Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Seçilmiş əsərləri», sayfa 5

Yazı tipi:

– Bura bax ey, rədd olun buradan, əl çəkin heyvandan! – Yedigey kürəyi qaldırıb onları hədələdi. – Rədd olun, əlim dəyməmiş!

Uşaqlar çəkildilər, dedilər ki, bəlkə, dəvənin yiyəsidir, bir də ki kömür fəhləsinin çox vahiməli görkəmi vardı, kim bilir, bəlkə də, içib, onda əlindən qurtarmaq olmaz, ona görə də topu qova-qova uzaqlaşdılar. Haradan biləydilər ki, qorxusuz-ürküsüz, istədikləri qədər dəvəni cırnadıb özündən çıxara bilərlər, Yedigey ancaq onları qorxutmaq üçün kürəklə hədələmişdi, əslində, o vaxtkı halında uşaqların dalınca qaça bilərdimi?! Arabaya bir kürək kömür atınca onunku ona dəyirdi. Heç vaxt ağlına gəlməzdi ki, zəiflik, xəstəlik və yararsızlıq bu dərəcədə rəzil və həqir bir şeymiş… Başı müdam hərlənirdi. Tər də bir tərəfdən… Heysiz-halsız, bu yandan da kömür tozu nəfəsin kəsir, sinəsi qara-qatı bəlğəmlə dolurdu. Ukubala çalışırdı ki, işin əsas hissəsini öz üstünə götürsün, təki Yedigey kənarda oturub bir az dincələ bilsin, əl arabasını özü yükləyib tığın üstünə qaldırırdı. Yedigey də arvadının bu əzabına dözə bilmir, yerindən qalxır, gicəllənə-gicəllənə təzədən işə başlayırdı…

Dəvəni tapşırıb gedən adam bir azdan çiyni yüklü qayıtdı. Yükünü yerbəyer eləyib yola çıxmağa hazırlaşanda Yedigeyə yaxınlaşdı ki, onunla bir-iki kəlmə kəssin. Sözləri də tutdu. Bu, elə həmin Boranlı razyezdindən olan Qazanqapın özüydü…

Onlar yerli çıxdılar. Qazanqap dedi ki, elə o özü də nəsillikcə Aral sahili aullarındandır. Bu, onları daha tez yaxınlaşdırdı.

O vaxt heç kimin ağlına gəlmirdi ki, bu görüş Ukubala ilə Yedigeyin bütün gələcək ömür yolunu müəyyən edəcək. Qazanqap, sadəcə olaraq, onları inandıra bildi ki, elə onunla birlikdə Boranlıya yollansınlar, orada yaşayıb-işləsinlər. Adam var ki, elə ilk görüşdən özünə inam yarada bilir. Qazanqapda, sən deyən, elə bir şey də yox idi, əksinə, ondakı sadəlik göstərirdi ki, bu adam həyatın ağır keşməkeşlərindən keçib, müdrikləşib. Görkəmindən adicə bir qazaxdı, paltarı da çox geyilməkdən soluxub bədəninə münasib şəkildə əyninə oturmuşdu. Aşılanmış keçi dərisindən şalvarı da boş yerə geyinməmişdi, dəvəyə minmək üçün münasib idi. Yaxşını yamandan seçən adama oxşayırdı, nisbətən təzə, qorunub saxlanmış bayırlıq dəmiryol şapkası ona yaxşı yaraşırdı, uzun illərin nimdaşı, xrom çəkmələri də bir neçə yerdən çirişli sapla səliqə ilə yamanmışdı. Həm də onun köklü, işlək çöl adamı olduğu, qızmar günəşin və daimi küləklərin yandırıb qaraltdığı bərkimiş sifətindən və möhkəm damarlı əllərindən bilinirdi. Ağır iş vaxtından əvvəl qəddini əymişdi, çiyinləri sallana qalmışdı, özü orta boy olsa da, boğazı lap erkək qaz boğazı kimi uzanırdı. Çox qəribə gözləri vardı, qonur, hər şeyi anlayan, diqqətli, güləş, qıyılanda dövrəsində şüa kimi qırışlar uzanırdı.

O vaxt Qazanqapın qırxa yaxın yaşı vardı. Bəlkə də, qısa vurulmuş cod bığları, yığcam qonur saqqalı ona isti-soyuq görmüş kamil adam görkəmi verirdi. Amma hər şeydən çox etibar qazandıran onun ağıllı danışığı idi. Ukubalada da elə başdan bu adama hörmət yaranmışdı, nə deyirdisə, hamısı yerinə düşürdü. Danışdıqları da ağlabatan sözlərdi. İndi ki, deyirdi, bu cür bəla üz verib, beyni sarsılıb – xəstəlik hələ canından çıxmayıb, niyə gərək canına qəsd eləyəsən? Mən, deyirdi, o saat hiss elədim ki, Yedigey, bu iş sənə zorla başa gəlir. Hələ canın belə iş üçün bərkiməyib. Güclə ayağını sürüyürsən. Hələlik sənə yüngül bir iş lazımdır. Açıq havada olarsan, təzə süd içərsən… Məsələn, elə deyək bizim razyezddə yol işində işləmək üçün adama böyük ehtiyacımız var. Razyezdin yeni rəisi hər dəfə danışıb deyinir ki, sən buranın köhnə sakinisən, danış, bizə lazım adamları çək bura. Belə adamı haradan tapasan? Hamı davada. Qayıdanlar üçünsə başqa yerlərdə də iş-güc bəs eləyir. Düzünə qalsa, bizim yerlər bir elə yer deyil. Güzəranımız ağırdı, Sarı-Özəkdəyik, kimsəsiz, susuz yerlərdir.

Suyu çənlərlə həftəlik gətirirlər. Olur ki, vaxtında gətirib çatdıra bilmirlər. Belə şeylər də olur. Onda, gərək, suyu gedib çöldəki uzaq quyulardan tuluqlarda gətirəsən, səhər yollanıb, ancaq axşam qayıda bilərsən. Amma hər necə olsa, deyirdi, avara-sərgərdan gəzməkdənsə, əldən-ayaqdan uzaq da olsa, Sarı-Özəkdəcə yaşamaq daha yaxşıdır.

Pis-yaxşı damınız olacaq, daimi işiniz olacaq, göstərərik, nə eləmək, necə eləmək lazım olduğunu öyrədərik, yavaş-yavaş həyət-baca düzəldərsiz – baxır işini necə tutacaqsan.

İkilikdə, deyirdi, dolanmaq üçün bəs deyən qədər qazana bilərsiz. O vaxtacan cana gələrsən, sonrası öz işindi, gördün ki darıxırsız – gedib bir ayrı yerdə daha yaxşı iş taparsız… Bax, o, belə-belə sözlər deyirdi. Yedigey xeyli fikirləşəndən sonra razılıq verdi. Elə bu razılıqdan sonra da Qazanqapla birlikdə Sarı-Özəyin Boranlı razyezdinə yol aldılar, çünki o günlərdə Yedigeylə Ukubalanın yır-yığışına bir elə vaxt lazım deyildi. Şey-şüylərini yığıb yola düzəldilər.

O vaxt onlar üçün fərqi yoxdu – dedilər ki, bir bu yolda da bəxtimizi sınayaq. Sonradan da məlum oldu ki, bu elə onların taleyi imiş…

Kumbeldən Sarı-Özəklə Boranlıya gedən bu yol Yedigeyin ömürlük yadında qaldı. Əvvəlcə dəmiryol boyunca gedirdilər, sonra yavaş-yavaş çölləmə gedib aralandılar. Qazanqap başa saldı ki, kəsə getməklə yolu on kilometr qısaltdılar, belə ki, bu yerdən başlamış dəmiryol böyük Takır dərəsi boyunca dövrə vururdu – nə vaxtsa bu yerdə duzlu göl olub, sonra quruyub. Elə bu günün özünə kimi yerin təkindən Takırda duz üzə çıxır. Hər yazda duzlu düzənlik cana gəlir çamırlanıb yumşalır, keçilməz olur, yay qabağı duz ağ qaysaq bağlayır, günü-gündən bərkiyib lap daşa dönür, – ta gələn yaza kimi. Vaxtilə buraların böyük duzlu göl olduğunu Qazanqap Sarı-Özəkdə geoloq işləyən Yelizarovun dilindən eşidib danışırdı. Sonralar Yedigey özü onunla möhkəm dost oldu. Ağıllı adam idi.

O vaxt hələ Boranlı kimi tanınmamış Yedigey, təsadüfən öz yerlisi olan dəmiryol işçisi Qazanqapa etibar eləyib, Aral qazaxı, cəbhədə yaralanmış, həyatda hələ öz yerini tapa bilməmiş bir adam kimi arvadıyla bir yerdə ona qoşularaq bir iş, bir məskən tapmaq niyyətilə naməlum Boranlı razyezdinə gedəndə güman da eləməzdi ki, ömürlük orada qalacaq. Yazda az müddət göyərib sovuşan ucsuz-bucaqsız intəhasız Sarı-Özək, Yedigeyin ağlını başından almışdı. Aral dənizinin də ətrafında çöl, düzən çoxdur, elə bircə Üst-urt yaylasını desən, bəsdir, ancaq belə boş çöllüyü ömründə birinci dəfə görürdü. Beləliklə, Yedigey sonradan başa düşdü ki, ancaq o adamlar bu sükunətli Sarı-Özəklə təkbətək dayanıb tab gətirə bilər ki, bu düzənliklərin genişliyini öz ruhunda tapmağa nail olsun. Doğrudur, Sarı-Özək çox böyükdür, amma canlı insan fikri onu da əhatə eləməyə qadirdir. Yelizarov müdrik adam idi. Başqalarının dumanlı şəkildə təxmin elədiyi şeyləri izah eləməyi bacarırdı.

Kim bilir, qabaqda dəvəni yedəkləyib inamla addımlayan Qazanqap olmasaydı, Yedigeylə, Ukubala Sarı-Özəyin dərinliklərinə getdikcə özlərini necə hiss edərdilər. Yedigey isə müxtəlif şeylər yüklənmiş dəvənin üstündə gedirdi. Əslində, gərək, dəvəyə o yox, Ukubala minəydi. Amma Qazanqap, xüsusilə Ukubalanın özü onu dilə tutub demək olar ki, zorla dəvəyə mindirdilər: “Biz gümrah adamlarıq, sən hələ özünü gözləməlisən, inad eləyib, bizi ləngitmə, yolumuz uzundur…” Dəvə hələ cavandı, ağır yük üçün yetkinləşməmişdi, ona görə də ikisi piyada gedirdi, biri də dəvənin üstə. Bircə Yedigeyin indiki Qaranərinə hər üçü rahatca minə bilərdi, özü də löhrəm yerişlə daha tez, üç saat yarım-dörd saata mənzilə çata bilərdilər. Onlarsa o vaxt Boranlıya ancaq gecədən xeyli keçmiş çata bildilər.

Amma bir tərəfdən başlarını söhbətə qatıb yola nərdivan qoyduqları üçün, bir də ki bələd olmadıqları yerlərə baxa-baxa getdikləri üçün yolun uzunluğu hiss olunmadı. Qazanqap yol uzunu buranın gün-güzəranından, bura necə düşdüyündən, Sarı-Özək yerlərindən, dəmir yoluna gəlməyindən danışırdı. Sinni də elə, sən deyən, çox deyilmiş, otuz altının içindəymiş. Nəsillikcə Aral qazaxlarındandı.

Onun aulu Beşağacın sahil boyunca Cangəldidən otuz kilometrlik arası olar.

Qazanqap oradan lap çoxdan çıxmış olsa da, o vaxtdan bir dəfə də olsun, doğma Beşağaca gedə bilməmişdi.

Bunun da öz səbəbi vardı. Sən demə, onun atasını qolçomaqları bir sinif kimi ləğv eləyəndə sürgün eləyiblərmiş, o da yoldaca rəhmətə gedib, sürgündən qayıdanbaş məlum olub ki, heç qolçomaq-zad deyilmiş, tamam haqsız olaraq əyintiyə düşüb: düzünə qalsa, onun kimi ortabab təsərrüfatçılara səhvən çox amansızlıq eləmişdilər. Qərarı ləğv eləsələr də, çox gec olub. Ailəsi, qardaşları, bacıları hərəsi bir səmtə dağılışıblar ki, gözdən iraq olsunlar. O vaxtdan, elə bil, daş olub suya batıblar. O vaxt yeniyetmə olan Qazanqapı, xüsusi canfəşanlıq eləyən fəallar məcbur eləyirmişlər ki, qalxıb iclasda atasını ifşa eləsin, camaat qabağında desin ki, bu xətti böyük ruh yüksəkliyi ilə bəyənir, guya, atası yad ünsür kimi haqlı cəzalanıb. Buna görə də belə atadan imtina eləyir, atası kimi sinfi düşmənlərə yer üzündə yer yoxdur, belələri hər yerdə məhv edilməlidir.

Qazanqap bu rüsvayçılıqdan canını qurtarmaq üçün baş götürüb getməyə məcbur olub. Altı ili sərasər Betpak-Dalada işləyib Səmərqənd yaxınlığındakı quru torpaqlarda… Əsrlərlə insan əli dəyməmiş bu torpaqları o vaxt pambıq əkini üçün yararlı hala salırdılar. Adama həddən çox ehtiyac vardı. Baraklarda yaşayır, kanal çəkirdilər. O da yer qazdı, traktorçu oldu, briqadir qoyuldu, zərbəçi əməyinə görə fəxri fərmanla təltif edildi… Elə orada da evləndi. O vaxt bu quru yerlərə adam axışıb gəlirdi, qazanc üçün. Xivə tərəfdən olan Qaraqalpaq qızı Bikə də qardaşının ailəsilə Betpak-Dalada işləməyə gəlmişdi. Belə çıxdı ki, qismətmiş bu görüşmək. Evləndilər və belə qərara gəldilər ki, Qazanqapın yurduna, Aral sahilinə, doğma adamlarının yanına, öz torpaqlarına qayıtsınlar. Amma, demə, hər şeyi axıracan əməlli-başlı ölçüb-biçməyibmişlər. Çox getdilər, qatardan düşüb, qatara mindilər, minikləri də “maksimka”lar oldu.

Kumbeldə bir dəfə də qatarlarını dəyişməliydilər, Qazanqap təsadüfən Araldan olan öz yerlilərinə rast gəldi, söhbətdən belə məlum oldu ki, Beşağaca getmələri məsləhət deyil. Sən demə, orada yenə də iş başında elə o əyintiyə yol verən həmin adamlardır. Belə olan surətdə Qazanqap öz aullarına getmək fikrindən daşındı. Ona görə yox ki, nədənsə ehtiyat eləyirdi. Ehtiyatı-zadı yox idi, indi əlində lap Özbəkistanın özündən fəxri fərmanı vardı. Ona görə ki, vaxtilə onu ələ salıb gülən adamları görmək istəmirdi. Hələlik atoynadan onlardır, bütün bu olub-keçmişlərdən sonra o, necə eləyə bilərdi ki, aralarında heç bir şey olmayıbmış kimi onlara salam verib, əleyk alsın! Qazanqap bu olanları yada salmağı sevmir, başa da düşmürdü ki, onun özündən başqa bunları hamı çoxdan unudub. Sarı-Özəyə gəldikləri uzun illər ərzində cəmi ikicə dəfə hiss elətdirmişdi ki, heç nəyi yaddan çıxartmayıb. Birində oğlu onu yaman dilxor eləmişdi, o biri dəfə isə Yedigeyin yersiz zarafatından incimişdi.

Sabitcan bir dəfə yenə evə gələndə hamılıqla oturub çay içirdilər, söhbət eləyir, şəhər yeniliklərinə qulaq asırdılar. Sözarası, Sabitcan rişxəndlə gülərək dedi ki, kollektivləşmə dövründə Sinsizyana qaçan qazaxlar və qırğızlar təzədən geri qayıdırlar. Çin onları kommunalarda yaman sıxışdırıb – evlərində yeməyi qadağan eləyiblər, gündə üç dəfə, özü də ancaq ümumi tiyanda yeməliymişlər – məmə yeyəndən pəpə yeyənə kimi hamı qaşığı əlində növbəyə dayanırmış. Çinlilər onları elə günə salıblar ki, hamısı var-yoxunu atıb geriyə qaçır, elə bil, başlarına qaynar su əndəriblər… Ayaq öpməyə razıdırlar, təki geri qayıtmağa icazə versinlər.

– Burada öyünməli nə var ki? – deyə Qazanqap qaraldı, hirsindən dodaqları səyridi. Çox nadir hallarda belə vəziyyətə düşərdi, amma yenə də oğlu ilə bu cür hirsli danışmazdı, çünki dini-imanıydı, heç nəyini əsirgəməzdi, inanırdı ki, o da adam olub, adam içinə çıxacaq, – Sən axı buna niyə gülürsən? – boğuq bir səslə əlavə etdi, cini başına vurduğundan daha da gərginləşirdi. – Axı bu, insan zəlalətidir.

– Bəs necə danışmalıyam? Əcəb işdir! – deyə Sabitcan etirazını bildirdi. – Necə var, elə də danışıram.

Atası dinmədi, çay piyaləsini kənara çəkib susdu, amma onun bu sükutunda dözülməz bir zəhm vardı.

– Bir də ki axı kimdən inciyəsən? – Sabitcan təəccüblə çiynini çəkib deyindi. – Başa düşmürəm, bir də təkrar eləyirəm, kimdən inciyəsən? Zamandan? Zaman ələ gələn şey deyil. Dövlətdən? Buna da haqqımız yoxdur.

– Bilirsən, Sabitcan, mənim işim mənə görə olan işdir, yəni əlimdən gələn… Ayrı məsələlərə baş qoşmuram. Bir şeyi yadında saxla, oğlum, elə bilirdim, öz ağlınla bunu qanmısan, amma görürəm yox, yaddan çıxarma ki, təkcə Allahdan narazılıq ola bilməz – əgər ölüm verirsə, deməli, ömür başa çatıb, adam doğulub ki, vaxtı çatanda da ölsün – yerdə qalan nə varsa, hamısına cavabdehlik lazımdır.

Qazanqap yerindən dik durdu, heç kimə baxmadan, əsəbi halda, sükut içində evdən çıxıb, harasa getdi.

Bir dəfə isə Kumbeldən gəldikdən çox-çox sonradan, Boranlıda artıq kök atıb bərkimişdilər. Uşaqlar dünyaya gəlib böyümüşdü, bir yaz günü şər vaxtı mal-qaranı ağıla ötürəndə Yedigey artıb törəmiş qoyun-quzuya baxıb zarafatla dedi:

– Yaman yağlanıb-tüklənmişik, Qazan əkə, qorx ki, təzədən qolçomaq kimi ləğv eləməsinlər!..

– Yava-yava zəvzəkləmə!

– Əşi, yəni zarafat da eləmək olmaz?!

– Belə şeylə zarafat olmaz.

– Boşla görək, Qazan əkə, üstündən yüz il keçib…

– İş də elə bundadır. Var alsalar – ölməzsən, dözərsən, amma varlığını tapdalasalar – düzəlməyəcək…

Amma o gün ki Sarı-Özəklə Boranlıya yol almışdılar, belə söhbətlərə hələ çox qalırdı. Hələ heç kim də bilmirdi ki, onların Boranlı razyezdinə gəlişi nəylə və necə nəticələnəcək, burada nə qədər bənd ala biləcəklər, kök ata biləcəklərmi, ya yenə də baş alıb bu yer sənin, o yer mənim dünyanı gəzəcəklər… Söhbət adicə gün-güzərandan gedirdi. Yedigey sözgəlişi maraqlandı ki, nə əcəb onu əsgər aparmayıblar, bir xəstəliyə-zada görə olmayıb ki?

– Şükür Allaha, salamatam, – deyə Qazanqap cavab verdi. – Xəstəliyim-filanım olmayıb, gümanımca başqalarından pis vuruşmazdım. Məsələ başqa cür oldu…

Qazanqap Beşağaca getmək fikrindən daşınandan sonra onlar bir müddət Kumbeldə küllənməli oldular, çarə nə idi, hara getsinlər? Bir də o boyda yol basıb Quru çölə qayıtmayacaqdılar ki! Qalmalı olsaydılar, elə qalardılar da! Arala qayıtmaq fikrindən də vaz keçmişdilər. Bəxtlərindən stansiyanın rəisi xeyirxah adammış, o fağırları görüb sorğu-suala tutur, haradan gəldiklərini, nə işlə məşğul olmaq niyyətində olduqlarını öyrənir, elə o gün də Qazanqapla Bikəni yolüstü bir yük qatarına oturdub Boranlıya yola salır. Deyir ki, orada adama ehtiyac var, hər ikinizə iş tapılar. Razyezd rəisinin üstünə məktub yazır. Səhv də eləməmişdi. Bu yerlərin ağır zəhmətinin yanında Quru çöl toya getməli idi, heç olmasa, orada gözün adam görürdü, iş də qaynayıb daşırdı. Sarı-Özəyin susuz çölləri nə qədər qorxulu görünsə də, yavaş-yavaş öyrəşdilər, çəmini tapıb güzəranlarını qurdular. Pis-yaxşı öz əli, öz başı… Adları bölmə dəmiryol fəhləsi olsa da, ancaq razyezddə tələb olan bütün işləri görməliydilər. Qazanqapla onun cavan arvadı Bikənin birgə həyatı Sarı-Özəyin bu kimsəsiz Boranlı razyezdində belə başlandı. Düzdür, bir-iki dəfə fikirlərindən keçmişdi ki, bir az puldan-paradan düzəldib başqa bir yerə – stansiyaya, ya da şəhərə yaxın bir yerə köçsünlər, ancaq özlərini yığışdıranacan müharibə başlamışdı. Boranlıdan eşelonların ağzı açıldı – şərqdən qərbə əsgər, qərbdən şərqə köçürülənlər… Qərbə taxıl, şərqə yaralı. Dövranın necə dəyişdiyi Boranlı kimi əldən-ayaqdan uzaq yerdə də bütün kəskinliyi ilə hiss olunurdu…

Bir-birinə dirənmiş parovozlar bar-bar bağırır, semaforun açılmasını tələb eləyir, qarşıdan gələnlər də səsdə onlardan geri qalmırdılar… Şpallar ağırlığa dözmür, ardı-arası kəsilməyən ağır yüklü qatarların təzyiqinə tab gətirməyib əyilir, əzilir, vaxtından əvvəl sıradan çıxırdı. Relsin birini dəyişib təzələməmiş, yolun bir ayrı yerindən başqa təmir işi çıxırdı…

Elə bil, dünyanın axırı idi; gecə-gündüz, həftələrlə, aylarla, sonra da illərlə dolu eşelon üz tutmuşdu cəbhəyə… Hamısını də qərbə – bu qədər qoşunu haradan yığırdılar, aparırdılar o yerə ki, iki quruluş toqquşub ölüm-dirim savaşına çıxmışdı…

Bir azdan Qazanqapın da növbəsi çatdı. Dedilər ki, cəbhəyə getməlisən. Kumbeldən çağırış vərəqəsi göndərdilər ki, toplanış məntəqəsində olmalısan. Razyezdin rəisi daş atıb başını tutdu – yaxşı yol işçisini aparırdılar, onsuz da Boranlıda iki cüt bir tək adam vardı. Əfsus, əlindən nə gəlirdi, onu eşidən kimiydi, kimə nə var ki, razyezddə vəziyyət necədir… Kimə nə var ki, parovozlar semafor qabağında bar-bar bağırır… Ağzını açıb bir kəlmə desən ki, əlavə bir ehtiyat yol da lazımdır, gülərlər. Kim bu haydadır – düşmən Moskvaya girmək istəyir.

Müharibənin ilk qışı kandarı kəsdirmişdi – elə bil, qış tələsir, özüylə boran, çiskin, ayaz gətirirdi. Gecə başlayan qar səhərəcən yağmışdı – əvvəlcə tək-tək, seyrək, dalısı da quşbaşı… Sarı-Özəyin dibsiz sükunəti içində düzü-dünyanı ağzına alaraq, dərələrə, təpələrə, çala-çuxura örtük çəkib yağır, hər yeri göylərin bakirəliyindən enmiş bəyazlığa bürüyürdü. Elə o saat da Sarı-Özək küləyi özünü tərpədib hələ yatıb-yapıxmamış qarın üstüylə yüngülcə əsməyə başladı. Bu, hələ ilk sınaq küləyi idi. Sonra bu külək çovğun eləyəcək, qasırğa qoparacaq, boranlayıb qarı sovuracaqdı. Bəs onda gicgah damarı kimi böyük sarı düzlərin özəyindən keçən nazik dəmiryol xəttinin vəziyyəti necə olacaqdı? Damar vururdu – gedirdi qatarlar, gedirdi elədən-belə, belədən-elə…

Həmin səhəri Qazanqap cəbhəyə yola düşdü. Özü də tək gedirdi. Ötürən də yox idi. Onlar evdən çıxanda Bikə dayanıb dedi ki, qara baxa bilmir, başı hərlənir. Qazanqap bələnmiş uşağı tezcə onun əlindən aldı. O vaxt Ayzadə təzə doğulmuşdu. Onlar yollandılar, bəlkə də, bu sonuncu dəfəydi ki, qar üstündə yanaşı iz salırdılar. Əslində, arvad onu yola salmırdı, əksinə, o, yolüstü bir yük qatarına minib Kumbelə yollanmazdan arvadını yolçevirən köşkün yanına qədər ötürmək istəyirdi. İndi Bikə yolçevirən vəzifəsində ərini əvəz eləyəcəkdi. Onlar elə burada da vidalaşdılar. Nə söz-söhbətləri vardı, hamısını hələ gecədən danışmışdılar.

Parovoz dayanmışdı. Maşinist Qazanqapı yanına çağırır, tələsdirirdi. Qazanqap onun yanına qalxan kimi, parovoz uzun bir fit verib sürətini artırdı, ərinin çəkmələrini geyinib, baş-gözünü şalla sarıyıb belini kəmərlə çəkmiş, bir əlində yol bayrağı, bir əlində də uşaq tutan Bikənin açdığı yolla ötüb-keçdi. Son dəfə bir-birlərinə əl elədilər… Sifət, baxışlar, əllər, semaforun işıqları ötüb dalda qaldı…

Qatar isə sürətini artırır, bəyaz röya kimi səssiz yaxınlaşıb, səssiz uzaqlaşan Sarı-Özək çöllərinin süd örtüyünə səs salaraq gurultu-nəriltiylə ötüb-keçirdi. Parovoza dolan külək ocaqda yanan kömürün tünd iyinə qarışaraq çöllərin təptəzə qarının pak ətrini gətirirdi… Qazanqap çalışırdı ki, Sarı-Özək çöllərinin bu qış ətrini ciyərlərinə mümkün qədər bol-bol çəksin və birdən başa düşdü ki, daha bu çöl onun üçün yad deyil.

Kumbeldə səfərbərliyə alınanları yola salırdılar. Hamını sıralara düzüb, adbaad çağırır, vaqonlara bölürdülər. Bax, elə burada da qəribə bir hadisə baş verdi. Qazanqap sıraya durub öz vaqonuna tərəf gedəndə hərbi komissarlığın işçilərindən biri özünü ona yetirdi.

– Həsənbəyov Qazanqap! Burada Həsənbəyov kimdir? Sıradan çıx! Ardımca gəl!

Necə demişdilər, Qazanqap o cür də elədi.

– Mənəm Həsənbəyov!

– Sənədlərini ver!.. Düzdür. Özüdür ki, var. Gəl ardımca!

Və onlar geriyə, səfərbərlik yerləşən stansiyaya qayıtdılar. Həmin adam ona dedi:

– Bilirsən nə var, Həsənbəyov, qayıt, get evinə, haradan gəlmisən düz ora. Başa düşdün?

– Başa düşdüm, – Qazanqap cavab verdisə də, əslində, heç nə başa düşməmişdi.

– Hə, di onda yeri! Buralarda əl-ayağa dolaşma. Sən azadsan.

Qazanqap yola düşən və yola salan camaatın səs-küyü içində tamam çaşbaş qalmışdı. Əvvəlcə işin belə dəyişməsinə sevindi də, ancaq birdən beynindən keçən ani bir fikirdən bədənini dözülməz bir qızışma basdı. Deməli, belə! O, qapının qabağını tıxayan adamları itələyə-itələyə səfərbərlik rəisinin qapısına tərəf soxuldu.

Rəisin otağına girmək istəyənlər onun üstünə qışqırdılar:

– Hara, hara soxulursan?

– Mənim vacib işim var! Eşelon gəlir, vacib işdir! – deyə adamları yarıb özünü içəri soxdu.

Otaq papiros tüstüsündən gömgöy duman içində idi. Adamların aralığa aldığı, çığırmaqdan səsi tutulmuş rəis kağız-kuğuz və telefon aparatlarıyla dolu olan stolun dalında oturmuşdu. Qazanqap ona tərəf cumanda kişi sir-sifətini turşudub başını qaldırdı:

– Nə deyirsən, nə məsələdir?

– Mən etiraz eləyirəm!

– Nəyə etiraz eləyirsən?

– Mənim atama bəraət qazandırıblar, nahaqdan əyintiyə düşmüş adam kimi. O, qolçomaq olmayıb! Öz kağız-kuğuzlarınızı yaxşı yoxlayın. O, ortabab kimi bəraət alıb.

– Bir dayan görüm! Axı nə istəyirsən?

– Əgər məni bu səbəbə görə saxlamısınızsa, bu, düzgün deyil!

– Ay kişi, cəfəng-cəfəng danışma. Qolçomaq, ortabab – indi bu kimin vecinədir! Haradan gəlmisən? Kimsən?

– Həsənbəyov, Boranlı razyezdindənəm.

Rəis siyahılara baxdı.

– Bunu bayaqdan desənə! Zəhləmizi tökürsən ki, ortabab belə gəldi, qolçomaq elə getdi, yoxsulu da lap belə-belə olsun! Al, bu da sənin imtiyaz kağızın! Düz çağırmayıblar. Şəxsən Stalin yoldaşın öz əmri var – dəmiryolçulara toxunulmasın. Hər kəs öz yerində qalır. Buralarda əl-ayağa dolaşma, yeri get birbaşa öz razyezdinə, iş gör…

Gün batanda onlar Boranlıya çataçatdaydılar. İndi onlar yenə də dəmir yoluna yaxınlaşırdılar, o tərəf-bu tərəfə yol alan qatarların fit səsi eşidilirdi, qatarların növünü də seçmək olurdu. Uzaqdan, çöllüyün ortasından onlar oyuncaq kimi görünürdülər. Arxa tərəfdən batan günəş yavaş-yavaş sönür, söndükcə də tərtəmiz dərələri kölgələyir, təpələri işıqlandırırdı. Beləcə hiss olunmadan toran qarışır, havanı göyümtül qaranlıq və hələ də qışın nəmişliyini saxlamış soyuq yaz torpağının ətriylə doldururdu.

– Bax, bu da bizim Boranlı, – deyə Qazanqap dəvənin üstündə gedən Yedigeyə və yanınca yeriyən Ukubalaya tərəf dönüb əlilə işarə verdi. – Daha az qalıb, Allah qoysa, tezliklə çatarıq. Dincələrsiz.

Qarşıdakı dəmir yolunun azacıq burulduğu meydan kimi boş bir yerdə bir neçə ev görünürdü, ehtiyat yolda dayanan qatar semaforun açılmasını gözləyirdi. Ondan o yana hər iki tərəfdən bomboş düzlər, yastı təpələr səssiz-ünsüz, ölçülüb-biçilməmiş düzənliklər, çöllüklər…

Yedigeyin ürəyi düşdü – öz sahil düzlərinin sakini olsa da, Aralın boş səhralarına alışmış olsa da, belə şey gözləmirdi. Sahilində boy atdığı dəyişkən mavi dənizdən susuz-dənizsiz ölü bir yerə! Belə yerdə yaşamaq olarmı?

Yedigeylə yanaşı gedən Ukubala əlini onun ayağına toxundurdu, bir qədər beləcə gedib, əlini götürmədi. Yedigey onu başa düşdü. “Eybi yoxdur, – deyirdi Ukubala, – təki sən sağal. Sonrasına baxarıq…”

Onlar mənzilbaşına çatdılar, o mənzil ki sonradan məlum olduğu kimi, uzun ömür-gün sürdülər, qalan bütün ömürlərini keçirməli oldular.

Gün tezliklə batdı, artıq qaranlıqda, Sarı-Özək göylərində sayı-hesabı olmayan ulduzlar apaydın görünəndə onlar da Boranlıya çatdılar.

Bir neçə gün Qazanqapgildə qaldılar. Sonra ayrıldılar. O vaxt yol fəhlələri üçün ayrılmış barakda onlara bir otaq verdilər, təzə yerdəki həyatları elə buradan başlandı.

Bu kimsəsiz Sarı-Özəkdə, xüsusilə də təzə vaxtlarda qatlaşdığı əziyyətə baxmayaraq, Yedigeyə iki şey mənfəətli oldu – hava, bir də dəvə südü. Havada, elə bil, əzəli saflıq vardı ki, bu qədər pak başqa bir yer çətin tapılaydı… Süd məsələsini Qazanqap düzəltmişdi, iki sağmal dəvəsindən birini ona vermişdi.

– Biz arvadla məsləhətləşib, götür-qoy elədik, – dedi, – bizə süd bəs eləyir, siz də bizim o Ağca mayanı özünüzçün sağın. Bu dəvə hələ cavandır, cəmi ikicə qarın doğub. Özünüz qulluq eləyin, bəhəri də sizin. Amma gözünüz köşəkdə olsun, qoymayın acından üzülsün. O, sizindir, arvadla məsləhətimiz belə olub, onu verdim sənə. Yedigey, damazlıq üçün verirəm. Yaxşı baxarsan, artıb sürü olar. Birdən köçüb getmək istəsəniz – satarsan, puldan-paradan düzəldərsən.

Ağcanın balası cəmi həftə yarım əvvəl doğulmuş qarabaşlı, bapbalaca qaramtıl qoşa donqarlı bir köşəkdir. Çox təsirli gözləri vardı. Hərdənbir anasının yanında qaça-qaça atılıb-düşərək oynaqlayanda, balaca ağılda tək qalan vaxtlar insan səsinə bənzəyən səslə yazıq-yazıq mələyəndə çox məzəli olurdu. Kimin ağlına gələrdi ki, gələcəkdə bu köşək böyüyüb Boranlının məşhur Qaranəri olacaq. O Qaranər ki, öz yorulmaq bilməyən qüdrəti ilə ətraf mahalda ad qazanacaq. Bu nərlə bağlı Boranlı Yedigeyin həyatında çox hadisələr baş verəcək. Amma o vaxt südəmər köşəyə daimi qayğı lazımdı. Yedigey ona yamanca bağlanmışdı. Olub-qalan boş vaxtlarını onunla əlləşirdi. Qış girəndə Qaranər xeyli böyüyüb boy atdı, soyuqlar düşəndə ona qarnının altında düymələnən isti canlıq tikdilər. Bu canlıqda o lap gülməli görünürdü, ancaq başı, boynu, ayaqları, bir də iki donqarı bayırda qalırdı. Bütün qışı canlığı çıxartmadılar. Gecəni-gündüzü çöldə, açıq havada gəzib-dolanırdı.

O ili qışın girəcəyində Yedigey hiss elədi ki, yavaş-yavaş gücə dolur. Hətta başgicəllənməsinin nə vaxt çəkildiyini belə hiss eləməmişdi. Tədricən qulaqlarındakı uğultu da azalmağa başladı, daha iş vaxtında onu həmişəki kimi tər basmırdı. Qışın oğlan çağında isə yolları qardan təmizləmək üçün o da hamı ilə bərabər köməyə getdi. Sonralar o qədər bərkidi ki, gəl görəsən, axı cavan idi, elə özü də binədən zorlu adam idi, bir az əvvəl keçirdiyi ağır, ayağını güclə sürüdüyü günlər unudulmuşdu. Sarısaqqal həkimin dedikləri düz çıxdı.

Kefinin duru olan vaxtlarında köşəyi oxşayır, boynunu qucaqlayıb zarafatyana deyirdi:

– Biz, deyəsən, süd qardaşı kimi bir şeyik. Maşallah. Ağcanın südündən gör necə böyümüsən, mənim də, deyəsən, kontuziyadan canım qurtarıb. Allah eləsin, birdəfəlik olsun. Fərqimiz ondadır ki, sən birbaşa əmcəkdən əmirsən, mənsə sağıb şubat düzəldirəm…

Uzun illər keçəndən sonra, artıq Boranlı Qaranərin şöhrəti aləmə car olanda Sarı-Özəyə bir neçə adam gəldi ki, onun fotosunu çəksin, bu zaman müharibə unudulub getmişdi, uşaqlar oxuyurdu, artıq razyezddə su nasosu qurğusu qoyulmuşdu, bununla da, su qıtlığı problemi həll olunmuşdu, Yedigey isə üstü dəmir taxtapuşlu ev tikdirmişdi – bir sözlə, bu qədər əzab-əziyyətdən, sərgərdanlıqdan sonra axır ki, həyat yoluna düşüb davam elədiyi vaxt bir elə söhbət oldu ki, bu söhbət sonralar uzun müddət Yedigeyin yadından çıxmadı.

Fotomüxbirlərin gəlişi onlar özlərini belə təqdim etmişdilər – əlbəttə, yeganə hadisə deməsək də, Boranlının tarixində nadir hadisəydi. Diribaş, söhbətcil fotomüxbirlər üç nəfərdir, bolluca da vəd verdilər. Deyirdilər, gəlişimizdə məqsəd odur ki, Boranlı Qaranərin şəkli bütün qəzet və jurnallarda çap olunsun. Öz sahibi ilə birlikdə Qaranərin ətrafındakı səs-küy, vurnuxma dəvənin o qədər də xoşuna gəlmirdi, o hirslənib nərildəyir, dişlərini qıcıdır, başını dartıb qaldırırdı ki, əl çatmasın, onu rahat buraxsınlar. Gələnlər hey Yedigeydən xahiş eləməli olurdular ki, dəvəni sakitləşdirsin, onu gah bu, gah da o biri tərəfə döndərsin. Yedigey də hər dəfə uşaqları, arvadları, lap Qazanqapın özünü də çağırırdı ki, bir yerdə şəkillərini çəkdirsinlər, özlüyündə deyirdi ki, belə olsa, yaxşıdır. Fotomüxbirlər buna məmnuniyyətlə razılıq verir, cürbəcür aparatlarla çaqqaçaq çəkirdilər. Əsas nömrə uşaqların hamısının birdən Boranlı Qaranərə mindirildiyi məqam idi – ikisi boynunda oturmuşdu, beşi də belində, tən ortada da Yedigey özü yerləşmişdi, yəni ki, baxın görün dəvədə nə güc var! Uşaqların səs-küyünün, sevincinin həddi-hüdudu yox idi! Lap axırda fotomüxbirlər boyunlarına aldılar ki, Qaranəri adamsız, təkcə çəkmək onlara daha vacibdir. Gözümüz üstə, nə söz ola bilər!

Hə, bax onda aparatlar Qaranərə tuşlandı, nə tuşlandı, böyürdən, qabaqdan, yaxından, uzaqdan, necə bacardılarsa, o cür də çəkdilər, sonra da Yedigeyin və Qazanqapın köməyi ilə ölçülər götürdülər – boynunun kökündən aşağı hündürlüyünü ölçdülər, döşünün enini, gövdəsinin uzunluğunu ölçdülər və yazdıqca da heyrətləndilər:

– Əla bakteriyandır! Bax, genlər özünü burada göstərib! Klassik bakterial cinsdir! Sən bir döşün eninə bax! Eksteryerə bax!

Əlbəttə, Qaranər haqqında belə sözlər eşitmək Yedigey üçün xoş idi, amma bəzi sözlərin mənasını başa düşmədiyi üçün soruşmalı oldu, məsələn, “bakteriyan”. Sən demə, elm aləmində qoşa donqar qədim dəvə cinsi belə adlanırmış.

– Deməli, bu, bakteriyandır?

– Saf cinsdir, almaz kimi.

– Bəs bu ölçülər nəyinizə lazım idi ki, götürdünüz?

– Elmi məqsədlər üçün.

Qəzet və jurnal əhvalatında gələnlər, əlbəttə, özlərini hörmətə mindirmək üçün boranlıların gözünə kül üfürmüşdülər, amma yarım ildən sonra xüsusi bağlama ilə zootexnika fakültəsi üçün dəvəçilik üzrə yazılmış dərslik kitabı göndərdilər, kitabın üz qabığının bəzəyi klassik bakteriyan Boranlı Qaranər idi. Bir xeyli şəkil də göndərmişdilər, içində rənglisi də vardı. Elə bu fotolaraca baxanda bilmək olardı ki, o vaxtlar xoşbəxt, firavan günlərmiş. Müharibədən sonrakı illərin çətinlikləri sovuşub getmişdi, uşaqlar da hələ balacaydı, böyüklər sağ-salamat, qocalar da hələ dağlar dalında…

Həmin gün Yedigey qonaqların adına qoyun kəsdi, boranlıları da dəvət eləyib gözəl bir məclis qurdu. Şubat, araq, yemək-içmək doluydu. O vaxt razyezdə səyyar vaqon-mağaza gələrdi, ürəyin nə istəsəydi, tapa bilərdin. Təki pulun olsun. Cürbəcür krablar, qırmızı kürü, qara kürü, müxtəlif növ balıqlar, konyak, kolbasa, konfet, quş südü – can dərmanı… Ən maraqlısı da budur ki, şeyin bol olan vaxtı o qədər də çox almırdılar. Artıq nəyimə lazımdır? İndi o səyyar mağazanın yollarda heç izi-tozu da qalmayıb…

Onda yaman oturdular, hətta Boranlı Qaranərin sağlığına da içdilər… Söhbətdən belə məlum oldu ki, qonaqlar Qaranər haqqında Yelizarovdan eşidiblər. Bəli, bunu Yelizarov demişdi ki, Sarı-Özəkdə onun dostu Boranlı Yedigey yaşayır və bu dostu yer üzündə ən gözəl dəvənin Boranlı Qaranərin sahibidir. Yelizarov, Yelizarov! Gözəl insan, Sarı-Özəyi dərindən tanıyan alim… Yelizarov Boranlıya gələndə hər üçü Qazanqapla birlikdə bir yerdə olmalıydılar, oturub sübhəcən söhbət eləyərdilər…

Gah Qazanqap, gah da Yedigey bir-birinin sözünə qüvvət verə-verə qonaqlara buradakı dəvələrin ulu nənəsi, məşhur ağbaş dəvə Ağmaya və onun daha məşhur yiyəsi Ana-Beyit qəbiristanlığında dəfn edilmiş Nayman-Ana haqqında bir Sarı-Özək rəvayəti danışdılar. Deməli, Qaranərin qanı həmin cinsdəndi! Boranlılar güman eləyirdilər ki, bəlkə də, bu qəribə rəvayəti qəzetlərdən biri çap elədi. Qonaqlar dinləməyinə maraqla dinləyirdilər, amma belə hesab elədilər ki, bu, nəsildən-nəslə keçən məhəlli əfsanədən başqa bir şey deyil. Amma Yelizarovun fikri tamam bambaşqa idi.

Metin, ses formatı mevcut
₺96,04
Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
18 ekim 2022
ISBN:
978-9952-8260-5-0
Telif hakkı:
JekaPrint
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 1, 1 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 5, 1 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 3, 2 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 1,5, 2 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 5, 1 oylamaya göre