Kitabı oku: «Sıyrılmış qılınc», sayfa 4
VI
AŞİQ ALMASI VƏ XƏLİFƏ HARUNUN «DOSTLUĞU»
Zülmət küləyi əsən dənizdən intiqam buxarı qalxar.
Hind aforizmi.
Baş vəzir Hacı Cəfər Məkkə ziyarətindən təzəcə qayıtmışdı. Bu münasibətlə xəlifə «qardaş» dediyi vəzirinə «hörmət» əlaməti olaraq Qızıl ağacın41 altında dəbdəbəli bir ziyafət düzəltdirmişdi. Rəqqasələr, müğənnilər və «ölü güldürənlər» «dostların» kefini açırdı… Xəlifə məclisdən sonra baş vəziri Hacı Cəfəri saray bağına dəvət etdi.
– Qardaşım – dedi – sən Məkkədə olanda bərk darıxmışdım. Ürəyim doludur. İstəyirəm ikilikdə bir dərdləşək.
Baş vəzir əlini döşünə qoyub əyildi:
– Qadir allah üstünüzdən əskik olmasın, ixtiyar sahibisiniz.
Xəlifə ürəyində ona güldü. Onlar saray bağını gəzintiyə çıxdılar. O, nədimi şair Əbu Nüvvasdan giley-güzar edirdi:
– Qardaşım, sən Məkkədə olanda dostun Əbu Nüvvas Misirdən qayıtdı. O, Altun sarayındakı kefi heç yanda görə bilməz. Ancaq çox naşükür adamdı. Atmışam zindana.
Baş vəzir təəccüblə:
– Qibleyi-aləm – dedi – şairin təqsiri nə idi?
– Təqsiri? – xəlifə qaşqabağını tökdü: – Sərxoş şair Misirdən qayıdandan sonra çox baş aparırdı. Deyirdim: şair, sən al şərabı, qızların göz-qaşını bu qədər vəsf eləməkdən əl götür, mənim igid sərkərdələrimi, ağıllı baş vəzirimi, dünyanı dolaşan zınqırovlu dəvə karvanlarımı nəzmə çək… O isə sözlərimi qulaqardına vurub elə hey sevdiyi qul qız Cinana şeir qoşurdu.
– Böyük və əzəmətli hökmdar həmişə olduğu kimi, şairin haqqında da düz hökm verib. Fəqət sənət adamları ilə bir qədər ehtiyatlı dolanmaq faydalı olmazdımı?
Xəlifə əlini baş vəzirin çiyninə qoydu:
– Ha.„ ha… ha!.. Qorxma – dedi – şair dostunu zindana atdım da, azad etdim də. Yaman ağıllanıb. Mənə zindandan yazmışdı:
Anlaşılmazlıq olub burda, hökmdar,
Zindandakı qəlbimdə belə məhəbbətin var.
– Qibleyi-aləm, Əbu Nüvvas gözəl sənətkardır. Ürəkdən deyib bu sözləri. Onun şeirini sizin gözəl məşuqəniz Qərənfil oxuyanda bülbüllər susur.
Xəlifə:
– Bunu kim inkar edir? – dedi. – Doğrudan da Əbu Nüvvas böyük şairdir… Onun Misir valisi əl-Xakimə yazdığı həcvdən olmaz. Simiclik üstündə əl-Xakimi rüsvay edib.
– Hökmdarım, bu dünyada əliaçıqlıqda, səxavətdə sizə kim tay ola bilər?
Xəlifə yenə ürəyində baş vəzirə güldü və dedi «Ay tülkü!» Sonra:
– Qardaşım – dedi – Əbu Nüvvas zindandan çıxandan sonra Bizans imperatoru Birinci Nikifor üzərində qələbəmizi vəsf edib. Eşitməyibsən?
– Eşitmişəm, qibleyi-aləm! Bu da nadir şeirlərdəndir. Əbu Nüvvas sizin Bizans imperatoru ilə döyüşünüzü ürəklə yazıb. Bunu da deyim ki, qibleyi-aləmin şücaətini bir az da qol-qanadlı təsvir etmək olardı. Vaxtilə siz məcbur edibsiniz ki, bizanslar Bağdada bac versinlər. Bu tarixi bir həqiqətdir.
«Dostlar» baş qaldırıb gördülər ki, saray bağındakı ağ mərmər hovuza çatıblar.
Xəlifənin axır vaxtlar baş vəzirə «sonsuz məhəbbəti» sarayda çoxlarını çaşdırmışdı. Hətta Zübeydə xatun belə ərinin bu üstüörtülü siyasətindən baş aça bilmirdi. Ona elə gəlirdi ki, əri daha ona inanmır, baş vəzir barəsində dediklərinin hamısını şər və böhtan hesab edir. Baş məlaikəyə elə gəlirdi ki, vəliəhd də onun oğlu Əmin yox, fars qızı Məracil xatundan doğulan Məmun olacaq. Baş vəzir Cəfərin Məkkədə şiələrin qulağını necə doldurduğundan, elə bil, xəlifənin xəbəri yox imiş. Zübeydə xatun Məkkədə su kəmərinin maliyyə məsələsi ilə məşğul olmuş, həm də ovdan sonra buraya gələn Cəfərin hərəkətlərini izləmişdi.
O, baş vəzir barədə nə bilirdi, hökmdara çatdırmışdı. İndi eşidəndə ki, xəlifə baş vəziri ilə saray bağında deyə-gülə gəzinir, baş məlaikə acıqlandı və öz otağına çəkilib dərin fikrə getdi.
Qoca bağban Zübeydə xatunun yanına qaçıb xəlifə ilə baş vəzirin bağda nə oyundan çıxdığını ona xəbər verdi:
– Xanım, and olsun Qurana, bu gözlərimlə gördüm, xəlifə baş vəzir Cəfərlə bağda bir kefdədirlər ki, gəl görəsən…
Zübeydə xatun buna inanmadı:
– Böhtandır – dedi – rədd ol! Yoxsa boynunu cəllad Məsrura vurduraram! Xəlifənin ağlı hələ başındadır.
Qoca bağbanı qovandan sonra Zübeydə xatun fikirləşdi: «Bəlkə doğru deyirmiş qoca!» Şübhəsi artdı: «Mən o hiyləgər baş vəzirə yaxşı bələdəm. O, günəşdən işıq, gözdən sürmə oğurlaya bilər».
Zübeydə xatun saray bağına açılan pəncərənin ipək pərdəsini yavaşca araladı: «Kor ol, gözlərim! Nə görürsən?. Necə də can-can olublar?! O baş vəzirin uzun boynunu cəllad Məsrura vurdurmasam atamın qızı deyiləm! Yox, əvvəlcə onun Azərbaycana dikilən qara gözlərinə mil çəkdirəcəyəm, sonra da onu öküz kimi dəyirmandaşına qoşduracağam. Və bundan sonra göndərəcəyəm cəlladın hüzuruna». Zübeydə xatun əlini odlanan ürəyinin üstünə basıb gözünü ağ, mərmər hovuzun ətrafından çəkmirdi: «Aman allah, qoca bağbanın dedikləri az imiş hələ! Xəlifə, vəzirinin lap əsiri olub ki…»
Gül-çiçəklə haşiyələnmiş ağ mərmər hovuz Zübeydə xatunun otağına yaxın idi. O, xəlifəni də, baş vəziri də aydın görürdü. Hovuzun «güzgüsü» hamar deyildi, ərinin almacığı çıxmış saqqallı sifətini onun çal qaşları üstündəki dərin çapığı dəyişdirmişdi. Xəlifənin sol yanağındakı barmaq boyda xal «güzgüdə» tez-tez yerini dəyişirdi. Bu Xəlifə Harun idimi? Harun Zübeydə xatunun gözündə necə də tanınmaz olmuşdu.
Harunun şərabdan xumarlanmış qara gözləri hərdən hovuzdakı körpə balıqlara zillənirdi. O, dənələri daş-qaşdan olan təsbehini barmağında aramsız şaqqıldadır, arada dönüb Hacı Cəfərin çənəsindəki topa saqqala da baxırdı.
Bir kiçik köpək balığı hovuzda o biri balıqlara dinclik vermirdi. Xəlifə: «Bu yırtıcı hardan hovuza düşüb?!» deyə fikirləşdi. «Qırmızı şeytanlar – ələlxüsus farslar da köpək balığına bənzəyirlər. Fürsət tapdılarmı, dişlərini işə salacaqlar. Gör iş gəlib hara çatıb ki, ömründə siyasətə qoşulmayan şair Əbu Nüvvas da farsların fitvası ilə yolunu azmaq istəyirdi».
Hərdən xəlifənin və baş vəzirin bəbəkləri bir-birinə sataşırdı. Bu vaxt bəbəklərdə anlaşılmaz qığılcım parlayırdı. «Dostlar» bir-birindən ehtiyat edirmiş kimi tezcə nəzərlərini başqa səmtə yönəldirdi. Baş vəzir qorxuya düşmüşdü: «Ulu Hörmüz, sən məni xəlifənin qəzəbindən hifz elə!»
Axşam namazına az qalmışdı. Lakin hələ odlu cənub günəşi qərb üfüqlərində ləngiyib, ordan ətirli saray bağına saysız-hesabsız zərli saçaqlar axıdırdı. Qoça bağban bağın bir tərəfini dağa, o biri tərəfini çəmənə çevirmişdi. Xilafətdə belə gözəl bağ harda idi! Bir yanda mamır basmış iri qayalardan pıçıldaşa-pıçıldaşa sərin sular sızır, o biri yanda çəmən otları arasında quşlar oxuyurdu. Bağdakı hovuzlardan ətrafa səpələnən xırda damcılarda qövsi-qüzeh titrəyirdi. Qızıl suyuna çəkilmiş balaca daş şirlərin ağzından çıxan su yeddi arşın qanadları olan qızılquş heykəlinə tökülürdü.
Ağ mərmər hovuzun dumduru sularında rəngbərəng gül ləçəkləri üzürdü. Zübeydə xatunun tuğrasındakı parıltıları xatırladan al-əlvan kəpənəklər fəvvarənin dörd böyründə dolaşırdı. Xəlifə Haruna elə gəlirdi ki, qış fəslidir və hovuzun ətrafına qar yağır.
Arabir cingilti eşidilirdi. Xəlifə də baş vəzir də başını astaca qaldırıb könülsüz halda ətrafa boylanırdı. Quşlar qanadlarını saray bağının üstünə çəkilmiş qızıl tora çırpırdılar, fəqət nə qədər vurnuxsalar da qızıl tor onları sonsuz səmaya qalxmağa qoymurdu. Xəlifə öz-özünə deyirdi: «Bu, baş vəzir Hacı Cəfərin kəşfidir. Bir vaxt məsləhət gördü ki, bağın üstünə qızıldan tor çəkdirim, quşlar uçub başqa bağa getməsin. Onda vəzirin ağıllı vaxtları idi. Mən nədən biləydim ki, bu şeytan xəyanət eləyəcək…»
Xəlifə Harun quşlara baxanda birdən gözləri yaxındakı ağacda iki almaya sataşdı. «Baş vəziri bir də yoxlayacağam – dedi – görüm qudurğanlığının dərəcəsi nə qədərdir». Külək tərpətdikcə almalar xəlifənin süzülən gözlərində əsrarəngiz şəklə düşürdü.
Baş vəzir fikirli idi: «Deyəsən, yavaş-yavaş əjdaha ağzına düşürəm… Yox!.. Axmaq adamı bir yuvada iki dəfə ilan vura bilər – deyiblər. – Mən ilana yem ola bilmərəm». Xəlifə ilə olan açıq-saçıq söhbətdən, zarafatlardan sonra Cəfər özünü ələ ala bilmirdi.
Xəlifə hiyləgər gözlərini qıyıb hiss etdirmədən yenə tez-tez baş vəziri süzür və onun diqqətini düşəcəyi fırtınadan yayındırmaq məqsədilə yenə aramla təsbehini şaqqıldadırdı.
Hacı Cəfərin halı özündə deyildi. O, sinəsinə tökülən sarı saqqalına hərdən sığal çəksə də, külək öz bildiyini edir, onun saqqalını taleyi təki qarışdırırdı. Baş vəzirin uzun boynu, özü də bilmədən, xəlifəyə tərəf meyllənmişdi. Özgələrini önündə sındıranlar lazım olan yerdə sınmağı və əyilməyi bacarırlar. Baş vəzirin Harundan acığı gəlsə də, çarəsi yox idi. Hələ bilmirdi bu tələdən qurtara biləcəkmi?
Hökmdarı sevməsən də hökmdar qulluğunda durmaq böyük məharət istəyir. Hər yerdə, hər an baş vəzir öz yerini bilirdi. O, hətta qeyri-rəsmi yerlərdə belə müəyyən çərçivədən kənara çıxmazdı. Mərhum atası Yəhya vaxtı ilə Xəlifə əl-Mehdinin baş vəziri olanda o öz oğlu Cəfəri belə tərbiyə etmişdi. Ancaq Cəfər Məkkədə Həcəri-əsvədi ziyarət edib Hacı olandan sonra çox da fələyə bac vermək istəmirdi. Hacı Cəfər üzdən nə qədər şən və nikbin görünməyə çalışsa da özü ilə bacarmırdı. Sanki iradəsini bir gözəgörünməz qüvvə əlindən almışdı. Hətta Hacı o qədər fikirli idi ki, başına ələnən qarı da görə bilmirdi42…
Zübeydə xatunun xəlifəyə çatdırdığı xəbərlər çoxdan bu baş vəzirin vücudunu büküb boz əbasına yığmışdı. Artıq onun əvvəlki əzəməti gözə çarpmırdı. Xəlifə Harun boyca ondan balaca, çəlimsiz olsa da, indi o, baş vəzirindən qamətli, əzəmətli görünürdü.
Baş vəziri qarışıq düşüncələr çulğamışdı: «Çayın lal axanı həmişə dərin və qəzəbli olur! Heç allah bəndəsi onun burulğanına düşməsin!»
Qığılcımlı bəbəklər yenə bir-birinə sataşdı. Baxışlar gizlicə bir-birinin qəsdinə durmuşdu. Sanki xəlifənin gözlərində cəllad Məsrurun qılıncı parlayırdı. Amma bu gözlərin sahibi özünü mümkün qədər sadəlövh və biganə göstərməyə çalışırdı.
Köpək balığı yenə hovuzda o biri balıqları narahat edirdi. Gümüş pullu balıqlar iti dişlərdən uzaqlaşan kimi hovuzda oynaşır, atılıb göydə fəvvarədən qayıdan damcıları udurdular. Balıqlar olduqca cəlbedici idi.
Elə bil, bunları Təbriz zərgərləri qızıl və gümüşdən doğramışdılar.
Xəlifə ürəyində deyirdi: «Bu köpək balığının balasını öldürmək lazımdır! Yoxsa…».
Xəlifə dodaqaltı mızıldanır, yenə təsbeh çevirirdi:
– Vəzir, o balaca yırtıcını görürsən nə oyun çıxarır?! Bir bax, bu indi o xallı balığı udacaq.
– Qibleyi-aləm sağ olsun, burda təəccüblü nə var ki? Həyatın qanunu belədir – baş vəzir mənalı-mənalı öskürdü. – Dəryada böyük balıqlar həmişə kiçik balıqları udur. Cəmiyyətdə isə «qızıllar» «gümüşləri», «gümüşlər» «dəmirləri» əridir.
Söz Harunun xoşuna gəldi, əlini-əlinə vurub nəşə ilə şaqqanaq çəkdi:
– Bunu düz dedin.
Hacı Cəfər mükəddər halda hovuza baxdı. Onun uzun boz əbası, başındakı təyləsanı, zərə tutulmuş qılıncının dəstəyi də hovuzun dumduru sularında xəlifənin sifəti kimi əyilmişdi. İstədiyi vaxt xəlifəni fikrindən döndərməyi bacaran, ölüm hökmlərinin üstündən qələm çəkdirən baş vəzir indi özünü gücsüz hiss edirdi. Yaradana yalvarırdı: «Ey xaliq, sən özün şahidsən ki, mən ömrümdə heç vaxt binamus iş tutmamışam. Hər il var-dövlətimin yarısını fağır-füqəraya, yetim-yesirə paylayıram. Xəlifənin bacısı Abbasə məni sevirsə və mən də onu sevirəmsə günahımız nədir? Məgər hər şey sənin iradənlə baş vermirmi? Harunun özünün üç kəbinli xanımı və yüz əlli məşuqəsi var… Ey xaliq, Abbasədən olan iki oğlumu sən bəxş eləmisən mənə. Xəlifə, Zübeydə xatunun fitvası ilə bilmir ki, məni necə məhv etsin? Arvad sözünə uyan nakişilərdən biri də budur. Özün kömək ol!..».
Birdən ona elə gəldi ki, bu saat xəlifə bıçağı sümüyə dayayıb soruşacaq: «Vəzir, Bəzzdə üsyan qaldıran xürrəmilərə rəğbət bəsləməkdə niyyətin nə olub?»
Fikirləşdi: «Soruşsa, nə deyim?.. Atəşgahların sökülməsi insafdan deyil. Mənim xaliqim, Hörmüzdür. Məkkəyə getməyim siyasətdir. Mən atəşpərəstəm. Niyə susmalıyam ki?»
Xəlifənin sarayı və bağı böyük bir sahəni, az qala şəhərin yarısını tutmuşdu. Hündür hasarın içində uça xurma ağacları, sidr ağacları və bunların arasında saysız-hesabsız binaların yastı damları görünürdü; bu binalarda yüzlərcə xacənin diqqətli nəzərləri altında Xəlifə Harun ər-Rəşidin «inciləri» – onun hərəmləri saxlanırdı. O yanda sarayın şiş minarələri ucalırdı. Bəzi yerlərdə, hasarın üstündə nizəli keşikçilər hərəkətsiz dayanmışdılar. Amma xəlifə ilə baş vəzirin gəzindiyi yer gözdən uzaq idi.
Haradasa bülbül oxudu. Quşlar bülbülün səsinə bənd imiş. Cikkilti bir-birinə qarışdı. Tappıltı eşidildi. Xəlifə də, baş vəzir də ətrafa boylandı. Külək ağacdan bir neçə alma salmışdı. Xəlifənin iti gözləri yenə budaqda yellənən bir cüt qəşəng almaya sataşdı.
– Qardaşım Cəfər, bir ora bax! – Xəlifə təsbehli əlini alma budağına tərəf uzatdı: – Gör mənim bağımda nə gözəl almalar var? Mən, hələ dostum, mərhum Yeziddən qabaq Azərbaycanın valisi olanda bu alma ağacını Bərdənin Ağbağından gətirmişəm bura. Bizim qoca bağban deyir ki, hind padşahının bağında da belə alma yoxdur. Qəribə almadır. Deyirlər ki, yüz yaşlı qocalar belə o almadan yeyəndə aşiq olurlar. Bilmirəm Şahlar kitabını43 yazan alimlər nəyə görə aşiq almasını unudublar? Dur çıx çiynimə, o almaları dər yeyək.
Baş vəzir Hacı Cəfər qorxusundan çaşıb qaldı. O bilmədi xəlifəyə nə cavab versin. «Dur çıx çiynimə… İşə düşmədik?!»
Harun əllərini bir-birinə sürtə-sürtə alma ağacına tərəf addımladı. Yan-yörəsinə baxdı. Onları görən yox idi. Hacı Cəfər donub qalmışdı:
– Cəfər, niyə durmusan? – deyə Xəlifə Harun gövdəsinə qızıl həlqə keçirilmiş alma ağacını qucaqladı: – Tez ol, bağa gələn olar, çıx çiynimə, o almaları dər. Kütrabbul şərabının üstündən bunlar ləzzət verər.
Hacı Cəfər əllərini müti vəziyyətdə köksünə qoydu. Udqundu. Elə bil, kimsə uzun boğazından yapışıb onu ikiəlli boğurdu. Baş vəzir qorxdu ki, xəlifə qəzəblənə bilər. Bu qəzəbi qabaqlasın deyə özünü ələ aldı, deyəcəyi dəbdəbəli kəlamları ürəyində təkrarladı və hökmdarın hüzurunda belini əydi:
– Xəlifeyi-ruyi-zəminin mənəvi nüfuzu bizə bəsdir,44 – dedi. – Göyün şahı Günəş, Yerin Günəşi xəlifədir. Mən hansı cürətlə günəşimin çiyninə çıxa bilərəm?!
Xəlifə özünü incik göstərdi:
– Rica edirəm, mənimlə dost kimi danış. Biz məgər Bizans imperatoru Birinci Nikiforun bədnam elçilərini qəbul edirik ki, sən məni onların hüzurunda tərifləyib günəşə oxşadırsan? Biz bura gəzintiyə çıxmışıq. Burax rəsmiyyəti. Gəl çıx çiynimə! Almaları dər!
Hacı Cəfər bilmədi bu səmimiyyətə inansın, ya yox. Əyilib yavaşcadan zarafatla xəlifənin qulağına dedi:
– Hökmdarım, mənim sənin çiynində nə işim var ki, oradan yıxılanda o dünyalıq olam.
Xəlifə qəsdən bir az da özünü sadə göstərib:
– Yaxşı! – dedi. – Qorxma, yıxılsan dərdinə çarə taparıq. O çoxbilmiş həkimbaşımız Cəbrayıl var ha, o, ölünü dirildə bilər. – Zarafata keçdi: – istəsən lap hökm edərəm, Cəbrayılın atası Georgi Bəxtyəşunu45 da məzardan çıxarıb üstünə gətirərlər.
«Həkimbaşı Cəbrayıl nəyimə gərəkdir?.. Bu nə danışır? Mənim günbəz üstündə qoz sındıran vaxtım keçib!» Baş vəzir ürəyində bu sözləri deyib istədi ki, yenə ibarəli cümlələrlə xəlifənin ürəyini ələ alıb özünü bu qorxulu oyundan xilas etsin. Lakin xəlifə ciddiləşdi:
– Qurtar görək!
Vəzir dərhal əllərini yenə sinəsinin üstündə çarpazladı, yalvarıcı bir səslə dilləndi:
–Xudavəndi-aləm öz mərhəmətini xəlifənin üstündən əskik eləməsin. Ona hər an qulluq etmək borcumuzdur. Fəqət ərz edim ki, bayaqdan bəri nalayiq hərəkətimin peşmançılığını çəkirəm. İndi mən nə cür öz günəşimin çiyninə çıxıb alma dərim? Xəlifənin çiynindən yıxılan adamı allah özü də saxlaya bilməz. Lütf edib, icazə versəniz bağbanı çağırıb nərdivan…
– Sübhanallah!
Harun ər-Rəşidin bu kəlamından sonra onunla söz döyüşdürən gərək gedib əvvəlcə Qəzmiyyə qəbiristanlığında öz məzarını qazdıraydı. Baş vəzir elə bil fırtınalı dənizə düşmüşdü. O, sanki balıq idi, burulğanda çapalayır, çırpınır, xəlifənin toruna düşmək istəmirdi. Hacı Cəfər naəlac qalıb ürəyində ulu Hörmüzə, Şirvin peyğəmbərə üz tutdu və sonra oğruluğa gedən adamlar təki çəkinə-çəkinə həndəvərini gözdən keçirdi. Könülsüz halda ayaqqabılarını soyunub qəlbində ulu Hörmüzü çağırdı və üsulluca ayağını aşağı çökmüş xəlifənin çiyninə qoydu… Xəlifə yavaş-yavaş dikəldi. Almalar olan budaq hələ hündürdə idi. Baş vəzir nə qədər eləsə də, əli almalara çatmırdı. Xəlifə bir az da çiynini yuxarı tutdu. Baş vəzir almaları yenicə dərirdi ki, xəlifə onun ayaqları altından qaçdı. Hacı Cəfər budaqda asıla qaldı. O, əl-qol atıb astadan köməyə adam çağırırdı:
– Qibleyi-aləm, nərdivan!.. Nərdivan!.. Kömək edin mənə! Xəlifə Harun tutduğu işdən məmnun halda əlini əlinə vurub gülürdü: «İndi oldun meymun. Almalar baş vəzirin əindən düşüb tappıldadı və xəlifənin ayaqları altında diyirləndi. İt boğuşdurmaqdan, xoruz döyüşdürməkdən həzz alan Xədifə Harundan ötrü baş vəzirin ağacdan asılı qalması da bir əyləncə idi. O, tez-tez məsxərəyə qoyardı baş vəziri. Harun indi nadinc uşaqlar təki atılıb-düşürdü:
– Hə, qardaşım, göydə nə var, nə yox?
Baş vəzir Cəfər özünü sındırmayıb, yellənə-yellənə zarafatla cavab verdi:
– Əmirəlmömin, günəşə yaxın olan adam allaha da yaxın olur. Allah… »
Hacı Cəfərin sözü ağzında qaldı və o, guppultu ilə yerə düşdü. Təyləsanı başından çıxıb xəlifəyə sarı diyirləndi. Xəlifə təyləsanı götürüb çırpdı və onu gülə-gülə vəzirin başına qoydu. Baş vəzir cəld yerindən qalxdı. Bir balaca əzilmişdi, lakin düşməninin yanında özünü sındırmaq istəmirdi. O, ayaqqabılarını geyən kimi almaları yerdən götürdü, hovuzun suyunda yudu, birini xəlifəyə verdi, o birini isə özü dişinə çəkdi. Xəlifə əvvəlcə almanı qoxuladı: «Pəh… pəh… Xoş ətir doldu burnuna:
– Vallah, qardaşım – deyib xəlifə iştahla almanı dişlədi – bu əhvalat lap gülməli oldu. Görürsən, nə dadlı-ləzzətli almadır?! Gör necə qəşəng iyi var! Şair Əbu Nüvvasa hökm edəcəyəm, sənin bu qoçaqlığını nəzmə çəksin. O hündürlükdən ki, sən yıxıldın, hesabla xurd-xəşil olmalıydın. Maşallah!
– Qibleyi-aləm, ürəyi təmiz adamlara zaval yoxdur, yalançı isə düz yolda yıxılar. – Baş vəzir xəlifənin istehzalı gözünə baxdı: – İstərdim ki, sən bundan sonra da mənim ürəyi təmizliyimə inanasan.
–…
Xəlifə Harun duruxdu, söz tapmadı desin. Baş vəzir özünü bir az da xəlifəyə köynək etmək istədi:
– Ya əmirəlmömin, mənim dostum da çoxdur, düşmənim də. Əgər qibleyi-aləm məni saraydan qovub Qəzmiyyə qəbiristanına qəbirqazıyan göndərsə yenə mənə həsəd aparan tapılacaq. Ərz etdim ki, düşmənim çoxdur.
Zübeydə xatun yenə həyəcan və təşvişlə xəlifə ilə baş vəzirin hərəkətlərinə göz qoyurdu: «Bu sirri harda gizlətmək olar?! Quyuya desəm də çıxıb yayılacaq: «İsgəndərin buynuzu var, buynuzu!» Aləmdə rüsvay olduq! Bu leyləkboyun baş vəzir Cəfər indi də xəlifənin başına çıxdı!»
Xəlifənin hərəkətlərindən, gülüşündən bir şey başa düşməyən Zübeydə xatun yaman hikkələnmişdi. «Vayy» eləyib qışqırdı. Onun iniltisini eşidib təlaşla haraya gələn qayınanası Hayzurana xatun soruşdu:
– Nə bədbəxtlik üz verib xanıma?
– Hm… bu da sənin oğlun! Bir bağa tamaşa elə! Hayzurana xatun şaşqın halda pəncərəyə yaxınlaşıb sarı, ipək pərdələri əsəbi halda kənara çəkdi. Zübeydə xatun çiynini onun çiyninə söykəyib qəhərdən tutulmuş yaraşıqlı boğazını ovuşdura-ovuşdura dedi:
– Bax, gör sənin o adı dünyanı gəzən oğlunun başına qırmızı şeytan nə oyun açır? Vallah, Abbasilər xanədanı bütün xilafətdə rüsvay oldu. Haradasan ay goruna qurban olduğum xəlifə Mənsur?! O boyda Əbu Müslümü aradan elə götürtdü ki, heç ruhu da incimədi. İndi bu böyüklükdə xilafətin sahibi az qalır ki, Hacı Cəfərin əlində qul olsun… Möminlərin Məkkədə susuzluqdan dodaqları çatlayır. Göydən allah yağış göndərsə, ya qismət, yaşaya bilərlər, göndərməsə hamısı öləsidir. Zəvvarlar da Məkkə yolunda «su», «su» deyə-deyə o dünyaya gedirlər. Suyu ləngidən o hiyləgər tülkü, baş vəzir Cəfər idi. Mənim cehizimdən bir dinar da gəlib çıxmır. Bu vəzir ölməsə Məkkə camaatı susuzluqdan qırılacaq. Sənin oğlunda budur, iş-gücünü atıb Hacı Cəfərə qulluq göstərir.
Hayzurana xatun gəlinini sakitləşdirmək məqsədilə onun qara saçını sığallayıb alnından öpdü:
– Özünü ələ al, mənim ağıllı balam. Sən nahaq yerə təlaş keçirirsən. Mən hələ diriyəm. Qoymaram Məkkəyə çəkilən su yarımçıq qala. O sənin adınadır. Hamı dünyadan köçəcək bir gün, sənin adın o su ilə yaşayacaq. Qaldı oğlum Harun… onun xasiyyətinə yaxşı bələdəm. Qılıncdan çox pambıqla baş kəsir. Məgər sən buna inanmırsan? Hacı Cəfərin beynini Mesopotamiya böcəklərinə yem eləməsə, nə deyirsən mənə de!
…Əgər qayınanası Hayzurana xatun özünü yetirməsəydi, bəlkə də Zübeydə xatun bu çılğın vəziyyətdə almaz tozu atıb özünü zəhərləyərdi. O hələ sakitləşə bilmirdi.
– Belə də iş olar, ana? Bu gün xəlifənin çiyninə çıxıb alma dərən, sabah qalxıb oturacaq onun taxtında. Ondan sonra gəl, bu Banu-Sasandan46 taxt-tacı al görüm necə alırsan.
Zübeydə xatun Hacı Cəfərin Harunu at kimi minməsini və alma əhvalatını qayınanasına danışdı.
Baş məlaikənin uzun, nizam kirpikləri yaşdan bir-birinə yapışmışdı. Ağlayırdı. Sürməli gözlərini çətinliklə açırdı. Nəhayət, bədənnüma güzgünün qabağına keçib gözünün yaşını quruladı. Əynindəki firuzəyi çaxçuru onun biçimli bədənini kip sıxıb baş məlaikəni rəqqasəyə oxşadırdı. Elə bil, o, cavanca qız idi. Beli üzükdən keçərdi. Hayzurana xatun gəlinini süzüb, geyiminə görə onu yüngülcə danladı:
– Ay bala, bu çaxçur nədir geymisən? Sarayda onsuz da arxamızca yüz cür söz danışırlar. Deyirlər ki, Zübeydə xatun hər il özündən təzə dəb çıxarır. Axı, sən baş məlaikəsən, rəqqasə deyilsən.
– Ana, məndə nə günah? Mən dəbi deyil, dəb məni axtarıb tapır. Bundan sonra lap oğlum vəliəhd Əminin nişanlısına da çaxçur geyindirəcəyəm. Bir vaxt İmam Hüseynin qızı Səkinə də çətir qoyanda onu bərk danlayıblar. İndi görürsən, çətir qoymaq necə dəb olub?
Qayınana gülümsəyib başını tərpətdi:
– Ay şeytan, səninlə bacarmaq çətindir. – Zübeydə xatun çaxçursuz da gözəl idi. Başındakı tuğrası güzgüdə alışıb yanırdı. Pərişanlıq da gözəlliyini artırırdı.
Qəzmiyyə məscidindən gələn azan səsi hamının fikrini özünə çəkdi. «Allahü-Əkbər!..» Sarayda təbil və şeypur gurladı. Axşam namazının vaxtı idi. Hayzurana xatun tələsik namaz otağına keçdi. Zübeydə xatun da ibadətə tələsdi. Bu vaxt Xəlifə Harunla baş vəzir Hacı Cəfər sarayın qırmızı mərmər pillələri üstündə dayanmışdılar. Xəlifə «ovuna» hələlik sığal çəkirdi:
– Qardaşım, sən ziyarətdən təzəcə gəlmisən. Namaza geciksən günaha batarıq. De görüm bu namaz vaxtı məndən nə umursan? Kefimin bu duru çağında istəyirəm sənə qiymətli bir ənam verəm.
Baş vəzir minnətdarlığını bildirib dedi:
– Xəlifə sağlığı məndən ötrü ən böyük ənamdır. Bundan başqa heç bir umacağım yoxdur…
Xəlifə Harun təkid edir, baş vəzir pörtürdü. O bilirdi ki, bu sözlər, bu oyunlar nədən ötrüdür. Amma həyat şirindir. Yaşamaq istəyirdi baş vəzir. Xəlifənin qılığından qaçmaq olmazdı.
– Cəfər, dilin niyə kilidlənib? Bəlkə Xorasan şəhərini Məmuna yox, sənə bağışlayım?
– Qibleyi-aləm, Xorasan heç Əbu Müslümə qismət olmadı, o mənim nəyimə gərəkdir?! – Baş vəzir cavab verdi – Mənim öz var-dövlətim özümə bəsdir. Dünya fatehi Makedoniyalı Isgəndər də özüylə bu dünyadan heç bir şey apara bilməmişdi. Süleyman peyğəmbərə qalmayan dünya heç kəsə qalmayacaq. Bu dünyadan yüz iyirmi dörd min peyğəmbər gəlib gedib, onlara nə qaldı ki, mənə də nə qalsın. Bu dünyadan köçərkən mənə bircə kəfən lazım olacaq, düzü ona da gümanım yoxdur.
Xəlifə əllərini Hacı Cəfərin sinəsinə vurdu:
– Sən də deyəsən bizim saray şairi Əbül-Ətəhiyyə47 kimi tabutda həyat axtarırsan? Canın bərkdir, qorxma, sənə bir şey olmaz. Niyə belə tərki-dünya sözlər danışırsan. Görünür əl-Kindinin məsləhətinə sənin də ehtiyacın var.
– Kərəm sahibi o bir allaha dua edib, nəzir-niyaz paylayaram ki, sizin başınızdan bir tük əskik olmasın – deyə baş vəzir dilinə pilə dolamağa başladı. – Böyük səxavət sahibi olan xudavəndi aləm sizə sonsuz ömür bəxş eləsin. Bircə şey istərdim ulu xəlifədən: bundan sonra da mənə inansın. Mən özüm-özümün filosofuyam, əl-Kindiyə ehtiyacım yoxdur. O bir allah şahiddir ki, mən bu vaxtacan hökmdarımın taxt-tacını gözümdən də artıq qorumuşam.
– De görüm nə bağışlayım sənə?
– Bir parça möhürlü zəmanət ver ki, məni öldürməyəcəksən…
Xəlifənin bəbəkləri dərhal böyüdü. «Bu, deyəsən niyyətimi başa düşüb». Baş vəzir başını aşağı dikdi. Xəlifə özünü o yerə qoymayıb əlini-əlinə vurdu, şaqqanaq çəkdi:
– Sübhanallah, qardaşım Cəfər, deyəsən Kütrabbul şərabı ikimizin də başını xarab eləyib – Harun baş vəzirin qolundan tutub onu arxasınca dartdı. – Gedək, bir halda ki, ağlına axmaq fikirlər gəlib, elə bir möhürlü zəmanət verim ki, heç o dünyada da sənə toxunan olmasın.
…Baş vəzir Hacı Cəfər namaz otağında idi. Camaat çanamazını açıb, namaz qılmağa məşğul ikən o, adətən burdakı Şirvan xalçasının üstünə uzanıb dincəlirdi. Bu dəfə də qapını arxadan bağlayıb, otağın pərdələrini çəkdi, yarıqaranlıqda «Ya ulu Hörmüz, kömək ol!» deyib Şirvan xalçasının üstünə uzandı. Xəlifədən təzəcə aldığı zəmanətin qatını açıb oxudu: «Mən, Abbasi xəlifəsi Harun ər-Rəşid baş vəzirim Cəfər ibn Yəhya Bərməkini heç vaxt öldürməyəcəyəm!»
Hacı Cəfərə elə gəlirdi ki, bu zəmanətin sözlərini bütün xilafət eşidir. O, hərdən dikəlib əlindəki kağız parçasına bir də diqqətlə baxırdı. Baş vəzirin ürəyində qəzəb və nifrət toxumları getdikcə göyərirdi: «Kör nə günə qalmışıq, zəmanət alırıq». O, əlindəki kağızı nifrətlə xalçanın üstünə atdı. Qeyzləndi, ayağa qalxıb gəzindi: «O sünni köpək oğlu Xəlifə Harun bilsə ki, ürəyimdə nələr var, dar ağacının ilgəyini bu saat keçirtdirər xirtdəyimə… Yox, mən bundan belə daha onun dininə-zada itaət etməyəcəyəm!» Hacı Cəfər bu sözləri deyib canamazın üstdəki möhürü də, üsür təsbehini də götürdü, bir küncə tulladı.
Baş vəzirin halı özündə deyildi: «Əgər yenidən uşaq olsaydım, Azərkəşnəsbə48 gedib, kahinə yalvarardım ki, belimə yun qurşaq bağlasın. Mən artıq qılınc müsəlmanı deyiləm! Yenidən sidq ürəklə atəşpərəst olub və atəşpərəst kimi də ölmək istəyirəm. Daha bıçaq sümüyə dayanıb. Daha dözmək olmur. Sarayda Harun kimi qaniçənə qulluq etməkdənsə, kişi kimi ölmək yaxşıdır. Gərək hər an onun hüzurunda koramal kimi sürünəsən, meymun kimi oyun çıxarasan. Niyə?! Cinayət aləmi götürüb. Biz isə yaltaqlıq edib Harunun ədalətindən, səxavətindən və aqil bir hökmdar olmasından dəm vurub onun şöhrətini göyə qaldırırıq. Axı o, kimdir? Dünya Harun təki nə qədər başı taclı cəllad yola salıb. Hökmdar ki qocaldı, tərifdən ağlı azır, gərək gözünü bağlayıb qoyasan tabuta! And olsun Hörmüzə, daha mən o murdarı it yerinə qoymayacağam…».