Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Günəşi gözləyənlər», sayfa 3

Yazı tipi:

İşim qırmızı kərpicləri taxta yeşiyə doldurub, çarxla beşinci mərtəbəyə qaldırmaq idi. Nolsun yoğun kəndir əlimə yatırdı, üzü yuxarı güc vurmaq hər adamın hünəri deyildi. Beş yüzdən artıq kərpicin öhdəsindən təkbaşına gəlsəm də, mitilim çıxmışdı; ayaq əzələlərim sızıldayır, əlimin içi göynəyirdi, sabaha yüz faiz qabar bağlayacaqdı. Fəhlələrin birindən siqaret alıb kötüyünəcən sümürdüm. Köhnə kisələrin altında gizlətdikləri termosdan çay süzüb içdim. Yaxantı çayın tilifi stəkanın yarısınacan qalxmışdı. İçində qarışqa ölüsü “üzürdü”, üstə gəl, buz kimi soyuq! Bu da sizə gözəl həyat!!!

Zırrama tələbə yoldaşım üstümüzdə dayanan briqadirə məni göstərib, nə isə tapşırdı. Yəqin pul məsələsiydi. Saata baxdım, əla, bir az da işləmək olardı. Vaxtın belə gec getdiyinə sevindim. Sevindim deyəndə ki, bu hissi yaşamaq mənim hansı günümə yaraşırdı?!

Nahara pul yığanda, mənim adımı çəkmədilər. Yeddi nəfərə bir kilo kolbasa, üç zavod çörəyi alıb, günortamızı birtəhər yola verdik. Mədəm bayram elədi, səhər tezdən qarnımın qur-qur qurultusunu kəsə bilmirdim, sancı bağırsaqlarımı doğrayırdı.

Bu vaxt iri əmcəklərini sallaya-sallaya üstümə gələn qancıq iti görəndə, ürəyimdən keçdi ki, təpəsinə kubik parçası çırpıb dünyanı gözündə qaraldım. Yanında balaları vardı, ürəyim mərhəmət hissilə dolub daşmağa başladı. Elə şirin, alabəzək küçüklərdi ki… Balaca quyruqlarını düyünləyib oynaşa-oynaşa üstümə cumdular. Əlbəttə, ac idilər. Kolbasa qalıqlarını, çörək qırıntılarını hamar yerə töküb, sevinclərindən zingildəşə-zingildəşə oynamaqlarına tamaşa eləyəndə, yuxarı mərtəbələrin hansındansa zabitəli kişi səsi eşitdim. Yəni itə tamaşa etməyə gəlməmisən, düdük!

Canıma cəfa qatıb işlədiyimi görəndə, razı qaldılar. Düzünü danışsaq, hünərləri nə idi narazılıq etsinlər? Müdir gedən kimi ortalığa yekə bir stol qoyub domino oynamağa girişdilər. Mən heç əsgərlikdə belə vəziyyətə düşməmişdim. Onlar deyib-gülüb mırt vuranda, mən qədim Romanın qara qulları sayaq zülm ayaqlayırdım.

Əvvəlcə, otuz kisə sementi birinci mərtəbədən ikinciyə qaldırdım, sonra palçıq qarışdırıb dəyyus ustanın ayağa qalxmasını gözlədim. Yetim quzu gö…nə oxşayan qurumuş dalını stuldan qaldırmayacağını görüb, səsimi başıma atdım. Bu dəfə sement palçığını vedrəyə doldurub, yenə çarxla üçüncü mərtəbəyə qaldırmaq lazım idi. Bir vedrə, beş vedrə, on beş vedrə… Axırda nə oldu?! Zəhrimar oldu! İpi beş metr yuxarı dartmamışdım ki, andır vedrə qulpundan qırıldı və içindəki palçıq bərkiməmiş mal təzəyi kimi başıma töküldü, dalınca, vedrənin özü baş barmağımın üstünə düşüb dırnağımı qopardı. Aman Allah!!! Ağrıdan az qala ürəyim getmişdi. Yerə çöküb çığırdım, bağırdım, bircə eşşək kimi anqırmağım qalmışdı, elə bil, ətimi kəsirdilər. Üzümü birtəhər yuyub gözümü açdım. Dırnağımın yeri əvvəl qızardı, sonra hiss elədim ki, yaranın yeri soyuduqca küt ağrılar başlayır. Fəhlələr xalaxətrin qalmasın canıyananlıq eləsələr də, mənim sabah işə çıxmayacağıma açıq-aşkar sevinirdilər. Qurumsaqlar!!! Ağrıdan qıvrılanda, bu tərbiyəsiz və nadan məxluqların qanacaqları çatmırdı ki, heç olmasa, Allahın təsəllisini verib ürək-dirəklə başlarından cəhənnəm eləsinlər.

…hardasa uzaqlardan başlayan qulaqbatırıcı uğultu getdikcə sakitləşib maşınların siqnal səslərinə qarışdı; sonra mənim beynimi silkələyib bütün bədənimi qıc elədi. Ağaca söykənib başımı qaldırdım. Yarpaqların arasında gizlənən bülbül yanıqlı-yanıqlı nəsə oxuyurdu. Var gücümlə – səsim çatan qədər qışqırıb onun məlahətli səsini batırmaq istəyi keçdi ürəyimdən. İstəyirdim, yanımdan ötənlər bir anlıq ayaq saxlayıb mənim halıma acısınlar, yetim olduğumu biləndə ürəkləri bişsin, başlarını təəssüflə yellədib addımlarını yeyinlətsinlər. Hamının məndən üz döndərdiyini görəndə, anası ölən tifil kimi əlimin dalıyla gözümün suyunu qurudub, kimsəsizlikdən it kimi ulayım, it kimi…

Ovcumun içində sıxdığım 20 manatı cibimə dürtüb, topal ayağımı sürüyə-sürüyə Alatavanın yoxsul daxmalarına sarı gedirdim. O daxmalara sarı ki, sığındığım xaraba onlara bitişikdi. O xaraba ki, divarları sapsarı, döşəməsi taxtabiti yuvası.

Yolüstü aptekə dönüb zarıya-zarıya dərman istədim. Qız üzümdəki məzlumluğu görər-görməz əlindəki işini yarımçıq qoyub vitrinin o tayından ayağıma sarı boylandı. Bu vaxta qədər aptekdə işim olmasa da, hər gün sülənə-sülənə bu həndəvərdə veyillənirdim. Onu haçansa buralarda gördüyümü xatırlamıram. Bəlkə Tibb İnstitutunun tələbəsiydi, kim nə bilir?! İşin nə yerdə olduğunu deyəndə spirt, pambıq, bint, plastr və adını unutduğum iki mazı sellofan torbaya yığıb həvəslə istifadə qaydasını izah eləməyə başladı. Elə mehriban, qayğıkeş qız idi, az qalırdı ürəyimi çıxarıb ona hədiyyə edəm. Mənə təsəlli verib yaramın qorxulu olmadığına inandırmağa çalışdı. Ağ xalatı ona necə gözəl yaraşırdı. Qapqara gözləri Əqrəbi xatırlatdı mənə. Acığı tutmasaydı, bircə dəfə kömürgözlüm deyib, isti-ilıq sözlərlə oxşayardım onu. Quran haqqı, bu qız hansı kişinin qadını olsaydı, o, cənnəti evinin divarları arasında yaşayardı.

Əzik-üzük iyirmiliyi cibimdən çıxarıb vitrinin üstünə qoydum. Qız kassa aparatının siyirməsindən götürdüyü aromatlı salfeti qalıq pulla bərabər mənə uzatdı. Bilirdim, başıma tökülən sement palçığını təmiz yumamışdım, ona görə qayğıma qalırdı. Bədənimə hərarət gəldi, utanıb yerin təkinə girmək istədim. Qızın yanında qulaq təmizləmək qanacaqsızlıq olardı. Birtəhər gülümsəyib ürəkdən təşəkkür elədim. Axır zamanlar bu qədər fərəhləndiyimi xatırlamırdım.

Demişdim axı, pişiyin ölməyinin xata-balası olmalıydı. Arxa qapıdan otağa girmək istəyəndə, qonşunun uşağını zibil qabına söykənib ağlayan gördüm. İstədim yaxınlaşıb başını sığallayam ki, ona mütləq pişik tapıb gətirəcəm. Acıqlı-acıqlı məni süzüb nə isə demək istəyəndə, hıçqırtısı imkan vermədi.

– Niyə ağlayırsan? Vallah, mənim günahım yoxdu.

– Mən ona hər gün çörək verirdim, anamın xəbəri olmayanda, ətimin yarısını sür-sümüyə qarışdırıb yedizdirirdim. Sən pis adamsan, çıx get bizim yanımızdan, çıx get! – Uşaq tir-tir əsirdi.

– Onun əvəzinə balacasını alacam sənə, istəsən küçük də gətirərəm.

– Bə onu niyə öldürdün ki?

– Mən öldürməmişəm, Allah haqqı, maşının altında qalıb.

– Səhər butulka ilə vuranda gördün necə ağladı?

– Mən pişiyi vurmaq istəmirdim, – yalan danışmaqdan başqa əlacım yox idi. – Butulkanı uzaqdan atdım ki, zibil vedrəsinə düşsün.

– Atanın canına and iç inanım.

– Mənim atam yoxdur, ölüb, başa düşürsən, ölüb, onun canına necə and içə bilərəm?!

Ayağımın ağrısı artırdı. Uşaq da tutduğunu buraxmırdı. Bircə bundan yaxamı qurtara bilsəydim.

– Mənə balaca küçük gətirərsən?

– Hə, gətirərəm. Özü də lap qəşəngindən…

– Sabah istəyirəm. Gətirməsən, polisə deyəcəm səni tutsun. Bu gün gəlmişdi.

Vayy, ürəyim!!!

– Kim?! – Udqundum.

– Polis də. Bizim evə baxdı. Firəngiz xala dedi ki, səhər gəlib səni soruşub.

Vəssalam! Qanım it qanına döndü. Başımı bir təhər otağa soxub qapını arxamca kilidlədim. Elə bilirdim, polis bu dəqiqə içəri girib əlimi-qolumu bağlayacaq.

Aptekçi qızın tapşırdığı kimi: ayağımı isti suyla yuyub yaxşı-yaxşı qurulayandan sonra mazı çəkib plastrla sarıdım. Heç onca dəqiqə keçmədi ağrısı çəkildi, sevincimdən polisin xofu canımdan çıxmışdı. Ohoo, stolun üstündə çörək var. Qəzeti açan kimi ətiri burnuma vurdu. Təndir çörəyi yeməyim yadıma gəlmirdi. Alatava Bakının mərkəzindəki məhəllələrdən yeganəsiydi ki, burda arvadlar təndir yandırmağa ərinmirdilər. Bir də görürdün, dörd-beş yerdə təndir tüstüləyir.

Çörəyi burnuma yaxınlaşdırıb sinədolusu ətrini aldım. Bir parça kəsib dişimə çəkəndə ürəyim motal pendiri istədi. Heç olmasa yavanlıq edərdim. İstəməyə nə verirlər? Əsgərlikdə olanda bir komandirimiz vardı, ona filan şey istəyirəm deyəndə, gülürdü ki, “mənim də ürəyimdən Sibel Canla yatmaq keçir, nolsun?”.

Firəngiz xalanın səsini eşidən kimi yorğan-döşəyə girib zarıdım. Yazıq arvad, gözü ayağıma sataşanda içini çəkdi. Bəhanə uydurmağın ustası deyiləm? Guya barmağımın üstündən maşın keçib. Avamlıqda tayı- bərabəri olmayan Firəngiz xala başını yellədib təəssüflə halıma acıdı. Kaş görəydiniz necə “can-can” – deyib, ürək yandırır. Ayağının altında ölüm, Firəngiz xala!

– Üzeyir, səndən bir söz soruşum, amma düzünü de.

Bilirdim nə soruşacaq.

– Əlbəttə, Firəngiz xala, mən ölsəm də sizə yalan demərəm.

Ay naqqal əbləh!!!

– Allah eləməsin, başına dönüm, elə danışma. Düzünü de, gizlin bir iş tutmamısan ki? Elə belə soruşuram e, ürəyinə başqa şey gəlməsin. Heç nədən qorxub eləmə.

– Mən nə iş tuta bilərəm, Firəngiz xala?! Səhər iş axtarmağa gedib, axşam gəlirəm.

– Polis yenə gəlmişdi.

– Siz narahat olmayın, qoy gəlsin. Mən heç kimdən qorxmuram. O kiminləsə məni səhv salıb.

– Səhər gələndə niyə çıxıb demədin ki, məni kiminləsə səhv salırsan? – Ay səni, Firəngiz xala!

– Mənim heç nədən xəbərim olmayıb. Həm də yuxuluydum deyə, onun qabağına çıxa bilmədim.

– Deməyim odur, başına bir iş gəlməsin. Qərib uşaqsan, heç olmasa başını dolandır.

– Firəngiz xala, siz heç nədən narahat olmayın. Vallah, düz sözümdür. O kiminləsə məni səhv salıb.

Arvadın başını necə piylədimsə, ruhu da incimədi. Başmaqlarını ardınca sürüyüb evinə getdi.

Deyəsən, uçurumun bir addımlığına lap az qalıb. Getməyə yerim olsaydı, baş götürüb qaçardım. Əlbəttə, bu axşamkı qəhbənin işləriydi. Onu ələ keçirib küçük kimi zingildədə bilsəydim, dərdim olmazdı. Öz aramızda qalsın, kişi kimi danışsaq, əlbəttə, səhv idim. Qəhbənin dərdini çəkmək mənə qalmışdı? Boynuma alıram, sadəcə əclaflıq eləmişdim, vəssalam! Hətta, səhv etdiyimi bilsəm də, bu mənim ürəyimdəki qisas hissini söndürə bilməzdi. Nəsə fikirləşmək lazım idi.

Xoşbəxtlikdən barmağımın ağrısı tamam çəkildi. Dabanım üstə yeriyib birtəhər gəzə bilərdim. Əqrəbin görüşünə onsuz da gecikmişdim. Zəng eləməyə də həvəs yox! Belə vaxtlarda Əqrəbə yaman acığım tutur. Marağında deyil, ölmüşəm, sağam. Görən, Əqrəbin dediyi adam kim idi? Bəlkə keçmiş əridir? Canımı vahimə basdı.

Axşam düşürdü. Topal ayağımı sürüyə-sürüyə birtəhər dayanacağa gəldim. “94”-ü uzaqdan görəndə əl elədim, bəxtimə səhərki sürücü çıxdı. Mənim ağzımı-üzümü yağlayanı deyirəm. Əvvəl istədim qaçıb gizlənəm, sonra fikrimdən daşındım. Məni hardan tanıyacaqdı? Onsuz da bir deyil, iki deyil, Bakı doluydu mənim kimi tüfeyli adamlarla. “20 Yanvar” metrosuna çathaçatda 20 qəpiyi xüsusi zövqlə pul yeşiyinə diyirlədib avtobusdan əkildim. 5 manata “made in Balakhanı” şalvarı alıb qoltuğuma vurdum. Çox axmaq şalvar idi: parçası ucuz, tikilişi zay! Bəxtimdən cibləri də dayaz çıxdı. Heç olmasa əlimi cibimə dürtüb, küçələrdə səfeh-səfeh veyillənib iş axtarardım.

Qapıdan girəndə gözüm qonşunun həyətinə sataşdı. Şalvar hələ də ipin üstündəydi. Nə yaxşı, onu əkişdirmək fikrini başımdan çıxara bildim. Yoxsa, biabırçılıq olacaqdı.

Tələbə vaxtı əlimə qəpik-quruş düşdükcə aldığım kitablara baxanda ürəyim ağrıyırdı. Demək olar, hamısını oxumuşdum. İndi oturub bir-bir eşələsəydim, hərəsinin içindən bir xatirə çıxacaqdı. Məsələn, Əqrəbin vaxtilə mənə yazdığı dərs cədvəli, bir bəndlik şeir, yasəmən çiçəyinin qurusu, portağal qabığı, fəlsəfi aforizmlər… Dərs xoşuma gəlməyəndə kitabların arxa səhifəsinə ağlıma gələni qaralayırdım. O vaxtlar söz tapmaqda çətinlik çəkmirdim, başım yeni ideyalarla dolub-daşırdı. Əsgərlikdən gələndə balaca bir kağız keçdi əlimə. Görün nə yazmışdım: “Müəllimədən heç xoşum gəlmədi. İt tutmuş ördək balasına oxşayır”. Harda axmaq-axmaq işlər var idi, mənim adım orda mütləq olmalıydı. İndi fikirləşirəm ki, bəlkə belə şeylərə görə kitabların da mənə bir xeyri dəymədi. Bu qədər oxuyub adam olmamaq, sadəcə, mümkün deyildi. Burda çərxi – fələyin barmağı var idi. Özü də baş barmağı, yoğunu…

Ərinməsəydim, ürəyim istəyərdi ki, kitabların içinə baş vuram, eşənək atam, söküb tökəm, hərəsindən bir-iki cümlə oxuyub vızıldadam küncə ki, sizdən də haray olmadı, məni adam edib adamlar içinə çıxara bilmədiniz. Ürəyimdən polis xofunu çıxara bilsəydim, kitablarımla baş-başa qalıb on-on beş dəqiqəlik xoşbəxt ola bilərdim. Hələlik dırnağımın yeri ağrımırdı. Bir azdan mənə toy tutacaqdı.

Əlimə keçən birinci kitab kolxozda işləyən zəhmətkeş traktorçulardan bəhs edirdi. Yazıçı guya o vaxtkı insanların mənəvi saflığından, əməksevərliyindən-zaddan goplamışdı. Axmaq şeyə çox vaxt sərf eləməyə dəymir. Vızıldatdım qapının ağzına ki, yadıma düşəndə Firəngiz xalaya verim, təndir yandırsın. Havayı çörək yemək yaxşı düşmürdü. Mən də əvəzini qaytarmalıydım, ya yox? Adamın abırı olar axı…

İkinci kitabın arasından əlimə yazılı bir kağız keçdi. Əqrəbin xəttiydi. Tələbəliyimin gözəl günlərində yanaşı oturardıq. Tez-tez kağıza sual yazıb məndən cavab istəyirdi. Oxuyanda bir təhər oldum, ağlıma pis-pis şeylər gəldi.

“Sən ruha inanırsan?”

“İnanıram, bu hardan ağlına gəldi?”

“Deyirlər, ruh ölmür, göylərə çəkilir. Düzdür?”

“Əlbəttə, düzdür. Hər kəsin ruhu, qiyamət günü bu dünyadakı əməllərinə görə cavab verəcək”.

“Bəlkə, ölən adamın ruhu başqasına keçdi, yəni, ikinci bir adam onun ruhunu öz bədənində daşıdı. Onda necə?”

“Belə şeyə inanmıram. Axmaq şeydir, ağlından çıxar getsin”.

“Sən inanmırsan, amma mən uşaq olanda nənəm danışırdı ki, bacısı günahkar ruh daşıyıcısı olub. Gecələr yata bilmir, qışqırıb, evi bir-birinə vurur, əlinə nə keçdi – qab-qaşıq, stəkan-nəlbəki, hamısını sındırıb tökürmüş. Hərdən yalvarırmış ki, qoymayın mənə əzab versin. Heç kim heç nə başa düşmürmüş, hara aparıblar ümidləri boşa çıxıb. Axırda bir seyid deyib ki, bu qız bədənində yad adamın ruhunu gəzdirir. Kimdirsə, bu dünyada böyük günah işlədib, heç kəs xəbər tutmayıb”.

“Kimin ruhunun daşıyıcısı olub?”

“Uzun söhbətdir. Tənəffüsdə yadıma sal, danışım”.

O vaxt Əqrəbin bu “ruhnamə”sini oxuyanda, tüklərim biz-biz olmuşdu. Bədənimdə üşütmə hiss etmişdim, həyəcanımı keçirtmək üçün başımı aşağı salıb öz-özümə gülmüşdüm. Sonra onun əlinə toxunub yüngülvari sıxmışdım ki, elə bu dəqiqə danışsın. Sən demə, qız doğma xalasının günahkar ruhunun daşıyıcısıymış.

– Onun ruhu niyə günahkar olub? – Soruşmuşdum.

– Şikəst uşaq doğubmuş. Bir yaşına qədər böyüdəndən sonra istəməyib. Boğub öldürüb. Hamı elə bilib, uşaq öz əcəli ilə gedib. Nənəmin dilindən eşitmişdim, bu hal bir də təkrarlanmalıdır. Yəni ruh qurban istəyəcək.

– Ay qız, məni dəli eləmə. Harda əcaib-qəraib şeylər var, səndən çıxır.

O vaxtlar Əqrəblə ərklə danışmağım da var idi. Əzik-üzük dəftər vərəqi məndə o qədər maraq yaratdı ki, elə bu dəqiqə durub yanına getmək istədim. Nədənsə, telefonuna zəng çatmırdı. Təkrar-təkrar yığdım, xəttin o başındakı qız dediyindən dönmürdü: “Bu nömrəyə zəng çatmır. Telefon ya söndürülüb ya da əhatə dairəsi xaricindədir…”

Vəssalam, marağımdan öldüyüm vaxt elə bunun yeri əskikdi. Bilmək istəyirdim həmin qızın axırı necə olub? Bəlkə, o vaxt Əqrəb bunu mənə yerli-yataqlı danışmışdı, yadımda deyil, amma hər halda, üstündən illər keçmişdi. Mənim yaddaşsızlığım həmişə başıma bəla olub.

Barmağımın keyi yavaş-yavaş açılırdı. Bir azdan ağrıdan divara dırmaşacaqdım. Bəri başdan işimi ehtiyatlı tutdum: binti ehmalca açıb uzun-uzadı dırnağıma tamaşa elədim. Otağımdan on iki addım aralıdakı (ərinməyib saymışdım) zibil yeşiklərindən qıcqırmış kartof iyi gəlirdi. Yəqin külək şimaldan vururdu. Birdən ağlıma gəldi ki, bu dəqiqə polis başımın üstünü alıb göz açmağıma imkan vermir və altı padoş tuflisinin pəncəsini topal barmağımın üstünə basıb deyir ki, xoş gördük, dostum! Lap kinolardakı kimi – əvvəlcə onun ayaqqabılarını görürəm, sonra ortası qırmızı xətli şalvarını; daha sonra qorxa-qorxa başımı qaldırıb gözlərimi bərəldirəm, üzümdə yazıq ifadə, yalvarıram. Birdən külək əsir və otağımın qapısı təəssüflə yellədilən əl kimi sağa-sola yırğalanır. Səhnənin təsir gücünü artırmaq üçün arxa fonda şimşək çaxır, görünüb-itən kölgələr otağımda sürünür. Fortepianonun yuxarı registrində dəhşət saçan major etüd ifa olunur… və mən məhv oluram.

Tüklərim biz-biz oldu, belə axmaq fikirləri başımdan çıxarıb topalımın hayına qaldım. Keçi balasına oxşayan tələbə yoldaşım yadıma düşdü. Görəsən, ona nə danışıblar? Məsələn, deyiblər, əli işə yatmırdı, bacarıqsızın təkidi. Bəlkə pişik başı bəzəyiblər ki, hara gəldi dürtülür, burnu girməyən yerə başını soxurdu. Bundan sonra ora getməyin nə mənası? Heyvərə tanışım sifətini turşudub məni başından rədd edəcəkdi.

Kitabların içində əzik-üzük olmuş “Vest” qutusu gözümə dəyəndə, ürəyim siqaret istədi. Ohoo, içində 3 dənəsi vardı. Birini barmaqlarımın arasında yumrulayıb yandırdım. “Vest”i tüstülədə-tüstülədə təzə şalvarımı əynimə keçirib güzgünün qabağında özümə baxdım. Məni el arasında rüsvay edən andır şalvarımı qoltuğuma vurub barmağımın ağrısının kəsməyini gözlədim ki, evdən çıxım. Saat on ikinin yarısıydı, arxa qapıdan sivişib zibil yeşiklərinin yanından keçəndə, onlara sarı boylandım, içinə bir kisə çürümüş kartof əndərmişdilər. Ağıllı adamlar kimi başımı yellədib uzaqlaşmaq istəyəndə, arxadan səs eşitdim:

– Mənə küçük gətirməyə gedirsən?

Uşaq pəncərənin ağzına dırmaşıb, şüşənin sınıq yerindən boylanırdı. Alabəzək tumuş geymişdi, bir əli ilə lülüşünü oynadırdı.

– Sabah mütləq gətirəcəm. Sən yat, ayılıb görəcəksən ki, küçüyün səni çağırır: ham-ham.

Özümü küçük yerinə qoyub hürdüm, Allah haqqı, lap belə: ham-ham. Özü də boğazımın cır yerinə saldım ki, yaxşı alınsın. Havalanmağın bundan o tərəfi olmur. Uşaq mənə inanıb bir kəlmə də demədi. Qarnının üstündə sivişib pəncərənin ağzından çəkildi.

Köhnə şalvarımı çiynimə atıb seyrək addımlarla üzü “Qələbə” kinoteatrına tərəf gedirdim. Məni polisə satan qəhbənin dərsini verməkdən ötrü beynimdə cürbəcür fikirlər dolaşırdı. İstəyirdim, onu iki şapalağa xosumvay edib yerə yıxan kimi şalvarla qollarını bağlayıb, həyasız itlər kimi aşağı-yuxarı sürüyəm. Qışqırmaq fikrinə düşsə, topal ayağımın üstündə birtəhər dayanıb, təpiyimin də gücünü sınaya bilərdim. Düzdür, bir az tez idi və ola bilərdi qancıq bu gün evdən bayıra çıxmasın. Qəti qorxusu yoxuydu, özümü bir az da əziyyətə salıb yuxarı qalxardım, kafedə bir parç pivə içib köhnə borcumu da ödəyərdim. Hələ on üç manat pulum var idi. Deyəsən, keçən axşam səkkiz parç pivə içmişdim, bunu 50 qəpikdən hesablasaq, dörd manatdan artıq ola bilməzdi. Yəqin, kaftar qəhbəbaşı nisyə dəftərindəki adımın altından qırmızı qələmlə xətt çəkmişdi və bu, mənə borca pivə verilməyin qadağan olduğunu göstərirdi. Qancıq bilmirdi ki, onun adımın altından çəkdiyi xətt, həyatın mənim üzümə yandırdığı qırmızı işığın yanında fillə qarışqanın fərqinə bənzəyir.

Gözəl gecəydi, ulduzlar Əqrəbin üzünə vurduğu kremin rəngbərəng zərləri kimi parıldayırdı. Təzə tikilən göydələnləri pəzəvəng adamlara bənzətdim – tökmə gövdələriylə bir-birinin yanında lövbər salıb, məhəlləmizin kirli daxmalarına, lap elə mənim it damıma cangüdənlik edirdilər. Üzümü yalayıb keçən küləkdə Əqrəbin əllərinin hənirini, sığalını duyurdum. Mənim dəli olduğumu düşünən olmasaydı, boğazımın gur yerilə heyvan kimi bağırardım. Elə rahatlıq tapardım: bədənim süstləşər, beynim avazıyar, bəlkə onda barmağımın yarası da sağalardı, axsaya-axsaya yeriməzdim. Sonra qudurub, keçən axşam itləri daşladığım kimi bu dəfə evlərin pəncərələrini çilik-çilik edib aradan çıxmaq istəyirdim. Ya da binaların bloklarına part-part atıb birinci mərtəbədə yaşayanları dəli-cinni edərdim. Bədheybət insan maskam olsaydı, başıma taxıb, pəncərələrə dırmaşar, dərs əzbərləyən qız uşaqlarının aqibətini molla duasının ümidinə qoyardım. Hamısı dəlilikdən idi, yavaş-yavaş ağlımı itirirdim. İnşallah, çölləmə olmağıma lap az qalmışdı.

Qancığın gözə dəymədiyini görüb kafeyə tələsdim. Tanış qəhbələrlə mırt vurdum, başımı piyləyib saçaqlı pendirlə “Miller” pivəsi üçün yeddi manatımı almaq istəyirdilər. Gözlərindən gətirdim. Qolumdan tutub arxa otaqlara çəkməkləri işə yaramadı, tərs damarım tutmuşdu. Ortada bədənlərini əsdirə-əsdirə oynamaqlarını acıqla süzüb, dəvətlərini rədd elədim. Kafeyə təzə işə düzəlib intizarla müştəri gözləyən iki qəhbəni müştəri gözüylə süzüb çimçəşdim. Dişə dəyən zibil deyildilər, özlərini elə sakit, abırlı aparırdılar, elə bil məsumiyyət muzeyində canlı eksponat rolunun əvəzedilməz ifaçılarıydılar.

Kaftara yaxınlaşdım. Qaşlarını yenə yoldurmuşdu, qara yağlı qələmdən çəkdiyi yalançı qaşı gicgahlarına qədər uzanırdı. Mən onun bu qədər eybəcər olduğunu bilmirdim. Üzünün dərisi sallanmışdı, elə bil gözləri də çəp idi, ağzı əyilmişdi. Alçaq stolun arxasında oturub, sallaq döşlərini stolun üstünə yıxmışdı. Gombulluğundan da danışmağa dəyməz, əlli litrlik vağzal samovarlarından qəti fərqlənmirdi. Bu idbara heç qoca eşşək də atılmazdı.

Borcumu qəpiyinə qədər ödəyəndə adımın altında qırmızı xətt görüb cinləndim. Deməli, evdən çıxanda fikirləşdiklərim düz imiş. Yaxşı ki, hirsimi boğa bildim. Bir parç pivə sifariş verib başıma çəkəndə, gəlib yanımda oturan qıza görə əlli qəpiyimdən keçməli oldum. Amma əvvəlcədən dedim ki, haram xoşun olsun, inşallah qarnında qəbrə apararsan. Zalım balasına ləzzət elədi, dişlərini ağardıb hırıldadı. Çoxdan tanıyıram, birinci dəfə otağa salıb qapını arxadan bağlayanda, sınaqdan pis çıxmamışdı. Gileylənirdi ki, işləyə bilmirəm, elə bil camaatın beli quruyub. O da iş sarıdan gileyliydi, mən də. Kül başına Üzeyir, qəhbədən fərqin yoxdur!!!

Ücretsiz ön izlemeyi tamamladınız.

₺81,12

Türler ve etiketler

Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
27 eylül 2022
Hacim:
181 s. 2 illüstrasyon
ISBN:
978-9952-8411-5-2
Telif hakkı:
Автор
Metin
Ortalama puan 5, 3 oylamaya göre