Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Seçilmiş əsərləri», sayfa 7

Yazı tipi:

Pəs Zibanı Xudayar bəy bu səbəbə qovladı və döyüb burnunu qanatdı.

Zeynəb Xudayar bəyin evindən gedəndən iki ay sonra övrəti öldü və Xudayar bəyə evlənmək lap vacib oldu. Xudayar bəy çoxdan Qasıməlinin bacısını gözaltı eləmişdi. Müxtəsər, Qasıməli bu şərtlə razı oldu ki, Xudayar bəy öz qızını versin Qasıməliyə. Xudayar bəy xoşhallıqnan razı oldu.

Əvvəl Vəliqulu çox atılıb düşdü, ağladı, sızladı, bir az qüssə elədi. Amma Xudayar bəyin qorxusundan əhvalını əsla büruzə vermədi. Bir az keçdi, hər bir şey yaddan çıxdı. Sonra Vəliqulu özü də başa düşdü ki, ona hələ hamısından vacib çörək qazanmaqdır.

Pəs indi kürsünün başında oturan ənnikli-kirşanlı cavan övrət Qasıməlinin bacısı və Xudayar bəyin təzə övrətidir. İndi üç aydır bu övrətdən Xudayar bəyin bir qızı olubdu. Adını qoyublar Xoşqədəm. Haman qız Zibanın qucağında ağlayan uşaqdı.

Vəliqulu və Ziba ağlaya-ağlaya gəldilər evlərinə. Zeynəb haman biz gördüyümüz evdə – ki, indi heç bir şey qalmayıbdı, – köhnə palaz üstə oturub, dizlərini qucaqlayıb, gözlərini dikmişdi səqfə; guya ki, pərdiləri sayır. Zeynəbin libası lap halına müvafiq gəlirdi; yəni lap mündər40 idi. Sifəti də biz gördüyümüz sifət deyil. Bu dörd ilin ərzində lap qocalıbdır.

Ziba ağlaya-ağlaya girdi içəri. Vəliqulu onun dalınca. Zeynəb cəld və hövlnak durub qaçdı qızının qabağına və əhvalatı soruşdu. Vəliqulu nağıl elədi. Ziba ağlaya-ağlaya girdi anasının qucağına. Ev qaranlıq olmaq cəhətə Zibanın burnunun qanı seçilmirdi. Vəliqulunun ancaq indi yadına düşdü ki, Ziba anasının üst-başını qana batıracaq; üzünü tutdu Zeynəbə:

– Ana, Zibanın burnu qanıyıbdı, qoyma sürtsün üstünə.

Zeynəb Zibanı qucaqlayanda gördü ki, qızının üst-başı yaşdı. Amma elə xəyal elədi ki, göz yaşıdır. Vəliqulu bir də xəbərdarlıq elədi:

– Ana, axı Ziba səni buladı qana.

Zeynəb cavab vermədi. Vəliqulu çıxdı eşiyə. Çünki axşama az qalırdı, gərək gedib malları suvara idi; yubansa Xudayar bəy mərəkə qalxızar.

Ziba anasının qucağında bir az ağlayıb yuxuladı.

POÇT QUTUSU

Noyabr ayının 12-ci günü idi. Hava çox soyuq idi. Amma hələ qar əlaməti görsənmirdi. Həkim axırıncı dəfə xanın naxoş övrətini yoluxub, cavab verdi ki, dəxi naxoşun əhvalı yaxşıdır; belə ki, bir həftəyədək səfərə çıxmaq mümkün olar. Xan çox tələsirdi İrəvana getməyə; çünki xanı orada çox vacib işlər gözləyirdi. Və bir də ki, qorxurdu qar yağa və hava dəxi də soyuya və naxoş üçün yola çıxmaq qeyri mümkün ola. Xan götürdü qələmi, irəvanlı dostu Cəfər ağaya bu məzmunda bir müxtəsər kağız yazdı:

“Əzizim! Bir həftəyədək, ümidvaram, İrəvana gəlim övrət-uşaq ilə. Artıq-artıq təvəqqe edirəm, buyurasan bizim otaqlara fərş salıb, əlbəttə-əlbəttə peçləri yandırsınlar ki, otaqların havası pişəzvəqt41 təmizlənsin və isinsin, bəlkə naxoş üçün orada narahatçılıq üz verməsin. Bu kağızın cavabını mənə teleqraf vasitəsilə yetirəsən. Sən mənə dediyin işlərin hamısını yerbəyer eləmişəm. Xudahafiz!

Sənin xeyirxahın Vəli-xan. Fi 12 noyabr”.

Xan kağızı bükdü qoydu paketə, üstünü yazıb və markasını yapışdırıb, istədi nökəri çağırsın ki, aparıb salsın poçta; amma tez xanın yadına düşdü ki, nökəri göndərib özgə işə. Bu heyndə qapı döyüldü. Xan çıxdı və gördü ki, qapını döyən xanın öz kəndlisi “İtqapan” kəndinin əhli Noruzəlidi. Bu şəxs çox vaxt xanın yanına gəlib-gedər və hər gələndə olmaz ki, undan, əriştədən, baldan, yağdan gətirməsin. Bu səfər də Noruzəli əliboş gəlməmişdi; çünki xanı görcək əl ağacını dayadı qapının bucağına və başladı qapının o biri tayını açmağa. Qapını açıb bir yüklü ulağı sürdü həyətə “çoçi-çoçi” deyə-deyə və yükün arasından üç-dörd toyuq-cücəni çığırda-çığırda yerə qoyub, yükü açıb dolu çuvalları saldı yerə və xanın üzünə baxıb ikiqat əyilib salam verdi. Xan salamı alıb dedi:

– A kişi, Noruzəli! Bu nə zəhmətdi, çəkmisən?

Noruzəli çuvalların kəndirini aça-aça cavab verdi:

– Bu nə sözdü, ay xan? Mən ölənə kimi sənə qulam…

Bu sözü deyə-deyə Noruzəli başladı üstünün tozunu silməyə… çünki günortadan bir saat keçirdi və ola bilərdi ki, poçtun vaxtı keçsin, xanın ağlına belə gəldi ki, yazdığı məktubu versin Noruzəli aparıb salsın poçta.

Xan üzünü tutdu qonağa:

– Noruzəli, poçtxananı tanıyırsan?

Noruzəli cavab verdi:

– Ay xan, mən kətdi adamam, mən nə bilirəm poçtxana nədi?

– Çox əcəb, nəçərnik divanxanasını ki tanıyırsan?

– Bəli, xan, başına dönüm, tanıyıram, niyə tanımıram. Keçən həftə mən elə gəlmişdim nəçərniyin yanına şikayətə. Xan, and olsun sənin başına, bizi katda çox incidir. Əslinə baxsan bizim bu katdamız özgə tayfadandı; odu ki, bizi görməyə gözü yoxdu. Keçən həftə mənim iki buzovum itmişdi. Getdim…

– Hələ bu sözlərini sonra deyərsən. Qulaq as, gör ne deyirəm: nəçərnik divanxanasının qabağında bir yekə dam-daş var, qapısının ağzında bir qutu vurulub divara, haman qutu poçt qutusudu. O qutunun bir xırda və uzun qapağı var. Bu saat apar bu kağızı haman qutunun qapağını qovza, kağızı sal qutunun içinə, qapağını yatırt və tez qayıt gəl!

Noruzəli hər iki əlini açdı xanın qabağına, qorxa-qorxa kağızı aldı, bir az baxdı kağıza, bir az baxdı xanın üzünə, sonra çəkildi divara səmt və yerə əyilib istədi kağızı qoysun divarın dibinə. Xan ucadan dilləndi:

– Qoyma ora! Qoyma ora! Kağız çirklənər, tez apar sal qutuya, qoy gəl!

– Xan, başına dönüm, qoy bu ulağın başına torba keçirdim; heyvandı, ac qalmasın, yoldan gəlib.

– Yox, yox… Heç ziyanı yoxdu. Kağızın vaxtı keçir. Torbanı sonra keçirdərsən ulağın başına.

– Di elədə qoy ulağın qıçını bağlayım, yoxsa gedər həyətdə ağacları gəmirər.

– Yox, yox… heç eybi yoxdu, qaç tez, kağızı sal gəl!

Noruzəli kağızı ehmal qoydu qoynuna və genə dedi:

– Xan, qadanı alım, bu xoruzlar qaldılar burda, heyvandılar, qoyaydın qıçlarını açıb, bir az dən səpəydim bulara. Elə dən də gətirmişəm.

Noruzəli əlini saldı cibindən dən çıxarsın… Xan ucadan səsləndi:

– Yox, yox!.. Qoy hələ qalsın. Qaç, çaparaq kağızı sal poçta!

Noruzəli əl ağacını götürüb, başladı uşaq kimi qaçmağı. Sonra bir zad fikirləşib qayıtdı və üzünü tutdu xana.

– Xan, qadanı alım, dəsmalın içində yumurta var, gözdə-quluqda olun, yoxsa ulağ ağnar, yumurtaları sındırar.

Xan daha ucadan səsləndi:

– Daha uzun danışma. Qaç kağızı sal; vaxtı keçir.

Noruzəli istədi uzaqlaşsın, xan onun dalıyca çığırdı:

– Noruzəli, bilməzsən kağızı verərsən özgəsinə ha!.. Heç kəsə vermə, heç kəsə göstərmə! Tez sal qutuya, qayıt gəl!

Noruzəli dəxi də ucadan cavab verdi:

– Niyə, mən uşaq deyiləm ki, kağızı özgəsinə verəm! Məni o qədər də xam bilmə. Heç nəçərnik də bu kağızı mənim əlimdən ala bilməz.

Noruzəli bu sözləri deyəndən sonra gözdən itdi… Xan girdi otağa və üzünü arvadına tutub şirin dillə dedi:

– Di hazırlaş, mənim gözümün işığı. Kağız yazdım İrəvana ki, otaqları sazlasınlar. İndi daha gedə bilərik. Maşallah yaxşısan. Həkim özü deyir ki, havanı dəyişmək səndən ötrü lap vacibdi.

Bir qədər də xan arvadı ilə getmək barəsində söhbət edəndən sonra nökəri gəldi və xana dedi:

– Xan, bu ulağ kimindi, bu şeyləri kim gətirib? – Xan cavab verdi:

– Ədə, o şeyləri yerbəyer elə! Oları bizə itqapanlı Noruzəli sovqat gətirib.

Nökər cücələri və yumurtaları apardı aşbazxanaya və ulağı sürüb qatdı töyləyə, qapısını örtdü, sonra gəlib un çuvalının birisinin ağzını açıb, içindəki undan bir çimdik götürüb, gətirdi tutdu xanın qabağına və dedi:

– Xan, yaxşı ağ undu.

Xan una baxandan sonra buyurdu nökərə küçə qapısını bağlasın və çörəyi çəkib gətirsin.

Çörəyin yeyilməyi iki saat çəkdi. Ancaq çörəkdən sonra Noruzəlinin kağızı poçta aparmağı xanın yadına düşdü. Xan nökəri çağırıb soruşdu və nökər cavab verdi ki, hələ kəndli poçtdan qayıtmayıb. Xan Noruzəlinin bu qədər yubanmağına təəccüb elədi və fikrinə gəldi ki, bəlkə Noruzəli kağızı poçta salıb özünü verdi bazara çörəkdən-zaddan alıb yesin və yainki bazarlığı-zadı var, eləsin. Bir saat da keçdi, Noruzəli gəlmədi.

Xan, nökəri çağırıb dedi ki, getsin poçta səmt və görsün harda qaldı Noruzəli və nə bais oldu ki, bu qədər yubandı. Yarım saat keçməmiş nökər qayıdıb cavab verdi ki, kəndlini görə bilmədi. Xan çıxdı balkona və bir papiros yandırıb başladı var-gəl eləməyə. Dəxi ona aşkar oldu ki, Noruzəlinin başına bir iş gəldi ki, bu qədər yubandı. Xan bu fikiirdə idi – polis yasovulu dayandı qapıya və xanı görcək dedi:

– Xan, pristav buyurur gələsiniz polsaya42 və kəntdinizə zamın olasınız. Yoxsa zamını olmasan, pristav göndərəcək navaxta43.

Xan bu sözlərə o qədər təəccüb elədi ki, üzünü yasovulun üzünə tutub mat qaldı və heç bilmədi ki, nə desin. Sonra dilləndi:

– Balam, o kətdi bir fağır adamdı, o nə qayırıb ki, pristav onu tutub saxlayıb?

Yasovul cavab verdi:

– Daha mən heç zad bilmirəm. Ancaq özün polsaya buyursan, yaxşı olar; yoxsa yazıqdı o kişi.

Xan bu əhvalatı övrətinə bildirmədi ki, narahat olmasın. Geyinib getdi polisə və əvvəl akoşkadan dustaqların damına baxıb gördü ki, yazıq Noruzəli bir neçə dustaqlar ilə oturub damın bucağında və uşaq kimi ağlayır, gözünün yaşını çuxasının ətəyi ilə silir…

Xan, Noruzəlinin əhvalatını pristavdan öyrənib və ona zamın olub kəndlisini saldı yanına və gətirdi evə. Noruzəli həyətə girən kimi başladı ağlamağa və saman torbasını ulağın başına keçirdib çömbəldi divarın dibində. Xan girdi evə və bir papiros yandırıb çıxdı balkona, Noruzəlini yanına çağırıb dedi:

– Di indi əhvalatı nağıl elə, Noruzəli! Sənin bu hekayətin çox şirin hekayətdi. Kitaba yazılmalıdı. Nağıl elə təfsilən; yəni hamısını birbəbir. Başla burada kağızı götürüb aparmağından, ta dama düşməyinə kimi…

Noruzəli durdu ayağa, xana yavıqlaşıb və çuxasının ətəyi ilə gözünün yaşını silib başladı:

– Başına dolanım xan, məni çövür balalarının başına, məni bağışla! Mənim heç bir günahım yoxdur. Bir kətdi adamam, mən nə bilirəm kağız nədi, qutu nədi, poçt nədi? Başına dönüm, xan, məni çövür o gülüzlü balalarının başına. Heç ziyanı yoxdu, həyə ölmənəm, sağ qalaram, qulluq elərəm, əvəzi çıxar, bir qələtdi eləmişəm, ta neyləmək? İşdi belə oldu. Bular hamısı Allahdandı. Gərək belə olaymış. Bağışla məni, xan. Mən ölənə kimi nökərəm sənə…

Bu sözləri deyib, Noruzəli bir az da yavıqlaşdı xana və istədi onun ayaqlarından öpsün. Xan bir az dala çəkilib dedi:

– Noruzəli! Heç ürəyini sıxma. Mən sənə nə deyirəm ki? Sən mənə nə pislik eləmisən ki, mən səni bağışlayım?

– Qurban olum sənə, bundan artıq daha nə pislik olacaq? Kağızı əlimdən verdim o kafir oğlu kafirə qoydu cibinə, çıxdı düzəldi yola, qoydu getdi.

– Kim kağızı qoydu cibinə, qoydu getdi?

– O kafir oğlu urus, dana!

– Hara qoydu getdi?

– Getdi girdi orada bir yekə dam-daş vardı ki, qapısına qutu vurulubdu, getdi girdi ora.

Xan bir qədər duruxdu.

– Bəs sən kağızı qutuya salmadın?

– Necə ki, salmadım! Elə kağızı qutuya salan kimi, kafir gəlib qutunu bilmirəm nə təhər açdı, kağızı götürdü apardı.

– Qutuda sən saldığın kağızdan başqa ta özgə kağız yox idi?

– Necə ki, yoxdu? Çox kağızlar vardı. Elə oların hamısını yığışdırıb apardı.

Xan qah-qah çəkib güldü.

– Yox, Noruzəli, gərək hamısını nağıl eliyəsən başdan axıra kimi: necə kağızı apardın, necə saldın qutuya və nə üstə urusla savaşdın.

Noruzəli başladı:

– Xan, başına dönüm, mən kağızı buradan apardım, getdim çıxdım nəçərnik divanxanasının yanına. Sən mənə nişan verdiyin dam-daşı tapdım və qutunu tapdım, getdim qutunun qapağını qaldırdım. İstədim kağızı salam qutuya; bir kağıza baxdım, bir qutuya baxdım. Doğrusu, qorxdum ki, sənin mənə qeyzin tuta. Doğrusu, bilmədim salım, salmıyım; çünki yadımdan çıxdı səndən soruşum ki, kağızı qutuya salandan sonra durum qutunun yanında, ya qoyum gəlim evə. Fikirləşdim ki, əgər kağızı salım, durum qutunun yanında havədəyədək durum. Axı qurbanın olum, xan, özün gördün ki, ulağı ac qoydum getdim, cücələri qıçı bağlı qoydum. Bir tikə un gətirmişdim, hələ indiyə kimi də qalıb burda. Xan, başına dolanım, qoy elə indi yaxşı vaxtdı, qoy nökər gəlsin bu çuvalları götürək qoyaq evə, yağış-zad yağar, un islanar.

– Yox, Noruzəli, sənin işin yoxdu… De, de sonra necə oldu?

– Kağızı salmadım. Qutunun qapağını örtdüm, çəkildim durdum bir az kənarda. Əvvəl istədim qayıdıb gəlib səndən soruşum; sonra, doğrusu, qorxdum mənə qəzəbin tuta. Doğrusu, qorxdum öz könlündə deyəsən ki, Noruzəli çox heyvan adamdı, çox eşşək adamdı. Qərəz çömbəldim divarın dibində ki, bir az yornuğumu alım. Aha, gördüm ki, bir erməni uşağı, olardı bax bu boyda, olardı on iki-on üç yaşında, gəldi, getdi düz qutunun yanına, qapağını qalxızdı və sən mənə verdiyin kağız kimi bir kağız saldı qutuya, qapağını örtdü, düz qoydu getdi işinə. Nə qədər o nainsafı çağırdım soruşum ki, desin görək bəs kağızı qutuda qoyub hara gedir, bilmirəm dilimi anlamadı, nədi ki, heç cavab vermədi; heç zalım oğlu üzümə də baxmadı. Elə erməni uşağı uzaqlaşmışdı bir urus arvadı tez-tez gəlib qutuya yavıqlaşıb, bir kağız saldı, qoydu getdi. Ta indi mən bir az ürəkləndim, ta dedim vallah görükən budu ki, elə bu qutuya salınan kağızlar gərək qalsınlar qutunun içində. Mən o qədər ürəkləndim ki, bismillah deyib, cürətnən getdim qutunun qapağını qaldırdım, kağızı saldım qutuya, çöndüm gəlim qulluğuna. Qutudan elə buradan ora kimi uzaqlaşmışdım ki, haman urus gəldi yetişdi qutunun yanına. Mən əvvəl elə bildim ki, bu da istiyir qutuya kağız salsın. Amma gördüm xeyr, lotunun fikri özgədi, qutunun yanından sağ əlini uzadıb qutunun içinə. Mən əlüstü duydum ki, hərif istəyir kağızları oğurlasın… Xan çox baş ağrısı verirəm, məni bağışla, oğlana buyur gəlsin məni yola salsın, bivaxtdı, gedib kəndə yetişə bilmənəm.

– A kişi, hələ hara qoyuram səni gedəsən. Nağıl elə görüm sonra necə oldu?

– Bəli, başına dolanım, xan, qurban olsun sənə mənim yetim-yesirim! Sənsiz mənim bir günüm olmasın!.. Bəli, gördüm ki, hərif utanmaz-utanmaz kağızları qutudan ehmallıca çıxartdı, dəstələyib vurdu qoltuğuna! Qutunun qapısını örtüb, istədi düzəlsin yola. Mən tez qaçıb yapışdım urusun qolundan, qoymadım getsin. Dedim, ay aşna, hara aparırsan kağızları? Xalq səndən ötrü kağızları bura salmayıbdı ki! Dinməz-söyləməz üzünün suyunnan xalqın kağızlarını qoy yerinə! Dedim Noruzəli hələ ölmüyübdü ki, sən onun ağasının kağızını aparasan. Belə işlər yaxşı deyil, adam özgənin malına tamah salmaz. Məgər sizin şəriətdə oğurluq günah yazılmayıbdı? Xan, məni çövür balalarının başına, məni mürəxxəs elə, qoyun gedim: bivaxtdı, hava qaranlıqlayır.

– Hələ tələsmə, gedərsən… Sonra necə oldu?

– Qoy görüm harda qaldım… Ədə, qoyma-qoyma, ulağ tənəkləri sındıracaq.

Noruzəli istədi qaçsın ulağın yanına, xan qoymadı.

– Noruzəli, getmə, hələ getmə. De görüm sonra necə oldu?

– Ta necə olacaq? Nə qədər yalvardım, yapışdım ki, mənim xanım məni öldürər. Dedim barı mənim xanımın kağızını ver; illah dedi ki, vermənəm. Gördüm ki, hərif istəyir qoya qaça. Vallah hirs vurdu təpəmə, ikiəlli yapışdım kafirin çiynindən, bunu üzü üstə elə gətirdim yerə ki, heybətdən ağzı qanadı. Sonra nəçərnik divanxanasından saldatlar tökülüb məni döyə-döyə aparıb atdılar dama. Sənin qədəmlərinə belə mən qurban olum. Sən olmasaydın məni indi çoxdan göndərmişdilər Sibirə; çünki damda məndən savayı bir neçə dustaq vardı, mənə dedilər ki, o rus qulluq adamıdı. Ta… mən neyləyim? Xan, başına dolanım, di gör günah kimdədi?

Xan çox güldü, çox qah-qah çəkib güldü.

Hava qaranlıqlaşmışdı. Noruzəli boş un çuvallarını ac ulağın üstünə salıb, ulağı qatdı qabağına və zoğal ağacı ilə döyə-döyə getdi kəndinə.

Üç gündən sonra xana İrəvandan teleqraf çıxdı ki, “kağızın yetişib və otaqlar hazırdır”. Xan yığışıb getdi İrəvana.

Ay yarımdan sonra Noruzəlini divana gətirdib “qulluqçunu bihörmət eləmək barəsində” üç ay navaxt kəsdilər; amma Noruzəli günahını boynuna almadı. Hələ üç ay da keçdi ancaq bu xəbər İrəvanda Vəlixana çatdı. Xan bir qədər fikir elədi.

KİŞMİŞ OYUNU

Qış fəsli idi. Hava şiddətli soyuq idi. Biz iki nəfər seyid, İran əhli, Araz çayından Rusiya torpağına keçib axşam vaxtı özümüzü yetirdik “Zurnalı” kəndinə. Vətəndə günümüz məşəqqət və korluqla keçirdi. Rus məmləkətinə səfər eləməyimizin səbəbi bu idi ki, buranın müsəlman əhalisindən həmişə mehribanlıq görüb əhli-əyalımıza az-çox ruzi əxz edib, vətənimizə geri qayıtmışıq. Allah razı olsun bu vilayətin müsəlmanlarından; ayda bir dəfə bunlara qonaq oluruq.

Kəndə yetişib xəbərdar olduq ki, buranın camaatı axşamlar kəndin mötəbər ağası və ağsaqqalı Bala Sultanın tövlə otağına cəm olub uzun qış gecələrini orada söhbət ilə yola verirlər. Biz üz qoyduq həmin Bala Sultanın tövlə otağına.

Tövlənin bir tərəfi mal ilə dolu və qaranlıq idi, amma digər tərəfi uca və işıq idi və burada çox cəmiyyət əyləşib söhbətə məşğul idilər. Danışanlar bizi görçək səslərini kəsdilər və cümləsi birdən ayağa durub, bizə kəmali-ehtiram ilə yuxarı başda yer göstərdilər. Biz əyləşdik. Onlar bizim əhvalımızı soruşmağa başladılar. Biz də onlardan əhvalpürsan olduq. Xülaseyi-kəlam, kəndlilər biz ilə bir mehribanə rəftar elədilər ki, guya aylar ilə bizim müntəzirimiz idilər. Kəndlilərin bu növ rəftarı, bizi nəhayət mərtəbədə dilşad etdi.

Əvvələn, biz çox ac idik. Havanın belə soyuq vaxtında nə qədər yol gəlib, yorulub, bir belə isti yer və qonaqdust sahibxanə axtarırdıq ki, bir növ rahat olaq. Saniyən, əhli-beytdən ayrı düşüb və qış mövsümü qürbət vilayətə səfər etməkdən bizim ümdə məqsədimiz bir qədər çörək pulu əlimizə gətirib tezliklə vətənə üz döndərmək idi.

“Zurnalı” kəndindəki bu tövr mehribanlıq görüb biz yəqin etdik ki, xəyalımızda tutduğumuz məbləği, həmin gecə tövləyə cəm olan Allah bəndələrindən cəm edib dəxi sair yerləri bu soyuqda gəzib dolanmağa möhtac olmarıq və piş əz vəqq evimizə qayıdıb övrət-uşağımızın könlünü şad edərik; necə ki, bizim könlümüz bu gecə burada şad oldu.

Başladıq kəndlilə ilə şirin söhbətə. Onlar bizdən İranda vaqe olan əhvalatı soruşmağa başladılar, biz onlardan bəzi əhvalat başladıq soruşmağa. Belə məlum oldu ki, keçən il bu vilayətin pambıq və arpa-buğda ziraəti44 səlamət imiş.

Bizim müqabilimizdə bir irəvanlı əyləşmişdi. Bu şəxs dəri almaq qəsdilə kəndə gəlmiş imiş. Bu minval ilə söhbət iki saat çəkdi və biz necə ki, lazım idi, isinib təam45 gözləyirdik; çünki biz məclisə varid olub əyləşən kimi sahibxana məzkur Bala Sultan nökərini göndərdi ki, xoruz öldürüb bizdən ötrü sədr düyüsündən plov bişirsinlər.

Tövlə qapısı açıldı və bizim yadımıza düşən, əlbəttə, plov oldu. Bir uca boylu oğlan, kəhildəyə-kəhildəyə – guya ki, uzun yol qaçıb, – məclisə daxil oldu. Kəndlilərin birinin yanında oturub başladı haman kəndlinin qulağına bir şey pıçıldamağa. Bir qədər keçəndən sonra, haman oğlan tövlədən kənara çıxdı.

Həmin olğan çıxıb gedəndən sonra, kəndlilər başladılar bir-birilə pıçıldaşmağa. Bala Sultan kəndlilərin bu tövr hərəkətini xoşlamayıb söylədi:

– Çox eyibdir sizdən ötrü ki, bizim belə əziz qonaqlarımızın yanında pıçıldaşırsınız. Mən bu tövr biədəbliyi sizdən əsla gözətləmirəm. Hər nə sözünüz varsa, aşkara söyləyin ki, görək nə olubdur. Mən başa düşə bilmirəm, sizin necə bir xəlvət işiniz ola bilər ki, bizdən gizləyirsiniz.

Kəndlilərin biri cavab verdi:

– Xeyr, Sultan ağa, elə bir xəlvət işimiz yoxdur. Olsa da, elə bir iş deyil ki, sizə dəxli ola.

Kəndlinin bu sözləri Sultanın xoşuna gəlmədi və Sultan bir qədər ucadan dedi:

– Gedə, sənin ağlın qaçıb, nədir?! Necə mənə dəxli yoxdur?! Sizin nə bir elə işiniz ola bilər ki, mənə dəxli ola bilməsin?

Haman kəndli cavab verdi:

– Xeyr, Sultan ağa, vallah elə bir iş yoxdur.

Kəndlilər genə başladılar bir-birinə pıçıldaşmağa. Bala Sultan bu dəfə dəxi qeyzlənib uca səslə dedi:

– Adama sözü bir dəfə deyərlər! Axmaq uşağı axmaq! Bir mənə deyin görüm ki, axı nə barədə pıçıldaşırsınız və nə bir elə iş vaqe olub?

Qabaqca cavab verən kəndli söylədi:

– Sultan ağa, səndən savayı bizim sahibimiz yoxdur və heç bir sirrimiz yoxdur ki, səndən pünhan olsun: amma doğrusu budur ki, qorxuruq, ehtiyat edirik ki, izn vermiyəsən!

Bala Sultan hirs ilə dedi:

– Necə ehtiyat edirsiniz?! Necə qorxursunuz ki, izn verməyim?! Nəyə izn istəyirsiniz?

Kəndli dedi:

– Xeyr, Sultan ağa, başınızı ağrıtmayınız! Elə bir xəlvət işimiz yoxdur. Olsa da, daha nə lazım söyləmək?! Onsuz da biz yəqin bilirik ki, izn vermiyəcəksiniz, daxı nə lazım söyləmək!

Bala Sultan o mərtəbədə hirsləndi ki, yerindən bir qədər dikəlib qeyz ilə, daha uca səslə haman kəndliyə dedi:

– Allah sizə lənət eləsin! Sizi görüm üzünüz qara olsun! Lənət olsun sizi doğub əkənlərə! Bu qədər sözü uzatmaq olmaz. Axı bir deyiniz görüm sözünüz nədir? Az məni dəli-divanə edin!

Kəndlilərin bir ayrısı üzünü Bala Sultana tutub dedi:

– Sultan ağa, bizim fikrimiz Allahdan gizli deyil, səndən niyə gizlin olsun! Amma doğrusu budur ki, qorxuruq ki, getməyimizə izn verməyəsən.

Bala Sultan alçaq səslə soruşdu:

– Hara getmək istəyirsiniz?

Kəndlilərdən bir cavab gəlmədi. Sultan dübarə soruşdu. Kəndlilərdən bir cavab çıxmadı. Sultan çox uca və qeyzli səslə dübarə soruşdu:

– Hara getmək istəyirsiniz?

Kəndlilərin birindən bu tövr cavab gəldi:

– Sultan ağa, doğrudan-doğrusu biz hamımız qorxuruq; səndən qorxuruq ki, izn vermiyəsən. Amma mən sözün əslini deyəcəyəm. Mən biləm ki, məni öldürəcəksən, – genə sözümü deyəcəm. Sözün vazehi budur ki, bu saat və bu dəqiqə poçt yolu ilə bir dəvə karvanı İrəvana 18 yük kişmiş aparır. Amma necə yeməli kişmişdir!.. Bu xəbəri bu saat Kərbəlayı Heydərəli gətirib. Deyir ki, tayın biri bir az dəlinib, kişmişdən bir qədər yola tökülmüşdü. Kərbəlayı Heydərəli oğlunun canına and içir ki, belə kişmiş, Təbrizdən, indiyə kimi bu tərəflərə gəlməyib. Sultan ağa, Allah-taala atan Hüseyn Sultanın ruhunu şad eləsin, aman günüdür, rəhmin gəlsin, biz yazığıq.

Bala Sultan təəccüblü soruşdu:

– Yaxşı, mən nə eləyim? Necə rəhmim gəlsin sizə?

Kəndli bir az durub dedi:

– Vallah, Sultan ağa, qorxuram deməyə; amma deyəcəyəm. Əgər bizə mərhəmət eləsən və izn versən, bu saat atları minib, silahlanıb, karvanın qabağını kəsərik və kişmişdən beş-on tay gətirib, burada gecələr söhbət edə-edə yeməyə məşğul olarıq; məsələn, on tay kişmiş gətirsək cəmimizə bütün qış kifayət edər. Aman günüdür, Sultan ağa, dəxi belə fürsət bir də ələ düşməz! Sultan ağa, şair bə nə yerdə deyib: “Fürsəti verməz fotə aqil, bəlkə olmaya nadan!”. Aman günüdür. Sultan ağa, bizə rəhmin gəlsin!

Bala Sultan çox təəccüblü dedi:

– Olan, nə danışırsınız! Məgər dəlisiniz?! Kişmiş taylarını çöldə tökməyiblər ki, siz gedib yığışdırıb gətirəsiniz! Ola bilməz ki, karvanın yanında gözətçi və çarvadar olmasın. Qoyarlarmı xalqın gözünün qabağında özgənin malını gətirəsiniz?!

Kəndlilərin biri Sultana belə cavab verdi:

– Nə deyib qoymazlar, Sultan ağa?! Çarvadarın hünəri nədir qoymasın?! Və bir də ki, biz iki adam, üç adam, əli boş və piyada getməyəcəyik. Yəqin ki, karvanın yanında olacaq iki, üç nəfər silahsız və piyada çarvadar; amma biz olacağıq iyirmi-iyirmibeş nəfər atlı və silahlı. Bizim qabağımızda iki-üç çarıqlı dəvəçi nə danışa biləcək? Heç göz açmağa fürsət vermərik. Sultan ağa, bizi o qədər də yava və aciz hesab etmə.

– A gədə, Allahı sevirsiniz bu fikirdən düşün! Olan, vallah, sizdən qan qoxusu gəlir. Balam, mən saqqalımın bu ağ vaxtında necə sizə izn verim ki, gedib quldurluq edəsiniz! Qardaşlarım, vallah, bu işlərin faydası yoxdur, gəlin bu daşı ətəyinizdən tökün! Xatadır, cahılsız, gedərsiniz, bir söz siz deyərsiniz, bir söz onlar deyər, sözünüz çəp gələr, gözü qanlısınız, əlinizdən xata çıxar. Ondan sonra gəl polisəyə cavab ver!

Kəndlilərdən biri:

– Sultan ağa, haqq fərmayiş edirsiniz, belə işdə xata da ola bilər olsun, qan da tökülə bilər; çünki çarıqlı dəvəçi bizim kimi igidlərin qabağında ağzını açıb danışsa, lazımdır ki, onun ağzını məhz güllə ilə yummaq. Amma siz nahaq yerə bolusadan ehtiyat edirsiniz. Biz elə yerdə yatmarıq ki, altımıza su çıxsın. Əgər əlimizdən xata da çıxsa, biz elə eləmənik ki, bir yad adam bizim işimizdən xəbərdar olsun. Sultan ağa, gərək sənə yaxşı məlum ola ki, belə işlər bizim peşəmizdir. Daha biz xam deyilik. Bizim bu cür işlərə getməyimiz əvvəlinci dəfə deyilki, bolusa bizim işimizdən xəbərdar olsun və axırda bizə əziyyət eləsin. Sənin başına and olsun. Sultan ağa, bir nəfəs də bizim işimizi duymaz.

Bir qədər fikir edəndən sonra Bala Sultan söylədi:

– Orasını doğru deyirsiniz: mən bilirəm ki, xam deyilsiniz; amma vallah doğrusu, genə qorxuram. Yer qulaqlıdır, dünya-aləm şeytan ilə doludur. Uşaqlar, ehtiyatlı olun!

Kəndlilərin cavanlarından on-on beşi sevincək durdular ayağa və “Allah sənə ömür versin, Sultan ağa!” – deyə-deyə eşiyə çıxdılar.

Kəndlilərin bir neçəsi çıxdı eşiyə və bir neçəsi oturduğumuz tövlədə olan atlardan bir neçəsini yəhərləyib çəkdilər kənara. Bir qədər keçəndən sonra eşiyə çıxan kəndlilər və bunlardan başqa dəxi bir neçəsi gəldilər otağa; cümləsi əsbab və əsləhəli46: kiminin belində qəmə, kiminin əlində tüfəng – hamısı qıvraq geyinmiş…

İyirmi-iyirmi beş nəfər igid hərəsi bir at eşiyə çəkib, çaparaq mindilər və qayıb oldular.

Biz hər ikimiz çox dilxor olduq. Əvvələn, bizə yəqin oldu ki, biz xam xəyal eləyirmiş idik; çünki dəxi gördük ki, bu tövr müsəlmanlardan heç bir ianə və ehsan gözləmək olmaz. İkinci budur ki, kəndlilərin quldurluğa getməklərindən biz başladıq iztiraba düşməyə: kim nə bilsin, bunların bu tövr rəftarından bizə nə qədər dərdi-sər və bədbəxtlik gələ bilər.

Bu qism xəyalata məşğul idim, Bala Sultan mənim təğyiri-əhvalımı duyub üzünü tutdu mənə və dedi:

– Ağalar, vallahi, billahi zəmanə xarab olub! Böyüklərin, ağsaqqalların sözlərini çürük qəpiyə alan yoxdur. Ha deyirsən: “Balam, oturun yerinizdə, bu cür işlərdən qan qoxusu gəlir, belə işlərə iqdam edən – həmişə Allah yanında günahkar və bəndənin yanında xəcalətli olur”, amma nə fayda, sən deyirsən, – sən eşidirsən.

Yoldaşım, Bala Sultanın cavabında dedi:

– Sultan ağa, cənabınız nəhaq yerə zəmanədən giley edirsiniz. Mən elə başa düşürəm ki, əgər sizdən izn olmasaydı, cahillər kişmiş dalınca getməzdilər.

Bizim ikimizdən və Bala Sultandan savayı tövlə otağında bir qoca kişi dəxi var idi. Yoldaşım axırıncı sözlərini deyib qurtarandan sonra, həmin qoca kişi bir öskürüb çubuğunu yerə boşaldıb və heç birimizin üzünə baxmayıb, başını bulaya-bulaya guya ki, öz-özünə dedi:

– Xeyr, ağalar, belə deyil! Bizim cahıllar, siz görən cahıllardan deyillər. Allah bunlara lənət eləsin. Bunlar kimi qudurğan və bihəya millət tamam yer üzündə nişan verən yoxdu. Bunlar bildiklərini heç atalarına da verməzlər. Siz nahaq yerə elə xəyal eləyirsiniz ki, Sultan ağanın izni olmasaydı, onlar quldurluğa getməzdilər. Sultan ağa izn verməsəydi də gedəcəkdilər. Allah onlara lənət eləsin, onlar sözə baxan deyillər.

Bu heyndə uzaqdan bir güllə səsi gəldi. Biz hər ikimiz dik atıldıq və çox qorxduq. Bala Sultan da zahirən narahat olub, başını yuxarı qaldırıb başladı qulaq verməyə. Amma qoca kişi əhvalına təğyir verməyib, çubuğunu tütün ilə doldurub başladı yandırmağa. Mən elə güman elədim ki, onun qulağı eşitməz; amma mən səhv edirmişəm. Qoca kişi başını bulaya-bulaya və yerə baxa-baxa guya öz-özünə dedi:

– Allah görüm sizi yox eləsin, toxumunuz yer üzündən tükənsin! Bir tikə qurğuşun ilə görəsən hansı biçarənin balalarını ağlar qoydular?!

Bir qədər keçəndən sonra, iki tüfəng açıldı. Mən qorxudan başladım titrəməyə. Yoldaşım başını mənə tərəf əyib alçaq səslə qorxa-qorxa soruşdu:

– Seyid Hüseyn, başımıza nə çarə qılaq? Bu nə iş idi biz düşdük?

Mən mat-mat o yazığın üzünə baxıb bilmədim nə cavab verim.

Bir az keçəndən sonra, uzaqda at tappıltısının səsi gəldi. Bir qədər də keçdi, genə uzaqdan güllə atıldı. Ondan sonra beş-altı kərə bir-birinin dalınca tüfəng səsi gəldi. Bir azdan sonra at tappıltısı şiddət edib gəldikcə yavıqlaşdı. Tövlənin qapısı açıldı və cahıllar kəhildəyə-kəhildəyə atları tövləyə çəkib, kişmiş taylarını sürüyüb saldılar tövlənin bucağına. Bala Sultan ayağa durub üzünü tutdu kəndlilərə:

– Afərin, afərin, balalarım! Allah birinizi min eləsin! Sizsiz mənim bir günüm olmasın!

Kəndlilərdən bir cavab çıxmadı. Bala Sultan cahılların birinə üzünü tutub dedi:

– Cəfərəli, niyə dinmirsən? Fikirli adama oxşayırsan?! Yoxsa əlinizdən bir xəta çıxıb?

Cəfərdən bir cavab gəlmədi. Bu heyndə genə at tappıltısı gəldi. Tövlənin qapısı açıldı və bir neçə cahıl başladılar tövləyə bir şey sürüməyə. Biz elə bildik ki, bu da kişmiş tayıdır; amma səhv edirdik. Cahıllar içəri sürüdükləri, qana bulanmış adam ölüsü idi.

Bala Sultan irəli yeriyib və ölünün paltarına və sifətinə diqqət ilə baxandan sonra, pərişanhal olub dedi:

– Allah sizin evinizi yıxsın! Bu fəqir dəvəçinin günahı nə idi ki, bunu öldürüb, əhli-əyalını gözü yolda qoydunuz?!

Heç kimdən bir səs çıxmadı. Bala Sultan ölünü görən kimi hər iki əlini dizlərinə vura-vura dedi:

– Vay, vay, vay! Allah sizə lənət eləsin! Durmayın, durmayın! Götürün beli, qazmanı, köməkləşin, tez tövlənin bucağında bir dərin quyu qazın, cəmdəyi (nəşi) salaq quyuya, üstünü peyin və axbun ilə örtək. Tez-tez! Daha durmayın! Durmaq vaxtı deyil! Vay, vay!

Cahıllar Bala Sultana bir cavab verməyib durduqları yerdən hərəkət eləməyib başları aşağı, baxırdılar kimi ölüyə, kimi yerə.

Bala Sultan genə təkid ilə dedi:

– Niyə durursunuz? Nə fikir eləyirsiniz? Dəxi indi fikir eləmək fayda verməz. İndi durmaq vaxtı deyil! Gedin tez quyu qazın!

Cahıllar bir cavab verməyib, durduqları yerdən hərəkət eləmədilər. Bala Sultan onların üstə hirs ilə çığırdı:

– Məgər qulaqlarınız kardır? (sağırdır?). Adama neçə dəfə sözü deyərlər? Mən əvvəl sizə dedim ki, bəd əməlin dalınca getməyin; xatadır, adam başağrısı çəkər. Sözümə qulaq verməyib getdiniz və üç-dörd tay kişmişdən ötrü adam öldürdünüz. İndi bunların hamısı keçib, barı öz zibilinizi özünüz təmizləyin!

Cahılların biri, hər iki əlini qəməsinin dəstəsinin üstə qoyub, döşünü bir qədər dalı çəkib, gözlərini axıda-axıda üzünü Sultana tutub dedi:

– Sultan ağa, ölünü tövlənin bucağında gizlətmək çox asan işdir: götürərəm qazmanı, bir dəqiqənin içində bir dərin quyu qazaram, cəmdəyi xakriz edərəm. Burada bir çətin iş yoxdur. Amma bununla canımız qurtarmayacaq. Necə dərin quyuda ölünü gizlətsək, genə axırda gəlib çıxardacaqlar və bizim hamımızı katrojniyə göndərəcəklər.

Bu kəndli sözünü qurtaran kimi yoldaşları bir səslə bu sözü təsdiq eləyib dedilər:

– Doğru deyir, Kərbəlayı Məhəmməd doğru deyir. Bizim hamımızı Sibirə göndərəcəklər.

Bala Sultan təəccüb ilə soruşdu:

– Olan, yoxsa sizi görən olub?

Kərbəlayı Məhəmməd cavab verdi:

– Sənin başına and olsun, Sultan ağa, bizi bir əhəd47 də görməyib. Karvanın yanında məhz üç nəfər dəvəçi idi. İkisini karvanın yanında öldürdük. Bu yazıq da bizim dalımızca qaça-qaça gəldi kəndin yavığına ki, bəlkə kişmiş taylarını bizdən saldıra; bunu da öldürdük və bədənini gətirdik buraya ki, bizim kəndin kənarında nişanə qalmasın.

40.Cır-cındır, köhnə
41.Qabaqcadan
42.“Polis” sözünün təhrif olunmuş tələffüzüdür
43.Qazamata, həbsə
44.Əkini
45.Xörək, yemək
46.Silahlı, yaraqlı
47.nəfər
Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
18 ekim 2022
ISBN:
978-9952-8252-1-3
Telif hakkı:
JekaPrint
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre