Kitabı oku: «Seçilmiş əsərləri», sayfa 8
– Ey, Abutalıb, yoldan çıx! Karsan, nədir? – Yedigey qışqırdı.
Amma o eşitmədi. Yalnız parovoz fit verəndən sonra köbərlə aşağı endi, onda da heç ötüb-keçən qatara baxmadı. Maşinistin onu yumruğu ilə hədələdiyini də görmədi.
Onun davada, əsirlikdə olanda saçı ağarmışdı, söz yox ki, onda cavandı, on doqquz yaşlı kiçik leytenant olanda cəbhəyə getmişdi. Amma o yay saçı ağarmağa başlamışdı. Saçlarına Sarı-Özək dəni düşürdü… Özü də sıx, uzun və cod saçları yaman tez ağarırdı – gah orada, gah da burada ağ tüklər görünürdü, illah ki, gicgahlarında. Yaxşı zəmanə olsaydı, yaman gözəl və görkəmli kişi olardı. Geniş alınlı, qartalburun, xirtdəkli, möhkəm dodaqlı, badamıgözlü bir kişiydi, elə boy-buxunu da özünə yaraşırdı. Hərdən Zərifə acı-acı zarafatla deyərdi: “Bəxtin gətirməyib, Abu, sən, gərək, səhnədə Otello rolunu oynayaydın”. Abutalıb da gülümsünüb deyərdi: “Onda, gərək, axmaqlıq eləyib səni boğaydım, onu istəyirsən?”
Abutalıbın arxadan gələn qatara elə ləng reaksiya verməsi Yedigeyi yaman narahat etmişdi. O, bir növ tənə-danlaqla Zərifəyə dedi:
– Sən onu başa sal, elə niyə eləyir? Maşinist cavabdeh deyil buna, yolla getmək qadağandır. İş bunda deyil, axı niyə gərək özünü xataya salsın?
Zərifə köksünü ötürüb, gündən yanıb qaralmış, pörtmüş sifətinin tərini sildi.
– Ondan çox nigaranam.
– Necə ki?
– Qorxuram, Yedigey. Səndən nə gizlədim. Uşaqlar üçün, elə mənim üçün də yaman fikir çəkir. Axı ona gedəndə qohumlarımın üzünə ağ oldum. Böyük qardaşım özündən çıxıb qışqırırdı: “Ömrün boyu peşmançılıq çəkəcəksən, ağılsız! Sən ərə getmirsən, bədbəxtliyinin dalınca gedirsən, uşaqların da bədbəxt olacaq, uşaqlarının uşaqları da hələ doğulmamışdan bədbəxtliyə məhkumdurlar. Sənin o sevgilinin başı üstündədirsə, evlənməli yox, gedib özünü asmalıdır. Bu, onuncün ən yaxşı çıxış yoludur!” Amma biz öz bildiyimiz kimi elədik. Ümidliydik ki, müharibə qurtarıb, daha bundan sonra nə ölü-diri haqq-hesabı? Hamıdan kənar gəzirdik, onunkulardan da, mənimkilərdən də. Axırda, inanırsanmı, qardaşım özü götürüb yazıb ki, vaxtında mənə xəbərdarlıq eləyib, deyib ki, evlənməyimizin əleyhinədir. Yazıb ki, mənimlə heç bir əlaqəsi-filanı yoxdur, onda qalmışdı uzun müddət xaricdə olmuş Abutalıb Kuttubayov kimi adam olsun. Bundan sonra hər şey təzədən başlandı.
Hara getdiksə, ağzımızdan vurub qaytardılar, axırı gəlib çıxdıq bura, daha buradan oyanası yoxdur.
O susub xırdalanmış çınqılı gücü gəldikcə şpalların altına doldurmağa başladı. İrəlidə yenə yaxınlaşan qatar göründü. Onlar xərəyi, kürəyi də özləriylə götürüb yoldan çıxdılar. Yedigey hiss edirdi ki, belə vəziyyətdə olan adamlara kömək əli uzatmalıdır. Ancaq onun əlindən nə gələrdi, məsələnin kökü Sarı-Özəkdən çox uzaqdaydı.
– Biz neçə vaxtdır, burada oluruq. Siz də alışarsız, öyrəşərsiz. Çarə nədir, yaşamaq lazımdır, – deyə onun üzünə baxıb fikirləşdi: “Hə-ə-ə, Sarı-Özəyin çörəyi acıdır. Qışda gələndə sifətin ağappaqdı, indi gör nə rəngə düşüb, torpaq kimidir, – deyə o, Zərifənin gözgörəti solan gözəlliyini görüb təəssüfləndi. Hanı o saçlar, solub yandı, kirpiklərini də gün yandırıb. Dodaqlar partlaq-partlaq. Lap əldən gedib. Belə şeyi harada görüb! Amma heç özünü sındırmır. Neyləsin, hara getsin iki balası var. Hər halda, afərin sənə, arvad…”
Yedigey belə fikirləşən vaxt növbəti qatar odlu avtomat atəşi kimi havanın qızmar hənirini təlatümə gətirib taqqıltı ilə ötüb keçdi. Onlar işi davam elətdirmək üçün yenidən iş alətlərini darta-darta yola qayıtdılar.
– Bura bax, Zərifə, – deyə Yedigey real vəziyyətlə barışdırmaq üçün ona ürək-dirək verməyə başladı. – Sözüm yox, bura uşaqlar üçün ağır yerdir. Elə öz uşaqlarıma baxanda da ürəyimdən qara qanlar axıb gedir. Axı həmişə belə isti olmayacaq ki! Çəkiləcək. Bir də yaxşı fikirləşsən, siz Sarı-Özəkdə tək deyilsiniz ki, yanınızda adamlar var, bəd ayaqda biz varıq. İndi çarə nədir, işdir gəlib başınıza.
– Elə mən də bunu deyirəm ona, Yedige. Çalışıram ki, ağzımdan artıq bir söz çıxmasın. Məgər bilmirəm o nə çəkir?
– Lap yaxşı da eləyirsən. Mən sənə elə bunu demək istəyirdim, Zərifə. Fürsət gözləyirdim. Özün hər şeyi məndən yaxşı bilirsən. Sözdür, ağzımdan çıxdı. Bağışla.
– Elə olur ki, adam lap cana gəlir. Adamın lap özünə yazığı gəlir, ona da, uşaqlara ondan da çox… Onun nə təqsiri var, di gəl bura gəlməyimizdə özünü təqsirkar bilir. Əlindən də heç nə gəlmir. Əlbəttə, bizim yerlərin, Ala-Tau dağlarının havası tamam başqadır, elə həyat da həmçinin. Heç olmasa, yaydasa da uşaqları ora göndərə bilərdik. Ancaq kimin yanına göndərək? Qocalar yox, dünyadan tez köçüblər. Qardaşlarım, bacılarım, qohumlarım… Adam onları da təqsirləndirə bilmir, axı nələrinə gərək! Əvvəllər də yaxın durmurdular, indi daha betər. Nələrinə gərək bizim uşaqlar? Üzə vurmasaq da, qorxuruq, qorxuruq ömrümüzün axırınacan ilişib qalaq burada. Görürəm, onun nələr çəkdiyini görürəm… Qabaqda bizi nələr gözlədiyini bir Allah bilir…
Onlar ağır fikir içində susdular. Daha bir də bu söhbətə qayıtmadılar. İşləyirdilər, lazım olanda çəkilib qatarları buraxır, yenə işlərini davam etdirirdilər. Çarələri nə idi? Onların bu ağır vəziyyətində bu adamları necə ovundurmaq olardı? “Əl açıb dilənməyəcəklər ki, – Yedigey fikirləşirdi, – ikisi də işləyib birtəhər dolanarlar. Belə baxanda, guya, heç kəs onları burada dustaq eləməyib, di gəl ki, çıxış yolları yoxdur. Nə sabah, nə də o biri gün…”
Yedigey bir tərəfdən də özünə təəccüb eləyirdi, elə ağrıyıb-acıyırdı ki, elə bil, onların başına gələn işlərin onun özünə dəxli vardı. Axı bu adamlar onun nəyi idi? Axı o, özünə deyə bilərdi ki, bu, sənin ağlın kəsən şey deyil, sənə nə qalıb? Bir də sən kimsən ki, haqqın olmayan işlərə baş qoşursan, haqq-hesab aparırsan? Zəhmətkeşin, çöllünün birisən, dünyada sənin kimilərin sayı-hesabı yox, sənmi qəzəblənməlisən, sənmi hirslənməlisən, həyatda nəyin ədalətli, nəyin ədalətsiz olduğu barədə sənmi öz vicdanını narahat eləməlisən? Axı bu işlərin başında duranlar, yəqin ki, sən Boranlı Yedigeydən çox bilirlər. Sənin bu Sarı-Özəkdə bildiklərin hara, onların orada bildikləri hara!.. Axı sənin nə dərdinə qalıb? Di gəl ki, nə qədər eləyirdi sakit ola bilmirdi ki, bilmirdi. Özü də, nədənsə, hamıdan çox Zərifəyə ürəyi yanırdı. Onun sədaqəti, dözümü, çətinliklərə sinə gərməyi onu həm təəccübləndirir, həm də valeh edirdi. O, tufan vaxtı qanadlarını gərib yuvasını qoruyub saxlamağa can atan quşu xatırladırdı. Bir başqası onun yerində olsaydı, ağlayıb-ağlayıb soyuyar, gedib qohumlarına baş əyərdi. Amma o, müharibədə olub-keçənlər üçün əriylə bərabər cavabdehlik eləyirdi. Hər şeyin ziddinə, Yedigeyi də hər şeydən çox narahat edən bax, bu vəziyyət idi, axı, əslinə qalsa, nə onun ərinə, nə də uşaqlarına köməyi dəyə bilərdi…
Sonralar elə vaxtlar olurdu ki, bu ailənin Boranlıya gəlməsinə təəssüf eləyirdi. Axı bu dərd-azar onun nəyinə lazımdı? Bilməsəydi, görməsəydi, əvvəllərdə olduğu kimi, sağ-salamat dolanardı…
VI
Günün ikinci yarısında Sakit okeanda, Aleut adalarının cənubunda dalğalar hərəkətə gəlməyə başladı. Amerikanın düzənliklərindən başlayan cənub-şərq küləyi yavaş-yavaş güclənirdi. Göz işlədikcə uzanan ənginlikdə su qəlyana gələntək ağır-ağır çalxalanır, dağ kimi dalğaları silsilə ilə yan-yana düzürdü. Bu göstərirdi ki, fırtına başlamasa da, hər halda, dəniz hələ çox dalğalanacaq.
Açıq okeandakı belə dalğaların “Konvensiya” təyyarədaşıyan gəmisi üçün qorxusu yox idi. Başqa bir vaxt olsaydı, heç vəziyyətini dəyişmək cəhdində də olmazdı. Lakin yuxarı dairələrlə məsləhətləşəndən sonra təcili surətdə geri qayıdan xüsusi səlahiyyətli komissiyaların mindiyi təyyarələr gəmiyə enməli olduğu üçün təyyarədaşıyan gəmi yan çalxamanı azaltmaq məqsədilə üzü küləyə durmaq qərarına gəldi. Hər şey normal qurtardı. Əvvəlcə San-Fransiskodan gələn, onun dalınca da Vladivostokdan qayıdan təyyarə gəmiyə endi.
Komissiyalar tam heyətdə qayıtmışdılar, hər iki heyət susur, əvvəlki kimi qayğılı görünürdü. On beş dəqiqədən sonra onlar stol başına toplaşıb qapalı müşavirəyə başladılar. Komissiyalar işə başlayandan beş dəqiqə sonra Cazib Qalaktikasında olan 1-2 və 2-1 paritet-kosmonavtlara göndərilmək üçün “Paritet” stansiyasına şifrələnmiş təcili teleqram verildi: “Paritet” orbital stansiyasındakı 1-2 və 2-1 nəzarətçi-kosmonavtlara. Günəş sistemindən kənarda olan 1-2 və 2-1 paritet-kosmonavtlar xəbərdar edilsinlər ki, heç bir hərəkət təşəbbüsündə olmasınlar. Ümumidamərkdən xüsusi göstəriş olanadək öz yerlərində qalsınlar”.
Bundan sonra xüsusi səlahiyyətli komissiyalar, bir dəqiqə də itirmədən, baş vermiş bu kosmik böhranın həlli üçün tərəflərin mövqe və təkliflərini bildirməyə başladılar…
Təyyarədaşıyan “Konvensiya” gəmisi Sakit okeanın sonsuz dalğaları arasında dayanmışdı. Heç kəsin xəbəri yoxdu ki, bu vaxt gəminin bortunda planetin qlobal taleyi həll olunurdu…
Qatarlar bu yerlərdə şərqdən qərbə, qərbdən də şərqə gedir…
Bu yerlərdə dəmiryolunun hər iki tərəfilə intəhasız Sarı-Torpaq çöllərinin göbəyi hesab olunan Sarı-Özək düzləri uzanıb gedir…
Coğrafiyada hər şey Qrinviç meridianından ölçüldüyü kimi, bu yerlərdə də bütün məsafələr dəmir yolu ilə müəyyən edilir.
Qatarlar şərqdən qərbə, qərbdən də şərqə gedirdi…
Ana-Beyit qəbiristanlığına hələ ikisaatlıq yol vardı. Dəfn qafiləsi çöldə eyni qaydayla hərəkətdəydi. Boranlı Yedigey Qaranərin üstündə qabaqda yol göstərirdi. Onun Qaranəri yenə də yorulmaq bilmədən dəstənin başında löhrəm yerişindən qalmırdı, dəvənin dalınca yedəkli traktor gəlirdi, mərhum Qazanqapın qızı Ayzadənin əri yenə qayınatasının cənazəsi yanında, tək-tənha oturmuşdu, lap daldan da “Belarus” ekskavatoru gəlirdi. Döşlü-boğazlı Culbarsa böyürdən qaçırdı – o gah irəli keçir, gah geri qalır, gah da mühüm bir işi varmış kimi ayaq saxlayırdı.
Günəş dikəldikcə yanğınını artırırdı. Daha yolun azı qalmışdı, amma qurtarmaq bilməyən Sarı-Özək, bir dikdiri aşıb o biri dikdirə çatınca onların qarşısında üfüqlərə qədər uzanan təzə düzənlər açırdı. Çölün-düzənin ucu-bucağı görünmürdü. Bir vaxtlar bu yerlərdə, demək olar ki, Sarı-Özəyi başdan-başa tutub zəbt eləmiş bədnam yadellilər, juanjuanlar yaşayırmışlar. Buralarda başqa köçəri xalqlar olduğu üçün onlarla juanjuanlar arasında həmişə otlaq və quyular üstündə dava düşərmiş. Gah bir tərəf üstələyərmiş, gah da o biri tərəf. Ancaq məğlublar da, qaliblər də elə bu yerlərdə qalarmışlar, intəhası, biri bir az sıxılıb çəkilər, o birisi isə ərazisini genişləndirərmiş. Yelizarov deyirdi ki, Sarı-Özək bir yaşayış ərazisi kimi bu mübarizəyə dəyərmiş. O vaxtlar yaz-payız bu yerlərdə yağış çox olarmış. Mal-davar üçün kefin istəyən qədər ot varmış. Onda tacirlər, sövdəgərlər buralara toplaşıb hərrac bazarı düzəldərmişlər. Amma sonralar, guya, iqlim kəskin surətdə dəyişib – quraqlıq düşüb, quyuların suyu kəsilib. Bu səbəbdən də Sarı-Özəyə yığışan xalqlar, qəbilələr pərən-pərən düşüb, hərəsi bir tərəfə köçüb gedib, juanjuanlarsa yer üzündən tamam silinib-süpürülüb, yox olub gediblər. Deyilənlərə görə, üz tutublar Edil tərəfə – onda Volqa belə adlanırmış, elə Edilin sahillərində də məhv olub, itib-batıblar. Nə haradan gəldiklərini bilən olub, nə harada itdiklərini. Deyilənə görə, onlar lənətə gəliblər – qışda köçlə-köməclə Edili keçəndə buz yarılıb, hamısı oğullu-uşaqlı, mallı-davarlı gediblər buzun altına…
Sarı-Özəyin köklü sakinləri olan qazaxlar o vəziyyətdə doğma yerlərini tərk etməyib, təzə quyulardan su çıxara bildikləri yerlərdə məskən salıblar… Amma onu da demək lazımdır ki, Sarı-Özəkdə ən gur dirçəliş günləri müharibədən sonrakı illərdə başlandı. Xüsusi su daşıyan avtomobillər gətirildi. Sürücü bu yerlərə bələd olanda bircə maşın bəs eləyirdi ki, bir gün ərzində bir neçə qoyun, mal yatağına su çatdıra bilsin. Sarı-Özək otlaqlarını icarəyə götürən qonşu vilayətlərin kolxoz və sovxozları artıq bu yerlərdə otlaqlarda bəslənən sürülər üçün daimi yataq bazaları düzəltmək fikirindəydilər. Haqq-hesaba vurub, ölçüb-biçirdilər ki, görsünlər, bu yataqlar onlara neçəyə başa gələcək. Elə bir tərəfdən yaxşı olub ki, tələsməyiblər. Ana-Beyitin yaxınlığında yavaş-yavaş, altdan-altdan adsız bır şəhər əmələ gəlmişdi – Poçt qutusu… Elə belə də deyirdilər Poçt qutusundan almışıq, Poçt qutusunda gördük. Poçt qutusu böyüyüb genişlənirdi. Təzə asfalt yol onu bir tərəfdən kosmodromla, bir tərəfdən də dəmir yolu ilə birləşdirirdi. Sarı-Özək çöllərinin sənayeləşdirilməsi məsələsi də elə bundan başlanmışdı. Keçmişdən burada əsər-əlamət olaraq Ekiz-Təpə adlanan bir cüt dəvə donqarı kimi ucalan qoşa təpələrin yamacındakı Ana-Beyit qəbiristanlığı idi.
Bu qəbiristanlıq bütün Sarı-Özəkdə ən müqəddəs yer sayılırdı. Keçmişlərdə adamlar bəzən ölülərini burada dəfn etmək üçün elə uzaq yerlərdən gəlirmişlər ki, çöldə gecələməli olurmuşlar. Əvəzində, Ana-Beyitdə dəfn edilənlərin xələfləri nəsilbənəsil fəxr eləyirdilər ki, əcdadlarına belə hörmət göstəriblər. Burada çox ömür sürmüş, gün görmüş, ağıl-mərifət sahibi olanları, diliylə, əməliylə gözəl bir insan kimi ad qazanmış olanları, xalq arasında anılıb-sanılan hörmətli adamları basdırırdılar. Yelizarovun bilmədiyi şey yox idi, o deyirdi ki, Ana-Beyit Sarı-Özək panteonudur.
Həmin gün köpəyin müşayiət elədiyi bu qəribə dəvəli-traktorlu dəfn qafiləsi Boranlı dəmiryol razyezdindən bura yaxınlaşırdı…
Ana-Beyit qəbiristanlığının öz tarixi vardı. Əvvəl-başdan rəvayət onunla başlanırdı ki, bu yerləri zəbt eləyən juanjuanlar əsir tutduqları düşmən döyüşçüləriylə çox amansız rəftar eləyirmişlər. İmkanları olanda əsiri qonşu ölkələrə qul satarmışlar, bu, əsir üçün xoşbəxtlik hesab olunurmuş, çünki ümid yeri qalırdı, kim bilir, bəlkə, elə bir imkanı oldu ki, qaçıb vətənə qayıtdı… Juanjuanların özləri üçün qul saxladıqları əsirləri isə dəhşətli tale gözləyirdi. Onlar öz qurbanlarının başına zif keçirib dözülməz işgəncə verərək onun yaddaşını tamam yox eləyirmişlər. Bu işi, adətən, davada əsir alınmış cavan döyüşçülərin başına gətirirmişlər. Əvvəlcə onların başını qırxırmışlar, tükləri bir-bir dibinəcən təmizləyirmişlər. Başı qırxıb qurtaranacan juanjuanların təcrübəli sallaqları lap yaxınlıqda qart bir dəvə kəsərmiş. Dəvənin dərisini soyanda əvvəlcə onun ən ağır və möhkəm olan boyun dərisindən başlayarmışlar. O dəqiqə də hissələrə bölüb, buğlana-buğlana başı qırxılmış əsirlərin başına keçirirmişlər, dərinin çəkilməyilə saqqız kimi yapışmağı bir olurmuş bir növ indiki üzgüçülük papaqları kimi. Başa zifi belə keçirirmişlər. Başına belə iş gətirilən adam ya işgəncələrə dözməyib ölür, ya da ömür-billah yaddaşını itirib manqurt olurmuş, yəni keçmişini xatırlaya bilməyən qula çevrilirmiş. Bir dəvənin boyun dərisi beş-altı zifə bəs eləyirmiş. Zif salınandan sonra məhkumun boynuna taxta kündə keçirirmişlər ki, başını yerə çatdıra bilməsin. Onların tükürpərdici nalələri boş yerə narahatlıq verməsin deyə, yazıqları bu vəziyyətdə uzaq yerlərə aparıb, əl-ayaqları bağlı, ac-susuz atarmışlar qızmar günün altına. İşgəncə bir neçə gün sürürmüş. Müəyyən yerlərdə də güclü gözətçi dəstələri qoyarmışlar ki, hələ sağkən qohumlarından, əqrəbalarından gəlib onları xilas eləmək fikrinə düşsələr, qoymasınlar. Ancaq belə hallar çox nadir olurmuş, çünki açıq düzənlikdə hər cür hərəkət uzaqdan görünür. Sonralar bir nəfərin manqurt olması xəbəri gəlib qəbiləyə çatanda onun ən yaxın qohumları belə onu xilas eləmək, ya satın alıb qurtarmaq istəmirmişlər, çünki bu, adamın özünü yox, müqəvvasını qaytarmaq idi. Rəvayətdə Nayman-Ana kimi tanınan bircə nayman qadını öz oğlunun bu bədbəxtliyi ilə barışa bilməyib. Sarı-Özək əfsanəsində də elə bu barədə danışılır. Qəbiristanlığın adı da bununla əlaqədardır Ana-Beyit, yəni Ana məskəni.
Sarı-Özəyin qızmar günəşinin döydüyü çöldə ağır işgəncə çəkənlərin çoxu dözməyib ölürmüş. Beş-altı manqurtdan biri, ya ikisi sağ qalırmış. Onların ölümünə bais aclıq, ya susuzluq olmurmuş, onların axırına çıxan gün altında quruyub manqurtun başında get-gedə amansızcasına sıxılan xam dəvə dərisinin verdiyi dözülməz əzablardı. Qızmar günəşin şüaları altında durmadan sıxılan zif qulun qırxıq başını dəmir məngənə kimi sıxırdı. Əzaba məruz qalan bu yazıqların tükləri ikinci gün uzanmağa başlayırdı. Asiyalıların düz və cod tükü bəzən dəvənin xam dərisinə bitir, çox vaxtsa yol tapa bilmir, qayıdıb təzədən manqurtun dərisinə girərək onun əzabını daha da artırırdı. Bu sonuncu işgəncə vaxtı məzlumların şüuru lap pozularmış. Juanjuanlar yalnız beşinci gün gəlib onları yoxlayarmışlar ki, görsünlər kim ölüb, kim qalıb. Əsirlərdən birini salamat tapanda belə hesab eləyirmişlər ki, məqsədlərinə çatıblar. Ona su verir, qandal kündəsini açır, bir az qulluq eləyib gücə gətirir, ayağa qaldırırdılar. O, yaddaşını itirib dönüb olurdu qul manqurt, buna görə də adi sağlam qullara nisbətən birə-on artıq qiymətləndirilirdi. Hətta belə bir qayda varmış – öz aralarında vuruşma-zad düşəndə manqurt öldürülərsə, öz həmqəbilələrinə nisbətən üç dəfə artıq ödəniş olunmalıymış.
Manqurt kim olduğunu, hansı nəsildən-qəbilədən olduğunu, adını, uşaqlığını, atasını, anasını xatırlayıb yadına sala bilmirmiş, qərəz ki, manqurt özünü insan kimi dərk edə bilmirmiş. Öz mənliyindən məhrum edilmiş manqurtun təsərrüfatçılıq cəhətdən bir çox üstünlükləri varmış. O, dilsiz-ağızsız heyvan kimi bir şey olduğu üçün tamamilə müti və təhlükəsiz idi. Manqurt heç vaxt qaçmaq fikrinə düşməzmiş. Hər bir quldar üçün ən qorxulu şey qulların üsyanıdır. Bu barədə manqurt yeganə istisna idi ki, üsyan və ya itaətsizlik xəyalından da keçmirdi. Onda belə həvəs, ehtiras yox idi. Buna görə də onu güdmək, keşikçi saxlamaq, gizli niyyətlərindən şübhələnmək lazım gəlmirdi. Manqurt sadiq it kimi bircə öz sahibini tanıyırdı, başqa adamlara baş qatıb qarışmazdı. Bircə fikri-qayğısı vardısa, o da qarnını doydurmaqdı. Başqa dərdi-səri yoxdu. Əvəzində, tapşırılan işi kor-koranə, can-dildən, inadla yerinə yetirərdi. Manqurtlara, adətən, ən çirkin və ağır işləri gördürərdilər, ya da ki küt dözüm tələb eləyən cansıxıcı işlər buyurardılar. Uzaqlarda otlayan dəvələrə pasibanlıq eləyən manqurt neçə-neçə xidmətçini əvəz eləyirdi. Yeməyini vaxtlı-vaxtında ver, yay-qış qalıb işini görsün, özü də nə təklikdən, nə də tənhalıqdan şikayət eləsin. Sahibinin əmri manqurt üçün hər şeydən artıqdır. Yeməkdən, bir də çöldə soyuqdan donmamaq üçün kör-köhnə nimdaş pal-paltardan başqa heç nə istəmirdi… Əsirin boynunu vurmaq, ya da onu qorxutmaq üçün hər cür başqa xəsarət yetirmək, onun yaddaşını pozmaqdan, yəni son nəfəsinədək birgə olduğu, başqalarının vara bilmədiyi, özüylə qəbrə apardığı yeganə qazancının köklərini qoparmaqdan qat-qat asandır. Lakin öz mənhus tarixlərindən ən qəddar vəhşilik gətirib çıxarmış köçəri juanjuanlar insanın bu dəruni məğz-mənasına da qəsd eləmişdilər. Onlar qulların canlı yaddaşını almaq üçün yollar taparaq, insan təbiətinə elə bir zərbə vurmuşdular ki, bu ağlagələn və gəlməyən cinayətlərdən ən ağırı idi. Təsadüfi deyil ki, manqurt olmuş oğlunu oxşayıb ağı deyəndə dərd və ümidsizlikdən ağlını itirmək dərəcəsinə çatan Nayman Ana belə deyirdi: “Yaddaşını qoparanda, başın qoztək kəlbətinə salınanda, balam ey, o dəvənin dərisinə gün dəydikcə bucurqatək sıxılanda, balam ey, o görünməz çənbər sənin gözlərini qanlı yaşla dolduranda, balam ey, gözlərinin kökü qopub çanağından pırtlayanda, balam ey, Sarı-Özək istisinin tüstüverməz ocağında sən yananda, balam ey, bir damcı da düşmədi ki, dodağının közün basa, can bala, yer üzünə həyat verən günəşə sən küfr etdinmi, can bala, onda günə işıqların ən qarası söylədinmi, can bala?
Ağrıların acısından haray salıb səhralara, balam ey, gecə-gündüz “Allah” deyib ah-fəğan eləyəndə, balam ey, boş göylərə üz tutuban “imdad” deyib çağıranda, balam ey, cəsədinin ağrısından qursağında boğulanda, balam ey, üfunətə həşəratlar dolaşıban ağlın başdan aparanda, can bala, son gücünü toplayıban Allahına ağ oldunmu, can bala?
Əzabların əzabından şikəst beyni toran salan, balam ey, keçənlərin xatirəsi yaddaşında solan zaman, balam ey, çapalaya-çapalaya öz ananı unudanda, balam ey, yay günləri dağ döşündə oynadığın çayın səsi qulağında yoxa çıxıb batıranda, balam ey, öz adını, atan adın bərbad olmuş yaddaşından salanda, balam ey, baxıb sənə həya ilə gülümsünən o üzün, balam ey, qohum-qardaş, dost-yoldaşın pozulanda surəti, qarğıdınmı bu gün üçün səni doğan anaya, can bala?”
Bu əhvalat o dövrlərə aiddir ki, nə vaxt juanjuanlar köçəri Asiyanın cənub torpaqlarından sıxışdırılıb çıxarıldıqları üçün şimala yeriş eləməmiş uzun müddət Sarı-Özək çöllərini zəbt eləyib, ərazilərini genişləndirmək, qul ələ keçirmək məqsədilə qovğalar aparırdılar. İlk vaxtlarda basqınları gözlənilməz olduğundan çoxlu əsir tutmuşdular. O cümlədən də, xeyli arvad-uşaq da ələ keçirə bilmişdilər. Hamısını qova-qova aparıb qul eləmişdilər. Ancaq yadellilərin bu basqınına müqavimət get-gedə artırdı. Ölüm-dirim toqquşmaları başlanmışdı. Juanjuanların Sarı-Özəkdən getmək fikirləri yoxdu, əksinə, onlar çalışırdılar ki, heyvandarlıq üçün çox əlverişli olan bu geniş ərazidə kök salsınlar. Yerli qəbilələr də bu itkiyə qatlaşmayıb, özlərinə borc bildilər ki, gec-tez qəsbkarları bu yerlərdən qovub çıxarsınlar. Hər nə isə, qazan qaynayır, toqquşmalar davam eləyirdi. İntəhası, bu üzücü qovğaların ara verdiyi vaxtlar da olurdu, araya sakitlik çökürdü. Belə sakit günlərin birində Nayman torpaqlarına karvanlarla mal gətirən sövdəgərlər çay məclisində söhbət vaxtı danışırlar ki, Sarı-Özək düzənlərindən keçəndə quyuların başında juanjuanlar tərəfindən, sən deyən, elə ciddi müqavimətə rast gəlməyiblər, bir də ötəri bir şey danışıblar ki, guya, çöllükdə böyük bir dəvə sürüsünü güdən cavan bir pasiban görüblər. Sövdəgərlər onunla danışmaq istəyəndə görüblər ki, oğlan manqurtdur. Baxan deyər ki, sağlam adamdır, heç kəsin ağlına gəlməz ki, onun başına belə bir iş gətirilib. Yəqin, o da vaxtında söz deyib, söz anlayan bir oğlanmış, özü də lap cavan-cahıl, bığ yeri təzə tərləyib, sir-sifəti, görkəmi də pis deyil, di gəl ki danışdıranda, elə bil, dünyaya təzə gəlib, yazıq uşaq nə atasının adını bilir, nə anasının, juanjuanların onun başına gətirdikləri müsibəti də xatırlaya bilmir, haradandır, kimlərdəndir, bilmir.
Nə soruşursan dinmir, bircə “hə” bilir, bir də “yox”, bir də ki qulaqlarınacan keçirdiyi papağından bərk-bərk tutub dayanır. Günah da olsa, adamlar şikəstliyə gülürlər. Bu söhbəti eləyəndə onlar gülə-gülə deyiblər ki, heç demə, dəvənin dərisi bəzən ömür-billah bitişib qalır manqurtun başında. Belə manqurt üçün ondan böyük cəza yoxdur ki, deyəsən, gəl başını buğa verib dərini qopardaq. Dəli ayğır kimi şıllaqlayıb-çırpınacaq, bir adamı da başına yaxın buraxmayacaq. Belə manqurt heç vaxt papağını çıxarmır, elə papaqda da yatır… Sonra qonaqlar söhbətə yenə giriş qoyub deyiblər ki, manqurt sarsaq olsa da, işini yaxşı bilir – dəvələrinin otladığı yerdən karvan uzaqlaşmayınca onları gözdən yayınmağa qoymurdu. Gethagetdə sarbanlardan biri ona sataşmaq məqsədilə soruşub:
– Qabaqda yolumuz uzundur. Səndən kimə salam yetirək, hansı gözələ, hansı elə? De, utanma. Eşidirsən? Bəlkə, yaylıqdan-zaddan çatdıraq?
Manqurt sarvana xeyli baxandan sonra deyib:
– Hər gün mən Aya baxıram, o da mənə, amma bir-birimizi eşitmirik… Orada adam oturub…
Bu söhbət gedən vaxt bir arvad sövdəgərlərə çay süzürmüş. Demə, o arvad Nayman-Ana imiş… Sarı-Özək əfsanəsində o arvad bu adla tanınıb.
Gəlmə qonaqların yanında Nayman-Ana heç nəyi üzə vurmur, məsələni açıb-ağartmır. Fikir verən olmur ki, arvad bu xəbərdən necə halbahal oldu, sifəti necə ayazıdı. Əslində, ürəyindən keçirdi ki, sövdəgərlərdən o cavan manqurt haqqında təzə şeylər öyrənsin, di gəl ki, arvadın bu eşitdiyindən daha çox bilməyə ürəyi gəlmirmiş. Buna görə də yaralı quş kimi hıçqırtısını içində boğub, ürəyini parçalayan şübhələri içində basdırıb… Söhbət də səmtini dəyişib yavaş-yavaş ayrı məsələlərə keçir, bədbəxt manqurtun halına yanmaq kimin dərdinə idi, həyatda o qədər belə-belə işlər olur ki… Nayman-Ana ürəyindəki qorxunu, əlindəki əsməni üstələməyə çalışır, elə bil, içində çığıran o quşu boğub səsini kəsmək istəyir, bircə neçə vaxtlardan bəri ağarmış başının yeganə örtüyü olan qara yas yaylığını bir az da endirib alnına çəkir.
Bir azdan sövdəgərlər karvanını çəkib gedirlər. O gecə Nayman-Ana səhərəcən çimir vurmur, başa düşür ki, o manqurt pasibanı Sarı-Özək çöllərində axtarıb tapmayınca, onun öz oğlu olmadığını bilməyincə rahatlıq tapmayacaq. Çoxdan bəri ürəyində gizləyib saxladığı üzücü, qorxulu bir şübhə ana qəlbində yenidən baş qaldırmısdı – oğlu döyüş meydanında həlak olub, ya yox?.. Ana əziyyətə, bu aramsız qorxuya, bu dözülməz ağrıya, şübhələrə dözməkdənsə, razı olardı ki, oğlunu bir yox, lap iki dəfə basdırsın… Onun oğlu Sarı-Özək torpaqlarında juanjuanlarla döyüşdə həlak olmuşdu. Əri də bir il əvvəl öldürülmüşdü. Naymanlar arasında ad çıxarmış, sayılan kişilərdən biriymiş. Oğlu döyüşə getmişdi ki, atasının qisasını alsın. Şəhidləri döyüş meydanında buraxmaq adətə xilaf olan şeydi. Qohum-qəbiləsinin adamları onun meyitini mütləq gətirməliydilər.
Amma bunu eləyə bilməmişdilər. O böyük döyüşdə düşmənlə üz-üzə gəlib sinələşəndə çoxları görüblər ki, onun oğlu yıxılıb atın boynuna, döyüşün hay-həşirindən hürkən qızğın at götürüb onu aradan, oğlan duruş gətirə bilməyib yıxılıb, bir ayağı ilişib üzəngiyə, atın böyründə asıla qalıb, at bundan daha da hürküb götürülüb, oğlanın cansız cəsədini sürüyə-sürüyə üz tutub çölə… Tərslikdən, at düşmən tərəfə qaçıb. Hamının qatıldığı qızğın, qanlı döyüşə baxmayaraq, həmqəbilələrindən ikisi çapır atın dalınca ki, tutub oğlanın ölüsünü götürsünlər. Amma dərədə pusquya durmuş hörüklü juanjuanlardan iki atlı bağıra-bağıra çapıb onların yolunu kəsirlər. Naymanlardan biri elə o dəqiqə oxlanıb öldürülür, o biri də ağır yaralı halda atını döndərib birtəhər yetirir özünkülərə, orada da atdan dəyir yerə. Bu hadisə naymanları juanjuanların pusquya durmuş dəstəsindən xəbərdar elədi, düşmənin bu dəstəsi həlledici məqamda cinahdan zərbə endirməliydi. Naymanlar yenidən hücuma keçmək üçün səflərini düzəltmək məqsədilə geri çəkilməli olurlar. Şübhəsiz, bu ayaqda Nayman-Ananın cavan oğlunun başına nələr gəldiyi heç kəsin yadına düşməmişdi… Özünü öz adamlarının yanına çatdıra bilən o yaralı döyüşçü sonralar danışdı ki, onlar oğlanın dalınca çapanda at onu sürüyə-sürüyə qaçıb gözdən itdi…
Naymanlar bir neçə gün dalbadal çölü gəzib axtardılar ki, oğlanın ölüsünü tapsınlar, bir şey çıxmadı. Nə meyitini tapdılar, nə atını, nə də silahını, yarağını, nə iz vardı, nə əlamət… Onun həlak olduğuna heç kimdə şəkk-şübhə yox idi, çünki yaralı olsaydı belə, bu neçə gün ərzində ya qan itkisindən, ya da susuzluqdan ölərdi. Cavan həmqəbilələrinin kimsəsiz Sarı-Özək düzənlərində bu müsibəti hamıya yer eləmişdi. Meyitin tapılmaması, ağlayıb-oxşayıb dəfn olunmaması qəbilə üçün böyük rüsvayçılıq sayılırdı. Nayman-Ananın başına toplaşmış arvadlar ağı deyə-deyə ərlərini məzəmmət eləyirdilər:
– Quzğunların payı oldu, çaqqallar didib-tökdü, papağınız yerə girsin, a kişilər!..
O gündən Nayman-Ana üçün bu bomboş dünyada bomboş günlər başlandı. O başa düşürdü ki, davada həlak olanlar olur, intəhası, oğlunun meyitinin döyüş meydanında atılıb qalması, basdırılmamağı ona rahatlıq vermirdi. Ucu-bucağı görünməyən acı fikirlər ana ürəyini şan-şan eləyirdi. Dərdini də tökməyə bir adam qalmamışdı ki, ürəyini boşaldıb təskinlik tapsın, üz tutmağa Allahdan başqa bir kimsəsi yoxdu…
Bu qara fikirləri özündən rədd eləmək üçün oğlunun öldüyünə, gərək, öz gözləriylə görüb inanaydı. Bundan sonra taleyin hökmünə kim nə deyə bilərdi? Ona hər şeydən çox şübhə gətirən oğlunun atının yerli-dibli yoxa çıxmağı idi. At ölməmişdi, at ürküb qaçmışdı. Bütün ilxı atları kimi, o da gec-tez üzəngiyə ilişmiş ölünü sürüyə-sürüyə öz ilxısına qatmalı idi. Onda nə qədər dəhşətli olsa da, atın sürüyə-sürüyə gətirdiyi bu ölünün üstə ağlayar, ulam-ulam ulayar, üz-gözünü cırıb öz qara gününə elə sözlər deyərdi ki, məcaz başa düşürsə, Allahın özünün də dözümü çatmazdı. Əvəzində, ürəyindəki bütün şübhələri birdəfəlik çıxardıb atardı, ölümünə də soyuq dərrakəylə hazırlaşardı, hər saat, hər dəqiqə hazır gözləyərdi, ömrünü uzatmağı, dünyadan yapışıb qalmağı heç ağlına da gətirməzdi. Ancaq nə fayda ki, nə oğlunun meyiti tapıldı, nə də at qayıtdı. Ana qəlbini şübhələr xırpalasa da, qəbilə camaatı bu hadisəni yavaş-yavaş unutmağa başlayırdı, çünki zaman keçdikcə hər şey silinir, unudulub gedir… Bircə ana təskinlik tapıb unuda bilmirdi.
Fikirləri elə eyni çevrədə cərəyan eləyirdi. Atın başına nə gəlib, yəhər-əsbab nə oldu, yar-yarağı hara itdi? Heç olmasa, bu əlamətlərə görə oğlunun taleyini, bəlkə, öyrənə biləydi! Axı ola da bilər ki, çapıb əldən düşəndən sonra juanjuanlar onu Sarı-Özəyin bir yerində tutub ələ keçirə biliblər. Yəhər-yüyənli əlavə bir at da pis qənimət deyil. Bəs onda juanjuanlar onun üzəngiyə ilişib sürünə-sürünə qalan oğlunun meyitini, görəsən, neyləyiblər? Basdırıblar, yoxsa qoyublar elə çölün düzündə heyvanlara yem olsun? Birdən, bəlkə, diriymiş o, bəlkə, Allahın işidir, ona ölüm verməyib?
Görəsən, onu öldürüb əzablarına son veriblər, ya çölün düzənində atıblar ki, orada canı çıxsın, bəlkə…
Şübhələrin sonu-sonucu yox idi. O, gəlmə sövdəgərlərin heç birinin ağlına gəlməzdi ki, çay məclisində Sarı-Özəkdə rast gəldikləri o cavan manqurt haqqında dedikləri sözlər Nayman-Ananın qovrulan ürəyinə təzə bir qığılcım salacaq.
Qorxulu hisslərdən onun ürəyi bumbuz kəsilmişdi. Həmin manqurtun onun itmiş oğlu olacağı fikri artır, güclənir, get-gedə qətiləşərək onun bütün qəlbinə və şüuruna hakim kəsilirdi. Ana başa düşdü ki, ta o manqurtu tapmayınca, onun öz oğlu olub-olmadığını bilməyincə sakitlik tapmayacaq.
Naymanların yaylaqları olan yarımquru dağ ətəklərində bir neçə daşlı-çınqıllı çay axırdı. Nayman-Ana gecə səhərəcən oturub çayın şırıltısına qulaq asdı. Onun təlatümlü ruhuyla heç bir uyğunluq olmayan su, görəsən, ona nələr deyib, nədən danışmışdı? Sakitləşib-sərinləmək istəyindəymiş, yəqin…
Kimsəsiz, dilsiz-ağızsız Sarı-Özək çöllərinə yola düşməzdən axar suyu dinləmək, ondan doyum-doyum içmək arzusundaymış o… Sarı-Özək çöllərinə tək getməyin nə qədər qorxulu olduğunu ana bilsə də, sirrini heç kimə faş eləmək istəmirdi. Onun nələr çəkdiyini başa düşən olmayacaqdı. Hətta ən doğma adamlar da onu məzəmmət edəcəkdilər. Çoxdan tələf olmuş oğlunun dalınca təzədən düşməyin yeridirmi? Əgər təsadüfən sağ qalıbsa, onu manqurt eləyiblərsə, nəyə lazım bir də ürəyinə dağ çəkəsən, bir halda ki, manqurt vaxtilə adam olanın ancaq cildi, müqəvvasıdır…