefaya çıxıb «qızılgülləri qoxulamaq» üçün imkan tapanda da təkcə həzz yox, həm də sizin üçün həqiqi məna daşıyan işlər axtarmağa dəyər. Hər hansı bir şey sizin üçün həqiqətən də vacibdirsə, onu həyatınıza daxil etmək zəruridir.
Hətta cənnətdə məskunlaşmış, zəngin və məşhur olsanız belə, həqiqətən vacib olan məşğuliyyətiniz yoxdursa boşluq hiss edəcəksiniz. Belə işiniz yoxdursa hər yer həbsxana kimi görünə bilər. Bu, hələ hamısı deyil.
Özünüzü bu qaydada birinci yerə qoymağı eqoistlik hesab edirsinizsə fikirləşin ki, sevdiyiniz işlə məşğul olanda, siz təkcə özünüzə deyil, bütün dünyaya töhfə verirsiniz! Pikasso kiməsə kömək etməyə çalışmırdı. Belə baxanda, elə nisbilik nəzəriyyəsi üzərində işləyən Eynşteyn də. Onlar sadəcə öz işlərini görmək istəyirdilər və görürdülər. Bu iş onlar üçün o qədər vacib idi ki, başlarından ata bilmirdilər. Onların səyləri çox şəxsi, özünəqapalı, hətta eqoistik idi, ən azı iş vaxtı onları heç kimin rifahı maraqlandırmırdı. Hətta dünyanı xilas edən kəslərin də hansısa şəxsi məqsədləri var. Onlar xəstələri sağaldarkən, planeti daha sağlam edərkən bu məqsədin ardınca gedirlər. Onlar sadəcə yaxşı adam olmağa çalışmır, öz ürəklərinin çağırışına qulaq asırlar. Şəxsi məmnuniyyətlə mənalı iş arasında seçim edilməli olduğu haqqında əfsanəni taxtdan salmaq vaxtıdır.
Birinə çatmaq üçün digəri zəruridir.
«Dahi» iş sevgi tələb edir. İşə olan sevgidə isə, adamlara sevgidə olduğu kimi, hissləri hesablamaq mümkün deyil. Dolğun və dəyərli həyat yaşamaq üçün ümumiyyətlə «düzgün» olanı yox, sizin üçün doğru olanı axtarmaq lazımdır. Uzaq perspektivdə bu sizin edə biləcəyiniz ən alicənab işdir. Sizi belə bir fikir isindirə bilər ki, dünya qarşısındakı borcunuz sevdiyiniz və sizdə ən yaxşı alınan işlə məşğul olmağınızdan ibarətdir. Məhz bunu etmək sizin hüququnuz, eyni zamanda da borcunuzdur. Siz məhz sevdiyiniz işlə məşğul olmağın nə olduğunu bilirsiniz? Mən müxtəlif adamlardan soruşmuş və belə cavablar almışam:
«Sevdiyin iş səni tam məşğul edir və sənin bacarıq-larından tam istifadə edir».
«Mən işimi sevirəm, çünki o, daim məni inkişaf etdirir və həmişə yeni bir şey gətirir».
«Saata baxmağı yadımdan çıxaranda anlayıram ki, işimi sevirəm».
«Mən bilirəm ki, bu, vicdanlı işdir. Vicdanlı və çətin. Yanğınsöndürən və ya fermerinki kimi».
«İşimi sevirəmsə o mənim öz işimə çevrilir. Mən onunla özüm üçün məşğul oluram. Bütün gücümlə işləmək üçün mən bunu hiss etməliyəm, zəhmət haqqımı başqasından alanda belə».
Belə iş sizə də mane olmazdı, elə deyil?
Siz onu əldə etməyə qadirsiniz. Bu səhifələrdə salınmış yol əvvəlcə dolayı görünə bilər, amma son nəticədə sizi sevdiyiniz işə gətirib çıxaracaq. Ona görə də təxəyyülünüzü qısmayın və tam gücünüzlə xəyala dalmağa hazırlaşın. İndi biz bir qədər şənlənəcəyik.
İş tap
Çalışma 2. Cənnət (və ya cəhənnəm) işi
Bəli, məhz «iş». Bu tapşırıq üçün qarşınıza mənaya malik «bütün həyatınızın işini» tapmaq kimi iddialı məsələ qoymağınız lazım deyil. Bu tapşırıq iki hissədən ibarətdir və hansı hissədən başlamağın fərqi yoxdur. Mümkündürsə A hissəsindən başlayın.
Hissə A. Sizin cənnət işiniz
Təxəyyülünüzə güc verin və dünyada özünüz üçün ən yaxşı işi düşünüb tapın. Neçə saat işləyəcəyinizi, nə edəcəyinizi, hansı şəraitin sizə daha uyğun gələcəyini müəyyən edin. Özünüzü gerçəklik və ya həyata keçənlik mülahizələri ilə məhdudlaşdırmayın, çünki Təxəyyül Zamanıdır. Yeganə məhdudiyyət odur ki, bu, həyat deyil, iş olmalıdır. Yəni sizin tapşırıqlarınız, iş gününüz və müəyyən zəhmət haqqınız olmalıdır. Qalan şeylərdə özünüzə məhdudiyyət qoymayın. Məsələn, həftə ərzində siz çobansınız, istirahət günlərində arxanızca helikopter gəlir və sizi təmtəraqlı spa mərkəzinə götürür. Qış tətillərində isə siz sənədli filmlər çəkirsiniz. Aşağıdakı vacib kateqoriyaları daxil etməyi yaddan çıxarmayın: nə, harada və kiminlə?
Gün ərzində nə edəcəksiniz? Çəkiliş meydançasında rupora qışqıracaq, velosiped sürəcək, nə üçünsə alver edəcək, nəyinsə dizaynını verəcək, ev tikəcək, fiqurlu konkisürmə ilə məşğul olacaq və ya kimisə xilas edəcəksiniz? «Boris Qodunov»da bas partiyanı ifa edəcək və ya şadlıq edən çoxminlik kütlə qarşısında nitq söyləyəcəksiniz? Bəlkə planşet və qeydlərinizlə öz fabrikinizi gəzib, parçalarınızın ideal toxunması və boyanmasına nəzarət edəcəksiniz?
Bu işlə harada məşğul olacaqsınız? Həmin şəraiti təsvir edin. Buxarısı olan rahat kottec, Antarktika, Manhettenin mərkəzi, yoxsa Kentukkidə ərəb atlarını bəslədiyiniz nəhəng fermada?
Siz nə sevinc, nə də məmnunluq tapmadığınız yerlərdə artıq kifayət qədər işləmisiniz. İndi özünüzə hər şeyi rəva görün. Beyninizin, eyni zamanda həm ana, həm vaz keçilməz qadın, həm də Amerika futbolunun ulduzu, və ya planetin baş bağbanı və tropik meşələrin xilaskarı olduğunuz gizli küncünə nəzər salın.
Sizinlə birlikdə olacaq adamları da yaddan çıxarmayın. Bunun iş olduğunu – rəisiniz, həmkarınız, biznes tərəfdaşınız, «sağ əliniz» olan köməkçiniz, hətta rəqibinizlə birlikdə işlədiyinizi yaddan çıxarmayın. Sizin hər bir arzunuzu tam dəqiqliklə, sözsüz yerinə yetirən və sizdən sonra hər şeyi hökmən yığışdıran və sahmana salan köməkçilər komandanızın olmasını istəyərdiniz? Bəlkə əla nəticələrə nail olana qədər dayanmağınıza imkan verməyəcək dahi məşqçi və ya müəllimin yeri görünür? Ya da sizinlə birlikdə layihə üzərində işləyən və xəyalınızda canlandıra biləcəyiniz ən ağıllı, hazırcavab, mehriban həmkarlar istəyirsiniz?
Mən adətən seminarlarımda bu tapşırığın yerinə yetirilməsini istəyəndə, o, şövq partlayışına gətirir. Qruplarımın əksəriyyəti təxəyyülünü uçuşa elə rahatlıqla buraxır ki, guya artıq cümə günüdür.
Mən həmişə bu cavablardan ləzzət alıram; düşünürəm ki, siz də alacaqsınız.
Adrien, korporativ hüquqşünas, 44 yaşında: «Mən Amazonkanın bütün uzunluğu boyu hər şeyi çəkmək üçün kamera, yüksək səviyyəli komanda və çoxlu pul, sonra isə Peru yaylasına yollanmaq istəyirəm!»
Bernis, yazıçı, 29 yaşında: «Mən sadəcə hər gün səhər şəhərin mərkəzində yerləşən, içərisində masa, katib, kompüterlər, telefonlar, surətçıxaranlar, fakslar və çoxlu məşğul adam olan böyük ofisə gəlmək, orada öz nəsrimi yazmaq istəyirəm. Özü də bu vaxt bütün kampaniya ilə nahar etmək, kiminləsə su soyuducusunun yanında söhbət etmək, kiminləsə şam yeməyinə, kinoya və ad günlərinə getmək istəyirəm».
Filip, hüquq şirkətində korrektor, 27 yaşında: «Yunan adasında kafeyə malik olmaq istəyirəm. İşdən sonra həm də yaxşı dostum olan tərəfdaşımla ilanbalığı tutmağa gedərdim. Biz birbaşa çimərlikdə şam yeməyi hazırlayar, köhnə mahnılar oxuyar, həyat və qəlblərimizi sındırmış qadınlar haqqında danışardıq. Mövsümlər arası isə mən yelkənli gəmiyə matros düzələr və dünya səyahətinə çıxardım».
Bu yaxınlardan Fortune 100 siyahısında olan şirkətlərin birində menecer işləyən, 38 yaşlı Cenni belə bir variant tapmışdı: «Mən şirkətimdə bölmə rəhbəriyəm və mənimlə əla bir komanda işləyir. İş icraçısından ekspert-məsləhətçilər qrupuna qədər hamı gözəl əhvala malikdir və hər şeydən artıq öz işlərini əla görməyi arzulayırlar. Bəli! Belə olsaydı, hansı işlə məşğul olmağımızın mənim üçün heç bir fərqi olmazdı!»
Luiza, hüquq şirkətində katibə, 39 yaşında, belə qərara gəlmişdi: «Qəşəng şəhərətrafı qəsəbədə poçtalyon olmaq istəyirəm. Bütün günü piyada gəzib, açıq havada olmaq istəyirəm. Hər səhər nə geyəcəyim haqqında düşünmək istəmirəm. Pulsuz tibbi sığorta, təminatlı iş və hər gün evə düz saat beşdə getmək mənim çox xoşuma gəlir. Milad hədiyyələri və sevgililər günü açıqcalarını məmnuniyyətlə çatdırardım. Mən itləri sevirəm. Onlar məni heç vaxt dişləməzdilər».
Bəs siz cənnət işinizi necə təsəvvür edirsiniz? Onu fikirləşib tapmaq xoşunuzu gəldimi?
Yoxsa sizdə alınmadı?
«Bu məndə alınmır, – keçmiş peşəkar beysbolçu Bill bəyan etdi. – Mən sadəcə özümə ideal iş fikirləşib tapa bilmirəm. Bacarsaydım, elə onunla da məşğul olardım».
«Siz başa düşmürsünüz, – səhnə işçisi Kris deyir, – məndə heç nə, heç vaxt ruh yüksəkliyi yaratmır. Mənim problemim də elə bundadır!»
Bill və Krisin sanki sizin əvəzinizdən də danışdığını düşünürsünüz?
Elə isə tapşırığın digər – «Cəhənnəm işi» adlanan hissəsini yerinə yetirməyinizi istəyirəm. (Mən hələ bunun öhdəsindən gələ bilməyən adamla rastlaşmamışam.)
Hissə B. Mənfi variantı – cəhənnəm işini təsvir edirik
Niyəsini soruşmayın, amma hamı nəyi istəmədiyini bilir, özü də təfsilatı ilə. Əgər «cənnət işi» ilə bağlı tapşırığı yaxşı yerinə yetirə bilmədinizsə, güman ki, «cəhənnəm işi» ilə bağlı tapşırıq əla alınacaq. İstənilən keçmiş və ya xəyalınıza gələn işlərdə xoşunuza gəlməyən hər şeyi götürün. Sizi bədbəxt edən işin müəllifi şeytanın özü olsaydı, nə fikirləşib tapardı?
Nəyi, harada və kiminlə edəcəyinizi müəyyən etməyi yaddan çıxartmayın. Yeri gəlmişkən, «cənnət işi» sizə asan başa gəlibsə belə, bu tapşırığı sadəcə ləzzət xətrinə yerinə yetirmək olar.
Onu yerinə yetirəndə çox adamı bədxah vəcd çulğalayır. Adamların şəxsi «cəhənnəm işlərinin» hər bir cəhətini təsvir edərkən necə qorxulu sifət etdiklərini, gözlərini qıydıqlarını, əzilib büzüldüklərini görmüşəm, – onları dayandırmaq mümkün olmurdu! Hamı daha bir qorxulu təfsilat əlavə etmək istəyirdi. Mən tapşırıqları insanların hansı dəhşətli anları yaddan çıxartdıqlarını bir-birinə xatırlatdıqları qrupda aparmağı xoşlayıram. Görün bu yaxınlarda işlədiyim qrupda hansı nəticələr alındı.
«Cənnət işi» qismində şəhərətrafı qəsəbədə poçtalyonluq etməyi düşünmüş Luiza deyirdi: «Mən çox varlı və ərköyün kino ulduzunun köməkçisiyəm. Mənim boş vaxtım olmur, çünki o məni gündüz-gecənin istənilən vaxtı çağıra bilər. Onun böyük şəhərin mərkəzindəki hündür binada mənzili var. Mən oradakı qulluqçu otağında yaşamağa məcburam. Yemək və geyimlərin hamısını mən almalıyam. (Paltar almaqdan zəhləm gedir.) Burada işləyənlərin hamısı mənə qarşı çox soyuqdur və heç vaxt mənimlə söhbət etmirlər. Mən səhərdən axşama qədər oturub, sabun köpüyü operalarına və televiktorinalara baxmalı oluram, kitab oxumağa isə icazə verilmir. Məni qızılla işlənmiş şüşə düymələri olan yaşıl-sarı uniforma geyməyə məcbur edirlər». Luiza dayandı, amma magistr dərəcəsinə malik olub taksi sürücüsü işləyən Elliot sözə başlamaq istəyən kimi davam etdi: «Hə, özü də o, ancaq dondurulmuş hazır xörəklər yeyir. Mikrodalğalı soba isə pis işlədiyindən yeməklərin ortası həmişə soyuq olur. Mən də onunla birlikdə yeməyə məcburam. Bir də, o məni istənilən vaxt, xəbərdar etmədən, işdən çıxara bilər.»
Nəhayət növbə Elliota çatdı: «Mən hər gün doqquzdan beşə qədər işləyirəm və mənim iki həftə məzuniyyətim var, amma hər dəfə cəmi bir həftəsini götürmək olar. Ona görə də heç bir yerə əməlli-başlı gedə bilmirəm. Tıxaclar səbəbindən hər gün yola dörd saat vaxt itirirəm. Rəqəmlərlə işləməli, büdcə ilə məşğul olmalı oluram. Mənim rəisim şirkət sahibinin oğludur, məndən cavandır, axmaqdır və heç nəyə yaramayan bir zatdır. Lakin mən ona qulaq asmalı və gülümsəməliyəm! Mən yüzlərlə masa qoyulmuş nəhəng zalda otururam, yüzlərlə adam mətn yığır və ya telefonla danışır, amma bir-birimizlə ünsiyyətdə olmağımıza icazə verilmir. Pəncərə yoxdur. Mən bunların hamısına nifrət edirəm».
Bank işçisi Xuan deyirdi: «Mənim cəhənnəm işim var. Fikirləşib tapmağa ehtiyac yoxdur, elə indi gördüyüm işdir. Hər gün və sonsuzluğa qədər. Cəhənnəmdə iş. Mən investisiya imkanlarından danışaraq, slaydlarala təqdimat aparardım və hesabatlar yazardım. Çoxlu sayda hesabatlar». Təklikdə iki uşaq böyüdən Martina özünün cəhənnəm mənzərəsini belə bölüşürdü: «Mənim üçün ən pis variant heç kimin baş açmadığı xaosun hökm sürdüyü ofisdir. Mənim vəzifəm hər şeyi təşkil etməkdir, amma mən bunun öhdəsindən gələ bilmirəm. Hər gün. Hər gün də abrımı ətəyimə bükürlər. Cəhdlərimi dayandırmağa da icazə vermirlər. Hər cümə günü rəis məni yanına çağırıb öyüd-nəsihət verir».
Bu səfeh tapşırığın mənası nədir? O kifayət qədər vacibdir. Bir tərəfdən, siz hər dəfə gərginlik hiss edəndə, mənfi ssenarini yada salmaq çox faydalıdır. Sizin təbiətinizin «nisyə» iş görməyə gizli etiraz edən hissəsi «qazını» bir qədər buraxmaq imkanı əldə edir. Bundan sonra sakitləşmək və enerjini başqa istiqamətə yönəltmək olur. Mən də istəyirəm ki, siz bu enerjini konkret məsələ üçün istifadə edəsiniz.
Mənfilikləri yazın
Siz özünün «cənnət işini» təsvir etməyi bacarma-yanlardan idinizsə, axırıncı tapşırıq göstərdi ki, gur mənfi yaradıcılıq qabiliyyətiniz var. Mənfi ssenariləri çox xoşlayıram. Bu, məzəli və faydalıdır: mənfi variantları təsəvvür etməklə, bəzən sizin təxəyyülünüzə işləmək imkanı verməyən inadkar müqaviməti aldatmaq olar. İndi, özünüz üçün ən dəhşətli işi düşünəndən sonra, ideal işin necə olacağını tədqiq təsəvvür etmək olar! Sizin dəhşətli yuxunuz sizi sanki yaddan çıxarmış olduğunuz, dərində gizlədilmiş arzu və ehtiyaclarınıza gətirəcək xəritə olacaq. Bunu necə etməyi göstərəcəyəm.
«Cəhənnəm işinin» hər bir detalını – zaman qrafiki, fəaliyyət növü, şərait, ətrafdakıların münasibəti, hətta hava durumu və, mütləq, keçirdiyiniz hissləri götürün və onların tam tərsini təsəvvür edin. Hər şeyi 180 dərəcə tərsinə döndərin. «Cəhənnəm işinizdə», Luizada olduğu kimi, ərköyün ulduza işləyirsinizsə, onu müdrik, nəzakətli və təmkinli filosofla əvəz edin. Hər gün işə getməyə çoxlu vaxt sərf etdiyinizi demişdinizsə, «mən evdən işləyirəm» yazın.
Məntiqi hiss etdiniz? Onda qələmi götürün.
Çalışma 3. İşi yenidən yazırıq və ya mənfini müsbətə dəyişirik
«Özünüzün cəhənnəm işinizi» götürün və ağ vərəqdə onun tam əksini yazın. Sizə də, Luiza kimi şəhərin mərkəzindəki hündür binada yaşamaq xoş gəlmirsə, «mən kənd yerində, yaxşı kottecdə yaşayıram», və ya buna bənzər, fikrinizcə şəhərə əks olan başqa bir şey yazın. «Cəhənnəm işiniz», Elliotda olduğu kimi, bazar günlərinin olmamasını nəzərdə tutursa, «mən ilin altı ayını işləyirəm» yazın. «Cəhənnəm ssenarisində» səhrada, treyler parkında tənhalıqda qalıbsınızsa, özünüzü Londonda, Parisdə rəqsə və ya əla restoranda şam yeməyinə gedən təsəvvür edin. Mətn yığmaq və kağızları qovluğa toplamaqdan zəhləniz gedirsə, buna ən yaxşı alternativin nə olacağını düşünün. Kosta-Rika haqqında məqalələr yazmaq? Teatr pyeslərinə prodüserlik etmək? İnsanlara yardım etmək? «Cəhənnəm işinizin» tərsini tapın – «cənnət işinizin» konturlarının necə təzahür etdiyini görəcəksiniz! Bilirsiniz, siz sadəcə artıq «qazınızı» buraxmadınız. Özünüz üçün ən mühüm olan şeylərin üstünü açdınız: mənfi variantı təsvir etdiniz, sonra isə bunun tərsi olan mənzərəni görmək üçün onu fotoplyonka kimi çap etdiniz. Budur o sizin qarşınızdadır: bu şəkil göstərir ki, siz öz istəkləriniz haqqında güman etdiyinizdən daha artıq bilirsiniz. Müsbət və ya mənfi obrazdan başlamağınızın elə bir əhəmiyyəti yoxdur, indi xəyallarınızın işi haqqında təsəvvürünüz var. Gəlin bu məlumatdan növbəti tapşırıqda həqiqətən də məşğul ola biləcəyiniz əla işi fikirləşib tapmaq üçün istifadə edək.
Çalışma 4. Özünü təshih edən ssenari
Bu tapşırığın iki variantı var – birincisi yaxşı dostunun köməyindən istifadə edənlər, ikincisi hər şeyi təklikdə etməyə üstünlük verənlər üçündür.
Variant 1. Birləşib film yazırıq
Bizim halımızda ssenari sadəcə filmin qısa xülasəsidir. Siz filmin ideyasını kinostudiyaya satmaq istəyirsinizsə, onun məzmununu təqribən belə xülasə edirsiniz: «Cəmiyyətin yüksək təbəqəsindən olan professor London operasının qarşısında gülsatan qızla tanış olur. O və dostu qızın dəhşətli tələffüzünü düzəltmək, sonra isə qızı kral sarayında keçiriləcək balda əsilzadə xanım kimi təqdim etməyə qərar verirlər. Sonra professor qıza vurulur».
Beləliklə, mən istəyirəm ki, dostunuz sizin əla karyeranız haqqında filmin ssenarisini sizə «satsın». Hansı yolla? «Cənnət» və «cəhənnəm» işlərinin təsvirinə əsaslanaraq. Məsələn sizin yoldaşınız deyir:
– Belə, sən nizamsızlığı xoşlamırsan, ona görə də ssenari belədir: sən əla təşkil edilmiş ofisdə işləyirsən, hər şey sənin tam nəzarətin altındadır. Səni hər gün nailiyyətlərinə görə tərifləyirlər.
Yoldaşınızın təklif etdiyi ssenariyə diqqətlə qulaq asın. O qurtaranda, hekayəni təkmilləşdirməyə kömək edin. Təsvir edilən həyatla razı olduğunuzu və ya ona düzəlişlər etmək istədiyinizi müəyyənləşdirin:
– Əla təşkil edilmiş ofis xoşuma gəlir, amma təriflər mənə lazım deyil. Deyəsən mən ümumiyyətlə rəisim olmasını istəmirəm.
– Yaxşı, – dostunuz deyir, – təzədən başlayım. Sən əla təşkil edilmiş ofisdəsən və bu sənin ofisindir. Sən özünə işləyirsən.
– Hə-ə-ə, bu mənim xoşuma gəlir.
Qoy dostun hekayəni təshih etməyə kömək göstərsin. Lazım olanda dəfələrlə geri qayıda-qayıda irəliləyin, xoşunuza gəlməyən hissələri atın, kadrın arxasında qalmış təfsilatları əlavə edin və hər dəfə də nəticələri yoxlayın.
– Yaxşı, indi hər şey xoşuna gəlir?
– Demək olar ki. Bəs mənim biznesim nədən ibarətdir?
– Sən kalson satmaqla məşğulsan.
– Yox, mən heç nə satmaq istəmirəm.
– Tamam heç nə?
– Yox. Mən bu dünyada nəsə etmək istərdim. Mən insanlara həyatlarını yaxşılaşdırmaq üçün kömək etmək istəyirəm.
Aha!
Bir baxın ha, həyatda nə etmək istədiyin anlayan bu şəxs kimdir görəsən?
Ssenarini dönə-dönə dəyişməklə sizin üçün nəyin mühüm olduğunu, yəni məna ilə dolu olduğunu tədricən anlamağa başlayacaqsınız. Özünü təshih edən ssenari sizin psixikanıza tətbiq etdiyimiz bir fənddir.
Bu fəsildəki bütün tapşırıqların məqsədi müdafiə mexanizmlərinə kələk gəlməkdir. Budur, artıq dəqiq məlumat əldə etdik!
Variant 2. İki qələm
Dostunuz yanınızda deyilsə, bu özünü təshih edən ssenarini bloknot və biri ssenarini yazmaq, digəri isə ona düzəliş etmək üçün lazım olacaq müxtəlif rəngli iki qələmlə eyni dərəcədə səmərəli yerinə yetirmək olar. Sadəcə rolları dəyişin: qələmin biri ilə «dostunuzun» təkliflərini yazın, digəri ilə isə öz şərhlərinizi.
Nöqsansız ssenari hazırlayan kimi ən azı indiki an üçün layiqli məqsədə malik olacaqsınız. Yadınızdadır, mən demişdim ki, məqsədə doğru hərəkət etməyə başlayan kimi sizə imkan verməyən müqaviməti fəallaşdıracaq və üzə çıxaracaqsınız? Budur, indi sizin məqsədiniz var. Baxaq görək mən haqlı idim, ya yox.
Çalışma 5. Müvəqqəti daimi öhdəlik
Beləliklə indi sizin ideal təshih olunmuş ssenariniz var. Heç bir etiraz qalmayıb? Lap yaxşı.
İndi mən sizinlə pis bir zarafat etmək istəyirəm. Mən təkid edəcəm ki, siz planı yerinə yetirməyə söz verəsiniz! Bəli, məhz belə. Daha geriyə baxmırıq – bütün qərarlar qəbul edilib. İndi biz karyeranızı hansı istiqamətdə quracağınızı bilirik.
Lakin panikaya düşməyə və ya mənim ağlımı itirdiyimi düşünməyə başlamazdan əvvəl icazə verin göstərişlərimi başa çatdırım: Mən istəyirəm ki, siz bir saat ərzində bununla məşğul olasınız.
Mən qısa müddətə sizin azadlığınızı əlinizdən almaq istəyirəm, çünki azadlıq məhvedici ola bilir. «Nə ilə istəyirsiniz məşğul ola bilərsiniz» sözləri şəxsi cəhənnəm yaratmağa qadirdir. Nə ilə istəyirsən? Seçim çox böyükdür! Bəzən məhdudiyyətlər inanılmaz yüngüllük yaradır və o bu dəqiqə baş verəcək. Siz məqsədsiz, həlməşik şəkildə mövcud olmağa nə qədər nifrət etdiyinizi gözəl bilirsiniz. Hər şeydən çox qərar qəbul etmək və həyatınızı sahmana salmaq istəyirsiniz.
Sizi sonsuz seçimin sərbəst düşmə halında saxlayan yeganə şey düzgün seçim etməmək və tələyə düşmək qorxusu idi. İstəyirəm inanasınız ki, düz ya əyri, seçim edilib və siz tələyə düşmüsünüz.
Özünüzü bütünlüklə sizə daha yaxşısını təsəvvür edə bilməyəcəyiniz qədər uyğun olan bu ssenarinin yerinə yetirilməsinə həsr etməlisiniz. İndi bütün başqa variantlar qapanıb, qollarınızı çirmələyib bunu həyata keçirmək lazımdır.
Bir saat ərzində.
Yəqin indi fikirləşəcəksiniz: dayanın, mən hələ heç bir öhdəliyə hazır deyiləm. Bir saatlığa belə. Ən azı ona görə ki, nəyə getdiyimi bilmirdim. Bilsəydiniz daha ehtiyatlı olardınız, elə deyil?
Bəli, siz doğrudan da daha ehtiyatlı olardınız və heç bir şey fikirləşib tapmazdınız.
– Yox-yox, – «cənnət ssenarisi» Uelsdə şair olmaq olan məktəb müəlliməsi Corciya etiraz etdi, – axı bu mənim həqiqətən istədiyim deyil! Mən nə istədiyimi bilmirəm, yadınızdadır? Bəs mən səhv edirəmsə? Yəni, tam əminəm ki, səhv edirəm! Siz axı özümü uyğun olmayan şeylərə həsr etməyi boynuma qoymaq istəmirsiniz?
Mən məhz bunu istəyirəm.
Amma cəmi bir saatlığa (Hərçənd bu bir saat sizin həyatınızdakı ən uzun və ibrətamiz saatlardan biri ola bilər.)
Özünü həsr etmək, bizim halımızda müzakirəni kəsmək deməkdir. Bütün «bəs birdən»ləri atmaq deməkdir. Gələcək müəyyən edilib. Mən istəyirəm ki, öz-özünüzə deyəsiniz: «Yaxşı, daha fikirləşməyin mənası yoxdur, çünki geri qayıtmaq mümkün deyil. Komediya şoularında iştirak edəcək, ada alacaq, məsafədən işləyən işçi olacağam, yaxud da kibutsa üzv olacağam. Bu istiqamətdə birinci hansı addımları atmaq lazımdır?»
İndi istəyirəm ki, telefon kitabçasına baxasınız, komiklərin çıxış etdiyi kluba zəng edəsiniz, adaların neçəyə olduğunu öyrənəsiniz, ya da kibutsda yaşamış qonşunuza zəng edəsiniz. Mən istəyirəm ki, növbəti bir saat ərzində siz öz məqsədinizə doğru hərəkətlə fəal məşğul olasınız. Zəngli saatınızı bir saata (gücünüz daxilindədirsə daha çox vaxta) qurun – o, zəng çalanda dayana bilərsiniz.
İstəyirəm ki, bu bir saat ərzində özünü tamamilə bir işə həsr etməyin nədən ibarət olduğunu anlayasınız. Özü də sizin ssenariniz bu iş üçün başqalarından az yaramır.
Hə, nəticəsi nə oldu?
Bir adam söylədi: «Bu, mühüm olmalı deyildi, amma mühüm oldu! Mən bu tapşırığa digər layihələrə, məsələn müsamirə təşkilinə yanaşdığım kimi yanaşdım. Yeganə fərq bu müsamirənin mənim həyatım olmasından ibarət idi!»
Özünü poçtalyon rolunda görmüş Luiza öz hisslərini belə təsvir etdi: «Tüklərim biz-biz oldu! Amma özümü ələ ala bildim. Ohayoya, rəfiqəmə zəng edib Kolambusda poçtu necə çatdırdıqlarını soruşdum. Təbii ki, poçtalyonların əvvəlki kimi küçədə obaş-bubaşa gəzdiyi məlum oldu. Oraların əvvəlki kimi gözəl olub-olmadığını soruşanda, hə dedi. Sonra mən oradakı poçta zəng edib işə düzəlmə anketini mənə göndərmələrini xahiş etdim! Sizin sayənizdə bütün bunları etdiyimə inanmağım gəlmir!»
Filipdə isə belə olmuşdu: «Mən heç başlamamışam da, amma artıq özümü bezmiş hiss edirəm! Bu, doğrudan deyilsə, niyə bu dərəcədə qorxuludur?»
Ona görə qorxuludur ki, bunun ciddi olduğunu davranışınızla göstərəndə, fəaliyyətə keçməyinizə uzun müddət mane olmuş müqavimət yuxudan oyanır.
Darıxdırıcıdır deyərək köhnə komediyaya baxmağı, itlə gəzintini, hətta vergi deklarasiyasını doldurmağı bu tapşırıq üzərində işləməkdən üstün tutdunuzsa, özünüzü aldadırsınız. Siz hələ müqavimətinizin səsi eşidilməmiş meydandan qaçdınız.