Kitabı oku: «Seçilmiş əsərləri», sayfa 6
O, belə hesab eləyirdi ki, o vaxtın tarixi şəraitində bu rəvayət, bəlkə də, baş vermiş bir həqiqətdir. O, belə söhbətlərə qulaq asmağı sevirdi, özü də bu yerlərin keçmişindən xəbər verən rəvayətlərdən az bilmirdi…
Axşamtərəfi qonaqları yola saldılar. Yedigey çox razıydı, fərəhdən az qala uçurdu. Elə, bəlkə, buna görə ağzından yersiz söz qaçırtdı. Deyəsən, qonaqlarla içməyi təsir eləmişdi. Neyləmək olardı, söz ağzından çıxmışdı.
– Düzünü de, Qazakə, bəlkə, Qaranəri köşək vaxtı mənə bağışladığın üçün heyifsilənirsən?
Qazanqap ona baxıb istehza ilə qımışdı. Görünür, belə söz gözləmirdi. Bir az duruxub cavab verdi:
– Söz yox, hamımız insanıq. Amma bilirsənmi, babalardan qalma bir zərbi-məsəl var: mal yiyəsi xudadandır. Bu, Allahın öz işidir. Qismətdir. Deməli, Qaranər ancaq sənin olmalıymış, sən də onun sahibi olmalıymışsan, başqasının əlinə düşsəydi, kim bilir, başına nə gələcəkdi, bəlkə də, heç salamat qalmazdı. Tələf olub gedərdi. Lap yarğandan uçulardı. Deməli, o, sənin olmalıymış. Mənim axı əvvəllər dəvələrim olub, özü də pis dəvələr olmayıb, elə bax, bu mayadanca, Qaranərin anası Ağcadan. Səninsə bircə tək dəvən olub, o da bəxşiş… Allah eləsin, yüz il karına gəlsin. Amma sənin o fikirlərin nahaqdır…
– Bağışla, bağışla, Qazakə, – Yedigey dediyindən peşman olub xəcalət çəkdi.
Qazanqap söhbəti sürütləyib görüb-götürdüyü bir məsələni də ona açdı: belə bir rəvayət eləyirlər ki, qızılqanlı Ağmayadan yeddi bala törənib – dördü maya, üçü nər. Elə o vaxtdan da mayalar açıqrəngli, ağbaş, nərlər isə, əksinə, qarabaş, yerlikləri isə şabalıdı olur. Onun üçün də Qaranər belə yaranıb. Ağbaş dəvədən qara dəvə törəyib. Bu onun həmin Ağmaya nəslindən olacağına əsas sübutdur, o vaxtdan kim bilir, nə qədər vaxt keçib, iki yüz, üç yüz, beş yüz il, bəlkə, daha çox, amma Sarı-Özəkdə Ağmayanın nəsli kəsilmir. Olmur, olmur, bir də gördün ki, Boranlı Qaranər kimi təzə bir sırtqan2 dəvə törədi. Yedigeyin bəxti gətirib. Onun kəndli bəxtiymiş ki, Qaranər doğulub və onun əlinə düşüb…
Qaranərin əl-ayağını yığışdırmaq vaxtı gəlib çatanda onu ya axtalamaq, ya da zəncir-buxovda saxlamaq lazım gəlirdi, çünki qızıb özündən çıxır, yaxına adam-zad buraxmırdı, qaçıb günlərlə yoxa çıxırdı. Yedigey Qazanqapla məsləhətləşəndə dostu öz sözünü açıq dedi:
– Bu, sənin öz işindir. İstəyirsən ki, qulağın dinc olsun, axtala, yox, əgər şan-şöhrət istəyirsən, əl dəymə. Onda, gərək, bir hadisə üz versə, cavabdehliyinə də dözə biləsən. Dözümün, səbrin çatar döz, üç il qızğınlıq eləyəndən sonra lap özü yedəyincə gələcək.
Yedigey Boranlı Qaranərə əl vurmadı. Ürəyi gəlmədi, əli qalxmadı. Onu elə atan saxladı. Bunun üstündə günlər oldu ki, Qaranər ona qan uddurdu…
V
Qatarlar bu yerlərdə şərqdən qərbə, qərbdən də şərqə gedir…
Bu yerlərdə dəmir yolunun hər iki tərəfi ilə intəhasız Sarı-Torpaq çöllərinin göbəyi hesab edilən Sarı-Özək düzləri uzanıb gedir…
Coğrafiyada hər şey Qrinviç meridianından ölçüldüyü kimi, bu yerlərdə də bütün məsafələr dəmir yolu ilə müəyyən edilirdi.
Qatarlar isə şərqdən qərbə, qərbdən də şərqə gedirdi…
Səhər tezdən hər şey hazır idi. Qazanqapın meyitini başdan-başa keçəyə bürüyüb, üstdən də çatıyla möhkəm sarımışdılar. Cənazəni traktorun yedək arabasına qoymazdan əvvəl arabanın yerliyinə birqat yonqar tökdülər, üstündən də təmiz ot döşədilər, sonra gətirib yerbəyer elədilər. Yola çıxmağa tələsmək lazımdı ki, axşama, saat beşdən-altıdan gec olmayaraq qəbiristanlıqdan qayıda bilsinlər. Otuz kilometr o başa, bir də o qədər bu başa, üstəlik də, dəfn mərasimi – deməli, belə çıxırdı ki, ehsanı haradasa ancaq saat altıya yaxın vermək mümkün olacaq. Elə buna görə də tələsirdilər ki, ehsana çata bilsinlər. Artıq hər şey hazırdı. Boranlı Yedigey hələ dünən axşamdan alıxlanıb hazırlanmış Qaranərin noxtasından tutub adamları tələsdirirdi. Elə həmişə beləydilər – nə işləri işdi, nə də əlləri boş. O özü gecəni yatmamışdı, bir az sınıxsa da, gümrah, səliqəli görünürdü. Üzü tərtəmiz qırxılmış, bığ-saqqalı çallaşmış Yedigey ən yaxşı bayırlıq paltarını geymişdi – ayağında xrom çəkmə, əyninə bir az gen gələn məxmər qalife şalvar, ağ köynək, üstündən də qara pencək… Başına da bayırlıq dəmir yol şapkası qoymuşdu. Döşünə taxdığı döyüş orden və medalları parıldayırdı. Hətta beşilliyin zərbəçisi döş nişanını da unutmamışdı. Bunlar hamısı ona yaraşır, həm də sanballı görkəm verirdi. Bəli, Qazanqapın dəfn mərasimində Boranlı Yedigey elə belə də olmalıydı.
Boranlıda məmə yeyəndən pəpə yeyənə kimi nə qədər adam var, hamısı cənazəni yola salmağa gəlmişdi. Yedək arabasının yanında yığışıb yola çıxmaqlarını gözləyirdilər. Arvadlar ağlaşırdılar. Heç özü də bilmədi necə oldu. Yedigey birdən camaata üz tutdu:
– Biz indi Sarı-Özəkdə ən qədim, ən müqəddəs qəbiristanlıq olan Ana-Beyitə yola düşəcəyik. Mərhum Qazanqap-ata buna layiqdir. Öz diliylə vəsiyyət eləyib ki, orada dəfn olunsun, – Yedigey bir az duruxub fikirləşəndən sonra davam elədi, – belə çıxır ki, onun qismətinə düşən duz, su daha tükənib. Bu adam bizim razyezddə düz qırx dörd il can qoyub. Demək olar ki, bütün ömrünü qoyub. O, burada işə başlayanda heç su nasosu da yox idi. Suyu həftədən-həftəyə çənlərlə gətirərdilər. O vaxt indi gördüyünüz nə qartəmizləyən maşınlar, nə də başqa maşınlar yox idi. Amma qatarlar işləyirdi, yol da həmişə onların üzünə açıq idi. Qazanqap Boranlıda ömrü boyu öz işini qeyrətlə-namusla görüb. O, çox yaxşı adam idi. Bunu özünüz də yaxşı bilirsiniz. İndi biz düşək yolumuza, hamının ora getməsi gərək deyil, heç bununçün minik də yoxdur, bir də ki yolu da baxımsız qoya bilmərik. Biz ora altı nəfər gedəcəyik. Hər şeyi də abırla, qaydayla eləyəcəyik. Siz də hazırlıq görüb bizi gözləyin, qayıdanbaş hamını mərhumun uşaqları adından onun üçünə çağırıram, dəvətim budur, oğlu da, qızı da buradadır…
Yedigey qəsdən eləməsə də, balaca matəm mitinqi kimi bir şey çıxdı. Bu sözlərdən sonra çıxdılar yola. Boranlılar yedəyin arxasında bir qədər gedib, dəstəylə də evlərin qurtaracağında dayandılar. Hələ bir müddət arxadan ağlaşma eşidilirdi, Ayzadəylə Ukubala səs-səsə verib ağı deyirdi…
Arvadların səsi yavaş-yavaş uzaqlaşıb kəsiləndə, onlar dəmir yolundan aralanıb Sarı-Özəyin içərilərinə girəndə, Boranlı Yedigey rahatca köksünü ötürdü. İndi daha öz əli, öz başı, nə eləyəcəyini özü yaxşı bilirdi.
Gün üfüqdən boylanır, sevinc gətirən işığını geninə-boluna Sarı-Özək düzlərinə yayırdı. Çöllük hələ sərin idi və zahirdən onların hərəkətinə mane olan bir şey yox idi. Bu boyda dünyanın bu boyda genişliyində, əlçatmaz, ünyetməz bir yüksəklikdə vur-tut bir cüt çalağan qanad sərib süzür, hərdən də yolçuların ayağı altında qalan torağaylar qorxu-hürkü içində qanad çırpıb civildəyirdi… “Bunların da uçub getməyinə az qalıb. Qar düşən kimi dəstə bağlayıb uçub gedəcəklər”, – deyə Yedigey ürəyindən keçirib bir anlığa yağan qarı, ağappaq qar pərdəsi ardından uçan quşcuğazları gözlərinin qabağına gətirdi. Birdən, yenə də, nədənsə, o gecə dəmiryol kənarına gələn tülkü yadına düşdü. Hətta oğrun-oğrun bir ətrafa da boylandı, görsün, onların izinə düşüb gəlmir ki… Bir də yenidən o gecə od püskürə-püskürə Sarı-Özək üzərindən kosmosa qalxan raketi yadına saldı. Amma tez də bu qənaətə gəldi ki, yolları uzaq olsa da, belə bir məqamda bu cür fikirlərin yeri deyil.
Boranlı Yedigey Qaranərin üstündə qabaqda gedir, Ana-Beyit yoluna bələdçilik edirdi. Altındakı Qaranər getdikcə inamını artırır, geniş löhrəm yerişlə səfər ritminə düşürdü. Qanan adam üçün Qaranərin yol yerişinin xüsusi gözəlliyi vardı. Onun boyun qəvəsi üzərində qürurla ucalan başı, demək olar ki, tərpənmir, elə bil, dağların üstü ilə üzürdü, yorulmaq bilməyən, damarlı uzun ayaqları havanı qayçılaya-qayçılaya yer ölçürdü. Yedigey iki donqar arasında rahat, möhkəm və inamla oturmuşdu. O, Qaranərdən çox razıydı ki, məhmizlənmə-zad tələb etmirdi, yolu yüngül gedir, sahibinin hər istəyini asanlıqla anlayırdı. Döşündəki orden və medalları tərpətdikcə günəşin şüaları altında bərq vurur, xəfifcə cingildəyirdi. Amma bu, ona maneçilik törətmirdi.
Onun ardınca yedəkli traktor “Belarus” gedirdi. Kabinədə, cavan traktorçu Qalibəyin yanında Sabitcan oturmuşdu. Dünən xeyli içib boranlılara ağlına gələn cəfəng şeylər, nə bilim, radio ilə idarə olunan adamlar və başqa bu cür axmaq-axmaq şeylər danışdığı üçün pərt idi, elə bil, ağzına su almışdı, başı boynunda yırğalanırdı. Yedigey də baxıb nigarançılıq keçirirdi ki, birdən gözlüyünü salıb sındırar. Ayzadənin əri yedək arabasında, cənazənin yanında büzüşüb oturmuşdu. Gündən qamaşan gözlərini qıyır, hərdənbir də ətrafa baxırdı. Bu vecsiz əyyaş bu dəfə özünü kişi kimi apardı. Dilinə bir damcı da içki vurmadı. Çalışdı ki, hər işə əl yetirsin, meyit yerdən götürüləndə də can-dildən çalışır, çiynini cənazənin altına verirdi. Yedigey ona dəvədə tərkinə minməyi təklif eləyəndə o etiraz etdi. “Yox, – dedi, – mən qayınatamın yanında oturub axıracan öz borcumu verəcəm”. Bu, Yedigeyə də, boranlılara da xoş gəldi. Yola düşəndə hamıdan bərk, hamıdan çox ağlayan da elə o oldu, yedək arabasında oturub, elə hey bir ucdan yumub tökürdü. “Nə bilmək olar, birdən ağla gəlib bu zəhrimar içkini tərgitdi-tərgitdi də? Ayzadə üçün də, elə uşaqları üçün də xoşbəxtlik olardı”, – Yedigey ümidlə fikirləşdi.
Bu kimsəsiz çöllərdə qotazlı tərliklə bəzədilmiş dəvəyə minmiş Yedigeyin başçılıq elədiyi bu balaca və qəribə matəm qafiləsini “Belarus” markalı təkərli ekskavator tamamlayırdı. Onun kabinəsindəsə Ədilbəylə Cümaəli gedirdi. Qapqara zənciyə oxşayan Cümaəli sükanda oturmuşdu. Bu maşınla o, adətən, müxtəlif yol işlərində işləyirdi. Boranlıya da gəldiyi çox deyildi, burada bənd alıb-almayacağını da indidən demək çətindi. Boyu yanında oturan Caydaq Ədilbəyin çiyninə ancaq çatırdı. Yol uzunu onlar nə barədə isə şirin söhbət eləyirdilər. Sağ olsun razyezdin rəisi Osman. İmkanında olan bütün texnikanı dəfn mərasimi üçün o vermişdi. Razyezdin cavan rəisi düz fikirləşmişdi bu uzunluqda yol gedib, bellə-kürəklə yer qazmağa vaxt sərf eləsələr, axşama qayıda bilməzdilər. Axı qəbir dərin qazılmalıdır, üstəlik, qıyqac vurmaq lazım gələcək, yerli müsəlman adətinə görə qəbir lazımi dərinlikdə qazılandan sonra meyiti qoymaq üçün ümumi çalanın böyründən qıyqac şəklində, dərinliyə getmək şərtiylə yer qazılmalıdır.
Başdan bu təklif Boranlı Yedigeyə birtəhər göründü, heç ağlına da gəlməzdi, kim isə əllə yox, ekskavatorla qəbir qazmaq fikrinə düşsün. Bu söhbət vaxtı Osmanın qənşərində oturub, alnını qırışdıraraq fikirləşdi. Amma Osman çıxış yolu tapıb, qocanı inandıra bildi.
– Yedigey, mənim sözümə qulaq as. Əvvəlcə əllə qazın. Məsələn, deyək ki, bir bel ağzı qədəri. Dalını ekskavatorla… Sarı-Özək torpağı daş kimi bərk olur, bunu özünüz yaxşı bilirsiniz. Ekskavatorla lazım olan qədər götürərsiz, sonra əyri-üyrüsünü əllə düzəldib, necə deyərlər, tamam elərsiniz.
Həm vaxta qənaət olar, həm də adət öz qaydasında qalar…
Bax, indi Sarı-Özəyin dərinliklərinə getdikcə Yedigey görürdü ki, Osmanın məsləhəti həm ağıllı, həm də yararlı məsləhətmiş, hətta təəccüb elədi ki, bu, onun öz ağlına niyə gəlməyib. Allah qoysa, Ana-Beyitə çatan kimi işlərini elə belə də görərlər, hə, elə edərlər – qəbiristanlıqda mərhumu üzü qibləyə qoymaq üçün münasib bir yer seçib özləriylə yedəkdə gətirdikləri bellə, külünglə bir az qazandan sonra ekskavatoru buraxıb lazımi dərinliyi götürərlər, aşağıda, böyürdən – qıyqac qazanağını meyitin qoyulacaq yeri isə əllə qazarlar.
Onda iş həm tez başa gələr, həm də adət xilafına olmaz.
Onlar beləcə Sarı-Özəklə irəliləyir, gah dikdirlərdə sıralanır, gah da gen çökəklərin dibində görünməz olur, yenidən uzaq düzənliklərə çıxırdılar – qabaqda dəvə üstündə Boranlı Yedigey, dalınca yedəkli traktor, yedəkdən sonra, lap arxada böcəyə bənzər, kələ-kötür, qollu-budaqlı, qabağında buldozer bıçağı, arxasında ağzı çevrilmiş çalovu olan “Belarus” ekskavatoru gedirdi.
Yedigey çevrilib axırıncı dəfə gözdən itməkdə olan razyezdə baxanda kürən köpək Culbarsı görüb çox təəccübləndi – köpək dəstənin böyrüylə çox işgüzar bir görkəmlə asta-asta qaçırdı. Bu, nə vaxt bizə bənd olub? Pay səni, bir işə bax! Boranlıdan çıxanda axı gözə heç dəymirdi. Bilsəydi ki, belə əməl çıxardacaq, əvvəldən tutub bağlayardı. Sən bir heyvanda bicliyə bax! Görən kimi ki, Yedigey Qaranərə minib yola çıxmağa hazırlaşır, o saatca fürsət tapıb onlara qoşulardı. Elə indi də, elə bil, yerdən çıxmışdı. “Eh, qoy gəlsin”, – deyə Yedigey daha əhəmiyyət vermədi. Onu geriyə qovmaq gec idi, bir də itə vaxt sərf eləməyinə dəyməzdi. Gəlir, qoy gəlsin… Elə bil, sahibinin fikrini duyan köpək traktoru ötdü, azacıq qabaqda, Qaranərin böyrü ilə yeridi. Yedigey onu qamçının dəstəsiylə hədələdisə də, it heç vecinə də almadı. Yəni iş işdən keçib, hədələməyindən nə fayda! Bir də axı onun nəyi əskikdi ki, belə bir işə yaxın qoymayaq! Döşlü, pırtlaşıq qıllı, möhkəm boyunlu, kəsik qulaqları, sakit, ağıllı gözləri olan kürən Culbarsın da öz gözəlliyi, öz sanbalı vardı.
Bunlarla yanaşı, Ana-Beyit yolunda Yedigeyin başından min cür xəyal keçirdi. üfüqdən boylana-boylana ötən dəqiqələri ölçən günəşə baxdıqca olub-keçənləri yada salır, varavurd eləyirdi. O günləri yadına salırdı ki, Qazanqapla cavan, zorbiləng vaxtlarıydı, əslinə qalsa, razyezdin daimi, həm də əsas işçiləriydilər, çünki başqaları Boranlıda çox da bənd almırdılar, hamısı gəldi-gedərdilər. Amma onlar nəfəs dərməyə də vaxt tapmırdılar, ona görə ki, istəsən də, istəməsən də heç nə ilə hesablaşmadan, razyezddə nə iş çıxırdısa, gərək, hamısının öhdəsindən gələydilər. İndi bu barədə danışmaq olmur, cavanlar gülür: “Qoca sarsaqlar, canınızı çürütmüsüz… Axı nəyin xatirinə?” Doğrudan da, axı nəyə görə? Deməli, bir səbəb varmış…
Bir dəfə yolları qar basanda əl-əl üstə qoymadan, iki gün dalbadal qar təmizlədilər. Axşamları parovoz faralarıyla işıq salırdılar ki, işlədikləri yeri görə bilsinlər. Qar da ki tökür, tökür… Bir yandan da külək – bu yandan yığırsan, o yanı doldurur. Soyuq da deməklə başa gəlməz. Soyuqdan əlin, üzün şiş gətirir. Arada beş dəqiqəliyinə parovoza çıxıb qızınırsan, yenə qayıdırsan – Sarı-Özəyin bu əncamsız işinə. Hətta parovozun özü də təkərlərin üstünəcən qar içində olurdu. Təzə gələn işçilərdən üçü elə ikinci gün əkildi. Özləri də ağıllarına gələn nə söyüş varsa, Sarı-Özəyin gün-güzəranına yağdırdılar. Biz, dedilər, dustaq deyilik, lap türmənin özündə də yatmağa imkan verirlər. Bax, beləcə duruş gətirə bilməyib, səhəri qatarlar hərəkətə gələndə bizi fitə basıb xudahafizləşdilər:
– Ey, sarsaqqulu, boğazına biləyim!
Ona görə yox ki, bu gəldi-gedər dil pəhləvanları gedəndə onları söymüşdülər, yox, iş elə gətirdi ki, həmin o qar basqını günü Qazanqapla vuruşmalı oldular. Hə, belə şey də olmuşdu. Gecəni işləmək heç cür mümkün olan şey deyildi. Qar səpələyir, külək də ki qudurmuş it kimi hər tərəfdən hücum çəkib iliyə işləyirdi. Küləkdən baş soxmağa bir yer yoxdu. Parovoz buxar buraxırdı, ancaq nə fayda, buxar donub duman olurdu. Faralar da qaranlıqda güclə işarırdı. O üç nəfər gedəndən sonra onlar dəvələrə qoşulmuş vəllə qarı daşımağa başladılar. İki dəvə qoşulmuşdu. Bu qiyamətdə çəkmirdilər, heyvanlar neyləsin, heyvanın da canı var da! Yolun qırağında qar sinəyə qədər qalxırdı. Qazanqap dəvənin üst dodağına bağlanmış ipi dartırdı, Yedigey də vəlin arxasından qamçılayırdı. Beləcə gecə yarıya kimi əlləşdilər. Sonra dəvələr qarın içinə yıxıldılar, öldür, tərpənmək istəmirdilər, tamam taqətdən düşmüşdülər. Neyləmək olardı? İşə ara verib havanın düzəlməyini gözləmək lazımdı. Onlar küləkdən daldalanmaq üçün parovozun yanında durmuşdular.
– Bəsdir, Qazakə, çıxaq parovoza, sonrasına baxarıq, görək, hava nə cür olur, – deyə Yedigey buz bağlamış əlcəklərini bir-birinə vura-vura söyləndi.
– Hava necə var, elə də olacaq. Onsuz da yolu təmizləmək bizim işimizdir. Gəl kürəklə işləyək, gözləməyə haqqımız yoxdur.
– Əşi, qoy görək, biz adam-zad deyilik?
– İndi adam olmayan canavar kimi vəhşilər-zadlar yuvaya təpilib gizləniblər.
– Ay səni, əclaf! – Yedigey özündən çıxdı. – Səndən ötrü gəbərsək də bəsdi, elə özün də burada gəbərəcəksən! – deyib onun ənginə bir yumruq ilişdirdi.
Tutaşdılar və bir-birinin ağız-burnunu qana boyadılar. Hələ yaxşı ki, ocaqçı parovozdan düşüb onları araladı.
Bəli, Qazanqap belə Qazanqap idi. İndi belə adam hanı! Daha Qazanqaplar qalmayıb, axırıncısını da aparırlar basdırmağa. Bircə o qalıb ki, bir-iki vida sözü deyib, mərhumu tapşırsınlar torpağa, vəssalam, amin!
Boranlı Yedigey belə fikirləşə-fikirləşə adda-budda unutduğu duaları öz-özünə təkrar edirdi ki, sözlərin səfini yadına salsın, Allaha xitab olunan fikir ardıcıllıqlarını yaddaşında bərpa etsin, çünki ancaq o, yeganə, naməlum və gözəgörünməz qüvvə əvvəlin axırla, həyatın ölümlə barışmazlığını insan şüurunda barışdırmağa qadir idi.
Görünür, dualar elə bunun üçün yaradılıb. Axır buradan Allaha səs çatdıra bilməzsən ki, soruşasan, nə üçün yaşadırsan ki, öldürəsən? Dünya bina olunandan bəşər övladı belə yaşayır razı olmasa da, barışır. Bu dualar da o günlərdən necə var, eləcə də qalıb, onlarda elə eyni sözlər deyilir, insanam deyən özünü boş yerə üzməsin, təsəlli tapsın. Qızıl külçəsi kimi min illərdən bəri cilalanan bu sözlər dirilərin ölü üstündə deyəcəkləri son və axır sözlərdir. Adət belədir.
Bir də onu fikirləşirdi ki, fərqi yoxdur, Allahın varlığından və ya yoxluğundan asılı olmayaraq, insan deyilən şəxs, nalayiq olsa da, onu əksər vaxtlarda ancaq işi dara düşəndə yad eləyir. Görünür, elə buna görə də deyiblər ki, allahsızın başı ağrımırsa, Allahı da yada salmaz. Bu, belədir, ya qeyri-belə, hər halda namazı, duanı bilmək lazımdır.
Traktorda gedən cavan yol yoldaşlarına baxanda Boranlı Yedigey mütəəssir olub, səmimiyyətlə heyifsiləndi – onlardan heç biri nə dua bilirdi, nə də kəlmeyi-şəhadət. Bəs bu binəvalar bir-birlərini necə dəfn eləyəcəklər? Həyatdan gedəni hansı sözlərlə yola salacaqlar? “Proşşay, tovariş, budem pomnit?” Ya da buna bənzər başqa cəfəng bir şey?
Necə olmuşdusa, bir dəfə vilayət şəhərində dəfn mərasimində iştirak etmişdi. Boranlı Yedigey mat-məəttəl qalmışdı elə bil, qəbiristanlıq deyil, iclasdı. Mərhumun cənazəsi qabağında hamı əli kağızlı çıxış eləyir, hamısı da eyni şeyləri danışırdı – nə işdə olub, hansı vəzifələrdə işləyib və necə işləyib, kimə qulluq eləyib və necə qulluq eləyib, sonra da musiqi çalıb qəbrin üstünü əklillərlə ört-basdır elədilər. Birinin də dərrakəsi çatmadı ki, insanların əsrlərdən bəri ölüm-dirim növbəsi haqqındakı biliyin zirvəsi olan dualarda deyilənlər kimi, bir söz desin, elə bil, dünyada indiyənəcən ölən olmamışdı, bundan sonra da olmayacaqdı. Bədbəxtlərin hamısı ölməz adamlardı! Gözgörəsi həqiqətin ziddinə olaraq elə belə də deyirdilər: “O əbədiyyətə qovuşdu!”
Yedigey bu yerlərə yaxşı bələddi. Həm də ki Boranlı Qaranərin üstündə olduğu üçün hündürdən, qabaqda nə vardısa hamısını uzaq məsafədən yaxşı görürdü. O, elə çalışırdı ki, Ana-Beyitə gedən çölləmə yolu mümkün qədər kəsə götürsün, bircə o vaxt yan gedirdi ki, traktorlar çala-çuxura düşməyib rahat keçsin. Hər şey əvvəldən nəzərə alındığı kimi gedirdi. Az getsələr də, üz getsələr də, hər halda, yolun üçdə birini keçmişdilər… Qaranər yorulmaq bilmədən löhrəm yerişlə, sahibinin istədiyi yerişlə yeriyirdi. Onların arxasınca yedəkli traktor tırıldayır, yedəyin arxasınca də təkərli “Belarus” ekskavatoru gəlirdi.
Ancaq qarşıda onları əvvəlcədən nəzərə alınmamış bir hadisə gözləyirdi, qarşılaşacaqları bu vəziyyətin, nə qədər gözlənilməz səslənsə də, Sarı-Özək kosmodromunda baş verən hadisələrlə bir bağlılığı vardı…
“Konvensiya” təyyarədaşıyan gəmisi həmin vaxtda öz həmişəki yerində, Sakit okeandakı Aleut adalarının cənubunda, Vladivostokla San-Fransisko şəhərləri arasındakı hava yolunun tən ortasında dayanmışdı.
Okeanda hava dəyişməmişdi. Günün birinci yarısında günəş ara vermədən gözqamaşdırıcı şüaları ilə nəhayətsiz suların ləpələrində bərq vurmaqda idi. Tərtəmiz üfüqdə havanın korlana biləcəyi barədə bir əsər-əlamət yoxdu.
Təyyarədaşıyan gəmidə xidmətçi bölmələr son dərəcə gərgin vəziyyətdə idi – hava nəqliyyatı və daxili təhlükəsizlik qrupu da daxil olmaqla hamı ayıq-sayıq durmuşdu, hərçənd ki, ətraf mühitdə buna səbəb ola biləcək heç bir konkret faktiki səbəb yox idi. Bu səbəblər kosmosdan kənarda idi.
“Tramplin” orbiti vasitəsilə Meşəlidöş planetindən paritet-kosmonavtların “Konvensiya”ya verdikləri məlumat Biridamərkin rəhbərlərini və xüsusi səlahiyyətli komissiyanın bütün üzvlərini çaşqınlıq içində qoymuşdu. Çaşqınlıq elə güclü və təsirliydi ki, hər iki tərəf əvvəlcə ayrı-ayrılıqda yığıncaq keçirməyə məcbur oldu ki, hər şeydən əvvəl, baş vermiş vəziyyəti öz şəxsi maraq və mövqeləri baxımından aydınlaşdırandan sonra birgə yığıncaqda ümumi bir qərara gələ bilsinlər.
Bəşər tarixində baş vermiş misilsiz kəşfdən dünyanın hələ xəbəri yoxdu – dünya Yerdənkənar Meşəlidöş planetindəki sivilizasiyadan xəbərsizdi. Hətta tərəflərin hökumətləri ciddi məxfiliklə xəbərdar olunsalar da, işin hansı istiqamətdə getdiyini bilmirdilər. Səlahiyyətli komissiyaların ümumi bir razılığa gəlməyini gözləyirdilər. Təyyarədaşıyan gəminin hər yerində ciddi bir rejim qoyulmuşdu – heç kim, hava nəqliyyatı da daxil olmaqla, öz yerini tərk eləyə bilməzdi. Heç kim bir səbəb-bəhanə ilə gəmidən kənara çıxa bilməz, heç bir başqa gəmi də “Konvensiya”ya əlli kilometrdən artıq yaxınlaşa bilməzdi. Bu yerlərdən uçan təyyarələr öz istiqamətini dəyişməliydilər ki, təyyarədaşıyan gəmiyə üç yüz kilometrdən artıq yaxınlaşmasınlar.
Beləliklə də, tərəflərin ümumi yığıncağı işini dayandırdı, hər komissiya öz tərəfindən olan “Demiurq” proqramının müştərək rəhbərilə birlikdə elm aləminə məlum olmayan Meşəlidöş planetindən 1-2 və 2-1 paritet-kosmonavtların verdikləri məlumatın müzakirəsinə başladılar.
Onların sözü ağlabatmaz bir astronomik uzaqlıqdan gəlmişdi:
Dinləyin, dinləyin!
Biz, Yer üçün transqalaktik verilişə başlayırıq!
Yerdə adət elədiyimiz adları olmayan şeyləri izah etmək çətindir. Hər halda, ümumi cəhətlər çoxdur.
Onlar insanabənzər məxluqdurlar, əslində, elə bizim kimi adamlardır! Eşq olsun dünya evolyusiyasına! Elə burda da evolyusiya hominid modelini universal prinsiplər əsasında yaratmışdır! Bu hominidlər kənar planet sakinlərinin gözəl nümunələridir! Dəriləri qarabuğdayıdır, göyümtül saçları, yasəməni-yaşıl gözləri, ağappaq sıx kirpikləri var.
Bizim orbital stansiya ilə birləşəndə onları tamam şəffaf skafandrlarda gördük. Onlar gəminin dal tərəfində dayanıb təbəssümlə baxır, bizi öz yanlarına dəvət eləyirdilər.
Biz də bu sivilizasiyadan başqa bir sivilizasiyaya qədəm qoyduq.
Vintvari uçuş aparatı orbital stansiyadan ayrıldı, biz zaman axınını yenərək işıq sürətilə hərəkət eləsək də, faktik olaraq gəminin içində bunu hiss etmir, Kainatın içərilərinə doğru irəliləyirdik. Nəzərimizə birinci çarpan bu oldu ki, çəkisizlik şəraiti yox idi, bu da gözləmədiyimiz halda, vəziyyətimizi xeyli yüngülləşdirdi. Buna nə yolla nail olduqlarını hələlik izah eləyə bilmərik.
Rus və ingilis sözlərinin qarışığından ibarət olan ilk cümlələri bu oldu: “Vel kom naş zvezda!” Biz onu da başa düşdük ki, lazımi qədər cəhd göstərsək, fikir mübadiləsi eləyə bilərik. Bu göyümtül saçlı varlıqlar hündürdürlər, iki metrə yaxın boyları var, beş nəfərdir: dördü kişi, biri qadın. Qadın onlardan boyuna görə yox, zərifliyinə və dərisinin nisbətən ağlığına görə fərqlənirdi. Göyümtülsaçlı meşəlidöşlülərin hamısı qarabuğdayıdırlar, bizim məğrib ərəbləri kimi. İlk dəqiqələrindən bizdə onlara qarşı inam yaranmışdı.
Onlardan üçü uçan aparatın pilotu, kişilərdən biri və qadın isə Yer dillərinin mütəxəssisiydilər. İlk dəfə məhz onlar radio verilişlərini tutmaq yolu ilə ingilis və rus sözlərini öyrənib sistemləşdirmiş, Yer sözlüyü yaratmışlar… Biz görüşdüyümüz vaxta kimi onlar artıq iki min beş yüzdən çox söz və istilahların mənasını öyrənə bilmişlər. Onlarla ünsiyyətimiz elə bu linqvistik ehtiyatın köməyi ilə başlandı. Onlar özləri bizim qətiyyən başa düşmədiyimiz bir dildə danışırlar, ancaq ahəngindən bu, ispan dilini xatırladır.
“Paritet”i tərk elədiyimizdən on bir saat sonra biz artıq Günəş sisteminin hüdudlarından çıxdıq.
Öz ulduz sistemimizdən çıxıb başqa birinə köçməyimiz bilinmədi, demək olar ki, fərqinə varmadıq. Kainatın materiyası hər yerdə eynidir. Ancaq qarşıda istiqamət götürdüyümüz kursda (görünür, o anda sistemdən kənar cisimlərin düzülüşü və vəziyyəti eləymiş), tədricən işıqlanan al şəfəqlər gördük. Bu şəfəqlər getdikcə artıb genişlənir, uzaqlarda sonsuz bir işıq dəryası yaradırdı. Bu zaman biz yolüstü bir neçə planetin yanından keçdik, onların bir tərəfi qaranlıq, digər tərəfisə işıqlıydı. Görə bildiyimiz genişlikdə çoxlu günəşlər və aylar var idi.
Biz, elə bil ki, gecədən çıxıb gündüzə düşmüşdük. Birdən-birə sonu, nəhayəti olmayan, gözqamaşdırıcı, təmiz işıq aləminə daxil olduq, bu işıq seli birinci dəfə gördüyümüz bu göydə nəhəng və qüdrətli bir Günəşdən gəlirdi.
– Biz öz qalaktikamızdayıq! Baxın, işıq saçan bizim Cazibdir! Tezliklə Meşəlidöş də görünəcək! – dilçi qadın məlumat verdi.
Həqiqətən, yeni kosmik fəzanın ağılkəsməz yüksəkliyində bizim üçün yeni olan Cazib adlı günəşi gördük. Özünün şüalanma gücü, ölçüsünə görə Cazib bizim Günəşdən çox-çox böyük idi. Yeri gəlmişkən deyək ki, bu dünyada rast gəldiyimiz bir sıra geobioloji keyfiyyətlərin bizim dünyadan fərqini məhz buradakı günəşin bu xüsusiyyəti, Meşəlidöş sutka uzunluğunun iyirmi səkkiz saata bərabər olması ilə izah etmək fikrindəyik.
Ancaq bunlar haqqında biz çalışıb gələn dəfə, ya da “Paritet”ə qayıdanbaş məlumat verərik, hələlik isə ötəri də olsa, bir neçə vacib xəbər vermək istəyirik. Meşəlidöş planeti yüksəkdən baxanda bizim Yeri xatırladır, eynilə bizimki kimi atmosfer buludlarıyla əhatə olunub. Planetə beş-altı min metr qalmış, meşəlidöşlülər bizim üçün ümumi tanışlıqdan ötrü planet ətrafında xüsusi dövrə vurdular, bu, görünməmiş bir gözəllik aləmiydi: dağlar, silsilələr, təpələr, yamaclar yaşıllıq içindəydi. Onların da arasında çaylar, göllər, dənizlər… Amma planetin bir neçə yerində, əsasən, qütblər ətrafında həyat nişanı görünməyən, başdan-başa toz-tufan içində qalmış səhralar görünür. Bizə ən çox təsir göstərən yaşayış yerləri, bir də şəhərlər oldu. Meşəlidöşün ümumi landşaftı içində bu konstruktor qurğuları hədsiz inkişaf eləmiş urbanizasiyadan xəbər verirdi. Hətta Manxattan yarımadasındakı ecazkar şəhər belə bu planetin göyümtülsaçlı sakinlərinin şəhər salmaq bacarığı müqabilində heç bir müqayisəyə gələ bilməz.
Meşəlidöş məxluqatı, bizim anladığımıza görə, Kainatda şüurlu varlığın xüsusi bir fenomenidir. Hamiləlik dövrünü Meşəlidöşün on bir ayı ərzində keçirirlər. Çox uzun ömür-gün sürsələr də, onlar belə hesab eləyirlər ki, cəmiyyətin ən vacib, təxirəsalınmaz problemi və fikri, cəhdi ömrün uzadılmasıdır. Onlar orta hesabla yüz otuz-yüz əlli il ömür sürürlər, ara-sıra iki yüzü də haqlayan olur. Planetin sakinlərinin sayı on milyarddan artıqdır.
Göyümtülsaçlıların həyat tərzi barədə, bu sivilizasiyanın nailiyyətləri barədə, azacıq da olsa, sistemli şəkildə məlumat vermək imkanında deyilik. Odur ki, fraqmentar şəkildə bizi ən çox valeh eləyən şeylər barədə danışırıq.
Günəşdən, daha doğrusu, Cazibdən enerji alıb onu istilik, ya da elektrik enerjisinə çevirə bilirlər, özü də bizim hidrotexniki üsulumuzdan qat-qat artıq faydalı iş əmsalı alırlar, bundan daha mühüm olanı gecə ilə gündüzün hava temperaturu fərqindən enerji sintezləndirməsidir.
Onlar iqlimi tənzim eləməyi də öyrəniblər. Biz planet üzərində ümumi tanışlıq uçuşu keçirəndə uçuş aparatı şüalanma yolu ilə bəzi yerlərdə həddən çox yığılmış duman və bulud topalarını bircə anda dağıda bildi. Biz bunu da öyrəndik ki, onlar hava axınına, həmçinin dəniz və okeanlarda suyun axarına da təsir göstərməyi bacarırlar. Bu yolla da planet üzərindəki nəmişliyi və hava temperaturu rejimini lazımi qaydada saxlaya bilir, hətta cazibə qüvvəsini də idarə etməyə nail olublar ki, bu da onlara ulduzlararası uçuşlarda kömək eləyir.
Lakin onların qabağına böyük bir problem çıxıb, zənnimizcə, Yer üzərində hələ belə şeylə qarşılaşmamışıq. Onlar quraqlıqdan əziyyət çəkmirlər, çünki iqlimi də idarə edə bilirlər. Ərzaq məhsulları istehsalında qıtlıq deyilən şeydən də hələlik xəbərləri yoxdur. Özü də belə bolluğa, əhalisi Yerdəki insanların sayından iki dəfə yarım çox olan bir yerdə nail olmuşlar. Amma planetin xeyli ərazisi tədricən yaşayış üçün yararsız hala düşür. Belə yerlərdə canlı nə varsa, tələf olub gedir. Bu hadisə daxiliqurma adlanan prosesin nəticəsidir. Biz ümumi tanışlıq uçuşunda Meşəlidöşün cənub-şərq tərəfində tozanaq tufanları gördük. Planetin daxilində baş verən hansı qorxunc reaksiya nəticəsindəsə, çox ola bilsin ki, bu, bizim vulkanik proseslərə bənzər bir şeydir, ancaq, deyəsən, bu, tədriclə davam edən yayılmış şüa püskürməsi növüdür, torpağın üst qatı dağılıb-pozulur, dənəvərliyini itirir, torpaq yaradan bütün ünsürlər yanıb zay olur. Meşəlidöşün bu yerindəki Saxara böyüklükdə olan bir səhra ilbəil, addımbaaddım genişlənərək, göyümtülsaçlı planet sakinlərinin yaşayış yerlərini tutur. Bu, onlardan ötrü ən böyük fəlakətdir. Onlar planetin dərin qatlarındakı prosesləri idarə eləməyi hələlik öyrənə bilməyiblər. Bu qorxunc daxiliqurma prosesi ilə mübarizə üçün ən yaxşı qüvvələr səfərbər olunmuş və maddi vəsait ayrılmışdır. Onların ulduzlar sistemində Ay yoxdur, amma bizim Aydan xəbərləri var, orada olublar. Onların fikrincə, bəlkə, bizim Ay da buna bənzər prosesin qurbanı olub. Bunu eşidəndə biz bir az fikrə getdik, axı Ay Yerdən o qədər də uzaqda deyil. Belə bir fəlakətlə qarşılaşmağa biz hazırıqmı?
Bunun zahiri, eləcə də daxili nəticələri nə cür ola bilər?
Görəsən adamlar bunun qeydinə qalacaqlarmı ki, Yer üzündə ardı-arası kəsilməyən çəkişmələr nəticəsində özlərinin intellektual inkişafında çox şey itiriblər?
Hazırda Meşəlidöşün elm aləmində ümumplanet əhəmiyyətli mübahisələr gedir – bu daxiliqurma prosesinin sirlərini öyrənib, potensial fəlakətin qarşısını almağa cəhd göstərsinlərmi, ya da vaxt varkən Kainatda öz həyat tələblərinə cavab verən başqa bir planet tapıb, kütləvi surətdə köç eləsinlər; beləliklə də, Meşəlidöşdəki sivilizasiyanı ora köçürüb bərpa etsinlər? Hələlik bu da aydın deyil ki, onlar nəzərlərini hara və hansı planetə yönəldiblər. Göründüyü kimi, planetin indiki vəziyyətində onları heç bir təhlükə-filan gözləmir, burada hələ milyon illər qayğısız ömür-gün keçirmək mümkün olduğu halda, təəccüblüsü budur ki, elə əl-ayağa düşüb narahat olurlar ki, sanki, belə bir uzaq gələcək fəlakətinin birbaşa indiki əhaliyə aidiyyəti var. Yəni, doğurdanmı, heç kimin beynində belə bir xəbis fikir olmayıb. “Eh, mən öləndən sonra qoy nə olur olsun?!” Biləndə ki, ümumi maddi nemətlərin xeyli hissəsi bu daxili quruma prosesinin qarşısını almaq üçün ayrılıb, bizim özümüzün ürəyindən buna bənzər bir fikir keçdi, utanıb xəcalət çəkdik. Onlar bunun qarşısını almaqdan ötrü bir neçə min kilometr uzunluqda maneə xətti çəkməyə cəhd göstərirlər. Bu xətt, günü-gündən genişlənib böyüyən bütün ölü boşluqlar sərhədi boyunca uzanmalıdır, bunu buruqlar qoyaraq hədsiz dərin quyular qazıb, yerin təkinə uzunmüddətli təsir göstərən neytrallaşdırıcı maddələr yeritmək istəyirlər, onların fikrincə, bu, planetin nüvəsində gedən daxili reaksiyalara lazımi təsir göstərə biləcəkdir.