Kitabı oku: «Seçilmişlər», sayfa 2
Yazı tipi:
ZÜLM ELƏMƏ
Nigarın dilindən Zaur üçün
Zaman dönür, il dolanır, yaş keçir,
A sevdiyim sənsiz yayım qış keçir.
Uyma yada, yadnan ömür boş keçir,
Rəhmin gəlsin səni sevən dilbərə.
Zülflərini xəzan yeli darayır.
Ayrılanlar ayrılıqdan qarıyır.
Umu, küsü məhəbbətmi qoruyur?
Rəhmin gəlsin səni sevən dilbərə.
Zülm eləmə aşiqinə bu qədər,
Ahı dağı, qayaları tərpədər
Unudarsan itər gedər dərbədər,
Rəhmin gəlsin səni sevən dilbərə.
BİXƏBƏR
Ayrılmazdıq, sevə-sevə ayrıldıq,
Nədənindən, niyəsindən bixəbər.
Körpə idi, böyümədi bu sevgi,
Anasından, dayəsindən bixəbər.
Mənim kimi heç çəkmədi səfasın,
Öldürdülər, qurmadılar bir yasın,
Perik düşdü, uçurdular yuvasın,
Ürək adlı sayəsindən bixəbər.
Körpü deyil, bu yol bircə qarışdı,
Bir qarışda həsrət-vüsal yarışdı,
Görünmədən kölgələrə qarışdı,
Cığatelin qayəsindən bixəbər.
SEVMƏSƏN HARDAN BİLƏSƏN
Ağlamaq nə, gülmək nədi,
Gözlə könül dəlmək nədi.
Diri-diri ölmək nədi,
Sevməsən hardan biləsən.
Gəncləşib – yaşa dolmağı,
Sən yoxikən var olmağı,
Kəbəyə zəvvar olmağı,
Sevməsən hardan biləsən.
Sərsəri yatıb-oyanmaq,
Sevinib, qəmə boyanmaq,
Ayda donub, gündə yanmaq
Sevməsən hardan biləsən.
SÖZ BİŞİRMİŞƏM
Sevgimin yasına gəlin dostlarım,
Hərəniz bir damla göz yaşı verin,
Ürəyimdə basdırmışam eşqimi,
Qəlbimə yerləşən baş daşı verin.
Ona rəhmət, mənə səbr diləyin,
Tutun əllərimdən aparın məni.
Uşaq kimi yayındırın fikrimi,
Bacarsaz özümdən qoparın məni.
Danışın Əslidən-Kərəmdən deyin,
Atın eşq oduna yandırın məni,
Deyin belə olur əbədi sevgi,
Yalandan, gərçəkdən qandırın məni.
Sevgimin yasına gəlin dostlarım,
Ehsan paylayıram söz bişirmişəm.
Soyumur, hər zaman yeyiləsidir,
Bağrımın başında köz bişirmişəm.
DEYİRSƏN
Deyirsən:– oxuyuram,
Ürəyindən keçəni,
Bircə kəlmə bəs edər,
Sənə söyləyim səni.
Hər şeydən danışırıq
Gözüm üzündə yenə,
Eşitmək istədiyim,
Sözü demirsən mənə.
Dərdim sənə dərd olur,
Xəbərin yox dərdimdən,
Deyirsən ölsən-ölləm,
– Mən ölürəm dərdindən.
GÜNAH
Göz başa bəladır, görəcəkləri,
Görməmək bir günah, görmək bir günah,
Çıxarıb könlünü könlün sevənə,
Verməmək bir günah, vermək bir günah.
Gəzib dolandıqca çəməni, çölü,
Oxuyan görəndə sarı bülbülü.
Çiçəkli bağçadan ətirli gülü,
Dərməmək bir günah, dərmək bir günah.
Cığatel çox çəkib yar cəfasını,
Amma itirməyib öz vəfasını,
Beşgünlük, dünyada eşq səfasını,
Sürməmək bir günah, sürmək bir günah.
İLAHİ SÖZ
Surətini xəyalımda qurduğum
Pünhan eşqim indi çıxıb qarşıma.
İllər ötüb, yaşlanmışam, gec gəlib,
Boylanmayıb, baxmayıbdı yaşıma.
Başıma qar, könlümə köz ələyib,
Yandırıb köz ürəyimə söz salıb.
Deyə bilmədiyim bu ilahi söz,
Dilimin ucundan asılı qalıb.
MƏNİM ÜRƏYİMDƏSƏN
Deyirlər deyirmişsən, “itirmişəm özümü,
Qarışıb xəyallarım, yanılmışam sözümü,
Gəzə-gəzə yollardan çəkəmmirəm gözümü”,
– Deməzsən ki, heç kimə yerini sənə desəm,
Axtarma ömrüm-günüm, mənim ürəyimdəsən.
Əlçatmaz zirvələrə çıxmaq olmayır asan.
Allah səni qorusun zirvədə gəzən insan,
Təbiətdə bahardı, bir gözəl yaylaqdasan,
Bürüyüb ətrafını lalə, nərgiz, yasəmən,
Axtarma ömrüm-günüm, mənim ürəyimdəsən.
Çıxmısan dağ başına, udduğun dağ havası,
Sığın, üşütməz səni, dağda qartal yuvası,
Sənin bir günahın yox, sevda şair sevdası,
Acıyıram halına, əcəb işə düşmüsən,
Axtarma ömrüm-günüm, mənim ürəyimdəsən.
Elə baxdım gözünə, gözlərimə süzüldün,
Elə baxdım üzünə, istəmədən üzüldün.
Cığatel qələmindən misralara düzüldün,
Daha sənə ölüm yox, bəh, bəh, bəh, cənnətdəsən,
Axtarma ömrüm-günüm, mənim ürəyimdəsən.
SEVMİRƏM DEYƏ-DEYƏ
Necə şirin olurmuş insana sevdiyi yar,
Mən sənə yar deyirəm, sən mənə dost, vəfadar,
Araşdıra bilmirəm, bildiyim bircə şey var,
Ağlımı, ürəyimi, bir baxışla alırsan,
Sevmirəm deyə-deyə, qeydimə çox qalırsan.
Cığateləm, adıma könülduyan deyirsən,
Yanından ayrılanda getmə, dayan deyirsən,
Ağzımı açar-açmaz sən mənə can deyirsən,
Alıb küskün könlümü göylərə ucalırsan,
Sevmirəm deyə-deyə, qeydimə çox qalırsan.
BU QARA QIZLA NECƏSƏN?…
Səhər-səhər sevgili yar,
Bir gözəl sözlə necəsən?…
Almayanaq, büllur buxaq,
Bir qara qızla necəsən?!
Xub qəmzəsi, nazı ola,
Bu qızdan Haqq razı ola,
Sinəsində sazı ola,
Bir telli sazla, necəsən?
Sevgidən çələng toxuya,
Ətrini gültək qoxuya,
Saz danışa, qız oxuya,
Bir xoş avazla necəsən?
Təbiətdə fəsil haça,
Durna iki səmtə uça,
Qar üstündə çiçək aça,
Qış günü yazla necəsən?…
Dəli təbi daşanda sel,
Bir qayadı tərpətməz yel,
Odla oynayır Cığatel,
Atəşlə, közlə necəsən?…
Bu qara qızla, necəsən?…
QARA QIZ
Bu qara qızla necəsən? – şeirinin cavabı
Səhər-səhər şirin sözlə,
Başa bəlasan qara qız.
Kim ixtiyar verib məni,
Oda salasan, qara qız?
Çəkmək olmayır nazını,
Kim dinləməz avazını?
Olmazmı telli sazını,
Sonra çalasan qara qız.
Kim doyar eşq səfasından?
Yarın şirin nəvasından.
İlan çıxar yuvasından,
Dilin bulasan qara qız.
Dinlədikcə aram-aram,
Əhvalından xəbərdaram,
Aşıqlıq peşə, qorxuram,
Aşiq olasan, qara qız.
SƏN OLASAN, BİR SEVDİYİN YAR OLA
Danışanda yarına can deyəsən,
Sən zamana, vaxta dayan deyəsən,
Meyvələrə sevgi qatıb yeyəsən,
Bağban gedə, bağça ola, bar-ola,
Sən olasan, bir sevdiyin yar ola.
Sevgi qədim, günah savab, eşq təzə,
Yarı şirin, yarı meyxoş, baməzə.
Oturasan qabaq-qənşər, üz-üzə
Dinməyəsən baxışlarda sirr ola,
Sən olasan, bir sevdiyin yar ola.
Geyinəsən al, qumaşdan, xaradan,
Sarılarsan, su keçməyə aradan.
Keçə günahından böyük Yaradan,
Ay Cığatel, görüş yerin Pir ola,
Sən olasan, bir sevdiyin yar ola.
DÜŞÜBDÜ
Cümlə-canım bir atəşə bələnib,
Yayda mənim könlümə qar düşübdü.
Gizli-gizli pünhan-pünhan çəkirəm,
Ürəyimə bir ahu-zar düşübdü.
Tut üstündə xana qurub barama,
İpək görüb, baxan yoxdu xarama.
Təbib neylər görünməyən yarama,
Xəstə, naxoş könlümə nar düşübdü.
Bu xəstəlik şəhanədi, şəhanə,
Deyilməmiş nə qaldı ki, daha nə,
Nar da, qar da bəhanədi, bəhanə.
Cığatelin könlünə yar düşübdü.
DÜŞMÜŞƏM
Pərvanətək dolanmışam, bir oda,
Dağdan enib dona-dona düşmüşəm.
Nə dəliydim, nə cahildim, nə nadan,
Düşdüyümə qana-qana düşmüşəm.
Qoşulmuşam bir daşqının selinə,
Aldanmışam bir çəmənin gülünə,
Lənət oxumuşam şeytan felinə,
Yaradanı ana-ana düşmüşəm.
Koroğluydum, oğuluydum Alıya,
Sığınmazdım hər qəsirə, qalaya,
Hörülməzdim hər həsirə, xalıya,
İlmə-ilmə, xana-xana düşmüşəm.
Səhralarda sovrulmuşam qum kimi,
İlğımlarda qovrulmuşam tum kimi,
Cığateləm, ərimişəm mum kimi,
Düzələndə şana-şana düzmüşəm.
YOXDU-YOX
Könlüm quşu perik düşdü yuvadan,
Sığınmağa bir məkanı yoxdu, yox.
Zalım ovçu qanadından oxladı,
Bu ovçunun din-imam yoxdu, yox.
Yaraları dayanmadan qan verir,
Hökmdarı qətlinə fərman verir,
Ölsə canı qurtarardı can verir,
Sağalmağa bir gümanı yoxdu, yox.
Uçma dedi, bir zamanlar yiyəsi,
Günahkardı, haqqa yetmir duası,
Bir ürəkdə, bir əldədi şəfası,
Binəvanın öz loğmanı yoxdu, yox.
Sərvəti qəm, gündən-günə varlanır,
Cığateli bu vara kim qısqanır?
Ömrü-günü dünya kimi fırlanır,
Dayanmağa vaxt, zamanı yoxdu, yox.
BU BAXIŞ
Gözlərinin alovunda gor oldum,
Aman oldu, nə ah oldu bu baxış.
Ovsunladı, sardı şair ruhumu,
Savab oldu, günah oldu bu baxış.
Anlamadım, bu ilmədi, naxışdı,
Əlçatmayan bir zirvədi, yoxuşdu.
Bulud oldu, şimşək kimi çaxışdı,
Asimandan nigah oldu bu baxış.
Çəmən çiçəklədi, tikan gül açdı,
Ruhum təzələndi, ürək dil açdı.
Dəryada dolandı, aya yol açdı,
Qəvvas oldu, səyyah oldu bu baxış.
Göz oxladı, qəlb deşildi, qan oldu,
Günəş doğdu, gecə düşdü dan oldu,
Gahdan vüsal, gah hərdən hicran oldu,
Axşam oldu, sabah oldu bu baxış.
Cığateləm, ərşim-əlam Tanrıdı,
Yaradanım, atam-anam Tanrıdı,
Canı verən, canı alan Tanrıdı,
Aldı canım, Allah oldu bu baxış.
ŞAİR KİMİ ƏHLİKEFDİ MƏHƏBBƏT
Məhəbbətin yaşımı var, nə deyim,
Qara gözü, qaşımı var, nə deyim,
Yazı, yayı, qışımı var, nə deyim,
Şair kimi əhlikefdi məhəbbət.
Bilmək olmur harayı nə, ünü nə,
Solu-sağı, arxası nə, önü nə,
Axşamı nə, gündüzü nə, günü nə,
Şair kimi əhlikefdi məhəbbət.
Ulduz kimi gah gizlənir, gah baxır,
Şimşək olur, gah dayanır, gah çaxır,
Günəş kimi gah yaxılır, gah yaxır.
Şair kimi əhlikefdi məhəbbət.
Nə şirindi, nə acıdı, yeyillər,
Nə günahdı, nə savabdı, yüyüllər.
Cığatelin xəbəri yox deyillər,
Şair kimi əhlikefdi məhəbbət.
SƏNDƏN AYRI YAR SEVMƏDİM
Eşqin məni çəkir dedim,
Hər nə dedin, şükür dedim,
Zəhər verdin, bal tək yedim,
Kasıb oldum, var sevmədim,
Səndən ayrı yar sevmədim.
Güllərdən çələng toxudum,
Bülbüllər kimi oxudum,
Gülü sevdim, gül qoxudum,
Gül üstünə xar sevmədim,
Səndən ayrı yar sevmədim.
Sinəmdə bir ocaq çatdın,
Mən yatmışdım, sən oyatdın,
Gör necə günaha batdın,
Susuz yandım, qar sevmədim,
Səndən ayrı yar sevmədim.
Dənə dolar sarı sünbül,
Yaz eşqiylə açılar gül.
Nar istəyər xəstə könül,
Xəstə oldum, nar sevmədim,
Səndən ayrı yar sevmədim.
BAĞIŞLAMARAM
Dağdan yuvarlayıb, endirdin düzə,
Necə baxacaqsan mənlə göz-gözə,
Könlümə ox atdın, köksümə nizə,
Mənsə səni daşla da daşlamaram,
O nifrət ki, o da məndən qopubdur,
Onu da mən sənə bağışlamaram.
– Dəyirmandı, nələr görür can evi,
– Şaxtalar sərt, görünməsə mənsəbi,
– Əgər olsan ocaqlı ev sahibi,
Üşüsəm də, komanda qışlamaram,
O nifrət ki, o da məndən qopubdur,
Onu da mən sənə bağışlamaram.
Həyat məni məngənədə sıxsa da,
Dönüb gözüm yollarına baxsa da,
Eşqin dəli şimşək olub çaxsa da,
Bulud olsam, gözümü yaşlamaram,
O nifrət ki, o da məndən qopubdur,
Onu da mən sənə bağışlamaram.
OLMUR
Sevgi gəzən, nə çıxıbsan seyrana,
Sevgini hər yerdə axtarmaq olmur.
Bu elə savaşdı, əbəs qorunma,
Sevgi gülləsindən qurtarmaq olmur.
Hopdu qana, ruhumuzda gəzişdi,
Kimə adət, kimisinə vərdişdi,
Düşdüsə, qəlbinə əbədi düşdü,
Onu ürəyindən qoparmaq olmur.
Qeyibdən gələndi, huridi sevgi,
Sevən könüllərin Piridi sevgi.
Haçan Cığateli bürüdü sevgi,
Onu bu dünyaya qaytarmaq olmur.
GÖZ YAŞIM AXDI DƏNİZƏ
Heç bilmirəm əğyar məndən,
Gedib yara nə qandırdı?!
– Dəli həsrət qovdu məni,
Dağı-daşı dolandırdı.
Çıxdım dağa, endim düzə,
Yollara qəm düzə-düzə
Göz yaşım axdı dənizə,
Dəryaları bulandırdı.
Cıgateli dərdə saldı,
Dincliyimi əldən aldı,
Sevincimə layla çaldı,
Yatmış gəmi oyandırdı
BU SEVGİMİZ NAĞILLARA BƏNZƏDİ
Bu sevginin ömrü yaman az oldu,
Bənövşə tək cəmi bircə yaz oldu,
Yol uzandı dərə, təpə duz oldu,
Bu sevgimiz nağıllara bənzədi.
Məlikməmməd düşdü qardaş felinə,
Fürsət keçdi qara divin əlinə,
Ağ qoç atdı qara qoçun belinə
Bu sevgimiz nağıllara bənzədi.
Göydə alma üç olmadı, beş oldu,
Alma yerə töküləndə qış oldu,
Gözəl gəlin şanapipik quş oldu,
Bu sevgimiz nağıllara bənzədi.
Yalan oldu, min bir gecə, Şəhrizad,
Dərə keçdi, dağ dolaşdı dilboz at,
Alaçıqda qurulmadı toy-büsat,
Bu sevgimiz nağıllara bənzədi.
Bu sevginin Allahı var, Piri yox,
Bu sevginin sehiri var, sirri yox,
Deyəcəklər: – «biri vardı, biri yox»,
Bu sevgimiz nağıllara bənzədi.
SƏN MƏNƏ UNUTMAQ ÖYRƏT
Əvvəlcə sən mənə sevmək öyrətdin,
Öyrətmək bilirsən, unutmaq öyrət.
Mən səni unuda bilmirəm axı,
Sevdiyim, sən mənə unutmaq öyrət.
Nə gözəl gülürsən, gülməyə nə var,
Bu dərdin əlacın bilməyə nə var,
Ölmək asan işdi, ölməyə nə var,
Sevdiyim, sən mənə unutmaq öyrət.
Sən mənə əlçatmaz göyün qurşağı,
Mən sənə anasız ana uşağı,
Unudan deyiləm bu yaxşılığı,
Sevdiyim, sən mənə unutmaq öyrət.
UNUT DEYƏN SƏNMİSƏN?!
Əhlihalam, mən sözü sözə qarışdırmıram,
Dediyin “unut” sözün tapıb, araşdırmıram,
Unudulmağı sənə qıyıb, yaraşdırmıram,
Körpəcə uşaq kimi inanardım nə desən,
İnanmıram gözümə, unut deyən sənmisən?!
Zirvələrdən danışıb, dağda qardan deyirdin,
Bağbanam deyib mənə, bağça, bardan deyirdin.
Sədaqətdən, imandan, düz ilqardan deyirdin.
Körpəcə uşaq kimi inanardım nə desən,
İnanmıram gözümə, unut deyən sənmisən?!
Sevginin də bəxti var, qədər olur, sevdiyim,
Yetməyəndə ayrılıq, kədər olur, sevdiyim,
Unudulmaq ölümdən betər olur, sevdiyim,
Körpəcə uşaq kimi inanardım nə desən,
İnanmıram gözümə, unut deyən sənmisən?!
GÜNAHKARAM MƏN
Başımın üstündə bir Allahım var,
Bir eşqim, bir sevgim, min bir ahım var.
Mənim də dünyada bir günahım var
– Bu günah salıbdır saçlarıma dən,
Sevmək günahdırsa, günahkaram mən.
Duyğudu, xəyaldı, sözdü şahidim,
Ürəkdi, könüldü, gözdü şahidim.
Nə gördü, gördüyün yazdı şahidim,
Kim azad edəcək məni məhbəsdən?!
– Sevmək günahdırsa günahkaram mən.
Bu, ürəkdə qövr eləyən qan deyil
Bu, Allaha bir əmanət can deyil
Ruzi deyil, təam deyil, nan deyil
Ruhun qidasıdır sevgi əzəldən,
Sevmək günahdırsa günahkaram mən.
Günahkar olmağı məndən öyrənin,
Dağları sevməyi çəndən öyrənin.
Mənimtək sevinci qəmdən öyrənin
Neynim Cıgateli qınayın hərdən,
Sevmək günahdırsa günahkaram mən.
GÜNAHSIZ GÜNAH
Dinməyib, ayrıldıq, dünəndən bəri,
Fikrini başımdan atmamışam mən.
Elə bil qor dolub buz yatağıma,
Gecəni sübhədək yatmamışam mən.
Üzümü yandırıb gözümün nəmi,
Ahım kül edəcək külli-aləmi,
Günahsız günaha batdığım kimi,
Ömrümdə günaha batmamışam mən.
Keçib xəyalımdan min ümid, güman,
Qəlbimdə təlatüm, dilimdə aman,
Sənin vüsalına qoymayıb hicran,
Yatıb, yuxumda da çatmamışam mən.
ƏMANƏT
Məndə bir əmanət qoyub gedibsən,
Sevdiyim, gəl apar imkanın varsa.
İnsan əmanətin heç aramazmı?
Sevdiyim, gəl apar imkanın varsa.
Nə sevinc yüküdü, nə qəm yüküdü,
Nə duman yüküdü, nə çən yüküdü,
Daşıya bilmirəm bu “sən” yüküdü,
Sevdiyim, gəl apar imkanın varsa.
Saldın Cığateli amana aha,
Daha gümanı yox nurlu sabaha
Batmayaq gəl nə sən, nə mən günaha,
Sevdiyim, gəl apar imkanın varsa.
BİLİRSƏNMİ?!
Bilirsənmi, can üstəyəm sevdiyim,
Qəlbimi aparıb gedəndən bəri,
Çöllərin Məcnunu, Leylisi mənəm,
Sən məni divanə edəndən bəri.
Sonsuz dəryalarda tənha adayam,
Özüm özüm boyda dərdi qadayam,
Elə bil bir qanlı çarpışmadayam,
Xəyalın ruhumu didəndən bəri.
Çiçəkli baharım sərt qışa dönüb,
Sevdiyim, ürəyin nə daşa dönüb,
Gördüyüm xoş günlər qan-yaşa dönüb,
İndi axıb gəlir didəmnən bəri.
SEVƏNLƏRİ AYIRMAYIN, AMANDI
Ey övladı sevən ata-analar.
Sevənləri ayırmayın amandı.
Dadmısızsa məhəbbətin dadını,
Sevənləri ayırmayın, amandı.
Göz gözdü, qaş qaşdı, ürək ürəkdi,
Yaranmış içində bir varlıq təkdi,
Oğluna, qızına yarı göyçəkdi,
Sevənləri ayırmayın, amandı.
Xoşbəxtlik bahalı araba deyil,
Xoşbəxtlik cehizdə, xarada deyil,
Xoşbəxtlik dənizdə, dəryada deyil,
Sevənləri ayırmayın, amandı.
Qızların cehizi qız, məhəbbəti,
Oğlanın cehizi öz məhəbbəti,
Xoş niyyət, şirin dil, söz məhəbbəti.
Sevənləri ayırmayın, amandı.
Fironu qızılda dəfn elədilər,
Leylini Salama kəbn elədilər,
Məcnunu Leylisiz məhv elədilər,
Sevənləri ayırmayın, amandı.
Bəlkə heç bilmirsiz məhəbbət nədi,
Sevənə xaniman, var-dövlət nədi,
Sizə qurban olum, bu adət nədi?
Sevənləri ayırmayın, amandı.
Olarmı yaşamaq xoş vüsal dəmin,
Ruhu naməhrəmin, cismi məhrəmin,
Günahı ağırdı bu qədər gəncin,
Sevənləri ayırmayın, amandı.
Sürmə gözün, ürbənd üzün aşiqi,
Can on beşin, ömür yüzün aşiqi,
Cığatel də sazın, sözün aşiqi.
Sevənləri ayırmayın, amandı.
ÖZÜMÜ İTİRDİM SƏNİ TAPANDA
Mənim bu çıxası gözüm hardaydı,
– O capqın gözlərin məni çapanda?!.
Düşüb axtarıram, gördüm deyən yox,
Özümü itirdim səni tapanda.
Nə ağlım ağıldı, nə başım başdı,
Qıvrılıb-qıvrılıb sürünürəm mən,
Bircə bilirəm ki, sən gedən yolda,
Nədənsə lap tez-tez görünürəm mən.
Mən səni görəndən hər şey dəyişib,
Günəşdən qar yağır, buluddan atəş.
Mən də dəyişəydim, gəlib keçəydin,
Sənin yollarında daş olaydım, daş.
Yaxşı ki, qədrimi bilə bilmədin,
Allahmı, bəndəmi tutdu gözünü?!.
Yaxşı ki, sən məni itirdin elə,
Bəlkə bundan belə tapam özümü.
GECƏ GƏLDİ YAR YUXUMA
Gecə gəldi yar yuxuma,
Əvvəl bir göz-qaş eylədi.
Söhbət etdik şirin-şirin,
Əhvalımı xoş eylədi.
Danışdı bağça-bağından,
Keçdi solumdan, sağımdan,
Busə aldı yanağımdan,
Çəkdi cana nuş eylədi.
Elə çəkdi nəfəsini,
Kimsə duymadı səsini,
Süzdü eşqin badəsini,
Gecəni sərxoş eylədi.
₺72,44
Türler ve etiketler
Yaş sınırı:
16+Litres'teki yayın tarihi:
18 ekim 2022ISBN:
978-9952-8260-6-7Telif hakkı:
JekaPrint