Kitabı oku: «Sıyrılmış qılınc», sayfa 6
Atəşbod atəşdana hey odun atırdı. Alov ağzı yaşmaqlı, bellərinə təzəcə yun qurşaq bağlanmış ağköynək oğlanların üz-gözünü qızartmışdı. Tamburun cingiltili səsi od həvəsli balaca atəşpərəstləri vəcdə gətirmişdi. Oyun ara vermirdi.
Birdən Qanlı düz tərəfdən at kişnərtisi gəldi. Bəzzdən Bilalabada enən dağ yolunun üstündəki Novlu bulaq tərəfdən təbil gurultusu eşidildi! Üz-gözü niqablı yeddi süvari qayışla yəhərlərə bağladıqları iri təbilləri aramsız döyəcləyir və həyəcandan boğula-boğula aləmə car çəkirdilər:
– Cəsur atəşpərəstlər, eşidin, bilin, qaniçən xəlifə artıq bizim sükut evlərində uyuyan ata-babalarımızın, bacı-qardaşlarımızın cəsədlərinə də dinclik vermir! Biz, atəşpərəstlər buna dözə bilmərik! Ulu xalqımız xəlifəyə kölə və qul olmayacaq! Zübeydə xatun bizdən alınan altunla Məkkəyə su çəkdirir, xilafətdə ad-san qazanmaq istəyir! Öz kəndlərimiz isə susuzluqdan qovrulub yanır! Şəhrək oğlu Cavidan, ulu Hörmüz eşqinə, bütün xürrəmiləri başına toplayıb üsyan qaldırmışdır! Əbu Müslümün ruhu Cavidana keçib! Bütün atəşpərəstlər Cavidana kömək etməlidir!
Carçıların səsi atəşgah divarlarında əks-səda verirdi. Balaca atəşpərəstlər çaşıb qalmışdılar. Məst olmuş kahinlər üzlərinə su vurub ayılmışdılar. Tambur çalanlar da qılınc axtarırdılar. Babək atəşdanın böyründə üzü günəşə dua oxuyan Möbəd-Möbədana baxır və hərəkətlərindən daxilən onun necə lərzəyə gəldiyini duyurdu. Carçılar ara vermirdilər:
– Ulu Hörmuz eşqinə, silah başına! Həmədan və Xorasan şəhərləri artıq üsyançıların əlindədir! Qaradağlılar və kürdlər bizim tərəfimizə keçiblər! Bizans imperatoru da üsyançılara rəğbət bəsləyir? Hamınız silaha sarılıb birbaş Bəzzə, Şəhrək oğlu Cavidanın köməyinə gedin!
Bura toplaşan uşaqların da ürək döyüntüləri özlərini silkələyirdi. Hamı «Düşməndən intiqam alacağıq!» deyirdi. Balaca atəşpərəstlər özlərini artıq döyüşçü sayırdılar. Möbəd-Möbədan atəşdanı dövrəyə almış oğlanlara göylərdən kömək diləyirdi:
Ey ulu Hörmüz! Ey sönməz Günəş! Sən bizim balaca atəşpərəstlərin qoluna qüvvət, qılıncına kəsər ver! Ya Şirvin peyğəmbər, hardasan, eşit səsimi?
…Günəş Bəzz dağına tərəf əyiləndə atəşgahın həyətində bir qoca atəşbod, bir də sərxoş bir kahin qalmışdı. Atəşbod yenə uzun maşası ilə səndəl və ud kösövlərini bir-birinin üstünə aşırırdı. Dilimlənə-dilimlənə şölə çəkən ətirli alovdan həzz alırdı.
Sərxoş kahin isə səndirləyə-səndirləyə qəfəslərin böyründə vurnuxur və hərdən müqəddəs ağ xoruzlara dən atırdı.
Axşamüstü külək güclənib Qanlı düzü bürümüş dumanı hara gəldi qovurdu. Bilalabad qəm-qüssə içində boğulurdu. Carçıların harayı eşidilmirdi, onlar atlarını qonşu kəndlərə çapmışdılar.
IX
YAYLIMDA
Əsil igid gözünün acısını yəhərdə alır. Nal cingiltisi igidə ana laylası təki əzizdir.
Yenə Xəlifə Harun ər-Rəşidin talançıları Odlar yurdunu xəzərlərdən də betər çalıb-çapır, Atəşgahları, məbədləri dağıdır, üsyançı xürrəmiləri «ölüm ağacları»ndan asırdılar. «Gil ayaqlı nəhəng»60in ayaqlarını bu yerlərdən kəsmək o qədər də asan deyildi. Baş məlaikə Zübeydə xatunun xəzinəsini altunla dolduran bu zəngin diyarın hər qarış torpağı yenə qan qoxuyurdu. Lakin işğalçılar Mişkin mahalına yaxın düşüb camaatı qılıncdan keçirə bilmirdilər. Şəhrək oğlu Cavidan Dombagöz Əbu İmranın quldurlarını uzaq dağlara qovub, Bəzz ətrafında xəlifənin qoşununu geri oturtmuşdu. Əlçatmaz kəndlərdə Cavidan hökmranlıq edirdi. Zirvələrdə atəşpərəstlər gecə də, gündüz də od yandırırdılar.
Bilalabadı dövrəyə alan hündür dağlarda od sönmürdü. Kəndə keşik çəkən üsyançılar tambur çalır, hum içib ocaqların dövrəsində şənlik edirdilər.
Bilalabad camaatı quş təki çardaqlarda gecələyirdi. Babəkgilin çardağı Hacıleylək yuvasına oxşayırdı. Tutun yaşıl budaqları çardağın üstünü örtmüşdü. Bərumənd oğlanlarının arasında yatmışdı. Babəkin əli qılıncının dəstəyində idi.
Çənbər qırmızı darvazanın ağzında dişlərini qıcıyıb çəpər dibində oğrunca gəzinən pişiyə mırıldayırdı. Birdən yay kimi açılıb onun üstünə atıldı. Pişik miyoldayıb ətürpəşdirici səs çıxartdı və cəld tut ağacının budağına dırmaşdı. Oradan da çardağa tullandı.
Bərumənd yuxulu-yuxulu:
– Rədd ol! – dedi.
Taxçadakı qızılquş qanadlarını çırpıb tüklərini pırpızlatdı. Duman inək heç nəyə əhəmiyyət vermədən həyətdə kövşək çalır, hərdən dililə, ala buzovunun baş-gözünü sığallayırdı. Qaraqaşqa hərdən quyruğunu şappıltı ilə yambızlarına çırpır və fınxıra-fınxıra göy ot yeyirdi. Ağıldakı keçilər, çəpişlər, arabir məkkildəşirdi.
Külək çardaqda mürgü vuran Babəkin sarışın saçlarını yaraşıqlı alnına töküb qarışdırırdı. Babək yuxuda öz-özünə danışırdı: «Qanlı düzdə Müaviyə ilə çapışacağıq! Atları da yaylıma gətirin!»
Bu zaman qırmızı darvazanın yanında iki atlı dayandı. Onlar tez sıçrayıb yəhərdən düşdülər. Çənbər səssizcə darvazanın böyründən sivişib qonaqların qabağına getdi, itaətkarcasına quyruğunu buladı, sevincək olub Salmanın yan-yörəsində atılıb-düşdü. İt, Salmanın əlini yalamaq istəyirdi. Salman Çənbərin baş-gözünü sığallayıb özündən onu güclə kənar elədi. Sonra donqar burnunu və ovurtdağ tüklü sifətini ovuşdurmağa başladı. Mehtər başının işarəsi ilə çardağı Salmana göstərib astadan dilləndi:
– Deyəsən, oyaqdır.
Salman başını tərpətdi:
– Babək oyaq olsa, qabağımıza çıxardı. O, ağıllı oğlandır. Görünür, yatıb yuxuya qalıb.
Salman darvazanı itələdi. Darvazanın cırıltısı Babəki yuxudan oyatdı. O, ləzzətlə gərnəşib yuxulu gözlərini ovdu və kal-kal öskürdü:
– Kimdir?
– Bizik, Babək!
Babək Salmanın səsini dərhal tanıdı və onun gəlişindən sevinərək nərdivanla həyətə endi. Bərumənd də yuxudan ayılıb tələsik donunu başına keçirdi. O da aşağı düşdü…
– Hə, oğlum, silahlar hazırdırmı? – deyə Salman Babəkdən soruşdu – Biz burda çox qala bilmərik.
– Aydındır – deyə Babək darvazaya tərəf getdi və ordakı saldaşı qaldırdı, nəm iyi verən anbara düşdü – Xurcunları sallayın görək!
Salmanın mehtəri dərhal çatı bağlayıb xurcunları silah anbarına salladı. Babək xurcunun gözlərini qılıncla, yayla, oxla, nizə ilə doldurdu:
–Çək! – dedi.
Sonra anbardakı zireh, dəbilqə və qalxanları yuxarı ötürməyə başladı:
– Tutun görək.
Çox keçmədi ki, Salmanın gətirdiyi atların ikisi də silahla yükləndi. Lakin anbarda hələ çox silah qalmışdı.
– Səndən çox razıyam, oğul – deyə Salman iri əlini Babəkin çiyninə qoydu – Anbarda qalan silahları sükut evinə daşı-yarsan…Bostan yerinizi əkib qurtarandan sonra gəlib bizim mehtərlərə kömək edərsən. Sizə öküz də verəcəyəm.
Silahları Bəzzdə Şəhrək oğlu Cavidana çatdırmaq lazım idi. Onları tacir Şibl Bərdə bazarından alıb gətirmişdi. Ən münasib və etibarlı yer Babəkgilin darvazası ağzındakı gizli anbar idi. Babəkə hər şeyi etibar etmək olardı. Daha «yekə kişi» idi.
Salman və mehtəri tələsik getdilər. Babəkin yuxusu qaçmışdı. Bərumənd əlini oğlunun alnına qoyub sarışın qaşlarını dartdı:
– Boy başıma xeyir – dedi – çıx çardağa, qızdırman var. Qoy Abdullanı durğuzum malları yaylıma o aparsın. Qoymaram sən gedəsən.
– Ana, Şirvin peyğəmbərin ruhu haqqı yatıb doymuşam. Daha mən gözümü yuma bilmərəm. Onsuz da bir azdan sübh açılacaq, yaylımın vaxtıdır. Özüm də xəstə-zad deyiləm, hər şey keçib gedər.
– Mənim əziz balam, qızdırmadan cəmi bir neçə gündür qalxmısan, dedim səni heç yana buraxa bilmərəm. Ağıllı-başlı sağal, sonra. Soyuq dəysə yenə xəstələnərsən.
Babək Atəşgahda belinə yun qurşaq bağlayıb əsil atəşpərəst olandan sonra özünü igid sayır və mübahisəni sevmirdi. Ağlına batan fikri onun başından çıxartmaq çətin idi. O, mıxa bağlanmış Qaraqaşqanın noxtasını başından açdı. Sıçrayıb çılpaq köhlənin belinə qondu:
– Müaviyəni oyat, gəlsin!
Naəlac qalmış Bərumənd Müaviyəni oyatdı:
– Dur, qardaşın gözləyir.
Müaviyə cəld geyindi. Babək dedi:
– İnəyimizi də, keçiləri də çıxart darvazadan bayıra.
Müaviyə deyilənə əməl etdi və öz Dəmir atını mindi.
Ala buzov anasının getdiyini duydu, çatını dartıb mıxı laxlatdı və astadan mələdi. Dəcəl çəpişlər də ona qoşuldu. Bərumənd qorxdu ki, bu səs-küydən Abdulla oyanar. Amma o elə yatmışdı ki, lap ildırım da çaxsa ayılmazdı. Yazıq uşaq kəndin bir sürü quzusunu otarırdı. Yorulurdu, yatanda daş kimi düşürdü.
Bərumənd, pilləkənlə çardağa qalxanda artıq Babək çiynində qızılquş Müaviyə ilə Novlu bulağın yanındakı Kar qayanın üstə qalxıb yatıb yuxuya qalmış o biri dostlarını haraylayırdı:
– E-e-eyy! Durun, yaylım vaxtıdır! Atlarınızı da minin, Qanlı düzdə çapışarıq!
Babəkin və Müaviyənin səsinə yuxudan oyanan kənd uşaqları bir-birini çağırırdı. Oğlanlar tələm-tələsik inəklərini, qoyun və keçilərini Novlu bulağa tərəf qovurdular. Müaviyə yolüstü Salmanın həyətinə döndü, onun da inəklərini gətirib elin malına qatdı…Oğlanlar malları, qoyunları və keçiləri dəhmərləyib Qanlı düzə aparırdılar. Meşəli dağlar, orda-burda daşları dikələn çöllər ulduzlar altında uyuyurdu. Haradasa dəvə zınqırovlarının səsi eşidilirdi. Bir qədər aşağıda–Bilalabad kəndində itlər ağız-ağıza verib hürüşürdü. Atəşgahın həyətində od yanırdı. Qəfəsdəki ağ Atəşgah xoruzları hərdən banlayıb kəndi oyadırdı. Gecə nəğməkarları ilbizlər oxuyurdu. İsa-musa quşları seyrək-seyrək dinirdi. Qanlı düzə yaxınlaşdıqca hava sərinləşirdi. Şehli qantəpərin, zirənin və kəklikotunun xoş iyi uşaqları vururdu.
Külək Bəzzin zirvəsindəki qanadlı buludları əcaib şəklə salmışdı. Lakin Bilalabadın səması aydın idi. Səhərə yaxın ulduzların ən parlaqları batmayıb hələ Novlu bulağın dumduru sularında güzgülənirdi. Sularda «şamlar» işıldayırdı.
Çənbər yolu iyləyə-iyləyə naxırın gah sağına, gah soluna keçir, arabir çömbəlib ağzını üfüqə yaxınlaşan Aya tutur və şehdən ağırlaşmış quyruğunu çala-çala tənbəl-tənbəl hürürdü. Nadinc keçilər mıqqıldaşa-mıqqıldaşa tez-tez pöhrəliyə daraşırdı. Qoyunlar isə torpaq cığırlara incə dırnaqları ilə naxış vura-vura başlarını salıb gedirdilər. İnəklər və camışlar yol kənarından ağızları çatan göy otları üzürdü.
Qanlı düzdə çiçək-çiçəyi çağırırdı. Yaşıl otların arasında işıldaböcəklər hələ yanmaqda idi. Alma yonca qurşağa çıxmışdı. Şeh qonmuş otu yarıb yerimək olmurdu. Boyçiçəyinin xoş ətri kəklikotunun ətrinə qarışmışdı. Bahar yaxşı gəlmişdi, xınalı qayalar da çiçək açmışdı. İnəklər və camışlar fısıldaşa-fısıldaşa şirin-şirin otlayırdı. Yarıyacan ota batan qoyunlar güclə görünürdü.
Hava sərin olsa da Çənbər ləhləyə-ləhləyə çömbəlib heyvanlara keşik çəkirdi. Babək iti muşqurub başını sığalladı:
– Gözdə-qulaqda ol! Canavar Dombagöz Əbu İmranın quldurlarından ayıqdır. Biz gedirik at çapmağa, heyvanlar qalır sənin ümidinə.
…Oğlanlar at belində min oyun çıxarırdılar. Qanlı düzə qalxan yolda qorxulu bir uçurum vardı. Uçurumdan yıxılan olsaydı tikəsi tapılmazdı. Vaxtilə Babəkin atası Abdulla Qanlı düzdə bostan yeri alarkən bu uçurumun üstündən balaca bir «körpü» salmışdı. Meşədən nəhəng bir palıd ağacı qırıb gətirmiş və uçurumun üstünə atmışdı. Buna uşaqlar öz aralarında «Abdulla körpüsü» deyirdilər. Hər dəfə yaylım zamanı Babək bu körpünün üstünə çıxıb orda kəndirbazlıq edirdi:
– Arxamca!.. Görək kim gözüyumulu körpüdən keçər?
Babək, körpünün üstündə əllərini çiynindəki şahin qanadları təki gərib uçardı. Lakin o biri uşaqlar körpüdən qorxa-qorxa, ehtiyatla keçərdilər. Babək onları məzəmmət edərdi:
– Qorxaqlar!
Babək hərdən qaçdığı dəmdə qəsdən körpünün üstə «yıxılıb» qışqırardı:
– Köməyə gəlin, köməyə!.. Tutun məni!..
Dostları həyəcanla köməyə can atarkən Babək körpüdən asılardı… Hamı təşvişə düşərdi. Lakin Babək bir göz qırpımında yellənib «körpünün» üstünə qalxardı. Müaviyə belə vaxtlarda hirsindən az qalardı partlasın.
– Şirvin peyğəmbərin ruhu haqqı anama deyəcəyəm! Sən ordan yıxılsan tikəni tapmaq olmaz!..
Dostlar Abdulla körpüsünün bərabərində cilovları çəkdilər. Atlar dayandı. Babək dedi:
– Körpü zarafatından doymuşuq. Bundan belə ancaq at çapacağıq… Müaviyə, qorxmursan ki, geri qalarsan.
Müaviyə at belində özünü yığışdırıb kişiləşdi:
– Meydandan qaçan namərddir! – dedi.
Balaca atəşpərəstlər atların üstündən sükutla bir-birlərinə tamaşa edirdilər. Babək əyilib atının gümüşü dırnaqlarına baxdı. Birdən:
– Ay can! – dedi.
Babək, adətən yaylıma gələndə həmişə dördqulaq yonca tapıb döşünə taxardı. Bu dəfə də o, atın dırnağı ucunda bir dördqulaq yonca görmüşdü:
– Ay can, tilsimi bu dəfə də mən sındırdım – deyib Babək sevincək atdan endi. Dördqulaq yoncanı üzüb dostlarına göstərdi. – Mənim Qaraqaşqam bütün atları ötəcək.
Dördqulaq yonca tapmaq hamıya nəsib olmurdu. Bunu «tilsimli» bir ot hesab edirdilər. Guya kim dördqulaq yonca tapsa onu xoşbəxtlik gözləyirdi. Nədənsə Babək buna inanırdı. Döşünə dördqulaq yonca taxdımı, bütün oyunlarda qalib gələrdi.
Atlar, elə bil, darıxırdı. Babək, Qaraqaşqasının belinə sıçradı. Müaviyə Dəmirini irəli səyirtdi. Babək, atının gur yalmanını əlinə dəstələyib onun boynuna sindi və Qaraqaşqanı muşqurtdu:
– Hey, hey! Kim mənə qənim?!
Müaviyə:
– İsfahan burda deyil, yüz iynə boyu burdadır! – dedi. – Sənin o Qaraqaşqan bu dəfə ötə bilməz Dəmiri.
Qayalarda, sanki daş doğranırdı. At nallarının cingiltisi daşlarda əks-səda qoparırdı. Oğlanlar qılınclarını qaldırıb köhlənlərini Babəkin arxasınca çapırdılar. Elə bil, Cavidan onlara hansı bir qalanı isə almağı tapşırmışdı. Müaviyənin Dəmiri qulaqlarını cütləyib Qaraqaşqanın dabanını qırırdı. Babək arabir geri çevrilib qılıncını havada oynada-oynada Müaviyəyə yanıq verirdi:
– Hə, qoçaq nə oldu? Sənin Dəmirin, mənim Qaraqaşqama çata bilməz. Hə, çat görüm!
Müaviyə atını hey muşqurdurdu:
– Ey mənim Dəmirim, uç görüm, uç!
Atların burun pərələri genəlmiş, dırnaqları qızmışdı. Ağızlarından köpük axırdı. Külək, qanad açmış atların gur yalını sahiblərinin üz-gözünə dağıdırdı. Birdən atlıların qabağına dərin bir xəndək çıxdı. Babək gözünü yumub köhlənin yalmanını bərk çəkdi və sonra atın başını buraxdı:
– Ay gözünə dönüm, hoppan!
Qaraqaşqa xəndəyin üstündən elə sıçradı ki, Babək bunu hiss etmədi. Müaviyənin Dəmiri də xəndəyi addadı. O biri atlar ayaqlarını dirəyib qaldılar. Babək də, Müaviyə də xəndəyin o tayından atlarının başını geri döndərdilər:
Babək:
Ə, qorxmayın – dedi – sürün!
Müaviyə:
–Gözünüzü yumun – dedi – yoxsa gözünüz qaralar!
– Xəndəyin bu üzündə qalan gənc süvarilər namusa boğulmuşdular.
– Hopp, irəli!
– Hopp, irəli!
Atlar bir-bir xəndəkdən sıçradılar. Hamı Babəkin Qaraqaşqasını tərifləyirdi:
– Balam, belə də at olar? Elə bil, qızılquşdur.
– Şirvin peyğəmbərin ruhu haqqı heç Xəlifə Harunun oğlu Mötəsimin ilxısında da belə at yoxdur.
Babək sevincdən xəstəliyini tamam unutmuşdu. Yenə dəstənin qabağınca gedirdi. Onun dalınca qırxdan çox oğlan köhlən çapırdı.
Böyük hadisələrə həyat özü hazırlayır insanları. Yeniyetmə oğlanların qanı nə üçün belə qaynayırdı, nə üçün uçurdular onlar at belində. Bəlkə onlar sabah bir qoşunun əsgərləri olacaqdılar. Nə bilmək olur. Bəlkə Babəki və dostlarını qarşıda məşəqqətli döyüşlər gözləyirdi. Bəlkə gün çıxandan gün batana kimi at belində qılınc vurmaq lazım gələcəkdi!
Babək də, yaşıdları da bu atlı, haylı-haraylı, qayalı, dumanlı, yağışlı, yağmurlu, ildırımlı mühitdə böyüyüb bərkiyirdilər. Babək hələ balaca vaxtlarından hər əzaba qatlaşır, çiynində də qızılquş gəzdirirdi. O, qızılquşa öyrəşmişdi, ondan ayrıla bilmirdi, istəyirdi hər an əyri dimdiyi ilə çiyinlərini döyəcləyib onu ayıq salsın. Həzz alırdı ki, qulağının dibində qızılquş qiyyə çəkir.
Babək bu çapaçapda qızılquşunu qoynundan çıxarıb çiyninə qoydu. Külək quşu geri itələdi, amma onun caynaqlarını Babəkin köynəyindən üzə bilmədi.
Yaşıdları Babəkə bələd idilər. O ki qızılquşunu qoynundan çıxarıb çiyninə qoydu, demək qələbəsinə əmindir, daha onunla bacarmaq olmaz.
Dostları onu qovmaqdan vaz keçdilər.
Üfüqdəki ağ buludlar tədriclə yaqut rənginə düşürdü. Səmada işıldayan tək-tək ulduzlar uçub yox olurdu. Babəkin atı da bu uçan ulduzlar kimi şığıyırdı. Babək pörtmüşdü, Qaraqaşqası baş alıb gedirdi, amma arxadan gələnlər cilovları yığmışdılar. Babək qarşıdakı dərəni keçəndə çevrilib arxasına baxdı. Atlıların heç biri gözə dəymirdi. Yaşıdları xeyli aralıda qalmışdı. Müaviyənin Dəmirindən də xəbər yox idi. «Bunlar harda qaldılr?» Babək atını saxladı. «Bəlkə bir az dincəlim, onacan da onlar gəlib çıxsınlar».
O, atdan enib əlini köhləninin sağrısına qoydu. Qaraqaşqa qan-tər içində idi. Birdən Qaraqaşqa qulağını cütləyib titrədi. Ox vıyıltısı gələn kimi Babək atına baxdı. Atın köksünə bir ox sancılmışdı. Yaxşı ki, dərinə işləməmişdi. Babək hirslə oxu dartıb kənara atdı, yaylığını atın yarasına basdı. Babək bildi ki, ox uzaqdan atılır. Bir ox da uçub ondan iki addım qabaqda nəm torpağa sancıldı. Babək qorxu bilmədən dimdik dayanmışdı Gözü ətrafda idi, nəhayət, qayalar arasındakı cığırda çapqınçıları gördü. Və həmin anda anladı ki, bunlar Dombagöz Əbu İmranın quldurlarıdır, Babəki tanımasalarda fərqi yoxdur, oxu ona tuşlayıblar, amma düz nişan almayıblar, ata dəyib. Quldurlarda adət idi, girəvə düşəndə uşaqları da oxa tuturdular.
Bir ox da uçub gəldi, qızılquş Babəkin çiynində «qıyy!» çəkdi. Ox onun qanadını sıyırıb ötdü. Babək düşündü: «Əbu İmranın adamları harasa getdikləri yerdə məni görüblər».
Babəkin tükləri biz-biz oldu, bir dəli nərə çəkdi:
– Eyy!
Onun çiynindəki qızılquş qanad çalıb uğuldadı. Babək qılıncını üzəngidən asdı. Ətrafına göz gəzdirdi, yumru daşlar tapdı, bunları bir-bir götürüb fikirləşmədən quldurlara tərəf atdı. Daşlar bir-birinin ardınca göyə qalxır və xeyli qabaqda guppultu ilə yerə düşürdü. Quldurlar daha ox atmırdılar, heyrətlə tamaşa edirdilər: «Özünə bax, gücünə bax?».
Daha ətrafda atılmalı daş qalmadı, Babək yan-yörəsindəki cavan şivlərdən yapışdı, hirsindən şivləri bir-bir köklü-köməcli qoparıb tökdü. Nəhayət, toxtayıb nəfəsini dərdi:
– İt uşaqları, bu torpaq sizə baş əyməyəcək!.. Uzaqda durub ox atmaq asandır, kişisiniz yaxına gəlin!
Bu cavan buğanın hayqırtısı dağı-daşı başına götürmüşdü. Quldurlar qərara aldılar: hər kimsə, atəşpərəst oğludur, canında Vətən qeyrəti var, niyə sağ qalsın belə bir igid?! Öldürməli!..
Onlar uzaqdan Babəkə tərəf yerimək istəyirdilər ki, arxadan atlı oğlanlar özlərini yetirdilər. Quldurlar bunu gözləmirdilər, qorxuya düşüb əkildilər. Atlı oğlanlar Babəkə çatıb soruşdular:
– Nə olub?
– Heç nə.
– Bəs bu oxlar nədir?
– İt uşaqları atıb.
– İt uşaqları kimdir?
– Əbu İmranın küçükləri.
– Hanı onlar, hanı ey?
– Siz gələndə qaçıb gizləndilər.
– Min atını, qovaq onları.
– Atım yaralıdır.
– Biz getdik, sən gözlə!
Atlı cavanlar təpəni aşdılar və çox çəkmədi ki, geri qayıtdılar:
– Çıxıb gediblər, heyf!
Oğlanlar kökündən çıxarılmış şivləri gördülər:
– Bunu kim eləyib? – dedilər.
Babək dinmədi. Hamı başa düşdü ki, bu onun işidir. Birdən gözlər böyüdü, bu şivləri görənlərin hamısı dərk elədi ki, Babəkin qolunda nə qədər güc varmış.
– Keçib, gedək!
Müaviyə qardaşının çiyninə toxundu:
– Fikir eləmə, atın yarası cəmi bir gün çəkər. Anamız məlhəm düzəldər və ona gəlin südü sağar…
Sərin sübh küləyi nə qədər əssə də intiqamlı sifətlərin odunu soyuda bilmirdi. Yaylıma gəlməyə hamı peşman idi. Oğlanlar heyvanları qabaqlarına qatıb dinməz-söyləməz kəndə dönürdülər. Müaviyə bilmirdi Babəkə necə təskinlik versin: «Bəs deyirdin dördqulaq yonca tapanda mənim işim gətirir?»
Babək çiynində qızılquş fikirli halda Qaraqaşqasının yalmanından tutub asta-asta addımlayırdı: «Namərdlər!.. Atı vurdular!!.»
Onlar Novlu bulağa çatanda üfüqdə buludlar nar rənginə çalırdı…
X
QANLIDÜZ
İnsan məğlubiyyət üçün yaranmamışdır. İnsanı məhv etmək olar, amma məğlub etmək olmaz.
E. HEMİNQUEY.
Bilalabadlıların çörəyi daşdan çıxırdı. Kövşənlərə qalxan əyri-üyrü cığırlar hər gün adamları çəkib min səmtə aparırdı. Kəndli nəfəsi olmasa ətrafdakı zəmilər, bağ-bağatlar solub gedərdi. Bilalabadda deyərdilər ki, böyük yaradan, insanı torpağa şöhrət yaradıb.
Günəş Əsəd61 bürcünə hələ girməmişdi. Araz tərəfdən mülayim meh əsirdi. Bahar çiçəkləri bir-birini ətirləyirdi. Babək Qanlı düzə anasından tez gəlmişdi ki, şumlanacaq yeri sahmanlasın, daşlarını təmizləsin. Daşların irilərini kənara atmışdı. İndi anasını gözləyirdi. Lakin gün xeyli qalxsa da, anası gəlib çıxmırdı. Babək bərk darıxırdı, yaman kəmhövsələ olmuşdu. Öz-özünə deyirdi: «Eh, atam sağ qalsaydı, bostanı onunla əkərdim. Əkin arvad işi deyil. Yazıq anam… Bəlkə Salmanın naxırçısı öküzləri itirib. Salman Bəzzdən gəlsəydi özüm gedib ondan kəl kimi öküzlər alardım».
Qanlı düz böyükdür, nə ucu var, nə bucağı. Bilalabadlılar uşaqlı-böyüklü burda idi. Müaviyə yaxınlıqdakı yamacda yer şumlayırdı. Müaviyənin ürəyi Babəkin yanında qalmışdı. Amma onu kim idi işdən buraxan?!
Babək darıxdığından heybədəki iri qırmızı narı götürüb əlində oynatdı və öz-özünə: «Anam yaman ehtiyatlı imiş – dedi – bu narı payızdan yaza saxlayıb ki, bostanı bu narın dənələri kimi çox töksün. Əsil atəşpərəstdir. Bəs harda qaldı o?»
Birdən Göz yaşı bulağının yaxınlığında öküzlərin başı göründü. Babək pəncəsi üstə qalxıb boylandı. Anası dörd şeşəbuynuz öküzü qabağına qatıb gətirirdi. Öküzlər yolda bir-birinə sürtünürdü. Babək narı heybəyə atdı və sevincək anasının qabağına qaçdı. Ana oğlunu görüb ürəkləndi:
– Ay bala – dedi – tez gəlsənə, bu öküzlər məni əldən saldılar. Yollarını düz yerimirlər.
– Ana, fikir eləmə, mən onları indi elə yumşaldım ki, inəyə dönsünlər – Babək öküzləri çubuqdadı – ho!..
Harın, xam öküzləri tutub cütə qoşmaq çətin idi. Heç biri ipə-sapa yatmırdı. Çoxdan boyunduruq görməmişdilər, boyunları fır bağlamışdı. Buynuzları isə neştərdən iti idi. Babək öküzləri qulaqlayıb cütə qoşdu. Lakin öküzlər kənara dartınırdılar, az qalırdı samı sınsın. Babək hirslənib onları yumruqladı, birinin dizi yerə gəldi. Bərumənd ürəyində: «Ulu Hörmüz, oğluma bu gücü çox görmə» dedi.
Öküzlər axır ki, boyunduruğa yatdılar.
Bərumənd hodaqçı yerinə keçdi. Babək isə xışın dəstəyindən yapışdı:
– Ho!..
Bərumənd günəşə sarı baxa-baxa hərdən dua oxuyurdu.
– Ulu Hörmüz! – deyirdi – oğlumun qoluna yenə də qüvvət ver. Sən bizim bostanı bərəkətli elə…
Öküzlər ağır gedirdi. Burdan çörək çıxarmaq çətin idi. Babək və qardaşları bir neçə gün əvvəl buranın xeyli qaratikan və qaramıx kolunu kökləri qarışıq çıxarıb atmışdılar. Amma qalanı da çox idi. Əkinə mane olurdu kol-kos.
İş ağır getsə də, Qanlı düzün bir balaca hissəsi şumlandı. Şumu günəş parıldadırdı. Babəkin xışı arabir torpaqdan paslı dəbilqələr çıxarırdı. Hərdən xışın ucu paslı qılınclara, paslı qalxanlara ilişirdi. Babəkin başı elə qarışmışdı ki, o heç nəyə əhəmiyyət vermirdi. Ona elə gəlirdi ki, ayağına ilişən ya kəsək, ya da daşdır. Hərdən burnuna dolan köhnə qəbir iyi də onu ləngidə bilmirdi. Fikri-zikri bircə bu idi: tez şumlamalı!
Yaxınlıqdakı yastanda hodaqçılar hərdən holavar deyirdi. Bəruməndin sevinci aşıb-daşırdı. O, arabir qanrılıb oğluna baxır və fərəhlənirdi: «Atəşgaha yenə nəzirim var. Niyyət eləmişəm ki, oğlumun Qaraqaşqasının yarası tez sağalsın, aparıb atəşboda bir at yükü odun nəzir verəcəyəm…Boyuna qurban olduğum balam belinə yun qurşaq bağlayandan bəri şirə dönüb. Harda çətin iş var yapışır qulpundan. Qurban olduğum gör yeri nə yaxşı şumlayır, elə bil yüz ilin əkinçisidir…».
Bərumənd, üzünü başı üstündə yanan günəşə tutub ona yenə dua etməyə başladı: «Ulu Hörmüz, sən Babəki mənə çox görmə!» Sonra geri çevrilib:
– Oğul – dedi – gözə gəlməyəsən, yüz oğula əvəz görürəm səni!
Babəkin tərifdən xoşu gəlmirdi.
– Ana – dedi – qabağa bax! İrəlidə qaratikan kolu var ha! Ehtiyatlı ol ki, üst-başını tikan cırmasın.
– Narahat olma, görürəm.
Bərumənd, qaratikan kolunu iki öküzün arasına saldı, xışın tiyəsi düz köklərə sancıldı. Babək xışı yerə sıxdı və sonra hopp qaldırdı. Kol köklü-köməcli yerdən çıxdı. Bərumənd dedi:
– Bura bizim ömürlük əkin-biçin yerimiz olacaq. Bir bax, düzdə nə qədər qaratikan qalıb?
– Ana, o qalan kollar oğlun Abdullanın payıdır… hə, o gün ki, biz burda qaratikan qırırdıq, Abdulla sürünü yaymışdı Qanlı düzə. Birdən təkə bəyirir. Uşaq bir də görür ki, ilanlar daraşıb qoyunları əmir… Çomağı götürüb qaçır ki, ilanları qovsun. Az qalır bir gürzə onu çalsın. Bir tikə çörəyimiz ovsanata düşüb.
– Bəs niyə mənə deməyibsiniz bunu?
– Abdulla yalvardı ki, anam bilməsin. Bilsə, hər gün mən evə qayıdanacan ürəyini yeyəcək!
Bərumənd bir istədi desin: «Niyə öldürməyib ilanları?», amma söz dilinin ucundan qayıtdı. İlan atəşpərəstlərdə müqəddəs canlı sayılırdı. Onu öldürmək günah idi.
Yer şumlanırdı… Bir dəstə qara qarğa tökülmüşdü şuma. Qarğalar caynaqlarını işə salıb nəm torpağı eşələyir, gözə dəyən cücüləri udurdular. Yaxınlıqdakı Qızıl qayada kəkliklər qaqqıldaşırdı. Zirə, kəklikotu, qantəpər basmış mərzlərdən xoş iy gəlirdi. Arabir səmadan qanad uğultusu eşidilirdi. Quzğunların kölgəsi öküzlərin üstündən ötəndə heyvanlar ürküb, az qalırdı samını sındırsınlar.
Bərumənd şirin xəyallara qapılmışdı. O yetişmiş bostanda gah yaşıl tağlarda saralmış çat-çat, ətirli qovunları dərir, gah da iri qarpızlardan tığ vururdu. Hətta bir neçə xunu62 seçib üstünü otla örtür, bunları toxumluq saxlayırdı və deyirdi: «Sağlıq olsun, ölməyib qalsam, gələn yaz burda ancaq xunu əkəcəyəm. Tacir Şibl deyir ki, Bağdadda böyük Qarpız bazarı var. Tacirlər tənəkə qablarda qovun-qarpız aparıb Bağdadda baha qiymətə satırlar. Bəlkə mən də Babəki tacir Şiblin sarbanlarına qoşdum. O da qovun-qarpızı aparıb Bağdadda satar. Çoxlu dinar gətirər, özünə yaraşıqlı ev-eşik düzəldər. Evlənəndə gəlini öz evinə aparar». Birdən öküz Bəruməndin ayağını tapdaladı. Xəyallar uçub getdi. Ana ufuldayıb üz-gözünü yığdı. Lakin özünü tez ələ aldı. Çubuğunu havada yelləyib, öküzləri qorxutdu:
– Ay sizi qırılasınız!
Hərdən öküzlərin dizi yerə enirdi. Yorulurdular. Babək holavar deyib onları qeyrətə gətirirdi. Başı əkinə elə qarışmışdı ki, bir az aralı cüt sürən süd qardaşı Müaviyənin ucadan dediyi holavarı eşitmirdi. Arada öküzləri saxlayıb xışın boğazına dolmuş çayırı təmizləyir, gözünə dəyən iri kəsəkləri təpiklə vurub əzirdi. İstəyirdi ki, şum narın olsun.
– Ana, bu vəri də çıxaq başa, öküzləri açaq, bir az dincəlsinlər, heyvanlar yazıqdır, yorulublar.
– Nə deyirəm… Amma oğul, sağlıq olsun, buranın barını yığıb-yığışdıra bilməyəcəyik. Belə torpaq bütün mahalda yoxdur.
Bərumənd çubuğunu havada vıyıldatdı. Öküzlər dartınıb boyunduruğu və samını cırıldada-cırıldada irəlilədilər. Birdən xışın dəstəyi Babəkin əlində silkələndi, gavahın torpağın tərkinə işləmişdi. Babək nə qədər çalışdı xışın dəstəyini yana əyə bilmədi. Elə bil, gavahın nəhəng palıd kötüyünə pərçim olmuşdu. Babək dişlərini qıcayıb:
– Ya Şirvin peyğəmbər – dedi – hardasan?!
Öküzlər elə dartındi ki, az qaldı samılar sınsın. Xeyri olmadı. Yazıq heyvanların dili bir qarış bayıra çıxmışdı. Ağızlarından köpük axırdı. Bərumənd uzun, nazik zoğal çubuğunu başı üzərinə qaldırdı, öküzlər dizlərinə bir də güc verdilər. Bu vaxt gavahının ağzında zirehli, nəhəng bir döyüşçü cəsədi çıxdı!.. Ətrafa ürək bulandırıcı qoxu yayıldı. Babək əqrəb sancmış adamlar təki kənara atılıb burnunu tutdu və heyrətlə bağırdı:
– Öküzləri saxla!
Bərumənd əli ilə ağzını qapayıb günəşə baxır və ürəyində yenə ulu Hörmuzü çağırırdı: «Ya göylərin sahibi, biz nə günah işlətmişik?! Bu cəsəd hardan rastımıza çıxdı?!»
Bərumənd ah çəkdi, nəzərini günəşdən çəkib Babəkə baxdı:
– Oğul, bu da bizim «bostanımız!» – dedi. – Ta əkdiyimiz bəsdir. Gedək evimizə, sən ordan atını minib get ilxıya. Salmanın mehtərləri səndən ötrü darıxıblar.
Elə bil Babəkin köksündə kimsə at çapırdı. Heyrətli baxışlarını döyüşçü cəsədinin ikiyə bölünmüş girdə dəbilqəsindən və paralanmış qalxanından çəkə bilmirdi. Cəsədin döş qəfəsinə sancılan ox hələ də sür-sümüyün arasında qalmaqda idi. Babək astaca əyilib oxu döyüşçünün sinəsindən götürdü. Oxa nifrətlə baxıb şuma tulladı… Ordan qarıldaşa-qarıldaşa qarğalar uçdu. Cəsədin sür-sümükləri arasında bir qılınc da vardı. Babək paslı qılıncı alıb zənlə baxdı. Dəstəkdəki naxışdan bildi ki, bu, atəşpərəst qılıncıdır. Tiyəsinə bir neçə yerdən zədə düşmüşdü. Babək qılıncı günəşə tutub:
– Ulu Hörmüz – dedi – sən atəşpərəst qılıncını bu kökə salma! Atam deyərmiş: «Kimin qılıncı pas atdı, o ölüdür». Biz istəmirik qılıncımıza pas düşsün!
Bərumənd xəyal aləmində idi. İgid ərinin, Abdullanın ruhu, sanki onunla danışırdı. Bərumənd təqsirkar kimi başını yana əymişdi. Ərinin ruhu onu yüngülcə məzəmmət edirdi: «Ay insafsız, Babəki hələ körpə ikən Salman ibn Mikeyə mehtər elədin, dinmədim. Bilirdim ki, dolanacağınız ağırdır… Bu düzü də nahaq şumladınız. Lazım gəlsəydi, Qanlı düzdə özüm bostan əkərdim. Yadındadırmı, olan-qalan dinarımı Salmana verib, Qanlı düzdə bu torpağı aldığım vaxtlar? Sonra şumlamadım buranı. Öyrəndim ki, Qanlı düzdə neçə min igid yatır. Onların ruhunu incitmək günahdır!.. Babək qılıncımı götürüb döyüşə getsin! Dostum, Şəhrək oğlu Cavidanın ağır vaxtlarıdır!»
Döyüşçünün qılıncı hələ Babəkin əlində idi. Dəstəyi fil sümüyündən düzəldilmişdi. Dəstəkdə atasının qılıncı təki çoxlu xətlər var idi: «Gör, bu igid neçə düşmən öldürüb?! Bu qılıncı aparıb qardaşım Abdullaya bağışlayacağam. O çoxdan mənimlə qılınc davası eləyir».
Babəkə elə gəlirdi ki, öz çardaqlarında yatıb və bu gördüklərinin hamısı yuxudur. Babək əlində qılınc Qaraqaşqasını Qanlı düzdə çapırdı. Atın ayaqları hərdən cəsədlərə ilişirdi, at büdrəyirdi. Bəzən də mənzərə dəyişirdi, Qanlı düzdə qeyri-adi bostan gözə dəyirdi. İri, ala-bəzək qarpızlar, sarı, ətirli şirinliyindən partlamış yemişlər, zolaq-zolaq şamamalar yaşıl tağların arasına səpələnmişdi. Babək, əyilib qarpızları, yemişləri, şamamaları dərmək istəyəndə birdən xəyalən gördüklərinin hamısı yoxa çıxırdı. Barmaqları qarpız-yemiş əvəzinə quru kəllələrə toxunurdu. Bu kəllələr bağırır və Babəkdən imdad diləyirdilər: «Ey igid! Qisas al! Şirvin peyğəmbərin ruhu qoluna qüvvət versin, düşmən atları vətən torpağını tapdadıqca yer altda sümüklərimiz gizildəyir!..».
Bərumənd Babəkin xəyala qapıldığını və həyəcan keçirdiyini duyub onun qolundan tutdu və yavaşca silkələdi:
– Oğul, yüz fikir bir borcu ödəməz. Qanlı düz bizə düşmədi. Gedək evə… bu öküzlər xışı götürüb hara qaçdı, ey?
– Öküzlər cəhənnəm, bu igid necə olsun? Onu yerindən tərpətdik, ruhu incidi bizdən.
– Oğul, ona bir toxunmuşuq, bir də toxunmayaq. Əvvəlki adətə görə, döyüşçünün qanı hara töküldü, o sükut evidir ona…
– Ehey, hardasan, Babək?! Gəl öküzləri apar! Xışı sındırdılar! Niyə buraxıbsınız bunları!..
Müaviyənin səsi idi Qızıl qayada əks-səda qoparan. Babək onu eşitmirdi. Fikirdən, sanki qulaqları tutulmuşdu. Elə bil, canında od qalamışdılar. Araz da söndürə bilməzdi bu atəşi. Babək və anası başlarını aşağı salıb Göz yaşı bulağına tərəf gedirdilər.
Şumda qalmış döyüşçü cəsədi üzərində çalağanlar hərlənirdi…
Ücretsiz ön izlemeyi tamamladınız.