Kitabı oku: «Seçilmiş əsərləri», sayfa 6
– Kişi, nə deyirsən?
– Vallah, ağa bilmirəm mənim eşşəyimi ya Heydərxan körpüsünə aparıblar, ya da ki, karvansaraçı saxlayıb. Bilmirəm nə səbəbə vermir. Sabah züvvar çıxır. Mən lap məəttəl qaldım.
Bu danışıq çox uzun çəkdi. Məhəmmədhəsən əminin sözünü nə dilmanc, nə də ki, nəçərnik başa düşə bilmədilər. Nə qədər dilmanc təkid elədi ki, Məhəmmədhəsən əmi əhvalatı aşkar və açıq desin ki, bir zad başa düşmək olsun, amma heç başa gəlmədi. Ancaq Məhəmmədhəsən əminin sözü bu oldu: “Vallah mənim eşşəyimi, ağa, bilmirəm Heydərxan körpüsünə aparıblar, ya da ki, karvansaraçı saxlayıb vermir”.
Nəçərnik yəqin elədi ki, bu kişinin huşu başında deyil. Axırı laəlac qalıb, Məhəmmədhəsən əmini divanxanadan qovdu.
Məhəmmədhəsən əmi özünü belə itirmişdi ki, heç bilmirdi ki, haman bu dəqiqə ki, o, nəçərnikə şikayət edirdi, Xudayar bəy, Qasıməli, Kərbəlayı Səbzəli və Kərbəlayı Qafar durmuşdular onun dalında. Məhəmmədhəsən ortalıqdan çıxan kimi Xudayar bəy yeridi irəli və nəçərnikə şikayət elədi ki, onun övrəti – ki, adı olsun Zeynəb, – ona itaət eləmir. Dilmanc tərcümə elədi və nəçərnik cavab verdi: bu cür işlər onun ixtiyarında deyil, getsin şikayətini qazıya eləsin.
Xudayar bəy, Qasıməli, hər iki kərbəlayılar və Məhəmmədhəsən əmi onların dalınca çıxdılar eşiyə. Məhəmmədhəsən əmi üzünü Xudayar bəyə tutub dedi:
– Ay Xudayar bəy, başına dönüm, axı eşşəyi neylədin? Axı sabah züvvar çıxır. Mən qaldım məəttəl.
– Xudayar bəy ancaq bu cavabı verdi:
– Yaxşı, Məhəmmədhəsən əmi, sənnən mənimki qalsın kəndə. Mən sənnən kənddə danışaram. Yaxşı, qalsın. İndi məndən şikayət edirdin da?
– Ay Xudayar bəy, Qurani-münzəl haqqı sənin adın yoxdu. Mənim heç şikayət xəyalım yox idi. Gəldim divanxanaya bəlkə səni görüm, nəçərnik məni gördü çağırdı. Amma nə qədər elədi, sənin adını çəkmədim.
Xudayar bəy genə hərbə-qadağa kəsib Qasıməli və hər iki kərbəlayı ilə üz qoydu gəlməkliyə qazıgilə. Məhəmmədhəsən əmi bir-iki qədəm onların dalınca gəlib durdu və mat-mat gözünü dikdi bu gedən ağalara. Bunlar döngəni dönüb gözdən itdilər. Amma yazıq Məhəmmədhəsən əmi vaqeən ağladı. Vallah, billah, ağladı. Yəni necə ağladı? Uşaq kimi ağladı.
İndi dəxi Məhəmmədhəsən əminin şəhərdə bir işi-gücü yoxdu; hər bir işini qurtardı və lap arxayınladı. Dəxi nə qayıracaq? Başmaqlarını çıxardıb vurdu qoltuğuna və “Allah, şükür sənin cəlalına” deyib, üz qoydu Danabaş kəndinə.
Xudayar bəy yoldaşları ilə qazının yanına gəlib şikayət elədi: onun övrəti – ki, Zeynəb olsun, – ona itaət göstərmir, onun evində oturmur, çıxıb gedib, əri evində qalır. Yoldaşlarını da şahid göstərdi. Qazı bir qədər gülüb dedi:
– Xa-xa-xa… Bəy, sənin işin lap dəstgah imiş. Xa… xa… xa… Siz buradan gedəli bir saat yoxdu, nə tez kəndə gedib qayıtdınız? Nə tez gedib bildiniz ki, övrətin sənə itaət eləmir. Xa… xa… xa… Lap dəstgah imiş sənin işlərin! Doğrudan nə çəp övrət imiş sənin övrətin. Qəribə bədxasiyyət övrətdi. Xa… xa… xa… Yaxşı, çox yaxşı. Mən onu indi belə yumşaldaram ki, yumurta yükü aparar.
Bu sözləri deyəndən sonra qazı döşəkçənin altından bir kağız parası çıxartdı və qələmi götürüb başladı yazmağı.
“Bə xidməti qlava cəmaəti-Danabaş.
Əz qaziyi-uyezdi-“N”.
Bina be şikayət nümudən əhli-qəryeyi-Danabaş Xudayar bəy Nəcəfqulubəy oğlu be qəzavətxaneyi-“N” ki, zövceyi-mənkuheyi-mən Zeynəb binti-Kərbəlayı Zeynal əz. 16 mahi-səfər əz xaneyi-mən xaric şüdə və məra təmkin nədadə; bina be şikayəti-şaki be xidməti-şüma təvəqqe minümayəm ki, zövceyi-məzkurra be ixtiyari-müşarileyh dadə ki, bəd əzin dər xaneyi-u mütəməkkin şüdə, əz süxəni-u təcavüz nənümayəd.
Qaziyi-uyezdi-“N” Hacı Molla Səfər Salib Sultan-zadə”24.
Kağızı bükdü, qoydu paketə və Xudayar bəyə uzadıb dedi:
– Bunu aparıb verərsən sizin qlavaya. Yazmışam ki, filankəsin övrəti ərinə itaət etməyə və gəlib evində oturmuya, onu zornan, it ölüsü kimi gətirtdirin!
VIII
Bu gün səfər ayının on yeddinci günüdür. Danabaş kəndində bu gün guya ki, bir aşuradı. Bu gün Danabaş kəndinin züvvarı Kərbəla ziyarətinə çıxır.
Sübh olcaq çavuşun münacatı kəndi əhatə eləyib, gah o məhəllədən səsi gəlir, gah bu məhəllədən. Bütün kəndi dolanıb və hər züvvarın qapısının ağzında münacatını tamam edib və xələtini alıb, çavuş “Çaylax” məhəlləsinə daxil olub, əvvəl gəldi dayandı Kərbəlayı Zeynalabdının qapısında və başladı münacatı. Həyətdən on beş-on altı yaşında bir oğlan çıxıb bir əlində bir çanaq qəndab, o biri əlində bir cift corab. Çavuş qəndabı içib corabı aldı və qoydu atının tərkindəki xurcuna. Zeynalabdının qapısından rədd olub, gəldi dayandı Məhəmmədhəsən əminin qapısında və başladı münacatı.
Çavuş münacatını qutarmamışdı, həyətdən yazıq Məhəmmədhəsən əmi gözlərindən yaş tökə-tökə çıxdı küçəyə və ağlaya-ağlaya çavuşun yanına gəlib, düşdü çavuşun atının ayaqlarına. At sakit at imiş; heç yerindən hərəkət eləmədi. Məhəmmədhəsən əmi bir qədər atın dırnaqlarından öpüb durdu ayağa və sağ əlini qoltuq cibinə uzadıb, bükülmüş bir kağız çıxartdı və uzatdı çavuşa. Çavuş təəccüblü sual elədi:
– Kərbəlayı, bu nədir?
Ağlamaq qoymadı Məhəmmədhəsən əmini cavab versin. Bu heyndə həyətdən Məhəmmədhəsən əminin övrəti – çadirşəb başında – və oğlu Əhməd – hər ikisi ağlaya-ağlaya çıxıb, yeridilər çavuşun yanına. Məhəmmədhəsən əmi kağızı çavuşa verib, dübarə düşdü atın döşünə və başladı ayaqlarını öpməyə. Çavuş artıq təəccüblə üzünü tutdu Məhəmmədhəsən əminin övrətinə və soruşdu:
– Bacı, bu nədi? Pəs hanı Kərbəlayının xələti?
İzzət ağlaya-ağlaya cavab verdi:
– Qardaş, Məhəmmədhəsən əminin alnına yazılmamışdı kərbəlayı olsun. Allah baisin balalarını mələr qoysun!
Məhəmmədhəsən durdu ayağa və güclə dayana-dayana dedi:
– Apar, qardaş, apar… O ərizəni apar… Apar həzrət-Abbasa. Apar… Mən gedə bilmədim… Gedə bilmədim. Qoymadılar. Məni qoymadılar… Mənim eşşəyimi oğurladılar. Yedilər. Satdılar. Apar ərizəni, apar. Mən gedə bilmədim…
İzzət ağlaya-ağlaya başlayıb Məhəmmədhəsənin sözünü kəsdi:
– Çavuş, apararsan o ərizəni həzrət-Abbasa. Gərək mənim ərimi bu yoldan binəsib eləyənə həzrət-Abbas özü qənim ola. İmam özü qənim ola…
Çavuş qoltuq cibindən bir dəstə kağız çıxardıb, Məhəmmədhəsən əminin ərizəsini qoydu kağızların içinə, kağız dəstəsini qoydu qoltuğuna və atın başını çöndərib mehribanlıqla dedi:
– Əmi, bacı, heç ürəyinizi sıxmayın.
Heç qəm yeməyin, neylək, bu il olmadı, inşallah, Allah salamatlıq versə, əcəldən aman versə, inşallah, gələn il gedərik. Heç qüssə eləməyin. Söz yox, hər kəs ki, sizi bu mübarək yoldan, bu səvab yoldan qoyubdu, sizə mane olubdu, əlbəttə Allah-taala ona qəzəb eliyəcək. Elər, elər. Olmaz ki, eləməsin. Necə ki, eləməz? Məgər bunlar hamısı zərafatdır?! Buna Kərbəla yolu deyərlər. Xeyr, xeyr, əbədən ürəyinizi sıxmayın. İnşallah, ərizənizi də yetirərəm. İnşallah, dərəceyi-qəbula da yetişər.
Çavuş atına bir qamçı vurub başladı münacatı, Məhəmmədhəsən və övrəti bir qədər də durub, ağlaya-ağlaya qayıtdılar evə.
Günorta vaxtı idi. Kərbəlayıların cəmisi dəstə-dəstə kəndin kənarına, qəbristanın yanına yığışıb, düzülmüşdülər yekə meydana ki, “imamzadanı” ziyarət eləyib çıxsınlar. Burada artıq cəmiyyət var idi. Övrət qarışmışdı kişiyə, kişi övrətə. Kimi piyada, kimi atlı. Bəzi ağlayırdı, bəzi gülürdü. Amma ağlayanların çoxusu övrətlər idi; çünki övrətin ürəyi yuxa olur. Bəzisinin qardaşı gedirdi, bəzisinin oğlu və bəzisinin əri. Atların kişnəməyi, eşşəklərin anqırtı səsi və övrət və uşaqların ağlamağı bir-birinə qarışıb ərşə qalxırdı.
Kərbəlayılar imamzada ziyarətini tamam edib yığışdılar meydana və qohum-əqrəba ilə qucaqlaşıb, öpüşüb və ağlaşıb mindilər atları və hazır oldular getməyə. Çavuş meydana çıxıb, axırıncı münacatını başladı ki, yəni çıxmaq vaxtıdır. Bu heyndə çavuşun yanına iki övrət yeridi. İkisi də ayaqyalın və qara çadralı. Bu övrətlərin birisi uca idi, birisi alçaq. Hər ikisi ağlayırdı. Bunlar çavuşun yanına yetişib, hər birisi çadrasının altından bir bükülü kağız çıxardıb uzatdılar çavuşa. Çavuş münacatını kəsib başını əydi aşağı və kağızları aldı. Çavuş soruşdu ki, bu kağız nə kağızdır? Övrətlərin hər ikisi cavab verdilər ki, bu ərizədir həzrət-Abbasa. Çavuş qoltuq cibindən kağız dəstəsini çıxardıb, övrətlərin ərizələrini həmçinin daxil elədi kağız dəstəsinə və dübarə qoltuq cibinə qoyub başladı münacatı.
Bu övrətlərin ikisini də biz tanıyırıq. Uca övrət Zeynəbdi; biri də Xudayar bəyin övrətidi. Yəni şəriətə baxsaq, ikisi də Xudayar bəyin övrətidi, biri köhnə övrətidi, biri də təzə övrətidi.
Kərbəlayılar üz qoydu Qıraxdın26 yoluna və camaat yavaş-yavaş, dəstə-dəstə və tək-tək üz qoydu kəndə.
Zeynəb ağlaya-ağlaya gəldi evinə və qızlarını çağırıb, bunların hər ikisini aldı qucağına. Çünki özü ağlamaqdan sakit olmamışdı, uşaqlar da analarına baxıb ağlayırdılar. Fizzə ağlaya-ağlaya gözlərinin yaşını silib, mat-mat anasının üzünə baxıb axırı soruşdu:
– Ana, sən Allah, niyə ağlayırsan?
Zeynəb cavab vermədi. Ancaq çarşovunun ucu ilə gözlərinin yaşını silib, lənət şeytana elədi. Fizzə dübarə soruşdu və Zeynəb axırı laəlac qalıb cavab verdi:
– Bala, vallah, heç zad yoxdu. Elə atan yadıma düşübdü, ağlıyıram.
Fizzə Zeynəbin sözünə inanmayıb, genə soruşdu. Bu dəfə Zeynəb doğru cavab verdi; amma ağlaya-ağlaya cavab verdi:
– Bala, axı necə ağlamıyım? Məni istiyirlər zornan ərə verələr. Gördün qardaşın səhər məni nə qədər döydü? Deyir elə zornan gərək gedəsən Xudayar bəyə. Bala, mən necə ağlamıyım?
Fizzə bir qədər fikir eləyib genə soruşdu:
– Yaxşı, ana nə olu gedəndə? Get da! Niyə getmirsən ki?! Ərə getmək pis zaddı?
– Bala, mənə nə olub ərə gedim? Mən yekəlikdə arvadlar ərə getməzlər ki! Qızlar ərə gedərlər. Mənə nə olub ərə gedim?
– Yaxşı, ana, Zəhra bibim səndən yekə arvaddı, bə niyə o, ərə getdi?
Zeynəb Fizzənin bu sualına heç bir söz tapmadı desin.
Bu heyndə evə altı şəxs daxil oldu. Dördü bizim tanışlardandı: Qasıməli, Səbzəli, Kərbəlayı Qafar və Vəliqulu. Amma ikisini tanımırıq. Binlardan biri qırx beş, bəlkə də əlli sində, qırmızı saqqal, qara papaq bir kişidir. Bu, Danabaş kəndinin qlavası Kərbəlayı İsmayıldır. O biri də elə bu sində köhnə qara papaq, qədək arxalıqlı, ağ tuman, qara saqqal kişidir. Bu da Danabaş kəndinin prixod mollası27 Molla Məhəmmədquludur.
Zeynəb bunları görcək qalxıb çəkildi, durdu bucaqda. Qızlar da gedib soxuldular analarının yanına və təəccüblə gözlərini dikdilər qonaqlara. Qonaqlar cərgə ilə əyləşdilər. Molla yuxarı başda, onun sağ tərəfində Kərbəlayı İsmayıl, sol tərəfində Kərbəlayı Qafar; Kərbəlayı Səbzəli, Vəliqulu və Qasıməli divara dayanıb, durmuşdular ayaq üstə. Molla Məhəmmədqulu, Kərbəlayı İsmayıl və Kərbəlayı Səbzəli çubuqlarını çıxardıb başladılar doldurmağı. Molla çubuğunu alışdırıb, üzünü tutdu Zeynəbə səmt:
– Bacı, bilirsən nə var? Bilirsən biz nə mətləbə gəlmişik?
Zeynəb cavab vermədi. Molla Məhəmmədqulu dübarə başladı:
– Biz bura ondan ötrü gəlmişik ki, sənə nəsihət eləyək…
Zeynəb əlüstü cavab verdi:
– Allah atana rəhmət eləsin. Siz əgər nəsihət eləyənsiniz, əvvəl, bax, o ayaq üstə durana nəsihət eliyin ki, məni incitməsin. Bu gün məni döyməkdən öldürübdü. İndi bu saat qabırğalarım ağrıyır.
Molla genə başladı:
– Yaxşı, bacı, axı sən işi o yerə niyə gətirirsən ki, oğlun sənə ağ olsun?
– Niyə, mən neyləyirəm ki?
– Sən şəriətdən çıxırsan.
– Şəriətdən çıxana Allah lənət eləsin!.
– Lənət, lənət!
– Mən niyə şəriətdən çıxıram ki?
Molla cavab verdi:
– Sən o səbəbə şəriətdən çıxırsan ki, şəriətin ümuruna28 mümaniət29 qatırsan. İstəmirsən ki, şərti mənkühəni30 əmələ gətirəsən.
Zeynəb cavab vermədi; o səbəbə ki, molla dediyini əsla başa düşmədi. Molla genə başladı:
– Məgər sən məfhum deyilsən31 ki, indi Xudayar bəyin zövceyi həlalısan? Məgər bu səda sənin huş-guşuna təbliğ olunmuyub?
Zeynəb cavab verdi:
– Yəni deyirsən ki, mən Xudayar bəyin arvadıyam? Yaxşı, mən kimə Xudayar bəyə getmək razıçılığını verdim ki, mən onun arvadı olum?
Qasıməli cəld əlini sinəsinə vurub dedi:
– Bax, mənə vermisən. Sən məgər məni vəkil eləmədin bu kişilərin öz yanında? Sən məni vəkil elədin. Bu yekə şeyi danmaq olar?
Zeynəb bir ah çəkib dedi:
– Yaxşı, nə deyirəm ki, siz deyən olsun.
Molla başladı:
– Çox əcəb. İndi sən elə mənim öz yanımda iqrar elədin ki, Qasıməlini sən özün vəkil eləmisən. Pəs daxı sözün nədir?! Nə səbəbə gedib öz xahişinlə ərinin evinə daxil olmursan? Deyirsən gərək səni zornan aparalar? Bədnamlıqnan aparalar? Rüsvayçılığnan aparalar?
Qlava çubuğun külünü yerə boşaldıb, dübarə başladı doldurmağı və üzünü Zeynəbə sarı çöndərib, uca səslə və qeyznak dedi:
– Bax, ay arvad, gözünü aç, gözümün içinə bax. Qazı dünən mənə kağız yazıb. Xudayar bəy şikayət eliyib ki, mənim övrətim Zeynəb mənim evimi qoyub, gedib öz evində olur; mənə itaət eləmir. Qazı mənə kağız yazıb. Əgər sən öz xahişinnən gedib ərinin evində oturmasan, səni it ölüsü kimi sürüdüb apartdırram! Lap yəqin elə və ağlını yığ başına!
Zeynəb bir söz demədi. Amma qızları hər ikisi başladılar ağlamağı. Növbə yetişdi mollaya. Molla üzünü Zeynəbə sarı tutub, başladı genə nəsihəti:
– Yox, yox, bacı, Allaha xoş getməz. Sən nahaq yerə özünü də məşəqqətə mübtəla eliyirsən, uşaqlarının da ürəklərinin sıxılmağına bais olursan. Yox, yox, belə eləmə. Ağlını yığ başına və dinməz-söyləməz yığış, get otur ərinin evində. Yoxsa indi dəxi iş qurtarıbdı. Sən indi Xudayar bəyin zövcəsisən. Sənin heç ixtiyarın yoxdu bu barədə kəmetinalıq eləyəsən. Əgər istiyirsən ki, şəriətə əməl eliyəsən, işin həqiqəti budur ki, mən deyirəm. Əgər mənə etiqadın var, inan. Yoxsa etiqadın yoxdu, inanma. Özün bil. Əgər istiyirsən ki, səni sürüyə-sürüyə aparalar, qoy aparsınlar, dəxi sözüm yoxdu.
Bu sözləri deyib, Molla Məhəmmədqulu çubuğu uzatdı kisənin içinə və doldurub çıxardı və Kərbəlayı İsmayıla səmt bir qov uzadıb alışdırdı, qoydu çubuğun üstə və başladı nəsihəti:
– Yox, bacı, ağlını yığ başına. İndi sən görürsən ki, iş lap qurtarıbdı. Sən indi Xudayar bəyin övrətisən. Şəriət heç vədə övrətə o ixtiyar vermir ki, otursun öz evində və ərinin sözündən çıxsın. Söz yox, sən getməzsən, mən də yazaram nəçərnikə ki, filankəsin övrəti təcavüz edib şəraiti-zövciyyəni32 əmələ gətirmir. Bilirsən onda nə olar? Onda o olar ki, nəçərnik pristavı göndərər, səni qolu-qıçı bağlı göndərərlər şəhərə ki, nəçərnikə cavab verəsən. Niyə sən işi o yerə yetirəsən ki, səni biabırçılıqnan aparalar şəhərə, dost görə qəmgin ola, düşmən görə sevinə?
Qlava başladı:
– İndi nə deyirsən, bizi məəttəl eləmə. Əgər gedirsən, öz xahişinlə get; yoxsa getmirsən, mən bildiyimi eliyim. Vallahi, billahi gözünü aç, gözümün içinə bax. Sonra peşman olarsan.
Zeynəb bir söz deməyib, irəliki halətdə durmuşdu ayaq üstə. Bir belə sözdür ki, sakitlik – razıçılıq əlamətidir. Oturanlar da bir belə şeyi başa düşüb durdular ayağa ki, getsinlər. Əvvəl Kərbəlayı İsmayıl durdu və qamçısını Zeynəbə səmt silkələyib, bu tövr hərbə-qadağa kəsdi:
– Bax, ay arvad, indi biz gedirik. Axşama kimi sənə möhlət verirəm. Axşam Qasıməlini göndərəcəyəm ki, səndən ya hə, ya yox cavabını alsın. And olsun o bizi yaradana, əgər naz-qəmzə eliyəsən, mən səni qoymaram ki, bu kətdə baş dolandırasan. Axırı heç olmasa götürüb nəçərnikə yazaram ki, filan arvad ərindən küsüb, gedib pis yola düşübdü. And olsun o pərvərdigara ki, yazaram!
Cəmisi çıxdı eşiyə Vəliquludan savay. Vəliqulu da şəhadət barmağını anasının üstə qovzayıb dedi:
– Bax, ay ana, mən sənə deyirəm ki, Qasıməliyə yox cavabı versən, mən elə bu gün ayrılıb gedəcəyəm qaynatamgildə qalacağam. Bir aydan da sonra özümə toy edib, dəxi sənə ana demiyəcəyəm. Vəssəlam. İndi hələ xudafiz.
Vəliqulu da çıxdı.
Zeynəbin işi çox pis yerə gəldi dayandı. Hər zad bir yana, Vəliqulunun acıq eliyib ayrılmağı və evə gəlməməyi bir yana. Yazıq övrət nə eləsin? Məgər ev kişisiz ötüşər? Onda da bu cür vilayətdə. Qərəz, bu müsibət böyük müsibətdi.
Zeynəb bucaqda ayaq üstə durmaqdan lap yoruldu. Qıçları ağrayıb sızıldayırdılar. Kişilər çıxan kimi gəldi oturdu və uşaqlarını aldı qucağına. Binəva balalar ağlamaqdan lap yorulmuşdular. Qızların ikisi Zeynəbin qucağında şirin yuxuladılar. Zeynəb bir qədər ağlayıb, başını dayadı divara və cumdu fikrə.
Mən istərdim Zeynəbin indiki halını sizə məlum edim, onun dərdini söyləyim, onun fikir-xəyalını, qəmini, qüssəsini və qəlbinin sıxılmağını açıb bəyana gətirim; o cəhətə istəmirəm ki, qorxuram sizi də ağlamaq tuta. Amma nə eləmək, mən genə gərək borcumu əda eləyim.
Zeynəb indi bu saat qalmışdı iki divarın arasında: biri o tərəfdən sıxırdı, biri də bu tərəfdən. Nə qədər çalışırdı bu iki divarın arasından bir tövr ilə, bir fənn ilə çıxıb qaçsın, əsla mümkün olmurdu. Bu divarların biri Xudayar bəyə getməkdi, biri də getməməkdi.
Xudayar bəyə getmək fikri Zeynəbi o cəhətə divar kimi sıxırdı ki, Zeynəb Xudayar bəydən elə irgənirdi, necə ki, insan qurbağadan irgənər. Pəs necə ki, insana qurbağanı elə alıb qoynuna qatmaq nagüvara gələr, elə də, bəlkə bundan artıq, Zeynəbə Xudayar bəyin iri burnuna və kifir sifətinə baxıb, ona ər demək nagüvara və naxoş görünürdü.
Xudayar bəyə getməmək fikri də Zeynəbi o səbəbə divar kimi sıxırdı ki, Zeynəbə, sözün vazehi33, artıcaq xof üz vermişdi. Hünər gərək bu guppultunun, bu əziyyətin, bu rüsvayçılığın, bu hərbə-qadağanın, qazının, nəçərnikin, mollanın, qlavanın, şahıdların, camaatın və Vəliqulunun qabağına çıxıb tab eləsin və kəllə-kəlləyə versin! Bu hünər nəinki Zeynəbin, bəlkə onun babasının da qüvvəsindən felə gəlməzdi.
Yəni insafən nə eləsin yazıq Zeynəb? Bir yandan Vəliqulu ayrılıb qoyub gedəcək. Pəs əkin necə olsun? Mallar necə olsun? Ev-eşik, zəmi, alver necə olsun? Bir yandan şəhərə getmək və nəçərnik yanında biabırçılıqla cavab vermək dərdi.
Ya xeyr, ola bilər ki, qlava Zeynəbi heç şəhərə də göndərməsin. Hazır qazı ona rəsmi izharnamə göndərib. İndi bu saat qlavanın külli ixtiyarı var Zeynəbi versin Qasıməlinin dalına və aparıb salsın Xudayar bəyin evinə. Qlava da, söz yox, eləyəcək. Əvvəla ondan ötrü eləyəcək ki, bu işlər onun borcudur. İkinci də ki, bizə məlumdur ki, qlava Xudayar bəyin anasını siğə eləyibdi. Pəs Xudayar bəy olur onun ögey oğlu. Pəs elədə yəqin qlava bu işin üstünə düşüb. Hər yolnan olmuş olsa, bu işi aşıracaq. Zeynəb özü ağlı kəm övrət deyil, bunların hamısını çox yaxşı başa düşürdü.
İki saat tamam Zeynəb bu cür xəyalata məşğul idi ki, qapı açıldı. Qasıməli girdi içəri.
– Nə deyirsən indi, bacı? Sözün nədi? Mən indi gedim qlavaya nə deyim? Razısan, ya yox?
İndiki halında Zeynəb bənzəyirdi bir elə şəxsə, hansı ki, zəhər şüşəsini qabağına qoyub baxır və bilmir nə eləsin: içsin, ya yox? İçməsə dərd, qüssə və qəm onu öldürəcək, içsə zəhər öldürəcək. “Pəs məsləhət budur ki, içim”– deyib şüşəni çəkir başına.
Zeynəbə razıçılıq cavabı vermək zəhər içmək mənziləsində idi. Elə ki, Qasıməli sualını bir də təkrar elədi, Zeynəb hamı gücünü yığıb və üzünü qırışdırıb cavab verdi:
– Razıyam.
XİTAMƏ34
Əhvalatdan üç il keçib, dördüncü ilə ayaq qoyurdu. Qış fəsli idi. Kiçik çillənin çıxmağına on gün qalırdı. Günorta vaxtı idi. Hava xoş idi. Hərçənd havada bir az sazaq var idi, amma günün təsiri bilinirdi. Hava xoş olmaq cəhətə kəndlilər divarların dibinə düzülüb və yan-larını yerə verib, məşğul idilər söhbətə. Məhəmmədhəsən əminin damının dalında divarın dibində üç-dörd kişi oturub danışırdılar. Bu heyndə küçə ilə bir qəribə kəndli qabağında beş-on yüklü eşşək yolnan keçirdi. Eşşəklər yavıqlaşdılar və istəyirdilər keçsinlər, oturanların içində bir qoca kişi qaçıb və eşşəklərin içinə özün soxub, bir çal eşşəyin başını qaytardı və durdu diqqətlə eşşəyin o üzünə-bu üzünə baxmağa. Eşşəklərin sahibi əlbət elə güman elədi ki, qoca kişi eşşək almaq istəyir, qaçdı qabağa və o biri eşşəklərin başını “çöçə” deyə-deyə qaytarıb, saxladı yolun ortasında və gəldi çal eşşəyin yanına. Qoca kişi gah eşşəyin qabağına keçir, gah dalına keçir, başına baxır, qıçlarına baxır, quyruğuna baxır. Sonra da ağzını açdı, dişlərinə baxdı. Eşşək sahibi başladı eşşəyi tərifləməyə:
– And olsun Allaha belə eşşək olmaz. Bu eşşəkdən hünər əksik deyil. Görürsən nə qədər yük çatmışam? Düz yeddi put yükdü. Əgər almaq meylin olsa, sənə ucuz da verərəm.
Qoca kişi genə eşşəyin ağzını ayırıb, diqqətlə ağzına baxandan sonra başını qovzadı və üzünü tutdu eşşək sahibinə:
– Qardaş oğlu, bu eşşəyi sən kimdən almısan?
– Əmi, nə vecinə kimdən almışam! həyə35 alacaqsan, al, almıyacaqsan qoy gedim, məni avara eləmə.
Qoca kişinin yoldaşları da bir zad başa düşüb durub gəldilər yavığa.
Qoca kişi üzünü onların birisinə tutub dedi:
– Məşədi Oruc əmoğlu, gəl bir sən də bu eşşəyə bax. Bu eşşək məni bir az şəkkə salır.
Görükür ki, eşşək sahibi özü də bir zad duydu; çünki qoca kişi bu sözü deyən kimi eşşəyin dalına bir-iki dəyənək ilişdirib, istədi eşşəyi sürüb gedə. Amma qoca kişi qoymadı. Məşədi Oruc da qoca kişi kimi eşşəyi diqqətlə vəravürd eləyib36, üzünü tutdu kişiyə:
– Məhəmmədhəsən əmi, mən bilirəm sənin şəkkə düşməyini. Sən eşşəyi öz eşşəyinə oxşadırsan.
Genə eşşək sahibi eşşəyə bir-iki dəyənək yendirib, istədi sürüb gedə, Məhəmmədhəsən əmi və Məşədi Oruc qoymadılar. Qalan kəndlilər də yığışdılar və eşşəyi əhatə edib, baxırdılar eşşəyin o üzünə-bu üzünə. Məhəmmədhəsən əmi üzünü eşşək sahibinə tutub dedi:
– Qardaş oğlu, səni and verirəm on iki imama, doğrusun de görüm bu eşşəyi kimdən almısan?
– Əmi, and olsun Allaha, mən bu eşşəyi indi düz beş ildi qarabağlıdan almışam on bir manata.
Bir az vaxtda eşşəyin başına bəlkə əlli adam cəm oldu. Hər yetişən – ki, Məhəmmədhəsən əminin itən eşşəyini tanıyırdı, – təsdiq elədi ki, bu eşşək Məhəmmədhəsən əminin öz eşşəyidir. Məhəmmədhəsən əmi yapışdı eşşək sahibinin yaxasından və çəkə-çəkə çıxardı adamların içindən ki, aparsın qlavanın yanına. Qlava haman Kərbəlayı İsmayıl idi.
Məhəmmədhəsən əlini eşşəkçinin qurşağına salıb çəkə-çəkə aparırdı. Bu heyndə Xudayar bəy başında şikarə papaq, əynində mahut çuxa, ağ tuman və əlində zoğal ağacı döngədən çıxıb və cəmiyyəti görüb, yavıqlaşdı adamların içinə. Məhəmmədhəsən əhvalatı nağıl elədi və şikayətini eləyəndən sonra Xudayar bəy adamları aralayıb, gəldi eşşəyin yanına və diqqətlə o tərəfinə-bu tərəfinə baxıb eşşəyi tanıdı.
– Bəli, bu Məhəmmədhəsən əminin eşşəyidir. – Sonra üzünü eşşəkçiyə tutub soruşdu:
– Ədə, bu eşşəyi sən hardan almısan?
Eşşəkçi Məhəmmədhəsən əmiyə verdiyi cavabı Xudayar bəyə də verdi. Amma gözünə döndüyüm Xudayar bəy dəyənəyi qaldırdı göyə. Nə yemisən, turşulu aş. Eşşəkçiyə bir ağac, iki ağac, üç ağac… Ta o qədər vurdu ki, yazıq kişi düşdü Xudayar bəyin ayaqlarına, başladı yalvarmağa ki, eşşəyi alsın, dəxi onu döyməsin.
Bu cür eşşək tapıldı.
Xudayar bəy Qasıməlini qoşdu eşşəkçinin yanına ki, aparıb onu kəndin kənarından ötürsün qırağa və bərkən-bərk eşşəkçiyə tapşırdı ki, bir də buralara üzü dəyməsin.
Məhəmmədhəsən əmi Xudayar bəyə dua eləyə-eləyə eşşəyi sürdü və aparıb qatdı tövləsinə. Amma təəccüblü şey budur ki, indiyə kimi Məhəmmədhəsən əminin oğlu Əhməd görükmür. İndiyə kimi bu qədər qışqırığa bu qədər cəmiyyət yığışıb, nə Əhməd adamların içinə gəldi, nə də Məhəmmədhəsən əminin övrəti başını qapıdan eşiyə uzatdı ki, görsün bu nə mərəkədi.
Əhməd də ölübdü, Məhəmmədhəsən əminin övrəti də ölübdü. Əhmədi bildir boğaz ağrısı tutub öldü. Anası onun iki ay qüssəsini eyləyib, axırı bir dərdə mübtəla oldu və ömrünü bağışladı Məhəmmədhəsən əmiyə. Amma Məhəmmədhəsən əmi indiyədək and içir ki, Əhmədi də, övrətini də eşşəyin dərdi öldürdü.
Qərəz, eşşək tapıldı.
Eşşəyi Məhəmmədhəsən əmiyə tapşırıb, Xudayar bəy adamların içindən çıxdı və gəldiyi dar küçə ilə gedib, bir yekə darvazadan girdi böyük həyətə. Həyətin sol tərəfində Vəliqulu əynində cındır qədək arxalıq və başında köhnə boz papaq, kürəklə peyin sərirdi. Xudayar bəy Vəliqulunun yanından düz keçdi və sağ səmtdə səkinin yanında durub çağırdı:
– Ay qız, Ziba, o lüleyini bir gətir mənə.
Ev qapısı açıldı. Yeddi-səkkiz yaşında bir göyçək qız uşağı əlində lüleyin eşiyə çıxıb, gətirdi lüleyini Xudayar bəyin yanına qoyub, titrəyə-titrəyə qayıtdı evə. Xudayar bəy başladı dəstəmazı.
Bu qızı biz tanıyırıq. Bu qız Zeynəbin qızı Zibadır. Zibanın üst-başına baxan kimi görsənirdi ki, bu qız yetim qızdı. Əvvəla budur ki, paltarlarının hamısının köhnəliyindən başqa, özgə əynindən çıxma paltara oxşayırdı. Solmuş qırmızı çitdən dizlik Zibanın ayaqlarının üstünə düşmüşdü. Amma özününkü olsa idi, gərək gödək olaydı. Köhnə qara laskirddən arxalıq gen və uzun olmaq cəhətə həmçinin özgə arxalığına oxşayırdı. Başında var idi köhnə qara çarğat, ayaqlarında yekə kişi başmağı.
Xudayar bəy dəstəmazı alıb girdi içəri.
Xudayar bəy girən bir xırda ağ otaqdı. Yuxarı başda kürsü qoyulubdu. Kürsünün üstə salınıb rəğbətli yekə yorğan, yorğanın üstündən rəğbətli cecim. Otağın işıq gələn yeri iki xırda akuşkadır. Akuşkalar təzə akuşkaya oxşayırlar. Qalan üç divarın hərəsində iki taxça; taxçalarda düzülüb mücrü, mis və çini qab, boğça. Bir taxçada var bir qəlyan. Sol səmtdən divara iki-üç mis məcməyi dayanıbdı. Fərşə salınıb üç-dörd tikə palaz və kobud kənd xəlçəsi. Kürsünün üstə nimçə və üstə qoyulub samavar. Samavar təzə dəmə qoyulubdu. Xulaseyi-kəlam, bu ev kəndə görə çox səliqəli evdir.
Xudayar bəy otağa girəndə yuxarı başda kürsüyə bir cavan övrət oturmuşdu. Bu övrətin olar on dörd, on beş sinni, artıq olmaz. Bu övrətin göyçəkliyi və çirkinliyi barəsində heç bir söz demək olmaz. Səbəbi odur ki, bu övrət indiki halətdə üzünə o qədər ənnik, kirşan, rasıx və gözlərinə o qədər sürmə çəkib ki, əsil surəti bəzəklərin içində lap gizlənibdi. Qərəz, bu cavan övrət özünə kəndə layiq bəzək veribdi.
Xudayar bəy keçdi oturdu kürsünün yuxarı başından. Cavan övrət kürsünün üstə qabağına iki stəkan qoyub, məşğul idi onları yuyub dəstmallamağa.
Qapıdan girən yerdə, sağ tərəfdə durmuşdu Ziba qucağında uşaq yorğançasına bükülmüş qız uşağı. Uşaq ağlayırdı. Ziba onu ovutmaqdan ötrü atılıb düşürdü və öz-özünə mıqqıldaya-mıqqıldaya uşağın ağlamağının dəmini tuturdu.
Cavan övrət bir stəkan çay töküb, qoydu Xudayar bəyin qabağına, bir stəkan töküb qoydu öz qabağına; sonra Zibanı çağırıb uşağı aldı və saldı döşünə. Uşaq ovundu. Ziba çəkildi durdu kənarda və divara dayanıb, əllərini saldı yanına.
Xudayar bəy stəkanı çəkdi qabağına və dalını genə yükə təkyə eyləyib, üzünü tutdu Zibaya.
– Qız, anan genə ağlıyır?
– Anam elə ha ağlıyır. Ağlamaqdan gözləri lap tutulubdu.
Xudayar bəy ucadan xa… xa… xa… çəkib genə dedi:
– Xa… xa… xa… Niyə ağlıyır? Əri Kərbəlayı Heydər yadına düşüb?
Qız cavab verdi:
– Yox, dadaşımdan ötrü ağlamır, səndən ötrü ağlıyır.
– Xa… xa… xa… Məni yəni o qədər istiyir?
– Yox, istəməkdən ötrü ağlamır. Deyir məni boşasın.
Qız bu sözü deyən kimi guya ki, Xudayar bəyi bir ilan sancdı. Xudayar bəy cəld ayağa durub, hücum çəkdi Zibanın üstə. Qız övdən çıxıb qaçan vaxtda ayağı ilişdi astanaya, üzü üstə dəydi yerə. Xudayar bəy yetişdi. Zibanın başına-gözünə bir-iki yumruq vurub, baxdı gördü ki, qızın burnundan qan gəlir. Həyətdən Vəliqulunu çağırdı ki, bacısını götürüb aparsın evlərinə və özü də töyşüyə-töyşüyə, rəng-ruhu qaçmış gəldi oturdu yerinə.
Cavan övrət oturduğu yerdə oturub, dinməz-söyləməz vaqeəyə tamaşa eləyirdi. Vəliqulu yapışdı Zibanın əlindən və hər ikisi üz qoydular evlərinə səmt.
Xudayar bəy bu sözdən ötrü hal-təbdən çıxdı; Xudayar bəy həmin dəqiqə hal-təbdən çıxdı ki, Ziba dedi:
– Anam deyir məni boşasın.
Lazımdır əhvalatı təfsilən nağıl eləmək.
* * *
Zeynəb Xudayar bəyin evində altı ay yarım qaldı. Və bu altı ay yarımın ərzində Zeynəbin anadan əmdiyi süd burnunun dəliklərindən gəlib töküldü. Zeynəbi incitməklikdə onun tək bircə məramı var idi, Xudayar bəyin qəsdi Zeynəbin və səğirlərin37 var-yoxuna, puluna və mülkünə sahib olub, Zeynəbi çölə ötürmək idi. Zeynəb özü bunu çoxdan başa düşmüşdü. Amma nə qədər Xudayar bəy onu bu xüsusda incidib dara qısnayırdı, döyürdü, söyürdü, amma Zeynəb hər bir əziyyətə tablaşıb, Xudayar bəyin təkliflərinə əbədən razı olmurdu.
Axırı iş o yerə çatdı ki, Xudayar bəy Zeynəbi soyundurdu və bir qaranlıq dama qatıb onu ac və susuz saxladı ki, bəlkə yumşala. Amma daşı da bu tövr sıxsan yumşalar. Zeynəb axırı yumşaldı. Xudayar bəyin nə qədər ki, arzusu var idi, hamısı bəravürdə oldu38.
Amma Zeynəb də bu əmrə bir şərtlə razı oldu. Şərt bu oldu ki, Xudayar bəy pullara sahib olan kimi, Zeynəbi boşasın. Xudayar bəy razı oldu. Zeynəb dəxi arxayın olmaqdan ötrü Xudayar bəyi Qurana and verdi. Xudayar bəy əlini Qurana basıb and içdi.
O pullar ki, Zeynəbin ixtiyarında idi, bəzisini Zeynəb yerə quyluyub gizlətmişdi, bəzisi özgədə idi. Bunlar hamısı yetişdi Xudayar bəyin təhvilinə. Və bundan əlavə Xudayar bəyə genə çox zad yetişdi: qızıl, gümüş, paltar, fərş, mis qab-qaşıq və bu cür şeylər.
Xülaseyi-kəlam, Zeynəb mürurnan əri Kərbəlayı Heydərin evini daşıyıb, tökdü Xudayar bəyin evinə. Vəliqulunun bu barədə heç bir sözü yox idi. Vəliqulu deyirdi ki, hər nə olur-olsun ancaq onun yarı səlamət olsun. Vəliqulu nəinki bu işlərə mane olmurdu, bəlkə hələ Xudayar bəyə köməklik verirdi.
Xudayar bəy Zeynəbin, səğirlərin və Vəliqulunun dövlətinə malik olan kimi, Zeynəb axırı arzusuna yetişdi; yəni Xudayar bəyin evindən yığışıb gəldi öz evinə.
Hərçənd indi Zeynəbin evində iki həsirdən başqa bir şeyi yox idi; amma Zeynəb elə bildi onu məlaikələr cəhənnəmdən çıxardıb behiştə daxil elədilər.
Zeynəb Xudayar bəydən ayrılan kimi xalq elə bildi ki, Zeynəbi Xudayar bəy boşayıbdır. Nəinki xalq, bəlkə Zeynəb özü də, Vəliqulu da, qərəz, hamı Zeynəbi boşanmış bilirdi. Amma Zeynəbi Xudayar bəy boşamamışdı və əbədən boşamazdı. Səbəbini indi üç-dörd sətirdən sonra ərz edərik.
Amma söz burasındadır ki, indi Zeynəbin işi dəxi pis yerə gəlib çatdı. Bahar açılan kimi Xudayar bəy zəmilərə cüt göndərib başladı sürdürməyi. Əkilmiş zəmiləri özü öz malı kimi biçirdi, döyürdü və mədaxili öz babasından qalan malı kimi gətirib tökürdü evinə. Zeynəb qaldı ac-çılpaq və sahibsiz. Bu övqat Fizzə qızı öldü. Zeynəbin dərdi dəxi də artdı. Kim bilsin, bəlkə yazıq qız acından öldü?! Axırı Xudayar bəyin yazıq övrətə bir az rəhmi gəldi. Vəluqulunu özünə cütçü, Zibanı qarabaş tutdu ki, Zeynəbin işi bir az yüngülləşsin. Vəliquluya və Zibaya Xudayar bəy o qədər icrət39 təyin elədi ki, Zeynəb acından ölməsin.
Xudayar bəy iki səbəbdən ötrü Zeynəbi boşamadı və boşamazdı. Xeyr, boşamazdı. Xudayar bəy çox ağıllıdı. Əvvala ondan ötrü boşamazdı ki, hələ Zeynəbin vaxtı lap keçməmişdi ki, Xudayar bəy ondan əl üzə idi. Əgər Zeynəbin Xudayar bəyə bir tikə məhəbbəti olaydı, Xudayar bəy onu evindən kənar eləməzdi. Gərək insafnan danışaq, Zeynəbin kənar olmaqlığına Zeynəb özü bais oldu. Ondan ötrü ki, Xudayar bəyin evinə gələndən, Zeynəbin üzü əsla, qətiyyən gülmədi. İkincisi o səbəbə Xudayar bəy Zeynəbi boşamazdı ki, qorxurdu şərir adamların birisi Zeynəbi ala və başlaya Xudayar bəydən səğirlərin mal-mülkünü iddia eləyə. Bu ikinci səbəbə görə boşamaq ortalığa gələndə Xudayar bəy az qalırdı dəli-divanə olsun. Hər kəs onun yanında boşamaq söhbəti salsaydı, gərək doyunca kötək yeyəydi.
“N” uyezdinin qazısı Hacı Molla Səfər Salib Sultanzadə”.