Kitabı oku: «Seçilmiş əsərləri», sayfa 9
Həmin gecə yola çıxmaq ərəfəsində bir neçə dəfə yurddan bayıra çıxmışdı. Fikrini qətiləşdirmək üçün uzun-uzadı baxıb ətrafa qulaq verirdi. Gecəyarısı Ay buludsuz səmada lap zilə çəkilib yeri rəvan, solğun süd rənginə boyamışdı. Orada-burada, təpələrin döşündə salınmış ağ yurdlar çayın qırağında gecələməyə qonmuş iri ağ quş dəstələrinə bənzəyirdi. Aul tərəfdən qoyun-quzu ağıllarının yerləşdiyi, bir az o yana ilxıların otladığı çökəkliklər tərəfdən it səsi, adam həniri gəlirdi. Amma Nayman-Anaya hər şeydən çox təsir eləyən aulun yaxın tərəfindəki ağılların yanında oyaq qalan qızların nəğmə ilə səsləşməsiydi. Elə özü də vaxtilə bu mahnılardan oxumuşdu… Onu bura gəlin gətirəndən hər il yayda bu yerlərə köçərdilər. Ömrü buralarda keçmişdi: ailələri böyük olanda, burada dörd yurd qurardılar, birini mətbəx üçün, birini qonaq üçün, ikisini də özləri qalmaq üçün, sonrakı illər də yadındadır, juanjuanların basqınından sonra yurdların biri qalmışdı…
İndi o da bu tənha yurdu tərk eləyirdi… Hələ axşamdan yol tədarükü görmüşdü. Yemək və su ehtiyatı götürmüşdü. Suyu lap çox eləmişdi. İki tuluq doldurmuşdu ki, birdən Sarı-Özək yerlərində quyu tapmaq vaxt istər… Axşamdan Ağmayanı alıqlayıb yurdların yaxınlığında bağlamışdı. Bu maya dəvə onun həm yoldaşı, həm də ümidiydi. Ağmayanın gücünə, yerişinə arxalanmasaydı, Sarı-Özəyin əldən-ayaqdan uzaq yerlərinə baş vurardımı! İki qarın doğandan sonra o il Ağmaya qısır qalmışdı. Arqaz, uzunpaça, ağır yük və qocalıqdan yastılanıb yayılmış, yumru, möhkəm kündəli, möhkəm qoşadonqarlı, arıq əzələli boynu üzərində ucalan qəşəng biçimli başı, yeriş vaxtı havanı ciyərinə çəkən kəpənək qanadları kimi titrək və yüngül pərəli Ağmaya bir sürü dəvəyə dəyərdi. Ömrünün gümrah çağında belə yüyürək dəvəyə sürüdə böyüyüb boya dolmuş onlarca cavan dəvə verirdilər ki, belə mayadan nəsil artırsınlar. Bu qızıl maya Nayman-Ananın olan-qalanıydı, keçmiş var-dövlətindən bircə bu dəvə qalmışdı. Qalan nə vardısa hamısı əl çirki kimi yuyulub getmişdi. Borclar, şəhidlərin qırxına, ilinə verilən ehsanlar… Dalağı sancdığı üçün, dözülməz qüssə-kədər içində axtarmağa getdiyi oğlunun bu yaxınlarda axırıncı ehsanı verilmişdi. Xeyli adam yığılmışdı – ətraf mahalın bütün naymanları axışıb gəlmişdi.
Sübh açılanda Nayman-Ana yurddan yola hazır çıxdı.
Kandarı adlayıb qapıya söykəndi, fikrə getdi, aulu tərk eləməmiş ətrafı diqqətlə süzdü. Hələ keçmiş gözəlliyini itirməmiş, qəddi-qamətini saxlayan Nayman-Ana uzaq səfərə çıxdığı üçün qayda-qanunla qurşaqlanmışdı. Çaxçurun üstündən uzunboğaz çəkmələr geymişdi, paltar üstdən arxalıq, çiynində də gen, sallanan örtük vardı. Başına da ağ dolayıb uclarını boynunun dalında düyünləmişdi. Ana gecə fikirlərində belə qərara gəlmişdi. “İndi ki oğluyla görüşə hazırlaşır, daha matəm libası nəyə lazım?!” Arzu-kamına çatmasa, başına həmişə qara bağlaya bilər. Səhərin ala-toranı ananın ağ birçəklərini və sifətindəki dərin kədər əlamətini gizlədirdi – kədərli alnında dərin cığırlar salmış qırışlar bilinmirdi. O anda gözləri doldu, dərin bir ah çəkdi. Heç ağlına gələrdimi ki, belə-belə günlər görəcək! Sonra özünü ələ aldı, duanın birinci sözlərini pıçıldadı: “Lailahəilallah” (Allahdan başqa ilahi yoxdur) və qəti addımlarla dəvəyə yaxınlaşdı, dizlərini qatlayıb hıxladı. Nayman-Ana əlindəki heybələri tələsik alıxdan aşırıb dəvəyə mindi, səsləyib onu dikəltdi, dəvə qalxdıqca özüylə bərabər onu da əlyetməz hündürlüyə ucaltdı. Ağmaya indi başa düşdü ki, qarşıda səfər var…
Ona kənizlik eləyən qaynı arvadından başqa Nayman Ananın səfərə çıxdığından heç kimin xəbəri yox idi, qaynı arvadı da dalbadal əsnəyir, çox da fikir vermirdi, başqa ötürən-filan yox idi. Nayman-Ana hələ dünəndən ona demişdi ki, öz törkünlərinin, yəni öz ana qohumlarının görüşünə gedir, oradan da yol-yoldaşı zəvvar olsa, qıpçaq torpaqlarındakı Yassəvi pirini ziyarətə gedəcək…
O, səhər tezdən çıxdı ki, sorğu-sual eləyib başağrısı verən olmasın. Auldan bir xeyli aralandıqdan sonra Nayman-Ana dəvənin ağzını çevirdi irəlidə hərəkətsiz bir boşluq kimi görünən Sarı-Özəyə…
Qatarlar bu yerlərdə şərqdən qərbə, qərbdən şərqə də gedir…
Bu yerlərdə dəmiryolunun hər iki tərəfilə intəhasız Sarı-Torpaq çöllərinin göbəyi hesab olunan Sarı-Özək düzləri uzanıb gedir…
Coğrafiyada hər yer Qrinviç meridianından ölçüldüyü kimi, bu yerlərdə də bütün məsafələr dəmir yolu ilə müəyyən edilirdi.
Qatarlar şərqdən qərbə, qərbdən də şərqə gedirdi…
“Konvensiya” təyyarədaşıyan gəminin bortundan “Paritet” orbital stansiyasındakı nəzarətçi-kosmonavtlara bir şifrlənmiş radioqram da göndərildi. O radioqramda nəzarətçi-kosmonavtlara göstəriş verilirdi ki, Biridamərkin əmrini gözləsinlər və Günəşdənkənar Qalaktikada olan 1-2 və 2-1 paritet-kosmonavtlarla əlaqəyə girib onların orbital stansiyaya qayıtmaq vaxtını müəyyən eləməsinlər…
Okean dalğaları yarımfırtına gücündə çalxalanırdı. Təyyarədaşıyan gəmi dalğalar üstündə əməlli-başlı yırğalanırdı. Sakit okeanın dalğaları bu nəhəng gəminin böyrünə dəyib şappıltı ilə köpüklənirdi. Günəş yenə də okeanı başına götürüb ağappaq eləmiş sonsuz dalğalar üzərində parıldayırdı. Külək də rəvan nəfəs kimi axıb gedirdi.
“Konvensiya” təyyarədaşıyan gəmisində bütün xidmət bölmələri, o cümlədən, təyyarə bölməsi və dövlət mənafeyi təhlükəsizliyi bölməsi ayıq-sayıq, hazır vəziyyətdəydi.
Bir neçə gün idi ki, Ağmaya yeknəsəq inləmə kimi bir səslə, ayaqlarını asta bir xışıltıyla yerə toxunduraraq ucsuz-bucaqsız Sarı-Özəyin çökək düzənliyinə yorturdu, yiyəsi ona aman vermir, kimsəsiz qızmar çöllüklə haylayıb qovurdu. Yalnız gecələri dincəlirdilər… Səhər açılan kimi yenə də sövdəgərlərin nişan verdiyi yerə Malakumdıçap yarğanının yaxınlığında böyük dəvə sürüsünü, manqurt pasibanı axtarırdılar. O, ikinci gün idi ki, juanjuanlara rast gələcəyindən ehtiyat eləyərək Malakumdıçapın yaxınlığında hərlənirdi, amma nə qədər göz gəzdirirdisə, nə qədər gəzib-axtarırdısa, çöldən-düzdən başqa bir şey görmürdü, hara baxırdı gözaldadan ilğımlı sərabdır… Bir dəfə gördüyünə aldanıb məscidli, qalalı bir şəhərin divarlarına tərəf getmişdi. Bəlkə, oğlu bu şəhərin qul bazarındadır? Onda alardı oğlunu tərkinə, qovardı Ağmayanı, görüm, kim çata bilərdi arxadan?.. Səhrada halı ağırlaşdığı üçün gözünə belə şeylər görünürdü.
Söz yox, Sarı-Özəkdə axtarıb adam tapmaq asan iş deyil, belə yerdə adam qum zərrəsi kimi bir şeydir, yox, əgər o, düzə yayılıb otlayan böyük bir dəvə sürüsünün yanındadırsa, gec-tez qıraqda otlayan dəvələrdən birini görəcəksən, sonra da o biri dəvələri, axırda da gəlib çıxacaqsan pasibanın izinə. Nayman-Ananın ümidi buna idi.
Hələlik heç yanda belə bir şey görə bilməmişdi. Artıq şübhələnməyə başlamışdı ki, bəlkə, dəvələrin otlaq yerini dəyişiblər, bəlkə, daha pis, juanjuanlar o dəvələri satılmaq üçün Xivə, Buxara bazarlarına göndəriblər. Belə olsa, o pasiban elə uzaq yerlərdən, görəsən, bir də buralara qayıdarmı?.. Ana qüssə və şübhələr içində aullarından yola düşəndə bircə arzusu vardı oğlunu görə bilsin, qoy lap manqurt olsun, qoy yaddaşı olmasın, qoy ağlı bir şey kəsməsin, təki onun oğlu olsun, təki canı sağ, salamat olsun… Məgər, bu azdır! Amma Sarı-Özəyin dərinliklərinə getdikcə, bu yaxınlarda buradan karvanla keçmiş sövdəgərlərin dediyi pasibanın ola biləcəyi yerlərə yaxınlaşdıqca canını qorxu alırdı ki, birdən oğlunun yerinə beyni pozulmuş şikəst bir məxluq görəcək, onu vahimə üzüb əldən salırdı. Onda Allaha üz tutub yalvarırdı ki, o olmasın, onun oğlu olmasın, başqa bir bədbəxt olsun. Bircə məqsədi odur ki, manqurtu öz gözləriylə görüb inansın ki, şübhələri nahaqmış, bunu yəqin eləyəndən sonra, daha özünü üzməsin, qayıdıb taleyin əmrilə ömrünü başa vursun… Sonra yenə dərdi qövr eləyir, yenə deyirdi ki, yox, necə olur olsun, qoy öz oğlum olsun…
Belə münaqişəli hisslər içində qabağına çıxan alçaq təpələri aşıb düzə çıxanda birdən qarşısında geniş bir dərəyə yayılıb otlayan böyük bir dəvə sürüsü gördü. Şabalıdı dəvələr alçaq kolluq və tikanlığın arasında gəzir, kol və tikanların ucunu gəmirirdilər. Nayman-Ana əvvəlcə sevincindən nə edəcəyini bilmədi. Ağmayanı hayladı, sonra qorxdu, manqurt olmuş oğlunu görəcəyindən qorxdu. Sonra yenə sevinməyə başladı, daha sonra özü başa düşmürdü ki, nə halət keçirir.
Budur, sürü otlayır, bəs pasiban hanı? Buralarda olmalıdır. Və dərənin o başında adam gördü. Uzaqdan kim olduğu bilinmirdi. Əliçomaqlı pasiban yüklü minik dəvəsinin noxtasından tutub gözünəcən basdığı papağın altdan ona baxırdı.
Yaxınlaşıb oğlunu tanıyan Nayman-Ana özünü dəvənin belindən yerə necə atdığını bilmədi.
– Oğlum, oğul bala! – Elə bil, cəngəllik ayırırdı və ana özünü bu cəngəlliyə toxuyub oğlunun üstünə atıldı. – Səni axtarmaqdan əldən düşmüşəm! Mən sənin ananam!
Və birdən hər şeyi başa düşüb, acı bir dəhşətlə səyriyən dodaqlarını gəmirərək yeri təpikləməyə başladı, nə qədər çalışdı, özünü ələ alsın, özüylə bacara bilmədi. Özünü ayaqda saxlamaq üçün laqeyd dayanıb baxan oğlunun çiynindən bərk-bərk yapışıb hönkürtüylə ağladı, çoxdan bəri başının üstünü kəsdirmiş dərd indi sel kimi onu altına alıb basdırırdı. Və ağlaya-ağlaya göz yaşları ardından, yapıxıb üz-gözünə yapışan ağ saçları altından, yolun tozunu-çirkini üzünə yayan titrək barmaqları arasından oğlunun sifətinin tanış cizgilərinə baxır, yenə də oğlunun onu tanıyacağını zənn edir. Bu ümidlə onun nəzərlərini tutmağa çalışırdı. Burada çətin nə var axı – doğma ananı tanımağa nə var!
Di gəl ki onun gəlişi oğlana heç bir təsir göstərmədi, elə bil, buraların adamıymış, özü də Allahın var günü gəlib çöldə ona baş çəkirmiş, heç ağzını açıb bir soruşmadı ki, ay arvad, kimsən, niyə ağlayırsan? Bir an sonra pasiban onun əlini çiynindən götürüb, özünün yüklü minik dəvəsini çəkə-çəkə sürünün o başına getdi ki, görsün, oynaqlamağa başlayan cavan dəvələr sürüdən uzaqlaşmayıblar ki…
Nayman-Ana tərpənməyib yerində qaldı, çömbəlib üzünü əlləriylə örtərək xısın-xısın ağladı, başını qaldırmadan bir müddət bu vəziyyətdə qaldı. Sonra özünü toplayıb oğlunun yanına getdi, çalışdı ki, özünü sakit saxlasın. Manqurt-oğul heç bir şey olmamış kimi mənasız və laqeyd nəzərlərlə ona baxdı, gündən-küləkdən avazıyıb kösövə dönmüş üzgün sifətində nə isə təbəssümə bənzər bir şey işardı.
Ancaq heç nəyə heç bir maraq göstərməyən gözləri yenə də əvvəlki kimi tamam etinasızdı.
– Otur, danışaq, – deyə Nayman-Ana dərindən bir ah çəkdi.
Onlar yerə çökdülər. Nayman-Ana soruşdu:
– Məni tanıyırsan?
Manqurt başıyla “yox” dedi.
– Bəs adın nədir?
– Manqurt.
– Səni indi belə çağırırlar, əvvəlki adın yadındadır? Bir əsl adını yadına sal görüm…
Manqurt danışmırdı. Anası görürdü ki, o, adını yadına salmağa çalışır, qaşlarının arasında iri tər damcıları puçurlanır, gözləri də titrək duman içindədir. Amma, görünür, oğlan qalın bir divara rast gəlmişdi, divarı keçə bilmirdi.
– Bəs atanın adı nədir? Bəs özün kimsən, kimlərdənsən? Doğulduğun yeri, heç olmasa, bilirsənmi?
Yox, heç nə bilmir, heç nə xatırlamırdı.
– İlahi, gör səni nə günə salıblar! – deyə ana pıçıldadı, yenə də özündən asılı olmayaraq, dodaqları səyridi, ağrıdan, qəzəbdən, dərddən boğula-boğula hıçqırıb ağlamağa başladı, nə qədər çalışdısa da, özünü əla ala bilmədi. Ananın bu dərdi kədəri manqurta qəti təsir eləmirdi.
– Torpağı almaq olar, mal-dövləti almaq olar, lap adamın həyatını da almaq olar, – deyə ana söyləndi, – ancaq adamın hafizəsinə kim qəsd eləyə bilər, bunu kim fikirləşib tapıb?! Pərvərdigara, varsansa, bunu necə insanların beyninə salmısan? Məgər dünyada zülm-şər azdır?
Bax, elə o vaxt ana manqurt oğluna baxa-baxa Günəş, Allah və özü haqqındakı məşhur ağısını demişdi, o sözləri bilən adamlar Sarı-Özək əhvalatından söz düşəndə bunu indi də danışırlar… Bax, elə o anda bilənlərin indi də xatırladığı o məşhur oxşamasına belə başlamışdı:
Sarı-Özəyin sonsuz-ünsüz çöllərini başına götürən, bağrından qopan qəlbovutmaz, dərdsöndürməz ağılarını elə o vaxt demişdi…
Heyhat, heç manqurtun tükü də tərpənməmişdi.
Onda Nayman-Ana qərara gəldi ki, onun kim olduğunu ona soruşmaqla yox, təlqinlə başa salsın.
– Sənin adın Jolamandır. Eşidirsən? Sən Jolamansan. Atanın da adı Donenbaydı. Atan yadında deyil? Axı o, sənə hələ uşaqlıqdan ox atmağı öyrədərdi. Mən də sənin ananam, sən də mənim oğlum. Sən naymanlar qəbiləsindənsən, başa düşdün? Sən naymansan…
Ananın dediklərinə o, tam laqeydliklə qulaq asırdı, elə bil, bu sözlərin ona dəxli yoxdu. Yəqin, otluqda cırıldayan çəyirtkəyə də beləcə qulaq asardı.
Və onda Nayman-Ana manqurt oğlundan soruşdu:
– Bəs sən bura gəlməmişdən nələr vardı?
– Heç nə, – deyə manqurt cavab verdi.
– Gecəydi, ya gündüz?
– Heç nə, – manqurt eyni sözləri təkrar etdi.
– Kimnən danışmaq istəyirdin?
– Aynan. Ancaq biz bir-birimizi eşitmirik. Orada kimsə oturub.
– Sən daha nə istəyirdin?
– İstərdim ki, mənim də hörüyüm olsun, ağamınkı kimi.
– Qoy görüm onlar sənin başına nə iş gətiriblər?– deyə Nayman-Ana əlini onun başına uzatdı.
Manqurt kənara sıçrayıb çəkildi, əliylə papağından yapışıb daha anası tərəfə baxmadı. Arvad başa düşdü ki, başını heç vaxt oğlunun yadına salmaq olmaz.
Bu vaxt uzaqdan dəvəyə minmiş bir adam göründü. O yaxınlaşırdı. Nayman-Ana soruşdu:
– Bu, kimdir?
– Mənimçün yemək gətirir.
Nayman-Ana təşvişə düşdü. Yersiz, böyürdən çıxan bu juanjuan onu görməmiş tez çəkilib gizlənməliydi. O, tez dəvəsini hıxlayıb minə-minə oğluna xəbərdarlıq elədi:
– Ona heç nə demə. Mən tezliklə qayıdacağam.
Oğlu cavab vermədi. Onun heç vecinə də deyildi.
Nayman-Ana başa düşdü ki, dəvə üstdə sürü içindən keçməkdə səhv eləyib. Amma gecdi, əlbəttə, juanjuan ağ dəvə üstündə oturan adamı görə bilərdi. Gərək, otlayan dəvələrin arasıyla gizlənə-gizlənə piyada keçəydi.
Nayman-Ana otlaq yerindən xeyli uzaqlaşandan sonra qıraqlarını yovşan basmış dərin bir dərəyə girdi. Burada dəvəni dərənin dibinə çöküzdürüb yerə düşdü, daha Ağmayanı qalxmağa qoymadı. Gizlənib baxmağa başladı. Juanjuan onu görmüşdü. Bir azdan o, dəvəsini yortma sürə-sürə gəlib çıxdı. Nizə və oxla silahlanmışdı. Təhrindən bilinirdi ki, juanjuan məəttəl qalıb, ətrafa boylana-boylana qalmışdı – uzaqdan ağ dəvəyə minmiş adam hara yoxa çıxdı? Kəsdirə bilmirdi ki, dəvəni hayana sürsün. Əvvəlcə bir tərəfə sürdü, sonra başqa səmtə döndü. Axırıncı dəfə lap dərənin yanından keçdi. Yaxşı ki, Nayman-Ananın ağlına gəlib dəvənin ağzını yaylıqla çəkib bağlamışdı. Nə desən, ola bilərdi – bir də gördün, dəvə buradan səs verdi. Nayman-Ana yovşanlığın dalında gizlənib juanjuanı lap yaxşı görə bilmişdi. O, qıllı bir dəvənin üstündə oturub ətrafına göz gəzdirirdi, şişkin sifəti çox gərgindi, başındakı qara papağın ucları qayıq burnu kimi yuxarı qatlanmışdı, boynunun ardından bir cüt qara, quru hörük sallanırdı. Juanjuan üzəngidə dikəlib nizəsi hazır vəziyyətdə ətrafa boylandı, gözləri də yaman parıldayırdı. Bu, Sarı-Özəyi tutub xalqın xeyli hissəsini qul eləyən, onun ailəsinə bu qədər bədbəxtlik gətirən düşmənlərdən biriydi. Ancaq arvad xeylağı boş əllə bu amansız juanjuan döyüşçüsünə neyləyə bilərdi? Arvad onu da fikirləşdi ki, görəsən, hansı cür həyat, nə kimi hadisələr bu adamları belə amansızlığa, belə bir vəhşiliyə gətirib çıxarmışdı – qulun yaddaşını ləğv eləmək…
Juanjuan bir az da oyan-bu yana səyirdəndən sonra geriyə, sürüyə tərəf qayıtdı.
Axşam düşürdü. Gün batsa da, hələ göyün şəfəqi çəkilməmişdi. Sonra hava birdən qaraldı. Ətrafı qaranlıq bir gecə bürüdü.
Nayman-Ana o gecəni özünün dərd-sər oğlunun olduğu yaxın yerlərdəki çöllükdə keçirdi. Oğlunun yanına qayıtmağa ürək eləmirdi, qorxurdu, bayaqkı juanjuan gecəni sürünün yanında qala.
Və o gecə qəti qərara gəldi ki, oğlunu xilas eləsin, çalışıb özüylə aparsın. Manqurt olsun qoy, qoy heç nə başa düşməsin, təki öz adamları içində olsun, kimsəsiz, tənha Sarı-Özəkdə qalmaqdansa, juanjuanlara çobanlıq eləməkdənsə, qoy öz adamları arasında qalsın. Ana ürəyi belə deyirdi. Başqalarının dözüb barışdığı vəziyyətə o dözə bilmirdi. O rəva bilmirdi ki, qanı qanından olan doğma oğlu qul qalsın. Kim bilir, bəlkə də, doğma yerləri görəndən sonra ağlı öz yerinə gələcək, uşaqlıq illəri yadına düşəcək…
Səhəri Nayman-Ana yenə Ağmayaya süvar oldu. O, yenə iraqdan-iraqa hərlənə-hərlənə gecə ərzində xeyli aralanmış sürüyə yaxınlaşmağa başladı. Sürünü görəndən sonra da xeyli fikir verib baxdı ki, görsün juanjuanlardan orada var, ya yox. Heç kəsin olmadığını yəqin eləyəndən sonra oğlunu səslədi:
– Jolaman! Jolaman! Salam!
Oğlu dönüb baxanda ana sevincindən içini çəkdi, ancaq elə o dəqiqə də başa düşdü ki, oğlu elə-belə səsə dönüb.
Nayman-Ana yenə də çalışdı ki, oğlunun yaddaşını diriltsin.
– Adını yadına sal, tap gör, adın nədir? – deyə yalvarıb onu qandırmaq istəyirdi. Bilmirsən məgər atan Donenbaydır? Sənin adın manqurt deyil, Jolamandır. Adını onuncün belə qoymuşuq ki, sən naymanların böyük köçü vaxtı yolda doğulmusan. Sən anadan olanda biz üç gün köçü saxlayıb dayandıq. Üç gün toy-bayram elədik.
Ananın bu dediklərinin manqurt oğluna təsir göstərmədiyinə baxmayaraq, danışığına ara vermir, boş da olsa, yenə ümid eləyirdi ki, bəlkə, bu qaralmış şüurda bir qığılcım işara. Nə fayda ki, arvad qıfıllı bir qapını döyəcləyirdi. Bütün bunlara rəğmən, yenə də öz dediyini deyirdi:
– Adını yadına sal! Atanın adı Donenbaydı!
Sonra o, götürdüyü ehtiyatdan onu da yedirib-içirtdi, oğlunu doyuzdurandan sonra ona layla deməyə başladı.
Layla onun çox xoşuna gəldi. Arvadın laylası onun ürəyinə yayılırdı. Xoşluqla qulaq asırdı, onun gündən qaralıb codlaşmış, donuq sifətində nə isə canlı, ilıq bir halət əmələ gəlmişdi. Bunu görən ana onu inandırmağa çalışdı ki, bu yerləri tərk eləyib, ona qoşulsun, öz yerlərinə qayıtsın, juanjuanlardan birdəfəlik canını qurtarsın. Manqurt ağlına vura bilmirdi ki, necə durub getsin, bəs sürü nə olsun? Yox, ağası deyib ki, sürünü gözdən qoymasın…
Və yenə Nayman-Ana pozulmuş yaddaşın o bağlı qapısını təkrar-təkrar döyəcləməyə başladı, dediyini dedi:
– Yadına sal kimsən? Adın nədir? Sənin atan Donenbaydır!
Ananın başı elə qarışmışdı ki, axşamın necə düşdüyünü hiss eləməmişdi, o vaxt ayılıb gördü ki, juanjuan dəvə üstündə sürünün o başına yaxınlaşır. Bu dəfə o daha yaxındaydı, dəvəsini də getdikcə daha bərk qovurdu. Nayman-Ana fürsəti fövtə verməyib tez Ağmayaya mindi və uzaqlaşdı. Ancaq o biri tərəfdən də bir juanjuan çıxıb onun yolunu kəsmək istədi. İşi belə görən Nayman-Ana dəvəsini qoparaqlayıb onların arasından keçdi. Ayaqdan yüngül Ağmaya onu vaxtında aradan çıxartdı, juanjuanlar dalda qalıb çığıra-bağıra, nizələrini oynadaraq onu qovmağa başladılar. Ağmayaya çatmaqmı olardı?! Onlar qıllı dəvələrində şorttuyana qədər Ağmaya əfgəsini körükləyib nəfəslənir, Sarı-Özəkdə yel kimi qanadlanıb Nayman-Ananı bu ölüm-dirim qovhaqovundan uzaqlaşdırırdı.
İntəhası, onun xəbəri olmadı ki, əlləri boşa çıxan juanjuanlar ürəklərini soyutmaq üçün yazıq manqurtu o ki var döydülər. Ancaq ondan nə gözləmək olardı, elə deyib dururdu:
– Deyirdi, mənim anamdır.
– Anan-zadın deyil! Sənin anan yoxdur! Heç bilirsən, niyə gəlib? Bilirsən? İstəyir ki, papağını çıxardıb başını buğa versin! – Onlar yazıq manqurtun canına qorxu salmağa çalışırdılar.
Manqurt bu sözləri eşidəndə qaralmış sifəti bomboz oldu. O, boynunu qısıb, papağından bərk-bərk yapışaraq tələyə düşmüş heyvan kimi yan-yörəsinə baxmağa başladı. Juanjuan ona ox-yay verib dedi:
– Qorxma! Al bunu!
– Nişanla görüm! – deyə juanjuan papağını göyə atdı.
Ox papağı deşib keçdi. Gör ha! – deyə papaq yiyəsi təəccübləndi. – Əlinin yaddaşı hələ də qalır!
Nayman-Ana yuvasından ürküdülmüş quş kimi düzdə vurnuxur, özünə yer tapa bilmirdi. Bilmirdi, neyləsin, nə gözləsin. Görəsən, juanjuanlar oğlunu sürüylə bir yerdə onun əli çatmayacaq öz böyük ordularına yaxın yerlərə aparacaqlar, ya ki onu tutmaq üçün pusqu quracaqlar? Beləcə fikir-xəyal içində o, halay vurub gizlənə-gizlənə gəzirdi, nəhayət, pusub görəndə ki, juanjuanlar sürüdən getdilər, çox sevindi. Nayman-Ana xeyli onların dalınca baxıb görəndən sonra ki, uzaqlaşıb gözdən itdilər, qərara gəldi, yenə qayıtsın oğlunun yanına. İndi onun qəti fikri oğlunu evə aparmaqdı. Başına nə gəlibsə, onun təqsiri deyil, neyləsin ki, bəxti belə gətirib düşmənlər onu bu kökə salıblar, nə olursa-olsun, anası onu qulluqda qoymayacaq. Qoy naymanlar görsünlər ki, yadelli basqınçılar onların igidlərinin ağlını başdan çıxarıb necə rəzil eləyirlər. Qoy qəzəblənib silaha sarılsınlar. Məsələ torpaqda deyil, torpaq hamıya bəs eləyər. Məsələ ondadır ki, juanjuanların bu rəzaləti onlarla heç yad qonşu olmağa da haqq vermir.
Nayman-Ana oğlunun yanına bu fikirlərlə qayıdırdı. Elə hey götür-qoy eləyirdi ki, necə onu inandırsın, necə başa salsın ki, elə bu gecə bir-birinə qoşulub qaçmalıydılar.
Toran qarışırdı. Ötüb-keçmiş və gələcək gecələrin saysız silsiləsindən olan bir gecə də azman Sarı-Özək çölləri üzərinə çökür, qırmızımtıl bir ala-toran şəklində dərələrdən, döşlərdən sürünə-sürünə, sezilmədən yaxınlaşırdı. Ağmaya öz sahibəsini yüngül, sərbəst bir yerişlə böyük bir dəvə sürüsünə tərəf aparırdı. Batan günəşin şüaları ananı dəvənin donqarları arasında çox aşkar işıqlandırırdı. Şəkk-şübhə və qayğılar içində olan Nayman-Ananın rəngi-ruhu özündə deyildi, çox ciddi görkəmi vardı. Ağ saç-birçəyi, üzündəki Sarı-Özək toanlığı kimi qırışıqlar, alnına və gözlərinə çökmüş qayğıları, tükənməz ağrı… Budur, o, sürüyə çatdı, otlayan heyvanların arasından keçdi, ətrafa göz gəzdirdi, amma oğlunu görə bilmədi. Onun minik dəvəsi yüklü halda noxtasını sürüyə-sürüyə otlayırdı… Nayman-Ana oğlunu səsləyib çağırmağa başladı:
– Jolaman! Haradasan? Mənəm, ananam! Haradasan?
O, narahatlıqla ətrafa boylana-boylana qaldığı üçün oğlunun dəvə dalında daldalanıb, dizini yerə verərək oxla onu nişan aldığını görmürdü. Günəşin şövqü ona mane olurdu, fürsət gözləyirdi ki, oxu buraxsın.
– Jolaman! Oğlum! – Nayman-Ana oğlundan nigaran halda onu səsləyirdi. Birdən qanrılıb baxanda onu gördü. Bircə:
– Atma! – deyə bildi, elə Ağmayanı məhizləmək istəyirdi ki, dönüb oğluyla üzbəüz gəlsin, yetirmədi – ox vızıltıyla onun sol qoluna sancıldı.
Bu, ölümcül zərbə idi. Nayman-Ana dəvənin boynuna sinib ilişə-ilişə yıxıldı. Ancaq ananın özündən əvvəl başının yaylığı açılıb düşdü, havada bir quş olub çığıra-çığıra uçub getdi: “Yadına sal, kimlərdənsən! Adın nədir? Sənin atan Donenbaydır! Donenbay! Donenbay!”
Deyilənə görə, o vaxtdan Sarı-Özəkdə Donenbay quşu uçur. Donenbay quşu yolçuya rast gələndə onun yaxınlığında uça-uça səslənir: “Yadına sal kimlərdənsən! Kimin oğlusan? Adın nədir? Adın? Sənin atan Donenbaydır! Donenbay! Donenbay! Donenbay! Donenbay!”
Sarı-Özəkdə Nayman-Ananın basdırıldığı yerə o vaxtdan Ana-Beyit, yəni Ana məskəni qəbiristanlığı deyirlər… Ağmayanın törəməsi çoxdur. Mayaların hamısı ona çəkir – ağbaş dəvələr o yerlərdə tanınır, amma nərlər, əksinə, Boranlı Qaranər kimi qara və zorlu olur.
İndi Ana-Beyitdə dəfn edilmək üçün aparılan mərhum Qazanqap həmişə deyərdi ki, Boranlı Qaranər cins heyvandır. Nayman-Ana həlak olandan sonra düzdə qalan məşhur Ağmayanın nəslindəndir.
Yedigey Qazanqapın dediyinə ürəkdən inanırdı. Axı niyə də inanmasın… Boranlı Qaranər buna dəyərdi… Yaxşısında da, yamanında da o qədər sınaqlardan çıxmışdı ki,
Qaranər həmişə darda onun dadına çatmışdı… Bircə ayıbı qızmağındadır – yaman pis qızır, Allah göstərməsin, özü də qızanda həmişə soyuqların oğlan vaxtına düşür, onda üzünü görmə – bir tərəfdən qış gözünü açmağa qoymur, bir tərəfdən də Qaranər onun gününü qara eləyir. Bir dəfə Yedigeyi yaman xataya salmışdı, belə ki, o heç insan yox, başqa bir şüurlu məxluq olsaydı, o işi Boranlı Yedigey heç vaxt Boranlı Qaranərə bağışlamazdı… Di gəl ki qızmış dəvədən nə istəyəsən, özü də cütləşmə dövrü ola… Əslində, məsələ heç onda deyil. Heyvandan nə incimək, bunu sözgəlişi deyirdi ki, tale belə gətirmişdi. Qaranərin nə təqsiri? Qazanqap o əhvalatı yaxşı bilirdi, elə özü də ayırd elədi, yoxsa, kim bilir, axırı necə qurtaracaqdı.
Ücretsiz ön izlemeyi tamamladınız.