Kitabı oku: «Seçilmişlər», sayfa 4
Yazı tipi:
MÜCAHİD OLMAQ GƏRƏK
Hər kəs bilir vətənin baharı, yazı nədir?
Bu yurdun zəmisi nə, çörəyi, duzu nədir?
Vətənin hər qarışı qızıldır, xəzinədir,
Vətənin sərvətinə bil sahib olmaq gərək,
Vətən basılmaz oğlum, mücahid olmaq gərək.
Vətən yolu gülüstan, çəmənində bitən var,
Vətən sevgili yardır, başında min sitəm var.
Hər anın, saniyənin içində bir vətən var.
Zamanı təslim edib, müsaid olmaq gərək,
Vətən basılmaz oğlum, mücahid olmaq gərək.
Başda qızıl tac olsa, nə dəyəri bədənsiz,
Cığateldən sorsalar, kim olacaq vətənsiz.
Vətən üçün ölənlər kəfənlidir kəfənsiz,
Bir yumruqda birləşib, tüm vahid olmaq gərək,
Vətən basılmaz oğlum, mücahid olmaq gərək.
YOL GEDİRİK
Axtarsan həyat adında,
Zəhər də var bal dadında.
Arzuların qanadında
Axşam yatıb, səhər tezdən,
Xoş xəyalla, təzə-təzə
yol gedirik.
Yollar duman, yollar sisdi,
Gəlir, görən bu nə səsdi?
O yol çətin, bu yol pisdi,
Hədyan deyib yol üstündən,
Gözümüzü süzə-süzə
yol gedirik.
Çoxmu baha de mətahın,
Ulduzlara çıxıb ahın.
Yazıq dünya, nə günahın?
Səndə gəzib, sənə hərdən,
Ağzımızı büzə-büzə
yol gedirik.
Söz gəzirik inci-dürdən,
Əl götürüb, yerdən-göydən,
Bəxş olunmuş bu ömürdən,
Yaxşı yaman əməlləri,
Tarixlərə yaza-yaza
yol gedirik.
Yaşamaq bir mübarizə,
Kimdə oxdu, kimdə nizə,
Tuş tutub bir-birimizə,
Qan axıdıb yaramızdan
Damla-damla, sıza-sıza
yol gedirik.
Gün də ömür, nə ay, nə il,
Ötür dövran, keçir fəsil.
«Dünya mənimdir» – deyən, bil
Hər gün ömür sarayından
Çəkib bir daş üzə-üzə
yol gedirik.
İNCİMƏ
İnci düzüb, şeirimin sətrinə,
Hüzuruna sözlə gəlim, incimə.
Düşünməyib dəymişəmsə xətrinə,
Para-para olsun dilim, incimə.
Eniş, yoxuş, dərə, təpə, düz yolum,
Şeir ruhum, muğam canım, saz qolum,
Xəyalımda gözəlliklər simvolum,
Saf, müqəddəs qönçə gülüm, incimə.
Dönmüşəmsə gözdə yağış selinə,
Salmışamsa, dən zülfündə telinə.
Toxunubsa əgər əlim əlinə,
Mən razıyam, sınsın əlim, incimə.
Çox inləyib ürəyimin qəm tarı,
Gəl sızlatma mənim kimi qəmxarı,
Bir ürək sən, bir ürək mən, tən yarı,
Dərdin varsa, sənlə bölüm, incimə.
Cığatelin ürəyində min təlaş,
Bir xoş sözlə yatırılıb min savaş,
“Mən ölüm”ə bağışlanıb neçə baş
Dost mən ölüm, dost mən ölüm, incimə.
BU SEVGİDƏ YARADANIN ƏLİ VAR
Yarı yaşda bir gözələ vuruldum,
Durna kimi cığalanmış teli var.
Hansı dildə danışdırım bilmirəm.
Bu zalımın yetmiş iki dili var
Xəyallandım düz gümana qarışdı
Bir toxundum, din imana qarışdı
Bir ah çəkdi toz dumana qarışdı
Ürəyində xan Kərəmin külü var.
Xallarında neçə eşqin qarası
Neçə ildir sağalmayıb yarası
Xan Əslisi Xan Çobanı, Sarası
Gözlərində Arpa çayın seli var.
Gedənləri ha yolundan eylədi
Karvanını Ərzurumda əylədi
Elçi düşdüm asta- asta söylədi:
– Mən kiməm ki; Ələsgər var, Alı var.
Haqq yolunda tövbə deyən ar etməz,
Düz gedənə əyri yollar kar etməz.
Yeni sevda Cığateli xar etməz,
Bu sevgidə Yaradanın əli var.
NİYƏ SINDIN TELLİ SAZIM?…
Paralandın qəlbim kimi,
Niyə sındın telli sazım?
Nə eşitdin ürəyimdən,
Niyə sındın telli sazım?…
Bülbül gələr gül ətrinə,
Mənmi dəydim gül xətrinə?
Düşdün şeirimin sətrinə,
Niyə sındın telli sazım?…
Bütöv bilməz, yamaq nədir?
Kərəm bilər yanmaq nədir?
Mən bilirəm sınmaq nədir?
Niyə sındın telli sazım?…
Çoxmu göynəyir de yaran,
Usta demir nədir çaran?
Özün söylə aram-aram,
Niyə sındın telli sazım?…
Mizrabda qəm, teldə ağı,
Sinən oldu qəm oylağı,
Cığatelə çəkdin dağı,
Niyə sındın telli sazım?…
SAZ ALDI GETDİ
Onsuz da bir ağlım yoxuydu mənim,
Olan ağlımı da saz aldı getdi.
Gələndə üzümə bir gülümsədi,
Gedəndə bir batman söz aldı getdi.
Danışdı Kərəmin odlu yasından,
Boylandı Əslinin bəxt aynasından,
Qasidi könlümün şah qapısından,
Kimsəni sevməyən qız aldı getdi.
Sədası göyləri salama gəldi,
Ruhuma kökləndi, sirrimi bildi,
Gah öldürdü, gah diriltdi, gah güldü
Ulu Yaradandan üz aldı getdi.
Dolandı canımdan bir can qopardı,
Hakimin əlindən fərman qopardı,
Hər nəyim varıydı, aldı apardı,
Demə Cığateldən “az” aldı getdi.
QƏM KARVANI
Yenə qəm karvanı köç edib gedir,
Bir dəli aşiqin sinəsi üstə.
Kim çatıb ocağı, bu necə atəş,
Bu qərib aşığın küməsi üstə?!.
Bu atəş könlümü saldı möhnətə,
Dinsizi gətirdi dinə, mürvətə,
Ölürəm, aparır məni cənnətə,
Müqəddəs Quranın ayəsi üstə.
Apardı Hələbə, kəsdi kəbini,
Yarımcan eylədi, aldı həbini.
Küskün Cığatelin qəmli təbini,
Köklədi sazının xanəsi üstə.
ŞAİRİ SEVMƏYƏN VAR ?!
Kimdi ulu Tanrının sevgisinə uymayan,
Kimdi sazı anlayıb, şeyriyyəti duymayan,
Kimdi şair ruhunu sevinməyə qoymayan?
– Eşitdim, ürəyimdən keçdi neçə min qubar,
Şairlər diyarında şairi sevməyən var?!
Dəvəsiz yola çıxıb, səhradan gətirmişəm,
Dənizlərə baş vurub, dəryadan gətirmişəm,
Elə dərin yatmışam, röyadan gətirmişəm,
Adi röya deyil ki, şair görən röyalar,
Şairlər diyarında şairi sevməyən var?!
Anamızın laylası şeir deyil, bəs nədir,
Bilən varmı şairə gələn təb, həvəs nədir,
Kimsənin duymadığı, eşitdiyi səs nədir?!
Oyan Nizami babam, oyan dərdli Şəhriyar,
Şairlər diyarında şairi sevməyən var!
Az dəyməyib Cığatel, başın daşlardan daşa,
Sən unutma Haqqını, Haqq səni sevsin yaşa,
Sən könül ver xalqına, xalq səni sevsin yaşa,
Haçan ki, sevilmədin, qismətin olsun məzar,
Şairlər diyarında şairi sevməyən var!
ŞAİRİ ALDATMAYIN
Şair xəyalı dəniz, şair ruhu gəmidir,
Ümidi, arzuları şairin həmdəmidir.
Neçə yaşı olsa da körpə uşaq kimidir,
Şair Allah elçisi, günahına batmayın,
Şair aldanan olur, şairi aldatmayın.
Neynəsə, neynəməsə, ömrü boyu qınanır,
Həyatı imtahandı, sınandıqca sınanır,
Yatır, yatmır biçarə yuxuya da inanır,
Röyasına girməyin, yuxusunu qatmayın,
Şair aldanan olur, şairi aldatmayın.
Dəli kimi ağlayar, qəfildən gülə bilər,
Sevinc verib, qəm alıb, dərdini bölə bilər.
Sevgisini itirsə, sevgidən ölə bilər.
Ya sevin, ya sevməyin, sevib sonra atmayın,
Şair aldanan olur, şairi aldatmayın.
Kim görüb Haqq şairi özünü öyən olsun,
Cığatel qəlbə dəyməz, qəlbinə dəyən olsun.
Bilir ki, aldadırlar, deyir sən deyən olsun.
Şair yatmış vulkandı, tərpədib oyatmayın.
Şair aldanan olur, şairi aldatmayın.
MƏLƏKLƏ OYNAYIRAM
Oynayıram, görmürsən, elə oyna deyirsən,
Düşünmə hamı kimi biləklə oynayıram.
İncimə dərdin alım, mənim havam ayrıdı,
Bəndə ilə işim yox, mələklə oynayıram.
Bütün günü toydayam, yox bir dərdim, bir qəmim,
Zərrəcə mey dadmaram, başımda müdəm dəmim.
Yazda gül, payızda bar, yayda günəş həmdəmim.
Qışda qara sarılıb, küləklə oynayıram.
Bəzədikcə bəzərdim qədim naqqaşlar kimi,
Tükənib bitməz idi sıldırım daşlar kimi,
Uçub getdi arzular köçəri quşlar kimi,
Qayıtmır məkanına diləklə oynayıram.
Əsrlər, qərinələr bir ömürdən ötüşüb,
Günlərin rəngi qara, ağ kömürdən ötüşüb.
Qarıyan kədərimin saçlarına dən düşüb,
Sevincim beşikdədi, bələklə oynayıram.
Buludlardan ayrılıb, göylərdən çilənmişəm,
Zəmidən bir sünbüləm, göy dənə bələnmişəm.
Xırman üstə sovrulub, xəlbirdən ələnmişəm.
Dəyirmandan çıxmışam, ələklə oynayıram.
Yeri dəhşət bürüyüb, nə qalıb, göydə qalıb,
Yer də, göy də hökmünü alanda göydən alıb,
Haqq göndərən kəndirə haqsızlar düyün salıb,
Kələfi açmaq üçün kələklə oynayıram.
Boynumda mirvarilər düzülübdü bir səfə,
Milyon ziyanım olur, yetmək üçün bir nəfə,
Ölürəm, dirilirəm gün ərzində min dəfə,
Əzrailə can deyib, fələklə oynayıram.
Mənim havam ayrıdı, qulağım hey səsdədi,
Şair zildə oynamaz, oynadığı pəsdədi.
Cığateləm, sol əlim, ürəyimin üstədi,
Sağ əlim varaq üstə, lələklə oynayıram.
BİR KİTABIM, SON SÖZÜM
Şair “dostum”, yazanda “qafiyədən qaç”– dedin,
“Dünya müasirləşir”,”gözlərini aç” – dedin,
“Yeni dəbdə şeir yaz”, “aləmə nur saç”– dedin,
Məsləhəti sevirəm, sən dedin mən dinlədim,
Heç xəbərin olmadı, dinlədikcə inlədim.
Deyirsən, soyundurub şeirimi lütmü edim,
Mayasız xəmir qatıb, kündəmi kütmü edim,
O Gözəgörünməzi, göstərib, bütmü edim?!
Bir kitabım, son sözüm “Lailəhailləllah”,
Arxasınca gələn söz, “Məhəmməd rəsulallah”.
Şairlik Haqdan gəlir, nə məktəb, nə mədrəsə,
Kimdi sair söyləyən, şair olmayan kəsə?!
Söz-sözə dayaq olub, oxşamasa səs-səsə,
Nə nəğmə nəğmə olar, nə çağlayar kaman, tar,
Döyünən ürəyin də, bir ahəngi, ritmi var.
Layla dedim, yat dedim, qızılgülə bat dedim,
Qızılgülün içində, şirin yuxu tap dedim.
Uyqu vaxtı bitəndə, balamı oyat dedim,
– Bu ahəngi pozanda yuxum ərşə çəkilir,
Nə gecəm gecə olur, nə səhər dan sökülür.
Təbsiz yazılan şeir, vaxtsız açan bir çiçək,
Tezcə solub gedəndi, görünməmiş bir ləçək
Nə qoxlayan olacaq, nə yar-yara verəcək,
Sonra umub-küsəcək “sevilmədim”– deyərək,
Mən deməyim, siz deyin belə çiçək nə gərək?!
Ruhuma yad ruhları qarışdıra bilmərəm,
Özüm öz vicdanıma qarşı dura bilmərəm.
Yad libası əynimə yaraşdıra bilmərəm,
Ədalı əbam, çuxam, naxışlı çarığım var,
Çoxu həsəd aparır, baxışlı çarığım var.
Qurban olum şeirimin üzündə ürbəndinə,
Duyan-duyub anlasın, kim güvənir kəndinə,
Bir misramı vermərəm yadın neçə bəndinə,
Qoy bürünüm palaza, mən sürünüm el kimi,
Yaşasam yaddaşlarda, qalım Cığatel kimi!…
DÜNYALARIN DÜNYASI
Məmməd Araz dünyası Arazın o tayında,
Şəhriyarın dünyası Arazın bu tayında.
Füzulinin dünyası hələ eşqin hayında,
Deyillər dünya birdi, dünyanın tayımı var,
Hər kəsin dünyası, dünyanın sayımı var.
İki cahanı canda bir eylədi Nəsimi,
«Ənəlhəq» kəlməsini car eylədi Nəsimi,
Zalım dar ağacını «Pir» eylədi Nəsimi,
Dar ağacı önündə Şəms ölümə can dedi,
«Ənəlhəq» deyən kəsə Qadiri Sübhan dedi.
İskəndərin gözündə əbədi can göründü,
Məhəmməd Şah Qacarın gözündə qan göründü,
Sonunda nə İskəndər, nə Süleyman göründü,
Bəndəyə şahlıq edən Yaradana qul oldu,
İnsanlıq bir, din ayrı, yetmiş iki dil oldu.
Cansız yanan bir şamın, canlı dünyasına bax,
Ən yumşaq bir ürəyin qanlı dünyasına bax.
Təmənnasız arının şanlı dünyasına bax,
Bu dünyalar təzadlı, bu təzadlar zəruri,
Bu zərurət dəyişmir, sirdi yerin məhvəri.
Düz ürəkli dəvənin hürgücü var, əyridi,
Könüllər var adidi, könüllər var qeyridi,
Yer adamı ayrıdı, göy adamı ayrıdı,
Təsəvvür, xəyal, xülya, var həqiqət dünyası,
Musiqi, rəssam, həkim, var şeriyyət dünyası.
Dörd kitab nazil etdi, bəndəsinə Yaradan,
Oxu, Cığatel, öyrən köməyin olsun Quran.
Bu dünyanın savabı o dünyaya ərməğan,
Dünyaların dünyası, axirət dünyasıdır,
Nəsib olsa hər kəsə, o cənnət dünyasıdır.
QARA MƏRMƏR, AĞ ŞƏKİL
Komam isti, ocaq gur, nədir məni donduran,
«Əuzibillah» dedim, kimdi məni qandıran.
Nə günəşdi, nə atəş, yanağımı yandıran,
Kədərin dəryasından qaynayan yaş dərdidi,
Mənim dərdim ay ellər, bilin qardaş dərdidi.
Könlümün rübabında bir mizrab var, min xərək,
Nə bənnayıq, nə xarrat, uçulanı nə hörək.
Atamın sarayından əyilən qoşa dirək,
Anamın üzüyündən düşən cüt qaş dərdidi,
Mənim dərdim ay ellər, bilin qardaş dərdidi.
Cığateləm, dünya gen, ruhum azad, mən əsir,
Soyuq külək könlümə, bilmirəm hardan əsir?
Qara mərmər, ağ şəkil, iki qardaş, ayrı Pir,
Çəkdiyim məzar yükü, qürubda daş dərdidi,
Mənim dərdim ay ellər, bilin qardaş dərdidi.
BACILAR
Sevginiz ürəyimdə, sözünüz sözümdədi,
Yenə nə duyubsunuz, gözünüz gözümdədi,
Əlləriniz loğmanım, gücünüz dizimdədi,
Bacı bacıya ümid, qardaşa da tac olar,
Anamsız analarım, a mehriban bacılar.
Sizə çiçək gətirdim, gülümə sığal çəkin,
Əllərim üşüyübdür, əlimə sığal çəkin.
Anam yadıma düşüb, telimə sığal çəkin,
İndi alın könlümü, bir az keçsə gec olar.
Anamsız analarım, a mehriban bacılar.
Yenə yaman dolmuşam, ağlamağa qoymayın,
Açın qanadlarımı, bağlamağa qoymayın.
Dəli ola bilərəm, çağlamağa qoymayın,
Doyurun duyğuları, duyan könül ac olar,
Anamsız analarım, a mehriban bacılar.
Cığateləm, qərq olan gəmim yadımdan çıxar,
Dənimi quş aparar, zəmim yadımdan çıxar,
Dəryalarca kədərim, qəmim yadımdan çıxar,
Sizi görməyə gəlsəm ziyarətim Həcc olar,
Anamsız analarım, a mehriban bacılar.
YAĞIŞ
Asta-asta, narın-narın yağan yağış,
Şair qəlblim, ağla, can ağlağan yağış.
Torpaq altda yatan toxum cana gəlsin,
Canıma yağ, damarlarım qana gəlsin.
Arzularım tumurcuqdu incə-incə,
Hər arzuda ümidlərim qönçə-qönçə.
Sən bir zaman nəm gəzəndə ağlamışdım,
Torpaq sudan doysun deyə çağlamışdım.
Yaşımıydın, buxarlandın, bulud oldun,
Od içində yananlara ümid oldun.
Ümidimsən, dur atəşin qəsdinə yağ,
Ürəyimdə heykəl olan məhəbbətin büstünə yağ.
Oyat mənim ötüb keçən xatirəmi,
Xəyalıma işıq saçan xatirəmi.
– Bax, gətirdin bircə anlıq olsa belə,
Mənə sarı gəlir gənclik gülə-gülə.
Sevgilim də gəncliyimin yanındadı,
Məndə qışdı, onlar bahar donundadı.
Salam mənim şux gəncliyim, şux sevgilim,
Necə keçib sizsiz mənim ayım, ilim?!
Gəlibsiniz bircə gecə mehman olun,
– Ürəyimin sarayında sultan olun.
Qəh-qəh çəkib gülürsünüz, mən nə dedim,
Kim eşitdi, duman-bulud, çən nə dedim?
Bulud güldü, duman güldü, çən ağladı,
Saçlarıma bir-bir düşən dən ağladı.
– Söylədilər: – bahar qışda məskən salmaz,
Gənclik gəlib belə yaşda məskən salmaz.
Ağladılar, mən islandım suya döndüm,
Elə coşdum, bir kükrəyən çaya döndüm,
Axacaqdım, yağıb məni oyatmısan.
Şair qəlblim, sən şairi islatmısam.
SÖZƏ BƏLƏNDİM
Atamın sevgisi, anamın eşqi,
Mən ana bətnində naza bələndim.
Doğuldum, dedilər canı bərk olsun,
Bilənlər əlində duza bələndim.
Anam layla çaldı, dilim açıldı
Yeridim ayağım, əlim açıldı,
Yaşıl köynək geydim, gülüm açıldı,
Gənclyim xoş oldu, yaza bələndim.
Məhəbbət sınağı, yar imtahanı,
Ürəkdə, könüldə «var» imtahanı,
Uca dağ, sərt qaya qar imtahanı,
Sınaq qışa düşdü, buza bələndim.
Bulud göyə çəkdi bəyaz tüstümü,
Varaqda yoğurdu tarix büstümü,
Say-saya qoşuldu, kəsdi üstümü,
Əlliyə sığmadım, yüzə bələndim.
Çağladım, çağladım, daşan sel oldum,
Ağladım, ağladım, susan göl oldum,
Çıxdım əndazədən Cığatel oldum.
Libam tapılmadı sözə bələndim,
Söz də yetməyəndə, saza bələndim.
SÖZÜN SÖZ OLSA
Haqqı sevsən, haqq nurundan nur çilər,
Ürəyin «düz», əgər üzün üz olsa.
Paxıl qonşu elçilərə neyləyər.
Ana ana olsa, qızı qız olsa.
Dağ buluddan örpəklənər, şallanar,
Düzəngahda lalələrin xallanar,
Çiçək üstə arıların ballanar,
Açar novruz gülün yazın yaz olsa.
Haqqını tanısan, Haqq danan deyil,
Hər sorğu-sual da Haqq-Divan deyil.
Çıxsan dağa sarı tapdanan deyil,
Pozulmaz cığırın izin, iz olsa.
Bürünsən palaza oba-el kimi,
Qaynasan bulaqtək, daşsan sel kimi,
Şeirini oxusan Cığatel kimi,
Axar ürəklərə sözün söz olsa.
OLSUN
Günah edib günahın yuyanın,
Dərdi saflığıma bərabər olsun.
Başı öz canına elə qarışsın,
Gecəsi, gündüzü sərasər olsun.
Daraşsın canına bit, birə, zəli,
Kor olsun gözləri, tutulsun dili.
Puç olsun ömrünün sonu, əzəli,
Özü öz halından bixəbər olsun.
Dolansın növrağı, dönsün tərsinə,
Əli yetişməsin bir kimsəsinə,
Yaradan səs versin haqqın səsinə,
Halı dediyimdən beş-betər olsun.
Ha bələ almazı bələnməz hisə,
Görən kim inanar olmayan sözə.
Hər kim Cığatelə böhtan söyləsə,
Dağılsın yuvası dərbədər olsun.
Dərdi saflığıma bərabər olsun.
SON OLMADI Kİ
Hər kəsə can dedim, canımı yaxdı,
Canından canıma can olmadı ki…
Atılan oxlara nişangah oldum.
Dəydi ürəyimdən, yan olmadı ki!
Bu elə oxuydu “ox” deyəmmədim,
Dişimə “dilimi sıx” deyəmmədim,
Yaram dərin oldu, çox deyəmmədim,
Dedilər: görünmür, qan olmadı ki.
Bu ömür bir əsr sürəcək hələ,
Bu əsr qəsrlər hörəcək hələ,
Eh… nələr görməyib, görəcək hələ,
Cığatel gördüyü son olmadı ki.
ÖLÇÜLÜR
Bu dövran ayrıdı, bu zəmanədə,
Gözəllik əbaynan, çulnan ölçülür.
Qızlar altun gəzir, oğlanlar cehiz,
Sevginin dəyəri pulnan ölçülür.
Kim deyir oxumaq indi səslədi,
Varsa “sponsor”un, bir həvəslədi,
Haqq verən istedad “sms”lədi,
Dəmir hesablayır, xalnan ölçülür.
Arxacsız, əyricsiz toxunur xana,
Vuran vuranadır, yıxan yıxana,
Arı qaçaq düşüb, dəyişib şana,
Qalan hər nə varsa, «bal»nan ölçülür.
Yollar qarışıqdır, azma, Cığatel,
Andını, əhdini pozma, Cığatel.
Ağlın, huşun olsun yazma, Cığatel,
Şeir də qələmnən, əlnən ölçülür.
Ücretsiz ön izlemeyi tamamladınız.
₺72,44
Türler ve etiketler
Yaş sınırı:
16+Litres'teki yayın tarihi:
18 ekim 2022ISBN:
978-9952-8260-6-7Telif hakkı:
JekaPrint