Sadece Litres'te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Seçilmiş əsərləri», sayfa 7

Yazı tipi:

Şübhəsiz, onların da özlərinə görə insan şüurunu əbədi bir yük altında saxlayan mənəvi, əxlaqi və intellektual xüsusiyyət daşıyan ictimai həyat problemləri var. Aydın məsələdir ki, onlar necə yüksək maddi nemətlər bolluğuna nail olublarsa olsunlar, bu, o demək deyil ki, on milyarddan artıq əhalisi olan planetdə ümumi həyat o qədər də asan keçir. Buna baxmayaraq, təəccüb doğuran odur ki, onlar dövlət deyilən quruluşun nə olduğunu bilmirlər, müharibə və silah deyilən şeylərdən xəbərləri yoxdur. Bunu dürüst deyə bilmərik – çox ola bilsin ki, keçmiş tarixdə müharibələri də olub, dövlət quruluşları da, hətta lap pulları da və o cümlədən, bunlarla yanaşı gedən başqa ictimai münasibətlər mövcud olub, hər halda, bunlar keçmişdə olsa da, hazırkı tarixi dövrdə onların dövlət quruluşu adlanan zorakılıq institutları və mübarizənin müharibə deyilən formalarından xəbərləri yoxdur. Əgər biz Yerdə gedən, ardı-arası kəsilməyən müharibələrin mahiyyətini onlara başa salmalı olsaq, bu, onlara mənasız, hətta məsələlərin həllinin ən vəhşi üsulu kimi görünməzmi?

Onların bütün həyatı tamamilə başqa əsaslar üzərində təşkil olunub, bu, bizim yerdəki ağıl, mühakimə yürütmək formasından kənar olduğu üçün onları kifayət qədər anlayıb dərk edə bilmirik.

Onlar müharibəni mübarizə vasitəsi kimi rədd edərək elə bir kollektiv planetar şüur səviyyəsinə çatmışlar ki, bizim tariximizə görə, çox güman ki, bu cür sivilizasiya Kainat mühitinin ağılkəsən hüdudlarında ən qabaqcıl sivilizasiyadır. Ola bilsin, onlar elmi inkişafın elə bir səviyyəsinə çatmışlar ki, vaxt və fəza ölçüsünün insaniləşdirilməsi şüurlu varlıqların həyat fəaliyyətlərinin əsas mənasına çevrilir, beləliklə də, dünya təkamülünün yeni, daha yüksək və sonsuz mərhələsinin davamını təmin edir.

Biz müqayisəyə gəlməyən şeyləri müqayisə eləmək fikrində deyilik. Vaxt gələcək ki, bizim yer üzündə də adamlar belə yüksək inkişafa çatacaqlar, bizim elə indinin özündə də fəxr edib öyünməli şeylərimiz az deyil, ancaq acı bir fikirdən yaxa qurtara bilmirik: bəs yer üzündəki bəşəriyyət tragik bir səhvə uyaraq tarixin ancaq müharibələr tarixi olduğuna özünü inandırmışsa, onda necə olsun? Bəlkə, bu cür inkişaf yolu başdan-binadan çıxılmaz, səhv yoldur?

Belə isə biz hara gedirik, bu yol bizi hara aparıb çıxaracaq?

Əgər bu, doğrudan da, belədirsə, bəşəriyyət səhvini etiraf etmək üçün cəsarət tapıb yerlə-yeksan olmaqdan can qurtara biləcəkmi? Taleyin hökmü ilə yerdənkənar ictimai həyatla ilk təmasda biz olduğumuz üçün anlaşılmaz hisslər keçiririk, bir tərəfdən yer sakinlərinin gələcəyi üçün nigarançılıq hissi, digər tərəfdən ümid, çünki Kainatda elə bir ictimai həyat nümunəsi var ki, onun inkişafı müharibələr yolu ilə həll edilən ziddiyyətlərdən kənardır…

Meşəlidöşlülər bilirlər ki, Kainatın onlar üçün çox uzaq olan bir guşəsində Yer planeti var: onlar yer sakinləri ilə təmasa girməyi çox istəyirlər, bu təkcə adi maraq hissi deyil, onların fikrinə görə, bu, hər şeydən əvvəl, şüur fenomeninin təntənəsi naminə, sivilizasiya təcrübəsi mübadiləsi naminə, kainatdakı intellekt sahiblərinin yeni ruhi və zehni inkişafı naminədir.

Bu münasibətlərdən onlar düşündüyümüzdən daha çox şeylər gözləyirlər. Meşəlidöşlülərin yer sakinlərinə olan marağı bir də buna əsaslanır ki, onlar hər cür enerjinin əvvəl-axır kəsərdən düşəcəyini, eləcə də hər bir planetin məhv olacağı faktorunu nəzərə alaraq, təbiətdəki həyatın sonsuz davamını təmin etməyin əsas yolunu dünya şüurunun bu iki qolunun ümumi səyinin birləşməsində görürlər…

İşıq sürətilə uçan aparatları olduğu üçün onlar elə indinin özündə bizim Yerə gələ bilərdilər. Ancaq Yer sakinlərinin razılığı və dəvəti olmadan bunu eləmək istəmirlər. Onlar Yerə çağırılmamış qonaq kimi soxulmaq fikrində deyillər.

Buna görə də bizə işarə vururlar ki, tanışlıq üçün çoxdan münasib imkan axtarırlar. Bizim kosmik stansiyalarımız uzunmüddətli orbitlərə çıxmış obyektlərə çevriləndən sonra onlara aydın olub ki, görüş vaxtı yaxınlaşır, həm də ilk addımı onlar atmalıdırlar. Onlar ciddiyyətlə hazırlaşır, münasib vaxt gözləyirmişlər. Bu da bizim payımıza düşüb, çünki bu aralıqda orbital stansiyada biz olmuşuq…

Aydın məsələdir ki, bizim onların planetinə gəlməyimiz ağlagəlməz bir sensasiyaya çevrildi. Bu münasibətlə ancaq böyük bayramlarda istifadə olunan qlobal telekontakt sistemi efirə buraxıldı. Ətrafımızda, işıq saçan havada bizdən minlərlə kilometr uzaqlıqda olan şeyləri və adamların üzünü tam əyaniliklə yanımızdaca görür və eyni zamanda qarşılıqlı əlaqə yaradıb ünsiyyətdə ola bilirdik – təbəssümlə bir-birimizin üzünə baxır, sevinc, coşqunluq və ehtirasla gülüb-danışır, əl verib görüşür, sanki, doğrudan da, onlarla həqiqi kontaktda idik. Bu meşəlidöşlülər necə də gözəldirlər, necə də bir-birindən seçilirlər, hətta onların göyümtül-mavi saçlarının çaları da müxtəlifdir, tünd-göydən tutmuş ultramaviyə qədər! Bizim qocalar kimi onların da saç-saqqalı ağarır. Hətta antropoloji tipləri də müxtəlifdir, çünki müxtəlif etnik qruplardandırlar.

Bütün bunlar və bunlardan daha maraqlı şeylər barəsində biz “Paritet”ə və ya Yerə qayıdandan sonra danışacağıq. İndi əsas məsələdən danışmaq istəyirik. Meşəlidöşlülər bizdən xahiş eləyirlər ki, “Paritet” rabitə sistemi vasitəsilə sizə çatdıraq ki, Yer sakinləri nə vaxt münasib bilərsə, onlar bizim planetə gəlmək arzusundadırlar. Ancaq təklif edirlər ki, hələlik ulduzlararası keçid stansiyası yaratmaq proqramı razılaşdırılsın, bu həm ilkin görüşlər keçirmək üçün yer olardı, həm də gələcəkdə daimi yolüstü baza kimi istifadə oluna bilərdi. Biz söz verdik ki, onların bu təklifini öz həmyerlilərimizə çatdıraq. Ancaq bununla əlaqədar olaraq, bizi narahat edən tamam başqa şeylərdir.

Biz, Yer sakinləri bu cür planetlərarası görüşə hazırıqmı, şüurlu məxluqlar kimi bizim buna yetkinliyimiz çatırmı? Biz bir-birindən ayrılıq və mövcud ziddiyyətlər şəraitində birlik tapıb, bir növ özümüzü vəkil edərək, bütün bəşəriyyət, bütün Yer kürəsi adından çıxış eləyə bilərikmi? Sizdən acizanə rica edirik ki, yeni rəqabət alovunun, mənasız birincilik uğrunda yeni mübarizənin qarşısını almaq naminə bu məsələni ancaq BMT-yə həvalə edin. Sizdən onu rica edirik ki, BMT-dəki qadağan hüququndan sui-istifadə etməyin, bəlkə də, bu dəfə müstəsna olaraq bu veto hüququ ləğv edilsin. Kosmik fəzanın çox-çox uzaqlarında belə şeylər barədə düşünmək bizim üçün son dərəcə ağır və acıdır, ancaq neyləmək olar, biz Yer kürəsindənik və biz Yer planeti sakinlərinin xasiyyətinə yaxşı bələdik.

Nəhayət, bir daha özümüz və tutduğumuz iş haqqında danışmaq istəyirik. Bizim orbital stansiyadan yoxa çıxmağımızın necə bir təəccübə səbəb olduğunu və bununla bağlı necə təcili tədbirlər görüldüyünü biz yaxşı başa düşürük.

Bu qədər təşvişə səbəb olduğumuz üçün dərindən-dərinə təəssüf edirik. Amma bu elə bir unikal hadisə idi ki, imtina edə bilmədik, buna mənəvi haqqımız yox idi. Biz çox ciddi reqlament nizamnamə məhdudiyyəti içində yaşayan adamlar olsaq da, bu böyük məqsəd naminə reqlament xilafına hərəkət etməyə borcluyuq.

Bunu bizim öz vicdanımızın mühakiməsinə buraxın, biz lazımi cəza çəkməyə hazırıq! Amma bunu hələlik yaddan çıxardın. Qulaq asın! Biz uzaq Kainatdan siqnal veririk. Biz indiyə qədər məlum olmayan Cazib günəşinin qalaktik sistemindən xəbər göndəririk. Göyümtülsaçlı meşəlidöşlülər ən müasir, son dərəcə yüksək müasir şivilizasiyanın yaradıcılarıdır. Onlarla görüş bütün bəşəriyyətin taleyində, bizim həyatımızda qlobal dəyişikliklər yarada bilər. Çox təbii ki, ilk növbədə, öz Yerimizin mənafeyini gözləmək şərtiylə, belə bir işə cürət edə bilərikmi?

Kənar planet sakinlərinin bizə heç bir təhlükəsi yoxdur. Hər halda, bizə belə görünür. Ancaq biz onların təcrübəsindən istifadə eləsək, dünyamızı əhatə edən maddi mühitdən enerji alınması üsullarından başlamış, ta ki zor işlətmədən silahsız, müharibəsiz yaşamağı öyrənərək öz həyat tərzimizdə çevriliş yarada bilərdik. Son dediklərimiz qulağa da qəribə gələ bilər, ancaq biz təntənəli surətdə təsdiq edirik ki, Meşəlidöş planetindəki şüurlu məxluqatın həyatı məhz bu tərzdə qurulub, öz kütləsi etibarilə, bizim Yer kürəsi böyüklükdə olan geobioloji məkanda belə bir kamilliyə çata biliblər. Kainatın yüksək sivilizasiyalı təfəkkür tərzi nümayəndələri kimi onlar özlərinin ağıl qardaşları olan Yer sakinləri ilə açıq əlaqəyə girməyə hazırdırlar, lakin bu kontaktın forması hər iki tərəfin tələblərinə və ləyaqətlərinə uyğun olmalıdır.

Yerdənkənar sivilizasiya kəşf elədiyimizə görə biz nə qədər dərin sarsıntı keçirsək də, tezliklə yerə qayıtmaq arzusundayıq ki, fəza hüdudlarımızdan uzaq qalaktikadakı Cazib Günəş sistemi planetlərindən birində şahidi olduğumuz şeylər barədə adamlara məlumat verə bilək.

Bizim fikrimiz budur ki, iyirmi səkkiz saatdan sonra, yəni bu növbəti radio verilişlərindən bir sutka keçmiş geriyə istiqamət götürüb öz “Paritet”imizə qayıdaq. “Paritet”ə daxil olan kimi özümüzü verəcəyik Biridamərkin sərəncamına.

Hələlik, görüşənə qədər. Günəş sisteminə uçma ərəfəsində “Paritet”ə çatacağımız vaxt barədə məlumat verəcəyik.

Bununla da, Meşəlidöş planetindən ilk verilişimizi qurtarırıq. Tezliklə görüşənə qədər. Çox-çox xahiş edirik ki, ailələrimizə xəbər verəsiniz, bizdən nigaran qalmasınlar.

Paritet-kosmonavt 1-2
Paritet-kosmonavt 2-1”

“Konvensiya” təyyarədaşıyan gəmisindəki “Paritet” orbital stansiyasında baş vermiş fövqəladə hadisəni tədqiq edən xüsusi səlahiyyətli komissiya tərəflərinin ayrıca yığıncağı bununla başa çatdı ki, hər iki tərəfdən olan komissiya bütün üzvlərilə birlikdə yuxarı təşkilatlardan göstəriş almaq üçün geriyə uçmalı oldular. Təyyarədaşıyan gəminin göyərtəsindən qalxan təyyarələrdən biri San-Fransiskoya, bir neçə dəqiqədən sonra qanadlanan digəri isə əks istiqamətdə – Vladivostoka yön aldı.

“Konvensiya” təyyarədaşıyan gəmisi isə öz həmişəki yerində Sakit okeandakı Aleut adalarından cənubda idi… Təyyarədaşıyan gəmidə çox ciddi qayda qoyulmuşdu. Hər kəs öz işi ilə məşğuldu. Hamı gözdə-qulaqdaydı. Bir adam da danışmırdı…

Bu yerlərdə qatarlar şərqdən qərbə, qərbdən də şərqə gedir…

Bu yerlərdə dəmiryolunun hər iki tərəfilə intəhasız Sarı Torpaq çöllərinin göbəyi hesab edilən Sarı-Özək düzləri uzanıb gedir…

Ana-Beyitə gedən yolun artıq üçdə biri qət olunmuşdu. Günəş əvvəlcə üfüqdən çox sürətlə qalxdı, indi isə, elə bil ki, Sarı-Özəyin başı üstündə bircə nöqtədə dayanıb. Deməli, gün-günorta olmuşdu, göydən od ələnirdi.

Boranlı Yedigey gah saatına, gah günəşə, gah da irəlidə uzanıb gedən düzlərə baxa-baxa kəsdirdi ki, hələlik işləri lazımi qaydada gedir. O, yenə də dəvənin üstündə irəlidə gedir, onun ardınca yedəkli traktor, yedəyin ardınca da “Belarus” ekskavatoru gəlirdi, kürən köpək Culbars isə böyür tərəfdən qaçırdı.

“Sən demə, insanın beyni bircə saniyə də fikirsiz dayana bilmirmiş. Sən bir bu şoğəribin işinə bax. İstəsən də, istəməsən də fikirdən fikir doğur, yəqin, ölənəcən elə belə gedəcək!” Yedigey bu gülməli qənaətə yol boyu aramsız olaraq nəyinsə haqqında fikirləşdiyini hiss eləyəndə gəlmişdi. Dənizdə dağlar bir-birini qovduğu kimi, fikir də fikri qovurdu. Uşaqlıq çağlarında o, saatlarla Arala tamaşa elərdi. Küləkli havalarda uzaqda sular ağarır, sonra köpüklənə-köpüklənə, qabara-qabara yaxınlaşaraq dalğadan dalğa yaradırdı. Bu hərəkətdə dəniz canlı bir varlıq kimi, sanki eyni vaxtda yaranır və pozulur, pozulub yenidən yaranırdı.

Bax elə onda bu oğlan uşağının ürəyindən keçirdi ki, qağayı olub bu su ümmanının necə yaşadığını yüksəklikdən görmək üçün dalğalar üzərində bərq vuran su qırçınlarının üstündə qanad gərib uçsun.

Payız qabağı Sarı-Özəyin ürəyə işləyən bir qüssə gətirən geniş düzləri, löhrəm yerişli dəvənin addım səsi Boranlı Yedigeyi xəyal aləminə aparmışdı, o da buna mane olmurdu, qabaqda hələ xeyli yol vardı, hərəkətlərinə əngəl olacaq bir şey də yox idi. Həmişə uzaq səfərlərdə olduğu kimi, indi də yol getdikcə Qaranərdən tünd tər qoxusu gəlməyə başlayırdı. Bu qoxu dəvənin ənsəsindən və boynundan gəlirdi. “Hə, hə, bildim, – Yedigey razı halda gülümsündü, – deməli, tamam köpük içindəsən! Lap paçalarının arasınacan köpüklənmisən! Ay səni yırtıcı, ayğırın biri ayğır! Dəlisən, dəli!”

Yedigeyin fikri çözələnib onu yenə də keçmiş günlərə apardı, olub-keçənləri götür-qoy elədi, o zaman Qazanqap hələ sağlam və canısulu idi, bax, elə bu xatirələrin çözümü, özü istəməsə də, çoxdan ötüb keçmiş bir əhvalat ürəyinə od saldı. Dualar da kömək eləmədi. Duanın sözlərini dönə-dönə öz-özünə təkrar eləyirdi ki, başını qatsın, ürəyinin ağrısını unutsun. Amma qəlbi heç cür təskinlik tapmırdı. Boranlı Yedigey tutulmuşdu, yolu onsuz da həvəslə gedən dəvənin böyrünü nahaq qamçılayır, şapkasının günlüyünü gözünün üstünə basıb daha arxadan gələn traktora sarı baxmırdı. Qoy arxamca gəlsinlər, geri qalmasınlar, axı bizim keçmiş əhvalatlarımız isti-soyuq görməmiş cavanların nə vecinə… O, bu barədə heç arvadıyla da bir kəlmə kəsməmişdi, bu barədə ancaq Qazanqap öz sözünü deyib, həmişəki kimi vicdanla, ağılla yol göstərmişdi. Təkcə o, məsləhət verə bilərdi, yoxsa Yedigey, Boranlıdan çoxdan çıxıb getmişdi…

Həmin ildə – əlli birin qışının lap axırında razyezdə bir ailə gəldi. Ər, arvad, iki də oğlan uşağı. Böyük oğlan Daulun beş, kiçiyininsə üç yaşı vardı. Kiçiyinin adı Ermək idi. Abutalıb Kuttubayovun özü Yedigeylə həmyaşıd olardı. Müharibəyə qədər hələ lap cavan ikən bir il aul məktəbində müəllimlik eləyib, qırx birin yayındasa onu müharibənin ilk günlərində cəbhəyə göndərmişdilər. Belə çıxır ki, Zərifə ilə ya müharibənin sonuna yaxın, ya da müharibə qurtaran kimi evləniblər. Zərifə özü də razyezdə gələn kimi aşağı siniflərə dərs deyirmiş. İndi fələk vurub onları da Sarı-Özəyin Boranlısına salmışdı.

Onların belə əldən-ayaqdan uzaq bir yerə gəlməsi, aydın məsələydi ki, kefdən deyildi. Abutalıbla Zərifə başqa yerdə də iş tapa bilərdilər. Görünür, vəziyyət elə gətirmişdi ki, başqa çarələri qalmamışdı. Əvvəlcə boranlılar elə güman elədilər ki, onlar burada çox bənd ala bilməzlər, dözümləri çatmaz, baş götürüb qaçarlar. Boranlıya bu cür gəlib-gedənlər çox olub. Elə Yedigey də, Qazanqapın özü də belə fikirləşirdi. Buna baxmayaraq, elə ilk günlərdən Abutalıbın ailəsinə hörmət göstərirdilər. Kasıbçılıq çəksələr də, ləyaqətlərini bilən mədəni adamlardılar. Ər də, arvad da hamı kimi işə can yandırırdı. Çiyinlərində şpal da daşıyırdılar, yolları qar basanda qarı da təmizləyirdilər. Qərəz ki, yol işçisinin payına nə düşürdüsə, heç birindən kənar durmurdular. Abutalıbın alman əsirliyində olması sarıdan bədbəxtik çəksələr də, amma mehriban ailə idilər. O vaxtlar artıq müharibə illərinin ehtirasları da bir az soyumuşdu. Əsirlikdə olanlara vətən xaini damğası vurub düşmən hesab eləmirdilər. Boranlılara gəlincə, onlar buna görə çox narahat da olmurdular. İndi neyləmək olar ki, bu adam əsirlikdə olub, bu dəhşətli dünya vurhavurunda adamların başı nələr çəkməyib ki! Elələri var, elə indinin özündə də sərgərdan gəzib-dolanırdılar. Müharibə kabusu hələ də adamları təqib edirdi… Buna görə boranlılar gəlmələri bu münasibətdə çox da sorğu-suala tutmadılar, onsuz da səbir kasası dolmuş, başı bəlalar çəkmiş adamın yaralarını təzələmək nəyə lazımdı…

Günlər keçdikcə Yedigey bir də gözünü açıb gördü ki, Abutalıbla dost olub. Ağıllı adam idi Abutalıb. Yedigeyin diqqətini cəlb eləyən o idi ki, Abutalıb belə ağır vəziyyətdə olsa da, dünyadan əlini üzməmişdi. Özünü sındırmır, taleyindən şikayətlənib ah-nalə eləmirdi. Bir sözlə, dünyanın gəldi-gedərini başa düşən adamdı. Görünür, qismətində belə yazıldığını başa düşürdü. Elə, deyəsən, arvadı Zərifə də bu qənaətdə idi. Taleyin bu hökmü ilə daxilən razılaşdıqları üçün onlar həyatın mənasını bir-birinə olan mehribançılıqda, qeyri-adi həssaslıqda görürdülər. Yedigey sonralar başa düşdü ki, beləliklə, onlar bir-birinə arxa durur, həm özlərini, həm də uşaqlarını zamanın amansız qasırğalarından qoruyurlar. Xüsusilə də Abutalıb. O, ailəsindən kənar bircə gün də yaşaya bilməzdi. Uşaqlar – oğlanları lap dini-imanıydı. Hər boş dəqiqəsini onlara sərf edir, məşğul olurdu. Onlara savad öyrədir, cürbəcür nağıllar danışır, tapmacalar verir, özündən oyunlar fikirləşirdi. Əvvəllər işə gedəndə uşaqları barakda qoyurdular. Ukubala buna dözə bilməyib uşaqları öz yanına gətirdi. Təzə gələnlərə nisbətən onların evi həm isti, həm də o vaxt daha səliqə-sahmanlı idi. Onların ailəvi yaxınlığına da elə bu səbəb oldu. Axı o vaxt Yedigeyin özünün də balaları boy atırdı, iki qızı elə Abutalıbın uşaqları boyda idilər.

Bir dəfə işdən sonra Abutalıb uşaqları aparmağa gələndə dedi:

– Bilirsən nə var, Yedigey, gəlsənə, öz uşaqlarımla birgə sənin qızlarına da dərs deyim. Elə bilmə ki, indiyə kimi avaraçılıqdan uşaqlarla vaxt keçirirəm. Uşaqlar bir-birlərinə isinişiblər, bir yerdə də oynayırlar. Qoy gündüzləri sizdə olsunlar, axşamlar da bizdə. Bunu sənə niyə deyirəm? Özün görürsən ki, əldən-ayaqdan uzaq olan bu yerdə onsuz da ürəkaçan bir şey yoxdur, deməli, uşaqlarla daha çox məşğul olmaq lazımdır. İndi elə bir zamandır ki, uşaqlara gərək körpəlikdən bilik öyrədəsən. İndinin bax beləcə barmaq boyda uşaqları, gərək qabaqlar yekə oğlanların bildiyi qədər bilsin. Ayrı cür savad yiyəsi olmaq mümkün deyil.

Abutalıbın cidd-cəhdinin əsl mənasını Boranlı Yedigey sonralar, bədbəxtlik üz verəndən sonra başa düşdü. Onda Yedigey anladı ki, Abutalıbın vəziyyətində olan adamın Boranlı şəraitində uşaqlar üçün əlindən gələni ancaq bu ola bilərdi. Elə bil, ürəyinə damıbmış, çalışırdı ki, bacardıqca uşaqlara çox şey öyrətsin, sanki, beləliklə, onların yaddaşına həkk olmaq, öz ömrünü onların ömrünə qatmaq istəyirdi. Nə isə, Abutalıb işini qurtarıb qayıdan kimi Zərifəylə birlikdə həm özünün, həm də Yedigeyin uşaqları üçün nəsə məktəb-uşaq bağçasına bənzər bir şey düzəldirdilər. Uşaqlar bir-birinin bəhsinə hərfləri, hecaları öyrənir, oynayır, şəkil çəkir, valideynlərin oxuduğu kitablara qulaq asır, hətta bir yerdə mahnı oxumağı da öyrənirdilər. uşaqların bu həvəsi Yedigeyi də maraqlandırdı, hətta o özü də onlara ayaq açmağa başladı, həvəslə dərs oxuyan uşaqlara tamaşa eləməkdən doymurdu. Ukubalanın özü də hərdən bir şeyi bəhanə eləyib gəlsə də, əslində, qızlarına tamaşa eləməyə gəlirdi. Yedigey baxdıqca xoşallanır, mütəəssir olurdu. Ürəyi muma dönürdü. Savad belə şeydir, müəllim belə olar! Gör bir uşaqlarla necə rəftar eləyirlər. Belə axşamlarda Yedigey onlara mümkün qədər mane olmamağa çalışırdı. Çəkilib bir küncdəcə otururdu, hər gələndə də qapının ağzında şapkasını çıxarırdı:

– Axşamınız xeyir! Budur, bax, bağçanızın beşinci uşağı da gəldi.

Uşaqlar onun bu gəlişinə öyrənmişdilər. Qızları çox sevinirdi. Atalarını görəndə daha çox çalışırdılar. Yedigeylə Ukubala növbə ilə onların sobalarını qalayırdılar ki, axşamları uşaqlara soyuq olmasın, isti ev daha sahmanlı görünsün.

Həmin il Boranlıda bax, belə bir ailə məskən salmışdı. Əcaib şey də budur ki, adətən, belə adamların bəxti gətirmir.

Abutalıb Kuttubayovun bədbəxtliyi onun təkcə almanlara əsir düşməyi ilə bitmirdi, xoşbəxtlikdənmi, ya bu da onun bədbəxtliyindənmi, bir qrup hərbi əsirlə Cənubi Bavariyadakı konsentrasiya düşərgəsindən qaçıb qırx üçüncü ildə yuqoslav partizanlarına qoşulmuşdu. Abutalıb müharibənin sonuna kimi yuqoslavların azadlıq ordusu sıralarında vuruşmuşdu. Orada yaralanıb, elə orada da müalicə olunmuşdu. Yuqoslavlar onu öz ordenləriylə təltif eləmişdilər. Partizan hərəkatı qəzetlərində şəkli çıxmış, onun haqqında tərifli sözlər yazmışdılar. Qırx beşinci ildə vətənə qayıdanda, xüsusi filtrləmə komissiyası onun sənədlərini yoxlayarkən bunların ona əməlli-başlı köməyi dəymişdi. Konsentrasiya düşərgəsindən qaçan on iki nəfər əsirdən ancaq dördü sağ qalmışdı. Bu dörd nəfərin bəxti bir də ona görə gətirmişdi ki, sovetlər tərəfindən yoxlama komissiyası birbaşa yuqoslavların azadlıq ordusunun bu bölmələrinə gəlmişdilər, yuqoslav komandirləri bu keçmiş hərbi əsirlərin mənəvi siması və faşistlərə qarşı döyüş xidmətlərini işıqlandıran yazılı xasiyyətnamə vermişdilər.

Nəhayət, ikiaylıq üzüntülü çək-çevirdən, dəfələrlə yoxlamalardan, üzləşdirmələrdən, gah ümid verən, gah da ümid üzən gözləmələrindən sonra Abutalıb Kuttubayova günahsız hüquqlu bir şəxs kimi Qazaxıstana qayıtmağa icazə verdilər, günahsız deyəndə ki, günahsızdı, amma cəbhədən qayıdanlara verilən imtiyazlardan məhrum edilmişdi.

Abutalıb Kuttubayov ürəyində də incik deyildi. Müharibəyə gedənə kimi coğrafiya müəllimi idi, yenə də öz sənətinə qayıtmışdı. Bax, elə burada da, rayon mərkəzindəki məktəblərin birində ibtidai sinif müəlliməsi Zərifəyə rast gəlmişdi. Nadir hallarda olsa da, həyatda bəzən taylı tayını tapır.

İllər keçdikcə ilk qələbə illərinin səs-küyü də sakitləşirdi.

Zəfər təntənəsi və şənliklər ötüşəndən sonra havada “soyuq müharibə”nin ilk qarı yağmağa başladı. Getdikcə də gücləndi. Dünyanın müxtəlif yerlərində, qadalı zəif nöqtələrdə müharibədən sonrakı münasibətlərin yayları gərginləşdi…

Coğrafiya dərslərindən birində belə yaylardan biri tab gətirməyib açıldı. Gec-tez, bu və ya başqa şəkildə, qərəz ki, bir yerdə bu olmalıydı. Onunla da olmasa, onun vəziyyətində olan başqa birisinin başına gəlməliydi.

Abutalıb Kuttubayov səkkizinci sinif şagirdlərinə dünyanın Avropa hissəsindən dərs keçəndə onları konsentrasiya düşərgəsindən Cənubi Bavariyadakı Alp dağlarının daş karxanasına gətirərək gözətçiləri tərksilah eləyib qaçmalarından, yuqoslav partizanlarına qoşulmalarından danışdı, dedi ki, müharibə zamanı Avropanın yarıdan çoxunu gəzib.

Adriatik sahillərdən Aralıq dənizinə kimi… Bu yerlərin təbiəti, yerli camaatın məişəti ilə yaxşı tanışdır. Və bu dediklərini dərsliklərdə təsvir etmək mümkün deyil. Müəllim belə hesab eləyirdi ki, öz gözü ilə gördüyü əlavə məlumatla mövzunun əhatəsini genişləndirir.

Müəllimin çubuğu məktəb lövhəsindən asılmış Avropa xəritəsinin göy-yaşıl, qəhvəyi rənglərinin üzərində gəzir, hündürlükləri, düzləri, çayları göstərə-göstərə bəzən elə yerlərdə gəlib dayanırdı ki, həmin yerlər indinin özündə də gecələr yuxusuna girirdi, o yerlər ki neçə il qış-yay, gecə-gündüz vuruşmalar getmişdi… Bəlkə də, əlindəki çubuq xəritədə seçilməyən elə bir nöqtəyə toxunmuşdu ki, həmin yerdə böyürdən açılan düşmən avtomatlarından aldığı yaralardan yaşıl otları, daş-kəsəyi al-qanına boyayaraq eniş aşağı yuvarlanmışdı, hətta bir anlıq ona elə gəldi ki, doğrudan da, onun al-qırmızı qanı xəritənin üzərinə yayılır, gözləri qaranlıq gətirir, başı hərlənir, dağlar oynayıb yerindən uçur, bu məqamda keçən yayı Bavariya daş karxanasında əsirlikdən birgə qaçdığı polyak dostunu köməyə çağırır: “Kazimir! Kazimir!” Amma dostu onu eşitmir, çünki ona elə gəlir ki, var gücü ilə bağırır, amma, əslində, heç cınqırı da çıxmamışdı, ancaq partizanların hospitalında qan köçürüləndən sonra ayılmışdı.

Şagirdlərə dünyanın Avropa hissəsi haqqında danışa-danışa Abutalıb Kuttubayov bir qədər də öz-özünə təəccüb elədi ki, bütün bu ağrılı, əzablı xatirələrdən sonra belə işgüzarlıq və soyuqqanlılıqla ancaq adicə məktəb coğrafiyasına aid olan şeylər haqqında danışa bilər.

Elə bu vaxt qabaq partadan sərt hərəkətlə qalxan bir əl onun sözünü kəsdi:

– Müəllim, deməli, siz əsirlikdə olmusunuz?

Müəllimə bir cüt soyuq, qəddar göz zillənmişdi. Başını bir az da geri dartıb, ayaqüstə “farağat” vəziyyətində durmuşdu, nədənsə, onun ağzını, dişlərinin qəribə düzülüşünü – üst dişlərinin alt cərgənin içinə girməsini ömür-billah unuda bilmədi.

– Hə, olmuşam. Necə ki?

– Bəs niyə özünüzü vurmamısınız?

– Özümü niyə vurmalıydım ki? Mən onsuz da yaralanmışdım.

– Ona görə ki, əmr vardı, düşmənə əsir düşmək olmazdı!

– Kim vermişdi bu əmri?

– Yuxarının əmriydi.

– Bunu sən haradan bilirsən?

– Mən hər şeyi bilirəm. Bizim evdə Alma-Atadan, hətta Moskvanın özündən də gələn adamlar olur. Deməli, siz yuxarının əmrini yerinə yetirməmisiniz?

– Sənin atan cəbhədə olub?

– Yox, o, səfərbərliklə məşğul idi.

– Onda, çətin ki, biz bir-birimizi başa düşə bilək. Bircə onu deyə bilərəm ki, mənim başqa çıxış yolum yox idi.

– Dəxli yoxdur, gərək, əmri yerinə yetirəydiniz.

– Nə qır-saqqız olub yapışmısan, – deyə başqa bir şagird yerindən durdu. Bizim müəllim yuqoslav partizanlarıyla birgə vuruşub. Nə yapışmısan?

– Dəxli yoxdur, gərək, yuxarının əmrini yerinə yetirəydi! – deyə o biri qətiyyətlə dediyinin üstündə durdu.

Bayaqdan araya çökmüş sakitlik birdən çatladı, sinif arı pətəyi kimi uğultu saldı: “Gərək, vuraydı!”, “Yox, heç qırıq da!”, “Vuraydı!”, “Niyə vursun!”, “Düzdür!”, “Yox!”

Müəllim yumruğunu stola çırpdı:

– Yığışdırın bu söhbəti! Coğrafiya dərsi gedir! Mən necə vuruşmuşam, başıma nə gəlib, bunu kimə lazımdır, demişəm. İndi isə xəritəmizə nəzər salaq!

Yenə də sinifdən heç kim nə xəritədəki o zorla seçilən nöqtəni, nə də böyürdən açılan avtomat güllələrindən yaralanmış əliçubuqlu müəllimin Avropanın göy-yaşıl-qəhvəyi xəritəsini al-qanına boyayaraq enişaşağı yuvarlandığını gördü…

Bir neçə gündən sonra onu rayon xalq maarif şöbəsinə çağırdılar. Orada qısa şəkildə Kuttubayova dedilər ki, öz arzusu ilə işdən çıxmağı haqqında ərizə versin: keçmiş hərbi əsirin mənəvi haqqı çatmır ki, gənc nəslə dərs versin.

Abutalıbla Zərifə öz ilkinləri – Daulu da götürüb vilayət mərkəzindən uzaq, başqa bir rayona getməli oldular. Aul məktəbində işə düzəldilər. Mənzil məsələsini də birtəhər qaydaya sala bilmişdilər, bacarıqlı müəllimə olduğunu görüb, Zərifəni dərs hissə müdiri qoydular. Elə bu vaxt qırx səkkizinci ilin Yuqoslaviya ilə bağlı əhvalatı pırtlayıb üzə çıxdı. İndi Abutalıb Kuttubayova təkcə keçmiş hərbi əsir kimi yox, həm də uzun müddət xaricdə olmuş şübhəli şəxsiyyət kimi baxırdılar. O dəridən-qabıqdan çıxıb sübut elədi ki, yuqoslav yoldaşlarla ancaq partizanlıq eləyib, onun sözünə əhəmiyyət vermədilər… Hamı onun vəziyyətini başa düşürdü, lap yazığı gələnlər də vardı, amma bu işlə bağlı heç kim üstünə məsuliyyət götürmək istəmirdi. Onu təzədən rayon XMŞ-nə çağırdılar, öz xahişi ilə işdən azad olunmaq əhvalatı yenidən təkrar olundu…

Abutalıb Kuttubayovun ailəsi dəfələrlə yer dəyişəndən sonra əlli birinci ilin qışında Sarı-Özəyin Boranlı razyezdinə gəlib çıxdı.

Əlli ikinci ilin yayında günəş bu yerlərə od ələyirdi. Torpaq elə qızmışdı, çöl elə qurumuşdu ki, Sarı-Özək kərtənkələləri də baş soxmağa yer axtarırdılar, adamlardan ehtiyat eləmir, ləhləyə-ləhləyə evlərin kənarına gəlirdilər ki, özlərini kölgəyə versinlər. Çalağanlar isə sərinləmək üçün elə əlçatmaz, ünyetməz yüksəkliyə qalxırdılar ki, oralara göz də işləmirdi. Göyün hansı qatındansa hərdənbir onların qışqırıq səsi eşidilirdi.

Amma qulluq elə qulluqluğunda qalırdı. Qatarlar elə yenə də şərqdən qərbə, qərbdən də şərqə gedirdi. Bir Allah bilirdi ki, Boranlıda nə qədər qatar görüşüb ayrılmışdı!.. Dövlətin bu böyük magistralında cəhənnəm istisi də nəqliyyatın qabağını kəsə bilməzdi.

Hər şey öz ahəngi ilə axıb gedirdi. Yolda əlcəklə işləmək lazım gəlirdi – nə daşa əl vurmalıydı, nə də ki dəmirə toxunmalı… Günəş baş üstündə sac kimi yanırdı. Suyu yenə də həmişəki kimi sisternlərdə gətirirdilər, razyezdə gəlib çıxana kimi az qalırdı, qaynasın. Pal-paltar ikicə günün içində adamın əynindəcə licimdən çıxırdı. Vallah, qışın o oğlan çağlarında da Sarı-Özəkdə adamın halı bundan yaxşı olurdu.

O günlər Boranlı Yedigey Abutalıba ürək-dirək verməyə çalışırdı.

– Buralarda yay həmişə belə olmur. İndi il belə gətirib, – deyə bu yerləri təmizə çıxarmağa çalışırdı, elə bil, istiyə bais özüymüş. – Uzağı on beş-iyirmi gündən sonra hava sınar. Lənətə gəlmiş hamını təntidib. Bizim bu Sarı-Özəkdə hava birdən sınır. Amma bu il payız gecikir. Payız ki gecikdi, bil ki, lap qışacan havalar yaxşı keçəcək, mal-heyvan otlayıb ətə-qana dolacaq. Payızın gecikməsi xeyirədi, hər şey yaxşı olacaq. İntəhası, gərək, bir az dözəsiz, payız yaxşı gələcək.

Abutalıb da onu başa düşüb gülümsünür:

– Deməli, sözün qətidir də! – deyirdi.

– Deyə bilərəm ki, qətidir.

– Nə deyirəm, elə bununçün də çox sağ ol. Bax, indi, elə bil ki, hamamdayam. Ancaq mən öz dərdimdə deyiləm. Zərifə də, mən də dözərik. Bundan da ağır günlərimiz olub. Balacalara yazığım gəlir… Onların üzünə baxa bilmirəm…

Boranlı uşaqlarını da yayın istisi üzüb əldən salmışdı, sir-sifətdən çıxarmışdı. Onları istidən, boğanaqdan necə xilas eləyəsən? Bu yerin nə bir yaşıl ağacı vardı, nə bir sısqa bulağı, yazda Sarı-Özək çölləri əmələ gələndə dərələr, yamaclar göyərəndə uşaqların kefiydi… Top-top, gizlənqaç oynayırdılar, sünbülqıranı qabaqlarına qatıb qovurdular. Onların uzaqdan gələn sevincək səslərini eşidəndə adama ləzzət verirdi.

Amma yay hər şeyi alt-üst eləyirdi. Bu dözülməz isti bir yerdə qərar tuta bilməyən uşaqları lap üzüb əldən salmışdı. Onlar özlərini evin kölgəsinə verib ancaq qatarlar keçəndən-keçənə boylanıb baxırdılar. Uşaqların yeganə məşğuliyyəti bu idi – sayırdılar hansı tərəfə neçə qatar keçdi, neçəsi yük qatarıydı, neçəsi sərnişin… Razyezddən keçən sərnişin qatarları sürətlərini azaldanda uşaqlara elə gəlirdi ki, bu qatar dayanacaq, onlar əlləriylə gözlərini gündən kölgələyib tövşüyə-tövşüyə qatarın dalınca götürülür, ola bilsin, sadədil bir ümidlə düşünürdülər ki, bəlkə, qatara minib bu cəhənnəm istisindən canlarını qurtara bilələr. Boranlı uşaqlarının o qatarların dalınca necə qibtə, necə dərin həsrətlə baxdıqlarını görəndə adamın ürəyi şan-şan olurdu. Qapı-pəncərələri taybatay açılmış vaqonlardakı sərnişinlər boğanaqdan, üfunətdən və milçək əlindən cana gəlsələr də, hər halda, ümidliydilər ki, iki gündən sonra sərin sulu çaylara, yaşıl meşəli yerlərə çatacaqlar.

Bütün böyüklər, atalar, analar uşaqların dərdindəydilər, amma Abutalıbın nələr çəkdiyini Zərifədən başqa bircə Yedigey başa düşürdü. Elə Zərifəylə də bu barədə ilk söhbətləri o vaxt oldu. O söhbətdə bu iki nəfərin taleyilə əlaqədar bəzi başqa cəhətlər də aşkara çıxdı.

Həmin gün onlar xətdə işləyirdilər, yolun çınqılını təzələyirdilər. Çınqılı səpələyir, rels və şpalların altında boşalmış yerləri çınqılla doldurur, qatarların lərzəsindən süzülməyə başlayan köbəri bərkidirdilər. Gələn qatarları buraxmaq üçün işi fasiləylə görməli olurdular. Belə istidə bu qurtarmaq bilməyən, üzüntülü bir iş idi. Günortaya yaxınlaşanda Abutalıb boşalmış bidonu götürüb, özü demişkən, sisterndən isti su gətirməyə getdi, dedi, həm də bir görüm uşaqlar neyləyir.

O, günün istisinə fikir vermir, yeyin yeriyirdi. Öz halında deyildi, canı uşaqların yanındaydı. Günəşin təsirindən soluxub-saralmış maykası sümükləri çıxmış arıq çiyinlərindən asılı qalmışdı, başında da eləcə soluxmuş həsir papaq vardı, şalvarı arıq belində amanata bənddi, ayaqqabıları da bağsız… O heç nəyə fikir vermədən çəkmələrini şpallarda tappıldada-tappıldada gedirdi. Arxadan qatar yaxınlaşanda heç dönüb baxmadı.

Metin, ses formatı mevcut
₺140,65
Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
18 ekim 2022
Hacim:
680 s. 1 illüstrasyon
ISBN:
978-9952-8260-5-0
Telif hakkı:
JekaPrint
Metin, ses formatı mevcut
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin, ses formatı mevcut
Средний рейтинг 0 на основе 0 оценок
Ses
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Malika Shirin va zukko baliqchi
Народное творчество (Фольклор)
Ses
Средний рейтинг 5 на основе 1 оценок
Ses
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Ses
Средний рейтинг 0 на основе 0 оценок
Ses
Средний рейтинг 5 на основе 1 оценок
Ses
Средний рейтинг 0 на основе 0 оценок
Ses
Средний рейтинг 5 на основе 1 оценок
Metin
Средний рейтинг 5 на основе 1 оценок
Metin
Средний рейтинг 3,7 на основе 3 оценок
Metin, ses formatı mevcut
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 1,5 на основе 2 оценок
Metin, ses formatı mevcut
Средний рейтинг 5 на основе 1 оценок