Kitabı oku: «Sıyrılmış qılınc», sayfa 5
VII
SIYRILMIŞ QILINC
Oğul ki var Misir karvanıdır, o, qırx ildən bir gələr.
Xalq məsəli.
Ey igid, əgər qılıncı qınına qoyacaqsansa, dəstəyə əl atma!
Üzü gündoğana baxan qırmızı darvazalı evin həyətində qollu-budaqlı bir tut ağacı vardı. Tut ağacından asılmış yelləncəkdə iki oğlan yellənirdi. hər ikisi Bəzz meşəsinin palıd şivləri təki möhkəm idi. Təbiət uşaqlara boydan boy vermişdi. İkisi də diribaş və çevik idi.
Səhərin çiçək ətirli küləyi hərdən oğlanların əynindəki ağ uzun sədrəni49 və çiyinlərindən asdıqları ağ boş torbalarını üfürüb şişirdirdi. Belədə onlar gözə böyük görünürdülər.
Yelləncək az qalırdı tutun yuxarı budağına gedib toxunsun. Uşaqlar ayaqlarını qabağa uzadıb: «hop… hop…hop…» deyə-deyə daha sürətlə yellənirdilər. Şən və cingiltili səsləri təzəcə şirəyə dolmuş ağ tutları dimdikləyən nadinc sərçələrin civiltisinə qarışmışdı.
Dünən axşamdan tutun altında yanan ocaq hələ sönməmişdi. Uşaqlar yelləndikcə ocağın külü sovrulub gedir, kösövlər təzədən közərirdi. Qapı-bacadan lay-lay ətrafa yayılan tüstü get-gedə çoxalırdı. Elə bil, oğlanlar seyrək duman içində uçurdular. Hətta darvazanın baş tərəfinə vurulmuş qoşa qılıncı xatırladan keçi buynuzu da tüstüdən görünmürdü.
Oğlanların başı əyləncəyə qarışdığından tüstüyə əhəmiyyət vermirdilər. Kənardan baxana elə gəlirdi ki, bu xoş qoxulu tüstünün içindən bu saat yaşıl alov püskürəcək, həyat-bacanı tamam alışdıracaq. Hətta güclənib yelləncəkdəki oğlanları da külə döndərəcək…
Qapının cəftəsi astadan cırıldadı. Evdən qatı tüstünü yarıb başdan-ayağa qıpqırmızı geyinmiş, əlində qılınc tutmuş, ucaboy, sarışın, qamətli bir qadın çıxdı. Donunun ətəkləri alov təki dilimlənirdi. Qadın tüstüdən yaşarmış iri, qonur gözlərini ovuşdura-ovuşdura ocağın yanına gəldi və səssizcə qılıncı tut ağacına dayadı, özü də ona söykəndi.
Bərumənd bu səkkiz-doqquz ildə xeyli dəyişmişdi. Elə bil, o, bir vaxt qızılgülə bənzəyən uşaqlı Bərumənd deyildi. Hanı odlu dodaqlarının gənclik təbəssümü? Doğrudan da hər şey Səkinənin gözəlliyi50 kimi itib gedərmiş. Təbiət Bəruməndə bəxş etdiyi gözəlliyin çoxunu almışdı. Ağlının üstünə ağıl gəlsə də, çox şey itirmişdi. Topuğuna çatan gur hörüklərində ağ izlər nəzərə çarpırdı. Lakin o, əvvəl olduğu kimi hörüklərinin ucundan cürbəcür bəzək şeyləri asmışdı. Günəşdən şəfəqli və parlaq, qonur gözlərinin cazibədarlığı hələlik getməmişdi.
Bəruməndin zərif incə əlləri isə… Bu əllər indi dəmirçi əllərinə oxşayırdı. Elə bil, çəkic vurmaqdan həm böyümüş, həm də bərkimişdi. Bu əllər Abdulla qətlə yetiriləndən sonra çörəyi daşdan, alovdan, sudan çıxarmışdı! Bu əllər tərlan tamaşalı oğulları və Abdullanın qılıncını qoruyub saxlamışdı.
Oğlanların başı qarışmışdı, analarını görmürdülər. Bərumənd sarışın sifətinin vaxtsız qırışlarına süzülən göz yaşlarını qurulayıb xoş nəvazişlə oğlanlarına baxırdı. O, mehriban və gümrah səslə oğlanlarını çağırdı:
– Babək, Abdulla, qurban olum sizə, az yellənin, yorularsınız! Gün çıxacaq indi. Müaviyə ilxıdan düz Atəşgaha gedib, gərək biz ondan da tez Atəşgahda olaq. Düşün, bura kəlin görüm.
– Hop!
– Hop!
Oğlanlar cəld yelləncəkdən atılıb analarının yanına qaçdılar və onun əlindəki qılıncı almaq istədilər. Bərumənd bir əli ilə qılıncın gümüş dəstəyindən, o biri əli ilə qının ucundan tutub onu boyu bərabəri qaldırdı. Babək də, Abdulla da atılıb qılıncdan asıldılar.
– Mənimdir!
– Yox, mənimdir!
Bərumənd qılıncı onların heç birinə vermədi, oğlanlarına acıqlandı:
– Az nadinc olun! Atəşgaha nəzir demişəm. Sadiqlik mərasiminə geciksək günaha batarıq… Hə, dayanın bu ocağın böyründə, sizə xeyir-dua verim, sonra gedək.
Qardaşlar əllərini qılıncdan üzüb bir-biri ilə mübahisə etməyə başladılar. Abdulla, ətəkləri Babəkin dizlərini örtmüş uzun, ağ köynəyin yaxasını dartışdıra-dartışdıra mızıldanırdı:
– Atamın qılıncı mənimdir. Anam sənə Şibl əmidən yaxşısını alar.
Babək isə inadkar qardaşının boynunu qucaqlayıb onu gah məzəmmət edir, gah da dilə tuturdu.
– Bura bax ey, qılınc sənin nəyinə gərəkdir? Sən hələ uşaqsan. Mən boyda olanda sənə qılınc alarıq. Mən səndən böyüyəm. Atanın qılıncı böyük qardaşa çatar. Müaviyə ilə mərc qoşmuşam. Atlanıb, əlimizdə qılınc Narlı dərədə sabah gecə at çapacağıq. Onun atı mənim atımın yelinə də çata bilməz. Ana, düz demirəm? Mənim Qaraqaşqamdan heç Salman əminin ilxısında da yoxdur.
Bərumənd başının hərəkəti ilə oğlunun sözlərini təsdiq edib astadan güldü. Sevinirdi: «Oğul düşmən toxmağıdır! Qoy böyüsünlər, Abdullanın qanını heç kəsdə qoymayacaqlar!» Oğlanlarının ər qılıncı üstündə mübahisə etmələrindən ana xoşlanırdı. Bərumənd tüstü bürümüş ev-eşiyə, həyət-bacaya gözucu nəzər yetirdi: «hələ abaddır!» Eyvanda beşik görünürdü. Bərumənd oğlanlarını bu beşikdə böyütmüşdü. «Hanı layla çaldığım günlər?»
Babəkin qızılquşu vardı, bu qızılquş eyvandakı taxçada şahanə görkəm almışdı. Əyri dimdiyi ilə caynağındakı sərçəni didişdirib, tükünü yolur, ovunu acgözlüklə yeyirdi. Qırmızı darvazanın ağzında çömbələn Çənbər də tüstü içində yalquzağa oxşayırdı. Babəkin yəhərli Qaraqaşqası həyətin bir küncündə yaşıl kalışı xırçıldadır və hərdən quyruğunu tənbəl-tənbəl hara gəldi çırpırdı. Toyuqlar qaqqıldaşır, qaratikan çəpərinin dibində eşələnir, sarıdımdik cücələrinə cücü axtarırdılar. İpək tüklü cücələr dinc durmur, cikkildəyib hərdən analarının üstünə atılırdılar. Sərçələr evin divarındakı deşiklər ağzına qonub ətcəbala zılğalarına çəyirtkə verirdilər.
Abdulla dodağını büzüb hıçqırırdı. Babək nə qədər onu dilə tutsa da, ürəyini ala bilmirdi. Bərumənd, oğlanlarının fikrini «qılınc davasından» yayındırmaq məqsədilə:
– Nə gözəl səhərdir! – dedi. Sonra uşaqlarının sarışın saçlarını sığalladı: – Bir baxın, görün tüstü həyəti necə bürüyüb? Ha… ha!.. Əhrimanın qara divləri indi tüstüdən boğulublar. Daha bizim evə bədxah ruhlar yaxın düşə bilməz. Lənətə gəlmiş Əhriman, kim bilir, indi Dombagöz Əbu İmran təki qaçıb hansı mağarada gizlənib?!
Dombagöz sözünü eşitcək Babəkin də, Abdullanın da sifəti tutuldu. Böyümüş qonur gözlərdə intiqam alovu parıldadı. Quldurbaşının adını onlar ataları Abdullanın qanlı paltarı üstünə çöküb için-için hıçqıran, xısın-xısın ağlayan analarından çox eşitmişdilər. Bəlkə elə buna görə idi ki, onlar qılıncın üstündə mübahisə edirdilər. Hər biri atalarının qatili Dombagözdən intiqam almaq istərdi.
Günəş Çovza51 bürcünə daxil olan gündən Bilalabadın səması az-az açılırdı. Dünən gecə şimşəklər qara buludları parçalayıb bölük-bölük eləmişdi. Külək də sübh vaxtı güclənib yükünü boşaltmış qov kimi yüngül buludları qovub hara isə aparmışdı. Səma gəmisiz dənizə oxşayırdı. Bəruməndin gözü allanan üfüqdə qalmışdı. O, günəşin tam çıxmağını gözləyirdi. Günəş üfüqdə közərdi. Dağlar al-əlvan boyandı. Şehli daşlar güzgüyə döndü. Günəşin nur zərrəcikləri Bəzzin uca daşlarını işıqlandırdı. Yamyaşıl meşələr də dərhal rəngini dəyişdi. Axar sular cilvələnib parıldadı. Günəşin bir şüa axını da tutun budaqlarından keçib ocağa düşmüşdü. Ocaq ikiqat şölə çəkirdi.
Bərumənd qılıncı qınından sıyırıb onu oğlanlarının başı üzərində gəzdirdi. Qılınc səhər günəşindən və həyətdə yanan oddan, sanki işıq alıb şimşəyə çevrildi. Bəruməndə elə gəldi ki, bütün Odlar yurdu nurlandı. Bərumənd Möbəd-Möbədan52 kimi dua oxuyub əvvəlcə günəşi, sonra ocağı salamladı. Odun hüzurunda diz çöküb əlindəki sıyrılmış qılıncı günəşə tərəf tutdu və sidq-ürəklə:
– Ulu Hörmüz – dedi – siz buyurmusunuz ki, insan hər yerdə, hər an xeyirxah olmalıdır. Mənim oğlanlarım da xeyirxahlıq naminə dünyaya gəlmişlər. Yalvarıram, ulu Hörmüz, nəzəriniz balalarımın üstündə olsun!
Bərumənd günəşdən, ulu Hörmüzdən oğlanlarının qılıncına kəsər, qollarına qüvvət diləyirdi. Ana dikəldi, əlində sıyrılmış qılınc, gözlərini qırpmadan ümidlə günəşə baxa-baxa oğlanlarının və ocağın başına dolandı. Sonra ayaq saxladı, odun hüzurunda yenidən diz çökdü və yenə də üzünü günəşə çevirdi:
– Ulu Hörmüz, yalvarıram sənə, şuğul-şeytandan bizi uzaq elə! Evimizə şər adamın ayağı dəyməsin. Abdulladan sonra kirpiklərimlə od götürmüşəm. Bədnəzər gözünə bıçaq batsın, bədnəzər kor olsun, bir də bizim bu qırmızı darvazalı evə yaxın düşə bilməsin.
Babək də, Abdulla da günəşə baxa-baxa analarının dediklərini təkrar edirdilər. Ana isə hey günəşə yalvarırdı:
– Ulu Hörmüz, oğlum Babəkə xeyir-dua ver, o bu gün belinə kəsti53 bağlayıb, atəşpərəst olacaq. Bu odu da həyətdə oğlumun şərəfinə yandırmışam. Yalvarıram sənə, ona xeyir-dua ver ki, qılıncı heç vaxt kəsərdən düşməsin. Əgər mənim oğlum atası Abdullanın qanını almasa mən sükut evində rahat yata bilmərəm.
Babəkin intiqamlı gözləri alışıb-yanır, hərdən anasına, hərdən günəşə, hərdən oda zillənirdi. O, qəmgin və fikirli halda dodağını dişləri arasına alıb sıxır, anasının duasına qulaq asır və xəyalən atasının qılıncı əlində Dombagöz Əbu İmranı dağlarda axtarıb tapır, onu parçalayırdı: «Qatil, atamın qanı səndə qala bilməz! Mən Salmanın ilxıçılarından qılınc vurmağı öyrənmişəm. Atamın qılıncını işlətməyi bacararam».
Babəkin qəlbində, sanki fırtına qopmuşdu. Qəzəbdən pörtmüş sarışın sifəti xınalı daşlardan da qırmızı idi. Nazik, çatma qaşları hərdən dartılıb yaya dönür, yaraşıqlı burnunun pərələri aramsız səyriyirdi.
Bəruməndin hökmlü səsi Babəki fikirdən ayırdı:
– Oğlanlarım, müqəddəs günəş eşqinə, odun hüzurunda diz çökün!
Babək də, Abdulla da dərhal ocağın yanında dizlərini qatladılar, səndəl kösövləri ətrafa qığılcım səpə-səpə yanır, həyət xoş ətirlə dolurdu.
Ana duasını qurtardı. Ancaq atalarının qılıncı oğlanların yadından çıxmamışdı. Yenə mübahisə edirdilər. Ana bilmirdi ki, onları necə dilə tutub sakitləşdirsin. Hər ikisini gözü qədər istəyirdi. Onları böyüdüb, ürəklərinə qılınc sevgisi səpincə ana ömrünün qızıl illərini bada vermişdi. İkinci oğlu, atasının adı qoyulan Abdulla dünyaya gələndən sonra dul ana məcbur olub öz südünü bir parça çörəyə satmış və balalarını süd haqqı ilə dolandırmışdı.
Əri öldürüləndə Abdulla hələ onun bətnində idi. Ana Bilalabadda Salmanın evində qulluqçuluq edirdi. Nə haqq alırdı, hamısını quş dimdiyində balasına yem daşıyan kimi daşıyıb balalarına yedirdirdi.
Babək hələ altı yaşında ikən Bilalabadda Salmanın ilxıçısı oldu. Babəkin gecə-gündüzü at belində keçdi, o, at belində qanad açdı. Salmanın mehtərləri ona tambur çalmağı da öyrətdilər.
Abdulla da böyüyüb kəndin quzusunu otarırdı. Daha ananın çörək dərdi yox idi. Ailə bir qədər toxtamışdı. Bu səkkiz-doqquz ilə Bəruməndin üzü indiki təki gülməmişdi. O özünü məğrur və şən aparırdı.
Ocaq yanında mübahisə kəsilmirdi:
– Qılınc mənimdir!
– Yox, mənimdir!
Kənardan baxan elə bilərdi ki, Babəklə Abdulla qanlı-bıçaq olublar.
– Ay uşaqlar, bəsdirin! – deyə Bərumənd gülə-gülə oğlanlarının ikisini də qucaqladı və onların alınlarına səpələnmiş sarışın saçlarını qarışdırdı, ikinizə də qılınç alacağam.
Sonra ürəyində dedi: «Xilafətdə gözsüz yaşamaq olar, qılıncsız yox!.. Yaxşı ki, dünyada Hacı Cəfər təkiləri, Çavidan təkiləri varmış, yoxsa yetim-yesirə bir parça çörək verən olmazdı».
Bəruməndin xına rəngli paltarının altından sinəsi qabarır, çiyinləri oynayırdı. Oğlanlarına tamaşa elədikcə fərəhlənirdi.
– Görürəm, lap atanıza oxşayıbsınız. O ruhu şad olmuş yarağı var-dövlətdən çox istəyərdi. Gecə yatanda əlini qılınc dəstəyindən çəkməzdi. Düşmənli idi. Atanız deyərdi: «hansı kişinin ki, qılıncı pas atıb, demək onun sahibi ölüdür!» Kişidən qan, qadından ətir qoxuyar. Heyf ki, atanız sizin bu vaxtlarınızı görmədi. Görsə çox şey öyrədərdi sizə… Ulu Hörmüz ruhunu şad eləsin onun. Özü getdi, qılıncı qaldı oğullarına. Atanızın qılıncı paslansa onun ruhu sizdən inciyər.
Bərumənd oğlanlarına xeyli öyüd-nəsihət verdi. Ataları barədə onlara xatirələr danışdı.
Oğlanlar nadinclik edirdilər. Ocağın ətrafında bir-birlərini qovub qışqırırdılar. Ana onların könlünə dəymək istəmirdi. Atasız böyüdükləri üçün uşaqların hər şıltaqlığına və nazına dözürdü. Babəkin nəzəri birdən tutun gövdəsinə söykənmiş qılıncın dəstəyinə sataşdı:
– Ana, o naxış nədir elə?
– Oğlum, bu, naxış deyil, yazıdır: «Ey igid, əgər qılıncı qınına qoyacaqsansa, dəstəyə əl atma!»
Bərumənd yazını bir neçə dəfə oxuyub oğlanlarının alnından, gözündən öpdü və qılıncı götürüb qınından çəkdi, şəstlə bir də günəşə tutdu. Bu vaxt Abdulla qılıncın tiyəsində yan-yana xırda-xırda xətlər gördü:
– Bunlar nə üçündür? – dedi.
Bərumənd oğlunun saçını sığallaya-sığallaya:
– Oğlum – dedi – atanız elə-belə yağ taciri deyildi – bir qədər duruxdu və gözünü qılınca dikdi – Dərbənddə bu qılınc çoxlarını xilas edib. Babək Atəşgahda təzəcə dünyaya gəlmişdi, hələ o vaxt sən dünyada yox idin… Dombagöz Əbu İmranın adını eşitmisiz. O quldur tez-tez Cavidanla döş-döşə gələrdi. Onda da bu qılınc çox iş görüb. Bizim bu başıbəlalı Bilalabad kəndi həmişə tapdaq altında qalırdı. Əvvəllər də düşmən bizi evimizdə rahat yaşamağa qoymazdı. Atanızın qılıncı qında durmazdı. Hər dəfə bir namərdi o dünyalıq eləyəndə qılınc tiyəsində bir xətt çəkərdi. Bu qılınc nəsildən-nəsilə keçəcək, onda biləcəklər ki, Abdullanın oğlanları da düşmənə aman verməyiblər. Əbu İmran vaxt vardı atanızın qorxusundan bizim kəndin həndəvərinə hərlənə bilməzdi. Bilalabadın düşməndən qorunmasını Cavidan atanıza tapşırmışdı. O da comərdləri başına yığıb qara yellərin qabağına yeriyərdi.
Babək soruşdu:
– Bəs Dombagözün atamıza gücü necə çatıb?
Babəkin sualı səbəbsiz deyildi. Atası ki belə qoçaq olub, bəs necə məhv ediblər onu? Bərumənd dedi:
– Oğlum, atanız Cavidanın yaxın dostu idi. Onun bir sözünü iki eləməzdi. Cavidan Bəzz qalasında qərar tutub. Bunu bilirsiniz… O, xürrəmilərin başçısıdır. Xəlifə Harun ondan bərk qorxur. Cəsur adamdır. Xəlifə Dombagözə bir ətək dinar verir ki, Cavidanı öldürtsün. Cavidanda atanızı göndərir ki, gedib Dombagözün harda gizləndiyini öyrənsin. Savalan dağında Dombagözün quldurları atanızın üstünə tökülürlər. Atanız yeddi nəfərlə təkbaşına qılınclaşır… Üçünün başını bax bu qılıncla üzür. Nəhayət… Bu qədər, quldurla tək bacarmaq çətindir. Arxadan vururlar atanızı… Yaralanır. Onu aparırlar Əbu İmranın yanına. Sonrasını dilim gəlmir deməyə. Əli qurusun düşmənin.
Babək də, Abdulla da bikef olurlar. Daha analarına sual vermədilər. Bərumənd kövrəlmişdi.
Bu gün sadiqlik mərasimi olacaqdı. Belə gündə ağlamaq, sızlamaq və bikefləmək atəşpərəstlər arasında günah sayılırdı. Bərumənd kirpiklərinin nəmini sildi.
Artıq qırmızı darvazalı həyətin tüstüsü seyrəlirdi. Bərumənd qılıncı beşiyin içində gizlətdi. Evə girdi və odu közərən manqalı həyətə çıxartdı.
– Gedək, oğlanlarım, mərasimə gecikərik.
Ana və oğlanları Atəşgah yoluna çıxdılar. Babək addımlaya-addımlaya gah Abdullanın, gah da özünün sədrəsinə baxıb fərəhlənirdi. Ana nəzərini oğlanlarından çəkmirdi, elə bil, onları birinci dəfə idi görürdü: «Kaş Abdulla sağ olaydı. Oğlanları böyüyüb!» Atəşgah yolunda o qədər uşaq vardı ki… Odlu-ocaqlı həyətlərdən hey ağköynək uşaqlar çıxıb dəstəyə qoşulurdu. Hamı şux idi. Sanki heç xəlifə quldurlarının murdar ayağı bu kəndə dəyməmişdi. Hamı gülürdü, təbiət də gülürdü. Karvansarada tacir Şiblin zınqırovlu dəvələri nərildəyirdi. Novlu bulağın başı qız-gəlinlə dolmuşdu. Qanlı düzü, Narlı dərəni Salmanın ilxılarının kişnərtisi başına götürmüşdü. Dağların başında çobanlar ocaq çatmışdı… Bilalabadın səmasını günəş, torpağını insanlar bəzəmişdi. Quşlar şən-şən cikkildəşirdi.
Bərumənd oğlanları ilə Atəşgaha tələsirdi. Atəşgahın daşlarındakı aypara şəklini günəş daha da aydınlatmışdı. Onlar Atəşgaha çatanda Babək irəli cumdu:
– Ay can, xoruz! Ay can, xoruz! Gör nə iri saqqalı var?
Abdulla da qardaşının arxasınca cumdu. Atəşgahın həyətindəki qəfəslərdə çoxlu iri, ağ xoruz quqquldaşırdı. Bu qırmızısaqqal müqəddəs xoruzlar təkəbbürlə qəfəsdə gəzişirdilər. Elə bil, Atəşgahın sahibi kahinlər deyil, onlar idi. Babək torbasından bir ovuc dən çıxarıb xoruzlara atdı:
– Dimdiyiniz iti, olsun, xoruzlar! Anam sizə nəzir gətirib. Bıy, hara qaçırsınız?
Abdulla dallarınca düşüb gələn Çənbər itinin başını tumarlaya-tumarlaya xoruzlara baxırdı. Xoruzlar kökəlmişdilər, qəfəslər darlıq edirdi. Çox keçmədi, qəfəslərin dövrəsi ağköynək uşaqlarla doldu. Hərə bir yandan, xoruzlara dən atırdı.
Bərumənd oğlanlarının əlindən tutub qapıya tərəf çəkdi.
– Gedək, kahin bizi gözləyir.
Atəşgahın qapısında ağız-burnu yaşmaqlı, çalsaqqal, arıq, ucaboy bir kahin dayanmışdı. Al rəngli uzun əbasının ətəyini dəstələyib əlindəki nar çubuğunu havada aramsız yellədirdi. Bərumənd kahinə yaxınlaşıb mülayim səslə:
– Ruhani ata, bizi Atəşgaha burax – dedi. Sonra o, hörüyünün ucuna bağladığı qızıl bəzəyi açıb kahinin ovcuna qoydu. – Ruhani ata, Möbəd-Möbədana deyərsən ki, məni bağışlasın, evdə Atəşgaha layiq bundan artıq bir şey tapa bilmədim. Babək Atəşgahda oxuyanda əvəzini birə min qat çıxacağam… Bunu mənə ərim Abdulla Babək doğulan ili Bərdədən üzügöyçəklik almışdı, niyyət eləmişdim ki, oğlum böyüyüb belinə kəsti bağlayanda Atəşgaha nəzir verəcəyəm.
Kahin dodaqları altında dua oxudu və nar çubuğunu Bəruməndin və onun oğlanlarının başı üstündə yellətdi.
– Ulu Hörmüz nəzirinizi qəbul eləsin. – Kahin bu sözü deyib qapını açdı – Buyurun içəri. Bacı, amma sadiqlik mərasimi Atəşgahın həyətində olacaq.
VIII
SADİQLİK MƏRASİMİNDƏ
Həyatda inamsız və etiqadsız yaşayanlar, adətən arzudan məhrum olurlar. Ancaq həyatda kimə və nəyə inanmalı? Hindlilər yaxşı deyiblər: «Həqiqətdən gözəl din yoxdur!»
Axır vaxtlar Altun sarayında ikihakimiyyətlilik dövrü başlamışdı. Xəlifə deyəni baş vəzir eşitmirdi, baş vəzir deyəni xəlifə. Atəşgahlar barədə söhbət düşərkən məsələ tamam ciddiləşirdi. Baş vəzir Hacı Cəfər təkid edirdi ki, əgər biz Atəşgahlara toxunsaq xürrəmilər yenidən üsyan qaldıra bilərlər. Onsuz da xilafətdə nüfuzdan düşmüşük. Düşməni çoxaltmaqdansa azaltmaq faydalı olar. Xəlifə Harun isə bunun əksini deyirdi: «Qırmızı şeytan, getdiyin Məkkə sənə qənim olsun! Yoxsa islamı danıb atəşpərəst olmusan?! Sən niyə məscidləri deyil, Atəşgahları qoruyursan?!»
Zübeydə xatun Xəlifə Harunu Dəməşq qılıncı təki itiləyib baş vəzir Hacı Cəfərin başı üzərinə qaldırmışdı. Harunun baş vəzirə verdiyi möhürlü zəmanət cənnət vədindən də nisyə idi.
Əbu İmran baş vəzirin Atəşgahlara münasibətindən xəbər tutub ona nifrət edirdi. O, xəlifənin hökmü ilə Mimət nahiyəsindəki xürrəmi ibadətgahlarını dağıdırdı. Xəlifənin quldurları Bilalabad Atəşgahlarını elə viran etmişdilər ki, xürrəmilər neçə vaxt idi bu müqəddəs məbədi bərpa edib qurtara bilmirdilər. Təbrizdən çağırılmış ustalar istirahət bilmədən bütün günləri işləyirdilər. İstəyirdilər kahinlər mərasimdə Atəşgahda od yandıra bilsinlər. Lakin bu, mümkün olmadı. Atəşgahda o qədər görüləsi iş var idi ki… Möbəd-Möbədanın məsləhəti ilə sadiqliq mərasimi həyətdə olacaqdı. Bu münasibətlə kahinlər axşamdan ora qoyulmuş atəşdanda54 od yandırmışdılar. Ağzı yaşmaqlı, uzun arıq qoca atəşbod axşamdan pərvanəyə dönüb atəşdanın başına fırlanır və əlindəki uzun dəmir maşa ilə odu hey qarışdırırdı. Oddan çırthaçırtla saysız-hesabsız qığılcımlar qopub bura toplaşan ağköynək oğlanlara tərəf dağılırdı. Oğlanlar sevincdən atılıb-düşür, gülə-gülə əl atıb qığılcımları göydə tutmaq istəyirdilər. Onların hamısı, elə bil, ancaq odla, alovla oynamağa gəlmişdi. Müqəddəs odun keşikçisi yaşmaqlı atəşbod isə öz işində idi, onun alnını alov qızartmışdı. Lakin qoca oddan qorxmurdu. Atəşbodun qırmızı saqqalı və yaşmağının altından ucları kənara çıxan çal bığları ütülmüşdü. Qoca hiss edirdi ki, ağköynək oğlanlar onun yanmış bığına gülürlər. O özü də gülümsündü, odu qarışdıra-qarışdıra:
– Balalarım – dedi – bir az geri çəkilin, üst-başınız yanar.
Kahinlərdən biri pəncəsi üstə qalxdı:
– Hanı tambur çalanlar? Qabağa gəlsinlər…
Oğlanlar bir balaca atəşdandan aralandılar. Yeddi nəfər tambur çalan ağköynək oğlan irəli yeridi.
Atəşbod atəşdana bir ucdan quru ud və sandal odunu atırdı. Çalışırdı ocaq bir qaydada yansın, öz havasından düşməsin.
Babəklə Müaviyə tamburçuların lap arxasında çiyin-çiyinə dayanmışdılar. Əgər Müaviyənin başındakı qırmızı sarıq olmasaydı, kənarda dayanan Bərumənd süd qardaşlarını bir-birindən ayıra bilməzdi, boyları bərabər idi. Sadiqlik mərasiminə gələn uşaqların hamısını, elə bil, bir ana doğmuşdu; hamısı bir boyda, bir buxunda. hamının əynində dizə qədər ağ köynək vardı. Xüsusilə geyimləri onları bir-birinə bənzədirdi. Çiyinlərindən boş torba asmışdılar. Güləndə süd dişlərinə ocaqdan şölə düşürdü.
Müaviyə bir az qaşqabaqlı idi. Dünən Babəklə at çapanda yıxılmışdı. Hələ bunu unuda bilmirdi. Müaviyə elə bilirdi tay-tuşlarının hamısı bu haqda düşünür və ürəklərində onu məzəmmət edirlər: «Ağılsız!.. Sən nə cəsarətlə Qaraqaşqanın qabağına at çıxarırsan? Bilmirsən onu çapan Babəkdir?! Get öz tayınla at səyirt! Heç Salmanın mehtərləri onunla cıdıra çıxa bilmirlər, o ki sən olasan. Hələ Bişkin mahalında Qaraqaşqanı ötən at yoxdur. Babəklə bir də mərc qoşma! Yoxsa yenə uduzarsan».
Babək hərdən üz-gözü alça kimi turşumuş Müaviyəyə baxır, hərdən də qanrılıb sərvin kölgəsində Abdullanın əlindən tutub onlara tamaşa edən anasını süzürdü: «Ana, sənin bu oğlun yaman inadkardır, ha! Deyir: necə olsa, mənim Dəmirim gərək sənin Qaraqaşqanı ötə. Ay ötdü, ha! Boş söhbətdir!» Sanki Müaviyə Babəkin ürəyindəki söhbətdən xəbər tutmuşdu. Narahat idi, ayağının birini qaldırıb birini qoyurdu. Əgər anası icazə versəydi və sadiqlik mərasimi olmasaydı bu saat gedib atının belinə qalxar və birbaş Narlı dərəyə çapıb Babəki haraylayardı: «Gəl, hey! Atını sür meydana! Di muşqurt görüm. Bu dəfə…» Babək də gedərdi atını yəhərləməyə, amma anası ona demişdi: «Oğlum, Möbəd-Möbədan belinə kəsti bağlayandan sonra atanın qılıncını sənə bağışlayacağam!»
– Ə… Müaviyə, niyə danışmırsan?
Müaviyə özünü ələ alıb, təkəş durdu:
Şirvin peyğəmbərin ruhu haqqı – dedi – əgər mənim Dəmirim kabda55 büdrəməsəydi, sənin o Qaraqaşqan heç onun tozuna da çata bilməzdi.
Babək gözucu süd qardaşını süzdü, əlini yelləyib:
– Ay-hay – dedi – Dəmirini çox öymə! «İsfahan burda deyil, yüz iynə boyu burdadır». Neynək, bu gecə ay doğanda çapışarıq, Salman əminin mehtərləri də şahid olar. İstəyirsən, ilxıdan özünə qaçağan bir at seç. Qorxuram Dəmir yenə səni yolda qoysun.
Hirsindən Müaviyənin sifəti atəşdandakı oda döndü.
Bəri bax – dedi – ilxıdan niyə at seçirəm? Öz Dəmirim sağ olsun!..
Bərumənd nəzərlərini uşaqlardan çəkmirdi. Xoşuna gəlmirdi ki, Babək Müaviyə ilə höcətləşir: «Bilmirəm, qardaşlar niyə belədir? Bir-birini candan artıq istəyirlər, amma tərslikləri ki, tutdu, bildiklərini babalarına verməzlər. Günahın çoxu Babəkdədir».
Babək bir neçə gün əvvəl təkid etmişdi ki, Müaviyə onunla cıdıra çıxsın. Bu cıdırda atının ayağı sərpmiş, Müaviyə yəhərdən üzüstə yerə gəlmişdi. Başını daş qanatmışdı, Buna görə Bərumənd Babəkin əlindən yanıqlı idi.
Birdən mərasim dalğalandı… Tamburlar səsləndi. Pıçhapıç başladı:
– Möbəd-Möbədan gəlir!
– Bir az başını belə tut, mən görə bilmirəm.
Hamı dabanlarını qaldırmışdı. Atəşbod isə öz işində idi. O, yenə atəşdandakı kösövləri bir-birinin üstünə aşırırdı.
Başdan-ayağa ağ geyinmiş şişman, yaşmaqlı, qarasaqqal bir kahin əlindəki nar çubuğunu havada yellədə-yellədə camaatı aralayır və amiranə bir səslə deyirdi:
– Yol verin, Möbəd-Möbədan mərasimə təşrif buyurur.
– Uşaqlar bir-birini dümsükləyirdilər:
– Odur ey, gəldi!
– Nə uzun saqqalı var bu kişinin?!
Al qırmızı əbaya bürünmüş ağzı yaşmaqlı Möbəd-Möbədan əlində qızıl çəlik ağ paltarlı uşaqları süzə-süzə atəşdana yaxınlaşdı. Onun arxasınca yeddi ağ paltar yaşmaqlı kahin gəlirdi. Bu kahinlərin də əllərində nar çubuğu vardı. Onlardan biri qızıl fincan və hum dolu sürahı götürüb Möbəd-Möbədanın böyrüncə addımlayırdı.
Babək gələcək müəlliminə – ruhani ataya sonsuz maraqla baxırdı. Nədənsə onun geyimi-kecimi, bəzək-düzəyi, alnının ortasındakı tüklü qara xalı Babəkin xoşuna gəlməmişdi: «Bu caydaq qoca lap cindara oxşayır ki!» Babək dodağını büzüb çiyinlərini atdı və Müaviyənin ayağını yüngülcə basdı:
– Ə, ora bax, ora, bu arıq qocanın muncuğunu görürsən? Gör nə iridir, lap qurşağına düşüb.
– Sss! Eşidər!
Hamının gözü Möbəd-Möbədanda idi. O, bir neçə dəfə atəşdanın dövrəsində fırlanıb əlindəki qızıl əsanı günəşə tərəf qaldırdı və kirpiklərini qırpa-qırpa yaşarmış gözlərini şəfəqə tutdu. Yaşmağının altında nə isə pıçıldadı. Başındakı üçguşəli tac onu ruhani atadan çox padşaha oxşadırdı. Tacın üstündə daş-qaşla işlənmiş günəş rəsmindən ətrafa şəfəq yayılırdı. Babəkin gözü ruhani atada idi: «Bu qoca gör saqqalını necə bəzəyib? Bir belə daş-qaş onda hardan? Şirvin peyğəmbərin ruhu haqqı, bu əsil cadugundur».
– Müaviyə, bu qoca hardan alıb bu daş-qaşları?
Müaviyə acıqlı-acıqlı ona baxdı, nə isə dodağının altında mızıldandı. Möbəd-Möbədanın qırmızı saqqalından brilyant, almaz və yaqut dənəcikləri asılmışdı. Günəşin işığında saqqal bərq vururdu. Möbəd-Möbədan qədim Midiya zadəganları təki özünü bəzətdirmişdi, mərasimə gələn uşaqlar gözlərini ondan çəkə bilmirdilər. Çoxlarının ağzı açıla qalmışdı. Xüsusilə oğlanlardan arxada dayanan qırmızı libaslı qızlar heyrətlərini gizlədə bilmirdilər: «Booyy! Booyy!»
Geyimi-kecimi necə olsa da hər halda baş kahin qoca bir kişi idi, Babək peşman oldu ona cindar dediyinə və qızların da ağsaqqala baxarkən «Boyy!» «boyy!» demələri xoşuna gəlmədi:
– Kəsin səsinizi!
Sanki bildirçinlər qızılquş gördülər, qızlar səslərini kəsdilər, ümumiyyətlə sakitlik yarandı. Möbəd-Möbədan əlindəki qızıl çəliyi günəşə tuşlayıb qəribə bir səslə dilləndi:
– Salamlar olsun Ahuraməzdaya!56
Kahinlər dərhal ruhani atanın dediklərini təkrar etməyə hazırlaşdılar və işarə verdilər ki, hamı onlara qoşulsun. Hamı:
– Salamlar olsun Ahuraməzdaya! – dedi.
Möbəd-Möbədan qızıl çəliyini atəşdana uzatdı: Salamlar olsun müqəddəs oda!
Hamı:
– Salamlar olsun müqəddəs oda!
Möbəd-Möbədan yenidən bir neçə dəfə atəşdanın dövrəsinə fırlandı, sonra qızıl çəliyini dağ döşündəki sükut evinə tuşladı:
– Şirvin peyğəmbərin ruhu şad olsun!
Hamı:
– Şad olsun, şad olsun! – dedi.
Möbəd-Möbədan:
– Əbu Müslümü qətlə yetirən Abbasi xəlifəsi əl-Mənsura min lənət!
Hamı:
– Min lənət, min lənət! – dedi.
Möbəd-Möbədan:
– Satqın Dombagöz Əbu İmranın ruhu57 uzunqulağa keçsin!
Hamı:
– Keçsin, keçsin! – dedi.
Möbəd-Möbədan:
– Atəşpərəstlərin düşməni Xəlifə Harun ər-Rəşidə min lənət!
Hamı:
– Lənət, min lənət! – dedi.
Möbəd-Möbədan:
– Atəşpərəstlərin dostu, baş vəzir Cəfər ibn Yəhya Bərməki zaval görməsin!
Hamı: !
– Görməsin, zaval görməsin! – dedi.
Möbəd-Möbədan:
– Xürrəmi sərkərdəsi Şəhrək oğlu Cavidanın qılıncı kəskin, ömrü uzun olsun!
Hamı:
– Kəskin olsun, uzun olsun! – dedi.
Möbəd-Möbədan:
– Xoruzunuz daha bərkdən banlasın!
Hamı:
– Banlasın, banlasın! – dedi.
Möbəd-Möbədan:
– İtinizin dişi iti olsun!
Hamı:
– Olsun, olsun! – dedi.
Möbəd-Möbədan:
– Sərv ağacınız göylərə baş çəksin!
Hamı:
Çəksin, göylərə baş çəksin! – dedi.
Möbəd-Möbədan:
– Azərkəşnəsibin atəşbodları var olsun!
Hamı:
– Var olsun, var olsun! – dedi.
Mərasimə gələnlər dua oxuya-oxuya hum içirdilər. Gözlər xumarlanırdı. Möbəd-Möbədan böyründə dayanmış ortaboylu, çəlimsiz kahindən hum istədi. Kahin məmnun halda surahidən qızıl fincana hum süzüb ona verdi:
– Buyurun, hum könlunüzü günəşli göylərə döndərsin! Möbəd-Möbədan üz örtüyünü bir balaca qaldırıb qızıl fincanı başına çəkdi və ucadan dedi:
– Hum, coşdur qanımızı! Sənsiz həyat heç nədir.
O, fincanı əvvəl öpdü, sonra başı üzərinə qaldırıb, gözlərini ona dikdi.
– Ey müqəddəs hum, səni içirik ona görə ki, canımıza od gətirirsən, ürəyimiz ocağa dönür, damarımızda qığılcım axır. Cəmi atəşpərəstlər səni yetirən torpağa pərəstiş edirlər. Ey şadlıq, şənlik və səadət şərbəti hum, kim səni nuş eləsə dünyanın ən bəxtəvər adamıdır. Əliqurbani, Kütrabbul, Muğan şərabları sənin yanında Dəclənin suyundan da tamsızdır.
Humdan nəşələnmiş Möbəd-Möbədan qızıl fincanı gülə-gülə bayaqkı kahinə verib əbasının ayaqlarını örtmüş uzun ətəklərini əlində dəstələdi və dua oxuya-oxuya odun başına bir də fırlandı. Sonra o, çal qaşlarını dartıb əlində surahi əmrə müntəzir dayanmış kahinə üz tutdu:
– Kəstiləri gətirin! Mənim balaca igidlərim atəşpərəst olmaq istəyirlər.
Buyruq alan kimi kahin cəld Atəşgaha getdi və ordan qucağında çoxlu qotazlı yun qurşaq gətirdi. Tamburlar susmuşdu, təzədən səsləndi. Məst olmuş kahinlər musiqidən cuşa gəlib əllərindəki nar çubuğunu oynada-oynada meydanı dolandılar. Çiyinlərini asta-asta tərpədərək rəqsə başladılar. İlk dəfə ağızlarını yaşmaqla örtmüş uşaqlar da kahinlərə qoşuldular. Babək Müaviyə ilə qolboyun oynayırdı. Bəruməndin gözləri izdihamın içində oğlanlarını nə qədər axtarsa da tapa bilmirdi. O, Abdullanı çiyninə mindirdi:
– Oğlum, bax gör qardaşların oynayır?
– Oynayır, ana, oynayır. Bıy, saqqalı muncuqlu qoca, Babəkin qolundan tutdu, nə isə ona deyir.
Möbəd-Möbədan rəqs edənlər arasında Babəki dayandırıb onu sorğu-suala tutmuşdu:
– Balaca, kimin oğlusan?
– Abdullanın.
– Adın nədir?
– Babək.
– Anan burdadır?
– Bəli, burdadır.
Möbəd-Möbədan başını qaldırıb kənarda dayananlara göz gəzdirdi. Bəruməndi görüb gülümsündü. Ruhani ata, elə bil, günəşi bağışladı Bəruməndə. Möbəd-Möbədan mərhum Abdullanı yaxşı tanıyırdı. Hətta onu sükut evinə özü aparmışdı. Şəhrək oğlu Cavidan Möbəd-Möbədana tapşırmışdı ki, arabir Bilalabadda Bəruməndi görüb onun oğlanlarına baş çəksin. Sadiqlik mərasimi bu görüş üçün çox münasib idi.
– Oğlan, böyüyürsən, yaşamaqda məqsədin nədir?
– Atamın düşmənlərindən qisas almaq!
– Kimdir atanın düşmənləri?
– Dombagöz Əbu İmran və onun quldurları.
Möbəd-Möbədan üzünü Babəkin saçlarına sürtdü. O, yun qurşağı əvvəlcə Babəkin belinə bağladı. Sonra bir-bir uşaqları dualayıb onların da belini yun qurşaqla çəkdi. Növbə Müaviyəyə çatanda, o, ruhani atanın sualını gözləmədən dedi:
– Baba, mənim düşmənim Xəlifə Harundur! O mənim atamı da, anamı da öldürüb! Mən də böyüyəndə onu öldürəcəyəm!
Möbəd-Möbədanın bu diribaş oğlandan da xoşu gəldi. Əlini üsulluca Müaviyənin başındakı sarığın üstünə qoyub xırıldadı:
– Oğlum, xəlifə bütün atəşpərəstlərin düşmənidir. Sən onu tək öldürə bilməzsən. Hamımız birləşib Şəhrək oğlu Cavidana kömək etməliyik. Əgər atəşpərəstlik yolunda kim sükut evinə getsə, axirət dünyada onun ruhu Bəhəştauna58 qonacaq. Yox, kim Əhrimanın qara divlərindən qorxub dinini satsa, onun yeri o dünyada Əciştahundur.59 Siz ağ torbalarınızı bu dünyada xeyir əməllərlə doldurmalısınız. O dünyada ulu Hörmüzün Mehradavan adlı məlaikəsi sizin torbanızdakı xeyir əməlləri tərəzidə qızıl təki çəkəcək. Kim dünyada çox xeyir iş görübsə, o gedib oturacaq Bəhəştaunda.
Əvvəl Babəkin gözünə cadugün kimi görünən Möbəd-Möbədan öz duası ilə artıq çoxlarının ürəyində yurd salırdı.